Səkkizguşəli ulduz. Məncə, Rəsulzadənin icad etdiyi bayrağın üzərindəki millətçi, irqci, turançılıq məfkurəsini təbliğ edən ulduzdansa, bayraqımız üçün bu ulduz daha yaxşıdır. Orta hissəsində kufi xəttlə Allah sözü yazılmış bu cür ulduz, ərazisində müxtəlif xalqlarının yaşadığı, fəqət əhalisinin əksəriyyəti müsəlman olan, bir ölkə üçün, dövlət üçün daha məsləhətli olardı. Belə ulduza bu müsəlman xalqlarının heç birisinin e’tirazı olmaz.
O vaxtın sağlam düşüncəli müsəlmanları ona deyirdilər ki, siz, azərbaycanlılıq şüarı ilə müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla, İslamın əsaslarını sarsıdırsınız. Elə bu axırıncıların sözünü təsdiq edən fikir odur ki, bu ərazidə türklərdən də başqa müsəlman xalqları yaşayır. “Bu türk dövlətidir, türklərin dövlətidir” deyilsə, bu onları pərişan edə bilər, halbuki, “bu müsəlman dövlətidir, müsəlmanların dövlətidir” sözünə onların heç bir e’tirazı olmaz. “Bütün xalqlara müstəqillik verilməlidir” şüarı parçalanmaya gətirib çıxardar. Məsəl üçün Dağıstanda iyirmiyə yaxın cürbəcür dillərdə danışan müsəlman xalqları yaşayır. Hərəsi ayrıca dövlət qursa bu zəif ölkələr gec-tez xarici qəsbkar dövlətlərin təcavüzünə mə’ruz qalar və nəhayətdə onlar dövlətçiliklərini itirərlər. Ancaq Dağıstanın ərazisində çoxsaylı milli dövlətlər deyil, ümum müsəlman dövləti yaradılsa və ümumi bir rəsmi dövlət dili qəbul edilsə o güclü olar və təcavüzə qarşı mübarizə apara bilər.
Rəsulzadə “Gənc Türklər”in ardıcılı idi ki, bunların elə ancaq adı türk olub, əslində bunların əksəri, ələlxüsus nəzəriyyəçiləri yəhudilər, sionistlər olub. Bunların işi, sənəti həm o vaxt, həm bu gün fitnə-fəsad olub, müsəlman xalqlarının arasına nifaq salmaq, müsəlmanları doğru yoldan, İslam yolundan azdırmaq olub.
İngilislərin bir zərbi-məsəli var. Şəkər çörəyinin dadını bilmək üçün onun bir parçasını yemək kifayət edər. Elə ki, hələ neçə il bundan qabaq Rəsulzadənin ermənilərin başçısına yazdığı məktubu oxuyanda onun kimliyi mənə aydın oldu. Müsavatçılar dövründə Rəsulzadəyə Cənubi Qafqazın hər yerindən minlərlə məktublar gəlirdi ki, müsəlmanlar ondan gileylənir, “Hanı dedin bizim başçımızsan. Bəs ermənilər bizi qırırlar, bunun qarşısını niyə almırsan?” yazırdılar. Bu cür çoxlu məktublar alandan sonra o, qərara gəlir ki, ermənilərin başçısına bir müraciət etsin. Təxminən bu cür məktub yazır. “Ay, filankəs, sən müsəlmanları bu şəkildə qırırsan. Bu cür də olmaz axı! Sən lap ağ elədin. Axı biz dostuq, eyni yolun adamıyıq. Ancaq bu işləri görəndə, sən məni müsəlmanların gözündə nüfuzdan salırsan. İndi mən onlara nə cavab verim. Səndən çox xahiş edirəm, belə işlər eləmə.”
Yə’ni belə çıxır ki, bu adamı yüz minlərlə müsəlmanın, vətəndaşın erməni daşnakları tərəfindən öldürülməsi işi bir o qədər narahat etmir. Onu daha çox narahat edən onun nüfuzdan düşmə təhlükəsidir. Bu adam erməni millətçisinə “biz dostuq”, “biz eyni yolun adamıyıq” deyir. Görəsən o hansı yoldur? Erməninin yolu, məqsədi aydındır – müsəlmanları qırmaq. Bəs bu Rəsulzadənin yolu nədir, məqsədi nədir? Bəlkə Rəsulzadə bu erməniyə demək istədiyi budur – “Səndə İslamın düşmənisən, məndə. İslama qarşı olan nifrətdə biz şərikik, həmrahıq”. Ya da “Həm sən, həm də mən mason, inqilabçı, milliyətçi və demokratıq, mütləqiyyət və xilafət düşməniyik”.
Elə müsavatçıların hamısı bu cür adam olublar. Məsəl üçün müsavat hökumətinin parlamentinin sədri Əlimərdan Topçubaşov bir yerdə demişdi ki, məndən olsa mən həm sünnisini, həm şiəsini, həm hənəfisini, həm də cəfərisini dar ağacından asardım.
O dövrün bir müəllifi yazırdı:
Azərbaycan muxtariyyəti artıq siyasi bir proqram şəklində meydana atılmışdı. “Müsavat” firqəsi bu proqramı tə’qib edirdi. Bolşeviklərin “Bakinski raboçi” qəzeti bizimlə etdiyi bir münaqişədə: “Azərbaycan muxtariyyəti türk burjuaziyasının muxtariyyətidir. Bu muxtariyyətə nə Rusiya burjuaziyası, nə də Rusiya demokratiyası razı olur. Azərbaycan muxtariyyətini istəyən müsavatçılar nəticədə xarabazar taparlar” – deyirdi.
Bu elə də oldu. Bu qəzet işçiləri düz deyirdilər ki, bu müsavatçılarda sağlam, ayaq üstə dura bilən bir dövlət qurmaq bacarığı yox idi. Onların fikrinə görə bunların bu, muxtariyyət, müstəqillik macərası millətə çox baha başa gələcək və nəhayətdə bunun sonu uğursuz olacaq.
Bunun ardınca müəllif yazırdı:
İrəvan tərəfdə baş verən qanlı hadisələr nəzər-diqqəti cəlb edirdi. Əvvəlcə rus ordusu tərəfindən hərb zamanında işğal olunan türk ərazisi daxilində, sonra da Qars və İrəvan vilayətlərindəki müsəlmanların ermənilər tərəfindən qətli-ama mə’ruz qaldıqlarına aid biri-digərindən daha dəhşətli xəbərlər alınırdı.
Bir tərəfdən Bakı qətli-amı, digər tərəfdən də İrəvan və Qars faciələrinə mə’ruz qalan Cənubi Qafqaz müsəlmanlarının o günlərdə keçirdiyi qorxunc hadisələr haqqında bir az fikir hasil etdirmək üçün 1918 tarixli protokollarından çıxarılmış sətirləri aşağıda qeyd edirik: “Tiflisə gələn rum (Türkiyə yunanı – A.M.) mühacirləri Qars vilayətindəki müsəlmanların halını belə təsvir edilir: Türk ordusu qarşısından ricət edən erməni əsgəri dəstələri qarşılarındakı müsəlman kəndlərini yer üzündən silərək hər bir şeyi atəş və qılıncdan keçirir və təsəvvürü naqabil bir dəhşət və fəlakətə düçar edirdilər. “Qalib” erməni ordusu hərbi qənimətlər, yə’ni süngü ucuna taxılmış südəmər çocuqlarla keçdikləri yollar üzərində müsəlman qadınlarını çılpaq soyundurdular... rumluların rəvayətinə görə bu cəhənnəm əzabını görmüş, çıldırmış qadın və çocuqların ürək parçalayan iniltilərini, ixtiyarların ümidsiz nalələrini dinləmək olmurdu. Səksən iki kənddən artıq bir vilayət bu təsviri naqabil fəlakətə düçar olmuşdur... İrəvan vilayətindən gələn xəbərlər dəhşət e’tibarilə bundan əskik deyildir. “Seym” tərəfindən İrəvan hadisatını təhqiq və fəlakətzədələrə müavinət məqsədi ilə göndərilən heyəti-mürəxxəsə rəisi-vəkili İbrahim ağanın raportuna nəzərən İrəvan vilayətində 211 müsəlman kəndi yer ilə yeksan edilib, qaçqınların (mühacirlərin) ədədi yüz minə çatırdı.
Müəllif əlavə edir ki, bu hadisələrin təsadüfi deyil, müstəqil Ermənistana milli bir əksəriyyət qazanmaq üçün qabaqcadan hazırlanmış bir plan üzərinə icra olunduğu təxmin olunurdu.
Şərqi Anadoluda və Qafqazda ermənilərin etdikləri dəhşət və vəhşətlər üzündən müsəlmanlar əzab çəkdikləri zaman, bu müsavatçı ermənilərin rəhbərinə “dostuq” deyir, “bir yolun adamıyıq” deyir.
“Bir kərə yüksələn bayraq bir daha enməz!”. Bakıda, bu gün Rəsulzadənin bu kəlamını heyranlıqla təkrar edirlər. “Nə gözəl sözlərdir!” deyirlər. Halbuki bu çox təmtəraqlı, lakin boş və mə’nasız sözdür. Tarixdə saysız-hesabsız bayraqlar yüksəlib, sonra da enib. Elə bu, Rəsulzadənin qaldırdığı bayraq da tez endi. Bizim millətin beyninə bu fikri yeridiblər ki, hər şeydən vacib bayrağın olsun, qalan şeylər olmasa da olar.
Yə’ni mənim burada demək istədiyim odur ki, müsəlmanlarının Qafqazda yaşamasının min illik tarixi ərzində, onlar üçün ən ağır, ən müsibətli və faciəli dövr Rəsulzadənin hakimiyyəti dövrü olub. Lakin bu müsavatçı üçün bunlar böyük əhəmiyyət daşımır, onun üçün əsas odur ki, bayraq var. Yə’ni bu adam, bu mason bayrağından və şübhəli addan (“Azərbaycan”) başqa millətə heç nə verə bilmədiyi üçün xalqı inandırmağa çalışır ki, bu iki şey hər şeydən daha vacibdir.
O, bir yazısında, belə deyir : “Fəqət, Nərimanov və yoldaşları ruslara satmadıq bir şey buraxmadılar. Onlar hər şeyi verdilər, maddi, mə’nəvi nə varsa hamısını təslim etdilər”.
Müsavatçılar bolşevikləri ittiham edib deyirdilər, milləti satan xainlər sizsiniz. Bolşeviklər isə deyirlər, yox milləti satan xainlər siz özünüzsünüz. Bir-birilərini xainlikdə ittiham edirlər. Yə’ni ki, biri o birisinə deyir “mən millətə xain çıxdım, amma bir o qədər yox. Sən məndən daha çox xainsən”.
Bunlar arasında fərq varsa, bu onda idi ki, biri bu məntəqədə Qərbin mənafeyini güdürdü, o birisi Şərqin.
Məmləkətdə bu xainlərin hər ikisinə, Rəsulzadəyə və Nərimanova heykəl ucaldıblar. Lakin, Qara Şəhərdəki nəhəng bir baş şəklində qranit daşdan yonulmuş Stepan Şaumyanın heykəlini dağıdıblar. Halbuki, heç kəs Şaumyanı satqın adlandıra bilməz. O, öz xalqına, öz millətinə xain çıxmayıb, əksinə həyatını xalq yolunda fəda’ etmişdi. O, bolşevik olubsa da, ancaq öz millətinə gün ağlaya bilib, İrəvanın müsəlman əhalisini pərən-pərən edib o ərazidə erməni dövləti yaradaraq getmişdir. Bu gün Bakıda Şaumyana lənət oxuyurlar, onu pis adam kimi qələmə verirlər. Halbuki, əgər Şaumyan bizim üçün, müsəlmanlar üçün pis olubsa, öz xalqı üçün, ermənilər üçün yaxşı olub. Məntiqlə düşünəndə görürsən ki, əslində Şaumyan yaxşı adam olub. Çünki o, öz millətinə yaxşı olub. O, öz millətinə yaxşı, düşməninə yaman olub. Öz millətinə yaxşı sifət, düşmənə isə pis sifət göstərib.
Onu də deyim ki, mən, Bakının ən abad yerində, mərkəzi məhəlləsində ermənilər arasında yaşayırdım. Az-çox erməniləri tanımışam. Bildiyimə görə hələ ki, ermənilərin arasından millətinə xain çıxanı olmayıb. Kiçik bir xalq olaraq, başqa böyük xalqların arasında yaşayaraq ermənilər həmişə bir-birilərinə arxa olublar, bir-birilərinə yardım ediblər. Elə bu səbəbdən həyatda qalıblar. Onlar həmişə deyirlər ki, bizim millətin varlığı bizim erməni kilsəsinin hesabına olub, dinimizə sadiq olmuşuq, həyatda qalmışıq. Halbuki bizim dırnaq arası ziyalılarımız İslamı lənətləyib, gələcəyimizi İslamdan kənarda görürdülər. Odur ki, hal hazırda arada millət yoxdur, çünki arada müsəlman yoxdur. Xaçpərəst erməni milləti isə var, milli erməni dövləti də var.
Rəsulzadə isə xalqa müraciət edib onları, özlərini müsəlmanlar kimi deyil, bir türk kimi, ləzgi kimi, kürd kimi görməyə çağırırdı. Yə’ni ki, onun istədiyi bu olub -- müsəlman xalqlar özlərinin kimliyini, mə’nəviyyatda, İslamda deyil, irqlərində görsünlər. Din isə deyir ki, mə’nəviyyat, cismani, maddi şeylərlə deyil, ülvi şeylərlə əlaqələndirilməlidir. Göz, qaş, bədən quruluşu cismani şeylərdir. Hər hansı bir xalq öz irqinə, irqi xüsusiyyətlərinə deyil, mə’nəviyyatına bağlı olmalıdır. İrqçi, millətçi nəzəriyyələr hamısı avropalılar, ağ irqindən olan xalqlar arasında yaranıb. Rəsulzadə istəyirdi ki, bütün türk xalqları mə’nəvi dəyərlərini unudub, özlərinin irqi əlamətlərini ülviləşdirib, müqəddəs hesab etsinlər.
Bu gün Rusiyanın rəhbərliyi rusları inandırmaq istəyir ki, guya Rusiya Federasiyası rusların milli dövlətidir, hal-hazırkı dövlət quruluşu isə inqilabdan əvvəlkisinin təkrarı və davamıdır. Hökumət xalqın düşüncəsində bu fikri yaratmaqdan ötrü inqilabdan əvvəlki çar Rusiyasının dövlət nişanlarını, əlamətlərini, şəhər və küçə adlarını ardıcıl şəkildə bərpa etməklə məşğuldur.
Çar Rusiyasında dövlət üç sütun üzərində dururdu -- çar sülaləsinin, əşrəf təbəqənin və Kilsənin. İnqilab bunların üçünü də aradan aparmışdı. Bu gün bunlar ortada yoxdurlar. Çar sülaləsi, əşrəf və ruhani təbəqələr məhv edilmişdi. Dövlətdə bu təbəqələrin hakimiyyətinə son qoyulmuşdu. Kilsə və ruhanilər dünyavi, dinsiz hökümətə tabe’ edilmişdilər. Rus pravoslav dövləti tarix olmuşdur.
Əslində isə Rusiya Federasiyası çar Rusiyasının deyil, Sovet İttifaqının davamıdır. Federasiyanın bütün dövlət idarələri bolşeviklərin tə’sis etdiklərinin davamıdır. Bu günün Rusiya ordusu – Qızıl Ordunun davamıdır. Bu günün FSB-si KQB-nin, NKVD-nin davamıdır. Daxili İşlər Nazirliyi Sovetin Daxili İşlər Nazirliyinin davamıdır. Başqa idarələr də həmçinin.
Eynilə Azərbaycan Respublikası əsla Rəsulzadənin qurduğu dövlətin davamı olmayıb, Leninin, Şaumyanın qurmuş olduqları Sovet Azərbaycanının davamıdır. Bu günün hökumət, ordu, dövlət təhlükəsizliyi, polis, prokurorluq və sair idarələr hamısı sovetinkilərin davamıdır. Bircə bayraq Rəsulzadənin düzəltdiyi bayraqdır.
Cavanlıqda Bakıda yaşayan ermənilərdən bu fikri çox eşitmişəm. Onlar deyirdilər ki, “azərbaycanlılara elə gəlir ki, Azərbaycan Respublikası onların respublikasıdır. Əsla yox. Bu respublika bizim, ermənilərin respublikasıdır. Bu respublikanı Stepan Şaumyan yaradıb, bizim üçün yaradıb. Bu respublikada hakimiyyət bizim, ermənilərin əlindədir. Respublikanın rəhbərliyi bizim xeyrimizə işləyir, bizim mənafeyimizi güdür”.
Mən bununla razıyam. Azərbaycan Respublikası nə sovet vaxtı milli dövlət olub, nə də ki, bu gün. Heç Rəsulzadənin qurduğu cümhuriyyət də həmçinin bir milli, müsəlmana gün ağlayan dövlət olmayıb.
Heç olmasa rus xalqı, rus cəmiyyəti, öz inqilabdan əvvəlki tarixlərinə, rus provoslav dövlətçiliyi tarixinə yiyə dura bilir. Bizdə isə, bizim respublikada, hökumət millətin keçmiş tarixinə yiyə çıxmaq istəmir, milli dövlətçiliyin yalnız XX əsrdə yarandığına israr edir. Onlar bizim tariximizi İranın tarixindən, İslam dövlətçiliyi tarixindən ayırmaq istəyirlər. Bunlar qara camaatı inandırmağa çalışırlar ki, İran dövləti farsların dövləti olub. Halbuki axırıncı 800 il ərzində, ta ki, XX əsrə qədər İranının hakimiyyətində olanlar, İranı idarə edənlər türk sülalələri olub. Yə’ni, mənim demək istədiyim odur ki, İranın tarixi elə bizim tarixdir. Qərbin və Şərgin təcavüzkar qüvvələri, tarixi İran ərazisi olan Qafqazı İrandan ayırmaq, öz tə’sirləri altına salmaq istəyirdilər. Hal-hazırda da bu qüvvələr Qafqazda İranın nüfuzun bərpa olunmasından qorxurlar.
Mən isə bunlardan fərqli olaraq deyirəm ki, coğrafiya nöqteyi-nəzərindən Cəınubi Qafqaz, Avropa qit’əsində yerləşməyib, Yaxın Şərq adlanan ərazidə, Asiya qit’əsində yerləşib. Bu ərazi tarixən, həmişə İranın parçası olub. Bu ulu dövlət müsəlman dövləti olub, hakimiyyət müsəlmanların əlində olub. İslam burada, bu ərazidə min ildən çox müddətdə hökm sürüb.
Respublikanın hakim dairələrinin bizim millətin tarixinə yiyə çıxmaq istəməmələrinin səbəbi ondadır ki, onlar əvvəlki, müsəlman üsuli-idarənin bərpa olmasının əleyhinədirlər. Müsəlmanın hakimiyyətə gəlməsini istəmirlər. Bunun əksinə bunlar Alban xaçpərəst dövlətini özününki sayırlar. Bizim keçmiş, əslikar tariximizi bu xaçpərəst dövlətinə bağlamaq istəyirlər.
Təzədən Rəsulzadə mövzusuna qayıdıram.
Rəsulzadə kitabında belə yazırdı, İngiltərənin, Fransanın və başqa Avropa dövlətlərinin bayraqları üzərində “Hürriyət, Müsavat, Ədalət” sözləri yazıldığına görə o dövlətlər pis ola bilməzlər. Halbuki bu boş sözdən, bir şüardan başqa bir şey deyildir. O dövrdə, Böyük Britaniya və Fransa, birlikdə, məğribdən məşriğə, Mərakeşdən tutmuş, Hindistana, qədər bütün müsəlman torpaqlarını zəbt etmişdilər. Qərb təcavüzkar qüvvələri bu əraziləri müstəmləkə halına salıb, müsəlmanlara qarşı saysız-hesabsız qətli-amlar törətmiş olduqları halda Rəsulzadə milləti aldatmaq fikri ilə bu dövlətlərdən qorxmamağa, onlardan çəkinməməyə çağırırdı.
Bir dəfə, Stalin bu müsavatçı ilə söhbət əsnasında deyib ki, siz “idealist” bir adamsınız, bizim kimi inqilabçıların gözəl sözlərinə inanırsınız. Rəsulzadənin onunla danışığda təmtəraqlı ifadələrdən, şüarlardan istifadə etməsi Stalinə qəribə görünürdü. Çünki inqilabçılar öz aralarında deyil, qara camaatın qarşısında çıxış edəndə bu ifadələrdən istifadə edirdilər.
Mənə görə isə Rəsulzadə heç də sadəlövh adam olmayıb. O, riyakar, siyasətbaz bir adam idi. Bu müsavatçı camaata yağlı və’dlər verərkən, nağıl danışarkən, bu sözlərin yalan olduğunu yaxşı bilirdi. İntəhası siyasətbaz adam kimi onun dilli yalana öyrəşib. Yalançı uzun müddət yalan danışanda axırda özü də o sözlərə inanmağa, onların həqiqət olduğuna inanmağa başlayır.
O, qabaqca, bolşeviklərlə durub-otururdu və Bakıda işçi təbəqədən olanlar, fəhlələr arasında bolşevik təbliğatı aparırdı. O vaxt Bakının fəhlə sinfi əsasən ruslardan, erməni və yəhudilərdən ibarət olub. Onun özünün yazdığına görə bolşeviklərin çox az hissəsi, 300 nəfəri, müsəlmanlar olub.
Leninin intelligent olanlardan xoşu gəlmirdi. Lenin inqilabdan qabaq fəhlələrin qarşısında nitq söyləyəndə şirin dil tökəndə, gözəl həyat və’d edəndə onlar onun sözlərini yaxşı qəbul edirdilər, onu alqışlayırdılar. Başqa vaxt savadlı adamlar, ziyalılar qarşısında nitq söyləyəndə, eyni sözləri təkrar edəndə onlar ona gülürdülər, onun bu sözlərini qəbul etmirdilər. Ona görə Lenin başa düşdü ki, onun “müştəriləri” ancaq bu, savadsız, qara camaatdır. Ondan sonra o, demişdi ki, hakimiyyətə gələndən sonra bu intelligentlərin kökünü kəsəcəyəm, hamısını böcəkləri, həşəratı qıran kimi qıracağam, onlar mənə lazım deyillər. Rəsulzadə də elə bu səbəbdən öz inqilabı fikirlərini, bolşevik təbliğatını yaymaqdan ötrü qabaqca fəhlələrin, savadsız adamların yanına gedirdi.
Tiflisdə və Gəncədə isə fəhlə sinfi yox dərəcəsində idi. Ona görə, ora köçəndən sonra, işgüzar adamlar, tacirlər, bəylər tərəfindən dəstək almaqdan ötrü Rəsulzadə, “Müsavat” firqəsinin bolşevik mövqeyini dəyişdirir. Bundan sonra o, özünü burjua inqilabı tərəfdarı kimi qələmə verməyə başlayır. Əvvəlcə o solcu, kommunist, beynəlmilləlçı mövqeyini tuturdu, sonradan, vəziyyət dəyişəndə isə sağçı, burjua milliyyətçisi oldu. Yə’ni ki, onun daimi bir mövqeyi olmayıb, vəziyyətə uyğunlaşan, büqalamun xüsusiyyətli bir adam olub.
Sovet İttifaqı qurulandan sonra Stalin ona bolşeviklərlə birlikdə işləməyi təklif edəndə o, bir müddət, Moskvada qaldıqdan sonra, xaricə qaçmışdı. Rəsulzadə başa düşdü ki, o, Stalinə və Leninə Şərqdə müsəlmanlar yaşayan ərazilərdə bolşevik təbliğatını aparmaq üçün lazım idi. Lakin, gələcəkdə, bu ərazilərdə yerlərini möhkəmlədəndən sonra, bolşeviklər onu lazımsız sayıb, bir müsavatçı, burjua inqilabı tərəfdarı kimi məhv edəcək, gülləyəcəkdilər. Buna görə o, zirək tərpəndi, aradan çıxdı.
Türkiyədə, kapitalist ölkəsində isə o, vəziyyətə uyğunlaşıb, öz köhnə dostlarını, bolşevikləri və daşnakları pisləməyə başlayır.
Rəsulzadə gördü ki, “Gənc Türklər” Türkiyədə hakimiyyətə gələndə camaatın narazılığından qorxub dini tamamı ilə qadağan etməmişdilər. Buna görə o, orada etdiyi məruzələrdə gileylənib deyirdi ki, Sovet İttifaqında İslam tamamı ilə məhv edilmişdi. Halbuki, Rəsulzadə, əsla, İslamın dostu, tərəfdarı olmayıb. O, bunu “Gənc Türklərin”, burjua inqilabçıların apardıqları siyasətə uyğunlaşmaqdan ötrü edirdi.
Bakıda nəşr olunan bir alman tarixçisinin kitabında yazılırdı ki, müsavatçıların hakimiyyəti dövründə erməni dövlətinin yaradılmasına türk hökumətinin böyük dəstəyi olub. Onun fikrinə görə türk ordusunun Qafqaz istiqamətində hərəkət etməsində əsas məqsəd erməniləri Osmanlı torpaqlarından kənara atmaq olub. Qərb, “Gənc Türklər” hökumətindən tələb edirdi ki, o, ermənilərə Anadoluda müstəqil dövlət qurmağa imkan versin. Türk hökuməti öz ərazilərini saxlamaqdan ötrü erməni dövlətinin, Osmanlı torpağından kənarda, Qafqazda qurulmasında maraqlı idi. Türklər Bakını tutanda razılaşma əldə edildi və kağıza qol çəkildi.
Bu məsələdə Osmanlı türklərini başa düşmək olar, ancaq Rəsulzadənin bizim İrəvanı, müsəlman şəhərini, erməniyə verilməsinə razı olmasını, bunu qəbul etməsini başa düşmək çətindir. Düzdür o, yazılarında həmişə deyirdi ki, hər bir xalqın azad yaşamağa, müstəqil dövlət qurmağa haqqı vardır. Buna görə müsəlmanların İrəvandan çıxarılması ona ədalətli bir şey kimi görünürdü. Onun fikrinə görə, dost erməni xalqı da özünə dövlət qurmağa tam haqqı vardır.
Həmin bu kitabda birinci erməni prezidentinin bir erməni yığıncağında etdiyi nitqdən iqtibas gətirilmişdi. Erməni: “Qərb dövlətləri və Rusiya bizə və’d etdilər ki, müstəqil erməni dövlətini yaratmaqda bizə kömək edəcəklər, ancaq onlar bizi aldatdılar. Bu dövlətlər Osmanlı torpaqlarını özləri üçün zəbt etmək istəyirdilər. Əslinə baxanda Ermənistan dövlətinin yaradılmasında bizə əsas kömək türk hökumətindən gəldi. Biz bunun üçün türklərə çox sağ ol deməliyik”.
Rəsulzadənin bə’zi maraqlı fikirlərini də burada gətirmək istəyirəm:
M.F.Axundzadədən başlayaraq Sabir həcvlərinə qədər dinin təhqir edilməsi müasir Azərbaycan ədəbiyyatında bir ənənə şəklini almışdı...
“Molla Nəsrəddin”in müdiri Cəlil Məmmədquluzadə “Kamança” adlı bir tamaşa yazır. Təəssüflər doğuracaq erməni-müsəlman toqquşması əsnasında bir erməni kamançaçı ondan intiqam istəyən bir türkün əlinə keçir. Lakin sənətkar hər iki millət üçün ortaq olan bir musiqi çalmaqla düşməninin qəlbini yumşaldır və beləliklə, ölümdən qurtarır...
Azərbaycandakı yeni nəsil, deyə bilərik ki, dinə qarşı laqeyddir. Dini mərasim və ibadətlərdən ən bəsit şeyləri belə bilmirlər. Məmləkətdə məscidlər bağlanmışdır. Nə Ramazan, nə də Qurban bayramı sovet gənclərinə mə’lum deyildir. Azərbaycanda qədimdən çox böyük əhəmiyyətə malik olan bahar xalq bayramı – “Novruz” da dəbdən düşmüşdür. Azərbaycan, bütün Sovet İttifaqı ilə bərabər, yalnız Oktyabr inqilabının siyasi bayramlarını və bir də Azərbaycanın sovetləşdirildiyi günü qeyd edir. Yeni nəsil heç bir dua və namaz bilməz. Krım cəbhəsində əsir düşən azərbaycanlı kiçik yaşlı qızlar-bacılar namaz qılan nənələrini necə ələ saldıqlarından danışırdılar. Əsirlərdən bə’ziləri alman ordusuna legioner yazılmışdılar: bunlardan bir neçəsi faciəli bir hadisədən bəhs edirlər. Hissə komandiri bir alman azərbaycanlılardan cəbhədə ölən yoldaşlarını İslam adəti ilə basdırılmasını tələb edirmiş. Onlar nə edəcəklərini bilməmiş, lakin alman əl çəkməmişdir. İsrar edən komandirin əlindən qurtulmaq üçün azərbaycanlı gənclər, nəhayət, bir çarə tapmışlar. Yeddi dəfə – “ya Məhəmməd, ya Məhəmməd!” – deyə bağıraraq yoldaşlarını torpağa tapşırmışlar. Bir başqa dəfə eyni növ məcburiyyətə düşərkən isə ölən yoldaşlarını “Arşın mal alan” operettasından nəğmələr oxuyaraq basdırmışlar.
Əslinə baxanda turançılıq, türkcülük irqçi, faşist siyasətinin və məfkurəsinin bir növüdür. Türklər, xüsusi, ulu bir xalqdır. İrq cəhətindən türklərin irqi başqa irqlərdən üstündür. Alman faşistləri, irqçıləri də buna oxşar fikirləri vardı. Deyirdilər ki, alman xalqı uludur, alman irqi ulu bir irqdir, başqa irqlərdən üstündür.
MASONLUQ
Masonluq mənşəyi bilinməyən gizli bir təşkilatdır. Belə ehtimal olunur ki, o, ilk dəfə XVI əsrin axırlarında İngiltərədə meydana çıxıb. Hal-hazırda mason təşkilatları dünyanın çox ölkələrində fəaliyyət göstərir və onların altı milyona yaxın üzvü vardır.
Osmanlı torpaqlarında mason lojası ilk dəfə miladı tarixlə 1748-ci ildə Hələb şəhərində tə’sis olunmuşdu ki, onun icazəsini Şotlandiyanın Böyük lojası vermişdi. Sonralar Osmanlı Dövlətində çox sayda İngilis, Fransız, Alman, İtalyan və İrlandiya lojalarının mövcud olması haqqında mə’lumatlar vardır. Əvvəllər bu lojaların üzvləri yalnız xaricilər olub, ancaq sonralarda yerlilər də öz lojalarını qurmağa başladılar.
XIX əsirdə sultan Əbdülhəmid Sani (İkinci Əbdülhəmid) hakimiyyətə gələndə o, əvvəlcə, mason fəaliyyətlərinə maneçilik törətmirdi, onlarla yumşaq davranırdı, ancaq daha sonra onun onlara qarşı olan münasibəti dəyişdi.
O vaxtlarda Osmanlıda 23 loja vardı. Məşrutə tərəfdarı hərəkatının, “Gənc Osmanlılar”, “İttihad və Tərəqqi” firqələrinin meydana gəlməsi mason lojalarının uzun vaxt ərzində göstərdikləri fəaliyyətləri sayəsində idi. Masonlar bu hərəkatlara həm mə’nəvi, həm də əməli dəstək verirdilər.
1861-ci ildə Şotlandiya mason lojası əsasları üzrə qurulmuş “Şurai-Aliyi Osmani” fəaliyyətə başlayır. Midhət Paşa da bu lojanın üzvləri arasında idi. 1876-cı ildə sultan Əbdüləzizə qarşı, 1908-ci ildə isə sultan İkinci Əbdülhəmidə qarşı gerçəkləşən əsgəri üsyanların layihələri bu lojada hazırlanmışdı.
“İttihad və Tərəqqi” firqəsi iqtidara gəldikdən sonra qısa zamanda mason lojaların sayı daha da çoxaldı və onlar qüvvə topladılar.
Əbdülhəmid taxtdan salındıqdan sonra, müharibə illərində, Böyük Türk lojasının başçısı Tələt Paşa baş nazir tə’yin olunmuşdu. Bundan başqa jandarmların rəisi Qalib Bəy, iqtisadiyyat naziri Cavid Bəy və Qafqaz cəbhəsində həlak olan Faiq Süləyman Paşa da mason idilər.
1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulduqdan sonra masonlar daha ehtiyatlı davranmağa, Mustafa Kəmalın (Atatürkün) siyasətinə uyğunlaşmağa başladılar.Tarixçilərin yazdıqlarına görə Türk Cümhuriyyətinin yaradılmasında Mustafa Kəmala kömək edənlərin, onun əməkdaşlarının əksəriyyəti masonlar olublar. Başqa sözlə, dövlətin idarəçiliyi və aparılan islahatçılıq işləri hamısı masonların əlində olub. Atatürkün rəhbərliyi altında işləyən masonların sayı hesaba gəlməz, onların burada adlarını gətirmək, siyahılarını tutmaq çox yer tutardı. Bunlar, milli məclis sədrlərinin ikisi, baş nazirlərin ikisi, daxili işlər nazirlərinin hər ikisi, səhiyyə nazirlərinin dördü, təhsil nazirinin hər ikisi, bir iqtisadiyyat naziri, Ankara şəhərinin iki valiləri, İstanbul şəhərinin valilərini ikisi, dövlət jandarm idarəsinin bir rəisi, çoxlu admirallar, hərbi nazirlərin hamısı, dövlət şurasının rəisləri, cümhuriyyətin bir baş prokuroru, dövlətin başqa vacib vəzifə sahibləri, böyük dəstə deputatlar hamısı mason lojaların üzvləri idilər.
1935-ci ildəki siyasi və ictimai qeyri-sabitlik zamanında Böyük türk lojası öz rəsmi fəaliyyətlərinə xitam verdi. Atatürk, Şükrü Qayanı, özü də mason olan daxili işlər nazirini, mason lojalarının başçılarının yanına göndərir. Nazir onları inandırmağa çalışdı, məsləhət verdi ki, masonlar qanunvericiləri təzyiq altına qoymamaqdan ötrü özləri öz fəaliyyətlərinə xitam versinlər.
Böyük türk mason lojası bu bəyanatı dərc etdi: “Cümhuriyyətin gündəlik inkişafını, demokratik və dünyəvi amallarına çatmasını nəzərə alaraq Türkiyənin mason təşkilatı könüllü şəkildə öz fəaliyyətini dayandırmağa qərar verdi”.
Masonların adından danışaraq Şükrü Qaya ictimaiyyəti məlumatlandırdı: “Türkiyənin masonları anladılar ki, onların qayə və məqsədləri cümhuriyyətin qayə və məqsədləri ilə üst-üstə düşür. Bu səbəbdən onlar təşkilatlarını ləğv edirlər”.
Masonlar yalnız rəsmi olaraq öz çalışmalarına ara vermişdilər, həqiqətdə isə onlar öz aralarında toplanmağa davam edirdilər.
1946-cı ildən sonra mason lojalar, yenidən, rəsmi olaraq öz fəaliyyətlərini bərpa etdilər. Bundan çox sonralarda Türkiyə masonları bildirdilər ki, onlar dünya mason lojalarının tam hüquqlu üzvü olmaq arzusundadırlar.
1970-ci ildə İngiltərənin və İrlandiyanın Böyük Lojaları Türkiyənin Böyük lojasını tanıdı və beləliklə bu loja masonluğun ümumi məcrasına daxil oldu. O vaxtdan sonra Türkiyədə masonluğun işləri cuşa gəldi. 1987-ci ildə “Nur No.72 lojası” İsraildə, 1990-cı ildə “Türkay No.995 lojası” Frankfurtda, “Nur 2000 lojası” Vaşinqtonda türk dilli lojalar kimi təşkil olundular.
Müasir Türkiyədə fəaliyyət göstərən mason lojaların 20 000-ə qədər üzvü vardır.
2000-ci ildə Vaşinqtonda “Nur 2000 lojası”nın yaradılması ilə əlaqədar belə bir qərar alındı ki, bu lojanı bir əsas kimi götürərək Azərbaycan Respublikasında masonluğu yaratmaq üçün yollar axtarılsın.
Hazırlıq işlərinin əksəriyyəti, 2001-2008 illər arasında görüldü. Bakıya, dəfələrlə, gedildi. Oranın rəhbərliyi ilə görüşlərdə masonluğun məziyyətlərindən və faydalarından danışıldı və, nəhayətdə, 2008-ci ildə müsbət cavab gəldi. Bəyannamə hazırlandı və ona qol çəkildi. Dekabrın 9-da, Bakıda, “Azərbaycan Milli Böyük Lojası” təşkil olundu. İran əsilli Amerika vətəndaşı Robert Heyat lojanın başçısı tə’yin olundu. Bu gün lojanın yüzə qədər üzvü vardır.
İranda masonlar 1850-ci illərdə fəaliyyət göstərməyə başladılar. Birinci mason lojası, əvvəllərdə, “Fəramuşxana” (“frankmason” sözündən) adlanırdı. Onun təsisçisi, bir müddət Avropada yaşayıb sonra isə İrana qayıdan, erməni əsilli, Melkum xan adında bir adam olub. 1858-ci ildə Melkum xanın şagirdi “Cəmiyyəti-adamiyyət” adında loja açmışdı. Əvvəllərdə, İran lojalarının Qərbi Avropa masonlaları ilə rəsmi əlaqələri yox idi. Bunlar ancaq zahiri görünüşünə görə mason kimi adlanırdılar, əslində isə onlar sırf siyasi təşkilatlar olublar. Və nəhayətdə, “Loje-Tehran” İranda ilk loja oldu. O, Avropa lojasının, bir Fransa mason lojasının şöbəsi idi.
1950-ci illərdə “Loja Pəhləvi” yaradıldı. Buna qədər olan zamanlarda lojaların fəaliyyətləri zəif idi. Bu lojanın təşkil olmasının məqsədi Iranda, cəmiyyət içində Məhəmməd Müsəddiqi hörmətdən salmaq, onun hökumətini devirmək olub. Müsəddiq İranın baş naziri olaraq milli maraqlara müvafiq siyasət aparırdı, ölkənin neft mə’dənlərini milliləşdirmək istəyirdi. Bu isə İngiltərənin və Amerikanın mənafelərinə zidd idi. Bu loja və Amerika kəşfiyyat təşkilatları köməkləşərək Tehranda hərc-mərclik yaratdılar və çevriliş edib baş naziri hakimiyyətdən saldılar.
1970-ci illərə qədər Şotlandiya, Almaniya və Fransa lojalarının 43 şöbəsi İranda fəaliyyət göstərirdi və dövlətin 1700 vəzifəli adamı onların üzvləri olublar. İranın şahı Məhəmməd-Rza Pəhləvinin özü isə bir Britaniya lojasının üzvü idi.
İran əhalisi masonluğa pis baxırdı, bu lojaların məqsədlərinin nə olduğu, onların nəyə xidmət etdikləri bilinmirdi və bu cəmiyyətdə şəkk-şübhə doğururdu. 1979-cu ildə, İslam inqilabından sonra, masonlara qarşı tə’qiblər başlandı və lojalar bağlandı. Mason lojalarının üzvləri ölkədən qaçdılar.
İslam alimləri masonluğu sionizm ilə bağlayırlar. Bu lojaların yəhudilərə xidmət etdiyini bildirirlər. Onların fikrincə bu özünü yəhudilərin Qüdsdəki Əl-Əqsa məscidini dağıtmaq və sonra onun yerində Süleyman mə’bədini yenidən bərpa etmək cəhdlərində göstərir. Bə’ziləri isə masonluğu Dəccalla bağlayırlar.
İnternetdə Türkiyə masonlarının saytı mövcuddur (mason.org.tr). Masonlar, orada, heçnədən qorxmayıb və çəkinməyib, keçmişdəki və hazırkı fəaliyyətlərindən bəhs edirlər. Maraqlıdır ki, yerli adamlar üçün türkcə yazılmış hissə, xaricilər üçün ingiliscə yazılmış hissə ilə düz gəlmir. İngiliscə, xaricilər üçün nəzərdə tutulmuş olan yazı hər şeyi daha səmimi, açıq bir şəkildə nəql edir. Deyir ki, masonların bütün hərəkətləri, əməlləri əslində Qərbin, xaçpərəst dövlətlərinin, mənafeyini güdürdü. Osmanlı İslam xilafətinin ləğv olunması, onun əvəzinə dünyəvi Türkiyə Cümhuriyyətinin qurulması işi, mason lojalarının sərf etdikləri böyük zəhməti, qeyrəti hesabına baş tutub, hasil olub.
Orda yazılıb, e’tiraf olunur ki, “İttihad və Tərəqqi cəmiyyəti bir mason firqəsi idi:
“İttihad və Tərəqqi” firqəsini yaradanlar avropalı gizli, təxribatçı dəstələrini (“Gənc italiyalılar”, “Gənc almanlar”, “Gənc isveçrəlilər” və s.) özləri üçün bir nümunə kimi götürmüşdülər. O, Parisdə tə’sis olunmuşdu. Qayəsi, Osmanlı Dövlətində məşrutə səltənətini qurmaq olub. Qərb mətbuatı bu dəstəyə “Gənc Türklər” adını vermişdi. Bunlar çox danışır, ancaq az iş görürdü. Nəhayətdə, bunların içindən beş nəfər mason inqilabçısı çıxıb, başqa bir gizli cəmiyyət yaratdı. Sonralarda ona “İttihad və Tərəqqi” adı verildi.
Artıq o vaxtlarda Qərbi Avropa ölkələrinin əksər padşahları, nazirləri mason lojalarına üzv olublar. “İttihadçılar” üsyan, qiyam hazırlığını Osmanlı dövlətində yaşayan xarici vətəndaşlara məxsus olan evlərdə, italyan, fransız və ispan lojalarının yığışma yerlərində görürdülər.
Salonikli masonlar ehtiyatda olan zabitlərdən bir ordu təşkil etdilər. Zabitlərin demək olar ki hamısı mason lojalarının üzvləri idi. Bu ordu İstanbula gəlib saray binasını ələ keçirdi. Beş nəfər masondan ibarət olan vəkillər komitəsi sultan Əbdülhəmidi taxtdan saldı. Bax, elə buna görə bütün İslam tərəfdarları bizlərə, masonlara nifrət bəsləyir.
Hal-hazırda bizim loja Balkanlarda, Rusiyada və Sovet İttifaqının keçmiş respublikalarında masonluğu yaymaqla məşğul olur.
Saytda, Türkiyənin cürbəcür vilayətlərindən gələn təşkilatının minə yaxın nümayəndəsinin Ankaradakı Atatürk məqbərəsinin qarşısında çəkdirdikləri foto şəkil də var. Onlar oraya cümhuriyyətin qurulmasının 90 illiyi münasibəti ilə yığışmışdılar. “Hürr və Qəbul Edilmiş Masonlar Böyük Lojası”nın Böyük Ustadı Ömər Kökər məqbərənin xüsusi dəftərində bu sözləri yazmışdır:
Ulu öndərimiz Müstafa Kəmal Atatürk,
Quraraq Türk Millətinə əmanət və ərməğan etdiyiniz dünyavi demokratik cümhuriyyətinin
təməllərini mənimsəyən bizlər, Türkiyə aşiqi masonlar, sonsuz sevgi və hörmət ilə hüzurunuzdayıq.
Dünyavi demokratik Türkiyə Cümhuriyyətini qorumaq və mühafizə etmək işində, ilk illərimizdən e’tibarən Türk Masonları olaraq etdiyimiz andı yerinə yetirməyə hazırıq və bu əhdi heç vaxt unutmayacağiq.
Endirilən və yandırılan bayrağımızdan və yandırılan hər heykəlinizdən yayılan alovlar, əslində qaranlığı aydınladır, daxilimizdəki Atatürk sevgisini daha da qüvvətləndirir.
Diləyirəm ki, Mustafa Kəmal Atatürk sevgimiz heç azalmasın, daxilimizdə yandırdığınız atəş heç sönməsin, Türkiyəni aydınlatmağa və qapanmış zehinləri açmağa davam etsin.
Ömər Kökər,
Böyük Ustad.
Bu gün artıq mason lojaları öz əvvəlki əhəmiyyətini itirmişlər. Onu yaradanların daha onlara ehtiyacı yoxdur, çünki müasir zamanda yer kürrəsinin hər tərəfində, bütün ölkələrdə masonlar hakimiyyəti öz əllərinə almışdırlar. İndi lojaların işini dünyavi hökumət idarələri görür. Yə’ni ki bu gün bu lojalar dinə, mənaviyyata və əxlaqa qarşı mübrizə işini bu hökumətlərə həvalə etmişlər.
XRİSTİAN ƏLİFBASINA: “YOX!”, -- MÜSƏLMAN ƏLİFBASINA İSƏ: “HƏ!” DEYƏK
Çox istəyərdim ki, hal-hazırda, məmləkətimizdə işlədilən gavur, latın əlifbası aradan getsin və onun əvəzində bizim köhnə əlifba, müsəlmanların ortaq əlifbası təzədən qəbul olunsun. İstəyərdim ki, bizi, müsəlmanı sevməyənlərin, müsəlmanın hər şeyinə nifrət bəsləyib, Qərb və Şərq təcavüzçü qüvvələrinə nökərçilik edən yerli masonların, dinsiz dairələrin papaqları qoltuqlarına verilsin və onlar həm latın, həm də kiril əlifbası ilə birlikdə yurdumuzdan qovulsunlar. Əslində, bunlar, bizim masonlar Qərbdə heç kimə lazım deyillər. Qərb elələrini bizim aramızda olmasını istəyir ki, onlar vasitəsi ilə bizi özünə, öz əmrinə tabe’ olmağa məcbur etsin.
1857-ci ildə İranda “Fəramuşxana” adında ilk mason lojası açılmışdı. Onun təsisçisi erməni əsilli bir şəxs, Melkum xan olub. Qərbi Avropa masonları ilə sıx təmasda olan bu adamın İrandakı işi, fitnə-fəsad törətmək, müsəlmanlar arasında zərərli fikirlər yaymaq olub.
Melkum Xanın bir fitnəsi də “əlifbai-cədid” olub. Müsəlmanın milli əlifbası pisdir, xaçpərəstlərin latın əlifbası yaxşıdır, əlifbanızı dəyişdirin deyə, camaatı təhrik edirdi. O, Rus təbəəsi olan M.F.Axundovla məktublaşıb, onu da bu təşəbbüsə qoşulmağa təşviq etmişdi.
Uşaqlıqda, bir dəfə, Axundov bağında, bu ədibin şanına ucaldılmış heykəlin yanından keçəndə onun bürünc altlığında latın əlifbası hərflərinin həkk olduğunu gördüm. O vaxt bunun nə mə’na daşıdığını başa düşə bilmədim. Bu, uzun illər boyu mənim üçün bir sirr olaraq qaldı.
Sonralarda bir tarix kitabında oxudum ki, M.F.Axundov Rus çarının adından Osmanlı Dövlətinə gedəndə sultana məsləhət görüb ki, oranın müsəlmanları öz əlifbalarından üz çevirib, latın əlifbasına keçsinlər. Sünni aləminin xəlifəsi bunu eşidəndə Axundovu hüzurundan uzaqlaşdırdı və çara məktub yazaraq dedi ki, gələcəkdə bu mə’lun, həyasız adamı mənim yanıma göndərməyin.
Məncə, M.F.Axundov bizim aramızdan çıxan ən birinci mason idi.
Amerikalı şərqşünas Həmid Alqar Melkum Xan haqqında bir kitab yazıb və orada bir fəsildə Axundov barəsində də yazaraq, bu ikisinin dost və sirdaş olmasından danışıb. Fəqət, orada Axundovun sultanın hüzurunda olmasından bir söz yoxdur. Kitaba görə yazıçı İstanbula gələndə İranın səfirliyində qalırdı.
Axundovu, sultan deyil, Osmanlı Dövlətinin sədri-ə’zəmi (baş naziri) qəbul etmişdi. Sədri-ə’zəmin yığdığı məclisdə alimlər Axundovun təklif etdiyi yeni əlifbanı nəzərdən keçirtdilər. Sonradan yazıçıya xəbər gəldi ki, onun təklifi rədd olundu. Bu Axundovu çox mə’yus etmişdi.
Belə görünür ki, sonradan İranın səfiri Axundova göstərdiyi qonaqpərvərliyindən peşman olmuşdu. O, Osmanlı hökumətinə xəbər verərək bildirmişdi ki, Axundov dinin qatı düşmənidir və bundan əlavə həm də Rusiyanın casusudur. Alqar yazır ki, birinci ittiham, əlbəttə, doğrudur, ikincisi isə mümkün görünür. Səfir Axundovun yazılarını oxuduqdan sonra bu qənaətə gəlmişdi ki, bu tamaşalar təxribatçı mahiyyət daşıyıb, mövcud siyasi və dini quruluşu kəskin bir şəkildə tənqid edir və pisləyir.
Bu kitaba görə Axundov o vaxt hələ ki latının tərəfdarını olmayıb, sadəcə ərəb əlifbasına dəyişiklik gətirmək istəyirdi.
Dostları ilə paylaş: |