Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


XIV MÖVZU Azərbaycan Xalq Cümhuriyyəti



Yüklə 332,19 Kb.
səhifə19/27
tarix02.01.2022
ölçüsü332,19 Kb.
#39777
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   27
1-1Az tarixi

XIV MÖVZU

Azərbaycan Xalq Cümhuriyyəti

PLAN

1.Azərbaycan Xalq Cümhuriyyətinin yaranması.

2.Azərbaycan Xalq Cümhuriyyətində dövlət quruculuğu.

3.Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti.

4.Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və tarixdə yeri.

ƏDƏBIYYAT

1.Azərbaycan tarixi.VII cilddə, V cild, Bakı, 2005, cəh.315-525.

2.Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti, Bakı, 1990.

3.Azərbaycan Demokratik Respublikası.Tarix, ictimai-siyasi və ədəbi-mənəvi həyat.Bakı,1990.

4.Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990.

5.Məmmədov V, Məmmədov Ç.Siyasi tarix, Bakı, 2004, səh.88-98.

6.Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində ( 1918-1920-ci illər).Bakı, 1990.

7. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

Zaqafqziya Federativ Respublikasının süqutu Cənubi Qafqazda üç müstəqil döv­lətin –Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarının yaranması ilə nə­ti­cələndi.

1918-ci il mayın 27-də keçmiş Zaqfqaziya Seyminin azərbaycanlı fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqaladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaradıldı. Şuranın sədri vəzifəsinə M.Ə.Rəsulzadə, İcraiyyə Komitəsinin sədri vəzifəsinə isə F.X.Xoyski (bitərəf) seçil­di.

Mayın 28-də Tiflis şəhərində Azərbaycanın istiqlaliyyəti haqqında AKT (əqd­namə)qəbul olundu. Eyni zamanda Milli Şuranın ilk iclası olan bu iclasda Azər­bay­­canın Dövlət Müstəqilliyi elan olundu.

Müstəqil Azərbaycanın “İstiqlal Bəyannaməsi” aşağıdakıları xalqa bəyan edirdi.

1.Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqa malikdirlər, Cənubi və Şəri Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu dövlətidir;

2.Müstəqil Azərbaycan dövlətinin siyasi quruluş forması Xalq Cümhuriyyətidir;

3.Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışır;

4.AXC öz sərhədləri daxilində millətindən, dinindən, cinsindən, dilindən sosial və­ziy­yətindən asılı olmayaraq bütün vətəndaşlarına vətəndaşlıq və siyası hüquqlar təmin edir;

5.AXC bütün millətlərə azad inkişaf üçün geniş imkanlar açır.

6.Məclisi-müəssisan çağırılana qədər Azərbaycanın idarəsi Milli Şura və onun qarşısında məsuliyyət daşıyan müvəqəti hökümətə həvalə edilir;

Beləliklə Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı –istiqlal Aktının qəbulu ilə Azərbaycan dövlətçiliyi dünyada Xalq Cümhuriyyəti formasında elan olundu.

Bu siyasi və hüquqi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edilmiş, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdır.

İstiqlal Aktinda “demokratik dövlətə mənsub atributların- hakimiyyətin xalqa məxsus olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmin eilməsi, bütün xalqların azad inkişafı üçün şərait yaradılması, hakimiyyətin bölünməsi kimi prin-siplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün dünyaya bəyan və nü­mayiş etdirirdi.

“İstiqlal Aktı” bəyannaməsi Azərbaycan millətinin milli –mədəniyyət (KULTUR-NATION) statusundan tamamilə başqa siyasi-hüquqi və mənəvi-psixoloji statusa –milli-dövlət (STATENATION) statusuna qədəm qoyduğunu göstərdi.

Milli Şuranın 28 may iclasında ilk Azərbaycan hökumətinin yaradıldığı da elan eildi.Hökumətin sədri F.X.Xoyski 1-ci hökumətin tərkibini elan etdi. Nazirlər Şurasının sədri və daxili işlər naziri F.X.Xoyski, Maliyyə və xalq maarifi naziri –N.B.Yusifbəyli, xarici işlər naziri –M.H.Hacinski; yollar və poçt-teleqraf naziri-X.bəy. Məlik Aslanov; Ədliyyə naziri- X. bəy. Xasməmmədov; əkinçilik naziri-Əkbər Şeyxülslamov; hərbi nazir –Xosrovbəy Sultanov: ticarət və sənaye naziri-M.Y.Cəfərov; dövlət nəzarəti naziri- Camo bəy Hacinski oldular.

1918-ci il mayın 30-da bütün dünya dövlətlərinin xarici işlər nazirliklərinə Azərbaycanın istiqlaliyyəti haqında hökumətin sədrinin imzası ilə teleqramlar göndərildi.

1918-ci ilin yayında Azərbaycanda siyasi vəziyyət ölkədə ikihakimiyyətlilik olması ilə səciyyələnirdi. Belə ki, Azərbaycanın şərq hissəsi (Bakı quberniyası)Bakıda fəaliyyət göstərən Xalq Komissarları Sovetinin təsiri ,qərb hissəsi(Yelizavetpol Quberniyası) Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin hakimiyyəti altında idi. Həmin dövrdə Azərbaycanda Almaniya, Rusiya və İngiltərə kimi üç böyük dövlətin maraqları toqquşurdu.Onların hər biri Bakı neftinə yiyələnmək istəyir və bir-biri ilə rəqabət aparırdı. Belə bir şəraitdə Azərbaycan hökuməti Azərbaycanın varlığını qoruyub saxlamaq üçün çevik siyasət yürütməli idi.

1918-ci ilin iyulunda İstanbulda mərkəzi Avropa və Cənubi Qafqaz ölkələrinin konfransında Azərbaycan diplomatik nümayəndəsi və onun rəhbəri M.Ə. Rəsulzadə bu ölkələrin nümayəndələri ilə siyasət, iqtisadiyyat maliyyə və hərbi problemlər barəsində danışıqlar aparmışdı.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məqsədilə M.Ə.Rəsulzadə Türkiyə hökumətinin rəhbərləri Ənvər Paşa və Tələt Paşa, həmçinin Almaniya səfiri Bernsdorfla xüsusi görüşlər keçirmişdi. Bu görüşlərdə Azərbaycanın qərb sərhədləri məsələsi xüsusi olaraq müzakirə edilmişdi.

Yeni yaranmış Xalq Cümhuriyyətinin zəifliyindən istifadə edən Bakı Soveti qoşunları Azərbaycanın digər regionlarına hərbi yürüşlər təşkil etdilər. Əsas istiqamət Kürdəmir və Gəncə istiqamətində idi. Azərbaycan hökumətinin hərbi qüvvələri Sovet qoşunlarının hücumlarını dayandırmaq və müdafiə olunmaq üçün kifayət qədər deyildi. Belə bir şəraitdə kənardan hərbi kömək tələb olunurdu. M.Ə. Rəsulzadə yazırdı ki, o zaman yaranmış şəraitdə yalnız Türkiyəyə ümid qalırdı və bu qardaş millət azərbaycanı düşmənlərin əlindən almalı idi.

1918-ci il iyunun 4-də Türkiyə ilə Azərbaycan Cümhuriyyəti arasında –dostluq haqqında müqavilə imzalandı. Müqavilənin giriş hisəsində deyilirdi.”Bir tərəfdən Türkiyə və digər tərəfdən suverenliyini elan etmiş Azərbaycan Cümhuriyyəti hökuməti öz ölkələri arasında siyasi, hüquqi, iqtisadi və mədəni əsasda səmimi dostluq münasibətlərinin təsbit edilməsi üzrə qarşılıqlı sazişə gəlir”

Türkiyə ilə müqavilənin bağlanması Azərbaycan dövlətçiliyinin beynəlxalq aləmdə təsdiq edilməsi və Azərbaycan türk millətinin müstəqilliyinin saxlanılmasında zəruri addım idi.

Batum müqaviləsinə əsasən Türkiyə ordusunun hərbi qüvvələri Nuru Paşa başda olmaqla Azərbaycan cümhuriyyətinin köməyinə gəldi. Qafqaz islam ordusunun hissələri iyun ayında Gəncə şəhərinə daxil oldu.Azərbaycan xalqı türk hərbi hissələri əsgərlərini duz-çörəklə qarşıladılar.

Elə bu zaman Tiflisdəki 18 günlük fəaliyyətindən sonra 1918-ci il iyunun 16-da milli şura və hökumət Gəncəyə köçdü, lakin Gəncədə fəaliyyət göstərmək o qədər də sakit və maneəsiz keçmədi. Gəncədə milli Şuraya qarşı çox güclü müxalifət var idi, müxalifətin fikrincə yeni hükumət col mövqedə duraraq inqilabi mövqeyə meyyli idi. “İlhaq”tərəfdarları olan bu dairələr Nuru Paşanı da öz tərəflərinə şəkərək Milli Şuranın buraxılmasına nail oldular.

1918-ci il iyunun 17-də iclasını keçirən Milli Şura yeni hökumət təşkil etməyə və özünün bütün vəzifələrini ona verməyə məcbur oldu.

M.Ə.Rəsulzadə bu vəziyyəti irticanın qələbəsi kimi qiyməyləndirmiş və göstərmişdir ki “Cənablar, gəlin ruhdan düşməyək və ümid edək ki,lap tezliklə Azərbaycanın paytaxtı Bakıda,Müəssisələr Məclisində görüşəcəyik. Yaşasın Azərbaycan!Yaşasın türk xalqı!”

Həmin iclasda “Müsavat” fraksiyası,bitərəflər və ittihadçılardan ibarət yeni hökumətin tərkibi təsdiq edildi.

Hökumət iyunun 23-də ölkədə yaranmış dərgin vəziyyəti nəzərə alaraq, bütün ölkə ərazisində hərbi vəziyyət elan etdi.

Yeni yaradılan hökumət kabinetində hərbi nazir vəzifəsi yox idi. Müsəlman korpusu Azərbaycan hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da “Azərbaycan Korpusu” adlndırıldı. Avqustun 13-də Azərbaycan korpusu yenidən quruldu. General Ə.Sıxlinişki bu korpusun komandiri idi.

Hökumətin 24 iyun 1918-ci il tarixli qərarına əsasən Azərbaycan Cumhuriyyətinin Dövlət Bayrağı qəbul edildi. Qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parçadan hazırlanmış bayraq qəbul olundu. 1918-ci il sentyabrın 9-da bu bayraq səthində ağ aypara və səkkizguşəli ulduz təsvir olunan bərabər endə mavi,qırmızı və yaşıl zolaqlar rəngində bayraqla əvəz edildi. Azərbaycan cümhuriyyətinin dövlət bayrağının bu üç rəngi rəmzi olaraq “türk milli mədəniyyətini,müasir Avropa demokratiyasını və islam sivilizasiyasını təmsil edirdi”.

1918-ci il sentyabrın 1-də Hərbi Nazirlik yaradıldı. F.X.Xoyski hərbi nazir, Səməd bəy Mehmandarov isə onun müavini oldu. Lakin qısa müddət ərzində yüksək döyüş qabiliyyətinə malik ordu yaratmaq çox çətin idi.Ordunun qurulması və Bakının azad edilməsində türk hərbçilərinin əvəzsiz xidmətləri olmuşdur.

Hərbi quruculuqla yanaşı Azərbaycan hökuməti digər tədbirlər də həyata keçirdi. Hökumətin əsas vəzifələri dövlət idarələri, məhkəmə və məktəb sisteminin milliləşdirilməsindən ibarət idi. 1918-ci il iyunun 27-də Azərbaycan türk dili dövlət dili elan olundu.

Azərbaycan hökumətinin qarşısında duran ən mühüm vəzifə Bakını işğaldan azad edərək onu Cümhuriyyətin paytaxtı elan etməkdən ibarət idi. Çünki Azərbaycan xalqının düşmənləri hər vasitə ilə Bakını Azərbaycandan ayırmaq və Rusiyanın bir quberniyasına çevirmək istəyirdilər.

Avqust ayında Xəlil Paşanın 36-cı diviziyası və Azərbaycan Əlahiddə Korpusunun döyüşçüləri Bakını azad etmək uğrunda həlledici döyüşlərə başladı­ar.Bu dövrdə Bakıda “Mərkəzi Xəzər Respublikası”adlı oyuncaq hökumət mövcud idi. Eyni zamanda İngilis qoşunları da general Denstervilin başçılığı altında Bakıda ağalıq edirdilər.

Həlledici hücum sentyabrın 15-də səhər başladı.Həmin gün ingilislər Xəzər dənizi vasitəsilə İranın Ənzəli şəhərinə çəkildilər. Onların arxasınca oyuncaq hokumətn üzvləri və ermənilər Bakıdan tələsik qaçdılar. Yerli müsəlmanlara, Azərbaycanın digər bölgələrindən olan könüllülərə ermənilərin yaşadığı yerlərdə tam hərəkət sərbəstliyi verildi.Lakin sentyabrın 17-də Bakıya daxil olmuş Azərbaycan hökuməti kütləvi qırğın törədilməsinin qarşısını aldı.

Yayılmış hökumət məlumatında bildirildi ki,Azərbaycan hökuməti şəhər və onun ətraf əhalisinin milliyyət və dinindən asılı olmayaraq,bütün vətəndaşların həyatı,əmlakı və hüququ eyni dərəcədə qorunacaq.

Sentyabrın 18-də Türk qoşunları da Azərbaycan hökumətinin iradəsinə uyğun olaraq paytaxta daxil oldular,əhali onları xilaskar kimi qarşıladı.

Beləliklə Bakı azad edildi və Azərbaycan hökuməti tam heyyətdə əsl pay-taxtda qərarlaşdı. Bakıya köçdükdən sonra Azərbaycan hökuməti Bakı XKS-nin bütün tədbirlərinin ləğv olunduğunu elan etdi və özü sosial islahatlar keçirməyə başladı.

Sentyabrın 14-də Hökumət Müəssislər Məclisinin seçkiləri üzrə F.X.Xoyskinin rəhbərliyi altında komisiyya yaratdı. Lakin bu komissiyanın işi müxtəlif səbəblərə görə ciddi nəticə vermədi. Bu vaxt I Dünya müharibəsinin yekunlarına həsr olunmuş konfransın vaxtı yaxınlaşırdı. Həmin konfransda Azərbaycanı təmsil edəcək siyasi orqanın olmasına ehtiyac var idi.Ona görə də Müəssislər Məclisinə süçkilər üzrə komissiya müvəqqəti Parlament yaratmağı təklif etdi.

İlk növbədə Milli Şuranı bərpa etmək lazım idi.Nəhayət 5 aylıq fasilədən sonra noyabrın 16-da Milli Şura yenidən toplanaraq Parlamentin yaradılmasını müzakirə etdi və noyabrın 20-də bu haqda qərar verildi.

Qanuna görə birpalatalı parlamentə seçkilər gizli keçirildi. Azərbaycanın rəhbər xadimləri seçkiləri milli təmsilçilik prinspi əsasında keçirməyi məqsədəuyğun saydılar və bununla da respublikada millətlərarası sülhün tam bərqərar edilməsi üçün real şərait yaratdılar.

Noyabrın 29-da M.Ə.Rəsulzadənin imzası ilə Milli şuranın “Bütün Azərbaycan əhalisinə”müraciəti dərc olundu.Həmin müraciətdə Milli Şuranın parlamentə çevrilməsi niyyəti açıqlandı.

Milli Şura noyabrın 25-də rus və erməni milli şuralarına öz nümayəndələrini parlamentə göndərmək təklifi ilə müraciət etdi.Onlar ilk dövrdə etiraz etsələr də, Tomsonun yeni yaradılacaq hökumətə hərtərəfli yardım edəcəyi haqqında verdiyi bəyanatdan sonra onlar parlamentə öz nümayəndələrini göndərdilər.

Parlamentin əsas özəyini keçmiş Milli şuranın 44 üzvü təşkil edirdi. Daha 36 müsəlman deputat isə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalardan seçilmişdi.Nəzərdə tutulan 120 deputatdan 80 nəfəri müsəlman əhalini, 21 nəfər erməni, 10 nəfəri rus, 4 nəfər də alman, yəhudi, gürcü və polyak azlıqlarını təmsil etməli idi. Həmkarlar təşkilatlarına 3 yer, Neft və Ticarət Sənaye Şurasına 3 yer ayrıl­mışdı.

1918-ci il dekabrn 7-də müsəlman şərqi tarixində ilk dəfə olaraq parlament-AXC-nin ali qanunverici orqanı öz işinə başladı. Parlamentin açılışı böyük təntənə ilə keçdi.Bakı şəhəri bayram içində idi,insanlar bir-birini təbrik edirdilər. Parlamentdə 3 fraksiya və qrup təmsil olunmuşdu.

Parlamentin birinci iclasını Milli Şuranın və “Müsavat”partiyasının lideri M.Ə.Rəsulzadə açaraq,nitqində Azərbaycan Cümhuriyyəti qarşısında duran ən mühüm məsələlər barədə fikirlərini söyləyib, başlıca məsələnin azadlıq və müstəqillik ideyalarının gerçəkləşdirilməsi olduğunu vurğuladı.

M.Ə.Rəsulzadə parlamentin sədri və onun müavinin seçilməsi təklifi ilə çıxış etdi və “Müsavatın”adından çıxış edən Ş.Rüstəmbəyov parlamentin sədri vəzifəsinə Əlimərdan Bəy Topçubaşov və müavin vəzifəsinə isə Həsən bəy Ağayevin nami-zədliyini irəli sürdü. Səsvermə nəticəsində onların namizədliyi təsdiq edildi.Sonra parlament baş nazir F.X.Xoyskinin hökuməti adından hökumətin daxili və xarici siyasəti haqqında hesabat məruzəsini dinlədi.

1918-ci il dekabrın 26-da F.X.Xoyskinin rəhbərliyi ilə yeni koalision (üçüncü) hökumət təşkil olundu. Həmin hökumətdə müsavatçılar, sosialistlər, slavyan-Rus cəmiyyəti və bitərəflər təmsil olunmuşdular.

.Hökumət qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın ərazi bütövlüyünü qoruya biləcək güclü ordunun təşkil edilməsindən ibarət idi.Maarif sahəsində, xüsusi olaraq Azərbaycan –türk dilinin dövlət dili kimi geniş işlədilməsi, ölkədə yaşayan bütün xalqların mədəni inkişafı üçün bərabər şəraitin yaradılması kimi vəzifələrin qoyulduğu bəyan edilirdi.Ərzaq probleminin həlli, nəqliyyatın inkişafı, Azərbaycan pulunun buraxılması, ədliyyə və məhkəmə sistemində ədalət prinsipinin bərqərar edilməsi və s.tədbirlər görüləcəyi vəd edilirdi. Torpağın əvəzsiz olaraq əkinçiyə verilməsi nəzərdə tutulurdu.

Lakin hökumət daxilində gedən ziddiyətlər və F.X.Xoyskinin xəstə olması üçüncü kabinetin buraxılmasına gətirib çıxardı. Elə həmin vaxt N.bəy Yusifbəylinin sədrliyi ilə yeni hökumət kabineti təşkil olundu və “İttihad”partiyasından başqa bütün partiyalar yeni kabineti müdafiə etdilər.Yeni hökumətin də qarşısında əsas vəzifə suveren dövlətçilik prinsipindən ibarət idi. Demokratik, hüquqi dövlətin əsas əlamətlərini təşkil edən söz, vicdan, mətbuat, yığıncaq, həmkarlar ittifaqları azadlıqlarına təminat verilirdi. Neft siyasəti ,ordu quruculuğu, xaıq təhsili, ümumi icbari təhsil məsələlərinə hökumət bəyanaməsində xüsusi diqqət verilirdi.Beləliklə 1919—cu il aprelin 14-də Azərbaycan parlamenti 4-cü hökümət kabinetini təsdiq etdi.

Yeni hökümətin əvvəlki hökümətlərdən fərqi ondan ibarət idi ki, o, Rusiya ilə münasibətləri dirçəltməyə çalışırdı. Yeni hökumət öz səlahiyyətlərinin icrasını çox çətinliklə həyata keçirirdi. Bir yandan bolşeviklərin fəallaşması və onların rəhbərliyi altında tətillərin keçirilməsi, bir yandan da Denikin ordusunun Azərbaycana hücumu vəziyyəti daha da kəskinləşdirirdi. Eyni zamanda Rusiya hökuməti də Azərbaycanın daxili işlərinə qarışır, Türkmənçay müqaviləsini bəhanə gətirərək Xəzərdə üzən Azərbaycan gəmilərinin Rus bayrağı altında üzmələrini tələb edirdi.

Lakin Azərbaycan Dövlət Müdafiə Komitəsi Rusiyanın bu tələbinə sərt cavab verərək göstərdi ki, həmin müqavilə Rusiya və İrana aiddir və Azərbaycan hərbi və ticarət gəmiləri Azərbaycan bayrağı altıda üzəcəkdir.

1919-cu ilin ortaları Azərbaycanda təkcə daxili və xarici problemlərlə deyil, eyni zamanda gənc demokratik dövlətin müstəqil həyatının ildönümü ilə yadda qaldı.

Azərbaycan xalqının müstəqil siyasi həyat yoluna qədəm qoyduğu vaxtdan 1 il keçirdi. Bu l il ciddi mübarizə və ağır sınaqlar ili oldu.Hökumət müraciətində deyilirdi: “1919-cu ilin mayın 28-i Azərbaycan Cümhuriyyətinin milli bayramıdır. Bu elə bayramdır ki, onun xatiri ümumazərbaycan vətəndaşları üçün daima möhtərəm və müqəddəs sayılacaqdır.Bu vaxt ərzində Azərbaycan türkləri özlərinin müstəqil, azad yaşamağa layiq olduqlarını gözəl surətdə göstərib, dövlət təşkilinə istedad və qabiliyyət yetirdiklərini sübut etdilər”.

Azərbaycanda dövlətçiliyin təşəkkül tapması iqtisadiyyatın və ordunun tamamilə yenidən qurulmasını tələb edirdi. Lakin I Dünya müharibəsi, Azərbaycanda həmin dövrdə baş alıb gedən anarxiya, təsərrüfat dağınıqlığı gənc hökuməti böyük çətinliklərlə qarşılaşdırdı.Hökumətin iqtisadiyyat sahəsində əsas vəzifələri yalnız təsərrüfat sahələrinin bərpa edilməsi deyil, həm də yeni iqtisadi sistemin prinsiplərini müəyyən-ləşdirmək və həmin prinsiplər əsasında islahatlara başlamaq idi.

Azərbaycan Cümhuriyyətinin iqtisadi və siyasi platforması bütün vətəndaşların həqiqi huquq bərabərliyini təmin edərək,demokratik bir cəmiyyət qurmağı nəzərdə tuturdu.Bu məqsədə çatmağın əsas vasitəsi mülkiyyət formasının müxtəlifliyi prinsipini həyata keçirməkdən , dövlətə, xüsusi şəxslərə, özünüidarə orqanlarına məxsus mülkiyyət formalarının inkişafı üçün demokratik şəraiti təmin etməkdən ibarət idi.

1919-cu il fevralın 4-də torpaq islahatı haqqında qanun layihəsi hazırlamaq üçün Səməd bəy Ağamalıoğlu başda olmaqla xüsusi parlament komissiyası yaradıldı. Komisiyanın qərarına görə:

1.Respublika ərazisində bütün torpaqlar dövlətin mülkiyyətindədir;

2.Torpaq əvəzsiz olaraq dövlətin ixtiyarına keçitr;

3.Əvvəlki mülklərinin müəyyən hissəsi sahibkarların istifadəsi üçün özündə qalır;

Azərbaycan Cümhuriyyətinin iqtisadi tədbirlərindən biri də gənc respublikanın maliyyə sistemini tənzimləmək və xəzinədə vəsait toplanmasına nail olmaq idi. Lakin Azərbaycan Cümhuriyyətinin maliyyə vəziyyəti çox ağır idi. Parlament dağılmış iqtisadiyyatı bərpa etmək məqsədi ilə bir sıra qanunverici aktların hazırlanmasına başladı.Bu aktlar ilk növbədə kredit, vergi, bank və gömrük sahələrinə aid idi.Dövlət vergi siyasətinin formalaşmasına yardım edən qanunlar zərfi hazırlanmışdı.

Sentyabrın 30-da Dövlət Bankının açılışı oldu. Gəncə bankı isə Dövlət Bankının şöbəsi statusu aldı.

Parlament 1920—ci il yanvarın 15-də kənddəki sahibkarlara, sənətkarlara, sənayeçilərə, şirkətlərə inventar, mal-qara, toxum almağa yardım göstərmək üçün xırda kredit haqqında qanun qəbul etdi. AXC-nin iqtisadi tədbirləri sırasında ən əhəmiyyətlisindən biri də qonşu və xarici dövlətlərlə iqtisadi əlaqə yaratmaqdan ibarət idi.Cümhuriyyət 1918-ci il iyunun 4-də Türkiyə, 1919-cu ilin mayında İraq, İngiltərə, Amerika, Fransa, İtaliya ,Gürcüstan, Dağıstan, Orta Asiya dövlətləri ilə iqtisadi əlaqələr yaratmağa nail olmuşdu.

Azərbaycan Cümhuriyyəti öz fəaliyyətində milli mədəniyyətin –təhsil, ədəbiyyat, elm və incəsənətin inkişaf etdirilməsinə xüsusi diqqət yetirildi. Hökumətin 1918-ci il 28-avqust tarixli qərarı ilə bütün ibtidai tədris müəsssisələrində təhsil ana dilində aparılır, eyni zamanda dövlət dili icbari qaydada tədris olunurdu.5-ci sinifdən başlayaraq şagirdlər rus dilində oxuyur, lakin türk dilini məcburi fənn kimi öyrənirdilər. Lakin pedoqoji kadrların çatışmazlığı, lazımı dərsliklərin olmaması təhsilin milliləşdirilməsinə əngəl törədirdi. Hökumət azərbaycanlı şagirdlərin təhsilinə xüsusi diqqət yetirdi.

Azərbaycan hökumətinin ən mühüm təşəbbüslərindən biri də əlifba islahatının keçirilməsi idi. 1919-cu ilin martında X.Məlik-Aslanovun sədrliyi altında əlifba islahatı üzrə komissiya yaradıldı.

Azərbaycan hökuməti pedoqoji kadırların hazırlanmasına böyük əhəmiyyət verirdi.Pedoqoji kadrlara olan ehtiyacın ödənilməsi üçün Maarif Nazirliyi tərəfindən hər ildə respublikanın müxtəlif yerlərində seminariya açılması nəzərdə tutulurdu. Eyni zamanda Qori Müəllimlər Seminariyasının Azərbaycan Şöbəsi Qazax şəhərinə köçürüldü və müstəqil seminariyaya çevrildi. Parlamentin 1919-cu il iyulun 19-da qəbul etdiyi qanuna əsasən Qazax, Şəki, Şuşa, Quba, Zaqatala, Salyan, Gəncə və Bakıda iki aylıq pedoqoji kurslar açıldı. Kursların hər birində azı 50 müəllim hazırlanırdı.

Azərbaycan hökuməti Bakı şəhərində Universitetin açılmasına böyük dövləti əhəmiyyət verirdi.Lakin Universitetin açılması, tədrisin hansı dildə aparılması ilə əlaqədar müxtəlif fikirlər mövcud idi. Bununla əlaqədar M.Ə.Rəsulzadə Parlamentdə müzakirə zamanı demişdi.”Univesitetdə türk –azərbaycan dili keçiriləcək tələbələrin özləri də Bakıda ,öz doğma xalqı içərisində özlərini rahat hiss edəcəkdir”.

1919-cu il sentyabrın 1-də Parlament Bakıda Dövlət Universitetinin təsis edilməsi haqqında qanun qəbul etdi. Qanunda Universitetin dörd fakültədən : tarix-filologiya, fizika –riyaziyyat, hüquq və tibb fakültələindən ibarət olduğu göstərilmişdir. Bakı Univesitetinin ilk ilk rektoru prof. V.İ. Razimovski olmuşdur. İlk vaxtlar dərs demək üçün Moskva ,Rostov,Xarkov universitetlərindən görkəmli alimlər dəvət olunurdular.

İlk tədris ilində təhsil alan tələbələrin sayı 877 nəfər idi.Təssüf ki, bu tələbələrin çox az hissəsini azərbaycanlılar təşkil eirdi.

Müstəqilliyini elan etmiş gənc Azərbaycan Cümhuriyyəti xarici siyasət məsələlərinə xüsusi diqqət yetirdi. Müstəqilliyin qorunub saxlanması daxildən daha çox xarici amillərlə də bağlı idi. Ona görə də belə bir mürəkkəb şəraitdə Azərbaycan siyasətçiləri çevik manevr etmək bacarığına malik olmalı idilər. Xarici siyasət konsepsiyasının hazırlanması və həyata keçirilməsində Xoyski, Hacınski, Cəfərov, Ziyadxanlı , Topçubaşov, Rəsulzadə, Ə.Ağayev, Yusifbəyli və sair kimi görkəmli şəxsiyyətlər böyük rol oynamışlar.

Azərbaycan xarici siyasətində başlıca yeri qonşu dövlətlərlə mehriban münasibətlər yaratmaqdan ibarət idi.

Azərbaycan Cümhuriyyətinin yaranmasından sonra Azərbaycan –Türkiyə münasibətləri yeni mərhələyə, dövlətlərarası münasibətlər mərhələsinə qədəm qoydu. 1918-ci il iyunun 4-də Azərbaycan ilə Türkiyə arasında Batum şəhərində dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə bağlanmışdı.

4 iyun müqaviləsi əsasında Azərbaycan dövlət rəsmiləri Rəsulzadə və Hacinski Türkiyə hökumətinə hərbi yardım göstərilməsi ilə əlaqədar müraciət edilmişdi.

Azərbaycan – Türkiyə münasibətlərinin inkişafında Ə.M.Topçubaşovun İstanbula getməsi və Azərbaycan hökumətinin fövqaladə səlahiyyətli naziri kimi işə başlanmasının böyük rolu olmuşdur.

1918-ci ilin oktyabrında Ə.M.Topçubaşov Türkiyənin rəsmi dairləri ilə bir sıra görüşlər keçirdi. Bu zaman Türkiyə və eləcə də Azərbaycan üçün çox ağır olan Mudros müqaviləsi (30 oktyabr) bağlandı. Həmin müqavilənin 11-ci bəndinə görə Türkiyə ordusu tezliklə Azərbaycanı tərk etməli, Bakının Antanta qoşunu tərəfindən tutulmasına etiraz etməməli idi. Noyabrın 4-də Ə.M.Tobçubaşov Azərbaycan hökuməti adından Mudros barışığının Azərbaycana aid maddələrinə etirazını bildirdi. Artıq noyabrın 10-dan Türkiyə qoşunları Azərbaycandan çıxarılmağa başlandı və bununla AXC-nin xarici siyasətində Türkiyə arientasiyası dövrü başa çatdı.

1918-ci il noyabrın 17 –də Bakıya İngilis qoşunları daxil oldular. General Tomson Xoyski hökumətini yeganə təsirli hökumət kimi qəbul etdi və bildirdi ki, Böyük Britaniya hökuməti Azərbaycan hökumətini bu ölkənin ərazisində yeganə qanuni hakimiyyət kimi tanıyır.

1919-cu ildən başlayaraq İngiltərə-Azərbaycan əlaqələri, Bakıdakı İngilis ko-mandanlığı və İstanbuldakı İngilis hərbi və diplomatik nümayəndəliyi vasitəsilə həyata keçirilirdi.

Azərbaycan xarici siyasətinin qarşısında duran ciddi məsələlərdən biri qonşu dövlətlərlə qarşılıqlı mehriban münasibətlər yaratmaq və Qafqaz həmrəyliyinə nail olmaq idi. AXC parlamentinin Dağıstan, Gürcüstan və Ermənistana göndərdiyi müraciətdə deyiirdi:” Qafqaz elə bir vəziyyət qarşısındadır ki, bu ərazidə qurulmuş cümhuriyyətlər müqabil dostluq və həmrəylik etmədən yaşaya bilməzlər”.

Bu dövrdə Ermənistanla xarici siyasət məsələlərində çox gərgin vəziyyət yaranmışdı. 1918—ci ilin yayıdan başlayaraq türk xalqının qəddar düşməni olan Andronik Naxçıvan və Zəngəzur bölgələrində Azərbaycan sərhədlərini pozub, dinc əhaliyə qarşı kütləvi qırğınlara başladı. Azərbaycan torpaqlarının müsəlman əhalisindən təmizlənməsi siyasətinə bilavasitə Ermənistan hökuməti rəhbərlik edirdi.

Bu təhlükənin qarşısını almaq üçün Azərbaycan hökuməti bir sıra zəruri addımlar atdı. 1919-cu il yanvar ayında Şuşa, Cavanşir,Cəbrayıl və Zəngəzur qəzalarını Gəncə quberniyasından ayırıb, Qarabağ General –qubernatorlğu yaradıldı.Xosrov bəy Sultanov general-qubernator təyin edildi və tapşırıldı ki, Qarabağda seperatizm hərakatını ləğv edib, qayda qanun yaradsın və yerli hakimiyyəti təşkil etsin.

Azərbaycan xarici siyasətin ən böyük uğurlarından biri nümayəndə heyətinin Paris sülh konfransında iştirakı və Azərbaycanın Dünya dövlətləri tərəfindən tanınmasına nail olmaqdan ibarət oldu. Bu konfransda Topçubaşov, Hacınski, Şeyxülislamov, Ə.Ağayev Azərbaycan nümayəndə heyəti kimi fəaliyyət göstərərək böyük uğurlar qazanmışdılar.1919-cu il mayın 28-də nümayəndə heyəti ABŞ pezidenti V.Vilson ilə görüşərək Amerikanın yardımını ala bilmişdilər. Paris sülh konfransının iştirakçıların respublikadakı siyasi vəziyyətlə tanış etmək üçün nümayəndə heyəti böyük işlər görmüşdülər.

1920-ci ilin yanvarın 19-da Paris sülh konfransı ali şurasının hökumət başçılarının iştirakı ilə keçirilən iclasında Cənubi Qafqaz respublikaları problemi müzakirə edilərək Azərbaycan Gürcüstan respublikalarının de -fakto tanınması haqqında qərar qəbul etmişlər. Bir çox ölkələr-Belçika, İsveçrə, Hollandiya, Çexiya,Slovakiya Bakıda öz konsulluqlarını açmağa başladılar. İtaliya hökuməti isə burada öz nümayəndəliyini yaratdı. 1920-ci ilin aprelin ortalarında Azərbaycan parlamenti İngiltərə, Fransa , İtaliya, ABŞ və başqa ölkələrdə diplomatik nümayəndələrinin açılması haqqında qanun qəbul etdi. Bakıda 20 –dən çox ölkənin diplomatik missiyası fəaliyyət göstərirdi.

1920-ci ilin yazından müsəlman partiya və qruplaşmaları -“Müsavat”, “Əhrar”, “İttihad”, sosialistlər, komunistlər arasında sabitsizliyi dərinləşdirən mübarizə daha da dərinləşirdi. Ən kəskin ziddiyyət “Musavat” ilə “İttihad” arasında gedirdi. Respublikada siyasi vəziyyətin sabit olmaması parlamentin və hökumətin içində də öz əksini tapdı. Bolşevik təhlükəsinin real olduğunu nəzərə alan F.X.Xoyski hökumətindən respublikada fövqaladə vəziyyət tətbiq etməyə, parlamentin buraxılmasını və Müəssislər Məclisinə seçkilər keçirilməsini tələb etdi.

Sovet Rusiyasına münasibət məsələsi Azərbaycanın siyasi partiyaları arsında əsas ziddiyətlər nöqtəsinə çevrilmişdi.Sovet Rusiyası ilə real münasibətlərə əsas tərəfdar daxili işlər naziri M.H.Hacınski, əleyhdar isə F.X.Xoyski idi.

1920-ci ilin əvvələrindən Rusiya Azərbaycanın daxili işlərinə daha çox təzyiq göstərməyə başladı. Rusiya Xarici işlər naziri Çiçerin Azərbaycanın Rusiya ilə hərbi İttifaqdan boyun qaçırmasına cavab olaraq yanvarın 23-də Azərbaycana nota göndərdi. Rusiya bununla Azərbaycanı hərbi münaqişəyə (Denininə qarşı) çəkməyə çalışırdı.

1920-ci il martın 17-də V.İ.leninin Qafqaz cəbhəsi Hərbi-İnqilab Şurası adından göndərdiyi teleqram Sovet hökumətinin Azərbaycana münasibətindəki gizli niyyətindən xəbər verirdi.V.İ.Lenin göstərirdi ki, “bizim üçün Bakını ələ keçirmək son dərəcə vacibdir. Bütün səyləri bu istiqamətə yönəldin, həm də bəyanatlar sırf diplomatik olmalıdır”Bu dövrdə Azərbaycan kommunist təşkilatları əsas gücü fəhlələrin və döyüş dəstələrinin silahlanmasına sərf edir, silahlı üsyan hazırlanmasını özlərinin ən yaxın məqsədləri hesab edirdilər. Azərbaycan kommunistləri Moskvadan göstərişlər alırdılar. Bakıya bolşevik fəalları, silah və pul gətirilirdi.

Kommunistlərin aprelin 22-də keçirilən müşavirəsində Bakıda silahlı üsyan planda hazırlanmışdı. Plana görə aprelin 27-də Bakıda kommunistlər silahlı çıxışa başlamalı və XI ordu dəstələri Azərbaycan sərhəddini keçməli idilər.

Aprelin 27-də komunistlərin silahlı dəstələri həm şəhər daxilində, həm də onun kənarlarında ən mühüm obyektləri, dəmir yol vağzalını, poçtu, teleqrafı, radiostansiyanı, polis məntəqələrini , iri neft mədənlərini, hərbi və ticarət limanını ələ keçirməyə başladılar.

Bakıda baş verən aprel hadisələrində Xəzər Hərbi Donanması əsas rol oynadı. Hakimiyyətin iki saat ərzində Azərbaycan İnqilab Komitəsinə təhvil verilməsini ultimatumla tələb edən hərbi gəmilər sahilə düzülərək topları hökumət orqanları binalarına tuşladılar. Azərbaycan komministləri adından Parlamentə hakimiyyətin N.Nərimanovun başçılıq etdiyi Sovet fəhlə -kəndli hökumətinə vermək haqqında ultimatum Ç.İldırım tərəfindən təqdim olundu.

Parlamentdə həmin ultimatun müzakirə edilərkən M.Ə.Rəsulzadə demişdi. ”Bu ultimatunun qəbul edilməsi hakimiyyəti dost maskası geyinmiş düşmənə vermək deməkdir. Biz buraya millətin iradəsi və arzusu ilə gəlmişik və bizi buradan yalnız güc və süngü ilə çıxarmaq olar”. Bunula belə vətəndaş müharibəsi təhlükəsini nəzərə alan “Müsavat“ fraksiyası Azərbaycanın müstəqilliyi saxlanacağı şərtlə ultimatunu qəbul etmək haqqında çoxluğun fikrinə qoşulmağı vacib bildi.

1920-ci aprelin 27-dən 28-nə keçən gecə parlament hakimiyyəti Müvəqqəti İnqilab komitəsinə təhfil verdi. Komitə Rusiya hökumətinə yardım etmək haqqında müraciət etdi.Parlament hakimiyyəti (axşam saat 11-də) təhvil ermək haqqında şərtlər də irəli sürdü:

1.Sovet hakimiyyəti tərəfindən idarə edilən Azərbaycanın tam müstəqilliyi saxlanılır;

2.Az.Kp-nın yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;

3.Azərbaycanın qəti idarə formasını Azərbaycannın Ali qanunverici orqanı (parlament) müəyyən edəcəkdir;

4.Hökumət idarələrinin bütün qulluqçuları öz yerlərində qalır;

5. Yeni təşkil olunan kommunist hökuməti parlament üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir;

6.Hökumət XI ordunun döyüşlə Bakıya girməsinin qarşısını almaq üçün tədbirlər görəcəkdir.

Lakin aprelin 27-si axşam saat 21-də Biləcəri stansiyası Sovet zirehli qatarları tərəfindən tutuldu, səhər saat 4 də (28 aprel) “III Beynəlmiləl” zirehli qatarı Bakı stansiyasına daxil oldu.Aprelin 30-da XI ordunun əsas hissələri şəhərə daxil oldular. Həmin gün 7-ci süvari divizyanın hissələri Şamaxı və Ağsuya daxil oldular, mayın 1 də isə Gəncə stansiyası ələ keçirildi.

\\ AXC hakimiyyətinin devrilməsi ciddi daxili və xarici səbəblərin nəticəsi idi.1920-ci ilin yazında Respublikada siyasi sabitlik daha kəskin şəkildə pozulurdu.23 ay ərzində 5 hökumət kabinetinin bir –birini əvəz etməsi həmin ziddiyətlərin nəticəsi idi.

Respublikada vəziyyəti mürəkkəbləşdirən digər ciddi amil o idi ki, hökumət erməni daşnakları ilə mübarizəyə həddindən artıq iqtisadi və hərbi ehtiyatlar cəlb etmək məcburiyyətində qalmışdı.Belə vəziyyətdən yararlanan Sovet Rusiyası açıq müdaxiləyə keçərək AXC-ni devirə bildi.Cümhuriyyətin yaranması, uğursuzluğuna baxmayaraq, onun 23 aylıq fəaliyyəti Azaərbaycan xalqının tarixi taleyində çox mühüm hadisə idi.O, qısa müddətdə parlamenti, hökuməti, ordusu və pul vahidi olan demokratik respublikaya çevrildi.

M.Ə. Rəsulzadənin təbirincə desək, Cümhuriyyət dövründə Azərbaycan xalqı demokratiyanın azda olsa dadını görmüş oldu.


Yüklə 332,19 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin