Rüfət Qarayev
(Bakı İslam Universiteti)
SEYYİD RAZİ VƏ ONUN ƏLİ İBN ƏBU TALİBİN “NƏHCÜL-BƏLAĞƏ” ƏSƏRİNİN TOPLANMASINDA ROLU
İslam dininin böyük alimlərindən biri olan Əbul-Həsən Məhəmməd bin Seyyid Razi hicri-qəməri 359-cu ildə Bağdadda dünyaya gəldi. O, fəzilətli, dərin anlayışlı, qabiliyətli, elm və mərifət əhli olan bir ailədə böyüyərək gözəl tərbiyə aldı. Atası Seyyid Murtaza, Əbu Əhməd Hüseyn bin Musa, Peyğəmbər nəslinin davamçılarından olan İmam Musayi Kazımın nəslindəndir. Anası Fatimə isə Nasiri Kəbirin nəvəsi, Nasiri Səğir deyə məşhur olan Əbu Məhəmməd Hüseyn bin Əhmədin qızı olub Böyük bir elm və fəzilətə sahibdir. Oda İmam Hüseynin nəslindəndir. Anası, Seyyid Muhəmməd Razi və qardaşı Seyyid Əli Murtazanı tələbə olmaları üçün Şeyx Mufidin yanına gətirdi. Şeyx Mufiddə onların elm və mariflənməsində böyük səy göstərərək İslam aləmi üçün görkəmli alim olmalarına zəmin yaratdı. Seyyid Razi Ustadının yanına gələrkən on yaşından kiçik idi. Buna baxmayaraq hər kəsi heyrətə salmış və böyük hörmət qazanmışdı. Elm öyrənməkdə çox ciddi və çalışqanlıq göstərdi. Gücü çatan hər kəsdən istifadə etdi. On yaşında şeer yazmağa başladı. 17 yaşında dərs verməyə və kitab yazmağa başladı. 20 yaşında isə dövründəki bütün elmləri öyrənib bitirmiş oldu. 29 yaşında Şərifi Əcəll və 31 yaşında ikən Şərif Razi deyə tanındı. Seyyid Razi Hicri-Qəməri 406-cı ildə Məhərrəm ayının 6-da Bağdadda vəfat etdi. (1. s 16) Seyyid Razi 47 il yaşadığı zəngin və bərəkətli ömrünü bütövlükdə elm və məariflənməyə həsr etdi. Bu qısa zaman dilimində bir sıra əsərlər yazdı. Beləki bu əsərlərdən bəzilərini aşağıda qeyd edirik.
1. Xasaisul-Əimmə
2. Məcazatul-Asarin-Nəbəviyyə
3. Həqaiqut-Təvil fi Mütəşabihit-Tənzil
4. Məanil-Quran
5. Rasail
6. Şeir Divanı
7. Əxbaru-Quzati-Bağdad
8. Nəhcül-Bəlağə (2. s 22)
Seyyid Razinin ən məşhur əsəri “Nəhcül-Bəlağə” adıyla topladığı, Əli ibn Əbu Talibin (ə) xütbə, məktub və nəsihətləri əhatə edən kəlamlarından ibarət olan əsəridir. Seyyid Razi əsəri toplayarkən birçox mənbələrə sahib idi. İlk olaraq Əbu Cəfər Məhəmməd bin Həsən bin Əliyyit-Tusinin (h.460, m. 1067) rəvayət etdiyi kimi Kufəli Zeyd bin Vəhəbil-Cuhəni, məclislərdə, bayramlarda və digər zamanlarda, Hzrət Əlinin (ə) oxuduqları xütbələri yazmışdır. Bu kişi Hzrət Əli (ə) sahəbələrindən idi. Və hətta Əli (ə) Nəhrəvana gedərkən yanlarında olmuşdu. Tusi bu kitabı Əbu Muhnəf Lut bin Yəhyadan, o, Əbu Mənsuri Cuhənidən, oda, Zeyd bin Vəhəbdən rəvayət etmişdir. Zeyd isə rəvayət etdiyi xütbələri birbaşa Hzrət Əlidən (ə) eşitmişdir. İbn Həcər, Zeyd bin Vəhəbin Cahiliyyə dövrünü və Əsri-Səadəti dərk etdiyini, ancaq Hzrət Rəsuli-Əkrəmlə (s) görüşmədiyini, Tabiinin böyüklərindən olduğunu, Kufədə yaşadığını, hicri 96-cı ildə vəfat etdiyini qeyd edir. Zeyd Hzrət Peyğəmbərin (s) besətindən əvvəlki zamanı dark etdiyi təqdirdə yüz ildən artıq yaşadığı ortaya çıxır. Kufəli Zeyd, Hzrət Əlinin (ə) xütbələrini toplayan ilk şəxsdir. Elə bu kitabda Seyyid Razinin dövrünə qədər gəlib çatmışdır.
Hzrət Əlinin (ə) xütbələrini toplayanlardan biridə İbrahim bin Həkəm bin Zuhayril-Fəzaridir. Həkəm bin Zuhayr, hicri 127-ci ildə (m.744) vəfat edən İsmail bin Əbdurrəhmanis-Suddinin təfsirini rəvayət edən kişidir. Şiə olduğu halda, elə bir təfsir yoxdur ki o təfsirdən rəvayət etməmiş olsun. Tirmizi də səhihində bu kişidən rəvayət etmişdir. Həkəm bin Zuhayr, hicri 180-ci ildə (m.796) vəfat etmişdir. Oğlu İbrahimin isə, Hzrət Əlinin (ə) xütbələrini ehtiva edən bir kitabı vardır.
Xütbələri toplayanlardan biridə İsmail bin Mihanis-Səqunidir. Bu kişi İmam Cəfərus-Sadiqlə, (h. 148, m. 765) İmam Əliyyur-Rızanın (h.202, m. 817) dövründə yaşamış, onlarla şərəflənmiş, birçox kitablar yazmış və eyni zamanda da Hzrət Əli (ə) xütbələrini toplamışdır ki, Əli bin Həsən bin Fəddal ondan rəvayət etmişdir.
Hzrət Əlinin (ə) səhabələrinin öndə gedənlərindən olan və İmam Həsənin (ə) zamanına çatanlardan Əsbağ bin Nübatə; Malikül-Əştəri Misirə vali təyin etdikləri zaman, ona yazdıqları “Əhd-Namə” ni və Məhəmmədul-Hənəfiyyəyə vəsiyətlərini rəvayət etmişdir. Malikül-Əştərlə göndərilən və Misirlilərə xitabən yazılan məktublarını da, Cəməl muharibəsində Hz. Əli (ə) ilə birlikdə olan və səhabənin öndə gedənlərindən sayılan Sasaa bin Sühan rəvayət etmişdir.
İmam Əliyyun-Nəqiyyul-Hadinin (ə) zamanına yetişən (h. 254, m.868) Saleh bin Əbi-Həmməd Əbül-Xayri Razi də xütbələri əhatə edən bir kitab təlif etmişdi. Xütbələri toplayanlardan biridə yenə eyni İmamın dövrünə yetişən, İmam Həsənin (ə) oğlu Zeydin oğlu Həsənin oğlu Abdullahın oğlu Həsən oğlu Abdullahın oğlu Əbdul Əzimdir.
Bunlardan əlavə olaraq hicri 283-cü ildə (m. 896) vəfat edən və Muxtar bin Əbu-Ubeydətus-Səqafinin əmisi Sadin soyundan olan İbrahim bin Muhəmməd bin Saidi Saqafi hicri 330-cu ildə (m. 844) dən sonra vəfat edən, iki yüzə yaxın kitabı tapılan Əbdül-Əziz bin Yəhya-Cəludiyyi-Bisri hicri 260-cı ildə (m. 873) vəfaat edən və atası, İmam Sadiqin (ə) zamanınıda yaşayan Hişam bin Muhəmməd bin Saib də xütbələri toplayanlardandır.
Şiəliklə əlaqəsi olmayan, birçox əsərləri olan məşhur mürəvvih Əbul-Həsən Əliyy bin Muhəmməd Mədaini də (h. 225, m. 839), Əlinin (ə) xütbələrini və yazdığı məktubları bir kitab halında toplamışdır. Bunlardan, Hişam və Cəludinin, Hzrət Əlinin (ə) xütbələrini topladığını ibn Nədim də qeyd edir. Eyni zamanda İbn Nədim, xətiblərdən bəhs edərkən ilk olaraq Əli bin Əbu Talibi vurğulayır. (3. s 36)
Bunlardan başqa tarix, siyər, məqaazi və ənsab kitablarının çoxunda, Əlinin (ə), Cəməl, Siffeyn, Nəhrəvan müharibələrindən bəhs edilir və şəhadəti anladılarkən, uyğun olduğu yerlərdə sözləri də nəqledilmiş, əlavə oalraq , Yaqubi, Təbəri və digər tarixçilər, kitablarında mövzuyla əlaqəli xüsuslara toxunmuşlar. Məsudi (h. 346, m. 957) Hzrət Əlinin (ə) dörd yüz səksən xütbəsini əldə etmişdi. Məhəmməd bin Yaqubi Kuleyninin “Kafi” əsərində və Hzrət Əlinin zamanından İmam Məhəmməd Bağırın zamanına yetişən Süleym bin Qeys Hilalinin kitabında da Hzrət Əlinin (ə) sözləri keçməkdədir. (4. s 39)
Buradan aydın olur ki, Seyyid Razi, Hzrət Əlinin (ə) xütbələrini, məktublarını, nəsihətlərini toplayarkən, öz dövründən əvvəlki birçox qaynağa sahib idi; Seyyid Razinin müasirləri də onun topladıqlarını bu qaynaqlarla qarşılaşdırmaq imkanına malik idilər; Seyyid Razinin qardaşı Aləmül-Xuda Seyyid Murtazanın (h.436, m. 1044) kitabxanasında səksən min cild kitab mövcud idi; Mücəmul-Bulan, bu kitabxananın dünyada bənzərsiz olduğunu, kitablarının da hamısının alimlərin əlyazmaları olduğunu bildirməkdədir. Bağdadın Kərh qismində də Şahpur adlı kitabxanada da birçox kitab movcud idi. Heç şübhə yoxdur ki Həzrət Əli (ə) xütbələrini əhatə edən kitablarda bu kitabxanalarda mövcud idi. Lakin bütün bu kitablar, hicri 447-ci ildəki (m. 1055) yanğında yanıb kül olmuşdur. Seyyid Razinin bu baxımdan xidməti, həqiqətən də çox böyükdür; əgər “Nəhcül-Bəlağəni” toplamasaydı bəlkədə bu xütbələrin, məktubların və nəsihətli kəlamlarının çoxu bizə gəlib çatmayacaqdı. (1. s 28)
“Nəhcül-Bəlağə” yə geniş bir şərh yazan və tarix baxımından da çox böyük əsər meydana gətirən İbni Əbil-Hədid Əbdülhəmid (h. 655, m. 1275), “Nəhcül-Bəlağə” də olan sözlərin, Hzrət Əliyə (ə) aid olmasında şübhə edilməyəcəyini, çoxunun təvatürlə sabit olduğunu, digərlərinin də eyni əda və üslubda olması dolayısıyla Hzrət Əliyə (ə) aid olduğu qətiyyətlə söylənməkdə, ədəbiyyatçıların, üslub özəlliklərini bilənlərin, şair, xətib və münşilərin şeer, xütbə və yazılarını rahatlıqla anlayıb ayıra biləcəklərini, üslub özəlliyi baxımından da Hzrət Əliyə (ə) aid olduğuna zərrə qədər şübhə etməyəcəklərini bildirmişdir.
“Nəhcül-Bəlağə” nin Seyyid Razi tərəfindən meydana gətirildiyi, yəni bu kitabdakı xütbələrin, sözlərin, Seyyid Raziyə aid olduğu haqqındakı şüphə, nəhv, lüğət, şeer, təfsir, hədis, fiqh, ənsab, qiraət, hətda hesab, həndəsə və hikmətdə zamanının bənzərsiz bir elm sahibi olan İbni Həşşab Abdullaha (h. 567, m. 1172) söyləndiyi zaman, O, Seyyid Razi-yaxud digər biri, haradan bu qüdrətə sahib olacaq; biz Seyyid Razinin risalələrini görmüşük; sözlərindəki uslubunu da bilirik demişdir. İbni Həşşabın, “Xütbeyi-Şiqşiqiyyə”ni, Seyyid Razinin dünyaya gəlməsindən iki yüz il əvvəlki kitablarda gördüyünü İbni Əbil-Hədid, ustadı Musəddiq bin Şəbibdən rəvayət edir.
Bəziləri heçbir dəlilə söykənmədən bu sözlərin sonradan uydurulduğunu, hətta bu qədər xütbənin əzbərlənib yazılmasına, dörd yüz ilə yaxın bir zamandan sonra da Seyyid Raziyə çatmasının mümkün olmadığını söyləsələrdə, bunların Ərəblərin özəlliklərini bilmədikləri ortaya çıxır. Ərəb müvərrihləri, Həccac, Səhban, Vail kimi Cahiliyyə və İslam dövrünün xətiblərinin sözlərini, Xalid bin Abdullah, Mötəsim, Ziyad kimi xəlifə və əmirlərin xütbələrini nəql etmişlərki, bunlar da tarix kitablarında mövcuddur. Cahiliyyə dövrünün şairlərinin şeirləri, ravilər tərəfindən çatdırılmış, əzbərlənmiş və onların rəvayətləriylə təsbit olunmuşdur; oxumaq-yazmaq bilməyən cəmiyyətdə hafizənin böyük bir rolu vardır. Və eyni zamanda da Ərəblər, fəsahət və bəlağətə vurğundur. Fəsahət və bəlağətdə örnək olan şeerləri, sözləri əzbərləmək, Ərəblərdə ümumi bir qaydadır. Hətta hicri 132-ci ildə (m. 570) sonuncu Əməvi xəlifəsi Mərvan tərəfindən öldürülən məşhur Əbdulhəmidi Kətibə, yazılarındakı bu bəlağəti necə əldə etdin deyə soruşulduğu zaman, Hzrət Əlinin (ə) xütbələrindən yetmiş xütbə əzbərlədim , onlarla da bu bəlağəti əldə etdim dediyi məşhur bir görüşdür. Əbdulhəmidd haqqında, “yazı Əbdulhəmidlə başlamış, İbnul-Əmidlə tamamlanmışdır” deyilmişdir. Birçox kişilərin xitabət və xütbələrinin əzbərlənib deyilməsi, yazılması, Əli (ə) kimi fəsahət və bəlağətdə bənzəri olmayan, xüsusiylədə İslamda üstün bir mövqeyi olan bir şəxsiyyətin xitabət və xütbələrinin əzbərlənməməsi rəvayət edilməməsi, yazılmaması mümkün deyildir. Çünki Hzrət Əli (ə) zamanından Seyyid Razinin zamanına qədər keçən müddət içərisində xütbələrini, məktublarını, sözlərini rəvayət edənlərin adlarını yuxarıda qeyd etdik.
Birdə “Nəhcül-Bəlağə” dəki xütbələrdə, “əzəl, əzliyyət, məlul” kimi dövründə istifadə edilməyən, daha çox fəlsəfi düşüncədən törəmiş olan sözlərin mövcudluğu, bu xütbələrin Hzrət Əliyə (ə) aid olmadığını, yaxud da xütbələrə əlavələr edilmişdir deyənlər də olmuşdur. Beləki, “əzəl”, “sihah, Əsaisul-Luğə, Lisənul-Ərəb” müəlliflərinin və digərlərinin dedikləri kimi, “ləm yəzəl” dən törəmişdir və zaman keçdikcə “ləm” deyilməyərək, “əzəl” sözü istifadə edilmişdir.
“Nəhcül-Bəlağə” nin bəzi nüsxələrində ola bilsin ki, xütbələrdən ixtisar olunanı vardır. Tərtibçilər öz zövqlərinə, ehtiyac və lüzuma görə bəzi cümlələri bəlkədə çıxarmışlar. Buna görədə bir kitabın bir neçə nüsxəsində bucür naqislik və artırmalara həmişə rast gəlmək olar. Bu, artıq cümlələrin sonradan əlavə edildiyinə deyil, bəzi sözlərin tərtibçi tərəfindən yazıldığına dəlalət edir. Yeri gəlmişkən qeyd edək ki, “Şəqayiqi-Nümaniy” nin nəşr nüsxəsi türkcə yazmaları arasındakı əlyazmaya nisbətdə xeyli əskikdir. Bir də əzbərlənən sözlərdə, əzbərləyənlərin mənanı deyil, lakin bəzi kəlmələri dəyişdirməsi, katiblərin bəzi sözləri zamana uyğunlaşdırması və eyni mənanı verən digər sözlərlə əvəz etmələri mümküdür. “Nəhcül-Bəlağə” dəki bəzi xütbələrin, vəsiyyətlərin, qısa sözlərin bir qismi ayrıca şərh edilmişdir. Təkcə “Xütbətüş-şiqşiqiyyə” nin on altı tərcümə və şərhi vardır.
İmam Həsənə (ə) vəsiyyətləri orjinalı ilə və digər iki vəsiyyətlə 1329-cu ildə İstanbulda fars dilində nəşr olunmuşdur. Həmin nəşr “Hədiyyətül-üməm” adı ilə 1381-ci ildə Nəcəfül-əşrəfdə, 1961-ci ildə “Mənşurul-ədəbiye-ilahi və düsturül-əməliye və karqahi”, “Kitabul-əxlaqeyn nəfisə fi şərhi xütbətul-vəsiyyə” və “Nazimül-vəsiyyə” adları ilə İranda təkrar nəşr edilmişdir. Bu vəsiyyətin türkcəsindən başqa altı şərhi vardır. Əbu Cəfər Məhəmməd bin Yəqubi Kuleyni də bu vəsiyyəti rəvayət etmişdir. (5. s 9)
Həzrətin Malik Əştərə yazdığı Əhdnamə, “Adabul-müluk”, “Töhfeyi-Süleymani”, “Düsturi-hikmət”, “Ünvanür-risayə , ər-rayi vər-raiyyə”, “Şəhrül-əhd”, “Nəsayihül-müluk”, “Nəzmul-əhd”, “Hidayətul-hüsam fi əcaibil hidayəti bəl hükkam”, “Töhfətül-vəli”, “Tərcümətül-əhd”, “Şərhi-Əhdnamə”, “Əsasüs-siyasə fi təsisir-risayə”, “Dirasətün-nəcm”, “Rümuzül-imarə” kimi adlarla şərh edilmişdir. Onların sayı 20-dən artıqdır.
“Həmmam xütbəsi” kimi tanınan xütbələrin on beş şərhi vardır.
Bunlardan başqa Həzrət Əlinin (ə) hikmətli və qısa sözlərini məşhur Cahiz (h. 225, m.869) “Miə kəlimə” (yüz söz) adı ilə toplamışdır ki, bu əsəri Səfəviyyə dövrü şairlərindən Adil və həmin dövrün adamlarından Məhəmməd bin Əbu Talibi Astrabadi farscaya çevirmişlər.
Əbu Əliyyi Təbərsi, yaxud Əliyyibni Seyyid Fəzlullahi Ravəndi (h. 573, m. 1178) “Yüz kəlmə” ni əlifba sırası ilə otuz fəslə ayırmış və adını da “Nəsrül-Ləali” qoymuşdur. Bu kitab h.1132-ci ildə nəşr olunmuşdur. Rəşidəddin Məhəmməd bin Məhəmmədil-Vətvat (h. 552, m.1157) “Töhfətüs-siddiyq”, “Fəslül-xitab”, “Ünsül-ləhfan” adları ilə ilk üç xəlifənin sözlərini topladığı kimi “Mətlubu külli talib” adı ilə Həzrət Əlinin (ə) düz yüz sözünü toplamış, hər birini farsca bir qitə ilə tərcümə etmişdir. Bunlardan və Seyyid Razinin “Nəhcül-bəlağə” kitabının sonuna daxil etdiyi qısa sözlərdən başqa Həzrətin daha on mənzum, mənsur, ərəbcə və farsca, hətta fransızca qısa və hikmətli sözlərinin şərh və tərcümələri vardır. Həzrət Əlinin (ə) qısa sözlərini xüsusilə “Qurərul-hikəm və dürərül-kəlim” adıyla toplayan Nəsuhiddin Əbdülvahid bin Məhəmmədi Təmimiyyi Amididir.Hicri 588-ci ildən on gün əvvəl vəfat edən (m. 1192) İbni Şəhraşubun rəvayətinə görə, Amidi onun ustadı olmuşdur. Amidi “Qürərül-hikəm” də Həzrət Əlinin (ə) 11050 sözünü toplamışdır. (6. s 34)
Seyyid Razi “Nəhcül-Bəlağ” ni iki qismə və üç bölümə ayırmış, xüsusi ilə ilk bölümə xütbələrini, ikinci bölümün birinci bölümünə, məktublarını, ikinci bölümünə isə nəsihətli kəlamlarını yerləşdirmişdir. “Nəhcül-Bəlağə” orjinallığını itirməyərək digər müəlliflər tərəfindən də müxtəlif bölgülərlərlə bölünmüşdür. Şeyx Məhəmməd Əbduhun bölümünə əsasən “Nəhcül-Bəlağə”ni üç qismə ayırır. Birinci qismi xütbə və xitabələrə, ikinci qismi məktublara, üçüncü qismi də hikmət və nəsihətli kəlamlarına həsr edir. 1-ci qismi 5 bölümə ayırır. 1-ci bölümdə “Allah, Hzrət Məhəmməd (s), İman-İslam və Qurani-Məcid”, 2-ci bölümdə “Özü və Əhli-beyt”, 3-cü bölümdə “Dünya və Axirət”, 4-cü bölümdə “İctimai-İqtisadi” xarekterdə olan, 5-ci bölümdə “İlk üç Xəlifə və Öz zamanına aid” olan və tarixi aydınladan xütbə və xitabələri dərc olunur. Bu qisimdəki xütbə və xitabələrinin sayı 192-dir.
İkinci qisimdə isə, məktubları, əmir-namə və vəsiyətləri yer alır. Bu qisimdə də xronolojik tərtib gözlənilərək 4 bölümə ayrılır. 1-ci bölümü, Cəməl müharibəsindən əvvəlki və sonrakı dövürlərə aid xütbələrinə, 2-ci bölümünə, Müaviyəyə göndərdiyi məktublara, 3-cü bölümü döyüş əsnasındakı xitabətlərinə və vəsiyətlərinə, 4-cü bölümü, idari məktublarına, əmir-namə və əhd namələrinə həsr edilir. Bu qisimdə də 63 xitabət, məktub, əmir-namə və vəsiyət vardır.
Üçüncü qisimə qısa sözlərini, hikmət və nəsihətlərini yerləşdirilir. Bu qisimdə də mövzuya görə sıralanma edilir. 1-ci bölümə “Din, İman, Mömin, Müslim, Quran və İbadət”, 2-ci bölümə “Hz. Məhəmməd (s) özü və Əhli-beyt”, 3-cü bölümə “Dünya-Axirət”, 4-cü bölümə “Ağıl-Bilgi”, 5-ci bölümə müxtəlif mövzulara aid nəsihətlər, 6-cı bölümə tarixi amraqlandıran, 7-ci bölümə də “gerçək, ədalət, dolanışıq, insanlıq və müharibə” haqqındakı sözləri yer alır.
Seyyid Razinin topladığı xütbə və xitabələr, 233-ə qədərdir. Bunların bir qismi, müxtəlif rəvayətlərdən meydana gəlmişdir; bir qismi, dualarıni, bir ayəni və ya surəni oxuyandan sonra kı sözlərini, yağış dualarını, əshabını məkarimi-əxlaqa, ibadət və itaətə təşviqlərini, yaxudda xilqətdəki hikmət və qüdrətləri bildirməkdədir. (7. s 42)
Seyyid razi “Nəhcül-bəlağə” ni toplamasıyla bağlı belə yazır: “Nəqədər ki, dan yeri doğub ağarır, ulduz çıxıb-batır, rəhmət olsun onlara. Ömür budağım hələ təz-tər idi, hələ yaşıl idi ki, salam onlara, imamların xüsusiyyətlərinə, gözəl hallarına aid xəbərləri, onların inciyə bənzər sözlərini əhatə edən bir kitab yazmağa başlamışdım. O kitabda, bu mətləbi ərz edərkən, bildirdiyim kimi, Əmir-əl-möminin (ə) xüsusiyyətlərini topladıqdan sonra zamanın qarşıya çıxardığı maneələr onu tamamlamağa qoymamışdı. Kitabımı bir neçə hissəyə bölümə ayırmışdım. Son bölümdə uzun xütbələrə deyil, öyüdlərə, hikmətlərə, ədəblərə aid bəzi sözləri dərc etmişdim.
Dostlardan. Qardaşlardan bir qismi o kitabı oxuyub bəyəndi. Həzrət Əmirin (ə) sözlərinin taysız-bərabərsiz olmasına, fəsahət və bəlağətinə heyran oldular. Cürbəcür mövzulara, müxtəlif qollara ayrılan sözlərindən bir seçmə meydana gətirməyimi xahiş etdilər. Çünki bilirdilər ki, o Həzrətin xütbələrində, məktublarında, öyüdlərində, hikmətlərində cəm şəkildə mövcud olan və ərəb dilinin heyranedici bəlağət və fəsahətini özünə hopdurmuş, dinə, dünyaya aid bütün hikmətləri, o dərəcədə cəm halda ehtiva edən heç bir söz, heçbir kitab yoxdur və ola da bilməz. Çünki Əmir-əl-möminin (ə) doğrudan da fəsahət və bəlağətin mənşəyidir, bəlağət ondan zühur etmişdir, fəsahət qaydaları onunsözləriylə yayılmışdır. Elə bir xətib yoxdur ki, onun sözlərinə bənzər söz söyləyə bilsin. Elə bir vaiz yoxdur ki, sözlərindən yardım diləməsin. Bütün bunlarla bərabər, yenə də onların hamısından irəlidədir; yenə də onlar Həzrət Əmirdən (ə) geri qalmışlar. Çünki onun sözləri Allah bilgisiylə işıqlanmışdır, parıldayır. O sözlərdə Peyğəmbərin (s) rayihəsi vardır, ətrafa yayılır. Nəhayət xahişlərinə qulaq asdım. Bu kitabı, Bu kitabdakı sözləri toplamağa başladım. Bilirdim ki, xalq bu kitabdan çox böyük faydalar əldə edəcək, bu kitabın şöhrəti bütün aləmə yayılacaq, əcri savabı isə axirət günündə mənə bir azuqə olacaq. Məqsədim, o Həzrətin elm, əməl, təqva, şücaət və digər fəzilətlərdəki ucalığı kimi, bəlağətdəki ucalığının da üzə çıxması, ondan əvvəl gəlib-gedən, ondan çox az rəvayətlər etmiş alimlərin, bəlağət sahiblərinin, xətiblərin bəlağətindən daha üstün bir bəlağətə sahib olduğunu, heç birinin onunla müqayisəyə gəlməyəcəyini meydana çıxarmaq idi. Doğrudan da onun sözləri ucu-bucağı, dibi-sahili olmayan bir dənizdən coşmaqdadır. O dəniz, suyunun artmasıyla daşmaz, başqalarının sözləriylədə bulanmaz.
Həzrətin sözlərinin bir neçə məhvər ətrafında fırlandığını gördüm. Əvvəlcə xütbələri, əmrləri var; ikinci məktubları, üçüncü isə hikmətləri və öyüdləridir. Nöqsan sifətlərdən münəzzəh olan Allahın yardımıyla əvvəlxütbələrinə, sonra məktublarına, sonra da öyüd və hikmətlərinə ayrıca bölümlər ayırmağı, hər bölümü yazdıqdan sonra o bölümə aid olub, o vaxta qədər əlimə keçməyən, lakin zaman keçdikcə əldə etmək ehtimalımın olduğu sözlərini də irəlidə yazmağım üçün bir neçə səhifəni boş qoymqğı əsas tutaraq bu bölümlərdən başqa bölümlərə daxil ola biləcək olanları, məsələn, söhbət zamanı suallara verdiyi cavabları da yazmağı nəzərdə tutub işə başladım. Əvvəlcə xütbələrni, sonra məktublarını, sonra da hikmətlərini və öyüdlərini seçdim. Mövzu baxımından bu bölümlərdə bir-birinə uymayanlar, yaxud bir-birinə uyanlar ola bilər. Lakin mən, Həzrətin (ə) sözlərinin tərtibinə yox, əsas məqsədim sözlərini toplamaq olduğundan, əlimə keçən gözəl və xoş sözlərini yazmağa daha çox fikir verdim.
O Həzrətin heyrətamiz hallarından biri də, üstünlükdə heç kəsin ona tay olmadığı fəsahət və bəlağətidir. Zahidlikdə, öyüddə, qorxutmaqda onun düşüncəsinə çatan yoxdur. O ucalıqda söz söyləmək, onun həndəvərinə yetişmək imkanına heç kim malik deyildir. Bu sözləri oxuyub ibrət alan adam elə zənn edər ki, o Həzrətin dünyadan nəsibi yalnız zahidlikdir, dünyanı tərk etməkdir., Allaha qulluq göstərməkdir. O bir küncə çəkilmiş, yaxud dağ ətəyinə sığınmış, xalqdan gizlənmişdir. Öz hislərindən başqa bir şey duymaz, öz nəfsindən başqa bir səs eşitməz. Özündən başqa kimsəni görməz. Əsla inanmaq olmaz ki, döyüş dənizlərində dalğalar udan, coşub-daşan, vuruş dəryalarına baş vurub çıxan, əlində yalın qılınc haqdan boyun qaçıranların başlarını bədənlərindən ayıran, adlı-sanlı qəhramanları Allaha qulluq yolunda yerə sərən, qılıncından qan dama-dama qələbə meydanından dönən bir adamın sözləridir. Halbuki, bununla bərabər, yenə zahidlikdə, təvazökarlıqda, qulluqda dünyanın bütün zahidlərinin zahididir. Bəndəliyi ucalıqdan üstün tutanların başçısıdır. Bu, o həzrətə xas olan heyrətamiz xüsusiyyətlərdəndir. Onun nəfsində zidd şeylər: igidliklə təvazökarlıq, ucalıqla itaətkarlıq bir yerə cəm olmuşdur.
Bu kitabın ehiva etdiyi sözləri seçərkən tərəddüd etdiyim, mənaca təkrarlanmış sözlərə rast gəldiyim anlar çox olmuşdur. Bunun səbəbi odur ki, o Həzrətin sözlərini çatdıran rəvayətlərdə ixtilaflar vardır. Çox zaman bir rəvayətə əsasən seçilib yazılan bir söz, başqa rəvayətdə bir başqa şəkildə gəlib çatmışdır. Bir cümləsi artıqdır, hətta mənaca daha da gözəldir. Buna görə də, ehtiyatı əldən buraxmayıb, seçilən sözlərdən bir şeyin əskik olmamasını gözləyərək, o gözəl sözlərin unudulmamasına çalışaraq o rəvayəti yazmışam. Zaman keçdikcə ilk rəvayətin unudulması, yaxud məlum olmaması üzündən, qəsdən olmamaq şərtilə eyni mənada, ancaq başqa bir tərzdə nəql edilməsi də mümkündür.
Bütün bu səylərimə baxmayaraq, o Həzrətin sözlərindən heç birini buraxmadığım, hamısını da yazdığım barədə iddia etməkdən çox uzağam. Mənə çatamyan sözlərinin, çatanlardan daha artıq olması da mümkündür. Mən ancaq qüvvəm yetənə qədər çalışıb-əlləşmişəm. Həqiqətən aşkar edib doğru yolu işiqlandırmaq isə yalnız Allah-təalanın sonsuz lütfüylə mümkündür.
Bütün bu çalışmalarımın nəticəsi kimi meydana çıxan bu kitaba “Nəhcül-bəlağə” adını verməyi uyğun gördüm. Çünki bu kitab oxuyanlara, istəyənlərə bəlağət qapılarını açan, fəsahət qaydalarını çatdıran bir əsərdir. Alimin də bu kitaba ehtiyacı var, elm öyrənmək istəyənin də. Bəlağət və xitabətlə məşğul olanlar da istər bu kitabı, zöhd və təqva sahibləridə. Sözlərində tövhid, ədalət, və Allah-təalanı öz yaratdıqlarına bənzətməkdən çəkindirmək barəsində, arzu edənlərin yanğısını yatıra bilən, könüllərdəki dərdlərə dərman edən, gözləri hər cür şübhədən, korluqdan qurtarıb işıqlandıran mənalar da bu kitabda mövcuddur. (5. s. 11)
Mənbələr:
-
Seyyid Razi, “Nəhcül-Bəlağə” tərcümə edən Kadri Çelik, “ASR” nəşriyyatı, İsstanbul 2011
-
Həzrəti Əli İbn Əbu Talib “ Nəhcül-Bəlağə” tərcümə edən Abdulbaki Gölpınarlı, “Ensarıyan” nəşriyyatı Qum 2009
3. Seyyid Abbas Əli Musəvi, “Nəhcül-Bəlağə”, “Darul-hidayə” nəşriyyatı, Beyrut hicri/1424-miladi/2004
4. Muhəmməd Abduh, ”Nəhcül-bəlağə” tərcümə edən Ahmet Çelen “Qələm”nəşriyyatı 2010
5. Həzrəti Əli İbn Əbu Talib “ Nəhcül-Bəlağə” tərcümə edən Abdulbaki Gölpınarlı, Azərbaycan tükcəsinə çevirənlər: Teymur Kərimli, Hafiz Abıyev. “Tehran” 1995 .
6. “Nəhcül-Bəlağə” İmam Əli(ə)-ın xütbə, məktub və kəlamları (tərcümə və şərh) Ayətullah Feyzul-İslam, “Nurlar” nəşriyyatı Bakı 2007
7.“Nəhcül-Bəlağə” Ayətullahul-uzma şeyx nasir Məkarim Şirazi, “Nəfahatul vilayə şərhun-əsriyyun-cəəmiun-linəhcül-bəlağəti” 1-ci cild, Beyrut nəşriyyatı, hicri/1427, miladi/2006
Rüxsarə Məmmədova
(Əlyazmalar İnstitutu)
Əbdülqənİ Nuxəvİ kolleksİyasından
Əlİ İbn Əbu Talİbİn «Dİvan»ı
Həzrət Əli (ə.s.) elmin mal-dövlətdən bir neçə mərtəbə üstün olması barədə buyurub: I Elm Peyğəmbərlərin mirası, mal-dövlət isə Kisra (İran padşahı), Qeysər (Rum padşahı) və Fironun mirasıdır.
2. Elm öz sahibini qoruyar, var-dövləti isə sahibi gərək qorusun.
3. Alim öləndə də elm ondan ayrılmır, var dövlətsə vərəsələr arasında bölüşdürülür.
4. Dünya əhalisi 4 qismdir: 1) Əmirlər (hakimlər); 2) Dövlətlilər; 3) Alimlər; 4) Kasıblar; Əmir də dövlətli də, kasıb da alimə möhtacdır, aliminsə onlara heç bir ehtiyacı yoxdur.
5. Allah-taala elmi öz saleh və bəyəndiyi bəndələrinə verər, mal-dövləti isə qeyrilərinə (zalım və kafirlərə).
6. Elm paylamaqla artar, mal-dövlətsə xərcləməklə azalar. Şəmsəddin Əbdülqəni Nuxəvi Məhəmməd oğlu Xalisəqarızadə də belə alimlərdən yəni, Peyğəmbərlərin varislərindəndir. Onun da bizlərə irs qoyub getdiyi kitablar bundan belə neçə 100 illər yaşayacaq və insanların maariflənməsinə xidmət edəcəkdir. O, pedaqoji fəaliyyətə başladığı ilk illərdən etibarən müəllimə, dərs vəsaitinə olan ehtiyacı dərindən dərk etdiyindən bu sahədə olan çətinlikləri dəf etmək üçün bütün ömrünü dövrünün bu ehtiyaclarını aradan qaldırmağa sərf etmişdir. Nuxəvi Azərbaycan tarixində görkəmli alim, müəllim, kitabşünas, mətnşünas kimi iz qoymuşdur. O, kitab mədəniyyətinin əlyazma şəklində inkişaf etdirilməsində, yayılmasında və toplanmasında böyük xidmətlər göstərmiş ziyalılardan biridir.
Əbdülqəni Nuxəvi xalqını elmi savadlandırmaq üçün imkanında olan hər şeyi səfərbər etmişdir. O, hətta böyük maddi vəsait hesabına yaratmış olduğu zəngin kitabxanasını belə öz xalqından əsirgəməyərək, ümumi kitabxana kimi onların xidmətinə vermişdir. Onun bu sahədə əldə etdiyi hər bir uğuru sevindirir, daha da inamla işləməyə ruhlandırırdı. «Biz nəzəriyyə və təcrübəyə, elmlərin və maarifin yayılmasına nail olduq» deyən vətənpərvər və humanist alim, öz pedaqoji və maarifçilik fəaliyyətinin uğurlu nəticələrindən iftixar və təvazökarlıqla danışır. O, öz xalqının gözəl gələcəyini görür və ona inanırdı. Əbdülqəni Nuxəvi bilirdi ki, onun maarifləndirdiyi nəsil, yetişdirdiyi ziyalılar gələcək nəslin inkişafında böyük işlər görəcəkdir.
Maarifçi alim çalışmışdır ki, onun dərs dediyi tələbələr hərtərəfli dərin biliyə yiyələnən ziyalılar kimi yetişsinlər. Buna görə də o, ana dili və şərq dillərinin, ədəbiyyat və ədəbiyyatşünaslığın, tarixin, fəlsəfənin, məntiqin və digər ictimai fənn və elmlərin tədrisi ilə kifayətlənməyib, bütün ömrü boyu gecə-gündüz öz üzərində çalışaraq, təbiyyat elmlərini də öyrənmiş və tərtib etdiyi dərsliklərə bu elm sahələrinə dair əsərlər də daxil etmişdir.
F.e.doktoru Kamandar Şərifli Əbdülqəni Nuxəviyə həsr etmiş olduğu, onun həyat və yaradıcılığı, pedaqoji və mətnşünaslıq fəaliyyətini əks etdirən «Əbdülqəni Nuxəvi Xalisəqarızadə» adlı kitabında qeyd edir: «Əbdülqəni Nuxəvi geniş biliyə malik olan alim və maarifçi olmaqla bərabər həm də gözəl katib və xəttat olmuşdur. Əlyazmalar institutunda saxlanılan əlyazma abidələrində onun qələminin məhsulu olan nəsx, nəstəliq və şikəstə xətt nümunələri özünün ən gözəl çalarlarını tapmışdır. Onun qələmindən çıxmış hər bir kitab böyük sənətkarlıqla yazılmış və xüsusi estetik zövqlə tərtib edilmişdir».
Əbdülqəni Nuxəvinin qələmindən çıxmış əsərləri tədqiq edərkən biz bunun dönə-dönə şahidi oluruq.
Bir çox sahələrdə çalışmasına baxmayaraq əsas fəaliyyəti mətnşünaslıqla bağlı olan Əbdülqəni Nuxəvi iş zamanı əvvəl əsərin müəllifini, onun yaradıcılığını öyrənər, sonra həmin əsərin müxtəlif vaxtlarda ayrı-ayrı katiblər tərəfindən köçürülən nüsxələri, ona yazılan şərh və haşiyələri toplayıb cəm edərək düzgün mətni tərtib edərdi. O, Şərqin görkəmli ziyalılarının yaradıcılığını öyrənərək, onların əsərlərinin düzgün variantını tərtib etmişdir, o cümlədən: Əbdürrəhman Cami, Əhməd Təbrizi, Mahmud Zəməxşəri, Məhəmməd Füzuli və s.
Əbdülqəni Nuxəvinin əlyazma kolleksiyası içərisində Əli ibn Əbu Talibin nəzmlə tərcümə edilmiş “Divan”ı da vardır. AMEA-nın Əlyazmalar İnstitutunda nadir əlyazmalar fondunda mühafizə olunan bu nüsxənin 1a titul vərəqində ərəb dilində belə bir qeyd vardır: “Bu xəlifələrin sonuncusu Əmirəlmuminin Əli ibn Əbu Talibin “Divan”ıdır. Onu xüləfai-raşidini sevən Əbdülqəni Nuxəvi yazdı”.
Əli ibn Əbu Talib səhabə arasında Quran, hədis və xüsusi ilə də fiqh sahəsində özünü qəbul etdirmiş şəxsiyyətdir. Fəsahəti və üstün xitabəti ilə tanınan Həzrət Əlinin gözəl və hikmətli sözləri qaynaqlardan nəql edilmişdir.
1800 beytdən artıq olan “Divan” İslam poeziyasının ən nadir incilərindəndir. Əlyazmanı tədqiq edərkən gorürük ki, katib Əbdülqəni Nuxəvi “Divan” ın müxtəlif nüsxələrini müqayisəli surətdə araşdırmış, nüsxə fərqlərini mətnin haşiyəsində qeyd etmişdir.
Əlyazma mətninin yazılmasında üç müxtəlif rəngli mürəkkəbdən istifadə olunmuşdur. Bu da mətnə xüsusi gözəl tərtibat forması vermişdir.
Orijinalın mətni qara, tərcümə qırmızı, ayrı-ayrı sözlər və başlıqlar isə yaşıl rəngli mürəkkəblə yazılmışdır.
Katib ayrı-ayrı məzmunlu şeirləri bir-birindən ayırmaq üçün onların arasında xüsusi olaraq bu söz və ifadələrdən istifadə etmişdir:
قشعه اخری (başqa qitə), - قطعه دیگر (digər qitə)
نطق آخر (başqa nitq), - نطق دیگر (digər nitq)
رجز آخر (başqa rəcəz), - رجز دیگر (digər rəcəz)
رجز (rəcəz), - بیت (beyt), نطق (nitq)
بیت دیگر (digər beyt), - مناجاة (münacat).
“Divan” ənənəvi quruluşa malikdir, yəni ərəb hərflərinin əlifba sırasına uyğun tərtib edilmişdir. Mətn divanın orijinalından və sətirlər altında yazılmış tərcümədən ibarətdir. Müəllif vəzni, qafiyəni Əli (əs.)-ın fikirlərini məna baxımından saxlamaq məqsədilə tərcüməni hərfi prinsipə əsaslanaraq edib. Ərəb kəlmələrinin bəziləri olduğu kimi, bəziləri isə mənaya yaxın ərəb və fars sözləri ilə əvəz edilib.
Yüksək tərtibatı ilə fərqlənən bu nadir əlyazma nüsxəsinin kim tərəfindən tərcümə edildiyinə kitabın heç bir yerində rast gəlinmir. Bəzi tədqiqatçılar “Divan”ın Səlahəddin Abdullah əl-Üşşaqi (1196öt) (1781-1782) tərəfindən tərcümə edildiyi fikrini irəli sürürlər. Mənim fikrimcə bu heç də belə deyil. Çünki tərcümədə Azəri türkcəsi özünü daha çox büruzə verir.
Bu divanın məhz Nuxəvi tərəfindən tərcümə edildiyini düşünürəm. Çünki I beytdə ortaq sözlər ola bilər, amma sonrakı beytlərdə türk sözlərindən az istifadə edilmişdir.
Bu surətilə insan bir-birinin kəfvidir, zira
Pedər madər olupdur cümləyə Adəm ilə Həvva.
Alimlərlə oturub-durmağın, onlarla dostluq etməyi mədh etdiyi şeirdə isə tamamilə fərqlidir.
Müsahib olma nadana həzər et ey dele dana
Ke ze hər söhbəte cahel edər alimlər əfna.
Qərnindən qiyas olur cəhanın xəlqi sirr tapa,
Qiyas ilə şəbih olur biri-birinə çün əşya
Nitəkim qəlb olur qəlbə dəlil olunsa gər əlqa.
Sönməz aləmdən dukəndi cövhəre-mehrü-vəfa
Qalmadı sidqü-səfa və münqəti oldu rica.
Dostları ilə paylaş: |