İFRATÇILIQ DAİM UDUZUR: İSPANİYA MÜSƏLMANLARININ GÖRÜŞÜ
Dünya Ticarət Mərkəzi faciəsindən iki həftə sonra, mənim tanışım olan bir Qara Müsəlman ( Amerika zənci müsəlman təşkilatının üzvü – A.M.) qadını fəlakət baş verən yerin yaxınlığındakı qəzet kioskuna yanaşır. Kioskun satıcıları Seneqallı mühacirlər idilər. Qadın üçün onların müsəlman olması mə’lum idi. O dedi: “Pis oldu ki, bu hadisə baş verdi. Ancaq siz heç narahat olmayın. Biz bilirik ki, bunu eləyənlər müsəlmanlar olmayıb. Bunu eləyənlər vəhhabilərdir!”
Qərb dünyası təzə başa düşməyə başlayıb ki, müsəlmanlar nəyə görə vəhhabiləri sevmirlər. Senatın Xarici Əlaqələr Komitəsinin rəisi Cozef Bayden, heç də müsəlman əqidəsi məsələlərini yaxşı başa düşən birisi deyildir. O, demişdi: “Səudiyyə hökuməti özünü qorumaqdan ötrü ölkədəki ifratçı dəstələrə xərac ödəməli olur... Bizim qarşılaşdığımız şeylərin əksər hissəsi onların pulu hesabınladır. Mən bu, yolunu azmış İslamdan, vəhhabilikdən danışıram.”
İngilis məcmuəsi “The Spectator” üçün yazan müsəlman jurnalist Stefen Şvartsa görə, “Bin Laden vəhhabi ifratçısıdır. Bir neçə il bundan qabaq Misirdə turistləri bıçaqlayıb öldürənlər kimi... Müsəlmanların əksəriyyəti vəhhabilərə nifrət bəsləyir... nifrət edirlər, ona görə ki, onlar ənənəvi İslamdan kənara çıxıblar... Səudiyyə Ərəbistanın və vəhhabi ifratçıların Amerika müsəlmanlarına etdiyi nüfuz ifşa edilsə, bu, oradakı İslam ruhanilərinin çoxunu e’tibardan salar”.
Alimlərin tədqiqatlarının nəticələri göstərir ki, hal-hazırkı böhranın kökündə duran Səudilərin İslamıdır. Məsələn Səudi sülaləsinin bir müxalifətçisi belə yazır: “Səudiyyə Ədliyyə Nazirliyinin yüksək rütbəli mə’murunun dediyinə görə, vəhhabi məzhəbini bütün müsəlman ələminə “ixrac” edən adam, nüfuzlu Şeyx Məhəmməd ibn Cübeyrdir. Talibanlara yardım edilməsinin əsas tərəfdarı odur”.
Ancaq buna baxmayaraq Amerikanın bombaları Səudiyyə dövlətinin Mədinədə və Ər-Riyadda yerləşən universitetlərin üzərinə atılmır. Halbuki bu təhsil ocaqlarında, onun laboratoriyalarında bu təzə, kin dolu vəhhabi tə’limi işlənib hazırlanır. Nədəki Amerikanın terroru dəstəkləyən dövlətlərin bədnam siyahısında Səudiyyə Ərəbistanının adı çəkilir. Adəti üzrə, Səudilər heç vaxt ciddi şəkildə tənqid olunmur. Mütəxəssislər bir müştərək fikrə gəliblər ki, bu məsələnin kökündə Səudilər durmasalar da, lakin onlar onu sulayırlar.
İspaniyanın müsəlman ziyalıları bu qəribə vəziyyətin səbəbləri haqında fikirlər söyləyirlər. Onların çoxu Yaxın Şərqdə cərəyan edən hadisələrdən, yə’ni ki, vəhhabilərin beynəlxalq terrorçuluqda iştirakı haqqında, Amerikanın mə’lumatsız olduğuna inanmırlar. Onlar buna belə cavab tapırlar. Xam neftin qiymətini aşağı salmaqda Səudiyyə Ərəbistanı Birləşmiş Ştatların ən yaxın müttəfiqidir. Hətta ondan daha əhəmiyyətlisi odur ki, o, Amerika silahını alır və bununla silah sənayesini batmağa qoymur. Halbuki Soyuq Müharibənin sona çatması bu sənayenin gələcəyini təhlükəyə qoymuşdu.
BMT-nin keçmiş mə’muru, Denis Hollidey İraqa qarşı cəza tətbiq olunmasına qarşı çıxaraq, tutduğu vəzifəni tərk etdi. O, belə bir fikir söyləmişdi: “Birləşmiş Ştatların hərbi texnikanın satışlarına baxılsa, onda aydın olar ki, məntəqədə ən yaxşı silah satıcısı Səddamdır. Yə’ni ki, mən Səudiyyə Ərəbistanına, Küveytə, Fars körfəzi dövlətlərinə, Türkiyəyə və İsrailə satılan 100 milyard dəyərində silahı nəzərdə tuturam. Təkcə keçən həftə Birləşmiş Ərəb Əmirliyinə 6.2 milyard dollar dəyərində təyyarələr satılıb. Bu qədər hərbi texnika bu cür kiçik dövlətin nəyinə gərəkdir?” Aydın məsələdir ki, amerikalılar bu mənfəətlərindən keçən deyillər.
Başqa müsəlmanlar belə hesab edirlər ki, Amerikanın vəhhabiliyə qarşı e’tinasızlıq göstərməsi bir məqsəd güdür -- bu siyasi hərəkatı dəstəkləyərək İslamı daxildən dağıtmaq. Barselonadakı “Əl-Fəlah” məscidinin qəyyumu Mənsur Reyes belə düşünür ki, Birləşmiş Ştatların hakim dairələri hesab edirlər ki, zəngin mədəni və əqli irsə malik olan ənənəvi İslam onlar üçün həqiqi bir təhlükə mənbəyidir. O deyir, Qərb elə buna görə vəhhabi ali məktəblərinə icazə verir ki, onlar İslam aləminin hər tərəfinə öz təbliğatçılarını, dini nümayəndələrini göndərsinlər. Məqsəd, bu vahhabilərin vasitəsi ilə Qərbin və Şərqin ziyalıları, ürəfası üçün İslamda cəlbedici olan hər nə varsa o, məhv olunsun, oxumuş təbəqəin bu dinə olan güclü marağın, qarşısı alınsın.
Reyes uzun müddət ərzində Məkkənin bir universitetində işləyirdi. Bundan sonra o, bu ifratçı cərəyana düşmən kəsilir və uzun illər boyu onun haqında tənqidi fikirlər söyləyir. Yalnız o, bunu sırf ilahiyyatçılıq nöqteyi-nəzərindən edir. Başqa sünnilər kimi o, inanır ki, keçmiş zamanlarda İslam aləmi ilahi himayə altında olduğundan müsəlmanlar yer üzünün ağası idilər. Lakin axır vaxtlarda yanlış dini məzhəblərin ortaya çıxmasına görə onlar daha bu himayə altında deyillər. Hal-hazırkı bəlalarının, müvəffəqiyyətsizliklərin səbəbi budur.
“Ulu tanrı Osmanlı xəlifəsinə, Məhmədə Konstantinopolu, bu müqəddəs şəhəri, tutmağa icazə vermişdi. Elə ki, o, dərvişlərini ordunun qarşısına qoyub şəhər qala divarlarının qarşısında sufi mərasiminin keçirilməsini istəmişdi”. O, deyir ki, “bu, çox-çox övliyaların dualarına görədir ki, İslam daim qələbə çalırdı, ondan qabaq mümkün olmayan şeylərdə uğur qazanırdı”.
Reyes cəsur bir adamdır. Onun dediyinə görə Barselonanın vəhhabiləri uzun müddət ərzində onu ölümlə hədələyirlər. O, belə bir fikir söyləmişdir, “Vəhhabilərin duaları bəhrə vermir. Əlcəzairdə onlar dövlətin dağılması üçün dua edirlər, ancaq onların duaları bir bəhrə vermir. Əfqanıstanda onlar Amerikanın məğlub olması üçün dua edirlər, bunun bir xeyri olmur. Misirdə onlar Mübarəkin ölməsi üçün Allaha dua edirlər, bunun da xeyri olmur. Onların iddiasına görə, vəhhabilər Allahın sevdiyi müsəlmanlardır. Əgər bu iddia həqiqətdirsə, bəs nə üçün Allah onların dualarını cavabsız qoyur?”
Qalisiyalı jurnalist Saled del Kampo deyir, “Bə’zi müsəlmanlar siyasi və iqtisadı uğursuzluqlar nəticəsində ümidsizliyə qapılır və bunun nəticəsində vəhhabiliyə rəğbət bəsləməyə başlayırlar”. Sonra o, yazır ki, İspaniyada Şimalı Afrika vəhhabiləri Dünya Ticarət Mərkəzinə edilmiş hücumu dəstəklədiyini bildirmişdilər. Ancaq Əfqanıstanda Talibanın məğlubiyyətindən sonra, daha onların səsi çıxmır”.
Qafqazdakı uğursuzluqlar da, vəhhabi tərəfdarlarını dualarının qəbul olunmaması haqqında düşündürməyə məcbur etmişdi. Mübariz Əliyevin başçılıq etdiyi bir kiçik vəhhabi dəstəsinin hökumət əleyhinə hazırlanmış sui-qəsdin nəticəsində, rejim dinə qarşı yönəlmiş tədbirlərini daha da genişləndirdi. Əliyev 1998-ci ildə Bakıdakı Avropa İnkişaf Bankına hücumuna görə tutulmuşdu. İddia olunur ki, onun dəstəsi “bütpərəstlik qərargahına” qarşı hədələr etmişdi. Nəhayətdə bu, 1999-cu ildə, məşhur nücum elminin mütəxəssisi, E’tibar Yerkinin və onun iki oğlunun öldürülməsi ilə nəticələndi. Azərbaycan hökuməti hal-hazırda vəhhabi terroruna son qoymağa nail oldu, lakin vəhhabi olmayan müsəlmanlar bundan böyük zərər çəkdilər, çünki məscidlərə və mətbuata təzyiqlər artırıldı, bu isə, nəticədə, sünni azlığın gəncləri arasında İslamın intibahını zəifləndirəcək. Elə ki, nəhayətdə işsiz və acıqlı gənclik qisas almaq həvəsinə düşəcək və buna görə əlavə təqiblərə mə’ruz qalacaqlar.
Axır vaxtlar vəhhabilər ittiham olunurlar ki, onların Şimalı Qafqazda Şəriəti tətbiq etmək təşəbbüsləri, Rusiyanın təcavüzünə qarşı ümumi müsəlman cəbhəsinin yaradılmasına mane’ oldu. Bir çeçen İnternet saytı müstəqil Çeçenistanın süqutuna əsas səbəb kimi vəhhabi fikirlərinin yayılmasını göstərir.
Yetmiş il ərzində rəsmi dinsizliyin hökm sürdüyü bu vilayətdə vəhhabiliyin zühuru 1991-ci ildə, Dağıstanın Qızılyurt şəhərində “Əl-Hikmə” mədrəsəsinin tikilməsi ilə özünü büruzə verdi. Onun müdiri, Kebedev “Əl-Hərameyn” vəhhabi təşkilatından maddi yardım və göstəriş alırdı. Bu təşkilat silahlı üsyana çağırmasa da, onun qəbul etdiyi zehniyyət ona gətirib çıxartdı ki, mədrəsənin 700 şagirdi adi Qafqaz müsəlmanlarını mürtədlər, dinindən üz çevirən adamlar e’lan etdilər. Kebedev Çeçenistana getdi və onun yerini mötədil vəhhabi olan Əhməd-Qadi Axtayev tutdu. Bir il sonra onun ölümü ilə, qəflətən, ifratçı təmayülçülük baş qaldırdı. Səudi vəhhabi döyüşçü Əbdülrəhman Xəttab və onun Çeçen həmrahının Şamil Basayevin rəhbərliyi altında yerli vəhhabilər Dağıstanın polis məntəqələrinə və ənənəvi sünni məscidlərinə hücum etdi. Üsyan tezliklə yatırıldı. Bunun nəticəsində Dağıstanın Rusiya qüvvələrinə olan asılılığı artdı və vəhhabi rəhbərlər Çeçenistana qaçdılar.
Bu dövrdə çeçen prezident Aslan Məshədov tam müstəqil bir çeçen dövlətinə rəhbərlik edirdi. Səudiyyə Ərəbistanı Moskvanı acıqlandırmamaq üçün onun müstəqilliyini tanımaqdan boyun qaçırdı (halbuki kiçik və göründüyü kimi daha cəsarətli Estoniya tərəddüd etmədən onu tanıdı). Səudi dövlətinin bu siyasəti ona gətirib çıxartdı ki, Məshədov, sərt, vəhhabi əleyhdarı mövqeyini tutdu. Çeçenistanın milli seçmə qoşun hissələri vəhhabilərin Qudermes şəhərinə hücumunu dəf’ etdikdən sonra o, belə dedi “Çeçen rəhbərliyinin kifayət qədər gücü vardır ki, zərərli, ziddi-İslam vəhhabi tə’liminin Çeçenistanda yayılmasının qarşısını alsın”. Və sonra əlavə etdi, “Vəhhabi damğasını daşıyan bütün silahlı dəstələr tərksilah olunacaq və ləğv olunacaq. Dəstəbaşılar və vəhhabi əqidəsinin təbliğatçıları isə cinayət məsuliyyəti daşıyacaqlar. Onlar əvvəlcə Şəriət məhkəməsi qarşısına çıxarılacaq və Çeçenistanda vətəndaş qarşıdurması yaratmaqlarına görə cəzalandırılacaqlar”.
Basayevin dəstələrinin 1999-cu ilin avqustundakı hərbi həmləsi müharibəyə gətirib çıxartdı ki, bu da sıravi çeçenlərin qorxduğu, istəmədiyi bir şey idi. Rəsmi çeçen İnternet saytına görə “Bütün xalq bilirdi ki, vəhhabi ərazilərində yeniyetmələr əsgər götürülürdü. Hər kəs görürdü ki, səhra komandirləri Dağıstanda qarışıqlıq yaratsalar Rusiya ilə yeni müharibə başlaya bilər. Ona görə qəbilə başçıları, ağsaqqallar Basayevin yanına gedib ondan niyyətini dəyişməsini xahiş etdilər. Ancaq o, onların dediyinə fikir vermədi”. Xəttabın orada iştirakı xüsusi ilə Rusiyanı təhrik edən bir hal idi. O, açıq təhdidlər edərək “Assoşieyted Press”in jurnalisti Qreq Mayraya dedi: “Qoy Rusiya öz şəhərlərində bomba partlamalara hazır olsun. And içirəm ki, mən bunu edəcəyəm”.
Camaatın əndişəsi özünü doğrultdu, vəhhabilərin sərhəd hücumları Rusiyanın basqınına gətirib çıxartdı. Anatol Livenin “Çeçenistan: Rusiya Qüdrətinin Başdaşı” kitabında sənədləşdirdiyi Birinci Çeçen Müharibəsindən fərqli olaraq bu, yeni silahlı toqquşmada vəhhabi tərkibi var idi. Buna görə məğlubiyyət qaçılmaz idi; və Çeçenistan bu gün Moskvanın əlindədir. Bir çeçen jurnalistinin dediyinə görə, “Yerli adamların vəhhabilərə qarşı olan kin və nifrəti son həddə çatıb”.
Qafqazdakı məğlubiyyətlərdən sonra, Xəttab Əfqanıstanda sığınacaq tapdı və güman var ki, o, Kunduzdakı döyüşlərin birində həlak oldu. Vəhhabi təmayüllü “Özbəkistan İslam Hərəkatı”nın başçısı Cümə Namanqani da Kunduzda həlak olub. Cümə Namanqani, 1999 və 2000-ci illərdə, onun döyüşçüləri Özbəkistanın və Tacikistanın ucqar vilayətlərini tutanda, məşhurlaşmışdı. O, Tacikistanın paytaxtı Düşənbənin yaxınlığında Təvildərə məntəqəsində özünün nümunəvi vəhhabi düşərgəsini yaratmışdı. Vəhhabi yaraqlıların Qırğızıstanın Oş şəhərinə etdikləri basqında şəhər çox zərər çəkmişdi. O şəhərin valisi belə fikir söyləmişdi, “Bizim çətinliklərimiz var. Vəhhabilər İslamdan anlayışları olmayan gənclər arasında fəaliyyət göstərirlər”. Halbuki Tacikistanda hökumət tədbirli hərəkət etdi, İslami müxalifət partiyalarını qanunlaşdıraraq Namanqani tərəfdarlarının aralarını seyrəltdi. Namanqani tərəfdarlarının yarısı əfv olundu, onlar polis və ordu sıralarına girdilər. Mirzə Ziyayevin komandanlığı altında olan axırıncı, 800 nəfərlik ən böyük üsyançı dəstə, tam şəkildə Tacik hökuməti sıralarına daxil oldu. Ziyayev İctimai Asayiş naziri tə’yin olundu. İnadkar ərəb və çeçen yaraqlıları isə dağlara çəkildilər, tərəf dəyişdirənləri “kafir” və “şeytanlar” adlandırdılar.
İfratçılığın Qafqazdakı və Orta Asiyadakı uğursuzluğu hal-hazırda Əfqanıstanda təkrar olunur. Reyesin fikrinə görə çeçenlərin uğursuzluğu Əfqanıstandakı ifratçıların uğursuzluğunun eynidir. Yerli sünni İslami hökumət öz ərazilərini vəhhabi təbliğatçıların istifadəsinə verdi. Onların əksəri xaricdən, Yaxın Şərqdən gələnlər idilər. Bu, nəhayətdə uğursuzluqla nəticələndi. Həqiqi müsəlman nöqteyi-nəzərindən baxanda bunun izahı ondadır ki, bu adamlar hara getsələr Allah onları rədd edir. Onlar övliyalara, hənəfi alimlərə hörmət göstərmirlər, qadınları və xristianları qorxudurlar, getdikləri hər məsciddə fitnə yardırlar. Belə vəziyyətdə Allah müsəlman ölkəsinə kömək edə bilməz. Elə Əlcəzairin vəziyyətinə baxın. Allah deyir ki “siz həqiqi müsəlman olsanız onda qalib gələcəksiniz”. Onların bu ayə barəsində fikirləşməsi gərəkdir.
Reyes deyir ki, əgər Molla Ömər özünü Bin Laden və onun Səudi qəyyumları ilə müttəfiq etməsəydi, onda talibanlar hakimiyyəti əllərində saxlaya bilərdilər. O, Kabul əldən veriləndən sonra, Molla Məhəmməd Xaksarın, talibanların keçmiş daxili işlər nazirinin, Molla Ömərin siyasətini tənqid edərək dediyi sözləri misal gətirir: “Molla Ömərin şəxsiyyəti 95% dəyişmişdi. Hərəkatın başlanğıcında o, tamam başqa adam olub. Məncə ərəblər bağışlanmamalıdırlar. Onların ucbatından Amerikanın təyyarələri Əfqanıstana gəlib bizim ölkəni bombardman etdilər, minlərlə adam qırıldı”.
İspaniyanın ispan dilli müsəlman İnternet saytlarında ( www.webislam.com, www.verdeisalam.com) bu böhran şərh olunduqda İspaniya müsəlmanları Xaksarın bu təhlili ilə razılaşırlar. Bin Ladenlə ittifaq bağlanması əfqan xalqı üçün bir fəlakət olub, Amerika üçün isə göydən düşmə kimi olub ki, indi onlar özlərinə Özbəkistanda yer edirlər və artıq, bu ərazidə yeni bir boru xətti çəkmək üçün tədbir tökürlər. Bə’zilər isə, Əfqanıstandakı kəskin quraqlığının səbəbini (bu quraqlıq Bin Ladeninin fərq qoymadan bütün amerikalıların öldürülməsinə fitva verdiyi 1998-ci ildə başlamışdı) Molla Ömərdə görürlər. Onlar onu, onun verdiyi qərara görə günahlandırırlar. Onlar bununla əlaqədar Qur’anın bu ayəsini iqtibas etdilər, “Əgər kənd əhli həqiqətən inansaydı, onda Biz göydən onların başlarına öz ruzimizi yağdırardıq”. Faciə orasındadır ki, “kənd əhli” və onların rəhbərləri onun əvəzində başlarına yağan bomba yağışı aldılar.
Dostları ilə paylaş: |