İslam səNƏTİ



Yüklə 11,59 Mb.
səhifə46/50
tarix26.12.2016
ölçüsü11,59 Mb.
#3530
1   ...   42   43   44   45   46   47   48   49   50
LƏTAİFİ-SİTTƏ (altı gizli lətifə). Əhli-təsəvvüfün sözünə görə (tam mə’nasında gizli mərkəz sayılmayan) “nəfs” lətifəsi (Lətaif ən-nəfs) göbəyin altında, “qəlb” (Lətifət əl-qəlbi) adlanan lətifənin bədəndə nəzəri yeri dörd barmaq sol əmcəyin altında, “ruh” lətifəsi (Lətifət ər-ruhi) isə sağ əmcəyin altında yerləşiblər. “Sirr” lətifəsi (Lətifət əs-sirri) isə onların arasında, günəş kələfi adlanan yerdədir. “Xafi” lətifəsi (Lətifət əl-xafi) alında, iki qaşın arasında, “əxva” lətifəsi isə (Lətifət əl-əxva’) beyində yerləşiblər.

İNSANİ LƏTİFƏLƏR. İndi biz insani lətifələrin (lətifəyi-insaniyə) saflaşdırılması haqqında bəhs edək. İnsani lətifələr üç şaxəyə bölünür: qəlb, nəfs və ağıl. Hədisi-şərifdə bu üç lətifələrin hər birinin adı çəkilir. Bu məxəzdən biz elə qənaətə gəlirik ki, nəfsin əlamətləri -- həvəs və şəhvət düşkünlüyüdür; qəlbin əlamətləri -- hər hansı bir arzunu şəklə salmaq, məhəbbət və nifrət, qoçaqlıq və qorxaqlıq və sair; əqlin əlamətləri – anlama və bilik, lazımlı olanı qərara alma.

Hikmət sahibləri nəfsi-natiqəni üç şöbəyə ayırıblar: təb qüvvələri, heyvani qüvvələr və idrakı qüvvələr. Onların yerləri, həmin bu ardıclıqda, qara ciyərdədir, ürəkdədir və beyindədir. Hükəmaların əsərlərində, bunlar, bütün xırdalığı ilə təhlil olunub və bu məsələ onların ən sevdikləri mövzuya çevrilmişdi. Halbuki, bizim bu əsərdə araşdırma aparacağımız mövzu tamam başqadır.

Nəfsin əsas vəzifəsi, işi cismani ehtiyacların ödənilməsi və ləzzət verən şeyləri axtarmaqdan ibarətdir. Bundan əlavə, onun işi bədən quruluşunun saxlanmasına tələb olunanları tə’min etmək və bədənin təbiətinə zidd olan şeyləri rədd etməkdir. Acımaq və susamaq, dincəlmək və şəhvət, bayıra getmək ehtiyacları – bunların hamısı nəfslə əlaqəli şeylərdir və hamısı həyat üçün vacib ehtiyaclardır. Ancaq buna baxmayaraq, ağır, məşəqqətli üsullar tətbiq edərək nəfsin təbii quruluşunu dəyişmək olar.

Ürəyin vəzifəsi, işi hirs, utanma, qorxu, comərdlik, səxavət, tamah, sevgi və nifrət nümayiş etdirməkdən ibarətdir. Hər kəs yaxşı bilir ki, o, hansı şeyi xoşlamır və nəyə görə onun ürəyi o şeyi rədd etmək arzusu ilə coşur-daşır və ya, başqa halda, nəyə görə, bə’zən, onun ruhu bədənini tərk eləmə dərəcəsinə çatır, nəyə görə onun damarları genişlənir və rəngi qızarır. Eynilə, qorxduğu zaman, o, yaxşı başa düşür ki, onun ürəyi nəyə görə əsir və sifəti nəyə görə ağarır və ağzı nəyə görə quruyur. Bax, ürəyin xüsusiyyətlərini belə qiymətləndirmək olar.

Ağlın vəzifəsi keçmiş hadisələri yada salıb, gələcək üçün tədbir tökməkdir.

Bizim hər birimiz bütün bu həqiqətləri öz şəxsi həyatımızda təcrübədən keçirtmişik. Bir tərəfdən bütün bu nəfs dərəcələri bir-birlərindən ayrıdır, ancaq başqa tərəfdən onlar

bir-birlərinə bağlıdırlar. Bu fərqliliklərin səbəbi ondadır ki, nəfsi-natiqə nəfsə və təbii nəfslərə nüfuz etdiyindən, eyni zamanda, həm onları idarə edir, həm də onlardan asılıdır. Bu nəfslər ayrı-ayrı yerlərdə yerləşib, ayrı-ayrı quruluşları və vəzifələri var.

Elə növ adam var ki, onun təbii qüvvələri – həzm, qəsb və şəhvət qüvvələri həddindən ziyada güclüdür; ancaq onun ürəyinin həssaslığı və düşüncə qabiliyyətinə gəldikdə, o, bir kütbeyin səfehdən başqa bir şey deyil. Hirs, şücaət, qorxu və utanma hissi belə adamda çox ahəstə şəkildə meydana gəlib və tez də yox olub gedir. O, öz hafizəsindən keçən hadisələri yaxşı yadda saxlaya bilmir və onun gələcək üçün tədbir tökmək və yaxşı-pisi ayırmaq qabiliyyəti pisdir. Belə adamı bir nəbati cismə oxşatmaq olar.

Fərqli cür də adam var ki, onun sə’yi, şücaəti, səxavəti və məsuliyyəti var ki, o, bu (könül) xassələrinə görə başqalarından üstündür. Lakin bu adam başqalarında olan təbii və idrakı güclərinin onda biri qədərinə malik deyil. Onu bir növ əhlilənmiş və vəhşi heyvanlara oxşatmaq olar.

Həmçinin, elə adam var ki, o, ətrafındakılardan, eşitdiyini yaxşı mənimsəyib yadda saxlamaq və düzgün yol tutmaq qabiliyyəti ilə seçilir. Bu səbəbdən onu aşağı səviyyəli mələklərə bənzətmək olar.

Biz fərqli şəxsiyyətlərin vəziyyətini nəzərdən keçirdəndə, elə qənaətə gəlirik ki, onlar bir sıra güvələr sarıdan zəif, başqa güvələr sarıdan güclüdürlər. Bu qüvvələrin yerləşmə yeri başqa-başqa olduğundan və fərqli şəxsiyyətlərin mə’ruz qaldıqları cürbəcür nasazlıqlar bizi onu düşünməyə vadar edir ki, orada fərqli qüvvələr fəaliyyət göstərir.

Biz, artıq, onların fərqliliklərinin səbəbindən danışdıq; onların birliyinin səbəbi isə ondadır ki, nəfsi-natiqə bu fərqli növlər üzərində hökm sürürsə də, buna baxmayaraq o, əslində, vahid, bölünməyən bir varlıqdır. Bu üç növ qüvvəni bir mənbədən axan fəvvarələrə oxşatmaq olar, ya da ki, bir çayın axınlarına. Ancaq, birisinin hərəkəti o birilərin köməkliyi olmasa tam olmaz.

Nəfs qəlbə uymasa nə boğazının damarları şişər, nə də ki, həyəcanlanar; əql qəlbə hər hansı bir təhlükə, nifrət təsvirlərini göstərməsə qisas hissi meydana çıxmaz. Həmçinin, qəlbin möhkəm niyyətinin müşayiəti olmasa biliyin işi öz-özünə danışmaq işinə oxşayar. Əqli qavrama hissi fəhmlərin təsdiqini almasa inamı olmaz, o, büdrəyər və təhrif edilmiş şəklə düşər. Habelə, nəfs qəlbin ya əqlin yardımı olmasa üç-aylıq körpə kimi aciz olar; belə adamın özündə nə bir inamı olar, nə gücü, nə də ki mətanəti olar.

Beləliklə, bu fərqli, amma vəhdətdə olan hissələrin əlaqələndirilməsi üçün xüsusi bir limfavi vasitəçilik silsiləsi vardır ki, o da aralılarında uzanıb onları bir-birinə bağlayır və nəticədə onlar bir-birinə öz tə’sirlərini göstərir. Bu yolla böyük çeşiddə xassələr və xüsusiyyətlər əmələ gəlir. Bu məsələnin geniş təhlili çox vaxt aparar, halbuki bu əsərin məqsədinə kifayət olanlar aşağıdakılar olacaq.

Əgər qəlb və əql hər ikisi də nəfsin tə’sirinə düşmüş olsalar, bu böyük miqdarda günaha gətirib çıxardar. Nəfsin bu vəziyyətinə nəfsi-heyvani deyilir. Belə hərəkətlər, məsəl üçün, şəhvani hisslərə qapılma, eşqbazlığın dalınca qaçma, məhbubuna baxıb onun nəvazişi ilə məşğul olma qəlbi də onu tə’qib etməsinə təhrik edir, onlar sevgi gəzir və qəlbi mehri-məhəbbətlə doldurur. Bununla yanaşı, onlar, əqli məcbur edirlər ki, o, məhbubun görünüşünü xəyalında canlandırsın və ona qovuşmaq üçün yol və çarə tapsın. Eyni şəkildə, dadlı taamlar yeyib içmək həvəsi qəlbi və əqli bunu izləməyi təhrik edir. Azca bir nəzər vermək kifayət edər ki, biz belə halları həyatda müşahidə eyləyək.

Əgər nəfs və əql qəlbə uysalar, bu başqa günahlara gətirib çıxararlar. Nəfs bu vəziyyətdə nəfsi-əmmarə adlanır. Güclü hirsdən də savayı nəfsi-əmmarə başqa böyük miqdarda pisliklər də əmələ gətirir. Məsələn, əgər hər hansı bir qəlbin qabalığı olub bir şəri olmasa, onda adam ətrafında olanlara ağalıq etmək istəyər. Bu xasiyyət qəlbin fitri xassəsi olduğundan nəfs ona öz yardımını çatdırır.

Güləşmə kimi işdə o, bütün gücünü səfərbər eyləyib, adamın daxili ruhlarını canlandırıb ona kömək eləyir. Hərgah qəlb elə güman etsə ki, uzun müddət pəhriz tutub, yemək və içməkdən qalmaq və evlənməmək lazımdır, onda o, buna e’tiraz etməyib üsyan qaldırmaz. Əql də, qəlbə dəstək verərək, onun xətrinə gələcək üçün gözəl tədbirlər tökər və layihə çəkər.

Hərgah qəlb və nəfs əql vasitəsi ilə idarə olunsa, bu təqdirə layiq keyfiyyətlər yaradar. Nəfs bu halda nəfsi-mütməin adlanır. Məsələn, adam əqlin yardımı ilə başa düşəndə ki, onun xoşbəxtliyi yaxşı əməllər hesabına olacaq, pis əməlləri isə ona bədbəxtçilik gətirəcək, onda onun nəfsi əqlin hədəflərinə zidd durmayıb əmrinə tabe’ olacaq və onun qəlbi də şüurun tələbinə sevgi və həvəs göstərməyə başlayacaq. Tez-tez belə olur ki, böyük zəkaya malik olan bir adam hər hansı bir dünyəvi və ya mə’nəvi məqsədə çatmaq istəyir. Baxmayaraq ki, bu iş onun könlünə yatmır və çoxlu dadlı, ləzzətli şeylər əlindən gedəcək, həm qəlb, həm də ki nəfs müxalifət yaratmadan əqlin əmrinə tabe’ olurlar.

Elə də adam növü var ki, qəlbən çox qüvvəli olduğundan, hirslənəndə və ya qısqanclıq hissi keçirəndə, qayğıdan və utancdan onun nəfsi öz fəaliyyətini dayandırır. O, nə aclıq çəkir, nə də ki, susama hiss edir və hətta həzmə və bayıra getməyə halı olmur. Əql, belə olanda hər nə qədər sə’y edib özünü inandırmağa çalışsa ki, hirslənmənin və əndişə çəkməyin heç bir faydası yoxdur, adam sakitləşmir, o, özünü qəlbin tə’sirindən qurtara bilmir.

Eləsi də var ki, onun nəfsi güclü olub adamı tamamı ilə eşqbazlığa və qarınqululuğa aludə edir. Bu cür əməllərin cəzası nə olduğu ona mə’lum olsa da, mə’ruz qalacağı nifrət, alçaltma və təhqirlər onun gözünün qabağına gəlsə belə də, o, dişisinin dalına düşən və ya yemin üstünə gedən eşşəyin erkəyinə oxşayır ki, ona nə qamçı nə dəyənək tə’sir eyləyir, o cür ki o, işinə aludə olmuşdur. Bunların hamısı şüurlu adamları bu qənaətə gətirib çıxardır ki, hər bir hissənin işi o birisinə ağalıq, ya da ki, kömək eləməkdən ibarətdir. Əql bə’zən başa düşsə də ki, bu alçaq işlərin nəticəsi pis olacaq, o, özünü idarə etməkdən aciz qalır.

Başqa halda, əql özünün bütün biliyini bir amala yönəldir. Bu məqsədə çatmaqdan ötrü düşünüb tədbir tökür, bütün ehtimalları fikrinə gətirir və axırda əvvəlki inamlardan kənar düşür. Bu məkruh şeylə mübarizə aparmaq hədsiz dərəcədə çətindir.

Bə’zən elə olur ki, insanın qəlbi sevgilisinə olan məhəbbətlə dopdoludur, lakin cinsi əlaqəyə girməyə halı olmur. Ya da qəlbi qisas hissi və qəzəblə dolu olur, lakin qolunda gücü olmur. Belə hallar da olur ki, adamın nəfsi qəlbin köməyinə gəlir və ona yeni güc-qüvvə verir, hansılar ki, bundan qabaq yox idi, mövcud deyildi.

Bu cür xassələr bədənin təbii ehtiyacları kimidir yə’ni ki, onları ram etmək mümkünsüzdür. Bu bir həqiqətdir ki, ağır zəhmət tələb eyləyən tə’limlər vasitəsi ilə bu xassələri bir müddət ört-basdır eləmək olar, lakin bu tə’limlərə ara verəndən az sonra onlar təzədən üzə çıxır. Əslində, bu xasiyyətləri saflaşdırmaq yalnız bu yolla mümkündür – adam onları (təbii qüvvələrini) yerli-yerində, ehtiyacına görə istifadə etsin və bu işlərdə ifrata yol verməsin.

Bütün deyinənləri qısa şəkildə nəzərdən keçirək: nəfs qara ciyərdə, qəlb ürəkdə və əql beyində yerləşir. Nəfsi-heyvani bütün bədənə nüfuz eyləmişsə də, lakin onun əslikar yeri qara ciyərdir, nəfsi-bəhimi bədənin bütün yerlərində mövcuddur, lakin onun əslikar yeri ürəkdir və nəfsi-mütməin bütün bədəni əhatə eyləmişsə də onun əslikar yeri beyindir.

Onu bilmək lazımdır ki, Allah insanda iki fərqli növdən olan qüvvə yaratmışdır. Bunlardan biri, maddi, insani qüvvələrdir ki, onlar, ümumən, heyvani qüvvə adlanır, onlar adamı heyvan kimi aparmağa vadar edir və bu halda, o, onlardan biri sayılır. O biri növ qüvvə mələk xassələrindən ibarət olub adamı mələklərin işini görməyə vadar edir və bu halda, o, onlardan biri sayılır. Özünü saflaşdırmağın mə’nası və məqsədi odur ki, mələk qüvvəsi heyvani qüvvələri ram etsin, birincinin xassələri ikincisinin xassələrinə üstün gəlsin, heyvani olanlar isə tabe’ olub öz tə’sirlərini azaltsınlar.

Özünü saflaşdırmaq məsələsi şəriət sahəsinə aid olan şeydir, nəinki təbabət elminə aiddir, lakin bu ikincinin ona müəyyən bir aidiyyəti vardır. O səbəbdən ki, insanın varlığı bu əsas üç növdən ibarət olub müxtəlif çeşidləri var, onların hər birinin saflaşdırılması vasitələri fərqli olmalıdır və bu isə çox geniş mövzuya çevrilir. Bunu da bilmək lazımdır ki, bu üç növün saflaşdırılması işi mərhələlərlə gedir və bunların hərəsinin öz şəkli və tərzi var. Bu səbəbdən bu məsələ əksər salik üçün qeyri-müəyyən və dumanlı görünür və onlar, çoxyönlü şəkli və tərzi olan bu üç növün vəhdətini yaratmaqda çətinlik çəkib, mə’yus olurlar. Halbuki, əhli-ürfan bu cür şəkilləri və tərzləri olan mərhələlərin hamısını yaxşı tanıyır və fərqləndirə bilir, bunların müntəzəm və daimi vəhdət yaradılmasının üsulu ilə yaxşı tanışlığı var. “Allah haqq söyləyir və hidayət edir.”


ŞƏRİƏT VƏ LƏTİFƏYİ-İNSANİYƏ. İndi bizim bəhs edəcəyimiz mövzu bədənin və üç insani lətifələrin saflaşdırılması haqqında olacaq ki, bu da üsuli-din bilmək vasitəsi ilə olur və bunu Allah-Təala hökmü olaraq ümum bəşəriyyətin hər dərəcəsinə şamil olunub və hal-hazırda şəriət kimi tanınır. Bu lətifələrin saflaşdırılmasının birinci mərhələsi öz nəfsindən üz çevirib şəriətə dönməkdən ibarətdir.

Şəriətin həqiqətlərini başa düşmək istəyirsinizsə onda yəqin sizin xəbəriniz var ki, qabaqlarda insanlar nəfsi-əmmarəyə tabe’ idilər. Onlar özlərini elə hala salmışdılar, o dərəcədə şeytani qüvvələrin əlində idilər ki, əgər o vəziyyətdə ölmüş olsaydılar özlərini heç cür qəbir evində əzabdan və hesab çəkmə günündən qurtara bilməz idilər. O dövrdə yaşayan bir ovuc adamdan savayı başqa heç kəs nicat yolunu tapa bilmirdi. Qadir Allah, hansı ki, yerin və göyün ağasıdır, özünün sonsuz mərhəməti səbəbindən bu palçıqdan yoğurulmuş olanlara səxavət göstərərək bəşəriyyəti öz idarəçiliyinə tapşırdı. Nəhayətdə xalqın içindən birisi seçilərək ümumi mərəzin şəfasına lazım olan biliyi onun qəlbinə vəhy yolu ilə verilir. Ondan sonra ona bir başqa ilham gəlir ki, o, bu biliyi xalqa ötürməlidir və onları buna əməl etməyə çağırmalıdır, xoşlarına gəlsə də, gəlməsə də. Bu azarın müalicəsinə təklif olunan əlac şəriət adlanır.

Bu əlac adamın yalnız ümumi şəklini və ümumi xüsusiyyətlərini nəzərə alıb, halbuki fərqli şəxsiyyətlərin qabiliyyətlərini hesaba almır. Bunun son məqsədi ondadır ki, bu dünya əhli pis əməllərdən kənar dursun, nicat tapsın, özünü axirətdən və qəbir evindəki əzabdan qorusun. Lakin bunun məqsədi əslən adamı (təsəvvüfün) fəna və bəqa kimi məqamlara çatdırmaq deyil, nə də ki, burada söhbət özünü təvəkkül və ya riza kimi məqama nail olmaqdan gedir.

Sizə Həzrəti Peyğəmbərdən (s.ə.s.) gələn kəlamlarda niyyət başqa şey deyil, elə bu olub, yə’ni ki, adamlar gərək pisliyi tərk eləsinlər və elə hərəkət etsinlər ki, qəbrin və Qiyamət gününün əzab və əziyyətindən qurtulsunlar...

Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə miras buraxdıq. Onlardan kimisi özünə zülm edər, kimisi orta yoldadır, kimisi də Allahın izni ilə xeyirli işlərdə önə keçər. Bu isə ən böyük lütfdür!”(Qu’ran, Fatir, 3/32).




Yüklə 11,59 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin