İslam səNƏTİ



Yüklə 11,59 Mb.
səhifə47/50
tarix26.12.2016
ölçüsü11,59 Mb.
#3530
1   ...   42   43   44   45   46   47   48   49   50
Buna əlavə biz deyə bilərik ki, mələk qüvvəsi heyvani qüvvə ilə baş-başa gələndə, onun nəticəsi aşağıdakı üç vəziyyətə gətirib çıxarda bilər.

Birincisində, heyvani qüvvə üstünlük təşkil edir, mələk qüvvəsi o dərəcədə yatırılır ki, ondan bir əsər əlamət görünmür, çox nadir hallardan başqa. Əgər o, pis işlərdən və rəzil əməllərdən çəkinmirsə onda o, yaramaz adamdır və hərgah onun pis və ikrah doğuran xassələri daha da güclənsə onda eləsi riyakar adlanar, çünki onun əməllərinə daima riyanın nişanələri olur.

İkincisində, mələk qüvvəsi heyvani qüvvənin kəkilindən möhkəm yapışıb saxlayır, ancaq axırıncısının əlləri və ayaqları hələ ki, müqavimət göstərməyə davam edirlər. O vaxtacan ki, mələk qüvvəsi əlini boşaltmayıb tutur və mübarizəni davam eləyir, belə növ adamlara “əshabi-yəmin” (sağ tərəf sahibləri) adını veriblər. Bu halda heyvani qüvvənin inadcıllığını iki cür ehtimal ilə izah etmək olar. Bir tərəfdən ola bilər ki, adamın qəzəb qüvvəsi və ya da əqli qüvvəsi daxilən zəif olsun. O, yaxşı əməllər görsə də onların arzu olunan xeyri və səmərəsi olmur. İkinci tərəfdən ola bilsin ki, şəxsin bu iki qüvvəsi onun daxilində möhkəm və sağlam yaradılmışsa da, çörək pulu qazanmaq işi onun başını qatdığından o, yaxşı əməlləri görməkdən vaz keçir.

Üçüncü vəziyyətdə insanın mələk qüvvəsi sonunda heyvani qüvvə üzərində tam qələbə çalır və onu həbsdə saxlayır, nəfsinin həvəslərini məhv edib onları daim ac saxlayır. Bələ şəxs “Allaha ən yaxın olanlardan biri” adlanır. Bu sonuncu halda olan şəxs üçün iki şey əsasdır: birinci, onun bəhimi və əqli qüvvələri möhkəm və sağlam şəkildə yaranmış olmalıdırlar; ikinci, o, üsuli-dinin tələblərinə doğru-dürüst əməl etməklə ağlını saflaşdırıb və qəlbin iradəsini ələ alıb, özünə tabe’ etməlidir. Onda bu bizim qəzəb qüvvəsi adını verdiyimiz iradə qüvvəsi nəfsi ram edə bilir. Bu yolla şəxs Allaha yaxın olmağa tam şəkildə layiq olur.

Burada ehtiyac yaranır ki, biz bu üç növdən olanların işarələrini aydın şəkildə təhlil edək. Mən, ondan başqa, şəriəti bəyan edən Peyğəmbərin (s.ə.s.) hər üç qüvvənin saflandırılması üçün göstərdiyi üsulları burada xatırlatmağı lazım bildim. Sonra biz ibadət yolu ilə olan saflaşdırmanı, insanın təbiətini dəyişdirən saflaşdırma yolundan olan fərqini göstərəcəyik. Biz, həmçinin, bu iki yolun fərqlərindən Peyğəmbərin (s.ə.s.) özünün söylədiklərindən də danışacağıq.

Burda bəhs etdiyimiz şəriətin zahiri tərifinə İslam adı verilib və bu bədən qüvvəsinə aid mövzudur. Deyildiyi kimi:
Bədəvi ərəblər “Biz iman gətirmişik!” – dedilər. De ki: “Siz qəlbən iman

gətirməmişsiniz! İman hələ sizin qəlblərinizə daxil olmamışdır” (Qu’ran, əl-Hucurat,49/14).

CÜNEYDİN TƏ’LİMİ. Seyyid ət-Taifə, Cüneyd Bağdadiyə (r.a.) görə beş lətifənin təsfiyəsi (saflaşdırılması) işinə “təriqət” və “mərifət” deyirlər.

Hz. Peyğəmbərin (s.ə.s.) səhabəsi və təbein dövründən sonra bir dəstə adam meydana çıxdı, hansılar ki, şəriətə riayət edərək, onun pəhriz və zöhd tələbləri ilə (və buna bənzər eşitdikləri başqa şeylərlə) çox ifratçı dərəcədə məşğul olurdular. Belə ki, onlar bu işlərdə həddini aşıraraq, müvazinət saxlamaq məsələsinə fikir verməyib və xəstəliyi doğru-dürüst tə’yin eyləməyib, bütün azarlara eyni əlac yazırdılar. Onlar elə fikirdə idilər ki, insanın yeganə müşkülü onun nəfsi, alışqanlıqları və adətləridir və bu səbəbdən bütün sə’ylər cismani və heyvani nəfsin şiddətini ram edilməsinə yönəldilməlidir.

Onlar özlərini cinsi ünsiyyətdən və ləziz taamlardan məhrum edir, bəzəkli paltar geyinməkdən çəkinirdilər, elə ki, nəhayətdə, öz bədənlərinin təbii, halal ehtiyaclarını ödəməyib halsız və zəif düşürdülər. Ya da ki, onlar, şəhər əhlinin rahat yaşayış tərzindən qaçıb, bunun əvəzində, ağır və sərt həyat sürürdülər. Onlar bütün həyat ehtiyaclarını ən aşağı həddə çatdırıb canlarını, necə deyərlər, acı dərman içməklə saxladırdılar. Onlar eyni cür sə’y göstərib özlərinə qapılırdılar və, həmçinin, səyahətlərə getməyi də çox sevirdilər. Onlar çalışırdılar başlarını elə şeylərlə məşğul etsinlər ki, bu, axırda, özlərində, ürəklərində olan bütün şan-şöhrət arzusunu, sərvət toplamaq, məqam və mənsəb qazanmaq sevgisini unutdursunlar.

Onlar, çöl-biyabanda məskən salaraq, istər təbii, istər qeyri-təbii ölüm təhlükəsindən belə qorxmurdular. Nə onlar dünya ilə təmasda olub, nə də ki, dünya bunlarla. Elələri, hər şeyi kənara qoyaraq, tə’lim edib öz zehin qüvvələrini o dərəcəyə çatdırırdılar ki, artıq duanın daxili mahiyyətinə çatmağı bacarırdılar və nəfslərinin heç bir istəyi fikirlərinə müdaxilə edə bilmirdi. Onlar qarşılarına elə bir məqsəd qoyurdular ki, istər dünya işlərində, istərsə şəri işlərdə, özlərini fiqhin mübahisəli məsələlərindən və başqa hər hansı, şəkki-şübhəli, şeylərdən kənarda saxlasınlar.

Bu növ zöhd qara camaatınkıdır və bu cürləri, ifrat dərəcədə ağır və əziyyətli üsullarla məşğul olub nə əvvəlində, nə də ki, sonunda doğru-düzgün yolu tanıyıb tapa bilirlər. Bu sayaq həyat tərzinin üsulu-qaydalarını, ilk dəfə, şeyx Həris əl-Muhasibi yazıb qələmə almışdı. Mən burada, yığcam şəkildə, bu dəstənin baxışlarını izah etməyə çalışdım.

Bu cür işgəncə və riyazət sayəsində, bə’zi çalışqan tələbələr öz daxili əhvalını aşağı dərəcə mələklərin əhvalı səviyyəsinə çatdırmağa nail olurdular. Belə adamlar “dəyişmiş olanlar” adlanırdılar. Başqa cürləri də var idilər ki, hərçənd, onlar bu cür ilhama nail olmasalar da, bə’zən onlar vəchə gəlib özlərini cürbəcür hallara və vəziyyətlərə sala bilirdilər. Bunun nəticəsində, onlara qeybdən feyzlər gəlirdi və səslər eşidirdilər, ya da, hətta, kürəyi-ərzi dövr eyləyirdilər, suyun səthidə yeriyirdilər.

Şeyx Cüneyd, isə ilk adam olub hansı ki, belə saxtalaşdırılmanın ötəsinə keçib, orta yolu seçərək, seyri-sülukun hər bir üsulunun məkanını düzgün yerbəyer edə bilmişdir. Ondan sonra gələn hər bir salik onun arxasından, onun cızdığı yolla gedir və buna görə ona borcludur, istəyir bundan xəbəri olsun, istəyir olmasın.

Təsəvvüf əhlinin arasında Əbu Təlib Məkkinin tutduğu yer, Əbu Hənifənin imamlar arasında tutduğu yer kimidir. Məkki, əsərlərində, açıq-aşkar, Cüneydin üsulundan bəhs edirdisə də, ancaq, onu Muhasibinin üsulu ilə qarışdırırdı, çünki o dövrün sufiliyi, hələ ki, tamamı ilə, belə sərt zahidlik növündən təmizlənməmişdi.

Yığcam desək, şeyx Cüneydin üsulu, beş ruhani lətifələrin (lətaifi-həmsə) saflaşdırılması işinin üstündə qurulub. Bunların adları budur -- nəfs, qəlb, əql, ruh və sirr. Buna ərəbcə -- təzkiyyət ən-nəfs, təzkiyyət əl-qəlb, təccəli ər-ruh və təqliyyət əs-sirr, deyirlər. Bu ruhani lətifələrin hər birisinin özünə məxsus xüsusiyyətləri vardır. Və onların saflaşdırılmasının, hərəsinin ayrıca, xüsusi, üsulu vardır. Təsəvvüfün istilahatına görə, nəfsin, qəlbin və əqlin saflaşdırılmasına “təriqət”, ruhun və sirrin saflaşdırılmasına isə, “mərifət” deyirlər.

Əfsuslar olsun ki, bu məsələdə, təsəvvüf elminin ehtiyatsız və qeyri dəqiq təhlili çoxlu çaşqınlıqlara səbəb olmuşdur. Mən burada, bu çaşqınlıqlara bais olan əsas səbəbi, bir dəfəlik, aydınlaşdıracağam ki, daha, kitabın hər qismində, bunu danışmağa ehtiyac olmasın.

Bunu başa düşmək lazımdır ki, “ ruh” və “nəfs” kimi sözlər fərqli mə’nalarda istifadə olunub. Məsələn, bə’zən “nəfs” sözü həyatın mənbəyini bildirmək üçün istifadə olunub və o, bu mə’nada, “ruh” mə’nasını verir. Bə’zən, adamlar “nəfs” istilahından istifadə edəndə yeməyə, içməyə və sairə ehtiyacı olan insan nəfsini nəzərdə tuturlar. Başqa vaxtı isə, bu söz işlədildikdə insanın təb’i (nəfsi-təbii) nəzərdə tutulub.

Bunun hamısının dəqiq təhlili yuxarılarda verilmişdir. Gördüyümüz kimi, insanın nəfsi onun qəlbinə və əqlinə hökm eləyir, hər ikisini özünə tabe’ edir və bunun nəticəsi böyük sayda günah iş olur. Biz insanın bütün günahların mənbəyinə “nəfs” adı veririk.

Habelə, adamlar bə’zi halda “qəlb” deyəndə, şam qozasına bənzər, ət parçasını, ürəyi nəzərdə tuturlar, başqa zaman isə onlar insanda olan əqli qabiliyyəti bildirmək istəyirlər, yə’ni ki, insan əqli. Biz isə, burada, qəlb istilahı işlədəndə, qəzəb və xəcalət hissinə malik olan bir şeyi göstərmək istəmişik və onun bu xüsusiyyətinə tə’sir göstərən, onu gücləndirən dahili cihazlar isə, əql və nəfsdir.

Əql” istilahı isə, bə’zən, idrakı bildirir, bilik verən daxili cihaza deyilir. Bu mə’nada, əql o, mütləq əbədi bir varlığın deyil, yalnızca ərəz olan, cismani bir şeyin mə’nasını verir. Əql deyəndə, mən fəhm güvəsini nəzərdə tuturam, o, təsəvvür və mütaliə etmək qabiliyyətinə malikdir, elə ki qəlb və nəfs onun göstərişlərinə qulaq verir və bu hamısı fəhm mərkəzində həmahəng olanda qəlb və nəfs ona yardım edirlər. Yuxarılarda qeyd etdiyimiz kimi bu üç mərkəz bütün bədənə sirayət edir, ancaq, qəlbin əslikar yeri cismani ürəkdədir, nəfsin yeri qara ciyərdədir və əqlin yeri isə beynindədir.



Adamlar, bə’zən, “ruh” deyəndə, onlar həyatın mənbəyini, bə’zən isə, ətin və qanın arasında hərəkət edən incə bir yeli nəzərdə tuturlar. Başqa vaxt onlar bu sözü işlədəndə mələk nəfsini fikirlərində tuturlar, hansı ki, insanın yaradılmasından min illərlə qabaq yaradılmışdır. Biz isə “ruh” deyəndə, burada, məhz qəlbi nəzərdə tuturuq, haçan ki, o, öz həvavü-həvəs xassələrini tərk edir və sonra onun mələk nəfsi və nəfsi natiqə ilə olan əlaqəsi üstünlük təşkil etməyə başlayır.

Və yenə, “sirr” ibarəsinin, nə adi danışıq dilində, nə də şəri məsələlərdə bir dəqiq mə’nası var. Söz özü gizlilik mə’nasını verir, halbuki elə bütün ruhani lətifələr gizlidir. Bu səbəbdən adamlar, bə’zən, əqlə və ruha gizli mərkəz adı verirlər. Biz isə, bu ibarəni (sirr) işlədəndə əqli nəzərdə tuturuq, haçan ki, o, öz nəfsani arzularından tamamilə azad olub ülvi aləmin tə’siri altına düşür və ona təcəlli edən ilahi nurları müşahidə edir. Bizim araşdırmalarımız bizi bu qənaətə gətirib çıxardıb ki, ruh lətifəsi cismani olmasa da, ancaq onun məskun olduğu yer bədəndəki ürəkdir. Sirr lətifəsi də, həmçinin, qeyri cismanidir və onun məntəqəsi beyindədir.

Beləliklə, burada aydın oldu ki, təsəvvüf müəlliflərin, öz əsərlərində, istilahları fərqli şəkildə işlətdikləri üçün, onların bildirmək istədikləri fikir qaranlıq qalır və mətni başa düşmək olmur. Məsələn, bə’zi sufilər qəlbin hər hansı bir halından danışanda, bu mövzunun dərinliklərinə gedib, eyni zamanda, əqlin halı haqqında danışırlar, guya ki, o, qəlbin daxili hissəsidir...

Yüklə 11,59 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin