Kənd təsərrüfatının iqtisadiyyatı
2020, № 4 (34) Agricultural Economics
64
UOT: 338.43, 338.432
KƏND TƏSƏRRÜFATINDA ENERJİ İSTEHLAKI:
SƏMƏRƏLİLİK VƏ DAYANIQLILIQ KONTEKSTLƏRİNDƏ BAXIŞ
Həmzə Ağakişi oğlu Xəlilov, i.e.d., professor
Aqrar Tədqiqatlar Mərkəzi, direktorun müşaviri
e-mail: hamza_xelilov@mail.ru
Xülasə
Məqalədə Azərbaycan Respublikasının kənd təsərrüfatında enerji istehlakının dinamikası təhlil
olunur. Göstərilir ki, aqrar sahədə ilkin enerji resursları sərfinin nisbətən yüksək səviyyəsi
formalaşır. Eyni zamanda, hazırki şəraitdə enerji səmərəliliyi hələlik aşağıdır. Digər tərəfdən enerji
istehlakının artan səviyyəsi, habelə onun struktur xüsusiyyəti kənd təsərrüfatının inkişafında
dayanıqlılıq prinsipinə əməl olunması baxımından əlverişli deyil. Bunlarla əlaqədar məqalədə enerji
səmərəliliyi və enerjiyə qənaət strategiyalarının reallaşdırılmasının aqrar sahənin inkişaf
prioritetlərinin sırasına daxil edilməsinin zəruriliyi göstərilir.
Açar sözlər: kənd təsərrüfatı, enerji, enerji istehlakı, enerji səmərəliliyi, dayanıqlı inkişaf.
Giriş
Modern kənd təsərrüfatı sisteminin təkamülü əkinçilik və heyvandarlığın
bütün sahələrində
ilkin enerji resurslarının istifadəsinin davamlı artması ilə bilavasitə bağlı olmuşdur. İstehlak olunan
enerjinin həcminin artımı iqtisadiyyatın aqrar sektorunun texniki və texnoloji baxımdan çağdaş
tələblər səviyyəsinə yüksəldilməsinin şərtləri sırasında öncül yerlərdən birini tutur.
Bu cəhətdən
enerji istehlakı məhsuldarlığın yüksəldilməsi əsasında kənd təsərrüfatı istehsalının inkişafının əsas
amillərindən biri kimi çıxış edir. Ərzaq məhsulları istehsalı sferasında dəyər zəncirlərinin inkişafı bu
sahəyə enerji sərfinin mütləq və nisbi ölçülərdə genişlənməsinə yol açır.
Bununla yanaşı tədqiqatçıların da qeyd etdiyi kimi, enerji istehlakının
müasir yüksəlişi
ziddiyyətli cəhətləri ilə önə çıxır [5]. İlk növbədə, istehlak olunan enerji aqrar sahədə məhsul
istehsalına çəkilən xərclərin önəmli hissəsini təşkil etməklə onun ümumi
səviyyəsinə əhəmiyyətli
təzyiq göstərmək gücünə yiyələnir. Bununla əlaqədar enerji istifadəsinin səmərəliliyinin təmin
olunmasının diqqətdə saxlanılmasına ehtiyac yaranır. Digər tərəfdən aqrar sahədə enerji istehlakının
ardıcıl çoxalması ekologiyaya zərərli təsirin artması ilə müşayiət olunur. Bu istiqamətdə mümkün
məhdudlaşdırıcı fəaliyyətlərin zəruriliyi meydana gəlir.
Göstərilənləri nəzərə almaqla, kənd təsərrüfatında enerji istehlakının qeyd edilən cəhətlərinin
qarşılıqlı əlaqəli təhlili maraq kəsb edir.