İndicə Boris Pasternakın sevincdən aşıb-daşan, məni valeh eləyən məktubunu aldım.
Onun yazdıqlarının içimdə doğurduğu həyəcan və buna qarşılıq təşəkkürlər (onun sətirlərindən anladığıma görə) mən tərəfdən əvvəlcə Sizə, sonra isə Sizin vasitənizlə ona çatmalıdır! Bu məktubun ardınca Sizə göndəriləcək iki kitab (çapdan çıxan sonuncu kitablarım) şəxsən Sizinçün nəzərdə tutulub. Sizə məxsusdur. Ondan sonra isə əgər qalıbsa, iki kitab da Boris Pasternaka göndəriləcək – güman edirəm ki, senzura onları buraxacaq.
Onun yazdığı sözlər öz gücü və dərin mənasıyla məni elə sarsıdıb ki, bu gün bundan başqa heç nə deyə bilmirəm: zərfin içindəki ikinci məktubu bir təbriknamə kimi Moskvaya – dostunuza göndərərsiz.
Ayrı nə deyim? Bilirsiz, düz 26 ildir ki (Moskvada olduğum vaxtdan), Borisin atası Leonid Osipoviç Pasternakı sadiq dostlarımdan biri hesab edirəm. Uzun-uzadı bir fasilədən sonra bu qış (qışın lap əvvəli) Berlindən – ondan məktub aldım və cavab yazdım. Yenidən tapışdığımıza çox sevindim. Hələ Leonid Osipoviç yazmamışdan bilirdim ki, onun oğlu güclü bir şair kimi özünü təsdiq edib. Mən Parisdə olarkən dostlarım onun şeirlərindən bir neçəsini mənə verdilər, onları böyük bir həyəcan hissiylə oxudum. (Mən hələ də rusca elə bir çətinlik çəkmədən oxuya bilirəm.) Ötən il səkkiz aya yaxın Parisdə qaldım, bu müddət ərzində düz 25 il görmədiyim rus dostlarımla yenidən görüşdük. Bəs niyə – özümdən soruşuram – Mariya İvanovna Svetayeva, Sizinlə görüşmək mənə nəsib olmadı? İndi, Boris Pasternakın məktubundan sonra, inanıram ki, bizim görüşümüz hər birimizə dərin və mübhəm bir sevinc gətirərdi. Görəsən, nə vaxtsa bu, bizə qismət olacaqmı?
Rayner Mariya Rilke
Bu məktubdan sonra Marina Svetayeva ilə Rilke arasında qısqanclıq həddinə çatan yazışmalar başlayır. Marina Svetayeva onu Rilke ilə tanış eləyən dostu Pasternakı belə Rilkeyə qısqanırdı.