Dədə Qorqud kitabının başqa nüsxəsi Bəzi mənbələrin rəvayətinə istinadən Dədə Qorqudun hicrətə yaxın əsrlərdə yaşadığı düşünüləcək olursa, Qorqud kitabının bu mətndən əvvəl yazılmış qədim bir nüsxəsinin varlığı ehtimalı ilə yüz-yüzə qalıyoruz. Əlimizdəki nüsxəsinin ifadəsi də bu ehtimalı qüvvətləndirməkdədir.
Diqqət ediləcək olursa, görülür ki, Qorqud kitabının mövzularını nəql edən və mütəkəllim mövqeyində olan Qorqudun özü degil, ayrı bir adamdır. Kitabın tanıtmadığı bu adam Dədə Qorqud qaib bir şəxs olaraq göstəriyor və eyni zamanda “Oğuznamə” adı verilən hər hekayəni Qorqudun bilizzat düzdügünə aid açıq cümlələrlə izahat veriyor.
“Dədəm Qorqud boy boyladı, söy söylədi, bu oğuznaməyi düzdi, qoşdı” (səhifə 2,37,67,86,119,142).
Qorqudun bu hekayələri həm yazı ilə, həm də şifahi bir tərzdə düzdügü ehtimali xatirə gələ bilər, bəlkə də Qorquddan nəqlən ilk dəfə yenə başqa birisi tərəfindən kağız üzərinə qonulmuşdur. Hər halda Qorqudun yaşadığı tarix rəvayət şəklində olaraq göstərilən IX əsrlə Drezdendəki yazmanın yazıldığı tarix olaraq göstərilən XVI əsr arasında keçən yeddi yüz yıllık bir məsafəyi-rəvayət qəbildən belə olsun, düşünəcək olursaq, hər halda Drezden nüsxəsindən əvvəl bu kitabın – yəni təkbaşına “Kitabi-Qorqud”un yazılmış olduğu və Drezden nüsxəsinin də az-çox dəgişiklə kopiyə edildigini qəbul etmək lazım gəlir.
Bu nöqteyi-nəzəri Qorqud kitabının havi olduğu ictimai ənənələr də qüvvətləndiriyor: mövzulardakı qadın tipi, erkəklərin qadınlarla müamiləsi, şamanilik dövrünə aid türk tələqqilərinin nisbət etibarı ilə böyük yer tutması, islam dininə az əhəmiyyət verildigi, adam adlarının belə qeyri-islami olması “Kitab-i Dədə Qorqud”un müsəlmanlığın yeni-yeni intişara başladığı zamanlarda yazılmış bir əslə malik olduğunu aydın bir surətdə göstərir.
Qorqud kimdir? Qorqud kitabının lisanı və ədəbi mahiyyətini təhlilə başlamadan əvvəl onun şəxsiyyətini təyin etmək daha faydalı olur.
Qorqudun surətinə aid ilk məlumat verən öz kitabıdır. Qorqudun kitabını kopiyə edən adam, kitabın başında Qorqudun hicrətinin ilk əsrlərində Bayat qəbiləsindən yetişdigini bu sətirlərlə izah ediyor: “Rəsul əleyhüssəlam zəmaninə yəqin Bayat boyindən Qorqud ata derlər bir ər qopdı. “Oğuz bilicisiydi nə dersə olurdı”.
Bu ifadəyə baxılırsa Qorqudun VI əsrə yaxın zamanlarda yaşadığını qəbul etmək lazım gəlir. Bu nöqtə üzərində çalışan A.Tumanski köhnə Xivə xanlarından Əbülqazi Bahadurın yazdığı “Şəcərəyi-ətrak”ə istinadən böylə bir təhlil yapıyor: “Qorqud, Salur Qazanın müasiridir. Halbuki Salur Qazan Məhəmməddən üç yüz il sonra yaşamışdır. Buna görə Qorqud da hicrətin üçüncü əsrində yaşamış deməkdir”.
Yenə Tumanskinin verdigi məlumata görə: Seyhunun aşağı cəhətlərinə gəlüb yerləşən oğuz türkləri öz qəbilələri içində İnal adında birisini rəis seçirlər. Qorqud Ata da müşavir oldu. Qorqud ondan sonra daha dörd xana1 xidmət etmişdir ki, bu zamanlar Abbasi xəlifələrinin hakimiyyəti dövrünə təsadüf ediyor. Qorqud Ata doxsan beş yıl yaşamışdır”.
“Qorqud kitabı” ilə “Tarixi-Ali Səlcuq”un, Qorqudun yaşadığı zaman haqqındakı məlumatlarına yaxlaşan bir rəvayət daha var; Buna görə Dədə Qorqud, ərəb xəlifəsi Əbubəkr zamanında Türkistandan Ərəbistana getmiş və guya orada müsəlman dinini qəbul eyləmişdir. Bu müxtəlif rəvayət zaman etibarı ilə bir-birinə yaxın olsa da, aralarında yenə xeyli məsafə vardır. Bir də Tumanskinin müşavir sifətilə göstərdigi Qorqudun bizim Qorqud da olub-olmadığı da müvaxəzə ediləcək bir şeydir.
Rus müstəşriqləri içində Qorquda ilk əhəmiyyət verən Bartolddur. Bu xüsusdə 1894-cü ildə nəşr etdigi birinci məqaləsində əfsanəvi (легендарный) Qorqudun tarixi bir şəxsiyyət olub-olmadığı haqqında yapdığı tədqiqatda ərəb tarixçilərindən İbn əl-Əsirə istinadən Bayatların mənsub olduqları oğuz zümrəsinin vaqtilə başında durmuş olan Qorqud bin Əbdülhəmidi yad ediyor.
1911-də rus İmperatorluq Arxeoloji Cəmiyyətinin şərq şöbəsi nəşriyyatında Qorqudun tarixi həyatını araşdıran K.İnostrantsev İbn əl-Əsir ilə XII əsr müəlliflərindən İmadəddin İsfəhani, Cürcani və Qəzviniyə istinad edərək Qorqud adında tarixdə rol oynamış siyasi bir şəxsiyyət arayor; o da kəndisindən on bir yıl əvvəl V.V.Bartold tərəfindən xatırladılan Qorqud bin Əbdülhəmidi buluyor.
Qorqud bin Əbdülhəmid sonradan cənuba axan müxtəlif oğuz qəbilələrinin daha əvvəlcə köçüb də bir qismi indiki İranın şimalını işğal edən Səlcuq imperatorluğunu təşkil edən əski oğuz rəislərindən Sultan Səncərin ordusunu məğlub və Xorasan ordusunu alt-üst etdikləri zaman 1153-1154-də (B.A.) Trokovski: qədim dövrlərdə Mavəray-i Xəzər cəhətləri; A.Müller: İslam tarixi) oğuzların “Boz oq” qisminin rəisi olmuşdur1.
Инострантсев tədqiqatının sonunda nəhayət bu nəticəyə varıyor: “Biz əfsanəvi Qorqudun şəxsiyyətində oğuzların tarixi həyatlarının ən mühüm anında, onların başında duran tarixi Qorqudun əksini görüyoruz” (Rus İmperatorluq Arxeoloji Cəmiyyətinin şərq şöbəsi nəşriyyatı, cild 20).
Bəzi ədəbiyyat müvərrixləri ilə türkoloqlarda tühaf bir psixoloji var: xalq arasında az-çox əfsanələşmiş bir şəxsiyyətin həqiqi hüviyyətini bulmaq istədikləri zaman haman xanların, paşaların şəcərələrini araşdırmağa başlayırlar. Onun başqa xalq siniflərindən bir fərd xatırlarına pək də güclən ilə gəliyor. Tamamilə əski burjua fikri tərbiyəsinin saiqəsilə hasil olan bu tələqqi İnostrantsevi də Oğuz xanlarının silsiləsi içində dolaşmağa məcbur etmişdir.
İkincisi: Vaqeən V.V.Bartold ondan çox əvvəllər və ilk dəfə olaraq Qorqud bin Əbdülhəmidi xatırlatmışdısa da, bizim Qorqudun qəti surətdə bu zat demək olduğunu iləri sürməmişdi. İnostrantsevin bu fikri qəti bir şəkilə soxmasından sonra Bartold özü Dədə Qorqud ilə Qorqud bin Əbdülhəmid arasında eyniyyət bulmanın yanlış olduğunu izah etdi2.
Ümumi tədqiqlər tərəfindən Qorqudun Qorqud bin Əbdülhəmid olmadığı fikrini qəbul edildigi üçün Dədə Qorqud əfsanəvi bir mahiyyətdə qalıyor. O halda Qorqudu bu mahiyyət içində tədqiq eyləmək icab edər.