Nəfsin xassəsi odur ki, o, maddi aləmdə yerləşib özünün qidalanmasını ünsürlər vasitəsi ilə tə’min edir. Nəfsin üç vəziyyəti ola bilər.
Birinci vəziyyətdə, onu hərəkətə gətirən, idarə eləyənlər bədən üzvləri və bədən cihazlarıdır. Burada, o, onların təbiətinə və adətlərinə uyğun şəkildə fəaliyyət edir və, tamamilə onların aludəsindədir. Nəfsin bu vəziyyəti nəfsi-heyvani adlandırılır.
Başqa vəziyyətdə, o, özünü bədən üzvlərinin və bədən cihazlarının xassələrindən kənar tutub və bunun əvəzində özünü ürəyin və beynin xassələrinin tə’sirinə salır. Bir halda bədənin üzvləri və cihazları bu axırıncı xassələri tə’min edir və tamamlayır, və ya digər halda ola bilər ki, bu xassələr öz-özlüyündə tamamlanmışdır, üzvlər və cihazlar onların lazımı ifadəçiləridirlər. Hər iki halda bu nəfsi-insani adlandırılır.
Üçüncüsü, elə bir vasitələr var ki, onların köməkliyi ilə nəfs tamamilə ram oluna bilinir və bu halda o nəfsi-mələk olur. Bu nəfsin xassəsi odur ki, o, daim göydə qərar tutan ruh əl-qüds adlanan ruhun hüzurundadır. Mələk-nəfsi bu əlaqəni hər vaxt saxlaya bilir və bu ulu məclisdə yerini möhkəm tutur, o yerdə ki, o, özünü qabiliyyəti səviyyəsində, karlı şəkildə ifadə edə bilir. Bunun nəticəsində ülvi ruhlarla olan sirli və gizli ünsiyyətlər adamın ürəyinə yol tapır. Əslində, o biri dünyada mükafat almağın əsasını, bütövlüklə, nəfsin bu hissəsinin ülvi səmalara olan cazibəsi təşkil edir. Əgər nəfsdə bu məqama uyğun əlamətlər varsa, onda bu şəxs orada özünü rahat və asudə hiss edəcək; yox, əgər orada o yerə uyğun əlamətlər yoxdursa onu qorxu və xəcalət hissi qəhr eyləyər.
Nəfsin əqli-küll ilə olan sıx rabitəsinin müqayisəsi üçün, civədə olan mə’dən və maye’ xəlitəsini gətirmək olar -- bunlar bir-birinə elə möhkəm bənd olublar ki, bunları heç cür ayırmaq mümkün deyil. Ancaq, bununla belə biz civədə həm maye’ həmdə ki, mə’dən xüsusiyyətlərini açıq-aşkar müşahidə edə bilirik. Eynilə, əqli-küll və nəfs birisi o birisinə elə bərk birləşirlər ki, onları bir-birindən ayırmaq mümkün deyil. Hər biri hansı tərəfə çəkilsə o birisi də, labüddən, ora çəkiləcək. Hər biri zövq alanda və ya ağrı çəkəndə, o birisi də eyni hal keçirəcək.
Nəfsi-natiqənin nəfsə olan nisbətdə, bu cür xassəsi var – o, ikincisinin cürbəcür hissələrini cəm’ eləyib xəlitə (ərinti) şəklinə salır. Biz, eynən, bunu nəfsi-nəbatinin ağacın bütün hissələrinə müəyyən bir şəkil verib onları xəlitə şəklinə salmasında görürük, o cür ki, ağac kökündən kəsilsə belə, o, uzun müddət tərkib hissələrinə bölünməyib durar. Eynilə, nəfsi-natiqə nəfsin bütün müxtəlif hissələrini birləşdirib bir xəlitə, ərinti şəklinə gətirir. Belə ki, əgər ölüm nəfsi, ət və qandan ibarət olan bədəndən, onun qidalanma və yenilənmə imkanından, tamamilə, kəsib ayırsa, nəfs hələ də ömür sürüb duracaq, ta o vaxtacan ki, nəfsi-natiqə sağ qalıb onu idarə edəcək. Həqiqətən, nəfsin bir neçə duyğu vasitəsi var və bunlar dağılmayıb dururlar, məsələn, hissi-müştərək, xəyal, hafizə və mütəsərrifə kimi. Belə ki, möhkəm qurulan xassələr və daim yenilənən istəklər, sabit qalıb öz qabaqkı vəziyyətini saxlayır. Göz ilə qulaq əldən getsə də, hissi-müştərək işini davam edərək durur. Adam dünyada uzun qərar tutması zamanı öz qulaqlarından və gözlərindən duyğu üçün istifadə edir və bu onun adət şəklinə çevrilir. Ancaq, o, öz duyğu alətlərindən ayrı düşəndə, hissi-müştərək qulaqların və gözlərin işini görməyə başlayır, o isə ya nəfsi-natiqə hesabına və ya da ki, külli-təsərruf hesabına olur və bu axırıncı isə, şəxsin öz amallarını, özününküləri ilə əvəz edə bilər. Rəbbani səxavət mənbəyindən gələn azacıq diqqət belə kifayətdir ki, görünən və eşidilən şəkillər onun içinə axsın, necə ki, adam hər hansı bir fərziyyəni fikrinə gətirəndə məntiqi istidlal onun düşüncəsinə axır.
Nəfsi-natiqənin təməl vəzifəsi özünü əqli-küllün içində yox etməkdən ibarətdir ki, o, bir cür süzülmə yolu ilə alınan ilhamla özünü daha böyük bir kimliyə qovuşdursun. Nəfsi-mələk vasitəçiliyi ilə o, mələklərin ilhamını ala bilər və ülvi təcəllilərə nail olar. Əgər adamın nəfsi nəfsi-mələyin idarəçiliyinə keçsə, onda o, uca bir məclisdə olan kimi olar, ya da aşağı səviyyə mələkdən biri olub onların məclisində yer tutar.
Bax, nəfsin özündən daha lətif olan iki hissələr (nəfsi-natiqə və nəfsi-mələk) ilə sıx təmas qurması ona bais olur ki, beş ruhani lətifələr əmələ gəlir. Bunların doğuluşunun gizli şəraiti budur: o səbəbdən ki, nəfsi-natiqə və nəfsi-mələk özlərinin qidalanması üçün nəfsə möhtacdırlar, onlar öz mehri-məhəbbətini ona çatdırmaq istəyirlər. Nəticədə, nəfsin hissələrinin çeşidləşdirilməsi hesabına, onun daha lətif hissələrindəki füzun bərəkət bir az da artır.
Qara ciyərdə yerləşən lətifə -- heyvani ruh; ürəkdə yerləşib şəxsin xasiyyətinin daşıyıcısı olan lətifə -- qəlb; beyində yerləşib, istər həqiqi olsun və ya istərsə xəyali mə’naları dərk etməyə qadir olan lətifə isə -- əql adlanır. Heyvani ruhun, qəlbin və əqlin hər üçünün yerləşdiyi yer nəfsdir. Bununla belə nəfs hər iki lətif hissədən qüvvə alır, necə ki, bulağın ətrafında olan torpaq ondan rütubət çəkib, sərinlik alan kimi və ya da bədənin vəz’lər vasitəsi ilə qara ciyərdən qida qəbul etdiyi kimi.
Baxmayaraq ki, bu üç lətifənin üçü də mənşəcən bu üç hissədən yaranıb, heyvani ruhun nəfslə, əqlin əqli-küll ilə və qəlbin nəfsi-natiqə ilə yaxınlığı var. Elə bu səbəbdən qədim zamanlarda qəlbi lətifəi-insaniyyə və əqli isə ruhun lisanı adlandırırdılar.
Salik özünü müəyyən dərəcədə nəfsin tə’sirindən qurtardıqda, o, iki incə hissələr ilə məşğul olmalıdır. Bu mərhələdə qəlbi onun ruhuna və əqli onun sirr lətifəsinə çevrilir.
Qəlb ilə ruhun fərqi bundadır: qəlb bədənin dərinliklərindən əmələ gələn nəfsin alətidir; ancaq o, iki incə hissəsi vasitəsi ilə idarə olunur və onlar onun hər yerinə nüfuz olunublar. Ruh deyəndə bizim nəzərdə tutduğumuz şey -- iki incə hissənin yaxın ünsiyyət yaradıb birləşməsidir və onların tamamilə asılı olduqları nəfsin ən nəfis libasını əyinlərinə geymiş olmasıdır.
Əql ilə sirrin fərqi ondadır ki, əql nəfsin aləti olub beyində yerləşir, ancaq iki incə hissənin vasitəsi ilə idarə olunur və onlar onun hər yerinə nüfuz olunublar. Sirr deyəndə, bizim nəzərdə tutduğumuz şey -- iki incə hissənin biri o birinə möhkəm bənd olub birləşməsidir və asılı olduqları nəfsin gözəl libaslarını əyinlərinə geymiş olmasıdır.
Bax bu səbəbdən ruh qəlbdən incədir və sirr əqldən daha parlağıdır. Qəlbin vəzifəsi məhəbbət və şövqdür, ruhunku isə ünsiyyət yaratmaqdır. Əqlin vəzifəsi yəqin olmaqdır, sirrinki isə vəchə nail olmaqdır. Ancaq bunların çoxlu mərhələləri var.
Salik özünü nəfsdən tamamilə azad etdikdən sonra gərək bu iki incə hissə ilə məşğul olsun, hansılar ki, civədə mə’dən və maye’nin tərkibləri kimi qatışıbdılar. Bu yerə çatdıqda salik bu aşağıdakı başlıqlardan birini almış olur.
Nəfsi-mələk cəlb etdikdə, salik özünü ruhi-qüdsdə yox edir, fənadan keçib səhv və təməkkon mərhələsinə çatır. Bu peyğəmbər mirasıdır.
Başqa halda, nəfsi-natiqə cəlb etdikdə salik özünü böyük kimlikdə fəna edir, təməkkon mərhələsinə yetişir və təzədən özünə gəlir. Bu böyük vilayət (vəlilik) məqamıdır.
Üçüncü halda salik hər iki məqamı müvazinət vəziyyətə gətirməyə nail olur. Bu məqam cəmül-cəm adlanır. Bu məqama çatmış adam iki cür şəkildə xatırlana bilər. Bə’zən o, əqli-küll nöqteyi-nəzərindən xatirə gətirilə bilər; ona daha böyük bir kimlik nüzul eləyir və onu bürüyür. İkinci şəkildə o, ruhul-qüds nöqteyi-nəzərindən xatirə gətirilə bilər; ona ulu məclis əhvalı nüzul edir və bu isə dama-dama süzülmə yolu ilə əldə olunur. Bax mən, elə bu üçüncü növə çatmağı özümə məqsəd qoymuşam.