Rilke – L.O.Pasternaka
İsveçrə, Val-Mon, 14 mart 1926
Əzizim Leonid Osipoviç Pasternak!
Yox, mən Sizə rusca yaza bilməyəcəyəm, ancaq məktubunuzu oxudum. Rus dilini tamam yadırğasam (bu dil hələ çox yaxşı yadımdadı, ancaq təəssüf ki, ona nadir hallarda qayıdıram), hətta bu dili tamam unutsam belə, Sizin məktubunuzu oxumaq elə gözlənilməz və böyük bir sevincdir ki, əvvəl bildiyim nə vardısa hamısını bir anlığa mənə qaytara bilər; istənilən şəraitdə, istənilən dildə bu şanlı məktubu anlaya bilərəm, möhtərəm dostum. Bir də Sizi əmin etmək istəyirəm ki, məktubunuzda yadıma saldıqlarınızın hamısı mənimçün həmişə doğma, dəyərli və müqəddəs olub, əbədiyyən ömrümün, həyatımın bir parçasına çevrilib!
Bəli, hamımız çox qarğaşalardan keçməli olmuşuq, illah da sizin ölkə… Siz və Sizin kimi sədaqətli insanlar vətəninizi ancaq ona görə tərk etdiniz ki, köhnə Rusiyanın gizlində qaldığı indiki dövrdə ona sadiqliyinizi qoruyub saxlayasız. Əziz Leonid Osipoviç, mən bunu böyük bir həyəcanla keçən il Parisdə hiss elədim: orda mən köhnə rus dostlarımla görüşdüm, yeniləriylə dostlaşdım, ayrı-ayrı adamlardan oğlunuz Borisin erkən çağlarında şöhrət qazanması barədə xəbərlər eşitdim. Parisdə olanda axırıncı dəfə oxumaq istədiyim onun gözəl şeirləri oldu. (İlya Erenburqun çap elətdirdiyi kiçik həcmli bir antologiyada – təəssüf ki, sonra mən onu rus rəqqasəsi Mila Sirula hədiyyə elədim, ona görə “təəssüf” deyirəm ki, bundan sonra neçə dəfə onları təkrar oxumaq istədim.) İndi məni bir xəbər həyəcanlandırır: yəni adi Boris yox, yeni nəslin artıq ictimaiyyət tərəfindən tanınmış şairi mənimlə, mənim yaradıcılığımla maraqlanır...
…1919-cu ildən mən İsveçrəyə köçmüşəm və indiyəcən burda, füsunkar Vallisdə, öz peyzajlarıyla İspaniyanı, ya da Provansı xatırladan 13-cü əsrə aid balaca, köhnə bir qəsrdə tamamilə tək-tənha yaşayıram, işim-gücüm bağçadakı qızılgüllərə qulluq eləməkdi. Bu “iqamətgahın” tənhalığı məni sıxanda hərdən Parisə, ya da İtaliyaya gedirəm. Hal-hazırda evdə deyiləm, ta dekabrdan Val-Monda sanatoriyadayam, nəsə səhhətim düzəlmir, əvvəllər, adətən, elə-belə keçib gedərdi. Ona görə cavabınızı bir az gecikdirdim (burdan, demək olar, heç kəsə məktub yazmıram). Ümidvaram ki, bunu oxuyandan sonra cavabı gecikdirdiyimə görə məni bağışlayacaq və bu barədə hər şeyi unudacaqsınız.
Bütün qəlbimlə hamınızı bağrıma basır və qucaqlayıram.
Sizin Rilke.
Rilkenin bu məktubunu alan ata Pasternak dərhal oğlu Borisə məktub yazır. Rilkenin sağ olduğunu ona xəbər verir. Leonid Osipoviçin oğluna çatdırmaq istədiyi daha önəmli xəbər isə Rayner Mariya Rilkenin onun şeirlərini oxuduğu və çox bəyəndiyi xəbəriydi.
Boris Pasternak həm Rilkenin sağ-salamat olması xəbərindən, həm də onun şeirlərini bəyənməsindən son dərəcə həyəcanlanır. Nə vaxtdan bəri düşüncə və qəlbini bürümüş qaramatdan qurtulur və ilk dəfə Rilkeyə məktub yazır.
Dostları ilə paylaş: |