3. Dövlət uşaq müəssisələrindən uşaqların
ailələrə verilməsi (de-institutlaşdırma)
və alternativ qayğı Dövlət Proqramı barədə
Son illərdə respublikamızda iqtisadiyyatın sürətli inkişafı, sosial sahələrə
diqqətin artırılması, regionların inkişafı məqsədilə həyata keçirilən tədbirlər
nəticəsində yeni iş yerlərinin açılması, adambaşına düşən gəlirin ilbəil artması
əhalinin, o cümlədən hər bir ailənin sosial vəziyyətinin yaxşılaşması Azərbaycanda
de-institutlaşdırma siyasətinin həyata keçirilməsinə əlverişli zəmin yaratmışdır.
Dünya təcrübəsi və uşaq hüquqları üzrə konvensiyaların tələbləri nəzərə
alınaraq, beynəlxalq təşkilatlarla birlikdə “Azərbaycan Respublikasında dövlət
uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və
alternativ qayğı Dövlət Proqramı” (2006-2015-ci illər) hazırlanmış və 2006-cı ilin
martın 29-da ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunmuşdur. Proqramın əsas
məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasında təsbit olunmuş uşağın
şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün ailə mühitində xoşbəxtlik, məhəbbət
və anlaşma şəraitində böyüməsinin zəruriliyi nəzərə alınaraq, dövlət uşaq
müəssisələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili
mexanizmlərinin yaradılması və səmərəli işlənməsinin təmin edilməsidir.
Proqrama əsasən de-institutlaşdırma aşağıdakı dövlət uşaq müəssisələrini
əhatə edir: 1) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqlar üçün uşaq evləri; 2) valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqlar üçün internat məktəbləri; 3) ümumtəhsil internat məktəbləri
(ümumi təyinatlı internat evləri); 4) sağlamlıq imkanları məhdud uşaqlar üçün
xüsusi internat məktəbləri; 5) sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi
məktəblər; 6) atılmış uşaqlar üçün körpələr evi (Səhiyyə Nazirliyi sistemində).
Proqramda aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur:
- normativ-hüquqi bazanın təkmilləşdirilməsi;
- dövlət uşaq müəssisələrində uşaqların ailələrə verilməsinin əsas
istiqamətlərinin müəyyənləşdirilməsi, uşaqların ailələrə verilməsi, onların
hüquqlarının qorunması və sosial müdafiəsinin işlək mexanizmlərinin tətbiq
edilməsi;
- uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin tədricən uşaqlara ailə
əsaslı sosial xidmətlər sistemi ilə əvəz olunması;
- uşaqlara ailə əsaslı sosial xidmətlərin maliyyələşdirilməsi və stimullaşdırıcı
amillərdən geniş istifadə etmək məqsədilə uşaqlar yerləşdirilən ailələrə maliyyə
yardımlarının göstərilməsi;
- dövlət uşaq müəssisələrinin kadr potensialı geniş istifadə olunmaqla
uşaqlara ailə əsaslı sosial xidmətləri həyata keçirən sosial işçilərin hazırlanması;
- uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin ən sonuncu imkan olması
baxımından uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarət mexanizminin
hazırlanması, dövlət himayəsinə qəbul olunma meyarlarının dəqiqləşdirilməsi və
onlara riayət olunmasına nəzarətin gücləndirilməsi;
- dövlət uşaq müəssisələrində olan uşaqların sayının artmasının qarşısını
almaq məqsədilə risk qrupundan olan (uşaqların ailələrindən belə müəssisələrə
verilməsi baxımından) uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin
görülməsi;
- ailələrə verilmiş uşaqların təhsilə cəlb olunması, onlara səhiyyə və
reabitasiya xidmətlərinin göstərilməsinin təmin olunması;
- dövlət ilə qeyri-hökumət və beynəlxalq təşkilatlar arasında de-
institutlaşdırma məsələlərinin həlli sahəsində səmərəli əməkdaşlığın təmin
olunması.
Qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün proqramda aşağıdakı
tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:
I. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə əlaqədar:
1) De-institutlaşdırmanın müvafiq beynəlxalq tələblərə uyğun səmərəli və
intensiv həyata keçirilməsi üçün mövcud qanunvericilik bazasının stimullaşdırıcı
amillər nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması;
2) De- institutlaşdırma ilə bağlı tədbirlərin yoxsulluğun azaldılması və
davamlı inkişafla bağlı tədbirlə əlaqələndirilməsi;
3) Uşaq evlərində olan uşaqların ailələrə verilməsi, hüquqlarının qorunması
və sosial müdafiəsi mexanizmlərinin hazırlanması və qəbul edilməsi;
4) Dövlət uşaq müəssisələrində uşaqların sayının artmasının qarşısını almaq
məqsədilə
uşaqların
dövlət
himayəsinə
qəbul
edilmə
meyarlarının
dəqiqləşdirilməsi, uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarət
mexanizminin hazırlanması, bu məqsədlə mövcud normativ-hüquqi aktlara
müvafiq əlavə və dəyişikliklərlə bağlı təkliflərin verilməsi;
5) Uşaqlar verilən ailələrin stimullaşdırılması, onlara maliyyə dəstəyinin
verilməsi, ailədə belə uşaqlara ayrılmış müavinətin xərclənməsinin monitorinqi
mexanizmlərinin hazırlanması;
6) Sosial işçilərin statusunun müəyyənləşdirilməsi, onların maddi təminatı ilə
bağlı təkliflərin hazırlanması;
7) Uşaqlar üçün ailə əsaslı sosial xidmətlər mərkəzlərinin fəaliyyətini
tənzimləyən müvafiq normativ hüquqi aktların hazırlanması və təsdiqi;
8) De-institutlaşdırmanın həyata keçirilməsi ilə bağlı müvafiq normativ-
hüquqi aktların, metodiki vasitələrin, təlimatların və s. hazırlanması;
II. Təşkilati tədbirlərlə əlaqədar:
9) Dövlət uşaq müəssisələrinə uşaqların düşməsi hallarının qarşısının alınması
üçün risk qruplarından olan uşaqlar arasında və onların ailələri ilə sistemli
preventiv tədbirlərin görülməsi;
10) Uşaq evləri və internat tipli təlim-tərbiyə müəssisələri bazasında uşaqlar
üçün ailə əsaslı sosial xidmət mərkəzlərinin və alternativ xidmətlər sisteminin
(qəyyumluq, himayədarlıq, tərbiyə edilmək üçün himayədar ailəyə verilməsi və s.)
yaradılması;
11) Təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə sosial işçilərin, o cümlədən
dövlət uşaq müəssisələri işçilərinin peşə yönümü dəyişməklə uşaqlara ailə əsaslı
xidmətləri həyata keçirən sosial işçilərin hazırlanması, onlarla müvafiq treninqlərin
keçirilməsi;
12) Dövlət himayəsində olan uşaqlar saxlanılan dövlət təlim-tərbiyə
müəssisələrinin şəbəkəsinə yenidən baxılması , onların sayının azaldılması üçün
müvafiq tədbirlərin görülməsi;
13) Ümumtəhsil internat məktəblərinin (ümumi tipli internat evlərinin)
bazasında ümumi təyinatlı ümumtəhsil məktəblərinin , lisey və gimnaziyaların
yaradılması məqsədi ilə tədbirlərin görülməsi;
14) Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat tipli təlim-tərbiyə
müəssisələrinin bir hissəsinin reabilitasiya mərkəzlərinə çevrilməsi;
15) Ailələrə verilmiş sağlamlıq imkanları məhdud uşaqların müəyyən
hissəsinin ümumtəhsil məktəblərinə inteqrasiyası və bu məktəblərdə onların
sağlam uşaqlarla birgə təhsilinin təşkili üçün tədbirlərin davam etdirilməsi;
16) De-institutlaşdırmanın həlli sahəsində qeyri-hökumət və beynəlxalq
təşkilatlarla səmərəli əməkdaşlığın təmin olunması üçün tədbirlərin görülməsi;
17) Ailələrə verilmiş sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb
olunması, onların səhiyyə və reabilitasiya xidmətləri ilə təmin edilməsi;
18) Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə
komissiyaların de-institusionalizasiyanın həyata keçirilməsində bilavasitə
iştirakının təmin edilməsi və bu istiqamətdə fəaliyyətinin genişləndirilməsi;
19) Proqramın həyata keçirilməsinin təmin edilməsi üçün Koordinasiya
qrupunun yaradılması.
III. Təbliğat və maarifləndirmə ilə əlaqədar:
20) Kütləvi informasiya vasitələri və digər yollarla de-institutlaşdırma ilə
bağlı əhalinin məlumatlandırılması və bu barədə təbliğatın aparılması.
IV. Monitorinqin aparılması üzrə tədbirlər:
21) Dövlət uşaq müəssisələrində tərbiyə olunan uşaqların vəziyyətinin
araşdırılması və monitorinqinin aparılması;
22) Sağlamlıq imkanları məhdud uşaqlar haqqında məlumat bazasının
yaradılması və bu kateqoriyadan ailələrə verilmiş uşaqların vəziyyətinin
monitorinqinin aparılması;
23) Ailələrə verilmiş uşaqlara nəzarətin təşkili və onların vəziyyətinin dövrü
monitorinqinin aparılması.
Proqramın reallaşdırılması nəticəsində dövlət himayəsində olan uşaqların ailə
mühitində inkişafı hüquqlarının qorunması və sosial müdafiəsi, dövlət uşaq
müəssisələrində olan uşaqların və belə müəssisələrin sayının azalması, uşaq evləri
və internat tipli müəssisələrin uşaqlar üçün ailə əsaslı sosial xidmətlər sistemi ilə
əvəz olunması gözlənilən nəticələr kimi müəyyənləşdirilmişdir.
Proqramın icrası istiqamətində atılmış əhəmiyyətli addımlardan biri dövlət
uşaq müəssisələrində qiymətləndirmənin keçirilməsi və hər bir müəssisə, onun
infrastrukturu, orada yaşayan uşaqlar, müəssisələrdə çalışan işçilər barədə
hərtərəfli məlumatların yığılması və məlumat bazasının yaradılmasıdır.
Qiymətləndirmənin nəticələrinə əsasən aparılmış təhlillər əsasında “Dövlət
uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plan” tərtib olunmuş və hökumət
tərəfindən qəbul edilmişdir.
Transformasiyanın həyata keçirilməsi üçün bütün zəruri meyarlar şərti olaraq
iki qrupa bölünmüşdür:
Əsas meyarlar:
Müəssisənin yerləşdiyi ərazi və həmin ərazinin əlverişliliyi;
Müəssisənin yerləşdiyi ərazinin infrastrukturu;
Göstərilən xidmətlərin keyfiyyəti.
Əlavə meyarlar:
Müəssisədəki uşaqların sayı;
Yerləşdiyi ərazidən olan uşaqların çoxluq təşkil etməsi;
Hər il müəssisəyə qəbul olunan və müəssisəni tərk edən uşaqların sayı;
Müəssisənin tipi.
Transformasiya üzrə Baş Planda bütün dövlət uşaq müəssisələrinin
transformasiya olunması nəzərdə tutulmuşdur. Belə ki, əksər müəssisələr rayon
mərkəzlərində yerləşir, uşaqlar yaxın ərazilərdə yaşayır, zəruri xidmətlər
müəssisələrə yaxın ərazilərdə yerləşir və müəssisələrin infrastrukturu
qənaətbəxşdir ki, bu da transformasiya üçün əlverişli zəmin yaradır.
Planda pensiya yaşlı işçilər istisna olmaqla, qalan işçi heyətin yaradıcılıq
alternativ qayğı xidmətlərinin təşkilinə cəlb edilməsi nəzərdə tutulmuşdur.
Bütün müəssisələr təhsil və sosial yönümlü müəssisələrə qısa (1 il), orta (3
il), uzun (5 il) müddət ərzində transformasiya olunmalıdır.
De-institutlaşdırma Proqramında uşaqların dövlət uşaq müəssisələrinə
düşməsinin qarşısını almaq üçün risk qrupuna daxil olan uşaq və ailələrə alternativ
xidmətlərin göstərilməsi də nəzərdə tutulur. Azərbaycanda alternativ xidmətlərin
təşkili sahəsində ilk addımlar 1997-ci ildə QHT-lərin təşəbbüsü ilə atılmışdır. Son
illərdə xüsusi qayğıya ehtiyacı olan və risk qrupuna daxil olan uşaqlar üçün al-
ternativ xidmətlərin yaradılmasında bəzi müvəffəqiyyətlər əldə edilmişdir.
Övladlarına sərbəst şəkildə qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının
rifahının yaxşılaşdırılması istiqamətində atılmış əhəmiyyətli addımlardan biri
yerlərdə xidmətlərin təşkil olunmasıdır. Bununla əlaqədar üç uşaq və ailəyə dəstək
Mərkəzi və iki Günərzi qayğı Mərkəzi yaradılmışdır. Ölkəmizdə bu tip mərkəzlərin
yaradılması ilk təcrübədir. İndiyədək ölkəmizdə belə mərkəzlər fəaliyyət
göstərməmişdir.
De-institutlaşdırma və alternativ qayğı üzrə Dövlət Proqramının həyata
keçirilməsində mövcud çətinliklərdən biri Azərbaycanda uşaq müdafiə sisteminin
olmamasıdır. BMT tərəfindən qəbul edilmiş “Minilliyin məqsədləri”ndə , eyni
zamanda 2007-ci ildə BMT-nin Baş Katibi “Uşaqlara qarşı zorakılığın
öyrənilməsinə” həsr edilmiş araşdırmanın nəticələri barədə hesabatında qeyd
etmişdir ki, uşaqlara qarşı baş verən neqativ amillərin aradan qaldırılması, onların
müdafiəsini təmin etmək və hüquqlarını qorumaq məqsədi ilə hər bir ölkə Milli
Uşaq Müdafiəsi Sisteminə malik olmalıdır. Bu sistem risk qrupuna daxil olan
ailələrdəki uşaqların (valideyn himayəsindən məhrum olmuş, dövlət uşaq
müəssisələrində tərbiyə alan, qanunla ziddiyyətdə olan, hərbi münaqişələrin
qurbanı və küçə həyatına düçar olmuş uşaqlar) hüquqlarının təmin edilməsi,
təhsildən yayınmış uşaqların təhsilə cəlb edilməsi, valideyn himayəsindən məhrum
olmuş uşaqların qayğı ilə təmin olunması, erkən nikahların qarşısının alınması,
uşaqlara qarşı bütün zorakılıq hallarının, kobud rəftarın və digər zərərli təsirlərin
profilaktikası, uşaqların təhsili, sağlamlığı və müdafiəsi sahəsində fəaliyyət
göstərən bütün dövlət və qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti
qrumları və medianın səylərinin əlaqələndirilməsini özündə ehtiva edir. Bu barədə
Azərbaycan müəllimlərinin XIII qurultayında da təkliflər irəli sürülmüş və bu
məsələ Qurultayın qətnaməsində öz əksini tapmışdır.
Uşaq Müdafiə Sistemi qeyd edilən bütün hallardan uşaqları müdafiə etməklə
yanaşı, bu cür hallarla qarşılaşa biləcək uşaqların müdafiəsini təmin etməlidir.
Uşaq Müdafiə Sistemi ilə əlaqədar məsələlərin həlli üçün, dünya təcrübəsində
olduğu kimi, xüsusi qurumun yaradılmasına ciddi ehtiyac vardır. Uşaq müdafiə
Sistemi bu qurumun vasitəsi ilə icma, rayon və milli səviyyədə fəaliyyət göstərməli
və uşaqlara qarşı baş verən hər hansı zorakılıq və hüquq pozuntusunun qarşısını
almaq imkanına malik olmalıdır. Həmin Sistem uşaqların düşdüyü vəziyyəti,
onların sosial durumunu və onlara təsir edən problemləri vaxtında
müəyyənləşdirməli və bütün problemlərin kökünü axtarmalıdır. Buna nail olmaq
üçün bütün aidiyyatı olan dövlət və qeyri-dövlət qurumları arasında
əlaqələndirilmiş şəbəkə qurmalı, müvafiq təlimlərdən keçmiş mütəxəssislər hazır-
lanmalı və qanunvericilik bazasına dəyişikliklər edilməlidir.
Uşaqların ehtiyaclarının ödənilməsi, onların yaşadıqları ailə və ya müəssisədə
təhlükəsizliyinin təmin edilməsi həm ailənin, həm icmanın, həm də dövlətin
vəzifəsidir. Əgər uşaqlara qayğı göstərən böyüklər öz vəzifələrini yerinə
yetirmirsə, onları tələb olunan qayğı ilə təmin edə bilmirsə, uşaqlara qarşı zorakılıq
tətbiq edir və ya kobud rəftar edirlərsə, bu zaman lazımi tədbirlərin görülməsi də
Uşaq Müdafiə Sisteminin birbaşa müdaxiləsi əsasında həyata keçirilməlidir. Uşaq
Müdafiə sistemi tərəfindən həyata keçiriləcək tədbirlər və təklif ediləcək xidmətlər
uşağın və onun ailəsinin üzləşdiyi problemdən, uşağa dəymiş zərərdən və ya onun
normal yaşamasına, inkişafına, habelə ümumi təhlükəsizliyinə olan riskin
həcmindən asılı olaraq müxtəlif ola bilər. Uşaq və onun ailəsinə təklif ediləcək xid-
mətlər dedikdə, ilk növbədə, davamlı xidmətlər nəzərdə tutulur. Xidmətlərin
ümumi məqsədi uşağın və onun ailəsinin üzləşdiyi problemlərin və ya mövcud
vəziyyətin yaranmasına gətirib çıxarmış amillərin aradan qaldırılmasıdır. Eyni
zamanda xidmətlərin göstərilməsi yaranmış vəziyyətin gələcəkdə təkrar
olunmamasına yönəldilməlidir.
Uşaq Müdafiə Sistemi ilk növbədə, uşağın məhz ailə mühitində tam inkişaf
edə biləcəyinə əsaslanaraq, uşağın öz ailəsində böyüməsi üçün bütün mümkün
tədbirlərin görülməsini nəzərdə tutur. Lakin ailə mühitində uşağın təhlükəsizliyinə
və ya onun tam inkişafına zəmanət yoxdursa, onda uşağın ailədən kənarlaşdırılması
zərurəti yarana bilər. Bununla əlaqədar Uşaq Müdafiə Sistemində çalışacaq sosial
işçilərin hazırlanması vacib məsələ kimi nəzərdən keçirilməlidir. Proqram
çərçivəsində 2005-ci ildən etibarən Bakı Dövlət Universitetində sosial iş üzrə
magistr, 2008-ci ildən isə bakalavr səviyyəsində sosial iş ixtisası üzrə
mütəxəssislər hazırlanmaqdadır.
4. Əlavə təhsil
Yuxarıda vurğuladığımız kimi, müasir dövrdə əlavə təhsil və peşəkarlıq
səviyyəsinin inkişaf etdirilməsi fasiləsiz təhsilin tərkib hissəsi olmaqla, peşə-ixtisas
müəssisəsini bitirən və təhsil haqqında dövlət sənədi olan hər bir vətəndaşın
fasiləsiz təhsil almaq imkanları sistemi kimi başa düşülür. Bu, bir tərəfdən
müəllimin yaradıcı potensialının inkişaf etdirilməsinə, digər tərəfdən təhsilin və
onun idarə edilməsinin müasirləşdirilməsi məqsədilə pedaqoji işçilərin və rəhbər
pedaqoji kadrların peşə hazırlığının, elmi-pedaqoji qabiliyyətlərinin və peşəkarlıq
səviyyəsinin müxtəlif yollarla inkişaf etdirilməsinə xidmət edir.
Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi pedaqoji kadrların,
cəmiyyətin və dövlətin təhsil tələbatlarının hərtərəfli ödənilməsi məqsədilə peşə-
ixtisas təhsilinə əlavə olaraq təhsil proqramları və xidmətləri vasitəsilə həyata
keçirilir. Fasiləsiz təhsilin hər bir mərhələsində əlavə təhsilin əsas məqsədi
şəxsiyyətin inkişafından, intellektual və peşə baxımından onun fasiləsiz təkmilləş-
dirilməsindən ibarətdir. Əlavə təhsil proqramlarına ümumtəhsil, peşə-ixtisas və
əlavə təhsil müəssisələrində, dayaq məntəqələrində və ümumiyyətlə, müvafiq
lisenziyası olan digər müəssisələrdə həyata keçirilən müxtəlif yönümlü təhsil
proqramları daxildir.
Müasir dövrdə əlavə təhsilin ixtisasartırma, təkmilləşdirmə, stajkeçmə,
yenidənhazırlanma, yaşlıların təhsili və s. kimi istiqamətləri müəyyənləşdirmişdir.
Əlbəttə, bu istiqamətlərin hamısı barədə məlumat vermək imkanı olmasa da,
bəzilərinə diqqət yönəltməyi lazım bilirik.
İxtisasartırma təhsili dedikdə, pedaqoji kadrların və rəhbər pedaqoji işçilərin
öz peşə fəaliyyəti dövründə (və ya müəyyən müddət pedaqoji fəaliyyətdə olmayan
dövrdə) mütəmadi olaraq peşəkarlıq səviyyəsini, peşə ustalığını, elmi-nəzəri,
pedaqoji, psixoloji biliklərini artırmaq məqsədi ilə yenilikləri və dəyişiklikləri əks
etdirən tədris plan və proqramları üzrə təhsil almaları, ixtisaslarını artırmaları
nəzərdə tutulur.
Stajkeçmə xüsusi ayrılmış müəssisələrdə, ixtisas kafedralarında yüksək ixtisaslı
mütəxəssislərin rəhbərliyi altında nəzəri biliklərin təcrübi bacarıq və vərdişlərlə
əlaqələndirilməsini nəzərdə tutur. Peşə-ixtisas müəssisələri üzrə pedaqoji heyətin
ixtisasının artırılması üçün nəzərdə tutulan tədris plan və proqramlarına, lazım
gəldikdə, stajkeçməyə dair ayrıca blok əlavə olunur. Bununla belə, nəzəri hazırlıq
planlaşdırılmadan da qabaqcıl texnika və texnologiya ilə tanış olmaq məqsədilə elmi
laboratoriya və emalatxanalarda stajkeçmə tədbirləri təşkil edilə bilər.
Pedaqoji işçilərin stajkeçməsi pedaqogika, psixologiya və metodika sahələri
üzrə bilik və bacarıqların artırılması ilə tamamlanaraq, həmin kateqoriyadan olan
müəllimlərin tam əlavə təhsilini təmin edir.
Stajkeçmə ikimərhələli proses olmaqla, peşə-ixtisas təhsili müəssisələrində
çalışan professor-müəllim, pedaqoji kadr, mühəndis-müəllim kimi kateqoriyalı
işçilərin əlavə təhsilidir. Bu cür təhsil şəbəkəsinə ali məktəblərin baza kafedraları,
müvafiq ixtisasartırma müəssisələri və fakültələri, ixtisas profilinə uyğun elm,
təhsil və istehsalat müəssisələri, tədris-sınaq stansiyaları aiddir.
Kadrların təkmilləşdirilməsi prosesi əlavə təhsildə gedən bir proses olmaqla,
tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyır və aşağıdakı proseslərin və
ya tədbirlərin vəhdətini özündə ehtiva edir: pedaqoji, psixoloji, metodiki sahədə,
dərs vəsaiti və dərsliklərdə, eləcə də tədris plan və proqramlarında, təlim və infor-
masiya texnologiyalarında olan yeniliklərlə operativ tanışlıq, öz həmkarları ilə
təcrübə mübadiləsi; distant ötürmə vasitələri ilə yeni materialların əldə olunması,
bu istiqamətdə fikir mübadilələrinin aparılması; aktual mövzuların dinlənilməsi
üçün sahə üzrə qabaqcıl mütəxəssislərin dayaq məntəqələrinə dəvət olunması,
problem mövzular ətrafında təhlillərin təşkili; dərslərdə kollektiv iştirak, konkret
metodikanın aprobasiyası, nəticələrin təhlili; kadr hazırlığı, əlavə təhsil sahəsində
tətbiq olunan plan və proqramlara, eləcə də yeni dərslik və dərs vəsaitlərinə dair
əsaslandırılmış təkliflərin verilməsi; “öyrədənləri öyrədən” statuslu müəllim və
metodistlərlə diskusiyaların keçirilməsi; daimi özünütəhsil.
Təkmilləşdirmə daha geniş anlayış olmaqla, əlavə təhsilin yuxarıda göstərilən
digər tərkib hissələrinə təkanverici proses xarakteri daşıyır, özünütəhsil formasında
müəllim hazırlığının fasiləsizliyini təmin edir. Pedaqoji kadrların mütəmadi olaraq
təkmilləşdirilməsi
gələcək
ixtisasartırma və yenidənhazırlanma təhsilini
formalaşdırır, müəllimlərin ilkin hazırlığı prosesində mövcud olan çatışmazlıqların
aradan qaldırılmasını və onların hazırlığının keyfiyyətcə yüksək səviyyədə
olmasını təmin edir.
Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi müəllimlərin və
pedaqoji prosesin digər subyektlərinin dörd səviyyədə hazırlanması şəklində
həyata keçirilir:
1) müəllimlərin, metodistlərin, rəhbər işçilərin və digər pedaqoji kadrların
praktiki fəaliyyət istiqaməti üzrə ixtisasının artırılması və təkmilləşdirilməsi;
2) pedaqoji kadrların elmi tədqiqatçılıq fəaliyyəti sahəsində ixtisasının
artırılması və təkmilləşdirilməsi;
3) pedaqoji və qeyri-pedaqoji ixtisaslı kadrların pedaqoji ixtisaslar üzrə
yenidən hazırlanması;
4) qısamüddətli təhsil proqramları üzrə təhsil səviyyəsinin və dərəcəsinin
yüksəldilməsi.
Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi aşağıdakı modellər
üzrə həyata keçirilir:
- ixtisasartırma və ya baza peşə-ixtisas təhsili müəssisələrində treninqlər;
- təhsil müəssisəsi şəraitində treninqlər;
- kaskad modeli üzrə treninqlər (“öyrədən”lərin öyrədilməsi və müəllimlərin
dayaq məntəqələri vasitəsi ilə ixtisasartırma və təkmilləşmə proseslərinə cəlb
edilməsi);
- texnologiyalara əsaslanan treninqlər;
- distant təhsil;
- mentorluq;
- şəxsi tədqiqata əsaslanan ixtisasartırma və təkmilləşmə;
- müxtəlif təşkilatlar tərəfindən ixtisasartırma sistemindən kənar keçirilən
kurslar və treninqlər.
Ölkəmizdə əlavə təhsilin əsas istiqamətlərindən biri olan ixtisasartırma
Dostları ilə paylaş: |