По временам написания сочинений рукописи представлены:
XI
век
|
XII
век
|
XIII
век
|
XIV
век
|
XV
век
|
XVI
век
|
XVII
век
|
XVIII
век
|
XIX век
|
XX
век
|
1
|
61
|
23
|
20
|
153
|
223
|
79
|
198
|
167
|
49
|
По времени их переписки
XIV
век
|
XV
век
|
XVI
век
|
XVII
век
|
XVIII
век
|
XIX
век
|
XX
век
|
1
|
3
|
47
|
60
|
165
|
721
|
77
|
Дату написания и переписки имеют только 1081 из описанных списков. Представлены авторы, писавшие и стихи и прозу (Физули, Навои, Ламии и др.); в некоторых рукописях имена переписчиков не указаны.Некоторые рукописи переписаны востоковедами (О.И.Сенковским, А.Н.Самойловичем в Петербурге). По мере поступления тюркские рукописи исследовались востоковедами разных поколений, в результате которых был создан их карточный каталог. При описании были использованы каталоги тюркских рукописных фондов мира.
Описание рукописей в каталоге дополняют указатели, которые помогают ориентироваться в нем: указатель названий сочинений; указатель имен авторов, переводчиков, комментаторов, составителей сборников; указатель имен переписчиков; указатель дат переписки рукописей; хронологический (по векам) перечень сочинений; указатель автографов; указатель рукописей, художественно оформленных; указатель коллекций; указатель соответствий шифров рукописей и номеров описаний; указатель соответствий старых и новых шифров рукописей и номеров описаний.
Своей монументальной работой в науке Востоковедения Л.В.Дмитриева оставила глубокий след в области тюркологии. Подобные работы помогают нам в получении информации о личностях, об авторах, живших и творивших в прошлые века, в воссоздании максимально полной исторической картины определенной эпохи, о существовании какого-либо произведения, есть ли другие ее копии, о редких рукописях и т.д.; незаменимая роль таких каталогов появляется в научно- исследовательской работе.
Литература:
-
Дмитриева Л.В. «Каталог тюркских рукописей Института востоковедение в Российской Академии Наук», Москва 2002
-
Дмитриева Л.В., Мугинов А.М., Муратов С.Н. «Описание тюркских рукописей Института народов Азии», I, История, М.,1965
-
Дмитриева Л.В., Муратов С.Н. «Описание тюркских рукописей Института Востоковедения», II, История, акты, библиография, энциклопедии, география, календари, М., 1975
-
Дмитриева Л.В. «Описание тюркских рукописей Института Востоковедения», III, поэзия и комментарии к поэтическим сочинениям, поэтика, М., 1980
-
Musabəyli A. “Xarici ölkələrdəki Azərbaycan əlyazmalarının toplu kataloqu”, I cild, Elm, Bakı, 2012
Xanım Əsədova (Abdullayeva)
(Əlyazmalar İnstitutu)
Hənəfİ fİhq alİmİ əlyazmalarının
Bakı nüsxələrİ
Hənəfi məzhəbinin böyük fiqh alimlərindən olan Əbul-Leys Nasr b. Məhəmməd b. Əhməd b. İbrahim əs-Səmərqəndi əl-Hənəfi təfsir, kəlam, fiqh, təsəvvüf və əxlaq sahəsində mühüm əsərləri olan İslam üləmalarındandır. Əbul-Leys künyəsi ilə bilinən alim İmamul-Xuda ləqəbiylə yanaşı, əs-Səmərqəndi ünvanıyla da tanınır. Səmərqəndi h.IV (m.X) əsrdə Səmərqənddə yetişmiş fəqihdir. Doğum tarixiylə bağlı müxtəlif fikirlər irəli sürülən Əbul-Leysin Səmərqəndli olması da ehtimaldır. Bəzən tədqiqatçılar onu h.294 (m. 906)-cı ildə vəfat edən və Əbul-Leys əs-Səmərqəndi ləqəbi ilə tanınan mühafizlə qarışdırmışlar.
Qaynaqlarda Əbul-Leys əs-Səmərqəndinin doğum yeri, tarixi, dil və milliyyəti, nəsəbi haqqında dəqiq məlumatlara rast gəlinməyib. “Səmərqəndi” nəsəbinə söykənərək onun Səmərqənd və civarında yaşadığı deyilə bilər. Əl-Hənəfinin “Xizanətül-fiqh” və “Uynül-məsail” əsərlərini tədqiq edən Səlahəddin ən-Nahi yazır: “Əbul-Leysin həyatından bəhs edən “Tabaqat və bioqrafi” kitablarında onun ərəb olduğuna dair səhih bir məlumat yoxdur, fəqət bu da qaydaya uyğun deyil. Çünki ərəblərdən biri bioqrafi yazdıqda nəsəbi göstərilir. Düşünürəm ki, Əbul-Leys ərəb deyil, böyük ehtimalla türkdür. Mavərənnəhr sakinlərindəndir. Səmərqənddə doğulub və yaşayıb. Bəlhdə elm təhsis etdi, müdərris oldu və orada vəfat etdi. Bu bölgə əhalisinin çoxu ərəb və fars gəlmələriylə qonşu olsalar da türkdürlər. Dili isə Soğd (Zərəfşan)1 əhalisinin danışdıqları türkcə idi”.
Fars əsilli Səmənilər dövlətinin hökmranlığı zamandında (h.261-389) yaşayan Əbul-Leys zamanın tələbinə uyğun olaraq fars dilini də mükəmməl bilirdi, “Hekayəti-pirlər” və “Mənaqibi-evliya” adlı osmanlıcaya tərcümə edilən əsərlərinin orijinalları farscadır.
İlk müəlliminin atası olduğu rəvayət edilən alimin əsil mürşidi “Balaca Əbu Hənifə” ünvanı ilə məşhur olan Belhli Əbu Cafər əl-Hinduvanidir və ondan Hənəfi fiqhi ilə yanaşı hədis, kəlam, təfsir dərsləri almışdır. Səmərqənd, Behl, Buxara ilə yanaşı Bağdada getmiş, orada Məhəmməd b. Səhl ən-Nisaburidən hədis rəvayət etmiş, ondan da Əli b. Əhməd ər-Rəzzaq nəql etmişdir.
Səmərqənd qazısı Əbu Bəkr Məhəmməd Səid və Əbu Bəkr Məhəmməd b. Fazil əl-Buxari onun digər müəllimlərindəndir.
Fətva, nəsihət, elmihal mövzusunda yazdığı əsərlərinə görə İslam aləmində ən çox tanınan fiqh alimidir. İstər təlif etdiyi əsərləri, istərsə də ona yazılan əsərlərinə görə Cənub Qərbi Avropa, Şimali Afrika, Şərqi Asiyada sayılıb-seçilən üləmalar sırasında yer almışdır.
Əsərləri fərqli müsəlman xalqları tərəfindən öz dillərinə çevrilmiş, böyük vəli və mübarək zat olaraq anılan alimin adına türbələr və mədrəsələr inşa edilmişdir. Əbu Hənifə və tələbələri tərəfindən qələmə alınmış fiqhi mətnlərin Hənəfi məzhəbinə mənsub olan insanlar arasında yayılmasına və anlaşılmasına Əbul-Leys öz qələmi, fikirləri ilə istiqamət vermişdir. Həhəfi məzhəbinin qurucusu İmam Əzəmin düşüncələrini təqib etmiş, Mavərənnəhrdə yaşamış və Əhli-Sünnətə nisbət edilən kəlam ekolunun qurucusu türk alimi İmam Əbu Mənsur əl-Maturidinin görüşləri də onunla paralelldir. Əsərlərində vəhy, nüzul səbəbləri, qiraət fərqlilikləri, nəsx mövzularına geniş yer verən əs-Səmərqəndi ayəti-kərimənin zahiri mənasına zidd olmayan, bəzi işarətlər və gizli bilgilərin qəlbə doğamasıyla Qurani-Kərimin işari (təsəvvüfi) təfsiri metodu sahəsindəki ilk müfəssirlərdəndir. Həmçinin əsərlərini təlif edərkən Əbu Ubeydə Müəmmər b. Müsənmadan qaynaqlanmışdır.
Əbul-Leys Nasr böyük həcmli fiqhi əsərləri əsas ana xəttləri ilə sistemləşdirmiş, qısaca yazılan ilk Hənəfi müxtəsərlərini qələmə almış və xilaf ədəbiyyatının əsasını qoymuşdur. Alim həmçinin nadirur-rəvayə (tədvin)1 çalışmaları da gerçəkləşdirmişdir.
Məzhəb imamlarının ardınca gələn fiqihçilərin fikir və görüşlərini bir araya gətirməyi hədəfləyən nəvazil ədədbiyyatı da Əbul-Leysə aiddir. III (m.IX) bə IV (M.X) əsrdə yaşamış bir çox önəmli fiqh alimləri elmi baxışlarında ona söykənmişdir.
Vəfat iliylə bağlı mənbələrdə h.373 (m.983) ilə h.393 (m.1003) arasında dəyişən yeddi fərqli tarix verilsə də, əsas h.373-ci il cümədul-əvvəlin 11-ində (m.983, 21 oktyabr) öldüyü üzərində durulur.
Fəqihin Hənəfi fiqh elmi, təfsir, hədis, iman, əxlaq, elmihal və s. islami mövzulardan bəhs edən “Təfsirul-Quran”, “Xizanətul-fiqh”, “Umdətul-əqaid”, “Sərhul-Camius-sağir”, “Muxtəlifur-rəvayə”, “ən-Nəvazil fil-füru”, “Bustanul-arifin”, “Tənbihul-ğafilin”, “Dəqaiqul-axbar fi zikril-Cənnəti vən-Nar”, “Təsisul-fiqh”, “Risalətul-maarifə vəl-iman”, “ər-Risalə fil-fiqh”, “Fədailu-Ramazan” və b. alimlər tərəfindən tədqiq olunan və oxunan əsərlərdəndir.
Əbul-Leysin bir çox dillərə tərcümə edilərək nəşr olunan əlyazma nüsxələri dünyanın fərqli muzey kitabxanalarında, arxivlərdə və şəxsi fondlarda mühafizə edilməkdədir. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda da müəllifin “Bustanul-arifin” və “Tənbihul-ğafilin” əsərlərinin Bakı əlyazma nüsxələri mühafizə olunmaqdadır:
-
1) “Bustanul-arifin” Əlyazmalar İnstitutu Bakı əlyazması, B-6841; Əsər 156 babdan ibarətdir. Həcmi 113 vərəq, ölçüsü 23x14,2 sm, köçürülmə tarixi h.1220 (m.1805), xətti gözəl nəsx, kağızı krem rəngli, filiqranlı Avropa istehsalı. Mətni qara, bəzi başlıqlar qırmızı mürəkkəblə yazılıb. Katibi Abdullah ibn Molla Hüseyn ibn Mahmud. Əlyazma yaxşı vəziyyətdədir, cildi sonradan karton cildə tutulmuşdur. 4a-6a vərəqlərində əsərin fehristi, 6a-7a vərəqlərində oval şəkilli “عبد الله” sahiblik möhrü vardır. 8a-da birinci bab “Elmin tələbi” ilə başlayır. 99b-də həmçinin oval şəkilli sahiblik möhürü basılmışdır.
Başlanır: الحمد الله رب العالمين و العاقبة للمتقين
(8a) و لا حول و لا قوة الَّه بالله العلى العظيم
Bitir: يقول فقير ربى انْ يوتينى خيرا من جَنّتك
-
“Bustanil-arifin”. ƏYİ B-4021; Əlyazma 156 babdan ibarətdir. Həcmi 113 vərəq, ölçüsü 23x14,5 sm, köçürülmə tarixi h. 1266 (m.1849), katibi Abdullah ibn Molla Hüseyn ibn Mahmud. Xətti gözəl nəsx-nəstəliq, kağızı filiqranlı Avropa istehsalı, mətni qara və qırmızı mürəkkəblə yazılmışdır. Əsər 7b-də başlayıb 99b-də bitir. Əlyazmanın əvvəlində və sonunda “Abdullah” isimli ovalvari sahiblik möhrü vardır.
-
“Bustanil-arifin”. ƏYİ B-4021; 4) ƏYİ B-6673; Əlyazma 153 babdır. Həcmi 344 səhifə, ölçüsü 21x14,5 sm, xətti gözəl nəsx-nəstəliq, köçürülmə tarixi h.1093 (m.1682). Kağızı krem rəngli kobud Şərq istehsalı, üzərində su ləkələri vardır. Mətni qara, bəzi başlıqlar qırmızı mürəkkəblə yazılmışdır. Əlyazmanın mətni 3b-dən başlayır. Əsərdə elmin tələbi, elmin qazanılması, Hənəfi fiqhi və elmihal məsələlərindən söhbət açılır. Əlyazma mətni 133a da bitir. Cildinə sonradan divar kağızı çəkilmişdir.
Əsərin Türkiyə muzey kitabxanalarında da əlyazma nüsxələri mövcuddur: 1. Bayəzid kitabxanası Vəliyyəddin əfəndi. No: 1869; 1870: 2. Antalya Təkəlioğlu kit. No: 776; 785/1: 3. Süleymaniyə kit. Yazma Bağışlar No: 884: 4. Ayasofiya kit. No. 523; 1683; 1686: 5. Dügümlü Baba kitabxanası No: 254.
-
1) “Tənbihul-ğafilin”. Əlyazmalar İnstitutu Bakı nüsxəsi, şifri B-2088; Əlyazma 94 babdan ibarətdir. Həcmi 241 vərəq, ölçüsü 20,3x16 sm, sətir sayı 16, xətti oxunaqlı nəsxdir. Kağızı krem rəngli, filiqranlı Avropa istehsalı. Mətni qara, başlıqlar və haşiyələrdəki bəzi şərhlər qırmızı mürəkkəblə yazılmışdır. Əlyazma dağınıq vəziyyətdədir, cildi yoxdur, vərəqlərində su ləkələri vardır və qurd yemişdir. Səhifə 1a-2a-da müqqədimə verilmişdir. Əlyazma mətni 2b-də dua və səlavatla başlayır. 3a-dan başlayaraq 1-ci bab olan ixlas, ixlasın qazanılması və şərtlərindən söhbət açılır. Digər bablarda ölüm halı, qəbir əzabı, qiyamət günü insanların halı, cənnət və cəhənnəm əhli, qeybət, həsəd, kibir, zina, valideyin haqqı, övlad haqqı, zəhmət və şevqət, dua, təvəkkül, təfəkkür, həya və s. mövzulardan bəhs olunur. 235a-da 94-cü hekayə babı başlanır. Əsərin 241b-dən sonrakı vərəqləri düşdüyündən sonu naqisdir.
Başlanır: (2b) الحمد الله هدانا كتابه و دعانا الى معرفة ثوابه
Bitir: (241b) و صاحب جريح الراهب و صاحب يوسف و هو قوله
2) “Tənbihul-ğafilin”. ƏYİ B-6360; Əsər 94 babdan ibarətdir. Həcmi 275 vərəq, ölçüsü 14,5x21,5sm, xətti gözəl nəsx, köçürülmə tarixi h.901 (m.1496). Katibi Həmzə bin Rəsul. Kağızı filiqranlı Avropa istehsalı, cildi karton, əlyazma yaxşı vəziyyətdədir. Mətni qara, babların başlıqları və haşiyələrdəki bəzi şərhlər qırmızı mürəkkəblə yazılmışdır. Əlyazma nömrələnib, başlanğıc vərəqində sahiblik möhrü vardır. 3a-4a vərəqlərində əsərin fehristi, 4b-275a-da vərəqlərində əlyazmanın mətni verilmişdir.
Başlanır: (4b) بسم الله الرّحمن الرّحيم ربّ برّ ولا تعدّ الحمد الله الّذى
Bitir: (275a) تمت الاحاديت تاريخ ٩٠١
Əsərin Türkiyə əlyazma nüsxələri: 1. Bayəzid kitabxanası Vəliyyəddin əfəndi. No: 1876: 2. Bayəzid kitabxanası. No: 1427; 1670; 1671; 1672; 1673: 3. Süleymaniyə kitabxanası Yazma Bağışlar No:1911; 1913; 3812; 4461: 4. Əsad əfəndi kit. No: 3780/12; 3526/2: 5. Tirnovalı kit. No: 867; 866: 6. Ayasofiya kit. No: K.1741; O. 2817.
“Tənbihul-ğafilin” başda olmaqla fiqhə dair digər əsərlərində də Hz. Peyğəmbərin (s.ə.s.) hədisləri, iman, namaz, ibadət, Qurani-Kərimin təfsiri, Ramazan ayının fəzilətləri, ər-arvad münasibətləri, təmizlik qaydaları və s. söhbət açılır. İslam aləmində çox oxunan və mədrəsələrdə külli olaraq tədris olunan əsərlərdəndir. Əbul-Leysin əsərlərindən bir neçəsi Əndəlüs krallığı zamanında İspanyalı müsəlmanlar tərəfindən Aljomia (Aljomiado) ləhcəsinə tərcümə edilmişdir. “Tənbihul-ğafilin” əsəri müstəqil şəkildə (Qahirə, 1311) və “Bustanül arifin”lə birgə Kəlkük, Bağdad, Bombey, Beyrut, Dəməşq və eyni zamanda Türkiyədə nəşr olunmuşdur. Osmanlı zamanında Yahya oğlu tərəfindən edilmiş bir tərcüməsi Topqapı Sarayı Muzeyi kitabxanasında saxlanılmaqdadır.
“Bustanil-arifin” (İstanbul: “əl-Amirə” mət. h.1289 (m.1872); Misir: “Aləmiyyə” mət. h.1311 (m.1893), “Qurratul-uyun və fərahul-qalbi-məxzun” (Misir: “Meymuniyyə” mət. h.1304 (m.1886), “ər-Ru`dul-fiqh” (Misir: “Amir Osmaniyyə” mət. 1902) əsərlərinin əski çap nüsxələri Əlyazmalar İnstitutunda Ərəb dilli kitablar siyahısında yer almışdır.
Əbul-Leys əs-Səmərqəndi əl-Hənəfinin əsərlərinin tədqiqi və Azərbaycan dilinə tərcüməsi tədqiqatçıların diqqətindən kənarda qalmaması gərəkən mühüm vəzifələrdəndir.
Qaynaqlar və Ədəbİyyat:
-
Əbul-Leys əs-Səmərqəndi. “Bustanul-arifin”. Bakı, ƏYİ, B-6841.
-
Əbul-Leys əs-Səmərqəndi. “Bustanul-arifin”. Bakı, ƏYİ, B-4021.
-
Əbul-Leys əs-Səmərqəndi. “Bustanul-arifin”. Bakı, ƏYİ, B-6673.
-
Əbul-Leys əs-Səmərqəndi. “Bustanul-arifin”. Bakı, ƏYİ, B-4021.
-
Əbul-Leys əs-Səmərqəndi. “Tənbihul-ğafilin”. Bakı, ƏYİ, B-2088.
-
Əbul-Leys əs-Səmərqəndi. “Tənbihul-ğafilin”. Bakı, ƏYİ,B-6360.
-
Ahmet Özel. Hanefi fiqh alimleri, Ankara, 1990.
-
Əski çap kitabları kataloqu. Ərəbdilli kitablar, III cild, Bakı, 2010.
-
Ferit Devellioğlu. Osmanlıca-türkce ansiklopedik sözlük, Ankara, 2004.
-
İshak Yazıcı. “Ebu-l-Leys əs-Səmərqəndi: həyatı, əsərləri və təfsir metodu” (doktora tezi), 1982.
-
Katib Çələbi. Keşfuz-Zünun ən Esmail-kutübu vel-Fünun, I – III c., İstanbul, 1941.
-
Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi. cilt 36, İstanbul, 2009.
-
Ərəb əlyazmaları kataloqu. III cild, Bakı, 2007.
Həcər Sultanova
(Əlyazmalar İnstitutu)
Muhyİ Gülşənİnİn həyatı və əsərlərİ
XVI əsrdə Yaxın və Orta Şərqdə regionun ən qüdrətli dövlətinə çevrilən Osmanlı imperatorluğu istər ölkə daxilində, istərsə də xaricdə öz nüfuzunu artırmaqda idi. Osmanlı imperatorluğu Asiyada, Afrikada da işğalları davam etdimiş, ilkin sivilizasiyalardan biri hesab olunan Misiri də fəth etməyə müvəffəq olmuşdur. Misirin osmanlılar tərəfindən işğalından sonra türklər yerli əhali ilə qaynayıb qarışmış, öz mədəniyyətlərini müxtəlif xalqlar arasında yaymaqla yanaşı, misirlilərin adət-ənənələrinə qarşı böyük ehtiram nümayiş etdirmiş, hər iki mədəniyyətin çulğalaşmasına vəsilə olmuşlar. Misirdə həm ədəbiyyatın, həm də elmin inkişafı prosesi sürətlənmiş, ədəbi simaların fəaliyyətləri geniş hüdudları aşmağa başlamış, Osmanlı ağalığı ölkənin mədəni, sosial, iqtisadi sferasında ciddi irəliləyişlərin baş verməsinə səbəb olmuşdur.
XVI əsr Osmanlı poeziyası məzmun, forma, dil, üslub baxımından özünün ən parlaq çağını yaşamaqdadır. Türk divan ədəbiyyatının təşəkkülü prosesinin qismən tamamlandığı bu dövrdə poeziyada ərəb-fars mənşəli ibarə və izafətlər geniş işləkliyi ilə diqqəti cəlb edir. Dil və üslubda aparıcı mövqeyə malik Osmanlı türkcəsi ustadlar tərəfindən əlverişli bir şeir dili olaraq qəbul edilmiş, hiss və duyğuların ifadəsində zəngin məna çalarlığının yaranmasına vəsilə olmuşdur. “Şəhrəngiz” janrının geniş yayılması ilə diqqəti cəlb edən bu dövrdə şəhər mühiti, onun təsviri, tarixi abidə və tikililərin, dini ibadətgahların obrazlı tərənnümü poeziyanın əsas tədqiqat obyektinə çevrilirdi. Lame Çələbinin “Şəhrəngiz-i Bursa” əsəri Sultan Süleyman Qanuninin Bursa şəhərinə gəlişi münasibəti ilə yazılmış, şəhərin gözəl mənzərəsini, şəhər həyatını əks etdirməkdədir. Təzkirəçilik ənənələrinin sürətli inkişaf etdiyi XVI əsr ədəbiyyatı dövrün ədəbi aynası olmaqla ictimai-tarixi mühit haqqında dolğun bilgiləri özündə təcəssüm etdirir, elm-irfan sahiblərinin həyat və yaradıcılıqları haqqında dərin məlumat çatdırmış olur.
XVI əsrdə Osmanlı torpaqlarında dini təriqətlərin çoxalması poeziyaya islami düşüncə tərzinin, dini-irfani baxışların keçidini sürətləndirmiş, şeyxlərin (pirlərin) fövqəladə bacarıq və qabiliyyətlərini, fəzilətlərini izhar edən “mənaqibnamə” lərin yaranmasına zəmin olmuşdur. Osmanlı tarixinə “xəlvətiyyə” kimi daxil olmuş təriqət özünün zikr məclisləri, riyazəti, dini ərkanı, təsəvvüfi düşüncə tərzi, islami baxışı ilə bir tərəfdən mövləviliyə, digər tərəfdən isə məlamiliyə meyl etmişdir. Qurani-Kərim, sünnət, vəlilərin kəlamı, mürşidi-kamilə yiyələnmək kimi əsasları özündə ehtiva edən təriqətin vəhdəti-vücud, əqli-küll, məlamət nəşəsi ilə bağlı fəlsəfi görüşləri onların inanc və dünyagörüşündə öz əksini tapmışdır.
Təriqət ədəbiyyatının parlaq simalarından biri, Osmanlı tarixində ilk süni dil hesab edilən “esperanto” nun yaradıcısı Muhyi Gülşəni 1528-1529-cu illərdə Ədirnə şəhərində doğulmuşdur. Əslən Şirazdan olan tacir babası Əbu Talib Sufi Xəlilin zülm və istibdadından yaxa qurtarmaq üçün Ədirnəyə gələrək burada məskunlaşmışdır. İlk və orta təhsilini burada Üçşərəfli və Bəyazid mədrəsələrində tamamlayan Məhəmməd Muhyi ərəb və fars dillərinə mükəmməl yiyələnmiş, təxminən on səkkiz yaşında ikən İstanbulda dəftərdar olan qardaşının yanına yollanmış, özünün şair kimi bacarığını inkişaf etdirməyə çalışmışdır. İstanbulda olarkən o, dövrün mötəbər şəxsiyyətləri olan Şeyxülislam Əbu Səid Əfəndi, Muhyiddin Karamani, Süruri ilə tanış olmuş, hətta onlardan bəzilərinin dərslərində iştirak etməyə müvəffəq olmuşdur. Şeyxülislam Əbu Səid Əfəndi Muhyinin əbcəd hesabı ilə bağlı bacarığından dolayı ona “sahib-i tarix” deyə xitab edərdi. İstanbulda olarkən Sultan Süleyman Qanuninin şərəfinə türkcə və farsca qəsidələr yazan Muhyi Heydər ağa vasitəsi ilə onları hökmdara təqdim etmiş və beləliklə hökmran dairələrdə öz qüdrətinin tanınmasına şərait yaratmışdır. Heydər ağanın fars dilinə mükəmməl yiyələnən “Kiçik Əcəm” deyə müraciət etdiyi Muhyi Gülşəni tez-tez onun evində təşkil olunan ədəbi məclislərdə iştirak etmiş, öz məharət və qabiliyyətini nümayiş etdirmişdir. Hülvi Muhyinin bir gün məscidə Muhyiddin İbn əl-Ərəbinin “Füsus əl-Hikəm” əsəri ilə getdiyini, Şeyxülislam Çivizadə tərəfindən “mülhid” deyə tənqidi sözlərə tuş gəldiyini, bu hadisədən sonra həbs olunduğunu, qazı ilə mükalimədən sonra “Füsus əl-Hikəm” ın bəzi mətnlərini şərh etdikdən sonra azad edilmişdir. 1552-1553-cü illərdə Muhyi Qahirədə dəftərdarlıq fəaliyyəti ilə məşğul olan qardaşının yanına getmiş, Misir qazısının naibi vəzifəsinə təyin olunmuşdur. Onun həyatında baş verən əlamətdar hadisələrdən birini dəftərdar İsgəndər Çələbinin köməyi ilə Şeyx İbrahim Gülşəninin oğlu Şeyx Əhməd Xəyaliyə mürid olması təşkil edir. Öz üzərində səylə çalışan Muhyi burada Cəmaləddin Xəzrəcidən nücum elminin sirlərinə yiyələnmiş, Şeyxi Əhməd Xəyalinin qızları ilə evlənmişdir. Təxminən 1554-1555-ci illərdə Ədirnəyə qayıdan Muhyi Gülşəni burada qış səbəbi ilə qıtlıq ilə üzləşmiş olur. Sonrakı illərdə İstanbula səfər edən şair ömrünün son illərini Misirdə keçirmiş, Muhyiddin İbn əl Ərəbinin “Füsus əl-Hikəm” əsərini tədqiq etməklə məşğul olmuşdur. Mənbələrdə onun 1605-1606-cı illərdə vəfat etdiyi və gülşəni dərgahında dəfn edildiyi qeyd olunmaqdadır.
Məhəmməd Muhyinin çoxşaxəli yaradıcılığı xalqlararası, “esperanto” olaraq icad edilən dili, divanı, 200-ə yaxın əsəri özündə ehtiva etməklə müxtəlif qaynaqlarda əks olunmuşdur. Muhyi Gülşəninin əbcəd hesabı ilə tarixləri öz əsərlərində qeyd etməsi əsərlərinin yazılmasının xronolji ardıcıllığı haqqında zəngin məxəz rolunu oynayır. Burada diqqətimizi Muhyinin çoxsaylı əsərlərindən haqqında konkret bilgi əldə etdiyimiz 10-una yönəldirik.
-
“Nəfhətül-əshar” 1588-1589-cu illərdə yazılmış bu əsər Muhyinin həyatındakı real faktları, Cəmaləddin Xəzrəci ilə tanışlığını, məhkəmə naibi vəzifəsində çalışdığı müddətdə gülşəniyyə təriqətinə meyl etməsini, qarşılaşdığı mütəfəkkir alimləri və fəna fillah məqamına çatmaq üçün etdiyi seyri-süluk yolçuluğunu ifadə edir.
-
“Əxlaq-i kiram” öyüd, nəsihət xarakteri daşıyan bu əsəri müəllif öz oğullarına ithaf etmiş hikmət, ona sahib olmanın fəzilətləri, əxlaq, davranış qaydaları ilə bağlı öz düşüncələrini qələmə almışdır. 1585-ci ildə yazılmış bu əsər didaktik məzmuna malik olmaqla Muhyinin “Əxlaq-i kəbir” əsərindən seçmə, yəni müntəxabat rolunu oynayır.
-
“Kitab-i həqqül yəqin” farsca mənzum formada olan bu əsərdə dövrün irfan sahibi olan Abdullah bin Mübarəkin təsəvvüfi baxışları, nəfs, bədən, ruh, tövhid və s. anlayışlarla bağlı sual-cavabları ətraflı şəkildə verilmişdir.
-
Muhyi Gülşəninin ilahi eşqin tərənnümünə həsr olunmuş əsərlərindən biri olan “Silsilətül-işk” ə seyri-sülukunu tamamlayan müridin mütləq varlıqda təcəlli etməsi, ilahi gözəllik, cism aləmi, həqiqi eşq, Tanrı nuru, ilahi cövhər kimi anlayışlar daxil edilmiş, varlıq ünsürünün izahı təfərrüatı ilə qeyd edilmişdir.
-
“Kəşf-i şəhril-iman hürufi sirr-i üstürlabil-ihsan” müəllifin əbcəd hesabı nəzərə alınarsa 1598-ci ildə mənzum formada yazılmış, şairin tərcümeyi-halı ilə bağlı bəzi maraqlı məlumatların toplanıldığı əsərdir. Əsərin giriş hissəsində Muhyi türk, ərəb və fars dillərində olan məharətini, şeyxi ilə təsəvvüfi-irfani söhbətlərini, təriqət əhlinin keçdiyi təkamül yolu, cəzbə halı, şeyxi tərəfindən xəlifə seçilməsi, Şeyxülislam Əbu Səid Əfəndinin ilahi ruh və ilahi əxlaq haqqında fikirlərinə geniş yer vermiş, dövrün bir sıra tarixi hadisələrindən söhbət açmışdır.
-
Muhyi Gülşəninin zəngin tərcüməçilik fəaliyyətinin faktiki sübutu olan “Hüsn ü dil” əsəri məşhur İran şairi Fəttahinin eyni adlı əsərinin türkcəyə təkmilləşmiş formada tərcüməsi olub şairin məhz bu sahədə olan bacarığının göstəricisidir. Muhyi Lame Çələbi tərəfindən başlanılmış tərcümə işinin davamçısı olmaqla yanaşı, öz fəaliyyətini geniş aspektdə aparmaqla tədqiqata yekun vurmuşdur.
-
Misirdə qəzalə ərəbləri tərəfindən mərkəzi hakimiyyətə tabe olmamaq məqsədi ilə qaldırılmış xalq üsyanları, Sultan III Muradın hakimiyyəti dövründə Hafiz Əhməd paşanın üsyanları yatırmaq üçün gördüyü tədbirlər Muhyi Gülşəninin “Qəzalə-namə” adlı əsərində əks olunmuş, Misir mühiti, hakimiyyət uğrunda çəkişmələr mənzum şəkildə təsvir olunmuşdur. Muhyinin tərcibənd, təxmis və mürəbbeləri şairin təsəvvüf və irfana olan sonsuz inam, tanrı feyzi, həqiqi varlıq, ruh və mənəviyyata dair ümumi düşüncələrini ifadə etmiş, nəfsə qalib gəlməyin yeganə yolu olan həqiqi eşqin vəsfi dönə-dönə vurğulanmışdır.
-
Muhyi Gülşəni icad etdiyi xalqlararası-esperanto bir dil olan “Balibilən” üçün “Məsadir-i əlsine-i ərbaa” adlı lüğət də tərtib etmiş, türk, fars və ərəb dilinin fonetik, leksik, qrammatik xüsusiyyətlərini nəzərə almaqla söz birləşməsi, cümlə, hökmlərdən nümunə kimi yararlanaraq müqayisəli şəkildə dillərin tədrisi prosesini icra etmişdir. Əsərdə əlifba sırası ilə əvvəlcə fars dilində işlənən məsdərlər, daha sonra onların türk, ərəb və “Balibilən” dilində qarşılıqları verilmiş, qrammatik kateqoriyaların, feli sifət və felin zaman kateqoriyasının şəkilçiləri əlavə edilmişdir. Muhyinin ortaq olaraq icad etdiyi dil qaydaları nitq hissələrinə şamil edilmiş, sərfə, nəhvə dair təsnifatlara, fonetik hadisə və qanunlara, səs uyuşmaları, suffiks və prefikslərə müəllif tərəfindən aydınlıq gətirilmişdir.
-
Muhyi Gülşəni tərəfindən türklər, farslar və ərəblər üçün müştərək olaraq icad edilən yeni dilin lüğət və qayda-qanunlarını özündə cəmləşdirən “Lüğət və Qəvaid-i Balibilən” əsəri ön söz, səkkiz sinif, bir xatimə və on kitab kimi qisimlərə ayrılmış, xalqlar arasında dil birliyi yaratmağa xidmət etmişdir. Əsər hərflər, saylar, sərf, nəhv, istilah, məsdər adları ilə bölgü əsasında qruplaşdırılmış, müəllif tərəfindən lüğət və dilçiliyə dair yeni terminlər də əlavə edilmişdir. Muhyi bu dili yaratmağın vacibliyi məsələsinə toxunarkən müsəlmanlar arasında din birliyi ilə yanaşı, dil birliyinin də mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmiş, buna təşəbbüs göstərən ilk adəmoğlu olduğunu vurğulamışdır.
Dəxi bir müstəqil dil qıldım icad,
Bir adəm qılmaq olmaz eylə bünyad.
Edub andə türki, farsi həm,
Ərəb üslubi üzrə oldi möhkəm.
O olub Balibilən nami ol lisanə,
Morattab oldi ol fənni yeganə.
“Lüğət və Qəvaid-i Balibilən” əsərində Osmanlı türkcəsinin səs uyuşması, həm etimoloji, həm də terminoloji spesifikası, felin zamana, şəxsə görə dəyişmə ardıcıllığı sıralanmış, ərəb dilinin söz düzümü əsas götürülmüşdür. Özünü “dilsizlərə dil verən” qismində təqdim edən Muhyi məsdərləri əmələ gətirmək üçün fel köklərinə (-əm, am) şəkilçisini artırmış, indiki zamanda işlənən fellərin əmələ gəlməsi yollarından bəhs edərkən “mi” hissəciyindən istifadəni önə sürmüş, feli sifət şəkilçisi olan (-ən, an) şəkilçisini nümunə göstərmişdir. Muhyi Gülşəninin xalqlararası-esperanto bir dilin qurucusu olmasını ilk dəfə 1966-ci ildə Midhat Sərtoğlu “Həyat Tarix” məcmuəsində “İlk milletlerarası Dili Bir Türk İcat Etmişdi” məqaləsi ilə aşkara çıxarmış, əlində olan bir nüsxəni tədqiq etdikdən sonra “Balibilen Dili dünyanın ilk Esperantosudur” adlı tezisini ictimaiyyətə təqdim etmişdir. Tədqiqatın genişmiqyaslı təşkil olunması nəticəsində Mustafa Koçun gərgin əməyi sayəsində “Baleybelen” nəşr olunmuşdur.
Muhyinin farsca, türkcə qəzəllərindən ibarət olan “Divan” ı Misirin Xidiviyyə kitabxanasının məcmuəsində yer almış, təəssüf hissi ilə qeyd etməliyik ki, başqa bir nüsxəsi aşkar olunmamışdır. Divanda yalnız bölmələr üzrə qəzəllərin verilməsi onu ənənəvi divanlardan fərqləndirən cəhət kimi diqqət cəlb etsə də, qəsidələr, rübailər kənar hissələrdə pərakəndə şəkildə verilmişdir.
“Mənaqib-i İbrahim Gülşəni” Muhyinin yaradıcılığında dönüş nöqtəsi hesab ediləcək bir əsər olub gərgin əmək sayəsində 36 ilə ərsəyə gəlmişdir. Əsəri Əhməd Xəyalinin xahişi ilə qələmə almış, xəlvətiyyə təriqətinin bir qolu olan gülşəniyyənin yaradıcısı İbrahim Gülşəninin tərifəlayiq fəzilət və kəramətlərini geniş şəkildə nəql etmişdir. “Mənaqib-i İbrahim Gülşəni” ədəbi əsər olmaqla yanaşı, dövrün sosial, iqtisadi, mədəni hadisələrini, hakimiyyətdə olan hökmdarların idarəçilik sisteminin bəzi məqamlarını əks etdirir. Məhz bu səbəbdən əsər tarixi mahiyyət kəsb etməklə XVI əsr mühitinin öyrənilməsində açar rolunu oynayır. Əsərdə Azərbaycan, Türkiyə, Misir, Təbriz və Yaxın Şərqdə baş verən hadisələr qələmə alınmış, şeyx və pirlərin ədəbi mövqeyi, təriqət ədəbiyyatı, mürşidi-kamillərin ədəbi baxışları, eləcə də övliyaların şeir örnəkləri verilmişdir. İlk vaxtlar adı “Kalbi-kitabi-əshabi-tərayik” kimi verilsə də, Muhyi Gülşəni sonradan əsərini Əflakinin “Mənaqibül-arifin” əsərinə bənzətmək məqsədi ilə adında dəyişiklik etmişdir. “Mənaqib-i İbrahim Gülşəni” bir sai, on təqəllob, bir silahdar və bir rikabdar adlı hissələrdən ibarət olmaqla 1605-ci ildə tamamlanmışdır. Əflakinin “Mənaqibül-arifin” adlı əsəri ilə oxşarlığı hər ikisinin yazılmasına 36 ilin sərf olunmasında da özünü nümayiş etdirir. Əlyazma nüsxələri “İstanbul kütuphaneleri. Tarih-Cografiya yazmaları kataloqları”nda İstanbul Millet kütuphanesi (Ali Emiri Efendi. Şeiriyye №1046), İstanbul Millet kütuphanesi (Ali Emiri Efendi. №1045), İstanbul Süleymaniyye Kütuphanesi (Esad Efendi. №1342) şifrələri ilə qeyd edilmiş, əlyazmaların elmi-paleoqrafik təsviri verilmişdir. Ali Emiri Efendi. Şeiriyye. №1046 şifrli nüsxə adi rüqə xətti ilə yazılmış, 212 səhifədən ibarət olub kənarlarında bəzi təshihlərə yol verilmişdir. Ali Emiri Efendi №1045 şifrli nüsxə qəhvəyi rəngli meşin, 536 səhifədən təşkil olunmuşdur. Süleymaniyye kütuphanesi. Esad Efendi. №1342 şifrli nüsxə 127 səhifəli, təliq xətti ilə yazılmış, üstü əbru kağızı ilə örtülmüşdür.
“Mənaqib-i İbrahim Gülşəni” də Şeyx İbrahim Gülşəninin mürşid kimi ədəbi fəaliyyəti, qeyri-adi bacarıqları, sahib olduğu üstünlüklər, insanlara qarşı münasibətdə adil olması, təriqət əhlinin iman, ibadət anlayışlarına yanaşma tərzi şərh olunmuşdur. 1426-1427-ci illərdə Bərdədə anadan olmuş Şeyx İbrahim Gülşəni əsərdə öz kökünü Oğuz Ataya bağlamış, uşaq yaşlarından etibarən Qurani-Kərimə vaqif olmuş, türkcə kitablardan müxtəlif təfsir və hədislər oxumuşdur. İbrahim Gülşəni dövrünün bir sıra elmlərindən agah olmaq məqsədi ilə Mavərənnəhrə yola düşmüş, Təbrizə çatdıqda Molla Həsənlə tanışlıqdan sonra burada qalmağı qərarlaşdırmışdır. Uzun Həsən ilə tanış olmağa müvəffəq olan İbrahim Gülşəni qısa zaman ərzində sultanın hörmətini qazanaraq “tərxan” rütbəsinə yiyələnmişdir. Uzun Həsən bir sıra dövlət əhəmiyyətli məsələlərin həllində onun məsləhətlərindən faydalanmış, hətta orduda ruh yüksəkliyi yaratmaq üçün döyüşlərdə belə İbrahim Gülşənini öz yanında aparmışdır. Əsərdə Şirazda yerli əhaliyə qarşı münasibətdə amansızlıq nümayiş etdirən Uzun Həsənin qardaşı Sultan Xəlilin İbrahim Gülşəni ilə tanışması, Sultan Xəlilin gördüyü vaqeənin şeyxə əyan olması, şeyxdən üzr istəyib etdiyi səhvlərdən ibrət götürməsi faktı ətraflı şəkildə nəql olunmuşdur. Şeyxin sahib olduğu kəramətlərdən biri onun yuxu yozma ilə bağlı nümayiş etdirdiyi fövqəladə bacarıqlar idi. Zaviyəyə gələn insanların yuxusu öncədən ona məlum olarmış, ondan mədət uman insanları naümid geri qaytarmaz, hər kəsin dərdinə əlac olarmış. Nəql olunur ki, bir dəfə şeyxin yanına gələn bir fəqir əzab içində qəbirdə uyuyan birinin əzab çəkdiyini söyləyir. Bir müddətdən sonra yenidən qəbrə enən həmin şəxs mərhumun əzab-əziyyətdən azad olunduğunu görür. Şeyxdən bunun səbəbini soruşduqda bu hadisəni ölən şəxsin övladının “Bəsmələ” oxuması ilə əlaqələndirir. Yəni mərhumun günahları uca yaradan tərəfindən övladının “Bəsmələ” oxumasına görə bağışlanılır. Şeyx İbrahim Gülşəninin Misirə gəlişi, Məmluk sultanı tərəfindən ona Müaviyyə mədrəsəsində hücrənin ayrılması, burada irşad fəaliyyətinə başlaması, bir müddətdən sonra Misirə səfər edən Osmanlı sultanı Yavuz Səlim şeyx ilə şəxsən görüşüb onun hal-əhvalı ilə maraqlanması mənaqibdə əks olunmuşdur. “Mənaqib-i İbrahim Gülşəni” də Sultan Səlimin şeyx üçün Qahirədə asitanə inşa etdirməsi, dərgaha təsəvvüf əhli və müridlərin sürətli axını mürşidi-kamilin fəzilətləri mədh olunmaqdadır. “Mənaqib” həmçinin Mövlanə Cəlaləddin Ruminin şeyxlə bağlı az qala bütün mənbələrdə anılan hələ iki yüz il öncədən yazdığı aşağıdakı şeirin də ilkin qaynağıdır.
Didəm rox-e xub-e qolşeni ra
An çeşme çerağ-e rouşəni ra
An qeble-yi səcdəgah-e can ra
An eşrəto cay-e iməni ra
Del qoft ke, can separəm anca
Beqozərəm həsti-yo məni ra
“Mənaqib-i İbrahim Gülşəni” də Ağqoyunlu-Osmanlı münasibətləri, o dövrdə Azərbaycanın sosial-iqtisadi vəziyyəti, Avropa dövlətləri ilə münasibətlər, dövr üçün səciyyəvi olan torpaq sahibliyi formaları, XV-XVI əsrlərdə Azərbaycan mədəniyyəti və ədəbiyyatının təşəkkülü kimi məsələlər müzakirə olunmuşdur. Uzun Həsən, Sultan Süleyman Qanuni, Sufi Xəlil, Mövlanə Cəlaləddin Rumi, vəziri-əzzəm İbrahim paşa kimi şəxsiyyətlərin adları çəkilmiş, onların fəaliyyətləri istər müsbət, istərsə də mənfi yöndə qiymətləndirilmişdir. Həm də tarixi əsər xarakteri daşıyan mənaqibin əvvəlki təqəllübündə Mövlana Həzrətlərinə Şeyx İbrahim Gülşəninin anadan olmasının əyan olması, ikinci təqəllübdə öz kökünü Oğuz Ataya bağlayan İ.Gülşəninin şəcərəsindən, üçüncü təqəllübdə onun Təbrizə gələrək Molla Həsən, Sultan Həsənlə qarşılaşması, dördüncü təqəllübdə Gülşəninin Dədə Ömər Rövşəninin məqamında ərbəin çıxarması və riyazətlə məşğulluğu, beşinci təqəllübdə şeyxin Misirdə təşkil etdiyi dini-irfani söhbət və məclislər, altıncı təqəllübdə Əcəm diyarında Gülşəninin insanları imana çağırışı, nəql etdiyi ibrətamiz hekayələr, yeddinci təqəllübdə şeyxin öz müridləri ilə təsəvvüfi istilahların müzakirəsinə dair rəvayətləri, səkkizinci təqəllübdə İbrahim Gülşəninin Sultan Süleyman Qanuni ilə İstanbulda tanışlığı, sultanın şeyxə qarşı sonsuz sevgi və hörməti, doqquzuncu təqəllübdə Misirə qayıdan şeyxin ömrünün son illəri, ədəbi fəaliyyəti, onuncu təqəllübdə Şeyx İbrahim Gülşəninin vəfatı, Müntəci Məhəmməd Əfəndinin şeyxlə bağlı gördüyü qorxulu vaqeə və s. faktlar xronoloji ardıcıllıqla nəql olunmuşdur. “Mənaqib-i İbrahim Gülşəni” əsəri Azərbaycan ədəbiyyatşünaslığı üçün ətraflı şəkildə tədqiqinə ehtiyac duyulan əsər olmaqla yanaşı, tarixin bir sıra qaranlıq səhifələrini aydınlatacaq qüdrətə də malikdir.
Dostları ilə paylaş: |