143
Gülü məndən alınca
Ay ariflər, bir tərlanım uçubdur,
Sağ əlimdən sol əlimə alınca.
Onu tutan xeyrü-bəhrin görməsin,
Mən yazığın naləsi var dalınca.
Gümüş kəmər bağlayıbdır belinə,
Danışdıqca mail oldum dilinə.
Gül uzatdım nazlı yarın əlinə,
Canım aldı, gülü məndən alınca.
Alimdən dərs aldım əlif, bey üçün,
Sürahilər düzülübdü mey üçün.
Dəli könül, qəm çəkirsən nə üçün,
Qəmli günün şad günü var yanınca.
Xəstə Qasım və’də verdi yüz ilə,
Yaşılbaşlar göldən-gölə düzülə.
Bir igid ki, qatarından üzülə,
Ölüm yeydir, bu dünyada qalınca.
Dostları ilə paylaş: