Yazılmışdır: 1918 İlk nəşri: 1924 İlk səhnə quruluşu: 1920 ƏŞxas



Yüklə 72,2 Kb.
səhifə4/4
tarix06.09.2017
ölçüsü72,2 Kb.
#29043
növüYazı
1   2   3   4

Doludur heybəsi altın, sərvət. 

İblis 

(qəhqəhə ilə) 



Onların tanrısı altındır, əvət. 

Xəstə qadın 

(qolundan tutduğu səqət çocuğu göstərir. Elxana) 

Bəyim! Allahı sevərsin, lütfən 


Bizə yol ver, gedəlim erkəndən. 

Növbətçi 

Kərbəlayə gediyorlar bunlar
Şu qadın xəstə, səqət oğlu da var. 

(burnu sarılı çocuğu göstərir) 

Çürüyüb burnu dökülmüş yaradan, 

(inildəyən anasına işarətlə) 


Bu da həp öylə, inildər hər an. 

Elxan 


Bunca zəhmət nə içinmiş, əcaba? 

Növbətçi 

Gediyorlar alalar bəlkə şəfa. 

Elxan 


Yoqmu İranda həkim? 

Xəstə qadın 

Var, pək çoq... 
Dərdimiz möhlik imiş, çarəsi yoq... 

Elxan 


Var, gözəl çarəsi var, dur orada, 
Bulunur dərdinizə şimdi dəva. 

(onlar da əvvəlkilərin yanına keçər) 

İblis 

(qafasını oynataraq, heyrət və hiddətlə) 



Dərdə baq, millətə baq, niyyətə baq! 
Ölülərdən ölülər feyz alacaq! 

Elxan 
(ətrafdakı haydutlara) 

Haydı, atəş!.. 

Tüfəklərin tətiyi çəkilir, papas xaç çəkər, şeyx ilə xaxam şaşqın bir halda gözlərini göyə dikər. 

Şeyx 

(müztərib) 



Aman, allah!.. 

Xəstə qadın 

(təlaş ilə) 

Bir dur! 

Elxan 

Xayır, ən kəskin ilac iştə budur. 



Yaşamaqdan daha xoşdur ölüm... 

Xəstə qadın 

Ah!.. 

Elxan 


Hazır ol! Bir, iki, üç... 

Nişançılar ortada sıraya duranları yaylım atəşilə qurşuna dizərlər. 


Həpsi 
Ah, eyvah!.. 

(deyə yaralı fəryad ilə yerə sərilir) 

İblis 


(istehzalı və atəşli qəhqəhələrlə) 

Xilqət atəşlə yaşarkən, heyhat! 


Bunlar atəşlə qılar tərki-həyat. 

Elxan 


(Vasifə, İbn Yəminin cənazəsini göstərir) 

Bana baq, izləməsəydin də dəmin, 


Ələ keçməzdi inan, İbn Yəmin. 
Xeyli məmnunim, əzizim, səndən, 
Söylə, yavrum, nə dilərsin bəndən? 

İblis 


(Rənayı göstərir) 

O gözəl afətə məftun şu çocuq. 

Elxan 

(Vasifə) 



İştə sən, iştə o... hiç maniə yoq... 

Vasif 


(Rənayə yaqlaşır) 

Nerdəsin, söylə, nə oldun, Rəna? 


Qurtaran kim səni? Bir söylə bana. 

Rəna 


(Arifi göstərir) 

İştə, qarşında... 

Vasif 

(Arifin əlini sıqar) 



Təşəkkür edərim. 

Arif 


(soyuq bir tevr ilə əlini çəkər, müstəhzi təbəssümlə) 
O bənim kəndi vəzifəm... 

Vasif 


Nə derim! 
Yapdığın bəncə böyük bir xidmət. 

Arif 


Bu təşəkkürlərə hiç yoq hacət. 
O bənim kəbəyi-vicdanımdır. 
O bənim sevgili cananımdır; 
Bəndən ancaq qoy o olsun məmnun. 

İblis 


(məmnun qəhqəhə ilə, ətrafa) 

Leyli birkən, ikiləşmiş Məcnun. 

Rəna 

(Vasifə xüsusi) 



Çünki sərsəmdir o, aldırma, bıraq! 

Vasif 


(Arifə) 

İstəməz bunca çocuqluq, bana baq


Ya sənin olmalı Rəna, ya bənim. 

Arif 


(ətrafa) 

Şübhə yoq, ah, o gözəl dürri-yetim 


Bəndən ayrılsa, həyatım bitəcək. 

(Vasifə) 

Onsuz ən tatlı təsəlli ölmək... 

(Revolverini çıqarır) 

Elxan 

Hiç təlaş etmə, əzizim, bir dur 


Baqalım sevgili Rəna nə diyor. 

Rəna 


(Arifə) 

Sən bənim əski pərəstişkarım, 

(Vasifi göstərir) 

Bu isə ən yeni bir dildarım; 


Haqqı, əfsus, edəməm bən inkar, 
Çünki tanrımla bənim əhdim var, 
Bulsa hər kim babamın qatilini, 
Bil ki, məmnun edər ancaq o bəni. 

İblis 
(Vasifə işarətlə) 

Əvət, əlbəttə onundur Rəna. 

Arif 


(İblisə qızğın) 

Yetişir vəsvəsə, vəz etmə ona. 

(Rənayə) 

Nə demək!.. Sən bu çürük lafı bıraq! 


Yoq, bu mümkün deyil əsla, bana baq! 
Bir düşün, əldə dururkən şu silah, 
Böylə təhqirə dayanmam... 

İblis 


Hah, hah!.. 
Söz qəvinindir, əvət. 

Rəna 


Arif! 

Arif 


Sus! 

(ətrafa təhəssür ilə) 

Ah, bir Vasifi görsəm... əfsus!.. 

(həyəcanlı və müztərib) 


Qardaşım, sevgili Vasif, bana gəl! 
Səni görsəm, bəni qorqutmaz əcəl. 

Vasif 


(etinasız bir tevr ilə revolverini çıqarır) 
Pək gözəl, qismətimiz hər nə isə, 
Yetişir tanrıdan ancaq o bizə. 

İblis 


(kinayəli qəhqəhə ilə göyə doğru) 

Qismət ondandır, əvət!.. 

Vasif 

(ətrafa) 



Ah, fəqət, 
Qardaşım Arifə qaldım həsrət. 

(yaralı bir ahənglə) 

Nerdəsin? Gəl bana, Arif!.. Əlan 
Kim bilir, bəlkə əcəl verməz aman. 

İblis 


(acı qəhqəhə ilə ətrafa) 

Nə tuhaf! Bir ananın evladı, 


Bilmədən bir-birinin cəlladı. 

Arif 


(silahını qaldırır, qızğın) 
Haydı!.. 

Rəna 


(ortalığa girər, təlaş ilə) 

Eyvah! 


Vasif 

Çəkil! 


Arif 

Durma, çəkil! 

İblis 

Hazır ol: Bir, iki, üç... 



(Silahlar açılır.) 

Vasif 


(düşər) 

Ah!.. 


İblis 

(Arifə) 


Səfil! 
Rəna 

Vasif! Eyvah!.. 

(Cənazə üzərinə qapanıb ağlar.) 

Arif 


(şaşqın) 

Nasıl? Vasifmi?! 

İblis 

(acı qəhqəhə ilə) 



Öylə ya, Vasif!.. O Vasif ki, səni 
Eşqi yıllarca əsir etmişdi, 
Sana qurban oluyor, baq, şimdi. 

Arif 


(şaşırır, Vasifə yaqlaşır, dəlicəsinə tədqiq edər, son 
dərəcə həyəcanlı ) 

Qardaşım ah, o əvət!.. 


(qucaqlar) 

Vasif! Oyan, 
Ah, visalın nə yaman oldu, aman! 
Şu vidain daha müdhiş... Vasif! 
Dur, bərabər gedəlim... 

(Əlindəki silah ilə intihar etmək istər.) 


Rəna 


(mane olur) 
Of, Arif! 

Biixtiyar silah Arifin əlindən düşər,Vasifə baqıb qorqar, geri çəkilir. İblisi sərsəmcə baqışlarla süzüb durur. 

İblis 

(məğrur qəhqəhələrlə) 



Bir zamanlar cəbərut aləminə 
Həp uçar, həp öyünürdün də, bu nə? 
Vurulub bir qıza pabus oldun, 
Xırsız oldun, meyə mənus oldun. 
Haqqı, vicdanı bıraqdın, getdin. 

(İxtiyar getdiyi tərəfə işarətlə) 

O səfilin qızını məhv etdin. 
Dökülən qanlara həp düşman ikən, 
Oldun öz qardaşının qatili sən. 

Arif 


(çılğın) 

Ah, bu sözlər bəni həp qəhr ediyor! 

Bu sırada həzin və rəqsavər bir musiqi səsi eşidilir və günəş 
batmağa başlar. 

İblis 


Dinlə! Bir baq, şu həzin səs nə diyor! 

Ağaclar arasından bir taqım iskeletlər çıqar, kəfənpuş olduqları halda 


süzülərək, qıvrılaraq rəqs edərlər. 

Arif pək az sürən rəqsi seyr ilə, qorqunc baqışlar, məcnunanə və şaşqın qəhqəhələrlə ölülər arasında dolaşıb durur. Kənardan kəndinə doğru gəlib, geri çəkilən Xavərin xəyalını görüncə, acı bir fəryad ilə. 

Arif 

Eyvah, ölülər rəqs ediyor, iştə fəlakət! 


Vasif belə, Xavər belə rəqs etmədə... heyrət! 
Hətta, şu üfüqlərdə sönən qanlı günəş də 
Həp rəqs edərək qeyb oluyor, seyr edin, iştə!.. 

Musiqi susar, rəqs bitər, ölülər səhnəyi tərk edər. 

İblis 
(şiddətli və istehzalı qəhqəhələrlə) 

Həp rəqs ediyor qanlı günəş,qanlı üfüqlər, 


Həp rəqs ediyor halə qəmər, pənbə şəfəqlər. 
Rəqs etmədə həp şerü dəha, hüsnü lətafət. 
Rəqs etmədə yıldızlı fəza, ruhi-təbiət. 
Hər fəlsəfə, hər dinü təriqət, bütün adət 
Rəqs etmədə həp olsa xəyal, olsa həqiqət. 
Həp rəqs ediyor hüznü sürur, eşqü fəlakət
Həp rəqs ediyor xeyirlə şər, elmü cəhalət... 
Rəqs etmədə, hətta, o görünməz ulu məbud, 
Rəqs etmədə hətta o vücudi-ədəmalud. 

İblis sözlərinə dəvam etdiyi sırada Arif əsəbi, xırçın hərəkətlərlə, donuq və məcnunanə baqışlarla nəzəri-diqqəti cəlb edər. 

Rəna 

Artıq yetişir... Söyləmə, İblis! 



Ümum 

(coşqun, İblisə) 

Sənsin bu cinayətlərə bais. 

Birinci haydut 

Səndəndir, əvət, cümlə xəyanət. 

Ümum 


Lənət sana... Lənət, sana lənət! 

İkinci haydut 

Ah, şimdi cəza bulmalı İblis! 

Ümum 


Qəhr olmalı, məhv olmalı İblis! 

Hər tərəfdən hücum etmək istərlər. 

İblis 

(gah istehzalı və məğrur, gah çılğın və qorqunc 


qəhqəhələrlə) 

İblis!.. O böyük ad nə qədər calibi-heyrət! 


Hər ölkədə, hər dildə anılmaqda o şöhrət. 
Hər qülbədə, kaşanədə, viranədə İblis! 
Həp Kəbədə, bütxanədə, meyxanədə İblis! 
Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət, 
Hər kəs bana aciz qul ikən, bəslər ədavət. 
Lakin bəni təhqir edən, ey əbləhü miskin! 
Olduqca müsəllət sana, bil, nəfsi-ləimin, 
Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın, 
Daim ayaq altında sönüb məhv olacaqsın. 
Bənsiz də, əmin ol, sizə rəhbərlik edən var: 
Qan püskürən, atəş savuran kinli krallar, 
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər, 
Altın və qadın düşgünü divanə bəbəklər. 
Bin hiylə quran tilki siyasilər, o hər an 
Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan; 
Onlarda bütün fitnəvü şər, zülmü xəyanət, 
Onlar duruyorkən bəni təhqirə nə hacət?! 
Onlar, əvət onlar sizi çignətməyə kafi, 
Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi... 
Bən tərk edərim sizləri əlan nəmə lazim! 
Hiçdən gələrək, hiçliyə olmaqdayım azim. 
İblis nədir? 
- Cümlə xəyanətlərə bais... 
Ya hər kəsə xain olan insan nədir? 
- İblis... 

Şiddətli və sürəkli qəhqəhələr içində yerin dibinə çəkilir, Arif əlilə saçlarını yaqalar və məcnunanə bir tevr ilə baqıb durur. Ətrafdakılarda da eyni şaşqınlıq dəvam edər. 



PƏRDƏ 

SON 
Yüklə 72,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin