Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə93/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   89   90   91   92   93   94   95   96   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

520 


olduğuna əmin olanda, əlini yellədi. Araba tərpəndi. Qabaqdakı arabada Məsti oturmuşdu. 

Şəhərin səssiz küçələrindən keçən arabalar kərpic bir evin qabağında durdular. Deyəsən, onları 

gözləyirdilər; o dəqiqə 3 - 4 uşaq çıxdı, arxasınca ucaboy, dolubədənli qadın. Qadının 28 yaşı 

vardı, amma 35 yaş verərdin. Çox-çox illər sonra o mənə analıq edəcəkdi. Xalam bacısını 

qucaqlayıb öpdü. Anamı bacılarının hamısından çox istəyirdi. Anamın erkən ölümünü xalama 

heç vaxt demədilər və iflic olub danışa bilməyəndə də son nəfəsinəcən o yazıq qadının gözü 

bacısını axtardı. Məsti yavaş, qətiyyətli səslə onları tələsdirdi: yol uzundu, söhbətə nə qədər 

istəsən vaxt var, uşaqları yerbəyer etmək lazımdır. Arabada rahat yatmaq da olardı.  

Hər şey hazır olanda ucaboy bir kişi qapıdan çıxdı. Əynində köhnə şalvar-köynək, ayağında 

çarıq. Qoyun dərisindən olan papağını gözünün üstə basmış bu adam xalamın əri Ağasəməd idi.  

Yolçular tərpənməkdə olsun, mən də Ağasəmədin ana babam Hacı Mir Tağının qızına 

evlənməyindən danışım.  

Ağasəməd Zazalı kəndindəndi. Bu kəndin camaatı pambıq əkib-becərirdi. Gəncənin şərq 

hissəsində yay quru və isti keçsə də, su bol idi, üstəlik, kəhrizlər də çox idi. Sonralar çoxu 

qurudu, bəzilərini də torpaqla doldurdular.  

Ağasəmədin atası ailəlikcə - üç oğlu, dörd qızı ilə pambıqçılıqla məşğul idi. İkicə ilə ailə özünü 

elə tutmişdu ki, Gəncədə mülk almışdı. Oğlanlarının, ələlxüsus Ağasəmədin bəxti gətirmişdi. 

Tanıyanların dediyinə görə, şəhər mühitinə, onun yazılmamış qanunlarına elə tez öyrəşmişdi ki, 

deyərdin, köklü şəhərlidir. Evlənmək vaxtı çatanda Ağasəmədin şəhərdə kiçik də olsa gəliri 

vardı. Özü də gözəgəlimli idi. Boyu iki metrə yaxın, enlikürək, açıq şabalıdı saçlı, başını da elə 

dik tutub yeriyirdi ki. Boz, iri alagözlü bu cavana bir smokinq geydir, əlinə gümüş başlıqlı əsa 

ver, hazır ingilis lorduydu.  

Nə gizlədək, bu gün də belə bir görkəmdə adam hər hansı növbəyə dursun, ya zəngin bir 

restorana girsin, nə istəsə o saat hazır olar... mağazaya girib bir kənarda durar, satıcı qızlar sanki 

bütün günü onu gözləyirmiş kimi, nə istədiyini tez soruşar, o da gülümsəyib rəfdən ona lazım 

olana işarə edərdi. Bahalı kağıza bükülmüş, lentlə bağlanmış bağlama bir göz qırpımında 

növbədəkilərin başı üstündən ona çatdırılardı... Ağasəməd belə Ağasəməd idi. 

Həmin bu Ağasəməd günün birində atasına evlənmək istədiyini deyir. Qoca sevinir, soruşur ki, 

gözaltısı varmı, ya evdəkilər münasib bir namizəd tapsınlar? 

Oğlu deyir, evdəkilərə əziyyət verməsinlər, bu məsələni özü həll edib və elə bir ad çəkir ki... 

Köhnə kişilər belə edərdilər; qızın atasının, qardaşının adını çəkərdilər. Ağasəməd də belə 

eləmişdi, qızın böyük qardaşının adını çəkmişdi - Ağabəy... Atası isə... əlbəttə, kimi desə, 

minnətləri olsun, oğlu elə oğuldu ki, yaraşıqlı, içmir, çəkmir, düşməni də yoxdur.  

Amma Ağabəy! 

Ağabəyin atası bəy deyildi. Qardaşı Əflatun sonralar tərcümeyi-halında yoxsul - başmaqçı Mir 

Tağının ailəsində dünyaya gəldiyini yazmışdı. Dayım, yazıq, bilsəydi ki, bu yalan onu 37-dən 

xilas etməyəcək, yəqin yazmazdı... 

İki il sonra anası öləndə yazıq qadın heç bilmədi oğlu necə oldu, hara, niyə apardılar... Bir yana 

baxanda, dayım yalan yazmamışdı. Ana babam başmaqçı olmuşdu, amma kasıb olmamışdı. 

Yoxsa, Azadxanovlar kasıba qız verərdilər? Zibeydə Mir Tağıya iki oğul doğdu - Ağabəy, Rza 

bəy. Onun qəfil ölümündən sonra isə ikinci qızı on üç yaşlı Zəhra həm bu evin gəlini, həm də bu 

uşaqların anası oldu. Ağabəyin onda on bir yaşı vardı. Zəhra nənəm heç vaxt ərindən narazı 

danışmadı, on ilə yaxın mehriban yaşadılar və Zəhranın Hacı Mir Tağıdan iki oğlu, dörd qızı 

oldu. Uşaqların hamısına da o dövrə görə əməlli-başlı təhsil vermişdilər.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

521 


Ancaq... Hər halda o elə də varlı deyildi. Qocanın ağlına da gəlməzdi ki, oğlu Ağabəy Gəncə 

tacirlərinin arasında o qədər nüfuz yiyəsi olacaq ki, şəhərin mərkəzində böyük ev tikdirəcək, hər 

qardaşına da layiqli mənzil ayıracaq.  

On il ərzində Ağabəy Moskva və Varşava toxucuları, Kiyev şəkər zavodları, Tula tacirləri ilə elə 

əlaqələr qurmuşdu ki, onların malları bütün Gəncədə əl-əl gəzirdi. Di gəl, xasiyyətindən baş 

açmaq olmazdı... İndi belə adamın qapısına elçi getmək... Bir də ki... bəlkə, böyük bacını - 

Reyhanı deyirdi oğlu? O da Ağasəməd kimi ucaboyluydu, özü də kök idi. Köklüyə qalanda... 

Azərbaycanda kim totuq qadını sevmir ki?! Avropaya baxma - orda kibrit çöpü kimi nərmənazik 

qızları bəyənirlər. 

Reyhana gözəl də demək olmazdı; qarayanız, burnu da iri. Ancaq boylu-buxunludur, yaraşıqlıdır. 

Ata qəlbinin dərinliyində sevinirdi. Lənət şeytana, birdən Ağabəy də razı oldu? Əvvəldən bir 

məsləhətləşmək də pis olmaz. Elə bir-iki yaxın tanışa ucundan-qulağından çatdırmışdı ki, yarım 

gün sonra bütün Gəncə bundan danışırdı. Gəncəlilər "birdən", "əgər", "ola bilsin" deməzlər, 

onlarınkı ya "hə"dir, ya "yox". İndi də məsələ beləydi:  

1. Ağasəməd sevib evlənir,  

2. Ağasəməd Ağabəyin bacısını alır.  

İnsaf naminə, Ağasəməd istədiyi qıza evlənə bilməzdi? Ağabəy onun yaşda olanda Gəncədə heç 

bir elə tanınırdı? 

Bir ay sonra Ağasəmədin geyimli-keçimli, adlı-sanlı, xurmayı qaragül dərisindən papaq geymiş 

atası elçiliyə getdi. Qonaqları necə lazımdı qarşıladılar; düzdür, bir-iki dəqiqə kandarda 

ləngitdilər, sonra nəzakətlə evə dəvət etdilər. Ev yiyəsi xoşgəldinə tələsmirdi. Qonaqlar da evə 

göz gəzdirməyə imkan tapdılar; ayaqları yumşaq bəzəkli mebel, pəncərələrin arasına vurulmuş 

gümüş çərçivəli güzgü, otaqboyu xalı, şkaf kimi böyük, qoz ağacından divar saatı... Qapı açıldı 

və Ağabəy gələnləri bir-bir süzüb bir an dayandı, sonra qabağa gəldi. Qonaqlar, istər-istəməz, 

qalxıb onun hələ uzatmadığı əlini sıxmağa tələsdilər. 

On ildə Reyhan Ağasəmədə bir oğul, iki qız bəxş elədi. Narazı olmağa bir əsas yox idi: səsini 

qaldırmaz, ağır söz deməz... Düzdü, nəvazişə və hədiyyəyə xəsisdi.  

Müharibə dövründə Ağasəməd Abşeron kolxozlarından birinə köçdü və ailəsinin yanına 

qayıtmadı... 

Yoxsul kəndli geyimində qapıya çıxan Ağasəməd anama baş əyib birinci arabaya oturdu; Məsti 

ilə əvvəldən danışdıqları hiss olunurdu. Xalamın iki böyük uşağını onunla oturtdular, qalanlarını 

arxadakı arabaya. Məsti bir də arabaları yoxladı, hər şeyin yerli-yerində olduğuna əmin olandan 

sonra əli ilə işarə verdi və yola düşdülər. Günəş üfüqdən boylanırdı, gecə yağan yağışdan sonra 

yer qurumamışdı. Yaxşı yağlanmış təkərlər cırıldamırdı, yemlənmiş atlar yüklü arabaları rahat 

çəkib aparırdılar. Alman Forelin üzüm plantasiyaları arxada qaldı, torpaq yol başladı. Yolun hər 

iki tərəfi pambıq tarlası idi.  

Arabalar kəndarası yola çıxanda Ağasəməd döşəklərdən birini sərib uzandı.  

Vaxt elə bil dayanmışdı. Sükutu kənar səslər pozurdu. Arxada at ayaqlarının tappıltısı eşidilməyə 

başladı... ardınca başqa səslər. Sonra səslər daha aydın eşidildi. Ağasəməd o saat dikəlib yana 

çevrildi, başını qaldırıb ətrafa göz gəzdirdi. Uzaqda iki atlı göründü, arabalara tərəf çapırdılar. 

"Qırmızılar!" - fikirləşən Ağasəməd qəfildən çığırdı: 

- Ayə, tez sürün. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

522 


Arabaçı yavaş-yavaş qamçını qaldırıb atları dəhmərlədi, amma mənası yox idi, onsuz da 

haqlayacaqdılar onları, həm də o biri arabada arvad-uşağı tək qoyub hara qaçasan? 

- Bəy, uzağa gedə bilməyəcəyik, onsuz da çatacaqlar.  

Elə bu vaxt Ağasəməd arabadan sıçrayıb pambıq kollarının arasına atıldı. Səsə oyanmış uşaqlar 

atalarının tullandığını görüb çığırışmağa başladılar, qadınlar da onlara qoşuldular.  

- Dayaaan! 

Yad dildə səslənən bu sözlərdən, baş verənlərdən dəhşətə gələn anam qalxıb özünü arabaçının 

üstünə atdı. Qabaq arabadakı uşaqları sakitləşdirmək, yaylığa bağlanıb yubkasının belinə 

sarınmış qızıl çervonları xilas etmək üçünmü, belə elədi, bilmək olmur, amma bir şey dəqiq idi 

ki, o dəqiqələrdə vəziyyəti eyninə deyildi. Ayağını qabaq təkərin üstə qoymağıyla yerə sərilməyi 

bir oldu.  

Ətrafa səpələnmiş qızıllar Günəşin şüaları altında parıldayırdı. Ağasəməd qaçırdı, atlılardan biri 

qılıncını sıyırıb onu təqib etməyə başladı. Şübhə yoxdu ki, bir-iki dəqiqəyə yaxalayacaqdı da. 

Ancaq xoşbəxtlikdən, onun musiqi duyumu güclüydü, ona görə də özünəməxsus metal səsi onu 

çəkdi; bu cingiltini heç bir başqa səslə qarışıq salmaq olmazdı... Yüyəni necə qəfil çəkdisə, at 

şahə qalxdı, sonra geri döndü. İkinci atlının Ağasəmədi yaxalamaq fikri yoxdu, atdan enib 

qadının yanında çömbəldi, əlbəttə, köməyə yox, sonuncu rus çarının məğrur profili həkk 

olunmuş qızılları xışmalamağa.  

 

Bir gün qardaşım bizə gəldi, elə kandardaca başladı:  



- Şükür Allaha, sağ-salamatsan, gör nə vaxtdır səni görmürəm.  

Qonaq otağında yerini rahatlayıb, əlini yellədi: 

- Yox-yox, nahar eləmişəm, çay olsa, içərəm.  

Yaxşı dəmlənmiş çay ayrı aləmdir, yeyib-içəndən sonra bir stəkan çay ağırlığı götürür, əhvalını 

qaldırır, başlıcası, uzun söhbətə köklənməyə kömək edir.  

- Çaya söz yox. Mənim bir tanışım deyərdi ki, həyatda əsas odur ki, sənin tapşırıqlarını dəqiq 

yerinə yetirsinlər... Ondan danışmamışam sənə? Nə əcəb? Gəncədə tanımayan yoxdu onu, iki 

eşşəyin arpasını bölə bilmirdi, ancaq yaxşı vəzifədəydi... Yaxşı, qısaca danışaram... ondan sənə... 

- ...Sən də yaxşı bilirsən ki, mən müharibədə onun-bunun arxasında gizlənməmişəm, nə də, 

Allaha şükür, nəslimizin adını batırmamışam. O illər mənə çox şey öyrətdi, həm də...  

...Müharibə qurtaranda mən Macarıstandaydım. Ondan sonra iki il də tank məktəbində zabitlik 

oxuyub leytenant oldum... Sonra dözmədim, qayıtdım evə. Onda sən ordudaydın, anam tək idi, 

elə məktublar yazırdı ki... 

Bakıdakı evimizi Qərbdən köçürülmüş ailələrdən birinə vermişdilər, mən də baş qoşmadım, 

gəldim Gəncəyə. Anam uzaq qohumlardan birinin evində kirədə qalırdı. Başladım sürücülüyə... 

Ancaq dünya yaxşılardan xali deyil. İl yarım sonra tikinti idarəsində abırlı bir işə düzəltdilər 

məni. Bilmirəm, o vaxt işləmək çətin deyildimi, ya mən çox çalışqan idim, iş elə gətirdi ki, məni 

istehsalat şöbəsinin müdiri təyin elədilər... Bir gün idarənin rəisi gəldi yanıma, o da cəbhəçiydi, 

həm də yaşıd olardıq.  

- Tanış ol... Bu yoldaş bizdə kadrlara baxacaq. Rəis belə deyib. - Sonra yekəpər adama hiss 

etdirmədən mənalı-mənalı gülümsəyərək mənə göz vurdu. Uşaq deyiləm. Başa düşürəm ki, 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

523 


xəbərdarlıq edirdi, bu yekəpərin üzünə baxan kimi bilirdin ki, nə yuvanın quşudur... Qalxdım, 

dabanlarımı cütləyib bir-birinə vurdum, əsgər vərdişiydi (həm də hiss etmişdim ki, qabağımdakı, 

azı, polkovnikdir). 

- Çox xoşdur! 

Rəis bir az da ləngidi; kadrlar hər şeyi həll edir, daha nələr, nələr danışıb, izal oldu. Təzə işçi o 

yan-bu yana göz gəzdirdi, künclərə boylandı, sonra mənim stoluma yaxınlaşdı, yekəpər əlini 

stolun üstünə qoyub təngnəfəslikdən əziyyət çəkən xırıltılı səslə dedi: 

- Mən, kak raz, burda otururam, sənsə... - qapının yanında iş icraçılarının oturduğu kiçik stolu 

göstərdi... orda... kak raz.  

Hələ məni tərk eləməmiş vərdişimlə ehtiyatı unudub qabardım.  

- Kak raz, belə olmaz. Şöbənin rəisi mənəm, hər halda, yoldaş B. mənə etibar edir... 

Respublikanın birinci adamının adını çəkdim.  

Fəndim tutdu... Yekəpər büzüşdü... Pəncərəyə yaxınlaşıb bir xeyli küçəyə baxdı, sonra küncə 

qayıdıb kiçik stolu divardan araladı. Özümü elə apardım ki, guya heç nə olmayıb. Təmiz vatman 

kağızı çıxarıb stola sərdim, sancaqladım, mürəkkəbqabı gətirdim, qəbul otağındakı qızlardan 

qələm-filan istədim. Öz stolumdan aşırma təqvimi də götürüb qoydum onun stoluna. 

Qoca oturdu, barışıq tərzi ilə dedi: 

- Hə, belə daha yaxşıdır. Pəncərənin qabağından yel çəkir, kak raz. Mənimsə axır vaxtlar ciyərim 

nəsə sancır.  

Çox tezliklə dostlaşdıq. Gizlətmədi, dedi ki, orqanlarda cavanlıqdan işləyib. Özümü saxlaya 

bilmədim, "hansı orqanlarda?" 

Mənə şübhəylə baxıb dilləndi: 

- Yəni bilmirsən hansı orqanlarda? 

- Yox... nə bilim, maarif, səhiyyə... orqanları var... 

Bir xeyli məzəmmətlə üzümə baxdı, sanki demək istəyirdi ki, məni dolamısan? Ancaq 

ciddiyyətlə dilləndi: "ÇK-da işləmişəm, NKVD-də, yəqin, eşitmiş olarsan bu adları?!. 

Sonra birdən-birə Beriyadan danışmağa başladı. 

- Beriyanın güllələnməsi ədalətliydi, sözüm yox, amma qalan şeylərdə ədalətsizliklər çoxdu; 

köhnə kadrları pərən-pərən saldılar. Lap elə biri mən. Mənimçün bu həyatda əsas məsələ odur ki, 

mənə verilən tapşırığı dəqiq, canla-başla yerinə yetirim. Deyərlər, filankəsi dama basmaq 

lazımdır, yerin altından da olsa tapıb basdıraram. Hərə iş görməyib, tapşırığı müzakirə eləməyə 

dursa, ölkə dağılar... Mən tabeliyimdə olanları da belə öyrədirdim. Göstəriş var - əməl elə... 

sonra baxarıq kim haqlıdır, kim haqsız... 

Nəsir dayı ilə bir xeyli vaxt bir otaqda oturduq. Hərə öz işi ilə məşğul olurdu, boş vaxtlarda da 

ordan-burdan danışırdıq. Yeni işinə öyrəşdikcə dirçəlirdi, hərdən qızları da tənqid edirdi. Hətta iş 

o yerə çatmışdı ki, bəzən mənim yerimdə də otururdu. Hələ mənimlə guya yaxşı dolanırdı. Onda 

ağlıma gəldi ki, Nəsir dayı ilə işləyənlərin heç də hamısı "istirahətə getməyib". Elə o zaman 

onunla bir söhbətimiz oldu.  

 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

524 


- Görürəm ki, sən heç də pis oğlan deyilsən. Eyzən atana çəkmisən.  

Diksindim, soyuq tər basdı məni. Hiss elədim ki, dilim ağzımda şişib. Ancaq tez özümü ələ 

aldım. Üzümə etinasızlıq ifadəsi verdim, içimdəsə elə bil pişiklər cırmaqlaşırdı.  

- Sən İsmayıla çox oxşayırsan, bir az boyun ucadır, o isə çiyinliydi. 

Birdən başladığı kimi birdən də susdu. Ya baxmaq istəyirdi ki, sözləri mənə necə təsir edib, ya 

da cavanlığı yadına düşmüşdü.  

Siqaret çıxarıb ona yaxınlaşdım. Birini ona verdim, birini də özüm çəkməyə başladım.  

- Sən, kak raz, bizi çox da ciddi qınama, olan olub. Bizim günahımız başqalarınınkından çox 

deyil. Kak raz, mən hər şeyi sənə danışmağı qərara almışam. Ürəyim deyir ki, yaxınlarda çox şey 

dəyişəcək... 

- Hə, belə, kak raz, mənə İsmayılı - sənin atanı gözdən qoymamaq tapşırılmışdı. O hara, sən də 

ora demişdilər. Ancaq elə elə ki, özü hiss etməsin. Niyəsi mənlik deyildi. Elə bugünkü kimi, 

aydın, günəşli bir gün idi. Atan, əlində əsa, qapıdan çıxdı. Rəhmətlik çox arxayın, qayğısız-

filansız idi.  

Nəsir dayı hiss etdi ki, artıq danışdı, düşdüyü naqolay vəziyyətdən çıxmaq istədi. Gəncədə 

atamın öldüyünü heç kəs bilmirdi. Bəli, 29-cu ildə o, yoxa çıxdı, arvadı, iki azyaşlı uşağı başsız 

qaldı. Kimi deyirdi, Arazın o tayına keçib, Gürcüstana gedib, ordan da Batum yolu ilə 

Türkiyəyə. Ancaq heç kəs öldüyünü demirdi. Hətta anam da hesab edirdi ki, harda olduğunu 

bilməsə də, atam sağdır.  

- İsmayılın ölümü ilə bağlı... sən cavansan, bilməzsən, azərbaycanlılar diriyə də rəhmət 

deyirlər... Mən, kak raz, qapının yanında durub əmr gözləyirdim. Yuxarıda hələ qərara 

gəlməmişdilər ki, onu həbs eləsinlər, ya yox. İndi hər yerindən duran qışqırır ki, o illərdə 

qanunsuzluq baş alıb gedirdi. Kak raz, onda hər şey çox ciddi idi. Biz bilirdik - bu - bizdəndir, bu 

- yox. Bizimkilər - səhərdən axşamacan işləyən əliqabarlılar idi.  

Mən istər-istəməz Nəsir dayının hamar, koppuş əllərinə baxdım. Deyəsən, üzümdə yaranan 

təbəssümü sezmədi.  

- Kak raz, məni götür. Cavanlığımda hansı iş qaldı ki, görməyim - odun doğrayır, mala-heyvana 

baxırdım. Aldığım da qəpik-quruş... Bizdən olmayanlar - kak raz, burjuylar, mülkədarlar, 

mollalardı. Sonralar bizə göstəriş gəldi ki, oxumuşların arasında da bizimkilər var.  

Qoca bir xeyli susdu. Elə bildim, mürgüləyir. Nə qədər keçdi, bilmirəm, birdən oyandı. 

Gözlənilmədən soruşdu: 

- Kak raz, sən də dolma xoşlayırsan. 

- Hə, çox sevirəm.  

- Kak raz, arvad səhər portfelimə qazança qoyub. Məncə, ikimizə də çatar. Ancaq qızdırmaq 

lazımdır.  

Dolmanı bir anda aşırdıq, mən səbirsizliklə söhbətin davamını gözləyirdim...  

Qonşu otaqdan iki stəkan çay gətirdim, hərə öz kreslosunda rahatlanıb bir siqaret yandırdıq.  

- ...Hər şey çox sadə oldu, halbuki xeyli variant düşünmüşdük. Atan balaqapını açıb həyətə girdi, 

çiyni ilə qapını örtdı... 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

525 


Gizlətmirəm, o qədər belə tapşırıq olub, çoxunu unutmuşam. Ancaq atanla bağlı hadisələr bu gün 

də yadımdadır. Səbəbsiz də deyil, ola bilsin, nə vaxtsa danışaram sənə.  

 

Anamın başına gələnlərdən atamın xəbəri yox idi. Əhəd həmişəki kimi yeməyini gətirirdi. O vaxt 



məhbuslara plovdan tutmuş ləvəngiyəcən, nə istəsən gətirirdilər, sonralar onların yeməyinə də 

ciddi nəzarət, qadağalar qoyuldu... 

Başqa xalqlarda necədir, deyə bilmərəm, azərbaycanlılarda yaxınlarına zərif, qayğıkeş münasibət 

dar ayaqda daha çox özünü biruzə verir; xəstələnmisənsə, əməliyyat olunmusansa, kimsə 

həbsdədirsə, dünyasını dəyişən varsa və s.və i.a... Başqa vaxt ən yaxınlarının da yadına düşmür 

ki, sən varsan, yoxsan... Nə isə...  

İndi İsmayıl bəy də qardaşının zirzəmisində oturub, vəziyyəti də pis deyil, baş verənlərdən də 

xəbəri yox. Nə qədər qalacaq burda, o da məlum deyil... 

Sonralar da bilən olmadı.  

Kazım bəy, Allah rəhmət eləsin, sonralar da qocalana qədər üç dəfə, gah Şərqi Qazaxıstanda, gah 

Qərbi Sibirdə sürgündə oldu.  

Sağlamlığı, cəsurluğu, dərrakəsi gücünə yad torpaqlarda itib-batmadı. Ölənəcən də bu hökumətə 

inanmadı. Bu gün onlar üçün (belə deyəndə, başının işarəsiylə tavanı göstərərdi) böyük şairdir, 

sabah xalq düşməni də ola bilər. Azadxanovların dahi Nizami nəslindən olduğunu Gəncədə 

məktəbli uşaq da təsdiqləyər.  

Deyirlər, ölümünə bir-iki il qalmışacan onu "hara lazımdısa" çağırmışdılar.  

Bir gün Kazım bəy Gəncə bazarının girişində durubmuş. Təsbeh çevirə-çevirə gəlib-gedənə 

baxırmış. Bu vaxt sahə müvəkkili yaxınlaşıb soruşur ki, burda nə gəzir. "Yarım saatdır sənə 

baxıram, dayanıb durmusan". Kazım bəy o dəqiqə başa düşür ki, qarşısındakı kimdir (müvəkkil 

qonşu rayondandı), başlayır: harda istəyirəm, orda da dururam, məyər elə bir qanun-zad var ki a, 

burda durmaq qadağandır? 

Müvəkkil onu tanımırdı, sadəcə, qayda-qanun gözləyən adamdı. Bazara gəlmisən, alverini 

elədin, get evinə də ... Bəlkə, alverçidir? 

"Sabah filan saatda milis bölməsinə gələrsən. Orda baxarıq, harda durmaq olar, harda yox! 

Səhər Kazım bəy deyilən vaxtda şöbəyə gəlir, arxasınca da qonşu oğlan, əlində yorğan-döşək 

bağlaması. Qoca özü kiçik brezent çamadan götürübmüş. Qapının ağzında milis rəisi ilə üz-üzə 

gəlir.  

- Kazım bəy, xeyir ola, hara belə? 

- Hara əmr etsəz, ora... 

Rəis ətrafa boylanır; növbətçi də məsələdən bixəbərmiş. Aləm qarışır, sahə müvəkkili gəlib çıxır, 

əhvalatı danışır... 

- Kazım bəy, yorğan-döşək məsələsi olmayıb, axı, - rəis barışdırıcı tərzdə deyir. 

- Siz onsuz da heç vaxt avadanlıqdan danışmırsız. Bu cavanın günahı yoxdur, mən özüm... 

Birinci dəfə mən də şöbəyə heç nəsiz gəlmişdim. Sonra beş il bunun peşmanlığını çəkdim - 

Qazaxıstanda... 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

526 


Məsələ belə bağlanır: həmin o cavan müvəkkil Kazım bəyin əşyalarını çiynində onun evinəcən 

aparır... 

Bir müddət sonra yenə Kazım bəy bazarın qapısı yanında durubmuş. Həmin o cavan sahə 

müvəkkili yaxınlaşıb, günahkarcasına gülümsəyərək soruşub: 

- Kazım əmi, olan olub, keçən keçib, məni bağışlamısan, yəqin. Ancaq ürəyimə damıb ki, sən 

burda hər səhər boş yerə gəzmirsən. Səni and verirəm Allaha, sən burda nə edirsən? 

- Qızıl satıram! - eynək arxasından mavi gözlərini cavana zilləyir.  

- Kazım əmi, mən, axı, Allaha and verdim. 

Sən demə, Kazım bəy müvəkkilə düzünü deyirmiş.  

- İsmayıl bəy, ürəyimə damıb, bunun axırı yaxşı olmayacaq. Bir özün fikirləş, bizi niyə tutublar? 

Mən bilirəm, bizi nə gözləyir. - Bağışla, - yuxarını göstərib, - onlar, axı, elə də axmaq deyillər. 

Lap elə sizi götürək - niyə siz qardaşlardan məhz səni tutublar? Məsti də, Həsən də tacirdilər də, 

deməli, qaniçəndilər. Ancaq onları tutmayıblar. Bir bax burdakılara, hamısı təhsilli, işgüzar, 

enerjili... Ən əsası, hərəniz bir mühüm post tuturduz keçmiş hökumətdə. Deməli, siz müəyyən 

dərəcədə təşkilatlanmış kütləsiz... Əgər düşündüyüm doğrudursa, məni tezliklə buraxacaqlar. 

Mən, axı, nə gimnaziyada oxumuşam, nə siyasətə qarışmışam. Amma sizin axırınız necə olacaq - 

deməyə də qorxuram.  

Təəssüf ki, Kazım bəy haqlı çıxdı. Beş gün sonra kameraya bir neçə nəfər gəldi, rusca sorğu-

suala başladılar, halbuki bəziləri rusca güclə danışırdı. Adi suallar verirdilər. Kimsən, harda 

oxumusan, nəylə məşğul olmusan: on iki məhbusdan səkkizi, atam da o cümlədən, rusca səlis 

danışırdılar. Rus dili bilməyənlərin dördünü də buraxdılar, Kazım bəyi də... İstintaqda rusca 

bilmədiyini demişdi, tərcüməçi istəmişdi, halbuki belə deyildi.  

Qalanları üç gün sonra gecə apardılar, əvvəl diqqətlə üst-başlarını yoxladılar, şübhəli bildikləri 

hər şeyi götürdülər, əllərini boyunlarının ardında bağladılar və dəmiryol vağzalına apardılar. 

Burda ehtiyat yoldakı yük vaqonuna doldurdular, bir söz demədən, qapıları bağladılar... 

İsmayıl bəy başa düşdü ki, Kazım bəy haqlıymış. Səhərəcən gözünü yummadı. O biri məhbuslar 

da yatmamışdılar, heç kəs dinmirdi... 

Səhər kimsə qapını... araladı, gənc bir əsgərin qırxılmış başı göründü, içəri dörd qazan qoyuldu, 

sonra çaynik uzandı. Bir dəqiqə sonra vaqonun yerinə bir buxanka çörək, qaşıq və dörd parç 

tulladılar. Qapı örtüldü. Beş-on dəqiqə heç kəs yerindən tərpənmədi; qoyulan şeylərə tərəf 

baxmamağa çalışırdılar.  

İsmayıl bəyin səsi sükutu pozdu.  

- Ağalar, səhər yeməyi verilmişdir, başlayaq.  

Belə deyib İsmayıl bəy sıyıq qazanına yaxınlaşdı, o birilər də qalxdılar. Dünəndən bəri ilk dəfə 

kimsə güldü də... əzabla, əsəbi-əsəbi... İnsan istənilən vəziyyətdə nikbin olaraq qalır. Kimsə 

astadan oxumağa başladı. Bu, qəmli bir nəğməydi... Onsuz da azərbaycanlıların şən mahnıları 

çox deyil... Sonralar şən mahnılar yaransa da, nədənsə adamlar belə mahnıları oxumurdular, 

qulaq asırdılar, bəzilərinə oynayırdılar da, amma oxumurdular. Oxuyanda qədim, qəmli xalq 

mahnıları yada düşür nədənsə... 

Küçələrə su səpmişəm... 



Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin