1. Azərbaycanda aqrar və burjua islahatları.
1870-ci il kəndli islahatı.
1861-ci ildə Rusiyada təhkimçilik hüququnu ləğv etməyə məcbur olan çarizm ucqarlarda kəndli islahatlarının keçirilməsini ləngidirdi. 1870-ci il 14 may Əsasnaməsi Azərbaycanda feodal-asılı münasibətləri əslində ləğv etmədi.
Lakin 1870-ci il 14 may Əsasnaməsi, kənddə kapitalist istehsal münasibətlərinin yayılması və inkişafı üçün daha əlverişli şərait yaradırdı. Belə ki, kənddə əmtəə-pul münasibətləri daha da genişlənir, əmtəə istehsalına keçən təsərrüfat sahələrinin sayı getdikcə artırdı.
1883-cü ildə Cənubi Qafqaz dəmiryolunun Tiflis-Bakı xəttinin işə salınması, Xəzər gəmiçiliyinin tərəqqisi də öz növbəsində əmtəə-pul münasibətlərinin daha da inkişaf edərək əmtəə-kapitalist münasibətlərinə keçməsini sürətləndirdi. XIX əsrin ikinci yarısından etibarən Quzey Azərbaycanın İrəvan, Naxçıvan, Göyçay, Cavad və s. bölgələrində sənaye pambıqçılığı meydana çıxır, pambıqtəmizləmə sənayesi formalaşır.
Keçmiş feodal zülmünün saxlanılması, ona yeni qolçomaq-yoxsul ziddiyyətlərinin əlavə olunması, müstəmləkə əsarəti Şimali Azərbaycan kəndində sinfi münasibətləri daha da kəskinləşdirirdi. Çarizmin böyük cidd-cəhdlə yürütdüyü qaba müstəmləkəçilik, zorla xristianlaşdırma 1863-cü ildə Zaqatalada Hacı Murtuzun başçılığı ilə güclü antirus xalq üsyanına səbəb oldu. Təsadüfi deyildir ki, əsrin sonuna yaxın kəndlilərin feodal, qolçomaq və milli zülmə qarşı hərəkatı getdikcə genişlənir, bəzi yerlərdə açıq silahlı şəkil alırdı. XIX əsrin sonu üçün kənddə sinfi mübarizənin ən qabarıq ifadəsi qaçaqçılıq hərəkatı idi. Qaçaq Nəbi, Qaçaq Kərəm, Dəli Əli, Süleyman, Yusif və başqa əfsanəvi xalq qisasçıları uzun müddət ərzində Zəngəzur, Naxçıvan, Qazax, Gəncə və s. ərazilərdə bəylərə, qolçomaqlara, çar üsul-idarəsinə qarşı barışmaz mübarizə aparmışdılar.
Dostları ilə paylaş: |