L.O.Pasternak – Rilkeyə
Berlin, 8 dekabr 1925
Əziz və çox hörmətli cənab Rayner Mariya Rilke!
…Mənim əziz şairim, o vaxtlar bir-birimizlə yazışdığımız rus dilini hələ unutmamısız ki? Unutmamısınızsa, bundan sonrasını rusca yazacağam. (L.O.Pasternak Rilkeyə məktubunu almanca yazmışdı – tərc.)
İndi əfsanəyə, nağıla dönən köhnə, əsrarəngiz Moskva hələ xatirinizdədirmi? Tolstoy, onun evi, Yasnaya Polyana necə? Romanın o sehrli, isti, qaranlıq gecəsi Borqeze yaxınlığındakı malikanədə bir xeyli adamın içində “İqor polku haqqında dastan” barədə söhbətimiz yadınızdadı? İsveçrə qatarına minərkən təsadüfən, həm də son dəfə rastlaşdığımızı xatırlayırsız?.. Bu, bizim son görüşümüz idi.
Bizi Avropa və mədəni dünyadan qoparan inqilab illərində, rus həyatının o dəhşətli dövründə hamımız – yəni mən və ailəm sizin ölüm xəbəriniz barədə şayiələri eşidəndə ürəkdən acıdıq, göz yaşı tökdük.
Kaş bilsəydiniz, mənim uşaqlarım Sizin şeirlərin hər bəndini, hər misrasını nə qədər çox sevirlər! Ələlxüsus da, böyük oğlum Boris – Rusiyada ən çox şöhrət qazanan və dəyərləndirilən gənc şair – Sizin odlu pərəstişkarınız, Sizə qəlbən bağlı olan və qədir-qiymətinizi bilən, özünü Sizin şagirdiniz sayan, Rusiyada hələ tanınmadığınız vaxtlar yaradıcılığınızı təbliğ edən birisidir.
Xaricə gedəndə eşitdik ki, şükür Allaha, Siz sağ-salamat və yaradıcılığınızın çiçəklənən çağındasınız. Nə qədər sevindik, ilahi! İndi Siz harda yaşayırsız, xanımınız necədir? 1921-ci ildə xaricə getməyin rəsmi şəkildə mümkün olduğu vaxt mən həyat yoldaşım və qızlarımla birlikdə Berlinə gəldim. Qızlarım burda universitet təhsillərini başa vurmaqda, mən isə öz işimdəyəm – əsasən portretlər çəkirəm. İki oğlum Moskvada qaldı. Əgər nə vaxtsa Berlinə gəlsəniz, Siz Allah, mənə xəbər verin, neçə ki sağam, istəyirəm Sizin portretinizi işləyəm.
Bir daha Sizə Tanrıdan uğurlar diləyir, neçə belə illər arzulayıram. Səmimi salamlarımı, həm də təbriklərimi sevimli xanımınıza çatdırmağı rica edirəm. Hər şey könlünüzcə olsun!
Sizi sevən L.Pasternak.
L.Pasternakın məktubu Rilkeyə o vaxtlar tez-tez müalicə olunduğu Val-Mon sanatoriyasında yetişir. Rilkenin cavab məktubunda artıq faciəvi notlar sezilməyə başlayır: bu dövrdə şairin mübtəla olduğu leykoz – ağ qan xəstəliyi ona həm mənəvi, həm də fiziki cəhətdən əziyyət verirdi. Bütün xəstəliklərinə etinasız yanaşan, həkimsiz keçinən Rilke bu sıxıntılarının səbəbini öz asket, tərki-dünya həyat tərzində, tənhalığında görürdü. Bu barədə sonralar Svetayevaya yazmışdı.
Dostları ilə paylaş: |