Y azı— səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur. Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir. Və o vaxtdan bugünə uzun inkişaf yolu keçərək bu günki formaya gəlib çatmışdır. Lap qədimdən insanlar ayrı-ayrı qruplar şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur. Lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular. Buna görə də ikinci köməkçi ünsiyyət vasitəsi olaraq yazı yaranmağa başladı. Onun başlanğıc yolu heç bir xüsusi plan üzrə deyil, tədricən yaranmışdır. Yazı insanların dillə, şifahi ünsiyyət saxlamaları mümkün olmadığı şəraitdə, ünsiyyətə olan tələbatdan yaranmışdır. Dilin əmələ gəlməsində olduğu kimi yazının yaranmasında da kollektivin əməyi var. Yəni yazı ayrı-ayrı şəxslər tərəfindən deyil, ümumi kollektiv tərəfindən yaradılmışdır. XIX əsrin axırlarına kimi Mərkəzi Afrikanın və Şimali Amerikanın bəzi xalqları hələdə yazı ilə tanış deyildilər. Qədim dövrlərdə də yazı bütün dünyada eyni dərəcə inkişaf etməmişdir. Çünki qədimdə yazı yazmaq üçün vasitələr də indikindən fərqli olmuşdur. Yazının əmələ gəlməsində fikrin müxtəlif vasitələrlə əks olunmasının xüsusi təsiri olmuşdur. Yazı əvvəl fikir və ya əşya vasitəsilə, ya da xətlər vasitəsilə əks olunurdu. Zaman keçdikcə insanlar yazını təkmilləşdirməyə başladı. Onlar artıq müəyyən cizgilərlə fikirlərini ifadə edə bilirdilər. Onlar torpaq və ağacın üzərinə müxtəlif cizgilər çəkərək və ya ağac çapmaqla müəyyən məlumat çatdırmağı bacarırdılar. Yazının formalaşması və inkişafı dövründə onun bir neçə tipi olmuşdur. Yazının 4 tipi vardır.