Xülasə XIX əsr şairi Seyid Nigarinin yazdığı Çaynamə məsnəvisi təsəvvüfi məzmunlu bir əsərdir. Şair bu əsərini



Yüklə 422,17 Kb.
Pdf görüntüsü
tarix31.01.2017
ölçüsü422,17 Kb.
#6768
növüXülasə

 



SEYİD NİGARİNİN ÇAYNAME MESNEVİSİ  

 

Pərvanə Bayram 

Qafqaz Universiteti Pedaqogika Fakultəsi 

Türk Dili və Ədəbiyyatı Bölməsi 

pervane32@yahoo.com  

 

Xülasə 

XIX əsr şairi Seyid Nigarinin yazdığı Çaynamə məsnəvisi təsəvvüfi məzmunlu bir əsərdir. Şair bu əsərini 

klassik məsnəvi ənənəsinə  uyqun olaraq bölümlərə görə tərtib etmişdir. Əsərdə samovarı vəfalı aşiqə bənzədən 

şair, onun  müxtəlif hissələrinə də təsəvvüfi məzmunlar yükləmişdir. Şair ilahi eşq ilə  yanıb tutuşan samovarın 

qaynatdığı çayı ilahi eşqin şərabına oxşadaraq bu çaydan içənlərin qəlbinə fərəh və sevinc gəldiyini poetik bir dil 

ilə ifadə edir. 

Açar kəlimələr: alleqorik məsnəvi, təsəvvüf, Çaynamə məsnəvisi, şəhrəngiz, ilahi şərab. 

 

THE CHAYNAME DISTICH OF SAID NIGARI 

Abstract 

The mystic work of XIX writer Nigari “ chayname ”is very pithy and meaningful. The writer composed 

thi  work  in  devisions  in  accordance  with  the  content  of  classical  distich.  Making  alike  the  samovar  with  the 

faithful lover and even loaded its parts another distich contents. The writer likens the boiling tea in the samovar 

to the divine love and expresses poetically that who drinks from that tea will be filled with joy and gladness. 

Key words: allegorical (metaphorical) distich, sufism, mystic, chayname distich, shahrengiz, divine wine. 



 

 

Məsnəvi kəliməsinin hərfi mənası Ərəb dilində iki, ikili deməkdir.  Ədəbiyyatımızda isə 



eyni vəzində və hər beyti öz arasında ayrı ayrı qafiyələnən şeirlərin adıdır. Məsnəvidə beytlər 

həm ayrı ayrı qafiyələnməlidir, həm də mənalar beyt içində tamamlanamlı və o biri beytlərə 

keçməməlidir. Beytlər arasında isə sadəcə mövzu birliyi olmalıdır. Klassik ədəbiyyatda 20–30 

beytdən  yüzlərcə,  hətta  minlərcə  beytə  qədər  yazılan  məsnəvilər  vardır.  Bu  janrda  hər  beyt 

ayrı  ayrı  qafiyələndiyi  üçün  şeir  yazmaq  daha  asandır  və  bu  səbəblə  də  ədəbiyatımızda 

məsnəvi  janrında  yazılan  əsərlər  daha  çoxdur.  Xüsusən  də  dastanlar,  tarixi,  dini-əxlaqi 

mövzulu  iri  həcmli  əsərlər  bu  janrla  yazılmışdır.  Məsnəvilərin  başında  çox  vaxt  qəsidə 

şəklində tövhid, münacat, nat,  mədhiyyə yazılır. Sonra “səbəb-i nəzm-i kitab” başlığı altında 

əsərin kimə yazıldığı haqqında məlumat verilir. Məsnəvilərdə mövzular bölümlərə ayrılır və 

başlıqlar  daha  çox  Farsca  yazılır.    Axırda  isə  əsər  kimin  adına  yazılmışsa  ona  dua  edilir

1



Azərbaycan ədəbiyyatında bu janrın ustası XII əsrdə yaşamış xəmsə şairi Nizami Gəncəvidir. 



Nizami  Gəncəvi  Xəmsəsindəki  məsnəvilərlə  özündən  sonrakı  ədəbiyyatda  bir  məktəb  təşkil 

etmişdir.  XIX əsrdə uzunluğu səbəbiylə bu janra olan rəğbət, əvvəlki əsrlərə nisbətən azalsa 

da bəzi şairlər yenə də bu janrdan istifadə etmişlərdir. XIX əsrdə yaşayan Seyid Nigari də bu 

janrda  qələmini  sınayaraq  iki  məsnəvi  yazmışdır.  Nigarinin  məsnəvilərində  klassik  məsnəvi 

şairlərinin,  xüsusən  də  Nizami  Gəncəvinin  bariz  təsiri  görünməklə  bərabər,  şair,  iki 

məsnəvisində də daha çox XVIII əsr Anadolu sahəsi klassik Türk ədəbiyyatının məşhur şairi 

Şeyx  Galibin  “Hüsn  və  Eşq”  məsnəvisindən  təsirlənmişdir.  Şeyx  Qalibin  “Hüsn  və  Eşq” 

məsnəvisindəki  simvolik  məzmunlar  və  alleqorik  ünsürlərdən  Çaynamədə  geniş  bir  şəkildə 

istifadə  edilmişdir.  Şair  bu  əsərdə  samovara  və  çaya  müxtəlif  təsəvvüfi  məznunlar  yükləmiş 

və bunların hər biri haqqında poetik bir tərzdə gözəl bənzətmələr yazmışdır. 

Çayname-i Seyid Nigari adıyla əruzun Məfu lü/Mə fai lün/Feu lün vəzniylə yazılan əsər, 

521 beyitlik təsəvvüfi bir məsnəvidir və bölümlərə ayrılaraq yazılmışdır. On səkkiz bölümdən 

ibarət olan bu əsərdə klassik məsnəvi ənənəsinə uyqun olaraq hər bir bölümə başlıq verilmiş 

və başlıqlar ayrı ayrı yazılmışdır. 

                                                 

1

 İpekten H. Əski Türk ədəbiyatında nazım şekilleri ve aruz, s. 59–60. 



 

Bəsmələylə başlayan birinci bölümün adı “Bu gülistan-ı hamd-rənadan bir gül-dəstə və 



bustan-ı  şükr-zibadan  bir  şəmame-i  dilbəstədir”  şəklindədir.  Mənası  “bu  şükrün  gözəl 

bağçasından  bir  gül  dəstəsi  və  şükür  bağından  bir  aşiqin  ətirli  şamamasıdır”  olan  bu  bölüm 

tövhid olaraq yazılmışdır və 41 beytdən ibarətdir. Əsərə belə başlanır: 

Alemlere ey viren nizamı 

Hamd sanadır şükr tamamı 

İkinci bölüm isə  “Bu cənnətistan-ı  şəhənşah-ı ənbiyadan bir dəstə  gül və çəmənistan-ı 

sürur-ı asfiyadan bir güldəstə-i behcət-əfza-yı dildir” başlığı altında yazılmış nət bölümüdür.  

Mənası  “bu  peyqəmbərlərin  şahənşahının  cənnət  bağçasından  bir  gül  dəstəsi  və  sevinc 

çəmənliyinin  başcısından  könül  gözəlliyini  artıran  bir  gül  dəstəsidir”  olan  bu  bölüm  də  47 

beytlikdir.  

Ey dide-i zübde-i dü âlem 

Ey eşref-i nesl-i can-ı Âdem 

Her lahza dürud-ı hub her dem 

Olsun sana ey Habib-i ekrem 

Bir can Muhammed emine 

Reşk-dih buy-ı yasemine 

Üçüncü bölümdə şair “Bu gülzar-ı münacat ü arz-ı hacətdən bir şəmmə bu və çəmənzar-

ı  tazarru  u  niyazdan  bir  nefha-i  dil-cudur”  başlığı  altında  məsnəvinin  münacat  hissəsini 

yazmışdır. Mənası “bu münacatın gül baxçasından və ehtiyacların dilə gətirilməsindən balaca 

bir  ətir  və  yalvarıb  yaxarma  –niyaz  etmə  çəmənliyindən  könül  çəkən  bir  ətirdir”  olan  bu 

bölümdə  şair  saqiyə  xitabən  Allaha  yalvarır  və  əsərini  yaza  bilmək  üçün  Ondan  yardım 

istəyir. 83 beytdən ibarət olan bu bölümdə şair həm də dua edir.  

Lutf eyle be-hakk-ı desti desti 

Ser-şar be-bade-i elesti 

Luft eyle be-hurmet-i sebu-mey 

Meyi ki şeved be-nale-i ney 

Yani ki beni mükerrem itdin 

İslam ile şad ü hurrem itdin 

Evvel ola ahirimde beyle 

Ey Bari-Huda kıl öyle eyle 

Dördüncü  bölümdə  “Bais-i  nəzm-ı  Çay-namə”  başlığı  altında  əsərin  yazılış  səbəbi 

verilir. Bu bölüm 8 beytdir.  

Bir vakt-i ferah ki peyk-i esrar 

Şehdane sözi lebi şeker-bar 

Semavere eyleyüp işaret 

Sudan yanaga virüp beşaret 

 

Beşinci  bölümdə  şair  “Bu  övsaf-ı  samovar-ı  dil-güşadan  bir  vasf-ı  dil-ara-yı  fərəh-



fəzadır” başlığı altında samovarın xüsusiyətlərindən danışır.  Mənası “bu ürək açan samovarın 

vəsflərindən  ürəyi  fərəhləndirib  gözəlləşdirən  bir  vəsfdir”  olan  19  beytlik  bu  bölümdə  şair, 

samovari neylə müqayisə edir. Şair burada Mövləvilik təriqətindən də bəhs edərək “samovar 

nə  çinar,  nə  də  gülnardır,  onun  aşiqliyinə  dəlil  içindəki  nardır,  samovar  nə  bəzəklidir,  nə 

rəngli;  zərrin  olması  onun  öz  xüsusiyyəti,  öz  rəngidir.  Qızıl  suyuna  boyanan  onun  zahiridir, 


 

içi isə eşq atəşiylə yanmışdır. Samovarın canı könül əhlinin canıdır, onu da samovar kimi eşq 



atəşiylə  yandırırlar.  Samovar  müəmmalı  bir  dairədir  ki  içində  od  ilə  su  bir  yerdə  durur. 

Samovarın  atəşgahı  məcməyisidir,  içindəki  od  da  gülnardır.  Burada  İbrahim  peyqəmbərin 

atəşə  atılması  hadisəsinə  təlmih  edilir.  Samovarın  su  qoyulan  yeri  dirilik  suyunun  yeridir, 

suya  bu  yer  can  verməkdədir.  Samovarın  qaynamağı  qaynamaq  deyil  coşmaqdır,  can 

cünbüşüdür,  qaynayan  suyu  isə  elə  sudur  ki  dirilik  suyuna  bənzəyir.  Qaynayan  bu  suyun 

yandırıcı  isti  buxarı  uçan  quş  kimidir,  tökülən  bu  qaynar  sular  isə  Süləyman  peyqəmbərin 

Hüdhüd quşu kimidir.  Samovarın özü Simurq quşuna, hər iki tərəfindəki qulpları bu quşunun 

qanadlarına  oxşayır.    Bu  haliylə  samovar  sanki  Dəhhaqdır  iki  çiynində  də  adam  yeyən 

qorxususz ilanlar vardır. Tütkeşi Mövləvi külahıdır,  içi və çölü dərddən yanmışdır. Dəmkeşi 

nədir,  Məsihin  nəfəsi,  hər  aldığı  nəfəs  isə  Məryəmin  qoxusudur.  Samovarın  başındakı  çini 

çaydan isə sanki taxtında oturan Çin padişahı kimidir. Samovara və çaydana yandan baxanda 

elə  bil  ki  başında  tacıyla  oturmuş  bir  şaha  baxırsan.  Çaydan  dəmkeşin  üstündə  Taymus  şah 

kimi  elə oturub  ki  sanki  tovuz quşu  sərv ağacının üstündə  oturmuşdur.  Samovarın  qanadları 

yoxdur  ki  uçsun  amma  elə  durub,  sanki  şahbaz  quşu  kimi  uçacaqdır.  O  könül  yandıran 

samovar yaqutların olduğu yerdir,  o parlaq rəng nə ləllər tökər? 

Beşinci  bölümde  şair  samovara  tamamən  təsəvvüfi  mənalar  yükləyir.  Bildiyimiz  kimi 

təsəvvüfün  qayəsi  insan-ı  kâmilə  çatmaqdır.  İnsan-ı  kâmilə  çatmaq  üçün  insanın  Haqqı  və 

özünü bilib dərk etməsi lazımdır. İnsan-ı kâmilə çatmağın əsas yolu eşqdən keçir. Bunun üçün 

də bu yola baş qoyanın eşq odunda yanıb bişməsi və püxtələşməsi vacibdir. Mövlananın dili 

ilə desək “xamdım, bişdim, yandım”. Aşiqliyin qısa xülasəsi budur. Eşq oduna yanan aşiq bu 

yolda irəliləyərək sevdiyinə qovuşur. Buradakı əsas sevgili də ilahi sevgilidir. Çaynamə şairi 

samovarın  vəsfinə  başlarkən  onun  “ürək  açan,  insanı  fərəhləndirən  vəsflərindən  bəhs 

edəcəyini  ifadə  edir.  O,  samovarın  qaynadığı  zaman  çıxartdığı  səsləri  neyin  inləmələrinə, 

başındakı uzun tütkeşi isə Mövləvi papağına oxşadır. Şair, samovarı mədh edərkən onun nə 

çinar nə də  gülnar  ağacı olmadığını vurqulayır.  Bu ağaclar, sufilərə  görə vəhdəti və cənnəti 

təmsil  edər,  ayrıca  klasik  şeirdə  uzun  boylu  gözəl  sevgiliyə  de  bənzədilir.  Şair  burada 

samovarı bu vəsflərdən uzaq tutur.  Onun vəsflərinin heç bir gözəllik təşbehinə sığmadığını, 

onun vəfalı aşiq olduğunu deyərək içində yanan atəşin də buna dəlil olduğunu bildirir. 

Şairə görə samovar başqa gözəllər kimi bər bəzəkli, rəngarəng də deyildir. Parlaq, zərli 

olması onun təbii rəngidir. Samovarın çölü qızıl suyuna boyansa da içi eşq atəşiylə yanmışdır. 

Şair, samovarı eşq oduna yanan aşiqə, külxanını- yəni içində od yanan hissəsini miəmmalı bir 

dairəyə  oxşadaraq  od  ilə  su  kimi  iki  zidd  maddənin  bir  yerdə  olmağına  diqqət  çəkir.  Şair 

samovarın  qaynamağını  can  cünbüşünə-  ilahi  eşq  nəticəsində  dərvişin  vəcdə  gəlməsinə 

oxşadir.  Samovarın qaynayan sularını dirilik suyuna,  buxarını uçan quşlara, qaynadığı zaman 

pıqqıldayıb ətrafa saçılan su zərrələrini isə Süleyman peyqəmbərin Hüdhüd quşuna bənzədir.  

Göründüyü  kimi  burada  şair,  samovarın  timsalında  bütün  təsəvvüfi  termin  və  hadisələrə, 

məşhur əsərlərə təlmih edir. Əsasən də samovarı və onunla əlaqədar xüsusiyyətləri Mövləvilik 

təriqətinə, təsəvvüfə, insanın Ələst məclisindən ayrılığının və bu dünya qürbətinə düşməsinin 

təmsilçisi  olan  neyə,    təsəvvüfi  əsərlər  içində  ən  məşhur  olan  Fəridəddin  Əttarın  Məntiqüt-

Teyr adlı əsərinin əsas qəhramanlarından Simurq və Hüdhüd quşuna oxşadır. Şair samovarın 

özünü  bəzən  Simurq  quşuna,  qulplarını  isə  bu  quşun  qanadlarına,  bəzən  də  Fars 

mifologiyasında  məşhur  olan  zalım  Zöhhaka,  qulplarını  isə  Zöhhakın  çiyinlərindən  baş 

qaldıran  insan  beyni  yeyən  ilanlara  oxşadır.  Samovarın  dəmkeşini  şair,  İsa  peyqəmbərin 

nəfəsinə,  hər  aldığı  nəfəsi  isə  Həzrəti  Məryəmin  qoxusuna  oxşadaraq  ədəbiyyatımızda  çox 

istifadə  olunan  Həzrəti  İsanın  nəfəsiylə  ölüləri  diriltmə  möcüzəsinə  və  onun  anası  Həzrəti 

Məryəmin başına gələn hadisələrə təlmih edir. 

Nigari,  samovarın  üstünə  qoyulan  dəm  çaydanını  taxtında  oturmuş  Çin  padişahına 

bənzədərək  gözəl  bir  təşbeh  sənəti  ortaya  qoyar.  Daha  sonra  şair  bu  bənzətməni  daha  da 

zənginləşdirərək  Taymus  şah  kimi  samovarın  üstündə  duran  çaydanı  sərv  ağacının  üstünə 


 

qonmuş  tovuz  quşuna  oxşadır.  Şair  samovarın  bu  ehtişamına  və  vüqarlı  duruşuna  özü  də 



heyrət edir və “samovarın uçmağa qanadı yoxdur amma o uçmağa hazırlaşan tovuz quşu kimi 

durub” deyir. 

Altıncı bölüm “İstimdad kərdən-i nazım bəd əz lutf-ı Pərvərdigar əz təb-i şəkər-güftar ü 

əz eşq-i şirinkar” başlığı altında yazılmışdır.  Mənası “ şairin şirin sözlü aşiqdən və onun şirin 

təbindən  sonra  Allahın  lütfündən  yardım  istəməsi”  olan  13  beytlik  bu  bölümdə  şair,  eşq 

ustadına xitabən çayı ətri etibariylə Xıta müşgünə oxşadaraq onu şərabın yerinə qoyar. 

Ey tab-ı şirin ey aşk-ı üstad 

Tarh eyleyelim bir özge bünyad 

Ol nafe-i ahu çay-ı hoş-bu 

İhvan-ı tarik zikri ya Hu 

Məsnəvinin yeddinci bölümü “Bu çay-ı müşg-bunun evsafından bir vasf-ı səmən-sadır” 

başlığı altındadır. Mənası “bu müşk ətirli çayın vəsflərinin bir yasəmən ətirli ifadəsidir” olan 

22 beytlik bu bölümdə şair çayı gözələ bənzədərək onun haqqında belə deyir: “Çay nə çay ki 

sanki Xıta ayəti, onu içməyənlər xəta eyləyər, çayın üzü gözəldir ağzı gül, əndamı lalə, nəfəsi 

Əzranınkı kimi gül ətirlidir. Çay, gül üzlü, könül alan bir gəlindir ki zövq əhlinə fərəh verir. 

Rəngi  gül,  ərquvan  rəngindədir,  içənlərə  hərarət  verir,  nar  kimi  qırmızı  rəngi  yaqutu 

xəcalətdən  utandırır.  Çayın  üzünü  sanki  mərcan  görmüş  və  onun  parlaqlığı  yanında  cansız 

olmuşdur. Çayın qırmızı rəngi qanı da qısqandırır. Çay məclisində parlaq şərab da məyusdur, 

tovuz quşunun qanı çayın yanında rəngsiz qalır. Burada şair orijinal bir bənzətməylə dovşan 

qanı, xoruz quyruğu ifadələrindən fərqli olaraq çayın rəngini tovuz quşunun qanına oxşadır. 

Şair,  çay  haqqında  daha  necə  gözəl  bənzətmələrdən  istifadə  etdikdən  sonra  “çayın  başqa 

xüsusiyyətləri də vardır ki şəfalıdır, vəba xəstəliyinə də şəfadır.  Çay min dərdə dəvadır amma 

tiryək  deyildir,  tam  tərsinə  zəhəri  bədəndən  təmizləyir”  deyir.    “Bu  sözləri  də  əbəs  yerə 

demirəm  dəmli  bir  çay  üçün  deyirəm.  Çay  Çin  və  Xıta  ceyranıdır,  Xıta  müşkü,  Maçin 

gülüdür. Şübhəsiz ki inayət məzhəridir, kəmalının vəsfləri nəhayətsizdir. Çay könül alan bir 

pərinin  yetişdirməsidir,  nəfəsi  müşk  qoxulu,  vücudu  gül  ətirlidir.    Çay  nəfəs  ərbabı,  könül 

əhlidir,  bədəni yanıq, yanaqları gül, vücudu dağlıdır. Bu dəlili də onun aşiqliyini təsdiq edir. 

Çay limon ilə bir olunca başqa bir ləzzət verir.  Çayın təbi şirin, məzacı da xoşdur. Bəzən onu 

süd  ilə  də  qarışdırırlar.  Əgər  çay  olan  məclisdə  qaymaq  da  olursa  bu  nəşədən,  bu  keyfdən 

usanılmaz” kimi ifadələrdən sonra şair səkkizinci bölümə keçir. 

Yedinci  bölümdə  Qarabağlı  şair  çaydan  və  onun  xüsusiyyətlərindən  danışarkən  bizə 

yaşadığı  dövrdə  Qarabağda  mövcud  olan  çay  içmə  ənənəsindən  və  çayın  süfrəyə  verilme 

qaydasından təfərrüatıyla bəhs edir. Burada diqqətimizi çəkən xüsuslardan biri çayın süfrəyə 

qaymaqla  birlikdə  verilməsidir.  Azərbaycanda  mürəbbəylə  çay  içmə  adətindən  başqa 

qaymaqla da içildiyini biz buradan öyrənirik. 

Səkkizinci  bölüm  “Vəsiyyət  kərdən-i  nazım-ı  be-hüma-yı  güftar  u  firistadən-i  vey  be-

tələb-i  yaran  çay-ı  ənbər-nisar  ki  ibarətəst  əz  şəkər  ü  limon  u  şir-fəşar  u  qaymaq-ı  dil-cu” 

başlığı altındadır.  “Şairin könül alan qaymaq, təzə sağılan süt, limon və şəkərdən bəhs edən 

bu  ənbər  ətirli  çay  vəya  Çaynamə  haqqındakı  əsəri  dostların  xahişi  ilə  onlara  söz  hüması 

tərəfindən göndərilən bir vəsiyyətdir” mənasına gələn bu bölümdə toplam 75 beyt vardır. Bu 

fəsil əsərin klasik məsnəvilərdə yer alan sebeb-i telif bölümüdür. 

Şair  bu  bölümdə  sözə  xiatbən  “ey  söz  hüması  indi  uç  qanadlan,  çünki  qanadlanmağa 

yerin  var.    Durma  ayağ  al  Fransaya  ged,  şəkər  dağını  dənglərə  vur,  qatarı  yola  sal,  dövran 

eylə, gəzərək İngiltərə şəkərinə can ver, o canlara zövq verən şəkəri topla,  gəmiylə gətir. O 

yerdə çox qalma yola düş ilahi tövfiqlə təkyəgah et, Misirə ged, o şirin dilbəri-şəkəri tez yola 

sal,  minlərcə  afərin al.  Limonu, limon duzunu da unutma, hamısını şəkərlə bir  yerdə göndər 

gəlsin.  Sonra İsfahan yollarını qət eylə, bəzi məkanlarda təyy-i məsafə edərək qəndi topla və 

usanmadan  karvanla  yola  sal  gəlsin.  Çünki  ləl  alınlı  dilbər  hər  məclisdə  şəkər  söhbəti 



 

etməkdədir.  Bu işdə səbr etmə, qərarsız ol, çünki yolun Turan torpağına düşdü. Səfər zamanı 



yemək  yemə,  yatma,  çünki  yolçuya  rahat  haramdır.  Qorxmadan  Xorasana  get,  oralarda  işlər 

asan  olur.  Keçdiyin  yerlərdə  Bistam  şahı,  Cəm  şah  və  Tus  şəhərinin  başçıları  vardır,  onlar 

ilahi-lahut- şahlardır, onun ayaqlarının altında Nasut quşu-insanlık quşu vardır. Yol sərdarının 

adı Tayfurdur, məzarı zəvvarları sevindirir. Sən feyz qanadını o məkandan al, teyy-i məkan 

edərək  zamandan  keç.    Heç  fikir  çəkmə,  Cənab-ı  Akdəs  səni  müqəddəs  Məşhəd  yollarına 

çatdırar. Sən Allahı anaraq qanadlan və Tusun eşq şahı ilə dəmsaz ol. Şöhrəti ərşi-bərini ötən 

Tus  şahını  gör,  o  kürsüsündə  oturmuşdur.  Səkkizinci  cənnətin,  imamət  dayanacağının  şahı 

odur.  Sən  rıza  baxçasına  can  saç,  o  yerdə  torpaqla  bir  ol.    Sənin  cövlan  etmənə  Allahın 

rəhməti  olacaqdır,  sən  rıza  yoluna  şirin  canını  ver,  təmkin  və  feyz  qanadlarını  al.  Xidmətini 

sidq ürəklə tamamla və qanadlanaraq Cam şəhərinə get. Sən mənim daimi məstliyimi gör. Sən 

də meyxarlıq et, qədəhin müridi ol, camın şeyxinə əsir olaraq könül ver. O nə şeyxdir ki dörd 

üzün əsasıdır və kəramət meracının təməlidir.  Deyirlər ki o bu əsrdə Əlidir, kəramət iqliminə 

də vəlidir” deyir. 

Şair  daha  sonra  “Xarəzmə  keç,  orada  Pəhlivanın  məzarının  torpağını  öp,  o  kimyadan 

feyz al, rəh-nümalar diyarına əzm eylə, övliyalar məkanını seyr eylə.  O nəfəsi Məsih-i Sara, 

hər  bir  nəzərində  min  iksir,  min  cahangir  olan,  irfan  qəsrinin  taxtında  oturan  o  sərdarın, 

Allahın  sevdiyi  qul  olan,  Məhəmmədül  Əminin  yolundan  gedən  o  övliyalar  padişahının, 

Buxara  sərvəri-  Bəhaəddin  Nəqşibəndin  məzarını,  dərgahını  ziyarət  et,    əllərini  qaldıraraq 

sənin şeir aləmində qanadlanman, sənə güç qüvvət verməsi üçün Allaha dua et, o torpaqlardan 

qılınc  kimi  bir  nüfuz  alaraq  Teymur  kimi  çahangirlər  padişahı  ol.  Daha  sonra  o  yerləri  də 

öpərək  qanadlan  və  oradan  Səmərqənd  şahının-  yol  üzərində  olan  Übeydullah  Əhrarın,  o 

masivaya sahib, bəşəriyyətin xilası, yaradılışı Allaha xas olan, dünyaya əhəmiyyət verməyən, 

ata mindiyi dəmdə qılıncı Rumda oynayan o, fəna və bəqa mülkünün sultanının da məzarının 

torpağını öp ki sənin şeir vadisində qanad çalmağına kömək etsin. Sonra Allaha şükr eylə ki 

sənə  nəzər  ərbəbı  bu  zatların  məzarını  ziyarət  etməyi  nəsib  eylədi.  Sən  günəşi  və  ayı 

qısqandıran  bu  şahlardan  nəzər  aldın.  Şübhəsiz  ki  artıq  təbin  açılar  və  muradına  çatarsan. 

Bütün şairlər səni təqdir edərlər, sənin şeirindən nabat və şəkər axar. Səndə əvvəllər bu gözəl 

təb,  gözəl  şeir  yazmaq  qabiliyyəti  yox  idi,    şübhəsiz  ki  bu  səndə  bir  nəfəsdir,    ərbabına  bir 

nəfəs  də  bəsdir.    İndi  qanadlan  və  Xıta  yollarına  doğru  xəta  eyləmədən  uç,    o  müşk  və 

ənbərlər diyarına çatanda ahular səni qarşılayacaq,  üzünü görmək üçün canlarını,  sözlərini 

duymaq üçün varlarını verəcəklərdir. Çünki onlar səndə var olan ilahi eşqi, məhəbbəti, sənin 

bu  məhəbbət  uğrunda  məsivadan  keçdiyini  bilirlər.    Əgər  sən  bir  nəfəsində  Ya  Hu  desən 

məclisində bütün şirlər və ahular toplanacaqdır” deyir. 

Çaynamənin təsəvvüfi cəhətdən ən önəmli bölümləri beşinci və səkkizinci bölümlərdir. 

Şair  vermək  istədiyi  təsəvvüfi  məsajları  daha  çox  bu  bölümlərdə  verir  və  mənsubu  olduğu 

Nəqşibəndilik təriqətinin tarixi liderlərindən və onların vətənlərindən, məzarlarının yerləşdiyi 

məkanlardan  burada  bəhs  edir.  Şair  əsərdə  söz  hümasına  xitabən  “qanadlan,  ətrafa  şəkər 

saçmaq üçün əvvəlcə Fransaya ged, şəkər dağını yüklə və buraya  yola sal. Sonra gəzə gəzə 

İngiltərəyə keç və o gözəl İngilis şəkərini gəmiyə yüklə göndər. Daha sonra Misirə get, yenə 

də şəkərləri yüklə buraya gelsinler. Bu arada limon duzunu da almağı yaddan çıxartma” deyir. 

Şair  bu  bölümdə  limondan  və  limon  duzundan  bəhs  edərkən  biz  limon  duzundan  hələ  XIX 

əsrdən etibarən istifadə edildiyini anlayırıq.  

Şair söz hümasına “daha sonra İsfahana keç və oradan da teyy-i məkan edərək Turana-

Türk  yurdlarına  doğru  yola  çıx.    Buralarda  Xarəzmi,  Bistamı,  Tusu,  bu  yerlərin  şahlarını- 

mənəvi  böyüklərini ziyarət  et,   Tayfur adlı  yol  sərdarının zəvvarları sevindirən məzarını  sən 

də  ziyarət  et”  deyir.  Burada  artıq  maddi  ünsürlərdən  mənəvi  ünsürlərə  bir  keçiş  vardır.  “O 

şahlar  mənəviyyat  və  ilahi  eşq  iqlimin  şahlarıdır.    Sən  Tus  şəhərindəki  şöhrəti  ərşi  də  ötüb 

keçən şahı da gör, ondan da feyz al. O imamət taxtının sərdarıdır. Ey təbim, sən feyz qanadını 

o  məkanlardan  al,  zamandan  və  məkandan  təyy  et  və  qorxma,  Allah  Təala  səni  Məşhədə 


 

çatdıracaqdır. Buradakı mənəvi böyüklərlə də görüşəndən və xidmətini tamamlayandan sonra 



Cam şəhərinə ged, oradakı camın şeyxinə əsir olaraq könül ver”. Şair burada Nəqşibəndilik 

təriqətinin önəmli təmsilçilərindən şair Abdurrahman Camini nəzərdə tutur. 

Şair təbinə, daha sonra Xarəzmə keçib orada Pehlivanın məzarını ziyarət etməyi, onun 

məzarının  torpağından  öpərək  feyz  almağı,  bəşəriyyətə  yol  göstərən  mənəvi  böyüklərin-

övliyaların  diyarına  doğru  yola  düşüb  oradan  Buxara  şəhərində  Bəhaəddin  Nəqşibəndin  və 

Səmərqənddə  Teymurun  məzarlarını  ziyarət  edəndən  sonra  Səmərqənddə  möcüzələri  və 

mənqibələri ilə məşhur olan Übeydullah Əhrarın məzarını öpüb onun ruhaniyyətindən yardım 

istəməyi  məsləhət  görür.  Şair  bu  bölümün  sonunda  təbinə  bütün  bu  mənəvi  gözəlliklərdən 

ötrü  Allaha  şükr  etmeyi  də  məsləhət  görür  və  “Əgər  Allahın  bu  lütufları  sənin  üzəində 

olmasaydı  sən  belə  parlaq  bir  təbə  sahib  olub  gözəl  şeilər  yaza  bilməzdin.  Şübhəsiz  bunlar 

səndə bir nəfəsdir. Ərbabına bir nəfəs də bəsdir. İndi isə durma qanadlan ey təbim, heç xəta 

etmədən Xıta məmləkətinə doğru uç və nə zamandır orada səni gözləyən müşq ətirli ahuların 

yanına ged. Onlar sənin nəfəsinə həsrətdirlər” deyir. 

Doqquzuncu  bölüm  “Dər  bəyan-ı  övsaf-ı  şir-i  anbər-bu”  başlığı  altında  yazılmışdır. 

Mənası “ənbər ətirli sütün vəsfi” olan 11 beytlik bu bölümdə ənbər qoxulu sütdən bəhs edilir. 

Burada şair sütün xüsusiyyətlərindən, ətrindən dadından, içənlərə verdiyi şirin zövqdən bəhs 

edərək könül alan bu sütün Xıta müşgündən daha ətirli olduğunu ifadə edir.  Burada şair, sütə 

də təsəvvüfi məzmunlar yükləyərək belə deyir: 

Bi-cam içilür o şir bi-leb 

Bi-vasat gönül olur leb-a-leb 

Nafe-i gazal-i deşt-i vahdet 

Nefha-i tezekkür-i dü kelimet 

Ur yola katarı bar-ı şiri 

Yad eyle yine o dest-giri 

Onuncu  bölüm  “Bu  bağçe-i  niyazdan  bir  gonçe-i  dil-güşadır”    başlığı  altında 

yazılmışdır. Mənası “bu yalvarma baxçasından ürək açan bir qönçədir” olan bu səkkiz beytlik 

bölüm  məsnəvinin  dua  bölümüdür.  Burada  şair  “Peyqəmbərimizin  üzü  suyu  hörmətinə 

diyarıma-  vətənimə  səlamət  ver”  deyərək  Allaha  yalvarır.  Daha  sonra  da  tutduğu  bu  yolda 

məqsədinə çatması üçün dua edir. 

Ey Bari Huda be-hakk-ı Ahmed 

Şahen-şeh-i enbiya Muhammed 

Evvel ki diyarıma selamet 

Bil-emn yatur be-gayr-i afet 

İhlas ile olsa arz-ı hacet 

Elbette niyaz olur icabet 

Məsnəvinin  on  birinci  bölümü  “Dər  bəyan-ı  rucu  kərdən-i  hüma-yı  güftar  be-tərəf-i 

Azərbaycan  be-tələb-i  qaymaq”  başlığı  altında  yazılmışdır.    Mənası  “söz  hümasını  qaymaq 

gətirmək  üçün  Azərbaycan  tərəfə  göndərmək  haqqında”  olan  dörd  beytlik  bu  bölümdə  şair,  

söz hümasının Azərbaycana dönərək oradan qaymaq istəməsindən bəhs edir. 

Azm eyle diyar-ı Şirvanı 

Kat eyle reh-i Azerbaycanı 

Zira ki gerek o şaha kaymak 

fievkane yüri nedir usanmak 

Bir yer diyem ismidir Karabağ 

Cennet yeri abı şir ü kaymağ 

On  ikinci  bölüm  “Dər  bəyan-ı  mənkabet-i  gülgəşt-i  vilayət-i  Qarabağ”  başlığı  altında 

yazılmışdır.  Mənası  Qarabağ  vilayətində  gülgəşt  etmənin-  gəzmənin  mənqibələri  olan  53 

beytlik bu bölümdə şair, vətəni Qarabağ və onun gözəlliklərindən çox gözəl bir üslubla bəhs 

edir.   Əsərin bu bölümü  ədəbiyyatımızdakı  şəhraşub, şəhrəngiz vəya biladiyyə  (şəhraşub bir 


 

şəhərin  gözəlliklərindən  və  gözəllərindən,  sənət  peşə  adamlarından  bəhsedən  şeirlərdir) 



türünün  ən  gözəl  nümunəsidir

2

.  Şair,  bu  bölümdə  əvvəlcə  Qarabağın  coğrafi 



xüsusiyyətlərindən  bəhs  edərək  onun  qərbinin  gözəl  Göyçə  mahalı,  şərqinin  isə  Şirvandakı 

Badı-Kubə yəni Bakı, cənub sərhəddinin Araz çayı, şimal hüdudlarının xoş nəfəsli olduğunu 

deyərək  Qarabağı  sanki  bir  dairənin  içində  peyda  olmuş  can  mərkəzinə  oxşadır.  Daha  sona 

“Qarabağın  çayları  uzun,  nəhayətsizdir,  cənnət  kimi  hər  tərəfi  bağ  və  sularla  əhatə 

olunmuşdur. Atları ceyrana bərabərdir, baxışları vəhşi olsa da mülayimdirlər, rəngləri xoşdur, 

zəfəran  rəngli  ipəyə  bənzəyirlər,  maral  və  ceyran  sürüsü  kimidirlər,  ənbər  nəfəsli  ahuya 

bənzəyən gözəlləri Xıta ceyranlarını qısqandırır,  gəncləri şücaətləriylə dillərə dastan olublar, 

bura Gülgun və Şəbdizin məkanıdır.  Ovlamaq üçün quşları, turac və kəklikləri, kaman qaşlı 

şirin  gözəlləri  çoxdur,  havası  ənbər  saçır,  səhralarında  Numan  lalələrinin  bitdiyi  baxçalar 

vardır,  yaylaqları  Allahın  inayətiylə  yaradılmışdır,  çadırlarında  gözəllər  toplaşırlar,  bahar 

fəslində çadır quraraq orada səfa sürərlər, səbzələri, otları, çiçək və quşları cənnət bitkilərinə 

bənzəyir, torpağı əbir və gül qoxuludur, gönçələrinin ətri ənbəri belə qısqandırır. Bu yerin hər 

tərəfi  yaşıllıq,  hər  tərəfi  bağ  olduğu  üçün  adını  Qarabağ  qoyublar.  Bu  diyarın  gəzməli  ürək 

açan yerləri çox olduğundan Şiraza yox Bağdada bənzəyir. Torpaqları münbit və bol məhsullu 

olduğuna görə Misirdən daha zəngindir. Buranın gözəlləri xoş ətirli və şən, nəşəli olduğundan 

Misir gözəllərini dilxor eyləyiblər. Könül alan bu gözəllər ayrı bir şeydir ki onları vəsf etməyə 

ehtiyac  da  yoxdur.  Onsuz  da  tərifə  sığmazlar.  Bir  yer  ki  Şirin  kimi  bir  gözəlin  taxt  gahı, 

vətəni,  hökm  sürdüyü  yer  olmuşdur,  oranın  gözəllərinin  necə  olduğuna  artıq  sən  qərar  ver. 

Fərhadı əsas alaraq aşiqləri haqqında da məlumat sahibi ol. Könlü əlindən alınmışlarının birisi 

də mən aşiqəm ki bu mərəkəyə də sadiq dəliləm. Eşq oduyla yanmışlarından birisi Kərəmdir 

ki o atəşin şövqüylə yanıb möhtərəm olmuşdur”deyir.   

Şair bu vəsflərdən sonra sevgilisinə xitab edərək ona belə deyir: “Ey Nigar, könlüm səni 

yada salanda bu məclisdə sərt daşlar belə  yanmağa başladı. Sənə eybsiz desəm  yalan olmaz, 

çünki  çox  gözəlsən.  Hər  bir  baxışında  min  pəri  var,  səni  sevənlər  dərdindən  sərsəri 

olmuşlardır. Səni yerdə necə vəsf edəbilərəm ki, Mövlam sənə göydə yer vermişdir”.  

Daha sonra şair davam edərak: “Qarabağın könül əhli insanları səba nəsimi kimidirlər, 

onların  nəfəsləriylə  güllər  açılır,  sözləri  gövhər  saçar,  şeirləri  nabat  və  şəkər  kimidir.  Ey 

qardaş,  Qarabağı  vəsf  etmək  buraya  sığmaz,  bunun  üçün  başqa  bir  dəftər  lazımdır.    Allah 

qismət eyleyib ömür verərsə, Rus əsarətində olan Qarabağı bir də İslam ilə- yəni bu əsarətdən 

qurtulmuş  bir  şəkildə  görərik.  Aşiqlərin  feyzinin  mənbəyi  olan  o  məkana  girdiyin  vaxt, 

torpağını  öpərək  sözü  fəth  et  və  Qarabağa  bizdən  salam  söylə.    Çünki  ora  bizim  qədim 

diyarımızdır,  sevgili  Nigarımızın  da  mənzilidir.  Dilbərləri  səni  görəndə  ayağının  torpağına 

can verəcəklər, ətrafına toplaşaraq, şəkər saçan gözəl dodaqlarıyla tuti kimi danışacaq, sənin 

vəsflərini tərənnüm edəcəklər”. 

On  üçünçü  bölüm  “Dər  Bəyan-ı  vəsf  kərdən-i  xuban-ləban-ı  şəkkər-əfşan  be-hüma-yı 

güftar”  başlığı  altında  yazılmışdır.  Mənası  “dodaqları  söz  hümasının  dodaqları  kimi  şəkər 

saçan Qarabağ gözəlləri  haqqında” olan otuz beytlik  bu bölümdə şair, özündən bəhs edərək 

Qarabağ gözəllərinin dilindən onların şair haqqında dediklərini nəql edir:  

Söyler kamusı ki yarımızsın 

Serdar-ı serir-i darımızsın 

Vacib kamuya sana itaat 

Abdane gerek ki şaha hıdmet 

Ey mürg-ı hüma-yı Balı-zade 

Be-kayd-ı übal ü balı sade 

On  dördüncü  bölüm  isə  “Dər  bəyan-ı  əxz-kərdən-i  qaymaq  u  irsal  nümudən”  başlığı 

altında yazılmışdır. Mənası “göndərilən qaymaqdan şairin anladıqları haqqında” olan qırx iki 

                                                 

2

 



Hüseynov R. Məhsəti necə varsa, səh 55. 

 

beytlik bu bölümdə şair, özündən, cəddi Mir Heydər və Mir Balıdan, onların ocaq olmasından 



bəhs  edir;  Qarabağın  məşhur  yerlərini  və  adamlarını-  Sarı  Aşıq,  Nəbati,  Malik  Əştəri,  şeyxi 

İsmail Şirvani və digərlərini xatırlayır. Bu bölümdə şair eyni zamanda təsəvvüfi görüşlərindən 

də bəhs edir.  

On beşinci bölüm “Dər bəyan-ı mənaqibi cami-yu kəmalatiş-şəriat və havi-yü rumuzatit-

tarikat  və  gavvas  u  biharil-mərifət  və  muhit  ü  əsraril-hakikat  şeyhuş-şüyuh  cənab-ı  cənnət-

məab  Hacı  İsmail  Əfəndi  əş-Şirvani  qəddəsallahü  təbarəkə  və  təala  və  təqaddəsə  əsrarühül 

aziz” başlığı altında yazılmışdır.  Mənası “şəriət elmlərində kamalı çox olan, təriqət elmindəki 

gizli sirləri özündə toplayan, bilik dənizinin dalqıcı, gerçək sirləri bilən, şeyxlər şeyxi,  cənnət 

məkan  Hacı  İsmail  Şirvani  Əfəndi  haqqında  (Allah  onun  ruhunu  müqəddəs  etsin  və 

sevdiklərinin  yanında  ona  yer  versin”  olan  bu  bölüm  35  beytlikdir  və  şair  burada  mürşidi 

İsmail Siracəddin Şirvaninin sufiliyindən və bu  yoldaki xüsusiyyətlərindən geniş bir şəkildə 

bəhs edir.  

On  altıncı  bölüm  “Dər  bəyan-ı  izhar-ı  səbəb-i  şükr-güzari  be  Huda-yı  kərəm-kari” 

başlığı altında yazılmışdır.  Mənası “mərhəmət və kərəm sahibi Allaha şükr etmək haqqında” 

olan doqquz beytlik bu bölümdə şair, yazdığı əsər üçün Allaha şükr edir. 

On yeddinci bölümdə şair, “artıq sözü uzatma, məramını tamamla deyərək əsl mövzuya 

girir. Bu bölüm “Dər bəyan-ı icra kərdən-i hüma-yı güftar be umurha-yı məzkurə” başlığıyla 

yazılmışdır. Mənası “adı çəkilən işləri söz hümasının necə yerine yetirdiyindən bəhs etmək” 

olan beş beytlik bu bölüm bir girizgah mahiyyətindədir.  

Evlad-ı kiramına selam it 

İtmam-ı merama azm-i tam it 

Əsərin  əsas  hissəsi  və  son  bölümü  olan  on  səkkizinci  bölüm  “Dər  Bəyan-ı  əsashayı 

samovar”  başlığı altında yazılmışdır.  Mənası  “samovarın əsas xüsüsiyyətləri haqqında” olan 

qırx dörd beytlik bu bölümdə şair, bir az samovarın xarici görkəmindən bəhs etdikdən sonra 

növbəylə könül əhlinin saf, kinsiz sinəsinə bənzəyən billur stəkanlardan vəya Çin naxışlı, zərli 

kasədən,  onun  içindəki  qırmızı  rəngli  çaydan,  şüşə  nəlbəkilərdən,  gümüş  əndamlı  aya 

bənzəyən  qaşıqlardan,  çayın  yanında  süfrəyə  gətirilən  qaymaq  və  sütdən,  gözəllərin 

pustanlarına,  dərdli  aşiqlərin  sarı  üzünə  oxşayan  limonların  zəmzəm  suyu  kimi  bol,  ləzzətli 

sularından,  limon  duzundan,  şəkərdən,  limon  bıçağından,  çay  süzəndən,  şəkəri  qarışdıranda 

çıxan qaşıq səslərindən poetik bir dillə bəhs edir. Şair bəhs etdiyi bu çay dəstgahının hər biri 

haqqında  gözəl  təşbihlər  edir,  onları  həm  təsəvvüfi,  həm  də  bildiyimiz  sıradan  mənalarıyla 

bərabər  verir.  Məsələn  çay  süzgəcindən  tökülən  çaylarla  iranlı  Molla  Hüseyin  Kaşifinin 

övliya  mənqibələrindən  bəhs  edən  Rəşahətül  Eynil  Həyat  (həyat  gözünün  sızıntıları, 

damcıları)  adlı  əsərinə  təlmih  edir;  çayın  ətriylə  də  Molla  Caminin  təsəvvüfi  sufi 

mənqibələrindən bəhs edən məşhur əsəri Nəfahatü’l-Üns arasında əlaqə quraraq onlara təlmih 

edir. 


Seyyid  Nigarinin  Çaynamə  məsnəvisinin  şəkil  və  məzmunu  haqqında  bu  qədər  bəhs 

etdikdən  sonra  əsər  haqqında  bir  az  məlumat  vermək  yerinə  olacaqdır.  Çaynamə  məsnəvisi 

çox  orijinal  bir  əsərdir.  Samovar  kəlimə  olaraq  Rus  sözüdür.  Maraqlıdır  ki,  XIX  əsrdə  Rus 

hakimiyyətinin  Azərbaycanda  yerləşmsiylə  birlikdə  ədəbiyyatımızda  da  çay  və  samovar 

haqqında  yazılan  əsərlərdə  bir  artış  görülməkdədir.  Nigarinin  çaynaməsindən  başqa  onunla 

eyni  əsrdə  yaşamış  Mir  Möhsün  Nəvvabın  da  Samovar  və  Əşari–digər  adlı  balaca  bir  əsəri 

vardır. Bundan  başqa Cəlil  Məmmədquluzadənin  2 dekabr  1889-cu il tarixində  yazdığı  Çay 

dəstgahı  adlı  bir  pyesi  də  vardır.  Bu  əsərin  ən  diqqət  çəkən  cəhəti  əhvalatın  Zəngəzur 

mahalında Bərgüşadlı Hacı Rəhim Bəyin evində cərəyan etməsidir. C. Məmmədquluzadənin 

əsərinin  qəhramanları  samovar,  padnos,  çaynik,  istəkan,  nəlbəki,  qaşıq,  maşa,  truba  və 

nökərdir.    Bu  əsərin  Nigarinin  Çaynamə  məsnəvisi  əsasında  yazılmış  olma  ehtimalı  vardır. 

Vəya  hər  iki  əsərin  Zəngəzur  mahalında  daha  əvvəllər  cərəyən  etmiş  bir  hadisə  əsasında 

yazılması da ehtimal oluna bilər. İki əsər arasındakı mövzu və ideya çox fərqli də olsa, əsərdə 


 

istifadə  olunan  zaman,  məkan,  əşya  və  məzmunlar  ortaqdır.  Seyid  Nigarinin  özünün  də 



Bərgüşada bağlı Cicimli kəndindən olduğunu burada bir daha xatırlamaq yerində olacaqdır.  

Nəticə  olaraq  bunu  deyə  bilərik  ki,  Türk  ədəbiyyatında  çay  ile  bağlı  əsərlər,  özelliklə 

çay  risalələri  XVII  əsrdən  etibarən  yazılmağa  başlamışdır.  XIX  əsrdə  isə  bütün  Türk 

ədəbiyyatında xalqımızın çaya olan marağı nəticəsində çay haqqındakı əsərlərdə artış görülür. 

Bu əsərlərdən bəzilərində çayın vətəninin hansı ölkə olduğundan,  hansı ölkələrdə çayın daha 

çox  yetişdirildiyindən və insan orqanizminə olan faydasından  geniş  bir şəkildə bəhs olunur. 

Bu  əsərlərdən  bəziləri  haqqında  Türkiyədəki  universitetlərdə  elmi  çalışmalar  da  mövcuddur. 

Bunlardan  biri  Mərmərə  universitetində  Kamer  Karavit  tərəfindən  magistratura  işi  olaraq 

yazılan  “Türkçə Çay Risalələri”  adlı əsərdir. 

Seyid  Nigarinin  yazmış  olduğu  Çaynamə  məsnəvisində  şair,  XIX  əsrdə  Azerbaycan 

xalqının örf və adəti, məişəti, süfrə mədəniyyəti haqqında ətraflı məlumat verir. Əsərdə eyni 

zamanda şəkərin və çayın timsalında o dövrdəki iqtisadi vəziyyət; çay və şəkərin ən çox hansı 

ölkələrdə istehsal edildiyi haqqında da məlumat sahibi oluruq. Ən əsası isə bu əsərin XIX əsr 

təsəvvüf ədəbiyyatmızın ən önəmli nümunələrindən biri olması və bu dövrdə yaşayan məşhur 

sufilərlə  bərabər  Azərbaycan  ədəbiyyatının  görkəmli  nümayəndələri  haqqında  da  məlumat 

verməsidir.  Əsər  XIX  əsrdə  yazılmış  məsnəvilər  içində  öz  dolqunluğu  və  vermək  istədiyi 

ideya  etibariylə  də  önəmli  bir  yer  tutur.  Çaynamənin  bir  başqa  xüsusiyyəti  isə  alleqorik, 

realist-yerli,  didaktik,  aşiqanə  və  tarixi-mənqibəvi  məsnəvilər  başlığı  altında  dəyərləndirilən 

məsnəvi  janrına xas  bütün  xüsusiyyətlərə burada kompleks  halda  yer verilməsidir. Çaynamə 

başlanqıcda  alleqorik  məsnəvi  kimi  görünsə  də  saydığımız  bu  beş  xüsusa  içində  ətraflı  bir 

şəkildə yer verilmişdir. 

Ədəbiyyat 

Bilgin, A. Azmi; Divan-ı Seyyid Nigari, Kule Yayınları, İstanbul, 2003. 369 s. 

Eraydın  S.  Tasavvuf  ve  Tarikatler,  Marmara  Üniversitesi  İlahiyat  Fakültesi  Yayınları, 

İstanbul, 1997, 518 s. 

Hacıyeva A. Mir Möhsün Nəvvabın ədəbi irsi. Nurlan, Bakı, 2004. 211s. 

Hüseynov R. Məhsəti -Necə Varsa.

 

Yazıçı, Bakı, 1989. 334 s.



 

İpekten  H.  Eski  Türk  edebiyatında  Nazım  Şekilleri  ve  Aruz.  Dergâh  Yayınları,  İstanbul, 

1997. 343s. 

Köçərli F.B. Azərbaycan Ədəbiyyatı. Elm nəşriyyatı I-II cild, Bakı, 1978. 595 s. 

Şentürk A.A; Kartal A. Eski Türk Edebiyatı Tarihi, Dergâh Yayınları, İstanbul, 2004. 536 s. 

Türkçə Çay Risalələri, Marmara Üniversitəsi Sosyal  Bilimlər Enstitüsü Yüksek Lisans 

Tezi. Hazırlayan: Kamer Karavit, Danışman: Əminə Gürsoy Naskali. İstanbul,1993. 

Uludağ S. Tasavvuf Terimleri Sözlüğü, Marifet Yayınları, İstanbul, 1995. 



Yüklə 422,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin