Drezden kitabxanasındakı mətnin yazıldığı tarix “Qorqud” kitabının mətn-teksti Drezden kitabxanasının XVI əsr əlyazmaları arasında hifz edilməkdədir. Demək olar ki, yazmaların kataloqunu tərtib edən Fleyşer mətnin bu əsrdə yazıldığına qənaət hasil etmişdir. Bartold da mətnin yazıldığı tarixi araşdırarkən həmən-həmən eyni nəticəyə vasil olur. Mumileyh deyir ki, mətnin son səhifələrindən birində “Osman paşanın ölüm tarixi 993” (miladi 1585) tərzində bir qeyd var. Bu qeyddən də əlyazmasının o vaxtlar (yəni 1585 radələrində), yaxud az sonra yazıldığı istixrac edilə bilər1.
Halbuki, bizcə bir kitabın mətni xaricində gəlişi gözəl qeyd edilən bir vəfat tarixi, o kitabın yazılmış və yazıldığı tarix ilə əlaqədar olmaz. Bunun üçün mətnin yazıldığı tarixi, böylə bir ölüm tarixindən çıxarmağa çalışmaq doğru nəticə verməz.
Əski türk ailələrində bir adət vardı: birisi doğdumu və ya öldümü və yaxud zəlzələ, aclıq, xəstəlik, istila kimi mühüm hadisələr zühur etdimi; vəqənin tarixi, ailənin böyüyü yaxud oxumaq biləni, bir-iki sətirlə evdə bulunan la-əli-əl-yəqin bir kitabın (əksəriyyətlə Quranın) başına ya sonuna qeyd edərlərdi.
Osman paşa adında zatın ölümünün qeydi də bu surətlədir. Bu kibi qeydlər üçün mütləqa kitabın qədim və yaxud yaxın zamana aid olduğuna baxılmaz. Ola bilir ki, Osman paşanın vəfat tarixi qeyd edilən mətn çox qədim bir zamanda yazılmışdır.
“Qorqud” kitabını öz kataloqunun XVI əsrə mənsub yazmalar içində qeyd edən Fleyşeri aldadan səbəb də bəlkə bu sətirlik qeyddir.
Akademik Köprülüzadə müəyyən bir vaxt göstərməyərək bu yazmanın Osmanlı dövlətinin təşkilindən sonra təsbit edilmiş olduğunu iddia edir1. Burada təsbit kəlməsi istinsax mənasına olmayıb da şifahi vəziyyətində ikən kağız üzərinə qonulduğu məqsədilə qollanılırsa, o halda bir az düşünmək lazım gəlir. Çünki Əbubəkr Abdullah ibn Aybək əl-Dəvadarinin verdigi məlumat mocibincə – Qorqud kitabındakı mündəricat “Oğuznamə” adı altında çox əvvəllər türkcə olaraq təsbit edilmişdir. Sonralar farscaya, farscadən də ərəb dilinə tərcümə olunmuşdur ki, Dəvadarinin XIV əsrin başlarında gördüyü “Oğuznamə”nin ərəbcə tərcüməsidir. Dəvadarinin Osmanlı dövlətinin hənuz təşkil etmək üzrə bulunduğu tarixlərdə yaşadığını də əlavə edərsək, kitabın daha əvvəllər təsbit qəbul etməmiz lazımdır. O halda bu tərzi-ifadəyi biz ancaq əldəki kitabın Osmanlı dövlətinin quruluşundan sonra kopiyə edildigi şəkildə qəbul etmək məcburiyyətindəyiz.
Osmanlı dövlətinin təşgilinin mütəaqib kopiya edildiyi fikrini verən yeganə vəsiqə “Qorqud” kitabının iki cümləsidir:
“Qorqud” ata ayıtdı axır zamanda xanlıq gerü Qayidə dəkə kimsənə əllərindən almıyə axır zaman olub qiyamət qopuncə. Bu didügi Osman nəslidir işdə sürilüb gidəyüdir” (səhifə 3). Bir də Qam Burə bəg oğlı Bamsı Beyrək” hekayəsində “İstanbul” kəlməsinin yad edilməsidir. “Bay Burə bəg yeni bir ağlı doğduğu zaman bazırganlarını çağıraraq əmr veriyor:
“Varın Rum ilinə mənim oğlım içün yəxşi içün ərməğanlər götürin mənim oğlım boyuncə – didi. Bazırganlər dəxi gecə-gündüz yolə girdilər, İstənbulə gəldilər, dan-danışuğ ilə yəxşi ərməğanlər aldılar” (səhifə 39).
Bu iki cümlədən birincisi daha qüvvətli bir vəsiqə təşkil edər. Həqiqətən Qorqud kitabının başında görülən cümlə, kitabın Osmanlı hökumətinin təşkilindən sonra yazıldığını degil – kopiyə edildigini göstərir. Yazıldığı tarixi isə XVI əsrə qədər iləri götürmək doğru olamaz. Təb edilən mətnin havi olduğu yanlışlarə rəğmən, dilinin ünsürləri bu fikri təyid etdigi kibi, ayrı bir vəsiqə də mütaliəmizi qüvvətləndirir.
Əski Osmanlı padşahlarından İkinci Muradın zamanı (doğumu 1388, vəfatı 1438) olan XIV əsrin sonları ilə XV əsrin başlarında yazılmış “Tarixi-Ali-Səlcuq”da Qorqud haqqında bu məlumatı verir ki, xürafi mahiyyətdən sərf-nəzər edərək qiymətli vəsiqə olduğu üçün buraya alıyoruz:
“Rəsul-əleyhüssəlam zəmanına yaxın zəmandə Bəyat Boyundən Qorqud ata qopdı, kəndü qovminin bəlgəsidi, nə diyərsə olurdı, ğayibdən xəbərlər söylərdi həqq-təali onun könlünə ilham edərdi, ayıtdı, axır zəmandə gerü xanlıq Qayiyə verilüb kimsə əllərindən almıyə dedi, didigü Osman rəhmətullah nəslidir”.
“Tarixi-Ali Səlcuq”ın göstərdigi vəsiqəni eynilə “Qorqud” kitabının Drezden nüsxəsinin başlanğıcında da buluyoruz: “Rəsul-Əleyhüssəlam zəmaninə yəqin Bəyat boyundən Qorqud ata derlər bir ər qopdı. Oğuzın ol kişi tamam bilicisiydi. Nə dersə olurdı, ğayibdən dürlü xəbər söylərdi, həqq-təala onun könlinə ilham edərdi. Qorqud ata ayıtdı axır zəmandə xanlıq gerü Qayığə dəgə kimsənə əllərindən almıyə axır zəman olub qiyamət qopunca. Bu dedigü Osman nəslidir işdə sürülüb gidəyüdir”.
Görülüyor ki, “Tarixi-Ali Səlcuq”un nəql etdigi məlumat “Qorqud” kitabının müqəddiməsindən başqa bir şey degil. O halda “Tarixi-Ali Səlcuq”un XV əsrin ilk yarısında yazıldığınə baxılarsa, “Kitab-i Dədə Qorqud”un XVI əsrdə yazıldığını iddia edənlərin hökmlərindəki məntiqsizlik öz-özünə meydanə çıxar. Bu surətlə degilə bilir ki, Qorqud kitabı “Tarixi-Ali Səlcuq”dan əvvəl yazılmışdır.
Qorqud kitabının XVI əsrdən çox əvvəl yazıldığını təyid edən vəsiqələrdən biri də kitabın tamamilə köçəbəlik səciyyəsini göstərən mövzularıdır. Bu köçəbə səciyyəsi isə daha əski dövrlərin sifətidir.
Dəvadari fikri də bunu nəqş ediyor: əldəki Qorqudun bir qisminin belə havi olan Oğuznamənin ərəbcəsini XIV əsrdə görmüşdür. O halda türkcəsi daha əvvəl yazılmışdır.