Ədəbiyyat:
-
Andrew Baruch Wachtel. Dünya Tarihinde Balkanlar. (Çeviren: Ali Cevat Akkoyunlu), İstanbul 2009, 141 s.
-
Əhməd Səlahəddin. Makedoniya məsələsi və Balkan hərbi axırı. İstanbul Qənaət mətbəəsi, 1331 h. (1912), 264 s.
-
Gülxanım Qarayeva, Aynur Hacıqədirli. Q\Yaxın və Orta Şərq ölkələrinin yeni tarixi (1871-1918), II Kitab, Bakı 2010, 243 s.
-
Fahir Armaoğlu. 20. Yüzyıl siyasi tarihi, 1914-1980, Ankara 1983, 851 s.
-
Mustafa Armağan. Abdülhamid`in Kurtlarla Dansı, İstanbul 2006, 335 s.
-
İsmayıloxa X. XIX əsrin ikinci yarısında Osmanlı imperiyasında milli münaqişə ocaqlarının yaranmasında Qərb dövlətlərinin rolu, s.59-62 // Şərqin aktual problemləri: Tarix və müasirlik, Bakı 2001, 282 s.
Xatirə KƏRİMOVA
(Əlyazmalar İnstitutu)
MİRZƏ KAZIM BƏY VƏ ONUN
“TÜRK-TATAR DİLİNİN ÜMUMİ QRAMMATİKASI” ƏSƏRİ
AMEA-nın M.Füzuli adına Əlyazmalar institutunun çap kitabları arasında IX-195/292 şifrəli Mirzə Kazımbəyin “Türk-tatar dilinin umumi qrammatikası” əsəri də mühafizə olunmaqdadır.
Görkəmli azərbaycan alimi, şərqşünası M.Kazımbəy olduqca maraqlı və çətin bir ömür sürmüşdür.
M.Kazımbəy 1802-ci ilin 22 iyulunda Cənubi Azərbaycanın Rəşt şəhərində anadan olmuşdur. Bir qədər sonra atası Dərbəndə qazi təyin olunur və ailəsi ilə birgə bu şəhərə köçür. Atası Məhəmməd Qasım Kazımbəy Dərbəndin tanınmış ruhani şəxslərindən biri kimi tanınırdı. Kazımbəy İslam dininin əsaslarını öyrənməklə yanaşı Azərbaycan, fars, rus, türk və ərəb dillərinə də mükəmməl şəkildə yiyələnir. Atası oğlunun İran və Ərəbistanda dini təhsil almasını, ruhani olmasını istəyirdi. Lakin o 1820-ci ildə İran leyhinə cəsusluq fəaliyyətində günahlandırılır, bütün dini rütbələrindən məhrum edilir və Həştərxana sürgün edilir.
Kazımbəy dilçiliyə tərcümələri ilə başlamışdır. Sonralar o fransız, alman və tatar dillərinə də mükəmməl öyrənir. 1825-ci ildə təhsilini davam etdirmək üçün Böyük Britaniyaya, Londona dəvət olunur. Lakin rus hakim dairələri bu təklifin həyata keçməsinə imkan vermirlər. Rusiya İmperiyasının xüsusi sərəncamı ilə Kazımbəy Omska tatar dili müəllimi olaraq göndərilir. Lakin Kazanda xəstəliyə tutulması səbəbindən Omska gedişi təxirə salınır və o heç vaxt bu şəhərə getmir. Kazanda olarkən Kazımbəy Karl Fuks adlı tarixçidən Kazan universitetində ərəb və fars dillərindən dərs demək təklifini alır. 1828-ci ildə Britaniya Kral Şərqşünaslıq Cəmiyyətinə üzv və Kazan universitetində yenicə yaranmış “Türk dilləri” fakultəsinə rəhbər təyin olunur. Elmi fəalliyətinə görə, həmçinin Rusiyada şərqşünaslıq sahəsində ali təhsilin təşkilində fəal iştirakına görə Kazım bəyi 1835-ci ildə Peterburq Elmlər Akademiyasının müxbir üzvü seçirlər.
Kazımbəy şəxsiyyətinin unikallığı ondadır ki, o şərq, müsəlman mədəniliyini rus və qərbi avropa elminin ənənələrini özündə birləşdirərək, Rusiya şərqşünaslığının uzaqgörən təşkilatçısı, dünya səviyyəli, istedadlı şərqşünas alim olmuşdur.
Mirzə Kazımbəy azərbaycan dilinin ilk elmi qrammatikasının naşiri kimi öz adını elmdə qızıl hərflərlə yazdırmışdır. 1839-cu ildə yazdığı “Türk-tatar dilinin qrammatikası” adlı əsərini Kazanda çap etdirir. Əsər müəllifə dünya şöhrəti gətirmişdir. Bu əsər Rusiyada türk dilinin qrammatik tədqiqatları tarixində mühüm mərhələ olaraq, elmdə böyük səs-küyə səbəb oldu. Təsadüfi deyildir ki, bu qrammatikanın 1846-cı ildə “Türk-tatar dilinin ümumi qrammatikası” adı altında çap olunmuş təkrar nəşri Demidov mükafatına layiq görülmüşdür. Əsərin təkrar nəşri bir çox yeni filoloji araşdırmalar ilə daha da zənginləşdirilmişdir.
Əsər müəllifin özü tərəfindən yazılmış müqəddimə, mündəricat və 3 hissədən ibarətdir. “Türk-tatar dilinin ümumi qrammatikası” demokratikliliyi, əlverişliliyi və asanlığı ilə çox seçilirdi. Bu əsərində Kazımbəy osmanlı, azəri və digər türk dillərinin və ya o zaman deyildiyi kimi dialektlərinin fonoloji, morfoloji və sintaksis təhlil və müqayisəsini aparır. Qeyd etmək lazımdır ki, o dövrlər Rus imperiyasında əksər türk dilləri “Tatar” və ya “Türk-tatar” adlı vahid dilin ayrı-ayrı dialektləri kimi qəbul olunur. 1921-ci ildə Jan Denin “Türk dilinin qrammatikası” əsərinin nəşrinə qədərki dövrdə Avropa universitetlərində əsas istinad ədəbiyyatı olaraq istifadə olunmuşdur. Əvəzsiz tədris vəsaiti olan bu əsər 1848-ci ildə alman alimi Senker tərəfindən alman dilinə tərcümə olunaraq Leypsiqdə nəşr olunmuş və Avropada fəxri yer tutmuşdu. Əsərdə Mirzə Kazımbəy “Azərbaycan dili” terminini ilk dəfə olaraq elmi surətdə əsaslandırmış və “Azerbican” formasında elmi dövrəyə daxil etmişdir. Bu “qrammatikanın” sayəsində nəinki rus hətta, qərbi avropa şərqşünaslarının, müəllimlərinin və şərq dilləri mühazirəçilərinin parlaq pleyadası yetişdirilirdi. Əsərin əhəmiyyəti indi də öz aktuallığını elmdə qoruyub saxlamışdı.
ƏDƏBİYYAT:
-
А.К.Рзаев Мухаммед Али М. Казем-Бек. Москва, 1989.
-
А.К.Рзаев Азербайджанские востоковеды XIX века Баку, 1986.
3. Кононов А.Н. История изучения тюркских языков в России. Москва, 1972, с. 206.
Sevinc Rəhnulla
(Əlyazmalar İnstitutu)
Şeyxülİslam Əbdüssəlam Axundzadənİn
həyatı
(arxiv sənədləri əsasında)
Qafqaz Ruhani İdarəsinin şeyxülislamları arasında Ə.Axundzadə dərin biliyi, xidmətləri, dinin müxtəlif sahələrində yazdığı əsərləri ilə seçilmişdir.
Tiflis-Kutaisi şiə quberniya məclisinin sədri Axund Hacı Baba Həsənzadə, üzvlər Axund Mustafa Talıbzadə, Axund İsmaıl Yusifzadə tərəfindən 1877-ci il fevral ayının 17-də təsdiq olunmuş şəhadətnaməyə əsasən Əbdüssəlam Axundzadə Salyan sakini Axund Vəliməhəmməd Allahverdi oğlunun Xanım Əliverdi qızı ilə qanuni nigahından hicri tarixi zilhiccə ayınin 12-si 1258-ci il, xristian təqvimi 2 yanvar 1843-cü ildə anadan olmuş doğma oğludur.
Dövlət müşaviri, Tiflis müsəlman gimnaziyasının ştatlı nəzarətçisi Ə.Axundzadə tam elmi kursu bitirdikdən sonra 1864-cü il yanvarın 1-i Salyana prixod mollası təyin olunub.
Əlahəzrət İmperatorun xidmətinə daxil olduğu üçün 1872-ci il 1 oktyabrda ruhani rütbəsindən azad edilmişdi.
Qafqaz Namestniki tərəfindən 25-26 yanvar 1873 cü il № 873 qərarı ilə Tiflis müsəlman gimnaziyasına şiə şəriət müəllimi təyin olunmuşdur.
1 yanvar 1878-ci il Senat rəhbərliyinin № 1 qərarı ilə xidmətlərinə görə Quberniya Katibliyinə üzv seçilir.
Yenə də Senatın 1 noyabr 1879-cu il № 128 qərarı ilə xidmətlərinə görə Kollegial katib vəzifəsinə keçirilib.
Qafqaz təhsil mərkəzinin rəhbərliyi tərəfindən 6 oktyabr 1879-cu ildə Zaqafqaziya müəllimlər seminariyasının Tatar şöbəsində şiə şəriəti müəllimi vəzifəsini yerinə yetirmək icazəsi verilmişdir.
Senat rəhbərliyinin 24 sentyabr 1880-cı il № 165 qərarı ilə Dövlət məmuru vəzifəsinə keçirilib.
Qafqaz təhsil dairəsi rəhbərliyi tərəfindən Zaqafqaziya müəllimlər seminariyasının Tatar şöbəsinə 28 iyul 1880-cı № 4041 qərarı ilə şiə şəriəti müəlləmi təsdiq olunub.
Senat rəhbərliyinin 11 noyabr 1882-ci il № 110 qərarı ilə xidmətlərinə görə Kolleg Asessoru (Çar Rusiyasında mülki rütbə, məhkəmə iclasçısı) təyin olunub.
Əla xidmətlərinə görə Mərhəmətli çar tərəfindən 1884-cü il dekabrın 26-da 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunub.
Senat rəhbərliyinin 11 iyun 1886-cı il № 11 qərarı ilə Saray müşaviri (Çar Rusiyasında 7-ci dərəcəli mülki rütbə) təyin olunub.
Senat rəhbərliyinin 1890-cı il 30 aprel № 94 qərarı ilə Kolleg Asessoru (Çar Rusiyasında mülki rütbə, məhkəmə iclasçısı) təyin olunub.
İran Şahı tərəfindən 1893-cü il 22 sentyabrda fars dilininin qrammatikasını tərtib etdiyinə görə 4-cü dərəcəli Şir və Günəş ordeni ilə təltif olunub.
7-ci dərəcəli mülki rütbədən aşağı olmayaraq 12 illik eyni vəzifədə qüsürsuz və səmimi fəaliyyətinə mükafat olaraq Rəhimdil çar tərəfindən 3 fevral 1894-cü ildə 3-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur.
Əlahəzrətin mülki hissəyə 1aprel 1903-cü il № 25 əmrinə əsasən Dövlət müşaviri təyin olunmuşdur.
Əlahəzrətin təyinatı ilə 21 iyun 1894-cü ildə Zaqafqaziya Şeyxülislamı, Şiə Ruhani İdarəsinin sədri olmuşdur. Qafqaz Mülki işlər üzrə Baş idarənin 22 avqust № 7402 qərarında göstərilir:
“Daxili işlər nazirliyi Baş idarəni xəbərdarlıq edir ki, Əlahəzrət İmperator Zaqafqaziya Müəllimlər seminariyası Tatar şöbəsinin şiə müəllimi Kollegiya sovetniki Ə.Axundzadə Zaqafqaziya Şeyxülislamı təyin etmişdir.
Ruhani İdarəsinə bu təyinat barəsində xəbardarlıq edilsin. Qafqaz Təhsil dairəsinin müdirinə təklif olunur ki, haqqında danışılan Ə.Axundzadəni yeni təyininatı ilə əlaqədar vəzifəsini yerinə yetirmək üçün göndərilsin”.
Əlahəzrətin icazəsi ilə 21 aprel-26 may 1896-cı ildə Moskvada İmperator həzrətlərinin təntənəli müqəddəs tacqoyma mərasimində olmuşdur. Qeyd edək ki, Qafqaz Ruhani İdarəsinin şeyxülislamlarından yalnız Ə.Axundzadəyə belə bir mötəbər məclisdə iştirak etmək nəsib olmuşdur.
Böyük İran şahı tərəfindən 3-cü dərəcəli Şir və Günəş ordeni ilə təltif olunmuşdur. (Əlahəzrətin icazəsilə göndərdiyi şəxsin qəbuluna görə)
Rəhimdil çar tərəfindən qüsursuz və səmimi fəaliyyətinə mükafat olaraq 8 oktyabr 1896-cı ildə 2-ci dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur.
1897-ci ildə 1-ci ümümxalq siyahıyaalınmadakı zəhmətinə görə bürünc medal təqdim olunmuşdur. Mərkəzi Statistika Komitəsinin direktoru tərəfindən Axundzadəyə 2 aprel 1897-ci il № 3648 qərarında bildirilir:
“Qibleyi-aləmin 30 yanvarda, Əlahəzrətin əmri ilə 1-ci ümümxalq siyahıyaalınmadakı zəhmətinə görə, siyahıyaalınmada və ya onun uğurla sona çatmasında iştirak edən şəxslərin 21 noyabr 1891-ci ildə Əlahəzrətin icazəsi ilə yaradılmış bürünc medal taxmaq hüququnun verilməsi haqqında ali fərmanı olmuşdur. Əlahəzrətə ayrı-ayrı şəxslər arasında paylanacaq medalların Daxıli İşlər Nazirliyinə təqdim etmək sevindirici idi. Daxıli İşlər nazirinin əmrinə əsasən, sizin 1-ci ümümxalq siyahıyaalınmadakı iştirakınıza görə mən sizə, № 144 şəhadətnaməsi ilə adı çəkilən medalı göndərməyi şərəf bilirəm. Acizanə xahiş edirəm, mənim tam hörmət və sədaqətimə inanasınız.”
Xeyirxah çar tərəfindən 1 yanvar 1902-ci ildə 4-cü dərəcəli Müqəddəs Vladimir ordeni ilə təltif olunmuşdur.
1905-ci il erməni-müsəlman davası zamanı müxtəlif vaxtlarda Bakı, Naxçıvan, Yerevan, Yelizavetpol və Şuşa şəhərlərində qırğının dayandırılması, zərər çəkmiş müsəlmanlara yardım edilməsi işinə rəhbərlik etmişdir.
Əlahəzrət tərəfindən 6 oktyabr 1905-ci ildə 3-cü dərəcəli Müqəddəs Vladimir ordeninə layiq görülmüşdür.
Ə.Axundzadə 1907-ci il 18 noyabrda vəfat etmiş, Tiflisdə M.F.Axundovun dəfn olunduğu “Nəbatat bağı”nda torpağa tapşırılmışdır.
3 dəfə ailə həyatı qurub. Üçüncü nigahı Sona xanım Cavadbəy qızı ilədir. Vəfat etmiş birinci həyat yoldaşı Ummu-Sələmə Abdul-Əlibəy qızından beş övladı dünyaya gəlmişdir:
1) 28 dekabr 1879-cu il də Əbdül-Lətif bəy (başqa sənətdə 18 avqust 1877), 2) 28 mart 1880-cı ildə Əbdür-Rəşid bəy, 3) 20 noyabr 1882-ci ildə Asəf bəy, 4) 20 dekabr 1884-cü ildə Validə xanım, 5) 1 may 1887-ci ildə Zabitə xanım.
Vəfat etmiş ikinci həyat yoldaşı Gülarə xanim Hacı Ələkbər qızından 25 sentyabr 1901-ci ildə bir övladı - Asiya xanım anadan olmuşdur. Həyat yoldaşı və uşaqları onunla birlikdə Tiflisdə yaşayıblar.
Ə.Axundzadə vəfat etdikdən sonra ailəsi ağır maddi durumla üzləşib.
Qafqaz Canişinliyinin 6 yanvar 1908-ci il də Zaqafqaziya Ruhani İdarəsinə göndərdiyi № 47 əmrdə bildirilir:
“Canişinin qərarı ilə Əlahəzrətin sərəncamından rəhmətlik Zaqafqaziya Şeyxülislamıının dəfninə və başsız qalmış ailəsinə müavinət olaraq 300 manat verilib.
Bu gün rəhmətliyin dul qalmış arvadı Sona xanım və oğlu universitet tələbəsi Rəşid bəy pul yardımı göstərilməsi üçün Canişinə ərizə ilə müraciət etmişlər. Tələbə Rəşid bəy izah etdi ki, rəhmətlik atasını müalicə etmiş həkimlərin Rudenko, Çudnovsko, Krasovskaya aylıq zəhmət haqqları indiyə qədər ödənilməyib.
Dəftərxana Əbdüssəlam Axundzadənin ağır maddi vəziyyətlə üzləşmiş, həyatda hər bir vəsaitlərdən məhrum olmuş ailəsi uçun, 1907-ci ilə İdarənin saxlanılması üçün ayrılmış məbləğin qalığının İdarə üzvlərinə paylanılacaq pulundan müəyyən miqdarda vəfat etmiş Şeyxülislamıın ailəsinin ehtiyyacları üçün ayrılmasını xahiş edir. Həmçinin, bu ailəyə Tiflis şiə məscidindən pul yardımı göstərilməsinin mümkünlüyü məsələsinin həllinə baxılsın.
Dəftərxana xahiş edir ki, hesabat üçün nəticəsi bildirilsin.”
İmza edən: Hofmeyster rəhbərliyi (Çar Rusiyasında dəftərxanaya, xəzinəyə rəhbərlik edən yüksək rütbəli məmuru)
Müəyyən yardım göstərilsə də, onun ailəsi maddi və mənəvi sıxıntılar içərisində yaşamışdır.
Şeyxülislamın dul qalmış qadını Sona xanım Cavad bəy qızı tərəfindən 14 yanvar 1908-ci ildə edilən № 790-li xahişnamədən sonra 31 iyun 1908-ci ildə Qafqazdakı canişin dəftərxanasından Zaqafqaziya Şiə Ruhani İdarəsinə № 15233 əmr göndərilmişdir ki, Sona xanıma təcili təqaüd təyin olunsun.
İstİfadə olunmuş arxİv materİalları:
ARDTA -fond № 290 təsvir 1 iş № 1508 ; № 1627
təsvir 2 iş № 2612
Şəfiqə Abdullayeva (Əlyazmalar İnstitutu)
İsmayıl bəy Nakamın əsərlərİndə klassİklərİn yerİ
XIX əsr Şəki ədəbi mühitinin yetirdiyi istedadlı şairlərdən biri də Mirzə İsmayıl bəy Nakamdır. O, Dərviş Hacı Məhəmməd Ağanın oğlu, mayor Sədrəddinbəyzadənin isə nəvəsidir. Nakam 1839-1908 illərdə Nuxada yaşayıb yaratmış, 3 böyük ”Divan” yazmış, “Məcnun və Leyli”, “Fərhad və Şirin” poemalarını ”Hədisi- Lətif” və ”Niyaznamə” əsərlərini, qəzəllərdən ibarət “Şeirlər” kitabının müəllifidir. “Həyat” və “Ziya” qəzetlərində alovlu çıxışları və məktubları vardır. M-375 şifrli “Divanı-bədii” əsərindəki (6. s.51) qəzəlində yazır:
Diyari-hicrdə, iqlimi-qəmdə, mülki-həsrətdə,
Nə dürlü kim, bəlavü dərdü qəm var, etmişəm hasil.
Fəğan kim, gülşəni-ümiddə nalan olub axır,
Güli-məqsudə vasil olmayıb, xar etmişəm hasil. (6. s.51b)
Yaradıcılığında Nəvai əlaqələri yüksək dərəcədə görünən şairlərdən biri də İsmayıl bəy Nakamdır. O, “Fərhad və Şirin” poemasında Nəvai yolu ilə getmiş, Fərhadı böyük sənətkar kimi ilk plana çəkmişdir. Seçdiyi “gurqac”, “yakulur”, ”kəc”, ”hadis” və s. rədiflərdə ümumilik vardır. Nakamın da naqabil katiblər haqqında yazdığı qitəsi, Nəvainin ”Səbeyi-Səyyar”ının sonundakı misralarda Füzulinin eyni məzmunlu qitəsi ilə nə qədər yaxındır. Nəvai qəzəllərinin birində yazır:
Zohid sanqa hur, manqa conona gerak,
Cannat sanqa bolsun, manqa mayxona gerak. (2. s. 760)
Nakamın “Gərək” qəzəlindəki ifadəyə baxaq:
Ver badə kim sədaqına gənci rəvan verib,
Düxti-rəz ilə könlümü damad edəm gərək.
Müğbəçə təəllül edib badə verməsən,
Bünyadi-dəhri-ah ilə bərbad edəm gərək. (8. s.388)
Nakam Nabinin əsərlərindən bəhrələnməklə bərabər, Nabiyə məxsus kəlmələrdən istifadə etmiş, son misralarda olan qafiyə və rədifləri öz misralarında işlətmişdir, bu heç də Nabini təqlid etmək deyil, əksinə, sevdiyi ustada cavabdır.
Nabi yazır:
Afət, çeşmin gönüldə olmayan halətmi var,
Çeşmi-fəttanın kibi aləmdə bir afətmi var?(1. s.9)
Nakamda isə:
Pay yarə düşməgə əğyardır növbətmi var,
Sayəsində nəxli-ümüdün məgər rahətmi var?(1. s. 9)
Nabinin qəzəlində:
Sənin rüxsarın alın kim, gülü həmrəyə qalıbdır,
Mənim naləmdə, ey gül, bülbüli-şeydayə dəyər. (1. s.10)
Nakam Nabınin qəzəlinə nəzirə olaraq yazır:
Dəm sərdi-ahım zülfi-ənbərsayə qalıbdır,
Ümüd vüsaliylə dildə həva sevdaya qalıbdır. (1. s.10)
Ə.Müznib (1. s.9) səhifədə “Nakam” adlı məqaləsində yazır: ”Nakam Nabinin mütaliəsindən də lazımınca istifadə etmişdir. (İrəvan, Təşmir, Keysivan,) Nabiyə məxsus olan kəlmələr Nakamın da qəzəllərində görülür, həm də yazdığı nəzirələr daha çoxdur. Hala Nabiliyi anlatan bir vəzn, bir rədif, bir qafiyədə yazılan bir neçə qəzəllərin mütaliələri buraya nəql olunur”.
X.B.Natəvan oğlunun ölümü münasibətilə “Sənsiz” rədifli qəzəlini yazmışdır. Nakam Natəvanın kədərinə öz münasibətini bu “Sənsiz“ rədifli qəzələ nəzirə olaraq “Sənsiz” qəzəlini yazmışdır. Bu qəzəl D-379/7668 şifrli cüngdədir. Bu qəzəl topluda 157 b vərəqindədir (11. s.13/157). Bu qəzəl B-2708/ 4333 şifrli əlyazmanın 2-ci səhifəsində də verilmişdir. Bu qəzələ S.Ə.Şirvani, Hüzni Baba Hacı Saleh, Ə.Ə.Səbur, Məşədi Azərin, və b.da nəzirə yazmışlar. Nakam yazır:
Nigarə aləm olmuşdur bana namehriban sənsiz ,
Günüm qarə, dilim sədparə, halimdir yaman sənsiz. (11. s.13/157)
X.B.Natəvanın qəzəlində isə bu ah-fəğan qəlbi yandıran və üzücüdür:
Bahar ayamıdır açılıbdı güllər, ey cavan, sənsiz,
Təəssübdür nədən divanə olmaz Natəvan sənsiz.
(11. s. 13/157)
Nakam B-8007/11888 şifrli əlyazmada Nəsimi poeziyasının gözəlliyini öz qəzəllərində canlandırmış və B-4175 şifrli əlyazmada (8. s.54a) vərəqindəki qəzəlində bir qədər dəyişiklik edərək yazır:
Sən bana yar ol ki, könlüm bir dəxi yar istəməz,
Könlümün dildarı sənsən özgə dildar istəməz .(8. s.54a)
Nəsimidə isə bu qəzəl belə yazılmışdır:
Sən sana gər yar isən var, ey könül, yar istəmə,
Yarü dildar ol sana, sən yarü dildar istəmə. (10. s. 197)
Nakam “Eylədi”qəzəlində dəyişiklik etmiş olsa da, məzmunda oxşarlıq çoxdur:
Firqətin dərdi nigara bağrımı qan eylədi,
Rüzgar oldu müxalif vəsli hicran eylədi.(9. s. 54a)
Nəsiminin qəzəlində isə mənaca oxşarlıq olsa da şəkilcə ayrıdır:
Ayrılıqdan yar mənim bağrımı büryan eylədi,
Özünü bir yana saldı, məni bir yan eylədi. (10. s. 200)
Nakamın Füzuliyə nəzirələrini alimlərimiz F.Qasımzadə, M.Quluzadə, Ə.Müznib və b. epiqonçuluq kimi qiymətləndirmişlər. Nakam Füzuli qəzəllərinə nəzirə və təzminlər etmişsə də çox ləyaqətli, səliqəli, forma, dil, üslub və məzmun baxımından öz məhsulunu yaratmış, ustadına olan sevgisini davam etdirməklə klassik ədəbiyyatın davamına nəhayət vermişdir. Professor M.Quluzadə Füzuli lirikasının özbək əlaqələrindən danışarkən yazır: ”Yarışa girişən şair ədəbi fikri irəliyə aparmalı, ondan əvvəl yaradılmış əsərdən yüksəkdə və ya heç olmazsa onunla yanaşı durmağa layiq orijinal əsər yaratmalıdır”.(4. s. 213)
Nakamin İbrahim Həqqi şeirlərindən təsirlənməyi də aşkardır. Böyük sənətkarların təsiri Nakamın ədəbi tarixi sima kimi formalaşmasına böyük təsir etmişdir. (M.Rafili) F.b.Köçərli “Azərbaycan ədəbuyyatı” adlı kitabında (3. 287 )-ci səhifədə yazır: “Nakamın İ.Həqqi həzrətlərinə bir misraını mütəzəmmin inşa qıldığı tərcibənd dəxi şayani-diqqəti-əhli-ürəfa və şüəra olduğundan burada eyni ilə təhrir olunur”:
Nə intizam bulmuş idi nəzmi-kainat,
Nə olmuş idi zatə əta kisveyi-sifat.
Nə gəlmiş idi zahirə eyni təəyyünat,
Nə kambəxş vəsl idi abayə ümməhat.
Nə kəşf idi nükati-müəmmayi-hadisat,
Nə əql idi məşvəşi-rəmzi-təəllüqat.
Nə dil səqimi-keşməkeşi-inü an idi,
Dəmlər o dəmlər idi, zaman ol zaman idi. (3. s. 287-288)
F.b.Köçərli fikrini belə bitirir: “Füzuli dəxi bu mətləb üstündə xeyli gözəl kəlami-bəlağətsənci-ilə rişteyi- nəzmə çəkib nəticeyi-kəlamda bu beyti demişdir”:
Əlqissə , vücud dami-qəmdir,
Azadələrin yeri ədəmdir. (3. s. 289)
Şair bu fikirlərini belə çatdırır:-“Ol zamanda intizami-aləm bir qayda təhtinə girməmişdi, zatə kisveyi-sifat əta olunmamışdı, müəmmayi-hadisat kəşf olunmamışdı, vücudi-insan nəfsi-əmmarə əlində əsirü sərgərdan deyildi, azadə idi. Hal bu üzrə ikən zillət və aşüftəlik zamanı irişdi və vücudi-insanı qeyd etmək üçün min cürə riştələr və zəncirlər tərkib olundu və şair Nakam dəxi aləmi-nasutə xarü zar gəlib, küdurət məhbəsində əsir və muqəyyəd oldu”.(3.s. 289)
Nakamın Həbibi qəzəllərinə tutqunluğu nəzirə olaraq tənzim qıldığı bu tərcibəndində şairin nitq dərəcəsini və şeir fənnində olan məharətini və qabiliyyətini göstərir. Bu kəlamda elə fərdlər var ki, ən böyük türk şairlərinin kəlamından onları ayırıb kənar etmək mümkün deyil. Nakam da eynilə 7 bənddən ibarət müsəddəs yazmışdır. Bu Həbibinin yaradıcılığının zirvəsi sayılan ”Dedim-dedi” müsəddəsinə cavabdır. Füzulinin Həbibiyə cavab olaraq yazdığı bu müsəddəsdə bədii surətlərin xeyli dərəcədə cilalandığı, sadələşdiyi nəzərə çarpır: Şeirə baxaq:
Şiddət bulub könüldə təəşşüq əsərləri,
Çevrəmdə huyü hay ilə ətfal ləşkəri,
Çəkdi hərimi-yarə məni eşq rəhbəri,
Əhvalımı xərab görüb dedi ol pəri:
Divanəsən, nəsən, nə olub sənə?-Dedim:
Məftuni-ceşmi-sahiri-fəttanınam sənin. (3. s.286)
B-4175/5800/ şifrli əlyazmada Nakamın şeirləri içərisində Füzulinin:
Sərvi-azad qəddinlə mənə yeksan görünür,
Nəyə sərgəştə olan baxsa xuraman görünür. (9. s.54)
Şair burada “qədinilə” və “eksan” (12. s.68) sözlərində dəyişiklik etmiş və sonda adını dəyişmiş, görünür misraları saxtalaşdırmamış, şairin fikirlərinə şərik olduğunu bildirmişdir. Bundan əlavə ”Görünür“ rədifli bir neçə qəzəlində isə şair öz ustalıq məharətini göstərə bilmişdir.
O,”Leyli və Məcnun “ əsərində verdiyi lirik ricətdə deyir:
Can vermə qəmi-eşqə ki, eşq sadiqi candır,
Eşq afəti-can olduğu məşhuri cahandır. (5. s. 68)
Nakam həmin qəzəlin təsiri ilə B-4175/5800 şifrli əlyazmada yazir:
Can vermə neyim eşqinə ki, eşq afəti candır,
Eşq afəti-can olduğu məşrəsi ruhi rəvandır .
Ey əbrui-xəm qətlinə bir xəncəri xövnəriz,
Hər zülfi-siyah, qəsdi-nigar, əfi ilandır. (9. s. 24)
Molla Pənah Vaqif “Görmədim” rədifli şeirində dövründən şikayətçi kimi, ittihamçı, hücumçu kimi sözə başlayır:
Mən cahan mülkündə mütləq doğru halət görmədim,
Hər nə gördüm ,əyri gördüm, özgə babət görmədim.
(10. s.369)
Nakamda isə dövrandan və aşiqin şikayəti gözələ xitabən söylənilmişdir.
Gəzmişəm gülşəndə bu bir sən kimi güli görmədim ,
Qamət mina kibi bir zülfi-sünbüli görmədim.
Oxuyur gülşəndə bülbüllər və xoş dili görmədim,
Fanidə eşq atəşindən üzü müşküli görmədim. (9. s .20 b)
Göründüyü kimi romantik ruhlu, maarifpərvər, saf düşüncəyə malik olan, savadlı və tələbkar çıxışları ilə ürəklərdə qorxu yaradan şairin əsərlərinin üzə çıxmaması, sabahının bu günə qədər parlamadığının səbəbləri məhz budur.
Şirin dili, ləhcəsi, məzəli ifadələri ilə seçilən Nakamın D-831/ şifrli əlyazmasındakı bu maraqlı, məzmunlu misrası diqqəti cəlb etməyə bilməz:
Bəni məst eyləyən, bu gözləri xumar imiş, bilirəm,
Bəni nalan edən, bir də xalları gülnar imiş, bilirəm. (7. s.1)
Bu da Nakamı Füzuli ədəbi məktəbinin davamçısı sıralarına daxil etməyə haqq qazandırır. O, “dövrünün fəryadı, üsyankarı olmuşdur”.
Ədəbİyyat:
1.Əlabbas Müznib. Seçmə parçalar. ( 1928) Bakı. Azərnəşr.
2.Əlişir Nəvai. Əsərləri. (1987) I-cild. Daşkənd.
3.F.B.Köçərli. (1981) Azərbaycan ədəbiyyatı. 2-ci cild. Bakı. ”Elm nəşriyyatı”.
4.Quluzadə Mirzağa. Füzulinin lirikası.(1965) Bakı Azərbaycan SSR EA nəşriyyatı.
5.Məhəmməd Füzuli. Seçilmiş əsərləri. (1958) Bakı.
6.Nakam. Divani bədii. (1897) M-375 şifrli əlyazma Nuxa.
7.Nakam. Qazixanə dəftəri (1898-1908) D-831 şifrli əlyazma. Nuxa.
8.Nakam. (1901) B-8007/11888 şifrli əlyazma.
9.Salman Mümtaz Cüng. (1896-1902) B-4175 şifrli əlyazma. Bakı.
10.Ə.Səfərli, X.Yusifov (1982) Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı Maarif nəşriyyatı.
11.D-379/7668 şifrli əlyazma.
12.M. Füzuli. Seçilmiş əsərləri.1958.Bakı. Dövlət nəşriyyatı.
Dostları ilə paylaş: |