VAQİF İBRAHİMOĞLU.
Ötüb keçən olaylar.Məzəli mozaika.
«Yeni Müsavat» qəzeti 25 may 2000
TORPAQ, SU, OD, SƏMA - ÖMRÜN QƏRİBƏ MƏQAMLARI
Bir dəfə Türkiyədə bir jurnalist məndən müsahibə alarkən qəfil və qəribə bir sual
verdi: Ömrünüzdə təhlükəli anlar olubmu, yəni ölümlə üz-üzə durduğunuz,ölümə yaxın
olduğunuz məqamlar?
Doğrusu, heç bir vaxt bu barədə düşünməmişdim və bu qəribə suala da cavab verə
bilmədim. Sonra gecə vaxtı nədənsə bu sual yadıma düşdü və yuxusuzluq saatlarında bu
barədə düşünməyə, həyatımın müxtəlif olaylarını xatırlamağa başladım və gördüm ki,
həqiqətən bir neçə dəfə ölümün yaxın hənirini duymuşam. Elə gecəykən, unutmayıb deyə
bunları qeydə aldım. Bir neçə gün sonra bu tələsik gecə qeydlərini açmağa çalışanda
604
gördüm ki, istər-istəməz bu anlar əcaib bir sistemlə dörd ünsürə bağlıdırlar - Torpağa,
Suya, Oda, Səmaya...
Qədim fəlsəfi və dini təlimlərdə dünyanın bu dörd ünsürdən ibarət olması inancı
vardı və mənim də ilk ssenarim «Torpaq, Dəniz, Od, Səma» adlanırdı.
Ölüm təhlükəsiylə üzləşdiyim ilk epizod Əfqanıstana səfərimlə bağlıdır. Burada
torpaq bir ünsür kimi bilavasitə iştirak etməsə də hər halda hadisə yerin üstündə baş verir.
Amma yeri gəlmişkən bu səfərin bəzi təfərrütlarından da danışmaq istəyirəm. Mirzə
İbrahimov SSRİ Asiya və Afrika ölkələriylə həmrəylik Komitəsinin sədri idi. Bir gün məni
yanına dəvət etdi: Azərbaycanda bu Komitənin sədri rəhmətlik Rəsul idi - dedi - Bu
vəzifəyə səni təyin etmək istəyirik.
Atamın ölümündən iki il keçmişdi. Mirzə müəllim davam etdi: yavaş-yavaş sizin
nəslin nümayəndələrini də ictimai işlərə cəlb eləmək lazımdır.
Razılaşdım.
Bir müddət sonra Mirzə müəllim yenə məni çağırdı:
- Əfqanıstana gedərsən? - deyə xəbər aldı.
Moskvada onun muavini işləyən A.S.Dzasoxovun məktubunu göstərdi. Əfqanistana
gedən nümayəndə heyətinə Azərbaycandan bir nəfərin rəhbər olmasını xahiş edirdi və
rəsmi kağıza əliylə: «qorxmayan bir adam» sözlərini yazmışdı (çelovek, kotorıy ne
boitsə).O vaxt Əfqanistada müharibənin şıdırğı vaxtı idi.Mirzə müəllimin təklifinə cavab
olaraq:- gedərəm - dedim.
Rəhmətlik İsi Məlikzadə yaşlı və o vaxt nisbətən gənc olan yazıçıların münasibətləri
haqqında cürbəcür gülməli lətifələr uydururdu. Bu görüşdən sonra mən də Mirzə müəllimlə
bağlı belə bir lətifə uydurdum. Guya Mirzə müəllim məni sakit edir: - Anar bala, sən heç
nigaran olma, işdi-şayət orda başına bir iş gəlsə, «Literaturnaya qazetanı» boyun ola
bilmərəm, amma «Ədəbiyyat qəzetində» sənin haqqında yaxşı bir nekroloq verərərik.
Bu, əlbəttə zarafat idi və Mirzə müəllim, təbii ki, mənə belə söz deməmişdi. Amma
bir anekdot da mən Əfqanstandan sağ-saalamat qayıdandan sonra yarandı. Mirzə müəllimə
səfərimiz haqqında məlumat verəndə, orda Yazıçılar İttifaqında da oldum - dedim -
605
İttifaqın qabağında tank dayanıb. Bəlkə biz də burda bir tank saxlayaq ki,qrafomanların
hücumunun qabağını alsın. Mirzə müəllim ürəkdən güldü.
O vaxt nə biləydik ki,bir neçə il keçəcək, 90-cı ilin qanlı yanvar hadisələrindən sonra
Bakıda Yazıçılar İttfaqının qarşısında dorğrudan da tank dayanacaq. Nə isə… Əfqanıstana
gedən nümayəndə heyətinə məşhur politotloq Aleksey Kivi, Türkmənistandan gözəl
rəssam İzzət Qılıçev,Moskvada Asiya-Afrikayla həmrəylik komitəsinin əməkdaşı və
tərcüməçi daxil idi. Kabildə Xilton hotelində qalırdıq. Çoxmərtəbəli oteldə yalnız biz - beş
nəfər sovet nümayəndəsi yaşayırdı, qalan otaqların pəncərələrindən gecələr işıq gəlmirdi.
Hər gecə hotelin ətrafından atışma səsləri gəlirdi. Bilmirəm hotelə hücum etmək
istəyirdilər ya buranı hücumdan qoruyurdular. Ya da elə belə məşq edirdilər, amma hər
halda səhərə qədər güllə səslərindən yata bilmirdik. Aleksey Kivinin qəribə pəhriz sistemi
vardı, hesablayırdı, naharda neçə faiz zülallı qida qəbul edibsə, axşam onun balansını
tənzimlənmək üçün ancaq zülalsız yeməklər yeyirdi. Bir də nəylə nəyin uyuşduğunu daim
nəzərdə saxlayırdı. Günlərin bir günü Aleksey zəhərləndi .Bilmirəm onu qəsdən
zəhərləmişdilər (özü belə hesab edirdi) ya bu qəribə dietasının fəsadları idi. Onunla da,
rəhmətlik İzzət Qılıçovla da orda dostlaşldıq.Moskvaya qayıdanda Aleksey məni evlərinə
dəvət etdi. Arvadı şərqli idi - Zarema. Mən dedim ki, Alekseyin pəhriz sistemi əfqanları
sovet qoşunlarının müdaxiləsindən sonra ən çox sarsıdan hadisə idi. Xeyli gülüşdülər. O
təhlükəli hadisə isə Əfqan inqilabının bilmirəm neçənci ilisə qeyd edilərkən stadionda baş
verdi. Nümayəndə heyətimiz tribunada Əfqaniastan hökumənitinin üzvlərinin yanında
dayanmışdı. Əfqanıstanın o vaxtki rəhbəri Babrak Karmalı lap yaxından görürdüm.
Sifətində çox gərgin bir ifadə vardı, elə bil hər an nə isə baş verəcəyindən qorxurdu, onunla
tam kontrast - isə Baş nair Keştmənd idi. Zahirən bir az bizim bəstəkar Sultan Hacıbəyova
bənzəyən dolu bədənli, ağ-çağ bir kişi idi. Üzündə çox rahat və sakit bir ifadə vardı.
Axşam rəsmi qəbulda da Babrak belə gərgin, Keştmand isə əmin-arxayın idi. Qəbulda
ölkənin çalmalı, cübbəli dini rəhbəri də iştirak edirdi. Tacikistan rəqs ansamblının qızları
oynadıqca bu dini rəhbəri elə ləzzətlə çırtıq çalırdı ki, gəl görəsən... Demə bu rəqs
ansamblı Əfqan hökümətinin ən çox sevdikləri kollektiv imiş, tez-tez onları Kabilə dəvət
606
edirlərmiş, səfərlərinin birində təyyarə qəzası nəticəsində hamısı həlak oldu.İndi bu uzaq
hadisələri yada saldıqca xatirələr bir-birini çəkib gətirir. Sovet qoşunları Əfqanıstana
girməzdən əvvəl bu sakit, dinc, yuxulu bir ölkə idi, hələ də orta əsrlərdə yaşayırdı. Zakir
şahın vaxtında Sovet İttifaqıyla normal, dost münasibətləri vardı, hətta SSRİ-yə-qarşılıqlı
hücüm etməmək haqqında müqavilə də imzalamışdı. Zakir şahın qohumu (gərək ki əmisi
oğlu) Davud onu devirdi, şah Avropaya qaçmalı oldu, Əfqanistan respublika elan edilidi,
az sonra isə Tərakinin başçılığı ilə inqilab şurası Davudu da devirdi. Sonra Tərakinin
özünü H.Əmin devirdi. O vaxtkı sovet versiyasına görə Sovet qoşunlarını Əfqanistana da
məhz elə Əmin dəvət etmişdi, amma qəribədir ki, Əminin dəvətiylə Kabilə girən sovet
OMONu onu da, bütün ailəsini də - uşaqdan böyüyə elə öz sarayındaca qırmışdı. Bu qanlı
olayın iştirakçılarından biri OMON-çu sonralar mətbuatda bu qətldən qürurla söhbət
açmışdı.
Bu yerdə ağlıma gələn bir fikri Haşiyə olaraq burada vermək istəyirəm. Məncə
Stalinin ən böyük cinayəti milyonlarla insanı məhv etmək, bütöv xalqları yerindən-
yurdundan didərgin salmaq, dünyanın yarısını hədələmək və qorxu içində saxlamaqla
bərabər. cəmiyyətə əxlaqsızlıq, əxlaq aşınmasını təlqin və tədbiq etmək idi. Bu
«əxlaqa»,daha doğrusu əxlaqsızlığa görə hansısa yalan-gerçək amal yolunda hər cür
alçaqlıq və əclaflıq məqbuldur - xəyanət, satqınlıq, yalan, qəddarlıq…Uzun illər çiyin-
çiyinə mübarizə apardığı məsləkdaşlarını gözünü qırpmadan güllələdən, öz alisəsinə belə
rəhmi gəlməyən, hətta doğma oğlunu belə ölümə məhkum edən Stalin öz şəxsi örnəyiylə
bəşəriyyətin əsrlər boyu riyaət etdiyi bütün əxlaq qanunlarını alt-üst etdi. Mən öz
qulağımla «xalqın vicdanı» sayılan rus yazıçısının imperator Nikolayın bütün ailəsinin -
arvadı, gənc qızları, xəstə oğluyla birlikdə məhv edilməsini tarixi zərurət saydığını
eşitmişəm. Və bu sayaq «əxlaqla» yetişən nəsillər üçün örnək öz atasını satıb ölümə
göndərən Pavlik Morozov idi.Ona görə də sovet siyasəti və sovet təbliğatı Əmin ailəsini -
məmə yeyəndən pəpə deyənə qədər - məhv edilməsini də labüd hesab edirdi. Yalnız indi
etiraf edirlər ki,bütün bu Əfqanıstan avantürası amansız səhv imiş, amma indinin özündə
607
də Əmin ailəsinin qətl icraçıları bu hərəkətləriylə qürur duyduqlarını mətbuat səhifələrində
bəyan edirlər.
Əmindən sonra Moskva hakimiyyətə Babrak Karmalı gətirdi. Əsrlər boyu orta əsr
yuxusuna dalmış ölkədə bir -birindən qanlı toqquşmalar başladı, sonra məlum oldu ki,
bütün bunlar əbəs imiş, amma bu əbəs siyasi addımın nəticəsinlə hər iki tərəfdən on
minlərlə cavan insan və dinc əhali qırıldı və mürgülü Əfqanıstan bu günə qədər davam
edən xaosa qərq oldu.Sovet hökuməti bu feodal dövrdən çıxmamış ölkədə öz modelini
qurmaq istəyirdi - sovet tipli Həmkarlar İttifaqı, Sovet tipli Yazıçılar İttfaqı, sovet tipli
pioner və qadın təşkilatları. Biz orda olan müddətdə bu işlərə sovet səfiri, daha əvvəl
Tatarstanın Birinci katibi vəzifəsində işləmiş Fıkrət Tabeyev rəhbərlik edirdi. Yadımdadır
bizi öz iş otağında qəbul edən Tabeyev qəribə bir yekəxanalıqla qarsındakı siyahini
göstərib: Həmkarlar İttifaqının heyətidir, -deyirdi,- gərək baxıb təsdiq edəm.
Mən bir neçə dəfə Sovet səfirlərinin müxtəlif ölkələrdə özlərini beləcə -diplomatik
etiketdən çox uzaq olan kobud yekaxanalıqla aparmalarının şahidi olmuşam. K.Simonvun
başçılığı ilə Türkiyədə olduğumuz zaman o vaxtki Sovet səfiri Rodionov bizə ziyafət verdi
(sonralar Azərbayanda səfir olmuş Şoniya da o vaxt sovet səfirliyinin əməkdaşlarından
idi). Ziyafətdə Türkiyə xarici işlər nazirliyinin məsul işçisi Günvər də iştirak edirdi. Söhbət
İstanbulda metro tikilməsindən və bu layihədə Sovet İttifaqının iştirakından düşdü, metro
tikintisi xərclərinin Türkiydən ixrac olunacaq meyvələrlə ödənməsi məsələsindən
danışırdılar. Birdən səfir nə sənə nə mənə,çox sərt bir şəkildə: - nə qədər ki, sizin
hökumətin Baş nazir müavini Nəcməddin Erbakandır, Sovet İttifaqı heç bir layihədə iştirak
etməyəcək - dedi. Bu sözlərdən hətta mən də pərt oldum, bu başqa bir dövlətin siyasi
həyatına açıqdan-açıq müdaxilə idi. Günvər bir diplomat nəzakətiylə: Erbakan barədə bir
şey deyə bilmərəm - dedi - amma layihənin xərclərini meyvəylə ödəsək Türkiyə gərək otuz
il meyvə üzü görməyə.
Sonra Simonovla söhbətdə gordüm ki, o da səfirin belə davranışından narazıdır - Nə
istəyirsiniz Anar - dedi mənə- bunlar hamısı ulduzlu məmurlardır (yəni KQB kadrlarıdır).
Sovet səfirlərinin özlərini belə harın və azqın aparmaqlarının səbəbi təmsil etdikləri
608
ölkənin hərbi gücünə əsaslanırdı. Xaricdə Sovet İttifaqına hörmət etmirdilər, Sovet
hökumətindən qorxurdular.
Turist kimi gəmiylə Mərakeşə gəlmişdik. Sovet səfiri Palamarçuk gəmiyə gəldi,
turistlərlə görüşdü.-Kral mənə dedi ki, - deyə söhbətə başladı - nə məsələniz olsa Baş nazir
vasitəsiylə mənə çatdırın, amma məxfi bir sözünüz olsa Əli Yatanın vasitəsiylə mənə
bildiriin.
Əli Yata Marakeş Kommunist partiyasının rəhbəri idi.Bunu üç yüzdən artıq turistin
qarşısında söyləməkdən çəkinmirdi səfir.
Bəli, belə səfirlərmiz və belə sovet siyasəti vardı - harın, yekəxana, başqa
dövlətlərin, xalqların heysiyyəti ilə hesablaşmayan…
Mətləbdən və ölüm təhlükəsindən xeyli uzaq düşdüm. Kabildə o gün stadionda
tribunada bütün hökumət üzvləri dayanmışdı - o cümlədən, bizimlə də ayrıca görüşmüş
Baryalay və Ratebzand.Baryalay bilmirəm nə naziri və Babrak Karmalın qardaşı idi. Siyasi
büro üzvü, qadın hərəkatının rəhbəri Ratebzad, deyilənə görə Babrakın məşuqəsiydi.
Rəsmi keçid oldu, ordu hissələri keçdi, sonra sovet dəblərinə uyğun zəhmətkeşlərin
nümayişi oldu, nəhayət mərasim bitdi və rəhbərlər maşınlarına minib getdilər, biz də
maşınlarımıza tərəf gedəndə dəhşətli patlayış baş verdi, indicə dayandığımız tribuna alt-üst
oldu.
Sonra yalan gerçək bizə belə izah etdilər ki, partladanların məqsədi bizi öldürmək
deyildi, ancaq sovet numayəndələrini qorxutmaq idi. Qorxduqmu? Deyə bilmərəm. Hər
halda o anlar yalnız zədəsiz xilas olmağımızın sevincini yaşayırdıq.
Keçək başqa bir təhlükəyə - suyla bağlı hadisəyə. Zaqatalada gənclər seminarı
keçirilirdi. Bizim Akif Rəfiyev o vaxt rayonda prokuror işləyirdi. Elçinlə mən onun evində
qalmışdıq. Bir gün milis rəisi Kamandar (o da rəhmətə gedib, Allah rəhmət eləsin) Elçini,
məni və bəstəkar Xəyyam Mirzəzadəni məşhur Zaqatala şəlaləsinə baxmağa apardı. Akifin
nə vacib işi vardısa bizimlə getməmişdi. Qaz maşınıyla getmişdik. Qaydında çayı keçərkən
qəflətən sel gəldi, özü də elə ani, elə sürətlə gəldi ki,biz ancaq çayın ortasında maşından
düşüb özümüzü bir təhər sahilə çatdıra bildik. Kamandarmı ya təcrübəli surucumu dərhal
609
maşının bütün qapılarını açdı və su maşının içindən keçib axdı. Sonralar bizə izah etdilər
ki, qapılar bağlı qalsaydı və biz də tez maşından düşməsəydik, sel maşın qarışıq hamımızı
aparacaqdı. Yam-yaş sahilə çıxdıq. Şər qarışırdı. Kamandar da, bizi belə təhlükəylə üz-üzə
qoyduğuna görə peşmançılıq hissi keçirirdi, onu pərtlikdən çıxarmaq üçün zarafata
başladıq. Elçin mənə göz vurub üzünü Xəyyama tutdu: bu acağlardan bir-iki iri budaq
götürək əlimizə,-dedi- ətraf meşədi, ayıya-zada rast gələrik.
Gözləri bərəlmiş Xəyyam: - ciddi deyirsən? - deyə təlaşla xəbər aldı. Nə isə, bir
təhər gəlib Akifgilə çatdıq. İndi yenə düşünürəm, bu həqiqətən təhlukəli hadisədən
qorxmuşduqmu? Yox. Amma ona görə ki, təhlükənin, doğrudan da, böyük olduğunu yalnız
evə gələndən sonra söhbətlərdən anladıq, maşından dərhal çıxmağımızla,qapıları taybatay
açmaqla xilas olduğumuzu iş işdən keçəndən sonra başa düşdük.
Keçək od məsələsinə. Bir gecə Günel bizdə qalmışdı. O biri otaqda yatırdı. Demə bu
təsadüf bizi xilas edəcəkmiş. Gecənin bir çağında hamımız yuxudaykən Günel məni
çağırdı: Ata, tez bura gəl.
Gəldim, gördümi ki, elektrik sayqaçı alışıb yanır və alov hər an güclənir, bir neçə
saniyədən sonra pərdələr, sonra taxta mebel və kitablar alışacaqdı. Tez bir vedrəni suyla
doldurub alovun üstünə atdım. Alov söndü.
O vaxt heç nə düşünmədən ani hərəkətlər edirdim. Sonra başa düşdüm ki, əgər
kənardan, aralıdan atdığım suyla alışıb yanan elektrik sayqaç mənim vasitəmlə təmasa
girsəydi dərhal yanıb kül olacaqdım.
Amerika Birləşmiş Ştatlarında səfərdəykən bir gün təklif etdilər: nümayəndə
heyətinin üvzləri Universitetdə görüşə də gedə bilərlər, helikopterlə( dikuçarla) dənizdəki
neft platformasına da uça bilərlər. O vaxt Bakıda Özüllər zavodunun direktoru Faiq
Sultanov: mən özüllərə uçmaq istəyirəm-dedi. -Mən də səninlə uçacam -dedim Dördümüz,
pilot, Faiq, mən və tərcüməçi qız dikuçara mindik. Meksika körfəzindəki platformaların
birinə amerikalılar pivə və o birinə konyak deyirlər. Niyəsini soruşanda -biri ucuz başa
gəlib, o biri baha - dedilər. Nə isə göyə təzə qalxmışdıq ki, hava birdən birə tutuldu,
610
ildırım, şimşək çaxmağa başladı, şimşəklər dikuçarın hər təfərindən parlayırdı. Faiqdən: -
Belə havalarda siz də uçursunuz? - deyə xəbər aldım.
Bir qədər tərəddütlə: -hə -dedi. Gəlib platforma çıxdıq, yenə də şimşəkli, ildırımlı
səmayla geriyə qayıtdıq və yalnız yerə enəndə, Faiq: -Allaha dua edirdim ki, salamat
qurtaraq, biz heç belə havada uçardıq? Fikirləşirdim ki, yaxşı, mən mütəxəssisəm, mənim
peşəmdir, bu yazığın (yəni mənim) təqsiri nədir?
Səma təhlükələrindən başqa bir epizod:İtaliyadan qayıdırdıq, noyabr ayı idi.
Moskvaya çata-çatda elan etdilər ki, Moskva qəbul etmir, Leninqrada uçaçayıq. Təxminən
bir saatdan sonra yenə elan verdilər ki, Moskvaya qayıdırıq. Demə şassilər donub
açılmırmış və bu səfər də belə bir xətadan qurtardıq.
Səmayla bağlı daha bir epizod-mənimçün həm xilasedici, həm də kədərli, amma bir
çox dostum üçün faciəylə nəticələnmiş epizod…
Tofiq İsmayılov təzəcə Dövlət katibi təyin olunmuşdu. Eyni günlərdə hansısa
qohumu rəhmətə getmişdi. Yasa gəlmişdim. Çıxanda Tofiq məni qapıyacan ötürdü:- Sağah
Qarabağa uçuruq, - dedi,- biri gün qayıdan kimi görüşək, səninlə vacib söhbətim var.
İndi fikrləşirəm ki, əgər Tofiq mənə onunla getməyi təklif eləsəydi, şübhəsiz
gedəcəydim və faciənin qurbarlarından biri də mən olacaqdım. Sanki Allah özü məni nəyə
görəsə bu xətadan qurtarmışdı.
Torpaq, su, od, səma söhbətini sona yetirərkən bir hadisədən də danışmaq istəyirəm.
Əlbəttə bu hadisədə ölüm məsələsi yoxdu,amma öz-özlüyündə o da müəyyən qədər
təhlukəli əhvalat idi. İrana getmişdik, Bakıda, ad günümdə kimsə mənə video kamera
bağışlamışdı və ilk dəfə onu İranda sınaqdan keçirmək üçün özümlə götürmüşdüm.
Urmiyada bir iranlı tanışımız mehmanxanaya gəldi, Zemfirayla məni şəhəri gəzməyə
apardı. Maşını özü sürürdü. Şəhərin görməli yerlərində maşından düşürdük, kameranı işə
salırdım. Bir yerdə də beləcə çəkdiyim zaman bir əsgər bizə yanaşdı, farsca tanışımıza nəsə
dedi və o rəngi qaçmış halda kameranı məndən alıb-bağışlayın, indi gəlirəm-deyə əsgərlə
getdi. Onu xeyli gözləyəndən sonra ardınca biz də girdikləri qapıya tərəf getdik. Qapını
döydük, açdılar, bizi içəri buraxdılar. Yalnız bu vaxt məsələdən agah olduq.
611
Demə bura əmniyyət idarəsi imiş və kamerayla çəkdiyim kadrlara bu binanın bir
qırağı düşübmüş. Elə buna görə də tanışımızı sorğu-suala tutmuşdular. Kameranı istəyib
binadan çıxmağa cəhd edəndə məlum oldu ki, bu mümkün deyilmiş, qapıları bağlamış və
bizi İran əmniyyatının təcridxanasında az qala dustaq kimi saxlamışdılar. Rəisləriylə
görüşməyi tələb etdim. Bizi rəisin otağına apardılar. Otaqda başqa bir məmur da vardı.
İkisi də azərbaycanlı idi. Tanışımız çox pərişan görünürdü… Ayaq üstə ölüb getmişdi, axı
bizdən fərqli olaraq o İran vətəndaşı idi.
-Bizi niyə saxlayırsınız?-deyə soruşdum.
-Əmniyyət idarəsinin (bilmirəm İdarənin adını necə dedi, amma məsələni başa
düşdük)) videoya çəkdiyinə görə .
-Biz nə bileydik ki, bu nə binadır ?
-Gərək sizi müsafir edən biləydi
İranlı tanışımız:
-Mən də bilmirdim - dedi.
Məni hirs boğurdu, özümü güclə saxlayaraq:
-Axı kadra binanın bir parçası düşübsə bunun nə əhəmiyyəti var - dedim -indi
kosmosdan haranı desən çəkirlər.
-Buranı çəkmək yasaqdır,
-Mən bu kamerayla Amerikada Pentaqonu çəkmişəm - deyirdim, düz demirdim.
Pentaqonu - zadı çəkməmişdim, acıqca belə deyirdim.
-Pentaqonu çəkib neylədin? - mənimlə «sənlə» danışırdı.
-Ruslara satdım - dedim.
Zemfira pəncəyimin ətəyini çəkir, pıçıltıyla:
-Heç zarafatın yeridir - deyirdi, - görmürsən yumor-zad qanmırlar.
Əlqərəz xeyli çənə -boğaz olduq.
Sonralar Zemfirayla müzakirə edirdik ki, mehmanxanadan çıxanda heç kəsə hara və
kiminlə getdiyimizi deməmişdik, sabah vətənə dönməliydik. Bunlar bizi cəsusluqda
ittiham etməsələr də, hər halda üç-beş gün burada saxlaya bilərdi və bizimkilərdən heç
612
kəsin də bundan xəbəri olmazdı. Amma görünür, mənim ötkəm danışmağımın və deputat
nişanımın təsiri oldu. Axır ki, kameranı saxlamaqla bizi buraxdılar.
Gündüzdən danışmışdıq ki, urmiyəli dostumuz şəhər gəzintisindən sonra bizi evinə
aparacaq, amma o indi elə halda idi ki, heç üstünü vurmadı, bizi mehmanxanaya çatdırıb
tələsik xudahafihləşdi. Səhər tezdən kameranı gətirdilər, binaya aid kadrları pozmuşdular.
Dostları ilə paylaş: |