Ədəbİyyat:
-
Abdukelimi B. Uyğur türklərinin dini inanışları. Yüksek lisans tezi (basılmamış). Ankara: 2006, 145 s.
-
Çandarlıoğlu G. Uygur Devletleri Tarihi ve Kültürü (Çin Kaynakları ve Uygur Kitabelerine Göre). İstanbul: Türk Dünyası Araştırmalar Vakfı, 2004, 156 s.
-
Chuastuanit, das bussgebet der Manichäer, hrsg. und übers. von W. Radloff. St. Petersburg: Buchdruckerei der Kaiserlichen akademie der wissenschaften, 1909,
-
Le Coq A.von, Müller F.W.K. Chuastuanift. Ein sündenbekenntnis der Manichaischen auditores. Gefunden in Turfan (Chinesisch- Turkistan), Yahre: Reimer in Komm, 1911, 43p.
-
Le Coq A.von. Chuastuanift, ein Sündenbekenntnis der manichaischen Auditores. Gefunden in Turfan (Chinesisch-Turkistan). Berlin: (APAW. Phil.-hist. Cl. 1910. Anhang: Abhandlungen nicht zur Akademie gehöriger Gelehrter. 4.) [Reprint in: SEDTF 1, 564-604].
-
Rəcəbli Ə.Ə. Qədim türk yazısı abidələri, 4 cilddə. III cild. Qədim uyğur yazızı abidələri. II hissə. Bakı: Elm və Təhsil, 2010, 499 s.
-
Sodiqov Q. Turkiy til tarixi. Toshkent: Toshkent Davlat Sharqshunaslik institutu, 2009, 368 s.
Mətanət Muradova
(Əlyazmalar İnstitutu)
Türk alİmİ Kamal Paşazadənİn əsərlərİ Azərbaycanda
XVI əsrdə yaşayıb-yaratmış böyük Osmanlı alim, şair və tarixçisi Kamal Paşazadənin elmin bütün sahələrinə aid bir çox əsərləri vardır. Qaynaqlar alimin əsərlərinin sayının 100, 300, 400, hətta 500 olduğunu göstərməkdədır. İslam Alimləri ensiklopediyası üç dildə yazılmış əsərlərin sayının 219 olduğunu xatırladır və onları aşağıdakı bölgüdə təqdim edir: 19-u türk, 7-si fars və 183-ü isə ərəb dilində yazılmışdır. Biblioqrafik mənbələrdən əldə etdiyimiz məlumata görə müəllifin əsərlərinin 36-sı Əhməd Cövdət Paşa tərəfindən nəşr olunmuşdur. Müəllifin müxtəlif elm sahələrindən bəhs edən əsərləri arasında kəlam elminə aid “Risalətül-Mümeyyizə” və “Risalətün fi əvsafi ümmil-kitab”, əqaidlə bağlı “Müfərricül-Qürub”, üsuldan bəhs edən “Təğyirüt-tənqih”, hədis elminə aid “Şərhu hədisi-ərbəin”, dilçilik elminə həsr etdiyi “Gəlatatil-əvam” və “əl-Fəlah şərhil-Məran” adlı əsərləri elm aləminə məlumdur.
Müəllifin “Risalətün fi bəyanil-vücud” adlı əsəri Midhəd Əfəndi tərəfındən “Ləaliyi Məani” adı ilə türk dilinə tərcümə edilərək yayınlanmışdır.
Kamal Paşazadənin islam huququndan bəhs edən “Təfsirül-Quran”, “Hədisi- ərbəinnin tərcüməsi”, “Fətva Məcmuəsi”, “Hidayənin şərhi”, “Hədiqatül-Əshar” və “Şərhü viqayə” kimi əsərləri də vardır.
Ərəb və fars dillərini mükəmməl bilən Kamal Paşazadə sərf və nəhvə aid fars dilində “Daqaiqül-Həqaiq”, “Mühitül-Luğat” adlı ərəbcə farsca lügət tərtib etmişdir.
Sədi Şirazinin “Gülüstan” əsərinə nəzirə olaraq türk dilində yazdıgı “Divan"ı, 1313/1895-ci ildə İstanbulda nəşr olunmuşdur. Onun Şeyxülislam Yəhya Əfəndi tərəfındən fars dilindən türk dilinə etdiyi tərcümə “Nigaristan” və 7777 beytlik “Yusif və Züleyxa”sı onu ədəbi əsərlər müəllifi kimi də tanıtmaqdadır. Onun Yavuz Sultan Səlimin vəfatı ilə bağlı bir mərsiyə də vardır.
Kamal Paşazadə ədəbi mühitə bacarıqlı tərcüməçi kimi də təqdim olunur. Kamal paşazadənin bir sıra tərcümə əsərləri də vardır. Mənbələr onun tərcüməçilik fəaliyyətindən bəhs edərək ən önəmli nümunə kimi İbn Təğribinin “ən-Nücümuz-zahirə fi Mülük-i Misr vəl-Qahirə” əsərinin ərəbcədən türk dilinə tərcüməsini göstərilər. O bu əsəri Yavuz Sultan Səlimin əmri ilə türk dilinə tərcümə etmişdir.
AMEA Əlyazmalar İnstitutunda Kamal Paşazadənin ilkin olaraq hələlik 4 əsərini aşkarlamışıq. Bu əsərlərdən ikisi ərəb dilindədir. Bunlar “Risalət fi tabaqat əl-fuqaha” və “Şərh tərixi İbn Kamal Paşa” adlanır. “Risalət fi tabaqat əl-fuqaha” əsərinin adı bəzi mənbələrdə “Tabaqatul-fuqaha” kimi də verilir. Bu risalənin hələlik xəzinəmizdə 4 nüsxəsini ilkin olaraq aşkarlamışıq. A-100, B-5135, B-3978, B-6491 şifrələr altında qorunub saxlanan bu nüsxələr XVI-XVIII əsrlərdə köçürülmüşdür. (“Kamal Paşazadə və onun “Tabaqat” əsəri “haqqında geniş məlumatı Azərbaycan Milli Elmlər Akademiyası akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu görkəmli şərqşünas alim, akademik Vasim Məmmədəliyevin anadan olmasının 70 illiyi münasibətilə “Azərbaycan şərqşünaslıq elminin inkişaf yolları” mövzusunda keçiriləcək Beynəlxalq Elmi Konfransa təqdim etmişəm).
Kamal Paşazadənin tarixə aid olan ən mühüm əsəri “Təvarixü ali Osman” əsəridir. O, “Təvarixi ali-Osman” əsərini Sultan İkinci Bəyazid Xanın (1481-1512) sifarişi ilə yazmışdır. Mənbələrin yazdığına görə “O, Bəyazid İdris Bitlisiyə Osmanlı tarixini farsca yazmağı əmr etmiş, Kamal Paşazadədən isə hamının başa düşəcəyi bir dildə - türk dilində bir tarix əsəri yazmasını istəmiş və bunun müqabilində ona 30.000 min axca vermişdir”. Hər padışahın tarixi dövrünü bir cilddə yazan Kamal Paşa 1510-cu ilə qədər olan dövrü əhatə edərək Sultana həsr etdiyi səkkiz cildlik tarixi əsər ərsəyə gətirmişdir. Sonralar isə Qanun Sultan Süleymanın əmri ilə əsəri qaldığı yerdən davam edərək, Mohac Səfəri sonuna qədər (1527) olan tarixi dövrü yazmışdır. Beləliklə, “Təvarixi ali-Osman” əsəri Osmanlı dövlətinin yarandığı vaxtdan, 1527-ci ilə qədər olan 234 illik tarixi əks etdirən on cildilik dəyərli bir mənbə olaraq ortaya qoyulmuşdur.
“Təvarixi ali Osman” əsərinin dünyanin bir çox kitabxana və əlyazma xəzinəsində onlarla əlyazma nüsxələri və əski çap kitabları qorunub saxlanır. Bu tarixi abidənin nüsxələri Türkiyə kitabxanalarında daha geniş yayılmışdır. Əlyazmalar İnstitutunda “Təvarixi ali Osman” əsərinin ilkin olaraq 2 əski çap nüsxəsini aşkarlamışıq. Bu nüsxələr aşağdakı şifrələr altında xəzinəmizdə qorunub saxlanır IX-392, XVI-77 şifrəsi altında mühafizə olunan nüsxə üzərində bir qədər dayanmaq istərdik. H.1327/1909-cu ildə İstanbulun “Mahmud bəy və Rəsmli kitab” mətbəəsində nəşr olunub, həcmi 311 səhifədir. Kitabda XV əsrdə Osmanlı tarixində baş verən mühüm hadisələr xronoloji ardıcıllıqla təhlil edilir. Çələbi Sultan Məhəmmədin hakimiyyət dövründə mərkəzi Ağşəhər olan Qaraman hökuməti məğlub edilib, Osmanlı dövlətinə qatılır. Çələbi Sultan Məhəmməd dövründə Şeyx Bədrəddin hadisəsi, Düzmə Mustafa fitnələri baş vermiş və bu hadisələr mərkəzi hökumət tərəfindən yatırılmışdır. Həmin tarixdə Şirvan hakimi Sultan Xəlilin Teymur nəslindən olan Şahruxa qarşı ittifaq bağlamaq barədə məktubu, Çələbi Sultan Məhəmmədin Şahruxu geri çəkilməyə məcbur etməsi qeyd olunur. Burada eyni zamanda II Sultan Murad dövründə baş verən tarixi hadisələr və Albaniyada İsgəndər bəyin üsyanından bəhs olunur. Həmin kitabda eyni ilə bu əsərin IV cildi verilib və qeyd olunub ki, h.1327/ 1909-da, “İstanbul Mahmud bəy və rəsmli kitab” mətbəəsində nəşr olunub, həcmi 256 səhifədir. Bu nüsxədə Fateh Sultan Məhəmmədin hakimiyyəti dövrü təhlil edilir. Bu dövürdə Osmanlı dövlətinin daxili və xarici siyasəti, İstanbulun fəthi üçün görülən hərbi hazırlıqlar, Bizansın son imperatoru Konstantinin müqabil tərəfə qarşı hərbi hazırlığı, onun Avropadan gözlədiyi hərbi yardımı ala bilməməsi təsvir edilir.
Kamal Paşanın digər bir tarixi əsəri IX-392 şifrəsi altında saxlanır və “Tarixi-siyasi dövləti-ülyeyi-Osmaniyyə” adlanır. Əsər İstanbulda “Əhməd İhsan” mətbəəsində h.1325/1907-də nəşr olunub, həcmi 6+48+329 səhifədir. Bu abidə XIV əsrin əvvəllərindən XVI əsrin sonuna qədər olan Osmanlı tarixini, Sultan Osman, I Sultan Məhəmməd, II Sultan Murad, II Sultan Məhəmməd dövründən, İstanbulun 1453-cü ildə Sultan Məhəmməd Fateh tərəfindən fəth edilməsi, Sultan Bayazid, I Sultan Səlim, Sultan Süleyman, II Sultan Səlim, III Sultan Murad, Sultan Məhəmməd hakimiyyətinə qədər Osmanlı dövlətinin Yaxın Şərq və Avropa dövlətləri ilə siyasi münasibətləri əks etdirir.
İslam Alimləri Ensiklopediyasından və internetdən aldıgımız məlumatlara görə Kamal Paşazadənin “Divan”ı da vardır. Bu əsərin Türkiyə kitabxanalarında on əlyazma və bir neçə əski çap nüsxəsi qorunub saxlanır. Əlyazmalar İnstitutunda isə hələlik Kamal Paşazadənin “Divan”ının yeganə əski çap nüsxəsini ilkin olaraq aşkarlamışıq. Bu abidə IX-435 şifrəsi altında mühafizə olunur. “Divan” münacat, nətlər, iki qəsidə, məsnəvi tərzində mənzumələr, 400-dən artıq qəzəl və çoxlu müqəddadan ibarətdir. Əsərin bu əski çap nüsxəsi h.1313/1895-də İstanbulda Dəru-səadətdə “Əqdəm” mətbəsində nəşr olunub, həcmi 189 səhifədir. Divanın tənqidi nəşrini Türk alimi Mustafa Dəmirəl İstanbulda 1996-cı ildə həyata keçirmişdir .
Bütün bunları nəzərdən keçirdikcə belə bir qənaətə gəlmək olar ki, Kamal Paşazadə özündən sonra zəngin bir irs qoyub getmişdir. Bu irsin öyrənilməsi isə ayrıca bir tədqiqat işinin mövzusudur.
İradə Qaİbova
(Əlyazmalar İnstitutu)
Böyük Azərbaycan xəttatı Abdulla Seyrəfİ Təbrİzİ yaradıcılığının əsas xüsusİyyətlərİ və onun «Adab ul-xətt» əsərİ haqqında
Bəşər övladı kamala yetişdikcə başlanğıcı və sonu olmayan zamanı müxtəlif meyarlarla – Yerin, Ayın, günəşin dövrünə, təbiətin həqiqətləri və çalarlarına, öz həyatında baş verən mühüm hadisələrə, böyük dəyişikliklərə görə günə, aya, ilə, fəsillərə, əsrlərə böldü, həyatını, fəaliyyətini bu bölgülərə əsasən tənzimləyib çərçivəyə saldı, keçmişini səhifələrə ayırdı. Amma özünün saysız-hesabsız yaratdıqları var ki, bu bölgüyə, çərçivəyə sığmadı, zamanla birgə keçib getmədi, zamanın fövqündə dayandı, hər zaman dəyərli və mühüm oldu. Bu gün özümüzü bəşəriyyətin inkişafının yüksək bir pilləsində hiss edərkən, çox-çox keçmişlərdə bəşər övladının əli ilə yaradılmışlar, dəyəri və möhtəşəmliyi hansısa çərçivəyə sığmayan maddi və mənəvi miras qarşısında heyran qalır, daima ona üz tutub bəhrələnirik. O miras bəşəriyyətin kökünü, kimliyini, tarixini, maddi və mənəvi fəaliyyətinin bütün cəhətlərini əhatə edən hədsiz-hüdudsuz bir xəzinədir. Bu xəzinənin yaranmasında və yaşamasında Azərbaycan xalqının xidməti, payı olduqca dəyərli, mühüm və əzəmətlidir. Şübhəsiz, istər Azərbaycan milli maddi-mənəvi irsinin, istərsə də bütövlükdə dünya maddi-mənəvi mədəniyyət xəzinəsinin ən yüksək məqamı əlyazma kitabına məxsusdur. Əsrlər boyu kağız istehsal edən səhhafların, cildçilərin, rəssamların, nəqqaş-müzəhhiblərin böyük zəhməti və məharəti sayəsində ərsəyə gələn əlyazma əsərləri katib və xəttatlar olmadan yarana, var ola bilməzdi.
Zamanın orta əsrlər adlandırdığımız böyük bir hissəsində əlyazma abidələrinin yaradıcılarının – katib və xəttatların bir çoxu yalnız yazı yazmaqla kifayətlənməmiş, kitab mədəniyyətinin digər sahələrinin, bütövlükdə yazı işinin, xətt növlərinin bütün incəliklərinin bilicisi, öyrədəni olan ustad – müəllim, yazının və xətt növlərinin tarixini, inkişaf yollarını araşdırıb tədqiq edən, yeni xətt növləri icad edən, həm də bu sahədə pedaqoji vəsaitlər yaradan, elmin-ədəbiyyatın müxtəlif sahələrini mükəmməl mənimsəmiş alimlər, fəaliyyəti, istedadı yalnız əlyazma əsərləri ilə məhdudlaşmayan böyük sənətkarlar olmuşlar. Bu cəhət Azərbaycan katib-xəttatlarına da aiddir və XIV əsrdə yaşayıb yaratmış Abdulla Seyrəfi Təbrizinin fəaliyyəti və yaradıcılığı bunun gözəl nümunəsidir.
Böyük Azərbaycan xəttatı Abdulla Seyrəfi ibn Mahmud Sərraf Təbrizinin həyatı haqqında məlumat çox azdır. Anadan olduğu tarix məlum deyildir. Onun həyatı monqol yürüşləri və işğalçılıq siyasətinin nəticəsi olaraq, əsası Çingiz xanın (1155-1227) nəvəsi Hülakü xan (1217-1265) tərəfindən qoyulmuş Hülakülər sülaləsinin – Elxanilərin hakimiyyəti dövrünə (Elxanilər, yaxud İlxanilər dövləti; 1256-1357) təsadüf etmişdir. Müxtəlif mənbələrdən əldə edilən məlumatlara əsasən, o, Ölcaytu Sultan Məhəmməd Xudabəndənin (h.q. 702-716 / miladi təqvimi ilə 1304-1316) dövründə yaşamışdır. Lakin 1342-ci ildə vəfat etdiyini (bu, təqribi rəqəmdir) nəzərə alsaq, deyə bilərik ki, Əbu Səid (1316-1335), Məhəmməd xan (1336-1338), Məhəmməd Ölcaytunun qızı Satibəy xatun (1339-1340), Süleyman xan (1340-1344) və digər elxani hökmdarlarının da müasiri olmuşdur. Yazının incəliklərini və sirlərini Mübarəkşah Qütb Zərrinqələm Təbrizi, Mir Heydər Qondenevis, Yusif Məşhədi kimi böyük xəttatlardan öyrənmiş, onların şagirdi olmuşdur. Xatırladaq ki, bu görkəmli katib-xəttatların hər üçü müsəlman Şərqində bədii xəttatlıq nəzəriyyəsinin əsasını qoymuş görkəmli ərəb katib-xəttatları İbn Müqlə və İbn Bəvvabın (X-XI əsrlər) davamçısı və bu nəzəriyyəni inkişaf etdirən mahir ustad Cəmaləddin Yaqut Müstəsiminin (XIII əsr) «ustadani-sittə», yəni «altı ustad» kimi məşhur olan mahir şagirdlərindən olmuşlar. Onlar Yaqutun adı ilə imza atmaq səlahiyyətinə malik olmuşlar. Qeyd etmək lazımdır ki, Abdulla Seyrəfinin mahir katib-xəttat kimi yetişib inkişaf etməsində orta əsrlərdə Azərbaycanda xəttatlar şəcərəsinin başlanğıcı hesab edilən Mübarəkşah Qütb Zərrinqələmin (XIII-XIV əsrlər) xüsusi xidməti olmuşdur. Abdulla Seyrəfi adlarını çəkdiyimiz katib-xəttatların sayəsində Yaqut Müstəsimi sənətini mükəmməl surətdə əxz etmiş, onun davamçılarından hesab olunmuş, xüsusilə nəsx və süls xətləri üzrə onu öz dövrünün Yaqutu adlandırmışlar. Hətta bəzi mənbələrdə Azərbaycan və İran katib-xəttatları şəcərəsinin məhz Abdulla Seyrəfi Təbrizidən başlandığı bildirilmişdir. Xatırlatmaq istərdik ki, bəzi müəlliflər səhvən Abdulla Seyrəfini Yaqut Müstəsiminin bilavasitə altı məşhur şagirdindən biri kimi təqdim etmişlər. Məsələn, Mirhəmzə bin Mustafa Əfəndi (XIX əsr) özünün «Xətt və xəttatan» əsərində Abdulla Seyrəfini Mübarəkşah Qütb, Şeyx Əhməd Sührəvərdi və b. ilə yanaşı Y. Müstəsiminin bilavasitə şagirdləri sırasında təqdim etmişdir [3, s. 30].
Qeyd edək ki, VII-VIII əsrlərdə ərəb işğalına və hücumlarına məruz qalmış bir çox Yaxın və Orta Şərq ölkələri kimi, Azərbaycan da nəticə etibarı ilə təkcə İslam dinini və ərəb xilafəti hakimiyyətini deyil, ərəb əlifbasını, ərəb yazısını da – ilk dövrdə kufi və nəsx xəttini – qəbul etməli olmuşdur. Sonrakı dövrlərdə kufi və nəsx xətləri əsasında yeni xətt növləri yaranmış və yəqin ki, İslamla birgə gəldiyi, ilk növbədə Qurani-Məcid, ona dair təfsirlər, şəriət qanunları və ümumiyyətlə, dini mövzuda əsərlərin yazılması üçün və İslam aləmində tətbiq edildiyinə görə həmin xətt növləri bəzi hallarda islami xətlər kimi təqdim olunmuşdur. Abdulla Seyrəfi Təbrizi ərəb əlifbası və kufi, nəsx xətləri üzərində yaradılmış bütün klassik ərəb xətt növlərinin, yəni «xotuti-sittə» – süls, nəsx, mühəqqəq, reyhani, toqi və rüqədən ibarət «klassik altı xətt»in və xüsusən isə süls və nəsx xətlərinin mükəmməl bilicisi, mahir icraçısı olmuşdur. Mənbələrdən əldə edilən məlumatlara əsasən deyə bilərik ki, həyatını elə doğma Təbriz şəhərində keçirmişdir. Vəfatı tarixinə gəldikdə, bu haqda fərqli məlumatlar mövcuddur: bəzi mənbələrdə hicri təqvimi ilə 742-ci (1340/1341) və ya 744-cü ildə (1342/1343), bəzi mənbələrdə isə 753-cü ildə (1352) vəfat etdiyi bildirilir. Lakin onun indiyədək qorunub saxlanılmış əl işləri altında özünün qeyd etdiyi məlumatlara – tarixə əsasən deyə bilərik ki, hicri təqvimi ilə 750-ci ildən əvvəl vəfat etmişdir. Həm də nəzərə alsaq ki, indiyədək onun h.q. təqvimi ilə 744-cü ildən sonrakı tarixə aid heç bir əl işi aşkar edilməmişdir, bu səbəbdən 744-cü ilin üzərində də dayanmaq olar. Qeyd edək ki, Türkiyənin «İslam muzeyi»ndə qorunub saxlanılan və Abdulla Seyrəfi tərəfindən üzü köçürülmüş Quran nüsxəsinin altında xəttatın özü tərəfindən h.q. təqvimi ilə 744-cü ildə yazıldığı bildirilir.
Abdulla Seyrəfi Təbrizdə vəfat etmiş və elə həmin şəhərdə Çərəndab məqbərəsində mövlana Əbdülsəmədin məzarı yaxınlığında dəfn edilmişdir.
Abdulla Seyrəfi ibn Mahmud Sərraf Təbrizi mahir kaşı ustası olmuş, kaşı yonmaq və kitabə yazmaq, xüsusilə kaşılı kərpiclər üzərində kitabə yazmaq baxımından təkcə Təbriz şəhərində deyil, ümumiyyətlə həmin dövrdə Şərq aləmində tanınmış və ən məharətli kitabə yazan hesab olunmuşdur. Müxtəlif mənbələrin təsdiqlədiyi kimi, o dövrdə Təbrizdəki binaların üzərindəki kitabələrin əksəriyyəti Abdulla Seyrəfinin əllərinin məhsulu olmuşdur. Onlardan bəzilərini xatırlatmaq istərdik: «Darüssəltənət imarətləri» («Ali hökmdarın iqamətgahı binaları»), xüsusilə «Ustad və şagird imarəti»nin daxili və xarici kitabələri, günbəzlərin kəmər hissələri, qapıların üzərindəki ecazkar yazılar, məşhur monqol əyanlarından olan Əmir Çobanın oğlu Dəməşq Xacəyə məxsus olan binalardan biri – «Darüssəltənətin Dəməşqiyyə mədrəsəsi» binasındakı tağın üzərində həkk olunmuş kitabə, Təbrizin şəhərətrafı Vəlyənkuh məhəlləsindəki binaların kitabələri, Süleymaniyə qəsəbəsinin yaxınlığında yerləşən məscid binasının pəncərəsi üzərində həkk olunmuş beyt və s. kitabələr. XVI əsr İran alimi və tarixçisi Qazi Əhməd Qumi orta əsrlərdə yaşayıb yaratmış xəttatlar və naqqaş-rəssamlar haqqında yazdığı əsərdə («Трактат о каллиграфах и художниках») Abdulla Seyrəfi Təbrizinin bu sənət sahəsində möcüzələr yaratdığını bildirmişdir. O bu əsərdə Süleymaniyə yaxınlığındakı məscid binasında daş üzərində həkk olunmuş beyt haqqında maraqlı bir hadisəni də xatırladaraq yazmışdır: «…Мирза-султан-Ибрахим ибн-мирза-Шахрух, признанный мастер почерка сульс, послав в Тавриз, велел перевезти этот стих, который был написан его [т.е. Абдаллаха Сейрафи] письмом, и установил во дворе здания, что находится среди соборной мечети царского города Шираза и которое построено в месяцах 820 года ». («...Süls xəttinin mahir ustası Mirzə Sultan İbrahim ibn Mirzə Şahrox Təbrizə adam göndərib buyurdu ki, onun (yəni Abdulla Seyrəfi) tərəfindən yazılmış şeir parçasını götürüb gətirsinlər. Həmin yazını həşəmətli Şiraz şəhərindəki cümə məscidinin ərazisində 820-ci ildə (1417/18) tikilmiş binanın həyətində yerləşdirdi».) [8, s. 70].
Abdulla Seyrəfi Təbrizi ərəb və fars dillərini mükəmməl bilmiş, öz dövründə mövcud olan ərəb qrafikalı yazı növlərinin xüsusiyyətləri, incəlikləri, tətbiq olunduqları məqamlar və sahələr barədə hərtərəfli biliyə malik olmuşdur. O təkcə mahir icraçı deyil, həm də ixtiraçı katib-xəttat olmuşdur. Abdulla Seyrəfi müsənna – ikili, «güzgülü» (yazının eyni şəkildə, güzgüdə olduğu kimi əks olunması) xətt növünü icad etmiş, beləliklə də, kitab mədəniyyətinin, yazının imkanlarını artırıb genişləndirmişdir. O bu icadı ilə Şərq maddi-mənəvi mədəniyyətinə tamamilə yeni bir çalar bəxş etmişdir.
Qeyd etmək lazımdır ki, orta əsrlərin öncəki və sonrakı yüzilliklərində olduğu kimi XIV əsrdə də aydın və gözəl xətlə, həm də savadlı yazmaq xüsusi bir imtiyaz hesab olunmuş, gözəl xətt sahibləri həmişə lazımlı və mühüm olmuşlar. Katiblik və xəttatlıq mədrəsələrdə ayrıca fənn kimi tədris olunmuş, imkanlı şəxslər öz övladlarının gözəl xəttə yiyələnməsinə xüsusi diqqət yetirmişlər. Dini məzmunlu əsərlərin yazılması, xüsusilə Qurani-Kərimin üzünün köçürülüb artırılması həmin dövr kitab mədəniyyətində xüsusi bir əhəmiyyətə və dəyərə malik olmaqla yanaşı, həm də olduqca məsuliyyətli bir iş olmuşdur. 1258-ci ildə ərəb xilafətinin – abbasilər sülaləsinin hakimiyyətini devirərək böyük bir ərazini zəbt etmiş monqol işğalçıları zəbt etdikləri ərazilərə özləri ilə bərabər bütpərəstliyi də gətirmiş, lakin bərqərar edib yaşatmağa qadir olmamışlar. Bir müddət sonra isə yerli əhali arasında nüfuz qazanmaq və öz hakimiyyətlərini möhkəmləndirmək məqsədilə, bəlkə həm də səmimiyyətlə, inam-əqidə ilə islam dinini qəbul etmişlər. Monqol hökmdarı Qazan xan öz hakimiyyəti dövründə (1295-1304) bu baxımdan ciddi, olduqca cəsarətli və çox mühüm bir addım atmış, bütpərəstlikdən üz döndərib İslamı qəbul etmiş, onu yenidən dövlət dini elan etmişdir. Bu addım İslamın və Ulu tanrının mətni olan Qurani-Kərimin yenidən həyatın bütün sahələrinə hakim kəsilib zirvədə dayanmasına gətirib çıxarmışdır. Quran nüsxələrinin sayının artırılmasına yenidən xüsusi diqqət yetirilməyə başlanmışdır. Abdulla Seyrəfi Təbrizi bu baxımdan da öz zəhmətsevərliyini, istedad və bacarığını lazımi səviyyədə əks etdirmişdir. XIX əsrdə yaşamış görkəmli İran katibi, xəttatı, təzkirəçisi və səyyahı Mirzə Sənglax özünün «Təzkirətül-xəttatin» (yaxud «İmtəhanül-füzəla») əsərində (I cild) bildirmişdir ki, Xacə Abdulla Seyrəfi Qurani-Kərimin 36 nüsxəsini yazmışdır [4]. Təəssüf ki, Mirzə Sənglax özünün bu ikicildlik əsərində Abdulla Seyrəfi haqqında olduqca qısa – cəmi bir-iki cümlədən ibarət məlumat verməklə kifayətlənmişdir. O həm də səhvən belə bir məlumat vermişdir ki, Xacə Cəmaləddin Yaqutun misli-bərabəri olmayan şagirdləri doqquz nəfərdir və onlardan biri də Xacə Abdulla Seyrəfidir. Lakin artıq qeyd etdiyimiz kimi, o, Cəmaləddin Yaqut Müstəsiminin birbaşa deyil, bəlkə onun şagirdlərinin şagirdi olmuşdur. Qeyd etmək istərdik ki, Abdulla Seyrəfinin 1327-ci ildə kufi və reyhani xətləri ilə üzünü köçürdüyü Quran nüsxəsi ingilis kolleksiyaçısı Çester Bittinin Dublindəki şəxsi kitabxanasında qorunub saxlanılmışdır. Tək bircə bu əlyazma nümunəsi Abdulla Seyrəfinin olduqca istedadlı və bacarıqlı katib-xəttat kimi təsdiqlənməsi üçün kifayət edər. Orta əsrlər Azərbaycan kitab mədəniyyətinin görkəmli tədqiqatçısı A.Y.Qazıyev özünün «Художественное оформление азербайджанской рукописной книги XIII-XVII веков» əsərində bu məlumatı təqdim edərək bildirmişdir ki, «onun surələrindən birinin – «Surət un-nəba» – başlanğıc səhifəsi çoxsaylı Quran nüsxələrini və Təbriz, Sultaniyə və Dəməşq binalarının üzərindəki dekorativ yazıları ərsəyə gətirmiş katibin yüksək səviyyəli sənətkarlığını səciyyələndirir» [9, s. 118]. Qeyd etmək lazımdır ki, burada A.Y.Qazıyev görkəmli İran alimi Qazi Əhməd Qumiyə əsaslanaraq bu məlumatı vermiş, lakin mədrəsə binasının adı olan Dəməşqiyyəni səhvən Dəməşq (şəhər) kimi təqdim etmişdir. Müxtəlif mənbələr Abdulla Seyrəfi tərəfindən eyni keyfiyyət və eyni məharətlə qələmə alınmış digər Quran nüsxələrinin də zəmanəmizədək gəlib çatdığını təsdiqləyir. XX əsr görkəmli İran alimi, gözəl xəttə malik olmuş xətşünas tədqiqatçı Mehdi Bəyani «Əhval və asar-e xoşnevisan» əsərində Abdulla Seyrəfinin yaratdığı əlyazmalardan bəhs edərkən bildirmişdir ki, öz tədqiqatları zamanı Türkiyənin «İslam muzeyi»ndə qorunub saxlanan və Abdulla Seyrəfi tərəfindən üzü köçürülmüş kiçik ölçülü Quran nüsxəsini görmüşdür. Həmin nüsxə h.q. təqvimi ilə 744-cü ildə qələmə alınmışdır. Mətni nəsx, sərlövhələri süls xətti ilə yazılmışdır. Mehdi Bəyani «Məcmue-ye Mehdəvi»də («Mehdi almanaxı») Abdulla Seyrəfinin qələmindən çıxmış digər Quran nüsxəsini də öz gözləri ilə gördüyü barədə məlumat vermişdir [2, s. 1090-1091]. O, hər iki nüsxənin yüksək səviyyədə işləndiyini bildirmişdir. M. Bəyaninin verdiyi məlumata görə, Abdulla Seyrəfinin qızıl əllərinin məhsulu olan, süls, nəsx və rüqə xətləri ilə yazılmış bir səhifəlik mətn (qitə) bir mürəqqənin (albom) tərkibində İstanbul Universitetində, təkcə süls xətti ilə yazdığı bir səhifəlik əlyazması yenə də bir mürəqqənin tərkibində İstanbul Universitetində, nəsx və rüqə xətləri ilə yazdığı bir səhifə başqa bir mürəqqənin daxilində yenə də İstanbul Universitetində, nəsx və rüqə xətləri ilə yazdığı birsəhifəlik mətn bir mürəqqənin daxilində Ketabxaneyi-səltənətidə (İran), süls və nəsx xətləri ilə yazdığı qitə bir mürəqqənin daxilində Türkiyənin Topqapı sarayının fondunda, süls, nəsx və rüqə xətləri ilə yazdığı bir qitə isə başqa bir mürəqqənin tərkibində yenə də Topqapı sarayında qorunub saxlanılır [2, s. 1090-1091].
Azərbaycan kitab mədəniyyətinin ən mühüm amili – bu mədəniyyətin yaradıcıları olan katib-xəttatlarımızdan bir çoxu öz fəaliyyətləri ilə yeni məktəbin bünövrəsini qoymuşlar. Abdulla Seyrəfini belə xəttatlarımızdan biri kimi təqdim etsək, səhv etmərik. Bu, hər şeydən öncə onun bir ustad – müəllim kimi fəaliyyəti ilə bağlıdır. Bir çox tədqiqatçılar Azərbaycan və İran xəttatları şəcərəsinin – məktəbinin başlanğıcını belə onun adı ilə bağlamışlar. Məsələn, XX əsr görkəmli İran alimi Nəcib Mail Herəvi «Ketabarayi dər təməddon-e Eslami» əsərində bildirmişdir ki, nəsx və süls xətləri üzrə İran və Xorasan xəttatları sülaləsinin başlanğıcı Abdulla Seyrəfiyə gedib çıxır, baxmayaraq ki, o heç bir zaman Xorasanda olmamışdır [5, s.40]. Eyni fikri Azərbaycan xəttatlarına da aid etmək olar. Xüsusilə, kitabə sənəti, süls və nəsx xətləri üzrə mahir katib-xəttatlarımızın bir çoxunun ilk ustadı – müəllimi məhz Abdulla Seyrəfi Təbrizi olmuş, yaxud da onun sənətindən bəhrələnmiş, onun yolu ilə gedib davamçıları olmuşlar. Onlardan biri – ustad Moinəddin Hacı Məhəmməd daş kitabələr yazmaq üzrə öz ustadının layiqli davamçısı olmuşdur. Təbriz şəhərindəki məşhur Çahar Minar üzərindəki gözəl yazıların müəllifi odur [8, s.71].
Abdulla Seyrəfinin başqa bir şagirdi – Hacı Bədrəddin Məhəmməd Bəndgir Təbrizi öz dövründə müsəlman dünyasında mövcud olan bütün xətt növlərini – klassik altı xətt, kufi, təliq xətlərini, həmçinin XIV əsrin sonlarında böyük Azərbaycan xəttatı Mir Əli Təbrizi tərəfindən icad edilmiş nəstəliq xəttini mükəmməl öyrənmiş və olduqca gözəl tərzdə icra etmişdir. Elm və sənət, nəzəriyyə və əməli təcrübə baxımından möhkəm bünövrəyə malik Hacı Bəndgir Təbrizi süls və nəsx xətləri üzrə öz ustadı A. Seyrəfinin ən məharətli davamçılarından olmuş, hətta süls, nəsx və nəsx-təliq xətlərini yazmaqda dövrünün bütün xəttatlarından üstün sayılmışdır. Xatırlatmaq istərdik ki, məşhur «Ustad və şagird» binası böyük ustad A. Seyrəfi ilə şagirdi Bəndgir Təbrizinin birgə əməyinin gözəl təmsilçisidir. Görkəmli Azərbaycan alimi Məhəmmədəli Tərbiyət (1877, Təbriz – 1940, Tehran) bu haqda məlumat verərək bildirmişdir ki, kiçik Şeyx Həsən kimi tanınan Əlaəddin tərəfindən tikilmiş bina ona görə «Ustad və şagird» adlandırılmışdır ki, binanın müxtəlif hissələrindəki yazılar bu iki mahir sənətkarın əlinin məhsuludur. Xüsusilə binanın şərq hissəsindəki yazılar Abdulla Seyrəfinin şagirdi tərəfindən işlənib ərsəyə gətirilmişdir. Lakin təəssüf ki, bina təmir olunmuş və həmin yazılardan əsər-əlamət qalmamışdır [7, s. 238]. Çahar Minarda yerləşən Qaziyə mədrəsəsi üzərindəki kitabə də Hacı Məhəmməd Bəndgir tərəfindən yazılmışdır. O, Qurani-Kərimin yeddi nüsxəsini, Xacə Rəşidi Səmərqəndinin «Zinətnamə» əsərini, Həkim Əbu əl-Leys Təbərinin «Divan»ını, Həkim Səid Taininin «Divan»ını və s. əsərləri öz gözəl xətti ilə yazıb ərsəyə gətirmişdir [4]. Qeyd etmək lazımdır ki, bu istedadlı və işgüzar katib-xəttat Əmir Teymurun (Teymurləng, Topal Teymur; 1336-1405) diqqətini özünə cəlb etmiş, onu saraya dəvət edərək münşi (katib) vəzifəsinə təyin etmişdir. Bəndgir Təbrizi Əmir Teymurun sarayında katib-xəttat kimi fəaliyyətini davam etdirmişdir. Onun irihəcmli xanbalıq və tirmə kağızları üzərində qızıl məhlulu ilə yazdığı mətnlər – qitələr, Əmir Teymurun yüzədək fərmanı, yüzlərlə məktubu, xüsusilə, Misir hökmdarı Məlik Fərəc haqqında Teymurun 1700 sətirlik – yetmiş metr uzunluğunda məktubu və s. onun istedadının, zəhmətsevərliyinin, güc və qüdrətinin şahidləridir. [9, s. 85]
Abdulla Seyrəfi Təbrizi Şərq aləmində, müsəlman dünyasında yazının tarixinin araşdırılması, xəttatlıq və katibliyin, yazının elmi-nəzəri və əməli-təcrübi əsaslarının öyrənilməsi, inkişaf etdirilməsi sahəsində də böyük xidmət göstərmişdir. O, Azərbaycan kitab mədəniyyəti tarixində əlyazma kitabının yaradıcıları olmuş elə azsaylı katib-xəttatlarımızdandır ki, mükəmməl bir dərslik – pedaqoji vəsait də hazırlayıb təqdim etmişdir. Onun bugünümüzədək gəlib çatmış «Adab ul-xətt» («Yazı qaydaları») əsəri [5, s. 13-32] əlyazma kitabının hazırlanmasının ən mühüm məsələlərini əhatə etmiş və süls xəttinin bütün incəliklərini, yazılış qaydalarını dəqiqliklə açıqlamışdır. Ümumiyyətlə, Abdulla Seyrəfinin süls xəttinin inkişaf etdirilməsi baxımından xidməti əvəzsizdir və bəzi mənbələrdə çox haqlı olaraq onu bu xətt növünə yeni bir çalar verən xəttat kimi dəyərləndirmiş, sülsi-iraninin yaradıcısı kimi tanımışlar. Xatırladaq ki, bu, böyük sənətkarın bizə gəlib çatmış yeganə əsəridir. Əsərin bir neçə nüsxəsi məlumdur və «Adabi məşq» («Məşq qaydaları»), «Qələmiyə» («Yazı») adı altında qələmə alınmışlar. Nəcib Mail Herəvi bu məlumatı təqdim edərək bildirmişdir ki, «Qələmiyə» nüsxəsi (MJ nüsxəsi; h.q. 962) 3366 saylı məcmuədə, «Adabi-məşq» adlı nüsxəsi isə (DM nüsxəsi; h.q. tarixi ilə XI əsr) 688 saylı məcmuədə Ketabxaneyi-Məclisdə qorunub saxlanılır. Bu əsərin R işarəli başqa bir nüsxəsi də mövcuddur ki, katib Talib ibn Cəfər Novruzi tərəfindən nəsx xətti ilə h.q. təqvimi ilə 1010-cu il ramazan ayının 8-də qələmə alınmışdır [5, s. 42]. Təqdirəlayiq haldır ki, əsərin bir nüsxəsi də AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda aşkar edilmişdir. Belə ki, Nəcib Mail Herəvinin məlum əsərində dərc olunmuş «Adab ul-xətt» risaləsi tərcümə edildikdən sonra (bu məqalənin müəllifi tərəfindən) həmin nüsxəni aşkar etmək mümkün olmuşdur. Bu nüsxə uzun illər Əlyazmalar İnstitutunda müəllifi naməlum bir əsər kimi bir məcmuənin tərkibində saxlanmışdır və «Usuli-xətt» («Yazının üsulları») adlanır. Əlimizdə olan bu iki nüsxə arasında kəskin fərq yoxdur. Əsas fərq risalənin başlanğıc hissəsindədir. Belə ki, «Adab ul-xətt»in başlanğıcı nisbətən geniş və daha obrazlı, irfani dildə yazılmışdır. Qeyd edək ki, bu əsər Abdulla Seyrəfi Təbrizinin olduqca savadlı, yazıçılıq istedadı və qabiliyyətinə, dəqiq və məntiqi şəkildə təsnifat aparmaq bacarığına malik olduğunu bariz şəkildə əks etdirir.
«Adab ul-xətt» risaləsi dibaçə, müqəddimə, iki hissə – iki məqalə və son sözdən ibarətdir. Dibaçədə sözünü ənənəvi olaraq Rəbbimizə həmd və şükürlərlə, həzrət Məhəmməd Mustafanın (s) pak ruhuna, onun ailəsinə və ümmətinə salavat və salamla başlayan müəllif ərəb əlifbasının hərflərini tək-tək, irfani-fəlsəfi tərzdə, olduqca rəvan, bədii-obrazlı bir dildə təqdim edir. Əsərin elə təkcə bu hissəsi müəllifin dərin fəzilət sahibi, gözəl yazıçılıq istedadı və geniş təxəyyülə malik olduğunu söyləmək üçün yetərlidir. Dibaçədə qısa və aydın surətdə əsərin yazılmasının məqsədi göstərilmişdir: yeni öyrənməyə başlayanların ehtiyacını ödəsin və öyrənib qurtarmaqda olanlar üçün bir dəlil olsun.
Müqəddimədə yazının bir elm kimi məziyyətlərindən bəhs olunur, ərəb yazısının tarixinə «səyahət» edilir. Abdulla Seyrəfi bildirir ki, ərəbcə yazmış ilk şəxs Adəm (ə) olmuşdur və Nuh (ə) tufanından sonra İsmayıl (ə) zamanında ərəbcə yazı peyda olmuşdur. Bəziləri isə deyir ki, ərəbcə yazan ilk şəxs İdris (ə) olmuşdur. Müəllif yazı və gözəl xəttin əhəmiyyətinə toxunaraq xatırladır ki, peyğəmbərimiz (s) yazının elmin yarısı olduğunu söyləmişdir. Əmirəlmöminin Əli (ə) isə gözəl xəttə yiyələnməyin yoxsul üçün mal-dövlət, dövlətli üçün gözəllik, müdrik üçün isə kamal olduğunu bildirmişdir. Müqəddimədə həm də yazı ləvazimatının bir qisminin – midadın, qələmin hazırlanması, yaxşı qələmin müəyyən edilməsi, qələmin yonulması və s. qaydaları göstərilir. Təkcə midadın – yazmaq üçün istifadə edilən maddənin hazırlanması çox mürəkkəb, uzun sürən və böyük zəhmət tələb edən bir işdir.
Əsərin birinci hissəsində yazı və islami xətlərin tarixi və növləri haqqında məlumat verilir. Müəllif bildirir ki, xəttin növü altıdır: mühəqqəq, süls, toqi, rüqə, reyhani və nəsx. Bütün başqa xətlər bunlardan doğmuşdur. Birinci məqalənin II hissəsi ayrı-ayrı hərflərin, II məqalə isə hərf birləşmələrinin yazılış qaydalarından bəhs edir. «Son söz»də qələmi tutmaq, kağız üzərinə qoymaq və hərəkət etdirmək qaydaları göstərilir.
Yekun olaraq bildirmək istərdik ki, əzəməti, əhəmiyyəti və dəyəri heç bir çərçivəyə sığmayan, hər zaman bəhrələndiyimiz tükənməz milli maddi-mənəvi sərvətlərimizin Abdulla Seyrəfi Təbrizi kimi yaradıcılarına və yaşadanlarına borcluyuq və onlarla qürur duyuruq.
Dostları ilə paylaş: |