Ekoloji amillərin orqanizmə təsir intensivliyi. Hər bir ekoloji amil – orqanizmə
müəyyən intensivlikdə təsir edir. Məsələn, otağın cənuba baxan pəncərədə yerləşdi-
rilmiş otaq bitkisinin yarpağının işıqlanma intensivliyi şimal hissədəki ilə müqayi-
sədə daha yüksək olacaq.
Amilin həyat üçün əlverişli intensivliyi optimal intensivlik və ya optimum adlanır.
Məsələn, baş kələmin optimal inkişaf temperaturu 15–18°C-dir. Amilin təsiri
optimuma nə qədər yaxın olarsa, orqanizmdə həyat prosesləri bir o qədər əlverişli
baş verər. Əksinə, optimumdan uzaqlaşdıqca orqanizm zəifləyir.
Hər bir amilin təsirinin maksimal və minimal kritik həddi mövcuddur. Amilin
orqanizm üçün yaşama sərhədi dözümlülük həddi adlanır. Amilin kritik həddə yaxın
olan təsir sahəsi orqanizmin normal həyat fəaliyyətinə mane olur və onu məh-
dudlaşdırır. Bu, məhdudlaşdırıcı amil adlanır.