Ədəbİyyat:
1.Adilov Məmməd. Azərbaycan paleoqrafiyası. Bakı, “Elm”, 2010, 224 səh.
2.Из сокровищницы рукописей Азербайджана. Элм. Баку. 1983. Автор составитель Каграманов Дж.В. (İngilis, rus və azərbaycan dilində)
3.Şeyda Yavuz. Süsleme sanatında rumi motifi ve tarihsel gelişimi. Ankara 2008. (Yüksek lisans tezi). 106 s.
4. Fatma Çiçek DERMAN. İslam sanatları tarihi. (Unite 5) Eskişehir, Eylül 2010. 247 s.
5.Ayla Ersoy. Türk tezhip sanatı. İstanbul 1988, 95 s.
Yədulla Dadaşlı
(Müəllimlər İnstitutu)
Bədİİ və onun “Tərcümətül-bədaye” lüğətİ
Hüseyn əfəndi Qayıbovun şəxsi kitabxanası vasitəsilə ələ gətirilən və hazırda M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan bir “Məcmuə” elmi baxımdan olduqca əhəmiyyətlidir. B-551/3255 şifrli bu “Məcmuə” bir neçə müəllifin əsərlərini özündə birləşdirir. Məcmuənin 6 b-14 a vərəqlərini şair Bədiinin “Tərcümətül-bədaye” mənzum lüğəti, 30 b-42 a vərəqlərini Əbu Nəsr Fərahinin “Nisabüs-sibyan”, 47 b-77 b vərəqlərini şair Dədə İbrahim Şahidinin “Töhfeyi-Şahidi” mənzum lüğətləri, 82 a-127 b vərəqlərini Əbdürrəhman Caminin “Yusif və Züleyxa” poeması əhatə edir. Məcmuənin 49 a vərəqinin haşiyəsində Şahidinin həyatı, vəfat tarixi və əsərləri haqqında yığcam məlumat verilmişdir. 42b vərəqində türk dilindən fars dilinə çevrilmiş “Əsasi-salnameyi-türkan” (“Türklərin əsas salnaməsi”) adlı şeir yerləşdirilmiş, şeirdə heyvan adları ilə adlandırılan ayların mənası və əhəmiyyəti izah olunmuşdur.
Fars və türk dillərində müxtəlif səpkili əlyazmalar salınmış sözü gedən məcmuə şair Bədiinin “Tərcümətül-bədaye” mənzum lüğəti ilə başlanır. Lüğətin sonuncu vərəqində katib, yazılma tarixi və yeri haqqında Hüseyn əfəndi Qayıbov tərəfindən ərəb dilində yazılmış aşağıdakı məlumat yer almışdır. “Təmmət həzəl-övraq əl-müsəmmi bil-bədaye neövne-xaliq əl-bədaye. Hərrərə Hüseyn Molla Yusif nahiyeye-Qəzzaqi, sənə 1269 fi mahe-rəməzan”.
(Tərcüməsi: “Bədaye” adlanan bu vərəqlər bədaye xəlq edən Yaradanın (Allahın) köməkliyi ilə tamamlandı. Hüseyn Molla Yusif [oğlu] Qazax nahiyəsində 1269-cu ilin ramazan ayında yazdı).
Bu məlumatdan anlaşılır ki, Bədiinin “Tərcümətül-bədaye” mənzum lüğəti hicri-qəməri tarixlə 1269-cu ilin ramazan ayında (miladi tarixlə 1852-ci ildə) Qazax qəzasında Salahlı kənd məktəbinin müəllimi Hüseyn əfəndi Qayıbov tərəfindən nəstəliq xəttilə yazıya alınmışdır. Təəssüf ki, bu vaxta kimi nə Bədiinin həyat və yaradıcılığı, nə də “Tərcümətül-bədaye” mənzum lüğəti milli filologiyada kifayət dərəcədə öyrənilməmişdir. Bədii haqqında ilk məlumata görkəmli Azərbaycan allimi və ədibi Mirzə Məhəmmədəli Tərbiyətin (1875-1940) “Danişməndani-Azərbaycan” [1987] əsərində rast gəlirik. M.Tərbiyət adı çəkilən əsərində yazır ki, Bədii Təbrizin məşhur təbiblərindən və rəssam Müzəffərəlinin dostlarındandır.” Onun fars və türk dillərində bir çox şeirləri vardır. Aşağıdakı şeir onundur:
Cəmallı cavanları mən ürəkdən sevərəm,
Ox vursalar ürəyə mən heç dinmərəm.
Şəhər şeyxi mən edir bizi bu gənclərdən,
Qoca, cahildir, şeyxə bir söz demərəm.
(“Məcməül-xəvas”).
M.Tərbiyət Bədiinin qəzəllər divanının şəxsi kitabxanasında saxlandığını da nəzərə çatdırır və “Müsəlləsat lüğəti” mənzuməsinin Bədii qələmindən çıxmasını ehtimal edir.
Azərbaycan ədəbiyyatı və mədəniyyətinə dair fundamental əsərlərin müəllifi kimi tanınan M.Tərbiyət “Danişməndani-Azərbaycan” əsərində Bədiini fars və türk dillərində lirik qəzəllər divanının və “Müsəlləsat lüğəti” mənzuməsinin müəllifi simasında oxuculara tanıdır. Buradan mənzum lüğətçilik sahəsində müəyyən təcrübəsi olan Bədiinin adı çəkilən lüğətdən başqa daha bir mənzum lüğətin – “Tərcümətül-bədaye” əsərinin müəllifi olması mülahizəsi formalaşır.
XX yüzilin görkəmli Azərbaycan alimi, akademik Həmid Araslı “Böyük Azərbaycan şairi Füzuli” monoqrafiyasında M.Füzuli dövrü Azərbaycan şairləri sırasında Bədiinin də adını çəkir: “XVI əsrin tanınmış şairlərindən biri də Bədiidir. Bədii Şah Təhmasibin zamanında yaşamışdır. Onun əsərlərindən aşağıdakı qəzəl məlumdur:
Dila, müqəyyədi-ol ənbərin kəmənd ola gör,
Qərib silsilədir zülfi-yar, bənd ola gör.
Pəsəndi-qeyr əgər olmadım, könül qəm iməz
Pəsənd xatiri-ol şuxi-dilpəsənd ola gör.
Halımı yarə yetir, tanrı üçün, ey halə,
Şərari-ah kimi dəmbədəm bülənd ola gör.
Xumi-şərab, Bədii, ləvəndi-meykədədir,
Ayağı torpağına baş qoyub ləvənd ola gör.
Bu sətirlər şairin klassik irsə yaxından bələd, lirik sənətkar olduğunu aydınlaşdırır”.
Məhəmmədəli Tərbiyət və Həmid Araslının Bədii haqqında verdikləri məlumatları ümumiləşdirib, belə nəticəyə gəlmək mümkündür: Bədii XVI əsrin tanınmış şairlərindən və həkimlərindən biri, rəssam Müzəffərəlinin dostudur. Şah Təhmasibin dövründə yaşamış, fars və türk dillərində qəzəllər divanı, “Müsəlləsat lüğəti” mənzuməsini yazmışdır.
“Tərcümətül-bədaye” mənzum lüğəti Bədiinin əsəri olub, fars dilində yazılmışdır. Hüseyn əfəndi Qayıbov bu lüğəti fars dilindən Azərbaycan dilinə tərcümə etmiş, Qazax qəzasının Salahlı kənd məktəbində müəllimlik etdiyi 1850-ci illərdə şagirdlərə fars dilini öyrətmək məqsədilə tədris vəsaiti kimi faydalanmışdır.
Səkkiz vərəqdən ibarət olan “Tərcümətül-bədaye” əsərinin Azərbaycan dilində olan variantı “Məcmuə”nin 6 b-10 a vərəqlərində, fars dilində olan əlyazması isə 10 a-14 a vərəqlərindədir. “Tərcümətül-bədaye” lüğətinin farsca əlyazması 196 misradan, azərbaycanca əlyazması ilə 195 misradan ibarətdir. Əlyazmanın 9 b vərəqində bir misra H.Qayıbov tərəfindən nədənsə buraxılmışdır.
Bədii “Tərcümətül-bədaye” mənzum lüğətini Azərbaycan və Şərq dillərində yazılmış elmi və bədii əsərlərdə, əlyazma və çap kitablarında olduğu kimi, rəsmi başlıqla – “Bismillahir-rəhmanir-rəhim və bihi nəstəin” [“Şəfqətli və rəhmli Allahın adı və onun köməkliyi ilə” (başlayıram)] ifadəsi ilə aşağıdakı misralarla başlayır:
ﺍﺯ ﭘﺲ ﺤﻣﺩ ﺨﺩﺍﻮﻨﺩ ﺯﻣﯿﻥ ﺁﺳﻣﺎﻥ
ﺩﺮ ﻟﻐﺖ ﻨﻆﻡ ﻜﻨﻢ ﺤﻣﭼﻮ ﻵﯽ ﻋﻣﺎﻦ
ﺻﺎﺤﺑﻜﻣﺎﻞ ﺍﯽ ﺤﻮﺍﮬﯽ ﻣﻌﻨﯽ ﺴﮫ ﺍﺯ ﻠﻔﻈ ﭕﮑﯽ ﺍﺯ
ﺪﺍﻥ ﺘﺮﺘﻳﺐ ﺒﺪﻴﻥ ﻀﻢ ﻮ ﻜﺴﺮ ﻓﺘﺢ ﺍﯙﻟﺶ
(Tərcüməsi:
Bundan sonra, Yeri, Göyü yaradan Allaha şükür olsun!
Oman incilərinə bənzər şeir lüğəti yazıram.
Ey kamal sahibi, bir cür yazılan üç mənalı söz istəyirsənsə. əvvəlcə fəthə, sonra kəsrə və zəmmə hərəkələri ilə sıralanmış sözlərə bax).
XVI əsr Azərbaycan şairi Bədii Oman incilərinə bərabər tutduğu, dilçilik elmi baxımından son dərəcə qiymətli “Tərcümətül-bədaye” mənzum lüğətində ərəb əlifbası ilə eyni cür yazılan, lakin hərəkələrlə məna baxımından fərqlənən onlarla ərəb mənşəli sözün farsca açmasını vermişdir.
Hüseyn əfəndi Qayıbov “Tərcümətül-bədaye” lüğətini fars dilindən Azərbaycan dilinə çevirərkən müəllifin üslubunu, əsərin vəzn və janr xüsusiyyətlərini, qafiyə quruluşunu olduğu kimi saxlamış, orijinalın tələblərini gözləmişdir. Bu da Qayıbovun şairlik istedadından (hərçənd H.Qayıbov şair olmamışdır, lakin şair M.V.Vidadinin nəslindəndir) və tərcümə nəzəriyyəsinə bələd olmasından irəli gəlir. Bununla yanaşı, H.Qayıbov lüğətin Azərbaycan dilindəki əlyazmasının əvvəlinə və axırına Bədii mətnində olmayan misralar artırmış, müvafiq səhifələrin haşiyələrində izahlar vermiş, əsərin adını yalnız Azərbaycan variantının ilk səhifəsinin rəsmi başlığından sonra göstərmişdir.
Bədii kimi H.Qayıbov da əlyazmanın başlanğıcında “Bismillahir-rəhmanir-rəhim və bihi nəstəin” ifadəsini işlətmiş, “Hüvə Allah sübhan” (Tərif o Allaha layiqdir) ifadəsini əlavə etmişdir. Lüğətin əlyazmasının əvvəlinə artırdığı:
Qadiri-biçunə hər dəm həmd bihədü bəyan
Kantizam aləmi qıldı nəhan ikən əyan.
Həm sələvat ilə səlam ol seyyid kövnünə, həm
Alü övladinə kanlərdir çıraği-sərvəran, –
misralarında Qayıbov gizli dünyanı nizam-intizamla, qayda ilə aşkara çıxaran, bərabəri olmayan qüdrət sahibinə -Allaha sonsuz şükürlər söyləyir. Dünya müsəlmanlarına çıraq kimi işıqlı yol göstərən islam dininin başçısı Məhəmməd peyğəmbərə və onun nəslinə (Fatimə, Əli, Həsən, Hüseyn) salam və salavat söyləyir.
Rəsmi başlıqlardan sonra H.Qayıbov yazır ki, Bədii ərəb dilində işlənən bəzi sözləri toplayıb, Oman incilərinə bənzəyən mənzum lüğət yazmışdır. Eyni şəkildə yazılan, lakin fəthə, kəsrə və zəmmə diakritik işarələri ilə mənaca tamamilə fərqlənən ərəb mənşəli sözlərin farsca qarşılığını açıqlamışdır:
Bədha bəzi ərəb ləfzin Bədii cəm edüb,
Eyləmiş nəzmi-lüğət misli-lölöi-Oman.
Tərcümə fürs eyləmiş ani bu minval üzrə kim,
Ləfz bir, məna üç, əvvəl fəthə, kəsrü zəmm nişan.
Ərəb dilinin fonetik, leksik və qrammatik xüsusiyyətlərinə bələd olanlar yaxşı bilirlər ki, ərəb əlifbasında kəlmələrin dürüst tələffüz edilməsi üçün bir sıra işarələr vardır. Tanış olmayan sözləri belə işarələrlə təchiz etdikdə dürüst oxumaq olur. Fəthə, kəsrə və zəmmə belə işarələrdəndir. Fəthə işarəsi (–) hərflərin üstündə qoyulur və “ə” səsini bildirir. Hərflərin altında qoyulan kəsrə işarəsi (–) “i” səsini, hərflərin üstündə qoyulan zəmmə işarəsi isə (–) “ü” səsini ifadə edir. Sözün yazıda aldığı şəkil “ləfz” adlanır. Bəzi ərəb mənşəli ləfzlərin (sözlərin) üstündə və ya altında fəthə, kəsrə və zəmmə diakritik işarələrini müvafiq qaydalara uyğun qoymaqla yeni mənalı üç sözü almaq mümkündür. Bu üsul yalnız ərəb dili ləfzlərinə məxsusdur. Bədii də göstərilən diakritik işarələrlə (hərəkələrlə) fərqlənib, eyni cür yazılan sözlərdən ibarət mənzum lüğət yazmaqla Azərbaycan məktəb və mədrəsələrində təhsil alan şagirdlərin ərəb dilini öyrənməsini asanlaşdırırdı. Mənzum lüğətin əzbərlədilməsi şagirdlərin ərəb mənşəli sözlərin mənasını uzun müddət yadda saxlamaları ilə sonuclanırdı.
“Tərcümətül-bədaye” mənzum lüğətinin Hüseyn əfəndi Qayıbov tərəfindən Azərbaycan dilinə tərcümə olunması əsərin əvvəlində və sonunda tərcüməçinin özünün yazdığı aşağıdakı misralardan aydın görünməkdədir:
Eylədüm türkcə ani tərcümə katfali-türk
Anlıyıb zəbt etməyə ta olalar anlar rəvan.
... Oldu bu nəzmi-Bədii tərcüməsi çün təmam,
“Tərcümətül-bədaye”dir ana nami-nişan.
H.Qayıbov “Tərcümətül-bədaye” lüğətini dilimizə çevirməkdə Cənubi Qafqaz, o cümlədən Azərbaycan məktəblərində oxuyan şagirdlərə ərəb dilini öyrətmək məqsədi daşıyırdı. Şagirdlərin ərəb dilini öyrənməsi isə müsəlman Şərqinin ən qiymətli mənəvi abidəsi sayılan Qurani-Kərimin düzgün oxunması, surə və ayələrin mənasını dürüst anlaması üçün son dərəcə önəmli idi.
Lüğətin əvvəlindən sonuna kimi sözlərin anlamı aşağıdakı misralara uyğun sıralanır:
Rəbb – rəbbül-aləmeyn, ribb-bir cəmaət, xəlqdir,
Rübb – nar, alma, üzüm suyidir,ey cani-cəhan.
...Mərrə bir – kərrəyə derlər, mirrə-dəxi qüvvətə,
Mürrə – acı nəsnədir kim, təlx olur andan dəhan.
...Qətr – yağışdır, ərəbcə qitr – meydir, ey əxi,
Qütr – övd oldu lüğətdə hər tərəf bil bəd əz an.
Bu misraların sayını xeyli artırmaq mümkündür, lakin nümunə göstərilənlər də kifayətdir. “Tərcümətül-bədaye” əsərinin Azərbaycan dilinə tərcüməsi zamanı H.Qayıbov yuxarıdakı parçada işlənən ərəbizmləri belə şərh etmişdir:
Rəbb–Allah, ribb–camaat, xalq, rübb–meyvə şirəsi (nar, alma, üzüm suyu);
Mərrə – bir dəfə, mirrə – qüvvət, mürrə – acı;
Qətr – yağış, qitr – mey, qütr – təkrarlama.
Göründüyü kimi, lüğətdə işlənən və misal gətirilən yuxarıdakı ərəbizmlər, Azərbaycan dilindən fərqli olaraq, eyni şəkildə yazılır və yalnız hərəkələrlə bir-birindən fərqlənir. Bu da şagirdlərin oxu və yazı mədəniyyətini sürətləndirir, ərəb dilini mənimsəməsinə güclü təsir göstərirdi.
H.Qayıbov əlyazmanın 7 a, 8 a, 8 b, 11 a, 11 b, 12 a, 13b vərəqlərinin haşiyələrində müəyyən izahlar vermişdir ki, bu da tədris prosesi ilə bağlı olmuşdur. Bədiinin “Tərcümətül-bədaye” mənzum lüğətinin fars dilindəki əlyazmasının və Azərbaycan dilinə tərcüməsinin filoloji xüsusiyyətlərinin araşdırılması bizi bu əsərin Azərbaycan dilçiliyi və pedaqoji fikir tarixinin dəyərli qaynaqlarından biri olması qənaətinə gətirir. H.Qayıbov isə bu qiymətli əsəri yazıya almaqla, tərcümə etməklə və tədris prosesinə gətirməklə milli dilçiliyə və pedaqoji fikir tarixinə layiqli töhfə vermiş, özünü dilçi və pedaqoq kimi təsdiqləmişdir.
Zivər Hüseynlİ
(Xəzər Universiteti)
Səfəvİlərİn İlk dönəmİnə aİd tarİxİ qaynaqlar
Səfəvilər dövrü nəsr əsərləri baxımından ən zəngin dövrlərdən biri hesab olunur. Bu dönəmdə nəzm və nəsr ədəbiyyatı, astaranomoya, tibb, riyaziyyat, din və s. kimi elmin müxtəlif sahələrinə aid bir çox əsərlər qələmə alınsa da tarixi mətnlər daha çox üstünlük təşkil edir. Başqa sözlə desək tarixi yazılar bu dövrün ən önəmli nəsr əsərləri arasında yer tutur.
Səfəvi dövrü tarixi əsərləri mövzu, məzmun və zaman baxımından geniş olsa da çoxu Səfəvilər sülaləsi, Səfəvi hakimləri və onların dövründə baş verən hadisələr haqqındadır.
Fars ədəbiyyatında daha əvvəlki əsrlədən müxtəlif sahələrdə nəsr əsərlər o cümlədən tarixi əsərlər yazılmışdır. Bunun bariz nümunəsi kimi Tarixi-Təbəri, Tarixi- İbn Əsir, Tarixi- Beyhəqi və s. əsərləri göstərmək olar. Tarix yazmaq ənənəsi əsasən Teymurilər dönəmi başlasa da Səfəvilər dönəmində daha geniş şəkildə davam etməyə başlamışdır. Belə ki, bu ənənə sayəsəndə Səfəvilər dövrü tarixi əsər baxımından elə zəngin bir dönəm olmuşdur ki, nəinki özündən əvvəl, hətta sonrakı silsilələrin hakimiyyəti dövrü belə zənginliyə rast gəlinmir.Bundan başqa tarix yazma ənənəsi təkcə Səfəvilər deyil, Osmanlı və Hindistan kimi dövlətlərdə də geniş şəkildə yayılmışdı.
Adı gedən dönəmdə yazılan tarixi əsərlərin sayı bəziləri bir, bəziləri isə birdən çox cildləri olmaqla yüz addan çoxdur. Bu əsərlər mövzü baxımından da zəngin olduğu üşün məhşur İran yazıçısı Zəbihullah Səfa həmin tarixi əsərləri mövzu və məzmun baxımından altı hissəyə bölüb: 1.Ümumi dünya tarixi, 2.İslamdan əvvəlki, İslam dövrü, Səfəvilər dövrünədək İran tarixi, 3.Səfəvilər, Əfqanlar və Nadirşah dövrü tarixi, 4. Hind soltanlarının tarixi, 5. Məhəlli tarix, 6. Dini tarix.(8; S.1551)
Bunlar arasından üçüncü kateqoriyadakı, Səfəvilərə aid əsərlərin bir necəsi haqqında məlumat verəcəyik. Lakin bu haqda yazmazdan əvvəl ümumi olaraq əsərlərin xüsusiyyətləri haqqında yazacağıq.
Səfəvilər dövrünə aid bu tarixi əsərlər, Səfəvilər sülaləsi, bu sülalənin əcdadları, hakimlərinin, şahlarının tarixi ilə yanaşı, yazıldığı dönəmin siyasi, ictimai, mədəni, elmi, dini və s. məsələləri haqqında geniş məlumatlardan ibarətdirlər. Bu əsərlərin böyük əksəriyyəti məhz Səfəvi padşahlarının göstərişi ilə qələmə alındığı üçün daha çox dövründə yazıldığı padşahın siyasi fəaliyyətlərindən başqa onun əcdadı, şəcərənaməsi, ailəsi və s. haqqında məlumatlara geniş yer verilmişdir. Bəzi əsərlər Səfəvilər xanedanının əcdadları haqqında məlumatla başlayıb Səfəvilərin güclü hakimlərin dönəmi, yəni I Şah İsmayıl, I Şah Təhmasib və ya I Şah Abbas dönəminədəki hadisələrlə sona çatır. Bəzi tarixlər isə Səfəvilərin zəif padşahları yəni I Şah Abbasdan sonrakı padşahların dönəmi haqqındadır. İkinci qrupa aid olan tarixlərin də bəziləri Səfəvilərin əcdadları dönəmindən başlayır. Həmçinin bu qrupa aid olan tarixlərin bəzisi Səfəvi sülaləsinin süqutu ilə sona çatmır, Əfqanlar və Əfşarlar dönəmi haqqında belə məlumatlardan ibarətdirlər.
Əsər müəlliflərinin bir çoxu elm, ədəb əhli olduqları üçün öz əsərlərində şeirlər, beytlər dərc etmiş, hebelə dövrün tanınmış şairləri və elm adamları haqqında yazmışdırlar.
Burada təqdim olunan əsərlərin yazıldığı dil fars dilidir. Lakin dönəmin dini dili ərəb dili və ikinci rəsmi dili olan türk dilindən də bu əsərlərdə nümunələrə rast gəlinir.
Tarixçilər özlərindən əvvəlki müəlliflərin əsərlərindən qaynaq kimi istifadə etsələr də daha çox öz müşahidələrini qələmə alırdılar.
Bu məqalədə oxuculara təqdim edəcəyəmiz əsərlər I Şah İsmayıl və I Şah Təhmasib Səfəvi dövrünə aid olan qaynaqlardan ibarətdir.
Səfəvi dönəminin ilk zamanlarına aid əsas qaynaqlardan biri Qiyassədin Xandmirin (vəfat 942 h.q.- 1535 m.) dörd cildik Həbib-us-siyər əsəridir. Kiatb 927-930 h.q. (1521-1524 m.) tarixləri arasında yazılmışdır. Məllif dördüncü cilddə Şah İsmayılın şəcərənaməsi, Şeyx Səfiəddin İshak Ərdəbilidən I Şah İsmayıladək sülalənin tanınmış şəxsiyyətləri və Səfəvilər tarixinin 930 h.q. (1524m.) ilinədək baş verən hadisələr haqqında çox dəyərli məlumat vermişdir.(4; C.1 S.11-13) Bu əsər Şah İsmail Səfəvi haqqında yazılmış ən dəyərli və ən etibarlı qaynaqlardan biridir. Kitab Doktor Dəbir Siyaqinin nəzəri ilə, Cəlaləddin Homayuni tərərfindən təshih olunlmuş, Xəyyam nəşriyyatında 1380 h.ş. (2001m.) ilində çap edilmişdir.
Adı keçən əsərin davamı olaraq bilinən Tarixi- Padişahiye- Şah İsmail və Şah Təhmasib, Qiyasəddin Xandmirin oğlu, Əmir Mahmud tərəfindən yazılmış digər Səfəvi qaynağıdır. Bu əsər Zeyli- Həbib-us-siyər və Tarixi- Şah Təhmasib adı ilə də tanınır. Şah Təhmasibin həyatı, fəthləri və soy kökü haqqında yazılan bu kitab 957-958 h.q. (1549-1550m.) tarixində qələmə alınmışdır. Müəllif yazıları boyu Həbib-us-siyər kitabına işarə etmiş və atasının adını yazmışdır. Görünür o, atasının Həbib-us-siyər əsərini davam etmək istəyində olmuş, lakin ömür vəfa etməmişdir.(6; S.250)
Futuhati- Şahi əsəri Səfəvi dönəminin ilk illərində aid tarixlərdən biridir. Əlyazma iki dəftərədn ibarətdir. Birinci dəftər beş fəthdən, ikinci dəftər Şah İsmayılın zühurundan 920 h.q. (1514m.) ilinədək hadisələrdən yazır. Bu ildən sonra müəllif heç bir məlumat vermədiyi üçün əlyazmanın yarım qaldığı ehtimal olunur. (3;S.2223) Əmir Sədrəddin İbrahim Əmini Herəvi tərəfindən yazılan bu kitab Məhəmmədrza Nəsiri tərəfindən təshih eilmiş, 1383 h.ş.(2004m.) ilində Əncüməni-asar və məfaxiri-fərhəngi nəşriyyatında çap edilmişdir.
Digər bir əsər Budaq Münşi Qəzvininin yazdığı Cəvahir-ül-əxbar kitabıdır. Qaraqoyunlular dönəmi tarixindən 984 h.q. (1577m.) ilinədək hadisələrdən bəhs edən bu əsər daha çox öz müəllifini adı ilə tanınır. Budaq Münşi divanda yüksək məqam sahiblərindən biri olmuşdur. O, əsərini I Şah Təhmasib zamanında yazmağa başlamış və II Şah İsmayıl dönəmi sona çatdırıb, adı gedən padşaha təqdim etmişdir. Müəllif, öz əsərinin Səfəvilərə aid hissəsini, Qızılbaşlarla bəzi döyüşlərə qatıldığı zaman müşahidələri əsasında yazmış, eyni zamanda dövrün iqtisadi vəziyyətindən də xəbər vermişdir.(1; S. 39) Möhsün Bəhramnejad tərəfindən təshih edilən bu əsər Mirasi-məktub nəşriyyatında 1378 h.ş. (1999m.) ilində cap eilmişdir.
Daha bir dəyərli əsər Aləmarayi- Şah İsmail, Aləmarayi-Səfəvi və ya Cahangoşayi-Xaqan adılı kitabdır. Müəllifi bilinməyən bu kitabın yazıldığı tarix 1086 h.q. (1675m.) ilidir. Olduqca sadə dildə, dastan və ya nağıl kimi yazılan bu kitab ən çox Şah İsmayıl haqqında məlumatlardan ibarətdir. Tarix kitabına bənzəməsə də kitabda yazılmış bəzi tarixi hadisələr əsərin çox dəyərli bir tarixi əsər olduğunu sübut edir.(7; S.12-14) Əsğər Müntəzir Sahib tərəfindən təshih olunan kitab 1384 h.ş. (2005) Elmi ve fərhəngi nəşriyyatında çap edilmişdir.
Səfəvi tarixi üçün çox dəyərli digər bir qaynaq Təzkireyi-Şah Təhmasib kitabıdır. Əsər Şah Təhmasibin taxta oturduğu 930 h.q. (1524m.) ilindən Bayazidin ona pənah gətirib, yenidən atası Süleymana təslim edildiyi 968 h.q.(1561m.) ilinədək tarixi hadisələrdən bəhs edir. Şah Təhmasib tərəfindən sadə bəyanla yazılmış bu əsər Şah Təhmasibin öz dönəmindəki bəzi hadisələri əhatə etmişdir. Əmirullah Səfəvi tərəfindən təshih olunan bu kitab Şərq nəşriyyatı tərəfindən 1363 h.ş. (1984m.) ilində çap edilmişdir.
Tarixi-Şah Təhmasib adı gedən padşah haqqında yazılmış, müəllifi məlum olmayan digər bir əsərdir lakin deyil. Müəllif Şah Təhmasibin hakimiyyətinin ilk ilərindən başlayaraq, 930-963 h.q (1524-1556m.) illəri arasında yaşayan Türkistan, Orta Asiya xanları, Hind və Osmanlı soltanlarıın tarixlərindən də bəhs etmişdir. Kitab nağıl şəklində yazılsa da yazıçı ya yazdıran etibarlı qaynaqlardan istifadə etmiş, hadisələri olduqca düzgün şəkildə çatdırmışdır. Əlyazma haqqında Əhməd Gülçin Məani, dil və ədəbiyyata aid Yəğma jurnalının 1343 h.ş. (1964m.) ilinin 196 sayında məlumat vermişdir.
Digər bir əsər Həsən bəy Rumlu tərəfindən yazılmış Əhsən-üt-təvarix kitabıdır. 807-985 h.q.(1404-1577m.) illəri arasında, Şah Təhmasib, II Şah İsmayıl və Şah Soltan Məhəmməd Xudabəndənin hakimiyyətinin ilk illərindən bəhs edən bu kitab adı gedən dövür haqqında çox dəyərli məlumatlardan ibarətdir. Müəllif, Şah Təhmasib və ondan sonrakı hadisələri öz müaşhidəsi əsasında yazmışdır. Çarlz Narmen Siden tərəfindən təshih olunmuş bu əsər Şəms kitabxanası nəşriyyatında 1931 m. ilində çap olunmuşdur.
Qazi Mir Əhməd Qumi İbrahimi tərəfindən yazılmış Xülasət-üt-təvarix kitabı Səfəvilər sülaləsinin ilk padşahından 999 h.q. (1591 m.) ilinədək olan padşahlar haqqındadır. Müəllif 984 h.q. (1576m.) ilində II Şah İsmayılın fərmanı ilə yazmağa başladığı bu kitabı 999 h.q. ilində I Şah Abbasa təqdim etmişdir. Əsər beş cilddən ibarət ümumi tarix kitabı olsa da, yalnız Səfəvilər dönəminə aid olan beşinci cildi mövcuddur. Dövlətdə yüksək məqamlarda işlədiyi üçün öz müşahidələri və Lob-üt-təvarix, Həbib-us-siyər, Cahanara və Əhsən-üt-təvarix kimi etibarlı qaynaqlar əsasında yazılan bu əsərdə müəllif illəri nizamlı şəkildə yazmışdır. (5; C.1. S. 9-18)
Ehsan İşraqi tərəfindən təshih edilən bu kitab Tehran universiteti nəşriyyatında iki cilddə 1383 h.ş. (2004m.) ilində çap edilmişdir.
Noqavətul-asar fi zikrul-əxyar, 998-1007 h.q. (1590-1598 m.) illərində baş verən hadisələrdən bəsh edən qaynaqdır. Kitabın müəllifi Mahmud ibn Hidayətullah Əfuşteyi Nətənzi, Şah Təhmasibin ilk illərindən I Şah Abbasın hakimiyyətinin on birinci ilinədək baş verən hadisələrdən yazır. Səfəvilər dönəminə aid qayanq olsa da bu kitabda yazılan bəzi tarixi hadiəsələrə, bununla eyni dövürdə yazılan kitablarda rast gəlinmir. Qələmə aldığı hadisələrin böyük əksəriyyəti şahidi olduğu hadisələr, bir hissəsi isə digər tarixi əsərlər əsasənda yazılmışdır. Müəllif olduqca incə ədbi ifadələrdən istifadə etmişdir.(2; S. 18-19) Ehsan İşraqi tərəfindən təshih edilən bu kitab Şerkəti- enteşarati-elmi və fərhəngi nəşriyyatı tərəfindən 1350 və 1373 h.ş. (1971 və 1994 m.) ilində çap edilmişdir.
Digər dəyərli bir əsər üç cildlik Əfzəl-üt-təvarix kitabıdır. Birinci cildi Şeyx Səfiəddin Ərdəbili dönəmindən I Şah İsmayılın vəfatınadək, ikinci cildi Şah Təhmasib, II Şah İsmayıl və Soltan Məhəmməd Xudabəndə dönəmi, üçüncü cildi isə Şah Abbas dönəmi haqqındadır. Müəllifi Mirzə Əfzəli, kitabını yazmaqda məqsədi Səfəvi şahı Şah Abbasın halını bəyan etmək olduğunu yazır. Bu kitab Səfəvi dövrünün əsas qaynaqlarından biridir.(8; C.5/3. S.1565-1566)
Nəticə
Səfəvi dövrü qaynaqları, istər özündən əvvəl istər sonrakı dövürlərlə müqaisədə sayca daha üstünlük təşkil edir.
Məqalədə yalnız Səfəvilər dövrünün ilk iki şahı haqqında yazılan kitablardan məlumat verildi.
Haqqında məlumat verilən kitabların sayca 8 addadır. Lakin bəzi kitabların birdən artıq adı, bəzilərinin isə birdən artıq cildləri vardır.
Müəlliflər bu əsərlərdə sadəcə dövrün tarixi hadisələri deyil, istimai, mədəni, dini, elmi və s. vəziyyətindən də xəbər verirlər.
Müəlliflər öz dövürlərindən əvvəlki qaynaqlardan yararlansalar da əsərlərini daha çox öz müşahidələri əsasında qələmə almışdılar.
Haqqında məlumat verilən tarixi əsərlər fars dilindədir.
Ədəbİyyat:
-
Budaq Münşi Qəzvini, Cəvahir-ül-əxbar. Təshih edən Möhsün Bəhramnejad. Mirasi-məktub nəşriyyatı, 1378 h.ş. Tehran
-
Əfuşteyi Nətənzi Mahmud ibn Hidayətullah. Noqavətul-asar fi zikrul-əxyar. Təshih edən Ehsan İşraqi. Şerkəti-enteşarati-elmi və fərhəngi nəşriyyatı, 1350 və 1373 h.ş. Tehran
-
Əmir Sədrəddin İrahim Əmini Herəvi. Futuhati-Şahi. Təshih edən Məhəmmədrza Nəsiri. Əncüməni-asar və məfaxiri-fərhəngi nəşriyyatı, 1383 h.ş., Tehran
-
Xandmir Qiyassədin. Həbib-us-siyər. C.4. Təshih edən Cəlaləddin Homayuni. Xəyyam nəşriyyatı, 1380 h. ş. Tehran
-
Qazi Mir Əhməd Qumi İbrahimi. Xülasət-üt-təvarix, iki cilddə. Təshih edən Ehsan İşraqi, Tehran universiteti nəşriyyatı, 1383 h.ş.Tehran
-
Naxçivani Hacı Hüseyn, Zeyle-Həbibus-siyər, təlif Mahmud ibn Qiyasəddin Xandmir, Nəşriyeyi zəban və ədəbiyyat “Daneşkədeyi ədəbiyyat və ulume-ensaniye- Təbriz, 1337 h.ş. ili no.47. Təbriz
-
Naməlum müəllif. Aləmarayi-Şah İsmayil. Təshih edən Əsğər Müntəzir Sahib. Elmi ve fərhəngi nəşriyyatı, 1384 h.ş. Tehran
-
Səfa Zəbihullah. Tarix-i Ədəbiyat dər İran. C.5/3. Ferdous nəşriyyatı, 1386 h.ş. Tehran
-
Şah Təhmasib Səfəvi. Təzkireyi-Şah Təhmasi. Təshih edən Əmirullah Səfəvi. Şərq nəşriyyatı, 1363 h.ş.Tehran
Dostları ilə paylaş: |