Membranlı orqanoidlər. Belə orqanoidlər özləri də birmembranlı və ikimem-
branlı olmaqla iki qrupa ayrılırlar. Birmembranlı orqanoidlərə endoplazmatik şəbə-
kə, Holci kompleksi, lizosom, ikimembranlılara isə mitoxondri və plastidlər aiddir.
Birmembranlı orqanoidlər. Endoplazmatik şəbəkə membranla əhatələnmiş ka-
nal və boşluqlar sistemidir. Endoplazmatik şəbəkənin dənəvər və hamar tiplərini ayı-
rırlar. Dənəvər endoplazmatik şəbəkənin membranı üzərində ona “dənəvərlik” verən
çoxlu ribosom yerləşir. Burada zülal sintez olunur. Hamar endoplazmatik şəbəkədə
isə karbohidrat və lipidlər əmələ gəlir. Endoplazmatik şəbəkə təkcə maddələri sintez
edərək kanal və boşluqlarında saxlamır, o həm də bu maddələrin hüceyrə daxilində
daşınmasını təmin edir.
Holci kompleksi hüceyrədə müxtəlif lövhəşəkilli boşluqlardan, kanalcıqlar və
qovuqcuqlardan təşkil olunmuşdur. Holci kompleksinin əsas funksiyası hüceyrədə
yaranan maddələri toplamaq və onların hüceyrədən xaricə daşınmasında iştirak
etməkdir. Bundan başqa, o, lizosomların formalaşmasında və plazmatik membranın
təzələnməsində iştirak edir.
Lizosomlar (yun. “lysis” – həll edirəm, “soma” – bədən) içərisində zülalları, kar-
bohidratları və lipidləri həll edən fermentlər olan qovuqcuqlardır. Əsas funksiyası
hüceyrədaxili həzmdə iştirak etməkdir.