Rythme.Ritm. Həyat möhlətinin sona çatdığını xatırladan ürək döyüntülərimi eşitmək məndən ötrü dəhşətdi. Buna görə də partituradakı taktları ayıran xətlərdə həmişə nəsə mənhus bir şey görmüşəm. Amma böyük ritm ustaları bu nəzərdə tutulan yeknəsəq müntəzəmliyi susdurmağı və musiqini “zamandan kənardakı vaxt” guşəsinə çevirməyi bacarıblar...
Valeur.Dəyər. 60-cı illərin strukturalizmi dəyər məsələsini mötərizə xaricinə çıxardı. Amma strukturalist estetikanın banisi deyir: “Yalnız obyektiv estetik dəyərin mövcudluğunun ehtimal olunması sənətin tarixi təkamülünü mənalandırır” (Yan Mukarovski. “Estetik funksiya, norma və dəyər sosial fakt kimi”, Praqa, 1934). Dəyəri etiraf olunan, sadəcə, faktların sıralandığı yox, dəyərlərin üzə çıxarıldığı əsər sənətin tarixi təkamülünün bir hissəsi ola bilər. Əgər dəyər məsələsini bir kənara qoyub, hansısa tarixi dövrə, mədəniyyətə mənsub olan əsərin təsviriylə (tematik, sosioloji, formal) kifayətlənsək, əgər bütün mədəniyyətlər və mədəni fəaliyyət növləri arasında (Bax və rok, komikslər və Prust) bərabərlik işarəsi qoysaq, əgər sənət tənqidi (dəyər barədə düşüncələr) daha özünüifadə eləyə bilməsə, “sənətin tarixi təkamülü” mənasını itirər, dağılar, əsərlərin məzmunsuz yığınına çevrilər.