Qorqud mənqəbəsinin bəhs etdigi yerlər bizim məmləkətimizdir Qorqud kitabındakı bütün vaqiələr tamamilə bizim ləhcəmizin yayıldığı yerlərdə olmuşdur. Əsərdə zikr edilən yer adları bunlardır: “Aladağ, Qazılıq dağ, Bayburd hasarı, Mərdin qələsi, Tatyan qələsi, Ağsaqa qələsi, Unən qələsi, Qara dəniz sahilində Düzmürd qələsi, Əlincə qələsi, Dərəşam ucı, Tumanın qələsi, Aq hisar, Trabzon, Qan İqazə1, Gürcüstan ağzı, Gəncə, Bərdə, Kökcə dəniz, Dəmür Qapu (Dəmir Qapı), Dəmür Qapu Dərbəndi, Qərə Dərbənd (Qara Dərbənd).
Bu kəlmələrdən başqa yalnız bir yerdə “Rum ili” təbiri ilə “İstənbul” kəlməsinə təsadüf ediliyor ki, o da tamam bir hekayətin vaqe olduğu yerlərdə degil, yalnız hədiyyə almaq üçün gediləcək yer olaraq göstəriliyor ki, Rum eli əcəmlərin “Diyari-Rum”undan başqa bir şey degildir.
Bir də Türküstan kəlməsi keçiyor; o da, Qazana bir sifət verilirkən qollanılır: “Bayandır xanın göyküsi, Tulu Qumun yavrusu, Türkistanın dirəqi, ümmət sayının aslanı, Qərə Çuğın qaplanı, Qonur atın ayası, Xan Uruzun babası, xanım Qazan” – (səhifə 60).
Yuxarıda saydığımız yer adları içində bəzi dağ və qələ adları indiki coğrafi xəritə üçün yabancı isə də, bir çoxları məlumdur: Bayburd və Mardin, Trabzon Anadolunun şərqindədir, Qorqud kitabında oğuzların “kafərlər” ilə olan müharibələri əsasında” Bayburd və Trabzon yad edilməkdədir.
Anladılan hekayələrin mövzusu bu şəhərlərin Bizans imperatorluğunun hakimiyyəti altında olduğu zamanlarda tərtib edilmişdir. Daha qəti olaraq göstərmək üçün bu şəhərlərin adlarını kitabın cümlələri ilə tutuq edəlim:
“Bazərganlar yaraq gördülər, gecə gündüz diməyüb yüridilər, nagah Parəsarın Bayburd hasarınə gəldilər məgər ol gün kafərlərin ağır günləridi, hər biri yeməkdə içməkdə idi, birini dəxi götürib qopuz çaldırərlərdi” (səhifə 50). Trabzon də böylə yad ediliyor: “Qanlı Qocə urı turdı ağ səqqəllu pir qocələr yanınə buraqdı, iç oğuzə girdi qız bulmadı, tolandı Tış Oğuzə girdi bulmadı, tolandı Trabzona gəldi, məgər Trəbuzan təkurının (təkfurının) bir əzim görkəmlü məhbub qızı vardı” (səhifə 97).
Hekayələrdən məlum olduğuna görə oğuzlar Gürcüstandan hər yıl vergi alıyormış. Bir il gürcülər vergi yerinə bir at, bir qılınc, bir çomaq göndərmişlər. Oğuzların xanı Bayındır, bunları Bəkil adında bir qəhrəmana verərək “Oğuz elinə qaravul” göndərdi. O da Oğuzdan köç elədi, Bərdəyə, Gəncəyə varıb vətən tutdı, Toquz tümən Gürcistan ağzına varub qopdı, qarovulluğ eylədi, yad kafər gəlsə başın Oğuzə ərməğan göndərdi (səh.132)
“Ağam Qazan sası dinlü Gürcistan ağzında oturırsan ordun üstinə kimi qorsən?” (səhifə 22).
Dərbənd şəhəri də bir çox yerdə yad ediliyor. Bir fikir vermək üçün yalnız bir şəklini alıyoruz: “Bazərgan aydır, Yəkət-Yəkət, bəg Yəkət, sən bənim önəm əglə, sözüm dinlə, on altı ildir kim, Oğuz içindən getmiş idin, dan-danışuğ kafər malın Oğuz bəglərinə gətürər idin, Pasın Qərə Dərbənd ağzınə düşən vermiş idin, onun qalasın beş yüz kafiri üzərimizəqoyuldı. (səhifə 40).
Göstərdigimiz bu parçalardan anlaşılıyor ki, Qorqud kitabının tərtibi əsnasında oğuzların yaşadığı yer bir tərəfdən sərhəddi-Bayburd Trabzon sahəsi; o bir tərəfdən Gürcüstan, Bərdə, Gəncə, Dəmir Qapu (Qara Dərbənddən (Dərbənd) keçən xətdir. Hekayədəki mövzulara görə oğuzların yalnız qərb və şimal sərhədləri məlum oluyor. Şərq və Cənub sərhədlərindən heç bəhs edilmiyor. Bununla bərabər “Kitab-i Dədə Qorqud”un bütün mövzularının bizim şərqli oğuz ləhcəsinin hakim olduğu yerlərdə vaqe olduğu açıq və qəti bir surətdə anlaşılıyor.
Bartold mövzuların əski Ermənistan yüksəkliklərində vaqe olduğunu qeyd ediyor; bu fikir qəbul edilə bildigi təqdirdə əski Ermənistan sərhədini Dərbəndə qədər göstərmək lazımdır. İnostrantsevin də eyni fikri tədqiq etmədən təkrar etməsinə rəğmən əsərin mövzularına meydan olan yerlərin tamamilə dilimizin sərhədləri içində olmasına, kitabın aşağıda təhlil edəcəyimiz dilinin mahiyyətini və Qorqudun Bayat qəbiləsindən olduğunu əlavə edərsək, əlimizdəki “Kitab-i Dədə Qorqud”un bizim ədəbiyyatımız məhsullarından ədd edilməsinə heç şübhə qalmaz1.