İdris Şah. “Molla Nəsrəddin Lətifələri” kitabının üz cildi
Nəsrəddin özünü bir səfeh adam, divanə kimi göstərib, şəraitə uymayan hərəkətləri ilə, dünyanın qayda-qanunlarını, dünyəvi anlayışları alt-üst etməyə çalışır. O, sanki belə deyir – bu dünya həqiqi dünya deyil, e’tibarlı bir yer deyil. Bu dünyanın işlərinə ciddi yanaşılmamalıdır. Bu isə sufilərin dünya görüşüdür.
İyirmi-otuz il bundan qabaq ingilis televiziyasında Idris Şahın ssenarisi üzrə Molla Nəsrəddin mövzusuna aid bir bədii film çəkilmişdi. Ondan başqa Şah, bir əsərində Nəsrəddin haqqında Sovet İttifaqında çəkilən bir filmi kəskin tənqid edib demişdi ki, o filmdə Nəsrəddin bir inqilabçı, bolşevik kimi təsvir olunmuşdu.
Əvvəlcə rus, sovet yazıçısı Solovyov Nəsrəddin haqqında bir bədii əsər yazır. Onun bu əsərində müsəlman sultanları, hakimləri, qazıları və ruhaniləri gülünc, təhqiramiz bir şəkildə təsvir olunurdu. Onun ardınca bir Buxara yəhudisi isə bu kitab əsasında bir səhnə əsəri yazmışdı. Tamaşanın ilk səhnəsi bir axundun evində baş tutur. Axund evinə gəlib Nəsrəddini yataqda onun arvadı ilə mazaqlaşdığını görür. Nəsrəddin axundu görəndə özünü pəncərədən bayıra atıb, qaçır.
Yəqin ki, bu səhnə xaçpərəst tamaşaçısının xoşuna gələcək, bu onu güldürəcək. Halbuki, müəllif müsəlman həyatının gerçəklərini başa düşmür, müsəlman zehniyyətini anlamır. Aydın məsələdir ki, müsəlman tamaşaçı elə bu səhnəni görən kimi yerə tüpürüb teatrı tərk edəcək. O, Mollanın lotu, əxlaqsız, ləyaqətsiz bir adam kimi təsvir olunmasını qəbul etməyəcək.
Şah rejimi vaxtı, Bakıda hava yaxşı olanda, ara-sıra, İran televiziyası verilişlərini televizorda tutmaq olurdu. Bir gün Tehrandan İran istehsalı olan Molla Nəsrəddin filmini göstərdilər. İlk səhnə elə bu axund səhnəsi idi. Sonra hava dəyişdi və mən daha filmin ardına baxa bilmədim. Mən başa düşdüm ki, İran tərəfi Moskvadan icazə alıb bu filmi o tamaşa əsasında çəkib. Mən bilirdim ki, şah rejimi qərbpərəst siyasət aparıb, ölkədə İranın, farsların qədim dini olan atəşpərəstliyi təbliğ etdirirdi, müsəlmanın dininə və ruhanilərinə düşmən kəsilmişdi. Başa düşdüm ki, İslama qənim kəsilən bu rejim belə filmi çəkməklə İran ruhanilərini və ümumiyyətlə bütün müsəlmanları alçaltmaq, təhqir etmək istəyirdi.
İranın axırıncı padşahı Məhəmməd-Rza şah Pəhləvi həmişə kameralar qarşısında öyünərək deyirdi ki, mənim hakimiyyətimi həm Vaşinqton, həm də Moskva dəstəkləyir.
Vyetnamda, bundan bir neçə əsr qabaqlarda yaşamış bir Buddaçı rahibin, Alim Kvinin lətifələri xalq tərəfindən çox sevilir. Dini xadim olan Kvinin lətifələri Nəsrəddininkinə çox bənzəyir. Məzəli olmaqla bərabər onlarda dərin bir mə’na və hikmət var. Onlardan bir məsəl:
Bir dəfə Alim Kvin şəhər valisinin yanına gəlib ondan xahiş edir ki, o, sabahısı gün şəhərin baş meydanı boşaltdırsin. Dedi, mən orada ömrüm boyuca yazıb-yaratdığım bütün əsərlərimi sərib günə verəcyəm.
Ertəsi gün valı və böyük miqdarda camaat meydana yığışır. Onlar bu məşhur rahibin, alimin əsərlərini görmək istəyirdilər. Nəhayət Alim Kvin əliboş şəkildə ora gəlir, paltarını soyunub, lütlənir və meydanın ortasında yerə uzanır. Hamı bir müddət təəcüblə onun bu hərəkətinə baxır. Axırda vali Kvinin yanına adam göndərir. O, Kvindən soruşur: “Bəs axı siz yazdığınız, yaratdığıniz əsərləri günə verəcəydiniz? Bəs o əsərlər haradadır?”.
Alim Kvin əlini başına, bədəninə sürtüb deyir ki, mənim ömrüm boyu yaratdığım əsərlər bunlardır və mən indi onları burada günə verirəm.
Bizim yerli tərtibçilər Nəsrəddin lətifələrinin bə’zilərinə dəyişiliklər gətirib, onları sovetin dinsiz siyasətinə uyğunlaşdırırdılar. Ondan başqa əsrlər boyu bu lətifələr toplusuna ara-sıra Nəsrədinin ruhuna yad olan lətifələr də əlavə olunurdu. Bu lətifələr məzəli olsalar da, əfsuz ki, onlarda dərin bir mə’na və hikmət yoxdur.
“BAYAĞI FİKİR”
Bir gün Molla Nəsrəddinin evinə bir adam gəlib deyir ki, sən filan-filan sözləri demişsənmi? Molla cavab verir: “Yox, deməmişəm”. Gələn adam tə’kid edib deyir: “Hamı, bütün şəhər danışır ki, sən o sözü demişsən”. Molla yenə cavab verir: “Mən o sözü deməmişəm. Bu saat mən sənə sübut edəcəyəm ki, mən o sözü deyə bilməzdim... Sən məni qırx ildir ki, tanıyırsan. Sən yaxşı bilirsən ki, mən bu qırx ildə bir dəfə də olsun bayağı söz deməmişəm, bayağı fikir söyləməmişəm. Mən həmişə elə söz danışmışam, elə fikir söyləmişəm ki, o qeyri adi bir söz olsun. Elə bir söz olsun ki, onu məndən qabaq heç kəs söyləməmiş olsun, heç bir kitabda yazılmamış söz olsun. Sən dediyin söz isə adi, bayağı bir fikirdir. Onu hər adam söyləyə bilər”.
Dostları ilə paylaş: |