XV Mövzu: Avropa ölkələrində məktəb və pedaqoji fikir.
Əhatə olunacaq məsələlər. 1. Avropada yeni dövrün-kapitalizmin təşəkkülünü şərtləndirən amillər. Müstəqil elm sahəsi kimi pedaqogikanın fəlsəfədən ayrılması. 2. Y.A.Komenskinin həyatı, yaradıcılığı və pedaqoji irsinin Azərbaycanda yayılması. “Böyük didaktika”-hamıya hər şeyi öyrətməyin ümumi nəzəriyyəsi kimi. 3. XVII əsr İngiltərə sisteminin məqsədi və vəzifələri. Con Lokkun pedaqoji nəzəriyyəsi. 4. XVIII əsrdə Qərbi Avropada məktəbin inkişafı. Böyük fransız filosofları K.A.Helvetsi və D.Didronun pedaqoji ideyaları. 5. J.J.Russonun pedaqoji baxışları, dövrünün mədəniyyətinə ictimai münasibəti.
H.Əhmədov “Pedaqogika tarixi kursundan mühazirə mətnləri” Bakı-1987.
F.Rüstəmov “Pedaqogika tarixi” Bakı-2006.
F.Rüstəmov “Qərb pedaqogika tarixi” Bakı-2003
1. Orta əsrlərin son mərhələsində Qərbi Avropa ölkələrində və Şimali Amerikanın təsərrüfat həyatında yaranmış yeni xüsusiyyətlər feodal cəmiyyətinin böhranı ilə bağlı idi. Ticarət inkişaf edir, əmtəə-pul münasibətləri getdikcə güclənirdi. Ingiltərə və Fransa sənətkarlıq və ticarət mərkəzləri kimi mühüm rol oynamaqda davam edirdi. Əhalinin sosial tərkibində əhəmiyyətli dəyişikliklər baş verirdi. Silkilik tədricən ləğv olunur, ziyalı təbəqəsi formalaşırdı. Burjuaziyanın sərvəti artdıqca o, azadlıq və mülkiyyətçilik hüququ uğrunda daha qətiyyətli mübarizə aparırdı. Beləliklə, yeni quruluşun bərqərar olması ilə yeni dövr-kapitalizm dövrü başlandı.
Yeni dövrün formalaşmasına katoliklər və protenstantlar arasında baş verən 30 illik müharibə (1618-1648) şox böyük təsir göstərdi. Tarixçilərin Yeni dövr adlandırdıqları bu mərhələ İngiltərə burjua inqilabından (1640) Birinci Dünya müharibəsinin sonlarına qədər olan dövrü əhatə edir. Bu dövrdə cəmiyyətin inkişafında əvvəlki dövrdən tamamilə fərqli olan yeni dəyişikliklər meydana çıxdı. Yeni dövrdə Avropa sivilizasiyası sürətli inkişafa başladı. Bu sivilizasiyanın xarakterik cəhətini elmi baxışlar, insanın ətarf aləmdən maksimum səmərəli istifadə etmək bacarığı təşkil edirdi. Avropa sivilizasiyası ənənəvi cəmiyyətlərdən fərqli olaraq insan şəxsiyyətni daha yüksək qiymətləndirir, ona daha yüksək meyarlarla yanaşırdı. Bu da öz növbəsində şəxsiyyətin maraq və mənafelərinin tanındığı, hüquq və azadlıqlarının müdafiə olunduğu cəmiyyətdə-insan haqqlarının hökm sürdüyü vətəndaş cəmiyyəti ilə sıx bağlı idi.
F.Bekonun “Bilik güc, güc isə bilikdir” tezisi yeni dövrü səciyyələndirən ən mühüm əlamət idi ki, bu da özünü mexaniki-riyazi təbiətşünaslıqda göstərirdi. Bu dövrdə təbiətşünaslıq elmində böyük kəşflər edildi. N.Kopernik təbiətşünaslıq elminin inkişafına layiqli töhvə verdi. Onun başladığı böyük işi Q.Qaliley (1564-1642), C.Bruno (1548-1600), İ.Kepler (1571-1630), F.Bekon (1561-1626), R.Dekart (1596-1680), B.Spinoza (1632-1671) və b. Davam etdirdilər.
XVIII əsr tarixə maarifçilik əsri kimi daxil olmuşdur. Bu dövrdə mütərəqqi fikirli filosoflar və tarixçilər çox vaxt inqilabi xarakterli ideyalar irəli sürürdülər.
Onlar Fransa burjua inqilabından xeyli əvvəl mütləq monarxiyanı, feodal quruluşunu tənqid etməyə başlamışdılar. Bu böyük ideya hərəkatı sonralar maarifçilik, onun fikir daşıyıcıları isə maarifçilər adlandırılmışdı.
Yeni dövrün məktəb işi islahatlar dövründən o qədər də fərqlənmirdə. Alnam dili protestant ölkələrində müxtəlif gimnaziyalar, Fransada kollegiyalar, İngiltərədə qrammatika məktəbləri fəaliiyət göstərirdi.
2. XVII əsrin ən böyük simalarından biri çex xalqının mütəfəkkir oğlu, elmi pedaqogikanın banisi Yan Amos Komenskidir (1592-1670). O, 1592-ci il, martın 28-də Çexiyada dəyirmançı ailəsində anadan olmuşdur. Y.A.Komenskinin atasının varlı və Bogem (Çex) qardaşlığına mənsub olması onun ailədə və icma məktəbində yaxşı tərbiyə almasına imkan vermişdir. Y.A.Komenskinin 12 yaşı tamam olanda (1604-cü ildə) valideynləri vəfat etdiyindən o, iki bacısı ilə birlikdə Strojnitse şəhərindəki qohumlarının himayəsinə sığınır.
Xalasə Suzanna onun yüksək tipli qardaşlıq məktəbində oxumasına şərait yaradır. 1608-ci ildə 16 yaşlı Yan Prerovdakı latın məktəbinə daxil olur. Bu məktəbə o dövrdə yüksək təhsil almış K.Jerotski rəhbərlik edirdi. 1611-ci ildə həmin məktəbi qurtaran Y.A.Komenski Herborn universitetinə daxil olur. Burada onun fəlsəfi və pedaqoji baxışlerı formalaşmağa başlayır. Universitet illərində Y.A.Komenski klassik fəlsəfi ədəbiyyatla dərindən tanış olur, Platonu, Aristoteli, Siseronu, Senekanı, Kvintilianı və başqalarıni əsaslı şəkildə öyrənir. O, 1613-cü ildə təşkil edilən disputda “Fəlsəfə bağının mübahisəli sualları” mövzusunda yazdığı tələbə elmi işi ilə çıxış edir. Bu suallar içərisində Y.A.Komenskini ən çox fəlsəfənin iki məsələsi – idrakın mənbələri və yolları maraqlandırırdı. Onun pansofiya ideyası da öz mənbəyini Herborn universitetindən götürmüşdür. Y.A.Komenski ana dilinin öyrənilməsi sahəsində böyük işlər görmüşdür. O, hələ universitetdə oxuyarkən öz dövrü üçün orijinal olan “Çex dilinin xəzinəsi” adlı əsəri üzərində işləməyə başlamışdı. Təəssüflə qeyd etmək lazımdır ki,40 ildən artıq
gərgin zəhmətin nəticəsi olan bu əsər 1658-ci ildə katoliklərin Leşnoya basqını zanamı yandırılmışdır. 1613-cü ildə Y.A.Komenski Avropaya səyahətə çıxır və Amsterdama qədər gəlib çatır. Səyahətdən qayıdandan sonra o, Heyadelberq Universitetinə daxil olur. Bu universitet də Herborn universiteti kimi “Çex qardaşları” icmasının ideyalarına yaxın idi. 1614-cü ildə Y.A.Komenski Prerovdakı məktəbin rəhbəri təyin olunur. 1618-ci ildə o, Fulnek şəhərindəki qardaşlıq məktəbində rektor vəzifəsini icra etməklə keşiş vəzifəsinə köçürülür. O, alman feodallarına və katolik kilsəsinin əsarətinə qarşı mübarizəsində fəal iştirak edir, “Çex qardaşları” icmasının rəhbərlərindən biri olur.
1618-ci il Y.A.Komenskinin həyatının axırıncı sakit ili olmuşdur, çünki bu ildə otuzillik müharibə başlamışdı. Müharibənin ilk zərbələri ən radikal protestant əhalisi olan bir dövlət kimi Çexiyaya dəymişdi. Otuzillik müharibə (1618-1648) dini müharibə pərdəsi altında katoliklər kilsəsinin ehkamlarının qüvvədə qalması və islahat zamanı əmələ gəlmiş bütün tərəddüdlər üzərində keşişlərin tam hakim olması uğrunda gedirdi. əslində isə bu, müharibə dövrünün ictimai-siyasi qüvvələrinin sinfi mübarizəsinin özünəməxsus forması idi. 1621-ci ildə Fulnek şəhəri dağıldı və katoliklər koalisiyası qoşunları tərəfindən yandırıldı. Fulnekdə yaşayan Y.A.Komenskinin kitabxanası və əlyazmaları məvh oldu. Bu dövrdən sonra onun həyatı o qədər də fərəhli olmadı. 1628-ci ildə Y.A.Komenski Polşanın Leşno şəhərinə gəlir. O, burada gimnaziyada müəllim işləyir. 1635-ci ildə isə gimnaziyanın rektoru işləyir.
Leşno şəhərində Y.A.Komenski “Dünyanın dolaşıq yolları”, “Dillərin açıq qapısı”, “Ana məktəbi”, “Böyük didaktika”, “Fizika” və başqa əsərlərini yazmışdı.
1641-ci il sentyabrın 21-də Y.A.Komenski Londona gəlir. İngiltərə parlamenti “Pansofiya”nı işləmək üçün Y.A.Komenskinin rəhbərliyi altında müxtəlif ölkələrin alimlərinin iştirakı ilə elmi kollegiyanın təşkil olunmasını qərara alır. İngiltərədə vətəndaş müharibəsi başlandığı üçün Y.A.Komenski bu böyük ideyasını həyata keçirə bilmir. O burada olduğu zaman “İşığın yolu” adlı əsərini yazır.
İngiltərədə baş verən siyasi hadisələr Y.A.Komenskini geri qayıtmağa məcbur edir. Lakin o, Leşnoya deyil, İsveçə qayıtdı. Burada olduğu zaman Y.A.Komen-
ski “Latın dili” dərsliyini və dillərin tədrisi üsuluna aid kitablarını yazdı.
1648-ci ildə “Çex qardaşları” icmasınin baş yepiskopu vəfat etdiyinə görə, Y.A.Komenski həmin vəzifəyə dəvət olunur. O, Leşnoya gələrək həmin vəzifəni tutur. 1650-ci ildə Y.A.Komenski Macarıstana dəvət olunur. Y.A.Komenski bu təklifi qəbul edir, çünki Macarıstanda “Çex qardaşları” icması üzvlərinə qayğı ilə yanaşmışdılar. O burada özünün nəzəri fikirlərini praktikada yoxlayır. 1651-ci ildə “Pansifiya məktəbi” və “Real aləm şəkillərdə” əsərlərini yazır. O burada olarkən “Təbii qabiliyyətlərin mədəniyyəti haqqında”, “Dirilmiş forsi, yaxud durgunluğun məktəbdən qovulması”, “Həqiqi metodun tərifi”, “Şşeyləri dürüst adlandırmağın xeyri haqqında”, “Davranış qaydaları”, “Yaxşı təşkil olunmuş məktəbin qanunları”, “Məktəb - oyun” əsərlərini tamamlayır.
1654-cü ildə Y.A.Komenski “Xalqın səadəti” adlı məşhur fəlsəfi-siyasi traktını tamamlayır. O, bir neçə il macar məktəblərinə kömək etdikdən sonra 1654-cü ildə yenidən Leşnoya qayıdır. Bu zaman İsveçdə Polşa arasında başlanmış müharibə nəticəsində Leşno müharibə meydanına çevrilir. 1656-cı ildə Leşno şəhəri talan edilir və yandırılır. “Çexiya qardaşlığı”nın arxivi, onların zəngin kitabxanası, mətbəəsi, Y.A.Komenskinin özünün kitabxanası, qiymətli əlyazmalarının çox hissəsi, o cümlədən, üzərində on illərlə işlədiyi “Çex dilinin xəzinəsi” adlı əsəri, evi və bütün var-yoxu burada məhv olur. Y.A.Komenski ağır vəziyyətdə olduğu zaman Hollandiyadan dostu L.Keerdən dəvətnamə alır və oraya gedir. Burada Y.A.Komenskiyə professorluq verilir, hər il 800 florin əmək haqqı müəyyən olunur, ona çox yaxşı şərait yaradılır. Onun pedaqoji yaradıcılığının ən məhsuldar dövrü başlayır. Dostu L.Keerin səyi və maddi köməyi ilə əsərlərini tam külliyyatı nəşr olunur. Y.A.Komenski 92 əsərin müəllifidir. O, ömrünün sonlarında “İnsani işləri yaxşılaşdırmaq haqqında ümumi məsləhət” adlı 7 cildlik əsər yazmağa başlayır. Y.A.Komenski 1670-ci il noyabr ayının 15-də Amsterdam şəhərində vəfat etmişdir.
Y.A.Komenski böyük əsəri olan “Böyük didaktika”da da “ruhun həqiqi və universal mədəniyyəti üçün” öz ideya və fikirlərini irəli sürür. Y.A.Komenskinin “Böyük didaktika” adlı əsəri həm məzmununa, həm də quruluşuna və hissələrinin qarşılıqlı münasibətinə görə pedaqoji fikrin ən dəyərli əsərlərindən biri hesab olunur. Əsərdə didaktikanın şərhindən əvvəl ayrı-ayrı fəsillərin başlıqları verilir. Bu, öz məzmununa və başlıqların qarşılıqlı münasibətinə görə əsərin qısa tezislərini xatırladır.
1-ci fəsildə sübut olunur ki, insan çox qəribə, çox gözəl və çox mükəmməl varlıqdır;
2-ci fəsildə - insanın məqsədinin həqiqi həyatdan kənarda olduğu;
3-cü fəsildə - həqiqi həyatın yalnız gələcəyə olan arzudan ibarət olduğu;
4-cü fəsildə - gələcəyə hazırlığın üç pilləsi: 1) elmi təhsil, 2) xeyirxahlıq və əxlaqlılıq, 3) dindarlıq və ya möminlik olduğu sübut edilir.
Təəssüf ki, bu qiymətli əsər 1961-ci ildə Azərbaycan dilinə tərcümə olunarkən onun ilk dörd fəsli dilimizə çevrilməmişdir. Halbuki Komenski təlimin istinad etdiyi fikir və ideyalar məhz bu fəsillərdə şərh olunmuşdur.
Y.A.Komenskinin pedaqogikasını çox zaman təbiətəmüvafiq pedaqogika adlandırırlar. O, belə hesab edirdi ki, insan təbiətin bir hissəsidir. Ona görə də onun ümumi qanunlarına təbe olmalıdır: “Təbiət hər yerdə bizə nümunə göstərir”. Y.A.Komenski təbiəti müəllim hesab edir. O deyir ki, təbiət vahiddir, orada hər şey məqsədyönlüdür, orada ahəngdarlıq və qaydalar hakimdir. Buradan belə nəticə çıxır ki, uşaq da təbiətin bir hissəsi olduğu üçün onun tərbiyəsi də təbii yolla getməlidir.
Y.A.Komenski “Böyük didaktika əsərində” didaktik üsulları təbiət və insan fəaliyyəti ilə müqayisə edir. O deyir ki, memar da, rəssam da əvvəlcədən material hazırlamalıdır. Y.A.Komenskiyə görə, məktəb bütün qaydalarını dəqiq surətdə təbiətdən götürməlidir, balıqlar üçün su, ağaclar üçün bağ müəyyən olunduğu kimi, gənclər üçün də məktəb müəyyən edilməlidir.
Y.A.Komenski dövrünün məktəb sistemini yaratmış, onun məqsəd və vəzifələrini müəyyənləşdirmişdir. Y.A.Komenski deyirdi: məktəb sözü adi mənada əsas şeyləri dərk etmək, hər cür sənəti anlamaqdan və tətbiqini bacarmaqdanötrü təlim verilən bina kimi başa düşülür. Y.A.Komenski məktəbi insanlıq emalatxanası, humanizm emalatxanası adlandırırdı. O, məktəbi həm də əməksevərlik tərbiyə edən yer hesab edərək, onu iş emalatxanası adlandırır. Y.A.Komenski məktəbi gənc nəslin təlim, tərbiyə və təhsil alması üçün spesifik müəssisə hesab edərək ailə tərbiyəsinə nisbətən ona üstünlük verirdi. O, şəhərdə və kənddə elə məktəblər açmağı tələb edirdi ki, orada hər iki cinsdən olan bütün gənclər bir yerdə, hec bir müstəsna hal olmadan elmləri öyrənə bilsin, əxlaqca kamilləşib mömin olsun. Beləliklə də, gənclik illərində indiki və gələcək həyatda lazım olan hər şeyi ixtisarla, zövqlə, əsaslı şəkildə öyrətsin. Məktəbin əsas vəzifəsi cəmiyyətdə ümumi müdrikliyi yaymaqdan ibarətdir.
Y.A.Komenskinin böyük xidmətlərindən biri də dövrünün tərbiyə sistemini, sxolastik məktəbi tənqid edib, onun əvəzinə uşaqların yaş xüsusiyyətlərinə uyğun
yeni vahid məktəb sistemi təklif etməsidir. O, məktəblərin elə quruluşunu təklif edirdi ki:
bütün gənclər tərbiyə ala bilsin;
həm də insanı müdrik, xeyirxah və mömin ede biləcək hər şeyi öyrətsin;
bu təhsil, həyata hazırlıq olduğundan həddi-buluğa çatıncaya qədər bitmiş olsun;
bu təhsil döymək, sərtlik və ya zorakılıq olamdan, sanki öz-özünə mümkün qədər yumşaqlıq və mülayimliklə həyata keçirilsin;
gənclərə təxmini deyilŞ həqiqi təhsil verilsin; səthi deyil, əsaslı təhsil verilsin;
təhsil çətinliklə deyil, əksinə mümkün qədər asanlıqla qazanılsın.
Məktəbin ümumi olması ideyasını irəli sürən Y.A.Komenski hamının, o cümlədən, qadınların da təhsil almasını məcburi sayırdı. O, təlimin ana dilində aparılması ideyasını irəli sürmüşdü.
Y.A.Komenski təlim prinsiplərinin mahiyyətini izah edərək, aşağıdakı kimi təsnif etmişdir:
1) əyanilik;
2) şüurluluq;
3) biliklərin möhkəmləndirilməsi;
4) sistematiklik və ardıcıllıq;
5) gücəmüvafiqlik.
Y.A.Komenski təlimdə əyanilik prinsipini ətraflı işləmişdir. O deyirdi ki, hər bir şeyi öyrənərkən qulaq gözlə, söz əl fəaliyyəti ilə birleşmelidir. Y.A.Komeski əyanilik prinsipini müəllim üçün “qızıl qayda” adlandıraraq yazırdı: mümkün olan hər şeyi duyğularla qavramağa təqdim etmək, yeni görünəni – görmə duyğusuna, səsi – eşitmə duyğusuna, iyi - iybilmə duyğusuna, dadı olanı – dad duyğusuna, toxunula biləni – lamisə duyğusuna təqdim etmək qoy müəllimlər üçün qızıl qayda olsun. Təlimdə əyaniliyi həyata keçirmək üçün: 1) real əşyalar və bilavasitə onların müşahidəsi; 2) bu mümkün olmadıqda onlarin modeli və surətləri; 3) əşya və hadisələri təsvir edən şəkillərdən istifadə etmək zəruridir.
Y.A.Komenski təlimin sistemliyi, ardıcıllığı və gücəmüvafiqliyi haqqinda da qiymətli fikirlər müəllifidir. O şüurluluq və fəallıq prinsipinin banisidir. Y.A.Komenskiyə görə, öyrənilən material müəllim tərəfindən yalnız ardıcıl şərh olunduqda, əvvəlkilər sonrakılara yol açdıqda, sonrakilar əvvəlkilərə əsaslandıqda, heç bir şey buraxılmadan bir zəncir kimi bir-birinə bağlandıqda, şagird onu maraqla dinləyir, qavrayır və anlayir. Onun fikrincə, uşağın təbii xüsusiyyətinə müvafiq olaraq təlimdə ümumidən xüsusiyə, sadədən mürəkkəbə, konkretdən mücərrədə, faktlardan nəticələrə, asandan çətinə, yaxından uzağa kimi didaktik qaydalara əməl edilməli, hər bir qayda qısa, dəqiq və aydın ifadə olunmalı, təlim prosesində material tədricən mürəkkəbləşdirilməlidir.
Y.A.Komenskinin didaktik qaydalarının əsasında şagirdlərin şəxsi fəaliyyətinin inkişaf etdirilməsi dururdu. Y.A.Komenski deyirdi ki, ətraf mühitdəki əşyalar, hadisələr və onların qarşılıqlı əlaqələri haqqında düzgün, müzmunlu bilik olmadan aydın, məntiqli və həqiqətən zəngin nitq ola bilməz. Əyani seyrdən anlayışa, anlayışdan yadda saxlamaya və nitqdən ifadəyə, çalışmalara və əməli fəaliyyətə - Y.A.Komenski didaktikasının ardıcıllığı belədir.
Y.A.Komenskinin böyük bir xidməti də sinif-dərs sisteminə dair məsələləri əsaslı şəkildə işləməsidir. İlk dəfə olaraq təbiətdə ilin 4 fəslə, fəsillərin aylara, ayların həftələrə, həftələrin günlərə bölünməsi hadisəsini əsas götürən Y.A.Komenski dərs ilini də 4 rübə bölmüş, tətil və dərs günlərinin təşkilini müəyyən etmiş, əsaslandırmış və təcrübi olaraq həyata keçirmişdir.
Y.A.Komenski öz dövrü üçün çox böyük əhəmiyyət kəsb edən bir neçə dərs kitabı tərtib etmişdir. Onun dərs kitabları içərisində “Dillərin açıq qapısı” (1632), “Real aləm şəkillərdə” (1654) xüsusilə fərlənir. “Dillərin açıq qapısı” həm dilin qrammatikasını, həm bilik sahələrini əhatə edərək, uşaqların yaşlarına uyğun zəngin material verir, həm də onları tərbiyə edir. Y.A.Komenski çex dilindəki sözləri toplayıb onlardan tədricən mürəkkəb cümlələr, parçalar, hekayələr tərtib edərək onları müəyyən sistem və ardıcıllıqla kitabda yerləşdirmişdir. “Real aləm şəkillərdə” kitabı da qiymətli dərslik olmuşdur.
Y.A.Komenskinin pedaqoji nəzəriyyəsində tərbiyə məsələləri də xüsusi yer tutur. O, xalqın gələcəyini, dövlətin möhkəmlənməsini yeniyetmələrin düzgün tərbiyəsində görürdü. O, Plutarxdan misal çəkərək yazırdı ki, valideynlər uşaqlara gözəllik, var-dövlət, rütbə arzulayır və uşaqları xarici rifaha doğru istiqamətləndirir, onların qəlblərini fəzilətlərlə bəzədilməsi, gözəlləşdirilməsi qay-
ğısına qalmırlar. Onlar çəkməni daha yüksək hörmətə mindirirlər, nəinki ayağı.
İnsanlıq, insanpərvərlik insanın bəzəyi, mahiyyətidir. Y.A.Komenski “Böyük didaktika”da insan şəxsiyyətinin, insanləyaqətinin, qısası insanlığın himnini səsləndirir. O yazır: “Allah əsrlər boyu özünəbənzərin rifahı üçün bütün zəruri şeyləri etmişdir”. İnsanlar isə özləri yaratdıqları bədbəxtlikdə batırlar. Şər əkib şər biçirlər. Biz gərək həqiqəti yalandan, xeyri şərdən ayıra bilək. Y.A.Komenskiyə görə, cəmiyyətdə şərin aradan götürülməsi üçün insanın üç qabiliyyəti inkişaf etdirilməlidir: zəkası, iradəsi və yaradıcılıq qüvvələri. İnsan gərək mənfi əməllərinin nəticəsini qiymətləndirə bilsin, şərdən çəkinsin və xeyirxahlığa can atsın, verilən ağıllı məsləhətlərə qulaq assın. Ağıllı insanlar başqasının hərəkətlərindən ibrət alır, bu ibrət güzgüsündə özlərini düzəldirlər. İnsana əxlaq dünyasının qurucusu kimi baxan Y.A.Komenski tərbiyənin qarşısında aşağıdakı vəzifələri qoyurdu:
bizi əhatə edən göyləri, xarici aləmi dərk etdirmək;
insanın nə etməli olduğunu öyrətmək;
dinə sadiq insan yetişdirmək.
Y.A.Komenski əxlaqlı olmağın və onu inkişaf etdirməyin 16 ümumi qaydasını irəli sürüb və əsaslandırıb. O ilahiyyat mövqeyində duraraq ruhi şeyləri cismanilərdən, əbədi şeyləri keşicilərdən, deməli, möminliyi əxlaqdan, əxlaqı elmdən üstün tuturdu.
Y.A.Komenski intizam haqqında da yeni fikirlər söyləmişdir. O, intizamı yaxşı təşkil olunmuş məktəbin mühüm şərti hesab etmişdir. Onun fikrincə, “intizamsız məktəb susuz dəyirmana bənzər”. O, insan üçün fiziki cəzanı yersiz hesab edir, cəza vasitəsi ilə verilən təlimi elmə qarşı nifrət oyatmaq üçün yeganə yol sayırdı. Onun fikrincə, intizamı möhkəmlətmək üçün gözəl nümunələr, uşaqlarla mülayim və mehriban rəftar, xeyirxah və səmimi söhbət, öyüd və nəsihət olmalıdır. Y.A.Komenskiyə görə, tərbiyənin aşağıdakı metodları var:
1) şəxsi nümunə;
2) nəsihət;
3) təmrinlər;
4) rəğbətləndirmə;
5) cəza.
Y.A.Komenski məktəbdə təlim-tərbiyə prosesinin təşkilində müəllimin rolunu yüksək qiymətləndirirdi. O, deyirdi ki, sən ata kimi hərəkət etməyi bacarmırsansa, müəllim kimi fəaliyyət göstərə bilməzsən. Müəllimin vəzifəsi uşaqları öz gözəl nümunələri ilə elmə həvəsləndirməkdir; müəllim təlim etmək sənətinə yiyələnməli,
öz işinin mahir ustası olmalıdır. Y.A.Komenski müəllimi gat heykəltaraş ilə, gah, ağıl zülmətini dağıtmağa, bütün fikirlər və əməllər üzərinə işıq saçmağa ehtirasla can atan saf və sədaqətli maarif xadimi ilə, dah da günəşlə müqayisə edir.
Y.A.Komenski öz əsrinin oğlu olsa da müasirimizdir; pedaqoji ideyaları bu gün üçün də aktualdır. Onun ideyaları Avropa ölkələrinə yayılmaqla qalmamış, sərhədləri keçərək Rusiyaya, oradan da Azərbaycana nüfuz etmiş və pedaqogika elminin inkişafına böyük təkan vermişdir. Y.A.Komenskinin ideyalarının Azərbaycanda yayılması XIX əsrin sonlarına təsadüf edir. Bi ideyalar QMS-ın məzunları tərəfindən mənimsənilmiş və yayılmışdır. İnqilaba qədərki dövrü mətbuatda Azərbaycan maarifpərvərləri (T.Bayraməlibəyov, H.Zərdabi, N.Nərimanov, Ü.Hacıbəyov, R.Əfəndiyev) Y.A.Komenskinin pedaqoji irsinə müraciət etmişdir. Onun əsərləri Azərbaycanda iki dəfə - “Didaktik prinsiplər” (1940), “Seçilmiş pedaqoji əsərlər” adı ilə nəşr olunmuşdur. Pedaqoji ideyaları ilə bağlı B.B.Komarovski, M.Muradxanov, Ə.Seyidov, Ş.Ağayev, Ə.Tağıyev, Y.Talıbov və b. çox dəyərli əsərlər yazmışdır. Anadan olmasının 400 illiyi münasibəti ilə respublikamızın bütün ali pedaqoji məktəblərində elmi-nəzəri konfrans keçirilmişdir.
3. XVIII əsrdə Qərbi Avropa ölkələrində yeni iqtisadi münasibətlərin yaranması Avropa xalqlarının siyasi və mədəni həyatında maarifçiliyin inkişafı ilə səciyyələnir. Maarifçilik məzmun və qayəsinə, ideya-estetik prinsiplərinə, fəlsəfi mahiyyətinə görə, insanın azad yaşamaq, işıqlı gələcək uğrunda mübarizə aparmaq, milli şüur və təfəkkürünü formalaşdırmaq hüququnu təmin edən ideya cərəyanıdlr. Maarifçilik ağıla istinad edən bütöv sosial-ictimai konsepsiyadır. Maarifçilər xalqın mənafeyini müdafiə edirdilər. Onlar inanırdılar ki, feodal-təhkimçi, münasibətlərinin aradan qaldırılması özü ilə ümumi firavanlıq gətirəcək, yer üzərində bərabərlik və qardaşlıq bərqərar olacaqdır. Onlar maarifin alovlu müdafiəçiləri idilər. Maarifçilər orta əsr baxışlarına qarşı kəskin şəkildə çıxış edir, “ilk günah” ideyasını tənqid edərək sübut etməyə çalışırdılar ki, bütün insanlar təbiətən alicənab və xeyirxahdırlar. Şəxsiyyətin mənəvi inkişafının formalaşmasında, eləcə də, cəmiyyət həyatında tərbiyə və maarifin roluna olduqca mühüm əhəmiyyət verən maarifçilər öz dövrlərinin ensiklopedik zəka sahibləri idilər. Onların fikrincə, ideal insan-hərtərəfli və ahıngdar inkişaf etmiş, orta əsr mövhümatından azad şəxsiyyətdir. Konkret tarixi şəraitə uyğun olaraq maarifçilik ayrı-ayrı olkələrdə özünü müxtəlif şəkildə göstərmişdir. Qərbi Avropada maarifçilik dövrü XVII əsrin axırıncı rübündən XVIII əsrin sonuna qədər davam etmişdir. Bu ideya cərəyanının nümayəndələri təhsil-tərbiyənin silkiliyinə qarşı çıxır, məktəb və pedaqogikanı dəyişən sosial şəraitə uyğunlaşdırılmağa çalışır, insan təbiətini nəzərə almağa çağıran ideyalarla çıxış edirdilər.
Maarifçilər pedaqoji fikirlə bağlı İntibah dövrünün estafetini qəbul edərək onu daha yüksək səviyyəyə qaldırdılar. XVII-XVIII əsrlərdə məktəblərin yenidən təşkilində maarifçilik ideyası mühüm rol oynadı. Maarifçilik hərəkatı ayrı-ayrı regionlarda milli şəraitə uyğun olaraq inkişaf edirdi.
XVIII əsrin ingilis maarifçiliyinin özünəməxsusluğu hər şeydən əvvəl, ölkənin iqtisadi-siyasi inkişafının xüsusiyyətləri ilə bağlı olmuşdur. Qeyd etmək lazımdır ki, ingilis maarifçilərinin insan şəxsiyyəti və onun formalaşması haqqında təlimi ziddittətli xarakter daşımışdır. Onlar bir tərəfdən ideal, hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyətin formalaımasından danışır, digər tərəfdən isə hakim sinfin nümayəndələrinin tərbiyə prinsiplərini işləyib hazırlayırdılar. Maarifçilərin məqsədi olduqca geniş və perspektivli olsa da, həmin məqsədin həyata keçirilməsinin real imkanları məhdud idi.
Şəxsiyyətin tərbiyəsi sahəsində sistemli nəzəriyyə yaradan ingilis maarifçilərindən biri də Con Lokkdur (1632-1704). Con Lokk 1632-ci ildə vəkil ailəsində anadan olmuşdur. Vestministr məktəbini bitirdikdən sonra Oksford universitetinə daxil olmuşdur. Həyatının 30 ili həmin universitetlə bağlı olmuşdur. O, burada yunan dili və ədəbiyyatından, etika və ritorikadan dərs demişdir. 1667-ci ildə C.Lokk Londona gəlmiş, liberal-siyasi xadim qraf Şefsberi ilə tanış olmuş, onun nəvəsinin ev həkimi və tərbiyəçisi təyin edilmişdir. Kralın əleyhinə çıxdığına görə Şefsberi təqib olunduğundan C.Lokk da onunla birlikdə Hollandiyaya mühacirət etməli olur. Az müddətdən sonra İngiltərəyə qayıdan C.Lokk o zamankı burjuaziya sinfində ləyaqətli yer tutur. O, “İnsan zəkası haqqında təcrübələr” (1689), “Tərbiyə haqqında fikirlər”(1693), “İnsan ağlınınidarə olunması haqqında” (1706) əsərlərinin müəllifidir. C.Lokk 1704-cü ildə vəfat etmişdir.
C.Lokkun materialist təlimi dini fanatizmə, sxolastikaya qarşı mübarizədə mühüm rol oynamışdır. C.Lokka görə, insan biliklərinin və bütün ideyalarının mənbəyi hissi təcrübədir. O, “İnsan zəkası haqqında təcrübələr” əsərində göstərirdi ki, yeni doğulan uşağın hissi və zəkası, şüuru yalnız həyatın gedişində müvafiq cizgilər və naxışlarla doldurulmağa başlanan ağ lövhəyə (tabula rasa) bənzər bir şeydir. Adamlar hazır ideyalarla doğulmurlar, onlar ideyaları özlərinin xarici aləmlə qarşılıqlı təsir prosesində əldə edirlər.
İndiyə qədərki elmi-pedaqoji ədəbiyyatdə C.Lokkun “ağ lövhə” nəzəriyyəsinin mahiyyəti düzgün şərh olunmamışdır. İnsanın təbii başlanğıcının, təbii meyllərinin nəzərə alınmaması, hər şeyin tərbiyədən və tərbiyəçidən asılı olması fikri əsaslandırılmışdır. Əslində isə C.Lokkun “ağ lövhə” nəzəriyyəsi ancaq
biliklərə aiddir. Yəni insan anadangəlmə biliklərə mailk deyil, lakin bilikləri mənimsəmək üçün insana müəyyən qabiliyyətlər, instinklər, heyvani nəfs, hətta əqli potensial əvvəlcədən verilməşdir. Ona görə də hər bir fərdi tərbiyə etməzdən əvvəl onun təbii keyfiyyətlərini öyrənmək lazımdır. Yəni tərbiyə prosesi öyrətməkdən yox, öyrənməkdən başlanmalıdır. Özü də təkcə insan yox, onu əhatə edən təbiət və kainat bütövlükdə öyrənilməlidir. C.Lokk “insanın təbiəti”ni “təbiətin təbiəti”nə aid edirdi. Təbii qanunları insana, onun mənəvi dünyasına şamil etməklə “tale” nəzəriyyəsini təqdir edirdi. O, Hippokrata istinadən yazırdı ki, hər bir şey öz taliyini yaşayır və ən kiçik və ən böyük varlıq onun üçün müəyyənləşmiş qanundan kənara çıxmır. İnsan da istisna deyil. O, öz təbiətinə uyğun davranış üsullarına mailkdir. C.Lokk Hippokratın yuxarıdakı fikrini təqdir etməklə yanaşı, mühit və tərbiyəyə də xüsusi yer ayıraraq yazırdı: “Biz demirik ki, bu təbiət qanunu bizim ürəyimizdə cədvəl şəklində yazılmışdır və onu oxumaq olar. İnsanın təbii imkanlarından, qabiliyyətlərindən düzgün istifadə olunmalı, o, təbii potensialının daha çox olduğu istiqamətə yönəldilməlidir”.
Tərbiyəçinin əsas vəzifəsi insanın taleyini “oxumaqdan”, onun təbii-potensial imkanlarını aşkara çıxarmaqdan və onların həyata keçirilməsinə kömək etməkdən ibarət olmalıdır. Tale qabaqcadan müəyyən edildiyindən, insanı necə istəsək tərbiyə etmək olmaz.
C.Lokk tərbiyə metodları dedikdə qarşıya qoyulmuş məqsədə çatmaq eçen tətbiq edilən tərbiyə vasitələrini başa düşürdü. Tərbiyə vasitələrinə isə aşağıdakıları aid edirdi:
- valideyn nüfuzu;
- məşq;
- nümunə;
- uşaqla müsahibə;
- mükafat (rəğbətləndirmə) və cəzalandırma.
C.Lokk müəllimlərdən uşaqların təlim-tərbiyəsinə ciddi yanaşmağı, təlim prosesində aşağıdakı didaktik qaydalara əməl etməyi tələb edirdi: təlimdə tam azadlıq; təlim yükünün şagirdlərin gücünə müvafiqliyi; təlimdə tədricilik və s. C.Lokk deyirdi ki, uşaqğın suallarına düzgün cavab verilməlidir, onu yalana alışdırmaq olmaz. Calışmaq lazımdır ki, uşaq verilən suallara cavabı özü tapsın. Əgər belə olarsa onun təfəkkürü inkişaf edər, müstəqil mühakimə yürütməyi bacarar. Yalnız bu üsulla tərbiyə olunan uşaq yeni bir insan olub İngiltərənin şərəf və şöhrətini daha da artıra bilər.
C.Lokkun təhsilin məzmunu ilə bağlı fikirləri vardır. O, öz təhsil proqramından yunan dilini çıxarmışdı. Belə hesab edirdi ki, bu dili öyrənmək ancaq alımlərə lazımdır. O dövrdə ictimai həyat latın dili olmadan keçinə bilməzdi.
C.Lokk hər cür qrammatik və filoloji incəliklərdən əvvəl dilin praktik məsələlərini – danışıq üsulu ilə öyrənməyi məsləhət bilirdi. Elə bu məqsədlə o,
məntiq və ritorikanı proqramdan çıxarmışdı. Halbuki XVII əsrdə bu fənlər ali təhsil proqramında məcburi fənlər hesab olunurdu. O, centlmenin təhsil proqramına stenoqrafik yazı, texniki rəsmxət, ticarət mühasibatı, müxtəlif dünyəvi sənətlər və ona oxşar fənlər daxil etmişdi. Onun proqramında oxu, yazı, yeni xarici dillər, coğrafiya, hesab, həndəsə, astroligiya, xronologiya, tarix, etika, vətəndaş hüququ, qanunşünaslıq, təbiət fəlsəfəsi və ilahiyyat fənləri mühüm yer tuturdu.
C.Lokk yazırdı ki, biliklərə yiyələnmək, rahat yaşamaq və həyatda uğur qazanmaq üçün insan öz düşüncələrini idarə etməyi bacarmalıdır. Unutmaq olmaz ki, insanlar arasında başlıca fərqi təhsil yaradır.
C.Lokkun pedaqoji ideyaları fransız maarifşilərinə böyük təsir göstərmişdir.