Deni Didro(1713-1784) sənətkar ailəsində anadan olmuşdur. D.Didro əvvəl “Fəlsəfi düşüncələr” sonra isə “Korların məktubu və gözlülərə nəsihət” adlı əsərlərini yazır. İctimai quruluşun tənqidinə həsr olunan bu əsər hökumət tərəfindən düşməncəsinə qarşılanır. Elə bu əsərə görə də onu həbs edirlər. O, həbsdən sonra həyatını elm, incəsənət və sənət ensiklopediyasını nəşr etmək işinə həsr edir. Fransız maarifçilərini çox vaxt ensiklopediyaçılar adlandırırlar. Onların əksəriyyəti ensiklopediya və yaxud elm, incəsənət və sənətlərin izahlı lüğətinin hazırlanmasında iştirak etmişlər.
Didro dövrünün tanınmış ziyalılarını ensiklopediya ətrafına toplayırdı. Ensiklopediya inkişaf etməkdə olan yeni cəmiyyət içərisində böyük nüfuza malik idi. O, siyasi, fəlsəfi, mədəni və praktik əhəmiyyət daşıyırdı. Hökumət tərəfindən
ensiklopediyaya göstərilən təzyiqlərə baxmayaraq, 1780-ci ilə kimi onun 35 cildi nəşr olunmuşdu. Bu, Didronun və onun həmkarı Dalamberin xidmətinin nəticəsi idi.
D.Didro duyğuların rolunu qiymətləndirirdi. O, deyirdi ki, ağlımız hakim, duyğularımız isə şahidlərimizdir. Ağıl həmin şahidlər vasitəsi ilə alınan şeyləri müqayisə edir. Ağıl həssasdır, o, müşahidəni mühakimə etməlidir. Lakin D.Didro ağıl ilə hissləri heç də eyniləşdirmirdi, əksinə, onları vəhdətdə götururdu.
D.Didro tərbiyənin roluna böyük qiymət versə də Helvetsi kimi onu həddindən artıq şişirtmirdi. D.Didro Helvetsiyə müraciət edərək yazırdı: siz təsdiq edirsiniz ki, tərbiyə hər şeydir, yaxşı olar ki, deyəsiniz, tərbiyəçox şeydir. Lakin iki şəxsin qabiliyyəti, temperamenti və ehtirasları bərabər ola bilməz, tərbiyə təbiətən qüsurlu olan qabiliyyəti düzəldə bilməz. Onun fikrincə, tərbiyə yaxşı təbii qabiliyyətləri ya inkişaf etdirir, ya da pozur.
Tərbiyəçilər və valideynlər tərbiyədə uşaqlara nümunə olmalıdırlar: “Ataların pis vərdişləri övladların qüsurlarına çevrilir. Hər bir işdə məqsəd olmalıdır, məqsəd yoxdursa, heç nə eləmirsən; məqsəd kiçikdirsə, böyük işlər görü bilmirsən. Biliksizliklə heç vaxt öyünmək olmaz, biliksizlikgücsüzlük deməkdir”.
D.Didro insanlarda mütaliə mədəniyyəti formalaşdırmağı məsləhət bilirdi. O, yazırdı: “Kitab oxumayan düzgün fikirləşə bilməz”. Cəmiyyət insanlara düzgün təhsil-tərbiyə vermədiyindən onların çoxu həyatda öz yerini tapa bilmədiyindən məhv olurlar. Ona görə də məktəb təhsilinin məzmunu yeniləşdirilməli, ibtidai təhsil pulsuz və icbari olmalı, yoxsul uşaqlara maddi kömək göstərilməli, məktəblərə ruhanilər deyil, dövlət özü nəzarət etməlidir. Klassik təhsilə deyil, real təhsilə üstünlük verən D.Didro məktəblərdə riyaziyyat, fizika, kimya, təbiyyat, astronomiya fənlərinin öyrədilməsini məsləhət bilirdi. O yazırdı: “Elmi fikirlər beyinə dəmir mismarlar kimi yeridilməlidir ki, onları oradan heç bir qüvvə çıxara bilməsin”.
D.Didro təlim-tərbiyədə rəğbətləndirmə və cəzalandırmaya xüsusi diqqət yetirməyə tələb edərək yazırdı: “Biz yaxşıları mükafatlandırmaqla pisləri cəzalandırmış oluruq”.
D.Didronun adı XVIII əsrdə Rusiyada da məşhur olmuşdur. O, 1773-cü ildə II Yekaterinanın dəvəti ilə Peterburqa gəlmişdir. Qərb modelinə uyğun yeni məktəb sistemi yaratmağa çalışan II Yekaterina ona yeni əsaslar üzrə maarif haqqında plan tərtib etməyi tapşırır. O, “Rusiyanın universitet planı” adlı demokratik ruhlu layihə hazırlayır. Silki məhdudiyyəti aradan qaldıran bu layihəyə görə, bütün ibtidai məktəblər ümumi, pulsuz və icbari olmalı idi. İbtidai məktəbi qurtaranlar bütün tip məktəblərə daxil ola bilərdi. Layihənin demokratik ruhu II Yekaterinanı qorxutduğundan o, bunu nəinki həyata keçirmədi, hətta müzakirəyə belə qoymadı.
5. XVIII əsrdə Qərbi Avropa ölkələrində yeni iqtisadi münasibətlərin yaranması Avropa xalqlarının siyasi və mədəni həyatında maarifçiliyin inkişafı ilə səciyyələnir. Maarifçilik məzmun və qayəsinə, ideya-estetik prinsiplərinə, fəlsəfi mahiyyətinə görə, insanın azad yaşamaq, işıqlı gələcək uğrunda mübarizə aparmaq, milli şüur və təfəkkürünü formalaşdırmaq hüququnu təmin edən ideya cərəyanıdlr. Maarifçilik ağıla istinad edən bütöv sosial-ictimai konsepsiyadır. Maarifçilər xalqın mənafeyini müdafiə edirdilər. Onlar inanırdılar ki, feodal-təhkimçi, münasibətlərinin aradan qaldırılması özü ilə ümumi firavanlıq gətirəcək, yer üzərində bərabərlik və qardaşlıq bərqərar olacaqdır. Onlar maarifin alovlu müdafiəçiləri idilər. Maarifçilər orta əsr baxışlarına qarşı kəskin şəkildə çıxış edir, “ilk günah” ideyasını tənqid edərək sübut etməyə çalışırdılar ki, bütün insanlar təbiətən alicənab və xeyirxahdırlar. Şəxsiyyətin mənəvi inkişafının formalaşmasında, eləcə də, cəmiyyət həyatında tərbiyə və maarifin roluna olduqca mühüm əhəmiyyət verən maarifçilər öz dövrlərinin ensiklopedik zəka sahibləri idilər. Onların fikrincə, ideal insan-hərtərəfli və ahıngdar inkişaf etmiş, orta əsr mövhümatından azad şəxsiyyətdir. Konkret tarixi şəraitə uyğun olaraq maarifçilik ayrı-ayrı olkələrdə özünü müxtəlif şəkildə göstərmişdir. Qərbi Avropada maarifçilik dövrü XVII əsrin axırıncı rübündən XVIII əsrin sonuna qədər davam etmişdir. Bu ideya cərəyanının nümayəndələri təhsil-tərbiyənin silkiliyinə qarşı çıxır, məktəb və pedaqogikanı dəyişən sosial şəraitə uyğunlaşdırılmağa çalışır, insan təbiətini nəzərə almağa çağıran ideyalarla çıxış edirdilər.
Maarifçilər pedaqoji fikirlə bağlı İntibah dövrünün estafetini qəbul edərək onu daha yüksək səviyyəyə qaldırdılar. XVII-XVIII əsrlərdə məktəblərin yenidən təşkilində maarifçilik ideyası mühüm rol oynadı. Maarifçilik hərəkatı ayrı-ayrı regionlarda milli şəraitə uyğun olaraq inkişaf edirdi.
XVIII əsrin ingilis maarifçiliyinin özünəməxsusluğu hər şeydən əvvəl, ölkənin iqtisadi-siyasi inkişafının xüsusiyyətləri ilə bağlı olmuşdur. Qeyd etmək lazımdır ki, ingilis maarifçilərinin insan şəxsiyyəti və onun formalaşması haqqında təlimi ziddittətli xarakter daşımışdır. Onlar bir tərəfdən ideal, hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyətin formalaımasından danışır, digər tərəfdən isə hakim sinfin nümayəndələrinin tərbiyə prinsiplərini işləyib hazırlayırdılar. Maarifçilərin məqsədi olduqca geniş və perspektivli olsa da, həmin məqsədin həyata keçirilməsinin real imkanları məhdud idi.
XVIII əsr fransız maarifçilərindən biri də