Azərbaycanlı türklərin ədəbiyyatı tarixi bu vaxta qədər bütün təkamül xətləri nəzərə alınaraq metodik bir təhlilə məruz qalmamışdır. Ləhcəmizin genişliyi nisbətində ümumi tədqiqlər yapılmadığı kimi müqayisəli üsullara istinad etmədən nəşr olunan mətn-“texte” və materiallar da kafi miqdardə bulunmuyor. Böyle bir vəziyyət qarşısında tam bir tərkibi əsər vücuda gətirmənin qolay olmadığı hər kəscə düşünülə bilir. Bunun üçün təqdim olunan əsəri məmləkətimizdə yapılan ədəbi əməliyyələr gözilə ölçmək icab edər.
Böylə çuraq bir sahədə çalışmanın güclülüyünü biz mühitimizin verdigi cəsarətlə göstərməğə çalışdıq. Bu cəsarəti isə marksizmin Azərbaycanda təsisindən sonra inkişaf edən istehsal qüvvələri sayəsində qurulan yeni mədəniyyətə borcluyuz. Bu mədəniyyətə xidmət məqsədilədir ki, bu əsər meydana çıxdı. Bununla Azərbaycan proletariatının qurmaqda olduğu mədəniyyət binasına verilən bir ovuc mahiyyətində xidmət edə bilmiş olursaq nə mutlu...
Azərbaycanlıların ədəbiyyatı tarixisinin böylə başlı-başına bir mövzu olaraq tədqiq edildigi qərib görünə bilir. Fəqət bir az səmimi düşünülüncə ortada bir ğərabət qalmaz. Türk ədəbiyyatı tarixinin bir silsilə halında tədqiq edilməsinin lazım olduğunu qəbul edənlərdəniz. Bununla bərabər türk ədəbiyyatını müxtəlif dövrlərə, müxtəlif ləhcələrə ayırıb da – ümumi təkamül xəttini buraxmadan tədqiq etmənin daha qolay bir yol olduğu qənaətindəyiz. Bu gün istişraq aləmində yalnız bir ləhcənin ədəbi məhsulları ilə, hətta bir dilin müəyyən bir dövrünün tədqiqi ilə məşğul olan mütəxəssislər də yox degil. Ləhcəmizin hakim olduğu dairənin böyüklügü də düşünüləcək olursa, Azərbaycan türklərinin mənsub olduğu camiənin ədəbiyyatı, dili, sənəti, etnoqrafiyası, musiqisi və nəqş tarixinin əlaqədar olduğu başqa türk ləhcələri məhsullarının ümumi gedişi nəzərə alınan şəraitlə tədqiq edilməsində bir bəs qalmaz. Bilxassə ki, bu türk zümrəsi bu gün ayrıca mütəşəkkil bir dövlətə malikdir.
Biz əsərimizi öz xalqımız üçün yazdıq.
İşçi – kəndli sinfinin səviyyəsini daima nəzərə alaraq təhlil üsuluna çox əhəmiyyət verdik. Bunun üçün təhlillərimizi də əcəmi dərəcədə xalqlaşdırmağa qeyrət etdik.
Tədqiqlərimizdə tənqidi və ciddi – dialactugue sistemə də riayət edilərək ədəbiyyatımıza yer-yer təmas edən nəşriyyat, mətnlər və tədqiqlər ilə qarşılaşdırılmışdır. Bununla şəxsi ehtirasımızı söndürmək üçün kimsəyə hücum etmək qayəsi ağlımızdan belə keçməz; məqsədimiz kütlənin özünü də mühakiməyə sövq etməkdir.
Kitabımızda ənfəs – hökmlərdən mümkün olduğu qədər saqınmağa çalışdıq. Türkoloji sahəsində daha gənc olduğumuzu dərk edərək tədqiqat əsnasında bilxassə mətnlər ilə elmi hüviyyətlərini isbat etmiş səlahiyyətdar müstəşrəq və türkoloqların ədəbiyyat və etnolojimizə aid vaqe olan tədqiqlərinə də çox əhəmiyyət verildi.
Ədəbiyyatımız sahəsində tədqiqi qolaylaşdırmaq üçün kitabxanalarımızda mövcud olmayan, yaxud az bulunan mətnləri, kitabımızın sonuna ayrıca bir əlavə şəklində dərc ediyoruz. Hər cildin sonundakı əlavə ancaq o cildin bəhs etdigi dövrlərə aid məhsullardır.
Azərbaycanda türkoloji həyatı yeni başladığından bu gün istədiyimiz materiallar əlimizdə bulunmuyor. Bu cəhətdən kitabın ehtiva etdigi əskiklik, ancaq zaman keçdikcə bulunacaq yeni vəsiqələrlə itmam edilə biləcəkdir. Əsərimizin qüsurunu göstərənlər və yeni material əlavə edənlər, bizə yapacaqları eyilikdən çox, inqilabi Azərbaycan mədəniyyətinə xidmət etmiş olacaqdır.