Ərəb xilafətinə qarşı illər boyu davam edən mübarizədə xürrəmilərin müvəffəqiyyət qazandığı axırıncı il 837- ci il gəlib çatdı. Mötəsim Cəfər Xəyyatı bir qədər qoşunla Afşinin köməyinə göndərdi. Xəlifə onlarla Afşinə qoşun maaşı və təchizat üçün 30mln dirhəm pul da göndərdi. Köməkçi qüvvənin gəlmiş olmasına baxmayaraq, Afşin xürrəmilərlə müharibə taktikasını tamamilə dəyişdirdi. Müharibənin uğurlarına hələ də inanmayan xəlifə Mötəsim Afşinə bir- birinə zidd olan müxtəlif sərəncamlar verirdi. Afşin də bu sərəncamları elə yerinə yetirirdi ki, az sonra ərəb qoşunlarında komandana qarşı narazılıq başlandı. Afşin əsgərlərin narazılıqlarına baxmayaraqverdiyi sərəncamlarında daim xəlifəyə istinad edirdi. Ərəblərin qida təchizatı da yaxşı deyildi. Bunu bilən Babək bir dəfə Afşinə bir adamla bir yük tərəvəz göndərdi. Afşin Babəkin bu hədiyyəsini məmnuniyyətlə qəbul etdi və onun göndərdiyi adama icazə verdi ki, ərəb düşərgəsindəki istehkamları baxıb görsün. Təbəri qeyd edir ki, xürrəm ətraflı baxdıqdan sonra Afşin onu geri buraxdı və xahiş etdi ki, “qardaşı Babəkə onun salamını yetirsin”. Afşinin Babəklə bu cür münasibəti ərəb qoşununa və xüsusən sərkərdələrdə şübhə doğurmaya bilməzdi. Sonralar məlum oldu ki, Afşin Babəklə müharibənin axırıncı ilində Təbəristan hakimi Məzyərlə olduğu kimi gizli danışıqlar aparırdı və məqsədi Xilafət hakimiyyətini məhv etmək idi. Əbu Mənsur əl- Bağdadi bildirir ki, Afşin “Babək ilə gizli qəsd hazırlamışdı”. Mötəsim Afşini Babəkə qarşı göndərəndə “belə düşünürdü ki, o müsəlmanlara səmimi münasibət bəsləyir”. Əslində isə Afşin Babəklə əlbir idi və ona qarşı müharibəni uzadırdı. Yalnız müharibə qurtardıqdan sonra Xəlifə Afşinin satqınlığını və Babəklə müharibə zamanı onun müsəlmanlara xəyanət etdiyini oyrəndi. Lakin Xilafətə qarşı əlbir əməliyyat keçirmək barəsində Babək, Afşin və Məzyər arasında gedən gizli danışıqmvə yazışmalar bir nəticə vermədi. Odur ki, Afşin də özünü tamamilə ifşa etməmək üçün, Bəzzə hücum etmək əmrini verməyə məcbur oldu.