Sosial-iqtisadi və siyasi vəziyyət.
1900-1903-cü illər dünya iqtisadi böhranı Azərbaycana da güclü təsir etdi. Neft hasilatı 1901-ci ildəki 667,1 mln. puddan 1903-cü ildə 601.5 mln. puda düşdü. 1901-1903-cü illlərdə Bakı fəhlələrinin təxminən 30 %-i işdən çıxarılmış, neft sənayesindəki fəhlələrin sayı 35,9 min nəfərdən 26,8 min nəfərə enmişdir. Lakin bununla belə neft sənayesi Azərbaycan xalq təsərrüfatının aparıcı sahəsi olaraq qalırdı.
XX əsrin əvvəllərində metal emalı, mexaniki istehsalat (burada 10 min fəhlə çalışırdı), nəqliyyat (10 min işçi), kimya və toxuculuq sənayesi genişlənirdi. Təkcə ipək emalı sənayesində 10 minə qədər fəhlə çalışırdı.
XX əsrin əvvəllərində hakim və məzlum təbəqələr arasında ziddiyyətlər kəskinləşir, inqilabi-siyasi ideyaların yayılması üçün zəmin yaradırdı. 1901-ci ilin yazında Bakıda leninçi "İskra" mövqeyində duran ilk Bakı komitəsi yaradıldı. Azərbaycanlı fəhlələr arasında inqilabi iş aparılmasında RSDFP Bakı Komitəsinin tərkib hissəsi kimi 1904-cü ilin sonunda meydana çıxmış "Hümmət" sosial-demokrat təşkilatı mühüm rol oynayırdı. Bu təşkilatın yaradıcıları sırasında M.Ə.Rəsulzadə, N.N.Nərimanov, S.M.Əfəndiyev, M.Ə.Əzizbəyov və b. idilər.
1904-cü il dekabr tətili bütün Bakı proletariatını kapitala qarşı siyasi mübarizəyə qaldırmışdı. Bu tətil fəhlələrin qələbəsi Rusiya imperiyasındakı fəhlə hərəkatı tarixində ilk dəfə sahibkarlarla fəhlələr arasında bağlanan kollektiv müqavilə ilə başa çatmışdı. Bu dövrdə Şamaxı, Bakı, Yelizavetpol, Naxçıvan, Lənkəran və b. qəzalarda kəndli çıxışları baş verirdi.
İnqilabı hərəkatın vüsətindən qorxan rus çarizmi zəhmətkeşləri maddi və sinfi zülmə qarşı mübarizədən yayındırmaq üçün 1905-ci ilin fevralında Bakıda erməni-müsəlman qırğını törətdi. 1905-1906-cı illərdə Bakı, Şuşa, Naxçıvan, İrəvan, Gəncə və Azərbaycanın bir sıra digər bölgələrində rus müstəmləkəçilərinin böyük dəstəyi və cinayətkar fəaliyyəti şəraitində erməni yaraqlıları minlərlə Azərbaycan türkünün günahsız qanını axıtdı, onlarla azərbaycanlı kəndi xaraba qoyuldu, minlərlə adam doğma yurd-yuvasından didərgin düşdü.
Dostları ilə paylaş: |