b) Anarın burada müdrikanəliklə misal çəkdiyi “Qınından çıxıb qınını bəyənməmək” məsəli bizim bir çox “ibrətli sözlər” kimi, fikrimizcə, özündə xalqın inkişafını tormazlayan, onun köhnəni inkar edərək yeniliyə doğru addım atmaq arzusunu əngəlləyən ziyanlı ideyalar daşıyır. Anarı vəcdə gətirən bu məsəl millətin tərəqqi istəyini lağa qoyur, adamların həvəsini öldürür, irəliyə, inkişafa, təzə olana doğru getmək cəhdini elə beşikdəcə boğur... Bəs fəlsəfənin inkarı inkar qanunu necə olsun?
c) Açıq məktubun ən çox diqqət çəkən və xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bəli, Anar yenə də həmişə olduğu kimi yalnız onun özü və ata-anası haqqında söz demiş adamları qəbul etdiyini göstərir.
5. “Mübarizə bu gün də var” kitabında Anar yazır: “...SSRİ-də Nazimin ən yaxın dostlarından, ürəyi qızdığı insanlardan biri də atam Rəsul Rza idi. Atamla məhrəm söhbətlərində Nazim acı bir etirafda bulunmuşdu: “Qardaşım, buranın (SSRİ-nin) hürriyyətindənsə Türkiyənin həbsxanalarında yenə bir on beş il yatmağa razıyam.” ” (sitatın mənbəyi – “525-ci qəzet”, 6.09.2002). Ancaq yazıçının quraşdırdığı bu mətndə təsvir olunan “məhrəm söhbəti” bu gün təsdiq edəcək heç bir dəlil-sübut yoxdur. Sovet dönəmlərində (!) öz aralarında (!) təbii ki ucadan yox, xəlvəti pıçıltılarla (!) həmin “məhrəm söhbəti” aparmış adamlar artıq çoxdan dünyalarını dəyişmiş, özlərindən sonra isə bu “antisovet” niyyətlərini təsdiqləyəcək heç bir audio-vizual, stenoqrafik sübut qoymamışlar... Oxucuda Nazim Hikmətə bəraət, Rəsul Rzaya isə məhəbbət aşılamaq niyyətinə hesablanmış belə “cəsuranə” rəvayətləri istənilən qədər uydurmaq olar. Ancaq primitiv və köhnəlmiş priyomlardan olan belə işləri nə qədər emosional quraşdırsan da, o heç vaxt heç bir rasional faktı əvəz edə bilməz və sağlam məntiqlə düşünən adamları inandıra (illah da aldada) bilməz. Çünki sübutu yoxdur. O yalnız “avamlar üçün nəzərdə tutulmuş xəfiyyə romanları” (Ç.Aytmatov) silsiləsindəndir.
6. AYB sədrinin “Bakraboçiy” qəzetinin 17 oktyabr 2002 tarixli sayında “Respublika müstəqilliyinin 11-ci ildönümünə” rubrikası altında dərc olunmuş intervüsü də müəyyən məqamları ilə maraq doğurur. Müstəqillik yollarını necə görürsünüz sualını çəkinmədən cavablandırmağa girişən yazıçı bu 11 ildə biz yüz ildə görmədiyimiz əziyyətləri gördük, deyir. Vətəndaş müharibəsi, Ermənistanla müharibə, dövlət çevrilişinə cəhdlər, bir neçə hakimiyyət dəyişikliyi... və s. Ancaq məlum olmur ki, camaatın yaşadığı bu əziyyətlərin, iştirak etmədiyi müstəqillik mücadilələrinin AYB sədrinə nə aidiyyəti varmış ki, rusdilli qəzetə çıxıb şəstlə - “biz gördük” deyir. “Biz” - yəni o da?! Halbuki o heç vaxt müstəqillik mücadiləsi ilə bağlı bu xalqın 1988-94 arası gördüyü əziyyətlərin heç birini görməyib. Həmin əziyyətli dövrlərdə, - nə qaçqınlar dalğasının başlanğıcında, nə Meydan hadisələrində, nə Qara Yanvar günlərində, nə vətəndaş qarşıdurması məqamlarında, nə dövlət çevrilişinə cəhdlər zamanı ortalıqda olmayıb: ya gizlənib, ya ölkədən qaçıb, ya haralardasa “yaradıcılıq ezamiyyətlərində” baş girləyib və həmişə də yalnız ara sakitləşəndən sonra qayıdıb gəlib evə...
Amma hər halda AYB sədri rusdilli qəzetdə əsasən azəri qəzetləri üçün xarakterik olan patriotik cavablar döşəyəndən sonra, yekunda sözünü şən notlarla bitirir və hətta “ən əsası müstəqillikdir” və (yenə də!) “biz buna nail olduq”- deyə ruh yüksəkliyi ilə başqalarının xidmətinə şərik çıxır. Sonra bütün hakimiyyətlərə, bütün hakimlərə və bütün tərəflərə yalnız öz şəxsi mənafeyi naminə qulluq göstərən (və məhz elə bu “tərəfsizlik” ucbatından da əsil ziyalı imicini itirib ictimai əhəmiyyətsiz bir fiqura çevrilən) AYB sədri fəqət özünün çox sabitqədəm şəxs olduğunu güman edərək əminliklə heyrət bildirir: əşi, sən demə bizim ölkədə “...müəyyən konyukturaçılar varmış ki, onların üzlərindəki sifət deyil, maskadır: bu gün bir maska, sabah başqa maska və s.”
Təbii, belə qırmızılığı şərh etmək asan deyil və biz də ona şərh vermədən keçirik... Nəhayət, müstəqilliyin zəruriliyindən başlayıb, sonda bizi Rusiyaya 200 il ərzində “çox şeylərin” bağladığını vurğulamaqla əsil mətləb üstünə gələn ədib, 70 il sovet dönəmində mövcud olmuş bütün neqativ hallara “dialektik yanaşmanı” (bu məqamlar lap kosmopolit katibin intervülərini xatırladır!) zəruri sayır. Hətta “böyük qardaşa” sevginin şiddəti o dərəcədə parlaqlıqla bərq vurur ki, 1920-ci ilədək Üzeyir bəy Hacıbəyli yaradıcılığını belə örtərək Azərbaycanda simfonik musiqinin yalnız sovet hakimiyyəti illərində peyda olduğunu bəyan edir. Bu məqamda xalq yazıçısının dediklərinin real olmadığını xalqın hətta “yazmayanlarının” da bildiyini nəzərə alaraq, bu məqamı da şərhsiz keçirik.
7. Adətən 60-cı illər ədəbi nəslini az qala sinəsini ambrazura qabağına verən cəsarətli matrosovçular kimi təsvir edən və bunun qarşılığında azacıq belə alternativ fikir söyləyən müasir gəncliyi əlindəki bütün rıçaqların vasitəsilə isterikcəsinə söyüb təhqir edən AYB sədri Türkiyədə çıxan bir kitabının Ön sözündə belə deyir: “Bizim quşağın bir az şansı oldu ki, sovet rejiminin nisbətən yumşalma zamanında ədəbiyyata gəldik... Sovet həyatını öymək şərtləri əvvəllərdə olduğu kimi kəskin şəkildə qoyulmurdu.” (27 oktyabr 2002).
Mirzə Filankəsin sözü olmasın, adə, bəs qılıncladığın müasir gənclik də elə bunu deyir də! Ki əgər MK, Politbüro, KQB yumşaltmasaydı, 60-cılar “cəsarət” göstərib döşünü qabağa verə bilərdi? MK, Politbüro, KQB döşünə döyənlərin başına döyürdü...
8. “Xalq cəbhəsi” qəzetinin 5 dekabr 2002-ci il tarixli sayında Anarla heyranı Nərgiz Cabbarlının söhbəti dərc olunub. Bu söhbət Anarın xarakterini, dünyagörüşünü, həyata, hadisələrə, ədəbiyyata və ədəbi prosesə münasibətini bilmək baxımından mövzumuzun kontekstində maraq doğurur. O deyir:
“...Qloballaşma sözünün arxasında amerikanlaşmaq durur... milli xüsusiyyətlərimizi itirib qloballaşma adı ilə gedən amerikanlaşmanın əleyhinəyəm... Amma o dövrdə rus təsiri olsa da, Moskvanın - mərkəzin verdiyi pullarla biz “Dədə Qorqud”, “Nəsimi”, “Babək”, “Nizami” filmlərini çəkirdik... Həmçinin tamaşalara, kitabların hazırlanmasına pul buraxılırdı. Yəni milli dəyərlərin qorunması üçün o dövrdə daha çox imkan vardı, nəinki indi...” (Bəli, moskvapərəst yazıçı nostalji içində bunu deyir və öz əsərlərini... AMOKO-nun maliyyə dəstəyi ilə çap etdirir. Amma biz məsələnin dəriniliyinə varıb amerikanlaşma, rus imperiyasının Azərbaycandan 100 aparıb 1 verməsi, adı çəkilən filmlərin ideya-bədii səviyyəsi, ideoloji məqsədi, məramı və s. barədə geniş diskussiya açmırıq. -A.)
Sonra AYB sədri deyir: “Hər gün nə qədər adam mənə kitabını bağışlayır. Əksəriyyəti də ədəbiyyata dəxli olmayan adamlar və kitablardı... Bu nə azardırsa, hamı yazıçı olmaq istəyir.” (Üstəlik anlamaq dərdi kimi başqa böyük bir dərdə bax ki, bütün bu “ədəbiyyata dəxli olmayan adamların” hamısı AYB-yə üzvü our! Görəsən bəs bu hansı azarın əlamətidir?-A.)
Anar: “...Bizim bacardığımız əsas iş, heç olmasa, jurnallarımızı və qəzetimizi qoruyub saxlaya bilməyimizdir. Onlarda ədəbi meyarlara riayət etməyə çalışırıq.” (AYB-nin ədəbi nəşrlərinin dövlət büdcəsi hesabına saxlandığını gizlədərək bunu öz şəxsi şücaəti və ədəbiyyat qarşısında xidmətləri kimi qələm verən adamın iki il sonra qurultay ərəfəsində ifşa olunacağı artıq məlumdur. Ancaq “ədəbi meyarlar” məsələsinə gəlincə, əgər ortalıqda olan həmin oxunmayan ədəbi qəzet-jurnallar nəzərdə tutulursa, vay o ədəbiyyatın halına ki, bu meyarlarla işləyir. Çünki müasir insanlar o köhnə meyarlarla razılaşmır və bu günkü ədəbiyyatımız mövcud ədəbi irticanın kəramətindən, – Tehran Əlişanoğlunun sözləri ilə desək, – “müstəqil qəzetlərin əlavəsi” kimi inkişaf etmək məcburiyyətində qalır. Hətta fantaziyanın gücünə bax ki, AYB-nin ədəbi orqanlarında “ədəbi meyarlara” riayət etməyə çalışan adamın özü də yazılarını aparıb kənarda, müstəqil qəzetdə çap etdirir.-A.)
Anar: “...Heç kəsi özümə rəqib hesab etmirəm. Yəni Azərbaycanda özümə rəqib bildiyim biri yoxdur... Əkrəm isə mən Yazıçılar Birliyinin sədri olandan sonra illər boyu həmişə əleyhimə danışıb və yazıb. Yalnız bir dəfə ona cavab vermişəm, onda da yalanlarını ifşa etmək məqsədilə.”
Anarı tənqid edən gənc ədəbi qüvvələr, AYOçular barədə belə deyir: “..Onlar o qədər düşük adamlardır ki, hər şeydən istifadə edirlər. Ən nalayiq adamlar belə edə bilər. ...Olmayan şeyləri yazırlar... görəsən, onların ağılları yerindədir, ya yox... bunların başı xarab olub...” və s. (Bu adamın özəlliyi ondadır ki, danışığı ilə əməli tərs mütənasibdir. Özü “hər şeydən istifadə edərək” hücuma keçir, “olmayan şeyləri” yazır. Amma bunu başqasına şamil edir. Türklərin “ayinəsi işdir kişinin lafa baxılmaz” kəlamını o sanki tərsinə, “ayinəsi lafdır kişinin işə baxılmaz” kimi qəbul edir və adətən danışığının tüstüsü düz çıxsa da, heç vaxt sözün düzünü danışmır. - A.)
Anar: “Elə bilirlər ki, anlaşılmaz sözləri yazmaqla ədəbiyyat yaradırlar. Mən onların yaradıcılığında heç bir yenilik görmürəm... Həm də üç-dörd adamdılar, çox deyillər... O ki qaldı mənim sədrlikdən getməyimə, burada bitib qalmayacağam. Nə vaxtsa gedəcəyəm. Amma görək onlardan hansı gələcək bura? Həm də qəribədir, nə cür sədrliyə gələ bilərlər ki, heç Yazıçılar Birliyinin üzvü də deyillər.” (Belədə deyirlər, öz gözündə tiri görmür... Yazıçılar Birliyinin üzvü olmayan Abdullayev Çingizi necə birbaşa Yazıçılar Birliyinin katibi vəzifəsinə gətirmişdinizsə, bu da elə ola bilər! O zaman da hamıya sizin hərəkətiniz eynən qəribə və təəccüblü gəlmişdi. Amma adətinizcə siz heç kimə və heç nəyə məhəl qoymadınız və sovet vaxtlarından imicinizə yüklənmiş müsbət xalların xeylisisni onda itirdiniz. Bu metodunuzdan 2004-cü ildə də istifadə edərək sizi çap edən yeganə “müstəqil” qəzetin başçısını AYB katibi təyin etdiniz. Bir xeyli xal da onda itirdiniz. Və beləcə itirə-itirə gedirsiniz... Sonra da təəccüblə soruşursunuz ki, axı “onlar” nə cür sədrliyə gələ bilərlər ki, heç Yazıçılar Birliyinin üzvü də deyillər... Demək sizin AYB də ATƏT kimi ikili standartlarla işləyir? –A.)
Anar: “... Onların evini yıxan internetdir... Heç bir şöhrət qazana bilməyəcəklər... Onların əsərləri kimə estetik zövq verir ki? Gəlin onlardan danışmayaq, sonra elə çıxar ki, onlara ciddi yanaşıram. Belə deyil.” (Maraqlıdır, bu səviyyə ilə o səviyyəyə necə qalxmaq mümkün olub? - A.)
Anar: “Azərbaycanda onu (AYB-ni) biz dağılmağa qoymadıq. Bunun bir səbəbi o idi ki, Yazıçılar Birliyinin siyasiləşməsinə imkan verməmişik. Burada iqtidarın da, müxalifətin də nümayəndələri hörmətlə qarşılanır və işləyirlər. Heç vaxt müxalifət, yaxud iqtidar əleyhinə tədbirlər keçirilmir, ancaq yaradıcılıq məsələlərini həll edirik. Yazıçı və ziyalı üçün bu, həm şərəfli, həm də təhlükəli mövqedir. Çünki hər iki tərəfdən zərbə ala bilər... Bizimsə mövqeyimiz odur ki, yazıçı gərək yazıçı olsun...” (Bəli, yazıçı gərək yazıçı olsun və həm də vətənpərvər ziyalı olsun, öz vətəninin, xalqının çağdaş durumunu görə bilsin, cəmiyyətin qayğıları ilə yaşasın, nazəndəliklə gülə-bülbülə, dağa-bağa boylana-boylana, nazlana-nazlana yazmasın, ölkəsinin iç həyatına baxa-baxa insanlara gərəkli olan sözü yazsın. İki kresloda oturub bu mövqesizliyi “şərəfli mövqe” hesab etməsin, iqtidarın büdcəsi hesabına müxalifətin yanında kişilənib, “təhlükəli mövqedə” duruş gətirə bilməsindən fəxrlə danışmasın... - A.)
Anar: “...Mən Yılmaz müəllimdən (Bu günlərdə dünyasını dəyişmiş görkəmli ziyalı Yılmaz Axundzadəyə Allah rəhmət eləsin! – A.) çox incidim və sizin qəzet vasitəsilə bu incikliyi bildirmək istəyirəm. Çünki Əhməd Cavada tək mənim yox, ailəmizin hörməti olub. Onunla birlikdə anamın şəkilləri var, anam övladları ilə dost olub...” (Meyara bax ki, ailə albomundakı şəkillər Əhməd Cavada hörmət etmək üçün əsas amil sayılır. -A.)
Anar: “Amma Yılmaz birdən-birə yazanda ki, Yazıçılar Birliyində ona qısqanc münasibət var, bunu başa düşə bilmədim.” (Həqiqətən ortada ailə şəkilləri kimi tutarlı dəlillər olduğu halda Yılmaz Axundzadənin niyə birdən-birə YB-dan narazı qalması heç başa düşülən deyil!.. Və bunu heyrətlə nəzərə çatdıran ədib ardınca türk kişisinə xas olmayan bir “əfçiliklə” Yılmaz Axundzadənin onun yanına şəxsi xahişə gəlməsinin təfərrüatını müxbir qıza təfsilatı ilə, yerli-yataqlı danışır və əlavə edir ki, az, indi “nə deyəsən belə adama?” Bəli... Həqiqətən də! Belə adama nə deyəsən?! – A.)
Anar yenə təkrar edir: “...Vaxtım olsa çox şey yazaram. Vaxtımı Yazıçılar Birliyi və Milli Məclis alır.” (Xatırladaq ki, Anar öz personasına əhəmiyyətli görkəm vermək üçün bu “macal” motivini hər növbəti sədr və deputat seçkiləri ərəfəsində sınanmış polit-texnologiya kimi tez-tez təkrarlayır. Məs., bundan sonra 8 aprel 2004 tarixli “Ekspress” qəzetində də eyni fikri deyəcəkdi: “Etiraf edim ki, burda, - Yazıçılar Birliyində, - işləməyim mənə heç bir üstünlük gətirməyib, əksinə... Bu vəzifədə bir yazıçı kimi heç bir şey qazanmamışam.” Amma xatırladaq ki, dostu, arxadaşı Fikrət Qoca efirdən AYB-də qocaların bacarmayacağı elə bir ağır iş olmadığını deyib. Bu əsil paranormal hadisədir ki, Anar həm YB-nin guya onun vaxtını almasından şikayətlənir, həm də 18 ildir sədr kreslosunu buraxmayıb qoltuqdan bərk-bərk yapışıb durur. Yəni - “ətdirsə pişik hanı, pişikdirsə ət hanı?” Sözlə Əməl ayrılığının bariz nümunəsi olan belə hallara el arasında nə deyildiyi məlumdur. Və o da hamıya məlumdur ki, AYB sədri vəzifəsində olmasaydı o, yazıçı kimi artıq çoxdan diqqət mərkəzindən çıxmışdı. – A.)
Anar: “...Yaradıcılığın müəyyən mərhələsində hiss etdim ki, uydurma hadisələr, uydurma roman qəhrəmanları məni təmin etmir. Sənədliliyə meylim yarandı. Bu baxış mənim filmlərimdə də var. Üzeyir bəylə bağlı filmi çəkəndə süjet qura bilərdim, az-çox professional yazıçı idim. Amma sənədlərə əsaslandım. Yaxud Cəlil Məmmədquluzadə haqqında pyes yazanda ancaq sənədlər əsasında işləmişəm. Sənədlər mənə daha inandırıcı gəlir.” (Bu sözləri deyən adam lap yəqin sənədliliyə meylim yaranıb dediyi zamanda, parallel olaraq həm də uydurma, fantastika janrında “Ağ qoç, qara qoç” nağılı üzərində işləyirmiş. Çünki o tezliklə belə bir nağılı çap etdirəcəkdi və anarbarı tənqidçilər metrin uydurmaçılıq qabiliyyətinə heyranlıqlarını bildirəcəkdilər...-A.)
Anar: “... Ağıllı tənqid olanda minnətdar oluram, xuliqan tənqidlərəsə münasibətim pisdir.” (Təbiidir, çünki “ağıllı tənqid” - Anarın az qala “etalondan da üstün” ziyalı olduğunu yazır, “xuliqan tənqid” isə - yaradıcılığının əhəmiyyətsizliyini, düşüncəsinin köhnəlmişliyini üzünə vurur... - A.)
Müxbirin: “Kitabınızda Rəsul Rzanın Nigar Rəfibəyli əleyhinə yazılan ərizəyə imza atdığını etirafı alqışlana bilər...”- deməsinə Anar belə cavab verir: “...Çalışmışam ki, obyektiv olum. Ona görə də çox vaxt öz sözlərimdən deyil, başqalarının fikirlərindən istifadə etmişəm... İndi yapışıblar ki, Pasternak haqqında vaxtilə Rəsul Rza çıxış eləyib. Düzdür, eləyib, gərək eləməyəydi. Mən bəraət qazandırmıram, amma o dövrün şəraitini nəzərə almaq lazımdır... Mən sovet dövründə yaşasam da, sovet yazıçısı olmamışam. Heç bir əsərimdə sovet ideologiyası yoxdur. İnsanlardan yazmışam... Sovet ideologiyasının tələb etdiyi müsbət qəhrəmanlar yox, adi insanlardır əsərlərimin qəhrəmanları. O cəhətdən mənim üçün o dövrlə bu dövr arasında yaradıcılığımda fərq yoxdur.” (Diqqət edin, bir az öncə sovet dövründə tutduğu mövqeyə görə atasına bəraət qazandırmayan oğul, dərhal sonra özünün o dövrdə daha cəsur, uzaqgörən və mətin şəxsiyyət olduğunu bəyan edir. Həqiqətən əbədi “Atalar-Oğullar” münasibəti kontekstində maraqlı nüansdır. – A.)
9. Özünə Azərbaycanda rəqib tanımadığından hamını ətrafından qovan, dağıdan, rədd edən, hamıya söyüş, qarğış, böhtan yağdıran, köhnə dostu Əkrəm Əylislini “çörəyi dizinin üstə olan adam” adlandırıb onun “yalanlarını ifşa etməkdən” həzz alan, başqa bir köhnə dostu Kamil Vəli Nərimanoğlu haqqında “Bilmirəm bu adamın nəyə görə mənlə arası yoxdur... Allah cəzasını versin!” (“Şərq”, 15 yanvar 2004) – deyən Anar sonuncu qurultaydan sonra fəallaşıb “Respublika” qəzetinin 8 iyul 2004-cü il tarixli sayında Azər Abdulla ilə “Dünya yalnız emosiya ilə deyil, soyuqqanlı intellektlə idarə olunur” başlıqlı daha bir distillə edilmiş “intellektual söhbət” apardı. Anarın anatomiyası artıq bəlli olduğundan həmin müsahibədə altı cızılmağa layiq bütün riya faktlarını yox, yalnız bir-neçəsini sitat gətirməklə kifayətlənəcəyik. Çünki onun bütün intervüləri yeknəsəkliklə eyni tekstdən və eyni dil materialından ibarətdir ki, bu halın mahiyyətini Akif Əli çap etdirdiyi “Ədəbi söhbətlər” haqqında nəzəri mülahizələr” (“Ədalət”, 18.02.05) məqaləsində qismən açmağa çalışmışdır. “Respublika”da da eyni ermənisayaq metodla – yəni özünə aid olan pisi özgəyə, özgəyə aid olan yaxşını isə özünə şamil etmək yolu ilə yenə də məlum obrazını yaradır. Bəlkə də kimsə bu “etalon ziyalının” zahiri parlaqlığına həqiqətən aldanır. Ancaq həqiqəti görə bilənlər yox. “Respublika”da Anar az qala göz yaşları axıdaraq deyir: “...Mənim haqqımda tənqidi yazılar təhqiredici yazılara çevrilib... Onlar ancaq küncdə-bucaqda, qəzet səhifələrində gizlənə-gizlənə yaza bilirlər... Onlar üz-üzə gəlməkdən qorxurlar... şərçi, böhtançı, qərəzçi olduqlarını, məntiqsiz danışdıqlarını sübut edərəm... qorxub mənimlə üz-üzə gəlməkdən çəkinirlər.” Fikir verin bu üç cümlənin içində nə qədər təzad var: a) məni təhqir edirlər deyib, özü hamıyla təhqiramiz danışır; b) mənim haqqımda qəzet səhifələrində gizlənə-gizlənə yazı yazırlar deyib, özü həmişə müxtəlif adamlara yazı yazdırır, yaxud özü yazıb altına katiblik, mətbuat xidməti və s. kimi imzalar qoyur, özü işçilərini öyrədib kiv-lərə çıxardır və s. Həmin yazılara kompleks halda bir yerdə baxdıqda hamısının eyni ifadələri, eyni ideyaları daşıdığını və eyni stildə olduğunu görmək mümkündür; c) mənimlə üz-üzə gəlməkdən qorxurlar deyir, amma jurnalistlər ona rəqibləri ilə görüşüb məsələləri üzbə-üz müzakirə etmək təklifini verəndə qaçır (konkret olaraq Akif Əli ilə apardığı virtual polemikalar zamanı ona mətbuatda belə bir təklif olub, o razılaşmayıb qaçıb); d) hamıya şərçi, böhtançı, qərəzçi, məntiqsiz danışan deyir, amma özü lap elə son vaxtların “Ədəbiyyat qəzeti”ndəki “söhbətlərində” (11 fevral 2005) dolu kimi şər, böhtan yağdırır, qərəzli və məntiqsiz fikirlər püskürür... “Respublika”dakı “intellekt püskürmələrində” Anar deyir: “Heydər Əliyev adına Respublika Sarayında qurultay keçirmək çətin məsələ idi...” (Görəsən niyə? Axı ümummilli lider Heydər Əliyev bu Sarayı məhz xalq üçün, böyük müşavirələr, toplantılar, qurultaylar keçirmək üçün inşa etdirib və 30 ildir o Sarayda mütəmadi qurultaylar keçirilir. Axırıncısı qadınların qurultayı idi ki, yəqin AYB yetkilisinə hətta qadınların bacardığı iş də “çox çətin məsələ” kimi görünüb...-A.)
AYB-nin XI “musiqili komediya” qurultayından danışarkən “Qurultay nümayəndələrinin yüz faizi mənə səs verdi” – deyən AYB sədri bilinmir camaatımı avam sayır, ya özünümü avam yerinə qoyur: qurultaya nümayəndəliyin necə seçildiyini, məhz kimlərin nümayəndə “seçildiyini”, kimlərin niyə “seçilmədiyini”, 1040 nəfər üzvdən yalnız 414 nəfərinin, yəni 40,1 faizinin iştirakı ilə kvorumsuz, qeyri-legitim saxta qurultay keçirərək postunu əlində saxladığını sanki kimsənin bilmədiyini güman edir. Halbuki bütün bunlar ədəbi ictimaiyyətin çox geniş müzakirə mövzusudur... Bu dərəcədə sinizm həqiqətən dozanın artıqlığındandır. Əkrəm Əylislinin “yazdıqlarının uydurma” olduğunu iddia edərək, onun AYB-yə “...gəlib gəlməməsi öz işidir. Gələr xoş gəlsin, gəlməsə də öz işidir”- deyə xalq yazıçısına qarşı təhqiramiz biganəlik göstərib laqeydcəsinə əlini yellədiyi halda, Rüstəm İbrahimbəyovun Qarabağ, ermənilər, azərbaycanlılar barədə dediklərinə, təhqiramiz fikirlərinə mövqe bildirən AYB sədri adətincə məsuliyyətdən qaçaraq: “Mətbuatda onun barəsində yazılanlar məni çox incitdi. Rüstəmin nə dediyini dəqiq bilmirəm” – deyir. Sonra isə guya mətbuatın Rüstəmin “sözünü necə təhrif etdiyini” vurğulayaraq, “...ona qarşı başlanmış bu kampaniyanı qəbul eləmirəm.” - deyir.
“Əcəb gülməlisən, xanimanxərab!”
Adam əvvəlcə R.İ.-n nə dediyini dəqiq bilmədiyini bəyan edirsə, bəs nəyə əsaslanıb sonradan əlavə edir ki, mətbuat onu təhrif edib? Milli mətbuatımızın yekdilliklə millətin heysiyyatını qorumağa qalxması nədən “Rüstəmə qarşı kampaniya” kimi qiymətləndirilir. Axı Rüstəm milli mənafeləri güdaza verməyənəcən hansı müxbir bilirdi bu ölkədə, ümumiyyətlə, o var ya yox? Bax, məntiqdən danışmağı sevərək müdrikanəliklə “Dünya yalnız emosiya ilə deyil, soyuqqanlı intellektlə idarə olunur” deyən xalq yazıçısının analitik imkanları bu qədərdir. Rüstəmin “Moskvadakı bir çıxışı burada yazılmış min məqaləyə dəyər” deməsi AYB sədrinin öz ictimaiyyətimizə, ziyalılarımıza, mətbuatımıza aşağılayıcı münasibətini göstərməklə yanaşı, həm də bir Moskva uşağının o biri Moskva uşağına pərəstişini, məhəbbətini, heyranlığını ortaya qoyur. Hələ də Moskvaya dünyanın Mərkəzi kimi baxdığını göstərir... Nəhayət, mövzunun kontekstində ermənilərə münasibət sərgiləyən Anarın mövqeyi səciyyəvidir. O, ərazilərimizi zaman-zaman işğal etmiş tarixi düşmənlərimizə qarşı qətiyyətli mövqedə dayanan bütün millətsevər insanlara ironiya ilə belə deyir: “Biz bu gün ermənilər rədd olsun, ermənilər qəhr olsun, ermənilərdən alçaq millət yoxdur deməklə məsələni həll edə bilməyəcəyik. Və ermənilər də bundan istifadə edib deyirlər ki, biz onların tərkibində necə yaşayaq?.. Onların bu münasibəti müqabilində biz onların tərkibində necə qala bilərik?” Görən erməninin dediyini təkrarlayan, onlara dəstək verən, oğru yadına daş salan Anar Rzayev bilirmi ki, biz ermənilərin yox, ermənilər bizim torpaqlarımızı işğal edib? Biz erməni soyqırımı törətməmişik, onlar Xocalı soyqırımını törədiblər. Biz evimizdə ermənilərə yer vermişik, onlar bizə yox... Və biz qudurğan işğalçı ilə nəyə görə “yastı-yastı”, “nazlana-nazlana”, “pişim-pişimlə” danışmalıyıq – bunu anlatsın. Hansı gözükölgəli işimiz varmış qanımızı içən düşmənin qarşısında? Nədən xalq yazıçısı bu xalqı da mütiliyə, məzlumluğa, təslimçiliyə səsləyir ki?!. Bir müsahibəsində “...milli xüsusiyyətlərimizi itirib qloballaşma adı ilə gedən amerikanlaşmanın əleyhinəyəm...” deyən Anarın başqa bir müsahibəsində Moskvaya, ermənilərə “dözümlü” münasibətə çağırışı ikili standartlara sədaqətindən xəbər verməklə yanaşı, sırf sovet düşüncə tərzini də qoruduğunu göstərir; bu düşüncənin AYB-də təzahürü təsadüfi deyil. Çünki AYB-nin rəhbərliyində özünü fəxrlə kosmopolit adlandıran konqlomerat “bakılı” millətinə məxsus rusdilli kommunist yazıçılar şəstlə təmsil olunurlar!
10) Ötən ilin sonlarında Azərbaycan Yazıçılar Birliyində Türkiyənin TRT kanalının rəhbəri Şenol Dəmirözlə görüş oldu. O görüşdə Türk dünyasına “həmişə böyük maraq göstərmiş” AYB sədri Anar: “...Nəcib Fazil Qısakürəkin bütün qadağalara baxmayaraq, hələ sovet dövründən Azərbaycanda tanındığını diqqətə çatdırdı.” (525-ci qəzet, 27 noyabr 2004). Əlbəttə, Nəcib Fazil Qısakürəkin mövcudluğu sovet Bakısının ədəbi mühitində müəyyən ziyalılara məlum idi, amma onun Azərbaycanda geniş tanınmasından, təbliğindən, satqın Nazim Hikmət kimi kitablarının geniş çap olunmasından söhbət gedə bilməzdi və bu barədə düşünməyə o zaman kimsə cürət etməzdi. Necə ki, məsələn, 80-ci illərdə Azərbaycan Radiosundakı redaksiya otağımızda həmkarımız İntiqam Mehdizadə böyük türk müğənnisi Zəki Mürenin füsunkar nəqmələrindən ibarət lent yazısını hər nahar fasiləsində maqnitofonla oxudardı və radio əməkdaşları bundan feyziyab olar, Türkiyə həsrətini səngidərdi; amma bu heş də o demək deyildi ki, Zəki Mürenə radioda bütün Azərbaycan qulaq asırdı... AYB sədrinin isə məhz Nəcib Fazil Qısakürək barədə söz deməsinin mahiyyətində güman ki, həmin görüşdən qabaq AYO-çu şair-publisist Rasim Qaracanın təşəbbüsü və tərcüməsi ilə Nəcib Fazil Qısakürəkin Bakıda ilk dəfə olaraq (!) nəfis şəkildə, zövqlü tərtibatla sanballı bir kitabının işıq üzü görməsi və Türkiyəli dostlarımızın da onu yüksək qiymətləndirməsi dururdu. “Ocaq başındakı düşmənin” belə revanşını təbii ki AYB sədri sakit seyr edə bilməzdi. O hansı yolla olur-olsun “təşəbbüsü ələ almaq”, “yaxud birinciliyi əldən buraxmamaq” əzmi ilə öz dövrü barədə heç bir əsası və sübutu olmayan şücaət faktı uydurub Türkiyəli qonağının hüzurunda reverans etmişdi (eynən Nazim Hikmətin guya Rəsul Rza ilə “məhrəm” söhbətlərində sovetlər haqqında “mənfi fikirlər söylədiyi” barədə heç bir sübutu olmayan rəvayət kimi). AYO-çu Rasim Qaracanın kitabı fonunda baş verən bu olaya bənzər başqa bir “yarış” hadisəsi AYB-nin qurultayı ərəfəsində olmuşdu. AYO-çu gənclərin müasir türk posmodernisti Orxan Pamuku 60-cılara nümunə göstərərək əsərlərini çap emələri, onun təbliğatını aparmaları AYB rəhbərliyindəki xroniki qısqanclıq duyğularını hərəkətə gətirmişdi. Onlar da məhz Orxan Pamuku öz qurultaylarına qonaq çağırmaqla və sədr haqqında söz dedirtməklə onu gənclərin “əlindən almağı” qət etdilər (güman ki, bu prosesdə İrfan Ülkünün də köməyi olmuşdu)... Bəlkə də bu bir təsadüfdür, amma çox rəmzi təsadüflərdir ki, vaxtilə Yerevanda “erməni genosidi” memorialını ziyarət etmiş Anarın qonağı olan Orxan Pamuk da burdan qayıtdıqdan sonra sensasion açıqlama verərək “erməni soyqırımını” tanıdığını dedi, Türkiyədə böyük qəzəbə tuş gəldi və məhkəmyə çəkildi. TRT kanalının rəhbəri Şenol Dəmiröz isə AYB-də Anarla təmaslardan sonra Türkiyəyə qayıdarkən Ankaraya çatar-çatmaz “TRT-nin siyasi yönünü düzgün müəyyənləşdirə bilmədiyi üçün” vəzifəsindən kənarlaşdırıldı... 11) İndi isə unikal misralarla tanış olaq: “Biri söyər, biri döyər, haqq hardadır, nahaq harda, İtirdim haqq tərəzisin, yaxşı-yamana sığmazam.” “Bir gün gələr məni anlar, məni anlar elim mənim, İndi qürbətdəyəm sanki dövranımda, zamanımda.” “Üstümə yüz çirkab atdı hər yetən cahil, avam, - Bu qədər böhtana, föhşə gəl görüm eylə davam; Qədirbilməz bir mühitdə eylədim ömrü tamam, - Haqqa qahmar durmağa cürət, cəsarət görmədim.”
“Qəzeti götürdüm - əlim üşüdü, - Buzlara dəyməmiş, qara dəyməmiş. Barmaqlarım neştər ilə deşildi Tikənə dəyməmiş, xara dəyməmiş.
Hara qaçaq bu qapqara böhtandan, Necə can qurtaraq hərzə-hədyandan; Kəmfürsətdən, kəmsavaddan, nadandan “Nə söz qaldı sənətkara dəyməmiş?”
“Bu qədər işsiz adam, kasıb, xəstə var ikən, Bahalı dərmanları neylərdin, ilahi?
Dostları ilə paylaş: |