Yabançı qarşısında İstər Azərbaycanda və Qafqazda yerləşən türklər, istərsə mütəmadi bir surətdə hərəkətdə bulunan, yaxud yeni gələn əşirət və qəbilələrin özlərilə gətirdikləri əski iqtisadi bədii tələqqilər iki ayrı “kultura” təsiri qarşısında qalmışdı: Sasani “.....” ilə ərəb “......”.
Bu vəqtlər Sasani sülaləsi hakimiyyətini ğayib etmək üzrə bulunmaqla bərabər pəhləvi mədəniyyətinə dəvam edib gediyordı. İran qövmləri arasında hakim olan farscadan başqa pəhləvi ləhcəsi də çox yayılmış və qüvvətli bir ədəbiyyata malik ləhcə idi ki, oğuzların yayıldığı yerlərdə də hakim olan pəhləvicə idi. Mister Braunun (əcəm ədəbiyyatı tarixi) ifadəsinə görə Sasanilər zamanında pəhləvi ləhcəsinə tərcümə olunan əski yunan və hind əsərləri buralarda müntəşir olduğu kibi Zərdüştün “Avesta”sı da Azərbaycan və Qafqaz atəşkədələri ətrafında vücudə gələn təşkilatların “müqəddəs kitabı” idi. Müxtəlif ictimai və dini tələqqilərə malik gərək mutəkkin, – gərək köçəbə olsun – əslən “turani” və “arani” olan qövmlər arasında vaqe mülul və nüfuz sayəsində pəhləvi mədəniyyətinin ünsürləri ümumi say etibarilə daha zəif olan oğuz əşirətləri arasına girməgə başladı; fəqət bu təsirin hiç bir zaman onları tamamilə qapladığı iddia ediləməz. Çünki pəhləvi mədəniyyəti yeni təşəkkül etməyə başlayan islam mədəniyyəti ilə sarsılıyor; “Avesta”nın ehkamı yerində “Quran ədəbiyyatı” qaim oluyordı.
Çox qüvvətli olan “Quran ədəbiyyatı” bir tərəfdən fars və pəhləvilərini boğarkən o biri tərəfdən də oğuzları öz qanadı altına alıyordı. Bununla bərabər bu maddi və mənəvi qarışıqlıq içində türklər yenə çöl həyat sistemlərini yaşayorlardı. Müsəlmanlığı qəbul etməklə bərabər ərəb ədəbiyyat və bədiiyyatına yabancı olan köçəbələr, o dərəcədə də İran qövmləri ədəbiyyatının təsirindən uzaqdı. Bunlar öz bədii ehtiyaclarını təyin edərkən Orta Asiyadan sürükləyüb gətirdikləri öz ağız ədəbiyyatlarını dəvam etdiriyorlardı.
Xəlq ədəbiyyatı – çadır ədəbiyyatı Əşirət dövründə şifahi mahiyyətdə başlayaraq sonralar qismən yazılı bir şəkil alan xəlq ədəbiyyatının bütün məhsulları işci-kəndli sinfinin malı ədd olunamaz. Xəlq əfsanə və əsətirlərində zəfi mövzu (motiv) çox azdır. Olsa-olsa yalnız dil və şəkil etibarilə xəlq ədəbiyyatının səciyyəsini daşıyırlar. Haman-haman cümləsi rəislərin, xanların, bəglərin şücaət və dəvalarından onların ölümündən hasil olan təsirdən bəhs edər. “Qorqud əfsanələri buna gözəl bir misaldır”.
Bu mahiyyətdə xəlq ədəbiyyatı yalnız mənqəbələrdən ibarət degildir. Bir çox atalar sözü və sairə belə var ki, feodallar ətrafında təşəkkül etmişdir. Məsəla bin yıl əvvəl yaşadığı “Divani lüğat it-türk”in dərc etməsindən anlaşılan bir atalar sözü alıyoruz ki, təmamilə əşirət aristokrasinin ruhunu ehtiva ediyor:
Alplar birla uruşma
Bəglər ilə turuşma.
mənası: “Qəhrəmanlar ilə vuruşma
Bəglərə söz qaytarma”.
Göndə irıq yoq
Bəgda qıyıq yoq.
mənası: “Göndə çatlaq yox,
bəgdə sözdən dönmək yox”.
“Kitab-i Dədə Qorqud”un göstərdigi bu məsəl də eyni mahiyyətdədir:
Qaravaşa (qarabaşə) ton geydirsən qarı olmaz.
Əşirət bəgləri ətrafında vücudə gələn bu ədəbiyyatla saray padşahları ətrafında yaradılan divan-saray ədəbiyyatı arasında psixoloji cəhətdən heç bir fərq yoxdur. Xəlq ədəbiyyatının çərçivəsi içində olan mübdələrin həpisi, əşirət bəgləri tərəfindən istismar edilən kəndli-işçi sinfinin ədəbiyyatı ədd ediləməz. Bundan dolayı əşirət bəgləri ətrafında doğan ədəbiyyata biz sarayın ilk şəkli olan əşirət bəg və xan çadırlarına izafətən “çadır ədəbiyyatı” diyoruz.
Kütləvi xəlq ədəbiyyatının ilk dövrlərinə aid qədim vəsiqələrə malik olmadığımız kibi1 çadır ədəbiyyatı haqqında da hənuz bol material bulunmamışdır. Bu ədəbiyyatın ən eyi nümunəsi sonradan “Oğuznamə” adını alan mənqəbələr məcmuəsidir.
“Oğuznamə”
Bizə qədər gəlməyən “Oğuznamə”nin mahiyyəti haqqında ilk məlumat verən Misirdə hökmdarlıq etmiş olan Məlik Nəsirəddin Məhəmməd bin Qlavunın (cilusi 1075- vəfatı 1123) adamlarından Əbubəkr Abdullah bin Aybək əl-Dəvadaridir. Bu adam XIII əsrə qədər keçən vaxtlar haqqında yazdığı tarixində “Oğuznamə”yi böylə anlatır: “Başqa türklərin “Oğuznəma” (“Oğuznamə”) adında bir kitabı vardır. Bu kitab onların arasında məşhurdur. Onların əhvalları ilə mənşələri və ilk hakimləri haqqında məlumatı ehtiva edər1. Onların böyükləri Oğuz denilən bir adamdır.
Dəvadari “Oğuznamə”nin türkcəsini görməmişdir. O ərəbcəyə tərcümə edilmiş bir nüsxədən istifadə etmişdir ki, bu ərəbcə nüsxədə 793 tarixində (hicri 211) tərcümə olunmuşdur. “Oğuznamə”nin ərəbcə nüsxəsi haqqında Dəvadari bu izahatı veriyor: “Atam hicri 809 (miladi 1291) tarixində idarə mərkəzi Bilbays-Belbis (Qahirə civarındadır) olan şərq vilayətinin valisi idi. Tatarlar haqqında bir neçə alimlə yapdığım münaqişədən sonra yoldaşlarımdan Əminəddin əl-Həməvi bana bir kitab göstərdi: bu kitabın yeganə bir nüsxə olduğunu onun Əmin Bedrəddin Baysəri tərəfindən özünə verildigini əlavə eylədi. Əsər nəqilli və təzhibli idi. Yazısını Əli ibn Hilal əl-Əbvab adında Zatın bir şagirdi yazmışdı. Kitabın kağızları Bağdad şəhərində yapılmış ipəkdəndi. Cildi də sarı rəngdə bir ipəkdən işlənmişdi; kitabın ayrıca altundan bir qapağı var idi. Yoldaşlarım Mənsur əl-Abbas, Əminəddin əl-Həməvi və Belicin şairi Cəmaləddin ibn Zeytun ilə birlikdə oturub əsəri gözdən keçirdik. Dördümüzün oxuya bildigimiz parçaları bən kopiyə etdim. Bir tağım yerlərini oxuya bilmədik. Kitabı tərcümə edənin Cəbrail bin Bəxtiniz” (vəfatı 895) adında bir doktor olduğu öz dilindən yazılmışdı. Bu kitabın əvvəlcə türk dilindən əcəmcəyə tərcümə etildigini və sonradan özünün hicri 211 tarixində əcəmcədən ərəbcəyə tərcümə etdigini qeyd etmişdi. Bu əsər Əbu Müslüm Xorasaninin (vəfatı 719) xəzinəsinə aid şeylərdəndir. Əbu Müslimin özü də Buxtu xan sülaləsindən olduğunu və bu əsəri miras olaraq aldığını söyliyormuş.1 Abbası xəlifələrindən Harun əl-Rəşidə (doğumu 730- ölümü 775) uzun müddət doktorluq yapan və bir çox əsərlər vücudə gətirən Cəbrail bin Bəxtişunin yazdığından anlaşıldığı kibi əsərin 793 tarixində farscadan ərəbcəyə, ondan daha əvvəl türkcədən farscaya tərcümə edildiginə baxılırsa, türkcə “Oğuznamə” nüsxəsinin V-VI əsr radələrində bulunduğunu qeyd etmək lazım gəlir ki, zamanımıza qədər keçən vaxtlar içində ortadan yox olmuşdur.
Bu qiymətli kitabın yalnız bir neçə parçası bizə qədər gələ bilmişdir. Bunu da bizə Əbubəkr Abdullah Dəvadari xəbər veriyor.
“Oğuznamə”nin mündəricatı haqqında bildirdiyi qısa məlumat ilə Davadari kitabın oğuz türklərinin zühuri, ilk həyatları və ilk hökmdarları haqqında izahatdan ibarət olduğunu göstərdiyi kibi bu əsərdə bir çox hekayə – mənqəbə bulunduğunu da söyləyor.
Dəvadarinin gördügü “Oğuznamə”nin içində türklərin and üsuli, Altun Xan, Arslan hekayəsi, Ulu ay anacı, Ulu ay atacı, Ulu Qara dağ, uşaq hekayəsi, qartal hekayəsi və sairə kibi mənqəbələr vardır.
Bunlardan başqa Davadari “Oğuznamə”də “Təpəgöz” əfsanəsinin mövcud olduğunu də söyləyor. Mumileyh əfsanəsinin mövzusunu bu surətlə anlatıyor; bugünkü cəmiyyətimizə hakim olan əql və məntiqin qəbul edəmiyəcəgi bir şəkildə xürafi mahiyyətdədir. Biz buraya ancaq mühüm vəsiqə olduğu üçün alıyoruz: “Oğuznamə” adlanan bu kitabda onların (yəni oğuzların) “Dəpagöz” (“Təpəgöz”) dedikləri bir adamın sərgüzəşti var. Təpəgöz, onların məmləkətlərini yığub dağıtmış və böyüklərini öldürmüşdür.
Oğuzların köhnə etiqadlarınə görə “Təpəgöz” əcaib bir adam imiş, təpəsində tək bir gözü varmış. Ona nə qılınc, nə də nizə işləməzmiş. Annəsi Böyük dənizin cinlərindən imiş. Atası də qocaman bir adammış; o qədər ki, başına on üç qoyun dərisindən bir papaq geyərmiş. Bunun kibi bir çox hekayələri vardır ki, bizim zəmanımıza qədər oğuzlar arasında yaşamışdır. Bu hekayələri bilikli adamlar qopuz çalaraq əzbərdən nəql edərlər. Nəhayət, türklərin içində yetişən Ərəs (Uruz) oğlu Bəsat adında bir qəhrəman öldürmüşdür.
Bir qız varmış. Onu yenən (basan) adama gedəcəgini elan etmiş imiş. Kimsə də onu yenəməmişdi. Ərəs oğlu Basat qızı yendi və qızlə bərabər atası Ərəsin yanına gəldi; atasına qızı yendigini xəbər verdi. Atası də cavab olaraq: “Mən öylə sandım ki, Təpəgözü öldürmüşsən!” – dedi. Basat bu sözün üzərinə haman getdi və Təpəgözü əqlin qəbul etməyəcəgi xürafi bir şəkildə öldürdi1. Dəvadarinin bir hekayə tərzində göstərdigi bu mövzu əlimizdəki “Kitab-i Dədə Qorqud”da iki ayrı hekayədir. “Kitab-i Dədə Qorqud”dakı “Təpəgöz” əfsanəsində Basatın qız ilə mücadiləsi yoxdur. Böylə qızı yendikdən sonra almaq mövzusi “Qam Burə bəg oglu Bamsı Beyrək” əfsanəsindədir. Bu əfsanədə Bamsı Beyrək adında bir qəhrəman “Yəkət Bay Bicanın qızı Banı Çiçək ilə guləş yaparaq qızı basır və ondan sonra onunlə nişanlanır.
“Kitab-i Dədə Qorqud”da üçüncü “Oğuznamə” olaraq göstərilən bu hekayənin mövzuini Əbubəkr Abdullah Dəvadarinin ərəbcə nüsxədə oxumuş olması “Qam Burə bəg oğlu Bamsı Beyrək” əfsanəsinin “Oğuznamə”də bulunduğunu göstərir.
Qızla olan güləş haqqında Dəvadarinin verdigi məlumat “Qorqud” kitabındakı Bamsı Beyrək hekayəsinin yalnız bir qismini təşkil edər. Halbuki Təpəgöz haqqında göstərdigi mövzu kitabın səkkizinci hekayəsi olaraq “Basat Təpəgözi öldürdigi boyını bəyan edir” sərlövhəli altında müfəssələn vardır.
Dəvadarinin bu iki xürafəyi anlatması sayəsindədir ki, bu gün məlum olan “Kitab-i Dədə Qorqud əla-lisan taifey-i oğuzan”ın məşhur “Oğuznamə”nin bir parçası olduğu qəti surətdə anlaşılmışdır. Bundan başqa “Qorqud” kitabındakı ifadələr də bu kitabın oğuznaməyə bağlı olduğunu göstərir. Kitabda bulunan on iki əfsanədən altısının sonunda o hekayəyə “Oğuznamə” deyildigini göstərən sözlər vardır ki, imlasını olduğu kibi mühafizə edərək buraya alıyoruz:
“Dədəm Qorqud boy boyladı, söy söylədi bu oğuznaməyi düzdi qoşdı böylə didi:
Onlər dəxi bu dünyayə gəldi keçdi, karvan kibi qondı köçdi, onləri dəxi əcəl aldı, yer gizlədi fani dünya yenə qaldı” – (səh.20).
“Dədəm Qorqud gəlübən boy boylədi söy söylədi bu oğuznaməyi düzdi qoşdı, böylə dedi” (səhifə 37). “Dədəm Qorqud” gəldi şadlıq çaldı, boy boyladı, söy söylədi iğazi əsərlər başınə nə gəldigini söylədi, bu oğuznamə Beyrəkin olsun didi (səhifə 67).
Dədədm Qorqud gəlübən şadlıq çaldı bu “Oğuznamə”yi düzdü qoşdu. Şöylə didi: İmdi qanı didügim bəg ərənlər, dünya mənim diyənlər, əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı. Gəlimli gedimli...” (səhifə 86).
“Dədəm Qorqud gəlübən boy boylədi söy söylədi bu oğuznamə Yeknəgin (yəni hekayə qəhrəmanı Yeknəgin) olsun didi” (səhifə 119).
“Dədəm Qorqud gəlübən şadlıq çaldı bu oğuznaməyi düzdi qoşdı Bəkil oğlı İmranın olsun didi. Qazilər başinə nə gəldügi söylədi”. (səhifə 142)
Bu vəsiqələrdən də anlaşıldığı vəchlə “Oğuznamə” adı altında bizə qalan “Kitab-i Dədə Qorqud”ın hər əfsanəsidir. Bu surətlə “Qorqud”da on iki “Oğuznamə” var deməkdir. Halbuki Dəvadarinin yuxarıda göstərdigimiz izahatı “Oğuznamə” adında kitabın bir çox əfsanələrdən mürəkkəb bir kolleksion olduğunu meydana qoyuyor.
Oğuznamənin türkoloji aləminə qalan yalnız dörd parçasıdır:
1 – “Oğuz xan” mənqəbəsi
2 – Həzrət əl-Risalət min-kələmat oğuznamə əl-məşhur atalar sözi”.
3 – “Koroğlu” hekayəsi
4 – “Kitabi-Dədəm Qorqud əla-lisan taifey-i oğuzan”.