Qafqaz və Azərbaycan türkləri arasında Qorqudun nüfuzu Oğuz dastanları məlum olan vəsiqələrə görə XII əsrdə böylə əhalimiz arasında məruf olmuşdur. Moğolların istilası zamanında yaşamış olan Əbdülhər ibn Süleyman əl-Azərbaycani Oğuznamə mənqəbələrinin indiki Şimali İran topraqlarında ağızdan-ağıza dolaşdığını qeyd ediyor. Qorqud haqqında bulunan rus müstəşriqləri oğuz dastanına aid Qorqud mənqəbələrinin XI-XII əsrlərdə Səlcuq imperatorluğunu quran oğuz qəbilələri vasitəsilə bizim tərəflərə gəldigini iləri sürüyorlar. Halbuki, ərəb müəlliflərindən Məsudiyə görə Azərbaycanda oğuzların köçəbə bir halda yaşadıqları tarixi əsrdən çox geri götürmək icab edər.
Bu xüsusda rus müstəşriqlərinin aşina olmadığı Əbubəkr Abdullah Dəvadarinin izahına baxılacaq olursa oğuznamə mövzularının daha Orta Asiyada ikən oğuzlar arasında məruzə olduğu görülür. Bu nöqteyi-nəzərdən Qorqud mənqəbələrinin bu adla olmasa da başqa adla oğuznamə adilə şayə olduğu şübhəsizdir; bundan dolayı Qorqud mənqəbələrinin Səlcuq oğuzları vasitəsilə qərbə (bizim ölkəmizə) endiyi haqqında ortaya atılan nöqteyi-nəzər qəbula layiq görülməz.
Oğuz mühacirətini təqib edən uzun əsrlərdə hekayələrin xalq arasındakı mövqeyinə və keçirdigi təkamül səhifələrinə aid əlimizdə heç bir vəsiqə yoxdur. Eyi bir tədqiq nəticəsində Xorasan və İran kitabxanalarında bunlara aid məlumat əldə etmək ehtimalı yox degil.
Bununla bərabər Qorqud hekayələrinin son əsrlərə qədər Azərbaycan və Qafqaz türkləri arasında yaşadığı haqqında az-çox materiala rast gəliyoruz.
Yuxarıda da yer-yer söylədigimiz kibi alman səyyahlarından Oleari İrandan dönərkən 1638-ci ildə Dərbəndi ziyarət etmişdi. Oleari bu vaxtlar Dərbənd əhalisi içində Qorqudun ruhani mahiyyətində bir “ozan” tanıldığını izah ediyor və diyor:
“Dərbənddə bana Qorqud haqqında verilən məlumatdan başqa xalq oğuzlar barəsində də bilxassə onların məşhur qəhrəmanlarından Qazan ilə zövcəsi Burla xatun haqqında da məlumat hekayə ediyorlərdi1.
“Burla xatun” adı haqqında tədqiqat yapan V.V.Bartold bu ada hiç bir yerdə hətta Seyhun sahilindəki türkmənlər arasındakı rəvayətlər içində böylə təsadüf etmədigini söyliyor. Burla xatunun yalnız Dədə Qorqud hekayələrindən birisində “Salur Qazanın evi yağmalandığı” mənqəbəsində bir rol sahibi olduğuna baxılırsa, Olearinin Dərbənd xalqı arasında Qorqud hekayələrinin məruf olduğu haqqındakı fikri təyid edilmiş olur.
Yenə Olearinin verdigi məlumat Qorqud hekayələrinin Qafqaz və Azərbaycan türkləri arasında XVII əsrə qədər yaşadığını göstəriyor2.