Svetayeva – Rilkeyə
9 may 1929
Rayner Mariya Rilke!
Mən sizə bu cür müraciət edə bilərəm? Siz – poeziyanın canlı təcəssümü – bilməlisiz ki, təkcə adınız belə şeirdir…
Siz mənimçün ən sevimli (“ən sevimli” – dərəcədir) şair deyilsiniz, Siz təbiət hadisəsisiniz. Elə bir təbiət hadisəsi ki, onu özününküləşdirə bilmirsən və onu sevmirsən, bütün varlığınla hiss edirsən. Siz beşinci duyğunun təcəssümü, poeziyanın özüsünüz...
Sizdən sonra nə qalır şairlərə? Şair ustadlardan birini (deyək ki, Höteni) ötə bilər, ancaq sizi ötmək poeziyanın özünü ötmək olardı. Şair odur ki, həyatı ötüb keçir.
Siz gələcək şairlər üçün həlli mümkün olmayan məsələsiniz. Sizdən sonra gələn şair Siz olmalıdır, yəni Siz yenidən doğulmalısız…
Rayner, mən səndən nə istəyirəm? Heç nə. Hər şey. İstəyirəm həyatımın hər anında başımı qaldırıb məni qoruyan (xata-bəlanı sovuşduran daşlaşmış mələk misalı) dağlara baxdığım kimi sənə baxmağa müsaidə edəsən.
Neçə ki səni tanımırdım, bunu bacarırdım, indi səni tanıyandan sonra mənə müsaidən lazımdır.
Çünki mənim ruhum yaxşı tərbiyə olunub.
Sənin məktubunu okeanın sahilində oxudum, okean da mənimlə bərabər oxudu, biz birlikdə oxuduq. Darılmırsan ki, o da oxudu? Başqası olmamalıdı, çünki mən çox qısqancam (səni qısqanıram)
Marina Svetayeva
XX əsrin üç nəhəng şairi – Rilke, Pasternak və Svetayevanın 1926-cı il ərzində davamlı məktublaşmaları həm onların poeziyaya münasibətində, həm də öz aralarındakı qarşılıqlı münasibətlərdə olduqca maraqlı məqamları üzə çıxarır. Svetayevanın Rilkeyə olan böyük sevgisi Rayner Mariyanın həyatının son günlərində bu üçlük arasında, daha doğrusu, Pasternakla bağlı bir sərinlik də yaradır.
Dostları ilə paylaş: |