XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 381,02 Kb.
səhifə35/97
tarix02.01.2022
ölçüsü381,02 Kb.
#1042
1   ...   31   32   33   34   35   36   37   38   ...   97
22 aprel
Səhvlər lap səhərdən başladı. Əsas qüvvələr meşəyə çəkilən vaxt Rolando, Migel və Antonio pusqu üçün yer axtarmağa yollandılar. Onların qarşısına YPFB-yə50 məxsus kiçik furqon çıxıb. Furqonun sərnişinləri bizim izlərimizi gözdən keçirirmişlər, yanlarında dayanan kəndli isə bizi dünən gecə gördüyünü söyləyirmiş. Onların hamısını tutublar. Bu, planları bir az dəyişir, amma məqsəd eynidir: gündüz pusqu qurmaq üçün yer seçmək və bütün yük maşınlarını ələ keçirmək, ordu özünü yetirəndə isə onu necə lazımdır qarşılamaq.

Bəzi ləvazimatlar, banan topaları və kəndlilər olan yük maşınını saxladıq. Əvvəl saxladığımız kiçik furqonu buraxdıq. YPFB-yə məxsus olan digər xırda nəqliyyat vasitələrinə də toxunmadıq. Vəd olunan və sonacan gətirilib çıxarılmayan çörəyin gəlməyini gözləyə-gözləyə nahar etməyi təxirə saldıq.

Mən YPFB-nin kiçik yük maşınına ərzaq yükləyib ön dəstə ilə birlikdə Tikuçiyə aparan yolun keçdiyi (buradan dörd kilometr aralı) yolayrıcına yerləşmək qərarına gəldim. Hava qaralan kimi başımız üzərində təyyarə dövrə vurmağa başladı, ətrafdakı itlər vəlvələyə düşdülər. 20.00-da biz artıq getməyə hazır idik, halbuki hər bir şey mövqelərimizin aşkar edildiyindən xəbər verirdi. Elə bu vaxt atışma başladı və “təslim olun!” çığırtıları eşidildi. Biz qəfil hücuma məruz qalmışdıq və nə baş verdiyini düz-əməlli anlamırdıq. Xoşbəxtlikdən bütün avadanlıqlar artıq yük maşınına yüklənmişdi. Loro istisna olmaqla hamımız cəld toparlandıq. Onun da, belə görünür ki, başına pis heç bir iş gəlməyib. Məlum oldu ki, bizim tərəfdən atışmada təkcə Rikardo iştirak edib: əsgərlər bizi mühasirəyə almaq üçün dağa dırmaşanda düşmən bələdçisi onunla üz-üzə gəlib. Böyük ehtimal ki, bələdçi ölüb.

Biz yük maşını və altı atla birgə geri çəkildik. Döyüşçülər növbə ilə maşında gedirdilər, amma axıra yaxın ön dəstədən olan altı atlıdan başqa hamı içəri doluşdu. 3.00-da Tikuçinin yanından ötüb keçdik, 6.30-da isə artıq El-Mesonda, yerli keşişin yanında idik. Yük maşını yolda çalaya düşüb qaldı.

Toqquşmanın nəticələri ürəkaçan deyil. Birincisi, bizdə intizamsızlıq və ehtiyatsızlıq problemi olduğu aydınlaşdı; ikincisi, bir nəfəri itirdik (ümid edirəm ki, müvəqqəti itkidir). Üçüncüsü, pul ödədiyimiz ərzağı atıb getməli olduq. Və nəhayət, Pombonun çantasından qalın dollar paçkası düşdü. Bax, nəticələr bu cürdür. Hələ burada bizə qəfildən hücum edənin və bizi geri çəkilmək məcburiyyəti qarşısında qoyanın, belə görünür ki, lap kiçik bir qrup olduğunu nəzərə almıram. Bizim dəstənin döyüş qabiliyyətli bütov orduya çevrilməsi üçün hələ xeyli tər tökmək lazım gələcək, amma döyüş ruhu heç vaxt olmadığı qədər yüksəkdir, bunu inkar etmək olmaz.
5 may
Düz 5 saat yürüdük, 12-14 kilometr yol qət etdik. İnti və Beninyonun saldığı düşərgəyə çatdıq. Biz Konqri bulağının yanında (xəritədə yoxdur), təxmin etdiyimizdən xeyli şimaldayıq. Bununla bağlı bir sıra sual meydana çıxır. Birincisi, İkira haradadır? İkincisi, Beninyo və Aniseto əsgərlərə buradamı rast gəliblər? Əgər belədirsə, onda onların əsgərlər deyil, Xoakinin adamları olduğunu ehtimal etmək mümkündürmü? Buradan Ayı düşərgəsinə getmək niyyətindəyik: oradakı ehtiyatlar qarındolusu iki səhər yeməyinə çatar. Oradan baza düşərgəyə yollanacağıq. Bu gün iki iri quş və bir xırda kakare51 vurduq ki, bu da bizə ərzağımıza qənaət etmək imkanı verdi – əvvəlki kimi yenə də iki günlük ərzağımız qalıb (paketdə sup və konservlər). İnti, Koko və El Mediko ov çadırının hazırlanması ilə məşğul oldular. Xəbərlərdə məlumat verirlər ki, Debre gerilyanın təşkilatçısı və başçısı kimi Kamiridə hərbi tribunal qarşısına çıxarılacaq. Onun anası sabah gəlir. Bu iş ətrafında kifayət qədər hay-küy qaldırılıb. Loro ilə bağlı heç bir şey deyilmir.

Yüksəklik 840 metr.


8 may
Səhər tezdən mən xəlvətxananın təftişində israr etdim. Bir az donuz yağı çıxardıq (bu bizim olan-qalan yeməyimizdir), su ehtiyatlarını təzələdik. Təxminən on birin yarısında pusqu tərəfdən tək-tək atəş səsləri eşidildi. Məlum oldu ki, Nyakauasu sahilinə iki silahsız əsgər çıxıb və Paço bunun düşmənin avanqardı olduğunu zənn edərək onlardan birini ayağından vurub, digərini isə yüngülcə qarnından yaralayıb. O iddia edir ki, onlar “dur!” əmrinə tabe olmadıqları üçün atəş açıb. Əsgərlər təbii ki, heç bir əmr-filan eşitməyiblər.

Pusqu həddən artıq pis qurulub, Paço da özünü yaxşı aparmayıb: həyəcanlanıb və tələsib. Mən sağ cinaha Anisetonun başçılığı altında bir neçə döyüşçü göndərib vəziyyəti düzəltdim. Əsirlər düşərgələrinin İkiranın yanında olduğunu dedilər. Bu təbii ki, yalandır. Günorta biz daha iki nəfəri tutduq: onlar sahil boyunca üzüaşağı qaçırdılar. İddia edirlər ki, dördü birlikdə guya İkira sahilində ova çıxıblar, sonra isə bir-birini itiriblər; indi düşərgəyə tələsirlər. Bu da yalandır. Əslində onların düşərgəsi bizim ov etdiyimiz atılmış zəmidədir və onlar vəd olunmuş vertolyot uçub gəlmədiyinə görə ərzaq dalınca bizim rançoya yollanıblar. İkinci cütün bel çantaları qızardılmış və çiy qarğıdalı, soğan bankaları, şəkər və kofe ilə ağzınacan dolu idi. Buna görə də bizim bugünkü yemək problemimiz həll olundu. Sonuncu donuz yağı bankasını açıb zəngin nahar yeməyi hazırladıq və necə lazımdır qarnımızı doydurduq (bəziləri hətta öyüyənə qədər).

Az keçmiş kəşfiyyat xəbər verdi ki, ordunun əsgərləri çayın sahilini axtara-axtara ətrafda dolaşırlar. Gərgin gözləmə anları başladı. Nəhayət, 27 əsgər göründü. Onların komandiri leytenant Laredo52 nəsə xoşagəlməz bir şey hiss edib, hücum əmri verdi. Birinci özü atəş açdı və dərhal da vurulub yerə sərildi. Digər iki əsgər də onun aqibətini bölüşdü. Alaqaranlıqda biz hücuma keçib altı nəfəri əsir aldıq; qalanları qaçdılar.

İlkin hesablamalara görə, düşmən üç itki verib; on nəfər əsir alınıb. Bizə yeddi M-1 tüfəngi, dörd “mauzer”, eləcə də səngər qazan alət, döyüş sursatları və donuz yağı ilə birlikdə yediyimiz az-maz yemək qismət oldu.


14 may
Səhər tezdən həvəssiz yola düzəldik. Məqsədimiz dünən Kamba və Beninyonun tapdığı cığır ilə gölə yetişməkdir. Yürüşdən əvvəl mən adamları topladım və yeməyə aid bəzi problemlərlə bağlı onlara yaxşıca dərs verdim. Beninyonu konserv tıxıb sonra bunu boynuna almadığına, Urbanonu xəlvətcə içəri çarki53 ötürdüyünə, Anisetonu yeməyə olan həvəsinə, digər vəzifələrinin icrasına gəldikdə isə, bu həvəsdən əsər-əlamət nümayiş etdirmədiyinə görə qınadım. Toplantı zamanı ötüb keçən yük maşınlarının səsini eşitdik. Maşını saxladıq: 50 balqabaq və iki kintal54 qarğıdalı.

Dayanacaqdan ayrılarkən paxla yığmaq üçün durduq və bu zaman partlayış səsləri eşidildi. Az keçmiş təxminən bizdən üç kilometr aralıda banditlərin düşərgəsini “qəzəblə bombalayan” təyyarə göründü. Biz təpədən enib gölü gördük. Təyyarə hələ də bombalayırdı. Gecə bu yaxınlara qədər adamların yaşadığı atılmış evə çatdıq. Xeyli su və ərzaq ehtiyatı tapdıq. Axşam yeməyinə düyü ilə ləzzətli toyuq qovurması hazırladıq. Səhər dördə qədər evdə olduq.


16 may
Dayanacaqdan ayrılan kimi qarnıma ağrı düşdü. Əvvəlcə qusdum, sonra ishal başladı. “Demerol” həbindən sonra bir az yüngülləşdim, amma az keçmiş huşumu itidim. Məni xərəkdə daşımalı olublar. Ayılanda özümü babat hiss edirdim, ancaq yeni doğulan körpə kimi başdan ayağa nəcis içindəydim. Yoldaşlar mənə təzə şalvar borc verdilər, amma susuz bunun o qədər də köməyi olmadı: iyi iki kilometrdən hiss eləmək olardı. Günün qalan hissəsini dincəldik (mən mürgülədim). Koko və Nyato kəşfiyyata yollandılar və şimala aparan cığır tapdılar. Biz ay işığında bu cığırla irəlilədik, sonra düşərgə saldıq. Bizim təcrid edildiyimizi bir daha xatırladan 36№-li məlumat aldıq.
3 iyun
6.30-da yola çıxdıq. 12.00-a qədər bulağın sol sahili ilə irəlilədik. Beninyo ilə Rikardo yolumuza bitişik yollarda kəşfiyyat apardılar və pusqu qurmaq üçün münasib yer seçdilər. 13.00-da mövqelərimizi tutduq: Rikardo və mən hər birimiz öz qrupumuz ilə mərkəzdə; bir cinahda Pombo, digər cinahda – ən əlverişli yerdə isə ön dəstə ilə birlikdə Migel. 14.30-da donuz dolu mal-qara daşıyan maşını, 16.20-də boş butulkalar yüklənmiş kiçik yük maşınını buraxdıq. 17.00-da dünənki kiçik hərbi yük maşını göründü. İki əsgər adyala bürünüb kuzovda yatmışdı. Onlara atəş açmağa əlim gəlmədi, onları necə sağ ələ keçirə biləcəyimizlə bağlı bir şey fikirləşməyə isə vaxt eləmədim. Buraxmalı olduq. 18.00-da pusqudan ayrılıb bulağa qayıdana qədər yol uzunu irəliləməyə davam etdik. Yerbəyer olmağa imkan tapmamış yanımızdan əvvəlcə dörd, sonra isə daha üç yük maşını ötüb keçdi. Heç birində əsgər yox idi.
12 iyun
Əvvəlcə düşünürdük ki, Rositaya və ya Rio-Qrandeyə gedib çıxa biləcəyik, amma marşrut həddən artıq çətin oldu. Elə birinci çeşmənin yanında dayandıq və adamları kəşfiyyata yolladıq. 15.00-da məlum oldu ki, yaxınlıqda daha bol sulu çeşmə var, amma onun yanında düşərgə üçün yer yoxdur. Dayandığımız yerdəcə düşərgə saldıq. Hava korlandı; sağ cinah bütün gecə bizi soyuq yağışa qonaq elədi. Radio maraqlı xəbərlər yayınlayır: “Presensia” qəzeti şənbə günü baş verən və bir əsgərin öldüyü, digərinin isə yaralandığı döyüş haqqında məlumat dərc edib. Əla xəbərdir. Bu o deməkdir ki, biz hər döyüşdə düşməni itki verməyə məcbur edərək reputasiyamızı qoruyub saxlayırıq. Bir az sonra bizim itkilərimizlə bağlı yeni bir məlumat quraşdırıldı: guya aralarında hərbi komandirlərdən biri – İnti də olan üç nəfər öldürülüb. Eləcə də “banditlərin” milli mənsubiyyəti haqqında məlumat verildi: 17 kubalı, 14 braziliyalı, dörd argentinalı və iki perulu. Kubalıların və peruluların sayı həqiqətə uyğundur. Onların bu informasiyanı haradan əldə etdiklərini aydınlaşdırmaq lazımdır.

Yüksəklik – 900 metr.


26 iyun
Qara gün, xüsusilə də, mənim üçün. Əvvəlcə hər şey qaydasında idi. Mən Floridaya aparan yolda pusquda oturanları əvəzləmək üçün beş döyüşçü yolladım. Elə bu vaxt atışma başladı. Biz atların belinə sıçrayıb ora tələsdik və qəribə mənzərənin şahidi olduq: sahil qumu üzərində tam sakitlik içində dörd ölü əsgər uzanıb qalmışdı. Onların silahlarını götürməyə ürək eləmədik: düşmən kolların dibində gizlənə bilərdi, sahil hər yandan görünürdü. Artıq gec idi – 17.00. Biz qaranlıq düşməsini gözlədik və qənimətləri topladıq. Migel sol tərəfdə budaqların xışıltısını eşitdiyini məruzə etdi. Mən ehtiyac olmadan atəş açmamağı tapşırıb Antonio və Paçonu ora göndərdim. Demək olar ki, bir anın içində hər tərəfdən atəş açmağa başladılar. Vəziyyət bizim xeyrimizə olmadığına görə geri çəkilməyi əmr etdim. Dərhal geri çəkilmək alınmadı, bizimkilərdən ikisi yaralanmışdı: Pombo ayağından, Tuma qarnından. Biz cəld onları evə apardıq və bacardığımız kimi əməliyyat elədik. Pombonun yarası dərin deyildi, yeganə problem çevikliyin qismən itirilməsi idi. Tumanın güllə qaraciyərinə dəymişdi, bağırsaqları da zədələnmişdi; o elə əməliyyat masasındaca canını tapşırdı. Mən son illər heç ayrılmadığım yaxın dostumu itirdim: onun inqilabi işə və şəxsən mənə olan sədaqəti sarsılmaz idi. O mənə oğlum qədər əziz idi. Ölərkən saatının mənə verilməsini xahiş etmişdi, amma yoldaşlar saat hayında deyildilər: onu xilas etməyə çalışırdılar. Onda Tuma özü saatını çıxarıb Arturoya verib. Belə görünür ki, o bu saatın üzünü görmədiyi oğluna çatdırılmasını istəmişdi. Ölən yoldaşlarımızın əşyalarını onların uşaqlarına verdiyim olmuşdu. Bu saatı müharibənin sonuna qədər qoruyub saxlayacağam. Tumanın cəsədini ata yüklədik: buradan aralıda dəfn edəcəyik.

Düşmənin iki əsgərini əsir aldıq: adi karabiner və leytenant rütbəsi olan karabiner. İntinin adamları onlara mühazirə oxuyub, mənim gərək ola bilən hər şeyi müsadirə etmək əmrimin ağını çıxararaq tək tumanda açıb buraxıblar. Biz özümüzlə birgə doqquz at götürdük.


5 iyul
Buralardakı kəndlilər özləri ilə götürə bildikləri əşyalarını götürüb ailələrilə birlikdə evlərini tərk edirlər və nizami ordunun repressiyalarından canlarını qurtarmaq üçün başqa yerlərə köçürlər. Düz Laqunilyasa qədər bizi uzun araba karvanı – öküzlər, donuzlar, toyuqlar və qaçqın kəndlilər müşayiət etdi. Laqunilyasda biz Pyoxera çayından uzaqlaşdıq və onun qolunun sahili boyunca bir kilometrə yaxın irəlilədik. Bələdçimiz bütün ailəsi bu yerlər üçün xarakterik olan bədnam qorxu hissindən iflic olan Ramon adlı yazıq kəndli idi. Yola yaxın yerdə gecələdik. Yolda Sandovalın Moron adlı dayısı ilə qarşılaşdıq: o San-Luisdə yaşayır və yerlilərdən fərqli olaraq daha gümrah görünür.

Yüksəklik – 1160 metr.


8 iyul
Şəkər qamışı plantasiyasından ayrılıb ehtiyatla Pyoxera çayına doğru yönəldik. Amma üfüqdə təhlükəli heç nə görünmürdü və yerli camaat əsgərlər haqqında heç nə eşitməmişdilər. San-Xuandan gələn qonaqlar isə orada böyük qarnizonun yerləşməsi ilə bağlı məlumatların doğru olmadığını söylədilər. Görünür, plantasiyanın sahibi bizdən canını tez qurtarmaq üçün bu nağılları özündən quraşdırıb. Çay boyunca Pirayaya qədər təxminən iki lig55, ordan xəlvətxanaya qədər isə daha bir lig yol qət etdik. Düşərgə salanda artıq alaqaranlıq idi. Buradan El-Filoya az yol var.

Mən astmamı sakitləşdirmək üçün özümə bir neçə iynə vurdum: tərkibində 1/900 adrenalin olan göz yumaq üçün mayedən istifadə etdim. Əgər Paulino56 tapşırığın öhdəsindən gələ bilməsə, astma dərmanı üçün Nyakauasuya geri dönməli olacağıq.

Ordu sonuncu əməliyyatla bağlı rəsmi məlumat yaydı və döyüşdə bir əsgərin öldüyünü etiraf etdi (yəqin, Rikardo, Koko və Paço kazarmanı alarkən baş vermiş qısa atışma nəzərdə tutulur).
14 iyul
Bütün gecə çiskinlədi və səhər də kəsmədi. Bununla belə, biz iki bələdçini – merin Pablo adlı kürəkənini və birinci evdə yaşayan Aurelio Mansilya adlı birisini özümüzlə götürüb 12.00-da yola çıxdıq. Qadınlar onları gözlərində yaş yola saldılar. Yolayrıcına gəlib çatdıq – bir cığır Floridaya və Morokoya, o biri isə Pampaya aparır. Bələdçilər Pampaya getməyi təklif etdilər. Onlar bu yaxınlarda oradan Moskeraya cığır açıblar. Biz razılaşdıq, amma elə 500 metr getmişdik ki, iki atlıyla – bir əsgərcik və yükü un olan bir kəndli ilə üz-üzə gəldik. Onların üzərindən El-Filodakı kiçik leytenanta 30 əsgərdən ibarət dəstənin yerləşdiyi Pampadakı kolleqasının yazdığı depeşa tapıldı. Biz planımızı dəyişib Floridaya yön aldıq. Yolayrıcını keçəndən sonra gecələmək üçün durduq.

AİP57 və SDP58 İnqilabi Cəbhəni59 tərk ediblər, kəndlilər isə Barryentosun60 Falanqa61 ilə ittifaqına etiraz edirlər. Hökumət göz görə-görə dağılır. İndi kaş mənim əlavə daha yüz döyüşçüm olaydı!




Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin