Yusif Şükürlü



Yüklə 1,13 Mb.
səhifə3/7
tarix29.03.2017
ölçüsü1,13 Mb.
#12846
1   2   3   4   5   6   7
* * *

Son günlər Tərxanın sakit davranışı və qabaqkı günlərə nisbətən həyət-bacada hökm sürən sakitlik, hamının ürəyindən olmuşdu. Artıq nənə Tərxanın tənbəl hərəkətlərinə deyinmir və ana da yığışıb şəhərə qayıtmaq tələbini qoymurdu. Baba isə vaxtının çoxunu arıxanada keçirdir, hər arı ailəsi ilə saatlarla məşğul olurdu. O, zəif arılar üçün şəkərdən şərbət hazırlayır, yuvaları təmizləyir, çərçivələrə təzə şan yapışdırır və arabir də “çay içmək üçün” bal götürürdü. Qəribə burası idi ki, baba arıxanaya gedəndə nəyi isə unudur, oradan Tərxanı haraylayırdı ki, bəs filan şeyi bura gətir!...Bunlar adətən , tüstü maşını, ağac çürüyü , bıçaq, əski və ya kibrit olardı. Tərxan da o şeylərin yerlərini yaxşı bilir, daha nəyin harada olmasını nənədən soruşmağa ehtiyac olmurdu.

Bu gün də belə oldu. Baba arıxanadan:

- Tərxan! Ay Tərxan!-deyə onu səslədi. –Ədə, oradan bir nimçə gətir!-dedi.

Tərxan nimçəni götürüb arıxanaya qaçdı. Müller yenə ondan qabağa düşdü. Lakin it arıxanaya girmədi, yandan hərlənib evin dalına keçdi. Tərxan onun dalınca:


  • Hünərin var arıxanaya gir!- dedi və babadan soruşdu:

  • Baba, iti də arı sanca bilər?

  • Sancar! Lap gözünə ağ da salar!

  • Axı onun yunu var!

- Onları necə sancmaq lazım gəldiyini arı yaxşı bilir!- deyə baba barmağı ilə burnunun ucunu göstərdi.

Tərxana aydın oldu ki, arı iti burnundan sancır və yenə babadan soruşdu:

- Baba, bu itə Müller adını kim verib?

- Elbrus əmin.

- Niyə?

- Çünki onunla yaxşı futbol oynayır.



- Mən də deyirəm axı!... Baba, nimçəni neyləyirsən?

- Sənə bal verəcəyəm. Çayla içərsən!

Baba arı yuvasının birindən çıxardığı, üstü arı ilə dolu çərçivənin altına yapışmış yarımdairəvi, ağ rəngli, yumşaq, balla dolu şan parçasını- “böyrəyi” kəsib nimçəyə qoydu. Tərxan soruşdu:


  • Baba nə üçün çərçivələrdən həmişə belə şanları kəsirsən?

  • Bunlar artıqdır! İşə mane olur.

  • Baba! Bəs özün deyirdin ki, arılarda “artıq” heç nə olmur?!

- Arılar üçün yox, bizim üçün artıqdır! Belə şan tikələri çərçivələri bir-birinə yapışdırır və onların götürülüb, yoxlanmasına mane olur. Böyüyüb, özün arıçı olanda bilirsən!

- Hə!-deyə Tərxan başı ilə də “razılaşdığını” bildirdi və nimçəni götürüb həyətə qayıtdı.

Həyətdə anadan başqa heç kim yox idi. Tərxan atanın hara getdiyini soruşdu.

Ana:


- Yasaqlığa gedib,-dedi.

- Bəs, Zərintac?

- O da nənə ilə Kirdəyə gedib.

- Kirdə nə deməkdir?

- Aşağıda dirrik əkdiyimiz yerdir.

- Onu bilirəm. Kirdə sözünün mənasını soruşuram.

- Onu mən də bilmirəm! Yəqin türk sözüdür!

- Ana! Buralarda belə adlar çoxdur. Məsələn: bu kəndin camaatı biçənək sahəsinə “Axı” deyir:-“Quşoğlunun axısı”, “Ellər axısı”, “Caraf, Mədinəarxac, Danavec yaylağı, Töhpə!...

- Əşi, onları babadan soruş! Get babanı da çağır, çayı dəmləmişəm. Çaylarınızı için, sonra səninlə bulağa suya gedəcəyik!...

- Ora uzaqdır! Bizi kim aparacaq?

- Uzaq deyil! Bağçalardan keçib getsək, yolumuz xeyli yaxınlaşacaq!

- Görəsən, Yetti də bizimlə gedəcək?

- Yetti nədir?-deyə ana təəccüblə Tərxanın üzünə baxdı. –

- Atam deyib ki, Yetti haqqında heç kimə heç nə deməyim!- deyə Tərxan qəti cavab verdi və arx başına- əllərini yumağa yollandı.

Ana onu çağırıb soruşdu:

- Ədə, Yetti nə olan şeydir ki, onun haqqında danışmaq sənə qadağan olunub?!

Tərxan isə arxın səsindən heç nə eşitmədi.

Tərxanın “Yetti” söhbətindən sonra ana ağlına qəribə fikirlər gətirdi. Düşündü ki, deməli “Tərxanın yuxusu” hələ də davam edir! Ana isə elə bilib ki, hər şey axırıncı – sel gələn gün qurtarıb!...

Tərxan gəlib yerində oturdu və sakitcə çayını içməyə başladı. Ana heç bilmirdi sorğu-suala necə başlasın. Əlindəki dəsmalla stəkanı silə-silə bir neçə dəfə təndirxanaya- oradan da dəmir masanın yanına gedib gəlmişdi. Nəhayət, Tərxan çayını içib, durub getmək istəyəndə ana onun yanında oturdu və dedi:


  • Ədə, bir balaca boyunla məndən söz gizlədirsən?

  • Ana! Ata tapşırıb ki, heç kimə deməyim!

  • Nəyi?

  • Bizim Yetti ilə görüşməyimizi!

  • Yetti ilə ata da görüşür?

  • Bəli.

  • O adamdır?

  • Bilmirəm.

- Bəs siz onunla necə görüşürsünüz ki, onun adam və ya cin olduğunu bilmirsiniz?

- Ana! Yetti cin deyil, kosmosdan gəlib! Ona Yetti adını biz qoymuşuq.

- Maraqlıdır! Bəs niyə ona adam adı yox, Yetti adı qoymusunuz?

- Ana! Yetti də adam adıdır... Amma “qar adam”ın adıdır....

- Sən yenə nəyi isə qarışdırdın! Bir dayan görüm! Deyirsən ki, Yetti kosmosdan gəlib! Bəs o necə “qar adam” olur?

- Ana! Biz elə bilmişdik ki, Yetti “qar adam”dır. Amma, sonradan onun kosmosdan gəldiyi məlum oldu.

- Necə məlum oldu?

- Özü dedi.

- Özü dedi?! Kimə?

- Bizə!


Ana məəttəl qalmışdı. Tərxan elə inamla danışırdı ki, onun sözlərinə inanmamaq olmurdu.

  • Ədə! Sən dəli olmusan?

- Ana! Bax, sizin bu sözünüzə görə heç nə danışmırıq! Yetti özü deyirdi ki, sizə inanmayacaqlar. Deyəcəklər ki, siz dəli olmusunuz. Doğrudan da elə oldu. Birinci sənə danışdım! Sən də....

- Yaxşı görüm! Yaxşı! Qoca-qoca danışma! Buna bax! Yetti belə deyirdi!.. Elə deyirdi!..-deyə ana özünü elə göstərməyə çalışdı ki, guya Tərxanın danışdıqlarını təbii qəbul edir.

- Ana, sən də Yetti ilə görüşmək istəyirsən?

- Bəli!-deyə ana tez cavab verdi.

- Axı, sən onun varlığına inanmırsan?

- Daha inanıram!

- Onda ata ilə də məsləhətləşək!

Ana özündən çıxdı:

- Ata ilə məsləhətləşməyi neyləyirsən? Bəs niyə siz ikiniz Yetti ilə görüşəndə mənimlə məsləhətləşmədiniz?!

- Sən bizi şəhərə aparırdın!

- Deməli, gözünə ilan-çayan görünür deyə, səni buradan aparmaq istəməyim, dönüb sizin üçün pislik olub?!

- Ana! Yetti ilə ata bir-birini daha çox maraqlandırır. Onlar elə şeylərdən danışırlar ki, heç mənim yadımda da qalmır!

- Danışırlar, qoy özləri danışsınlar! Səni niyə bu cin-şeytan oyununa qatırlar?

- Ana! Dedim ki, Yetti cin-şeytan deyil, başqa planetdən gəlmiş adamdır! Ata onunla birbaşa danışa bilmir. Onlar sözlərini mənə deyirlər, mən də onlara.

Ana daha da təəccübləndi:

- Ədə! Sən tərcüməçilik edirsən?

- Yox e! Yetti elə adamdır ki, onu yalnız mən eşidirəm və o da mən deyəni eşidir, ata deyəni eşitmir! Onu yalnız mən görürəm, siz görmürsünüz!....

- Bəlkə sən yalan deyirsən!

- Mənə nə düşüb ki, bu boyda yalan danışım?!

Ana stula əyləşdi və əlini dizinə vurub öz-özünə deyinməyə başladı:

- Vallah, mən bu işdən heç nə anlamıram! Bir tikə uşaq yekə kişi kimi danışır! Allah özü xeyirlisindən eləsin! Belə getsə, mən özüm dəli olacağam!...

Tərxan anasının sonrakı deyinmələrinə qulaq asmadı. Durub arıxanaya- babanın yanına getdi. Ana isə bir yerdə davam gətirmirdi. Atanı gözləyirdi ki, gələn kimi bu hadisələrə bir hesabat tələb etsin. Ata isə gəlmək bilmirdi ki, bilmirdi. Dəqiqələr saatlara çevrilmişdi....

Nəhayət, nənəgil Kirdələrdən gəldilər. Ana istədi ki, nənə ilə “Yetti” haqqında dərdləşsin, amma Tərxanın “sirr saxlamaq” tələbi onu bu fikirdən daşındırdı. Nənənin buyruqlarının yerinə yetirilməsi – göyərti təmizləmək, lobya doğramaq, turşuya qoymaq üçün tərəvəzin hazırlanması və s. ananı darıxmaqdan xilas etdi.

Axır ki, ata böyük darvazadan həyətə girdi. Ana fikirləşdi ki, elə bərədəcə onun qabağını kəsib ürəyini boşaltsın. Amma ehtiyat etdi. Bilirdi ki, ata ac olanda onunla sözləşmək olmur. Ana əvvəlcə ona çay-çörək verib, sonra “Yetti məsələsi”ni bir dəfəlik həll etmək qərarına gəldi.

Nahardan sonra ata Tərxanı da götürüb üst evə getdi. Ana onların yanına gələndə ata artıq yuxulamışdı.

- Ana, mən də yatmaq istəyirəm. Sən darıxma, ataya mən özüm deyərəm ki, Yetti ilə görüşməyimizi sən də bilirsən. Ona deyəcəyəm ki, ana da Yetti ilə görüşmək istəyir...

Ana:


  • Yaxşı!-dedi və həyətə düşdü.

Tərxanın gözünə yuxu getməmiş Zərintac da gəldi və döşəmənin üstündəki xalçanın üstündəcə uzanıb, çarpayının örtüyünü üstünə çəkdi. Sonra pıçıltı ilə Tərxandan soruşdu:

  • Tərxan! Yenə anaya neyləmisən, şəhərə getmək üçün yığışlanır?

  • Sən nə bildin?

  • İndi mənə dedi ki, paltarlarını yığışdır, bəlkə səhər çıxıb getdik!

Tərxan da deyindi:

- Bilmirəm anaya nə olub?! Bir söz olan kimi başlayır ki, “şəhərə gedək”!...

* * *

İslam əmi Tərxanın sudan çıxdığı yeri əməlli-başlı müşahidə etdikdən sonra , o qərara gəlmişdi ki, “uşaq özü oradan çıxa bilməz! Tərxan ya 10-15 metr yuxarıdan, ya da aşağıdan çıxa bilərdi. Çox güman ki, sonradan söyüdün dibinə gəlib, orada babasıgili gözləyibmiş”. Bu fikirlərlə İslam əmi evlərinə yox, Tərxangilə gəldi. Günortadan bir az keçmişdi. Nənə və ana ona “xoş gəldin” dedilər. Samovara od salıb, təklif etdilər ki, oturub bir az gözləsin, Tərxangil üst evdə yatırlar. İndi çağırarıq, düşüb gələrlər.

İslam əmi onlara dedi:

- Mən heç başa düşə bilmədim ki, Tərxan o çaydan necə çıxıb?! Doğrudan əgər o, siz deyən yerdən çıxıbsa, ona kim isə kömək edib! Çünki qobunun iki tərəfi də sıldırımdır...

- Mən özüm də heç nə başa düşmürəm!-deyə ana İslam əmiyə gileyləndi.-Elə bil bu uşağın başına hava gəlib! Ağlına gələni danışır! Heç bilmək olmur ki, çayın harasından çıxıb? Baba da deyir ki, oradan Tərxan özü çıxa bilməzdi, onu kim isə çıxarıb!

- Mənə elə gəlir ki, heç ora çatmayıb!- deyə İslam əmi oranı göstərirmiş kimi barmağı ilə ayağının yanını göstərdi və əlavə etdi,-o yuxarıdan, ya da aşağıdan çıxıb. Amma başa düşə bilmirəm niyə axı söyüdün dibinə gedib? Kola-kosa girib?...

- Nə bilim vallah?! Mən özüm də heç nə başa düşmürəm!- deyə ana İslam əminin şübhələrini təsdiqlədi.

İslam əmi soruşdu:



  • Bəs, Tərxanın atası nə fikirdədir?

- Onlar heç o haqda fikirləşmirlər də! Elə öz işlərindədirlər! Tərxan deyir ki, haradansa, başqa planetdən gələn “Yetti” adlı adamla görüşürlər və mənə də tapşırdı ki, bu çox məxfi görüş haqqında heç kimə bir kəlmə də danışmayım.

İslam əmi lap məəttəl qaldı. Dedi:

- Ötən dəfə Tərxan nə isə demək istəyirdi , atası qoymadı. Mən onda soruşdum ki, bu nə məsələdir? Tərxanın atası dedi ki, Tərxan narahat yatır, pis yuxu-zad görür, deyə ağlına gələni danışır!...

- Olar. Bəlkə də onlar doğrudan da kiminləsə görüşürlər, -deyə ana İslam əminin şübhələrini bir daha təsdiq etdi və əlavə etdi,- bəs elədirsə, nə üçün mənə heç nə demirlər?

- İndi demədiniz ki, Tərxan başqa planetdən gələn adamla görüşüb? Bəs onlar heç nə demirlərsə, siz haradan bildiniz?

- Tərxan mənə bu gün danışıb. Neçə gündür ki, atasından bir kəlmə də eşitməmişəm...-deyə ana Tərxangilin dalınca gileyləndi.

Nənə samovarı gətirib stolun üstünə qoydu və İslam əmiyə müraciətlə:


  • İslam, daha bizim tərəflərdə az görünürsən!-dedi.

  • Qonaqların çoxdur. İstəmirəm onları narahat edim.

- Nə narahatçılığı olacaq? Onlar səhər çıxıb, axşam gəlirlər. Yenə qabaq günlər Tərxan evdə olurdu. İndi, atası gələndən sonra, gedib saatlarla bağda otururlar. Elə bil bir-birlərini heç görməyiblər.

- Heç bizə də gəlmirlər!-deyə İslam əmi də nənənin sözlərini başı ilə təsdiqlədi.- Onlar hansı bağa gedirlər?

- Hara gəldi.

- Bəlkə Tərxanın yuxu görməsi ilə əlaqədardır?-deyə İslam əmi yoxladı ki, görək nənə də Yetti haqqında bir şey bilir, ya yox.

Nənənin:

- Allaha şükür ki, o işlər qurtardı!- deməsi İslam əmini o qənaətə gətirdi ki, heç nə bilmir.

- Hələ heç nə qurtarmayıb!-deyə ana da söhbətə qarışdı və nənəyə xitabən:

- Bu gün Tərxan elə şeylər danışdı ki, ayağımın altından yer qaçdı!-dedi.

Nənə təəccüblə ananın üzünə baxıb soruşdu:


  • Nə söz a qız?!

Ananın əvəzinə İslam əmi cavab verdi:

- Heeç! Tərxan anasına deyib ki, gözünə görünənlərin hamısını özü uydurubmuş.

Nənə razılaşmadı:

- O necə uydurma idi ki, yörtməşdən yıxılan gün rəngi-ruhu qaçmışdı və o gün axşama kimi özünə gələ bilməmişdi?!

Ana başa düşdü ki, İslam əmi də Tərxanın “Yetti” sirrini açmaq istəmir. Ona görə söhbətə qarışmadan üst evə- Tərxanı çağırmağa getdi. O evə girəndə gördü ki, ata həyətə düşməyə hazırlaşır, Tərxanla Zərintac isə hələ yuxulayırlar.

Ata:


  • İslamın səsi gəlir!-dedi.

  • Bəli. Həyətdə sizi gözləyir.

  • Sizi deyəndə ki, kimi?

  • Tərxanla səni.

  • Tərxanı niyə?

  • Bilmirəm. Deyəsən sizin Yetti haqqındakı gizli işiniz ilə maraqlanır!

Ata təəccüb ilə soruşdu:

  • Yetti..., zad nədir?!

- Yaxşı! Özünü bilməməzliyə vurma! Bir həftədir “Yetti” oyunu oynayırsınız, indi özünü elə göstərirsən ki, guya birinci dəfədir eşidirsən.

- Əşşi, bir dayan görüm! Bu Yetti söhbətini kim başlayıb?

- Bu gün səhər hər şeyi Tərxan özü mənə danışıb.

Ata çevrilib yatmış Tərxana baxdı və maraqla:



  • Nə danışıb? - dedi.

- Nə danışacaq?! Danışıb ki, o uşağı hansı cindir, şeytandır, nədir?- onunla görüşdürürsən. Onlar danışır, sən də qulaq asırsan...

- Tərxan səfehləyib!

- Tərxan lap düz danışır! Belə getsə, uşaq dəli olacaq! Bax, indidən deyirəm, biz sabah səhər tezdən şəhərə gedən avtobusla çıxıb gedəcəyik! Özün qal, nə qədər ürəyin istəyir, cinlərlə danış!

- Yaxşı, lap tutaq ki, biz cinlərlə danışırıq. Əgər o cinlər Tərxanla maraqlanırlarsa, onun dalınca şəhərə getməyəcəklər?

- Nə bilim?!

- Bilmirsən! Bizim danışdığımız cin yox, kosmosdan gəlmiş varlıqdır. Tərxanı çayda boğulmaqdan qurtaran varlıq, lazım gəlsə, onu şəhərdən götürüb, hara istəsə apara bilməzmi? Bilər!

Ana pəncərənin qabağında oturdu və əlini dizinə vurub:

- Vay mənim başıma gələn!-dedi.

Ata:

- Hələ ki, qaraçılanmaqdan qeyri sənin başına heç nə gəlməyib. Xahiş edirəm boş yerə şivən qoparıb, qaşınmayan yerdən qan çıxarmayasan! Bizim əlaqə saxladığımız varlıq yerdənkənar sivildir. O, çox mədəni, səndən, məndən də ağıllı, düşüncəli, dünya görmüş varlıqdır. O, bizə, Yer planetində yaşayan insanlara kömək üçün göndərilib. Hələ Allahına şükür et ki, sənin Tərxanını adam yerinə qoyub, onun vasitəsi ilə biz insanlarla əlaqə saxlayırlar!



- Axı, Tərxan deyir, o tüklü qar adamdır.

Ata gördü ki, onun “gurultulu” sözləri anaya təsir edib, onu bir az sakitləşdirməyə çalışdı:

-Qar adam-zad nədir? O, “Tovuz quşu” bürcünü siqma sisteminin Pi adlanan planetindən gəlib. O, sənin, mənim kimi belə ktləyə malik deyil. Onlar informasiya paketi - kiborqdurlar. Yalnız Tərxanın beyni ilə köklənib. Tərxan deyəni, o eşidir, o deyəni də Tərxan.

- O nə təhər olur?

- Olur da!... Belə olur ki, Yetti bizim kimi danışmır. Elə siqnal verir ki, o Tərxanda eşitmə hissi yaradır. Bizim danışığımızı Tərxan eşidəndə o bir radioverici kimi eşitdiyini Yettiyə ötürür. Yetti də o siqnalı radioqəbuledici kimi qəbul edir.

- De ki, Tərxan onlar üçün mikrofondur!...

- Təkcə mikrofon yox, həm də bizim üçün diktofondur! Onun dediklərini Tərxan bizə diktə edir.

- Nə olar?! Sən Yettidən xahiş et ki, qoy səni özlərinə mikrofon-dikton etsinlər! Bu uşaqdan əl çəksinlər!

- Mən onu demişəm! Bilirsən?... Heç bilmirəm ki, mən özüm bir o qədər də başa düşmədiyim şeyi sənə necə başa salım?! Mənə elə gəlir ki, onlar hələ bizim ulu babalarımızın dövründən bura- Yerə gələcəklərini planlaşdırıblar. Biliblər ki, onların Yerdəki köməkçisi Tərxan olacaq.

- Bəs niyə elə Tərxan?

- Ola bilərdi ki, başqası olsun. Lakin xoşbəxtlikdənmi, yaxud bədbəxtlikdənmi bu bizim payımıza düşüb.

- Bəs, axırı necə olacaq?

-Heç nə. Onlar işlərini görüb qayıdıb gedəcəklər öz işlərinin dalınca, biz də öz işimizə!

- Sən buna arxayınsan?

- Tamamilə!

- Təki elə olsun! Yaxşı, düş aşağıya, orada İslam müəllim səni gözləyir. Mən ona bəzi şeyləri demişəm.

- Niyə demisən?

- Demişəm ki, siz Yetti ilə görüşürsünüz!

- Gərək deməyəydin!

- Mənim yerimdə olsaydın, lap kəndə car da çəkərdin!

Amma, mən nənəyə də Yetti haqqında danışmaq istəyəndə, İslam müəllim özü qoymadı. Deyəsən, o da sizin sirrinizin saxlanması tərəfdarıdır.

Axırıncı sözlər atanı sakitləşdirdi, həyətə düşəndə öz-özünə fikirləşdi ki, elə İslam əminin də onlarla sirr-bir olması yaxşıdır. Onsuz da müəyyən informasiyanı birlikdə təhlil etmək üçün ataya bir həmfikir lazım idi.

Həyətdə uzaqdan-uzağa ata İslam əmi ilə salamlaşdı və əl-üz yuyanda yuyunub dəmir masanın yanına gəldi və təzədən İslam əmi ilə əl verib görüşdü. İslam əmi diqqətlə atanın üzünə baxdı. Ata zarafatla:


  • Nə baxırsan? Ürəyindən keçənləri bilirəm!-dedi.

Hər ikisi güldülər və İslam əmi:

- Mən deyirəm, axı! Bunlara nə olub ki, bizim tərəflərə hərlənmirlər? Sən demə böyük-böyük işlərlə məşğulsunuz! Mən də deyirəm, ə kişi bu qobunu Tərxan özü çıxa bilməz! Burada bir sirr var! Sən demə mənim də başım işləyirmiş!

- Sirri bildin?

- Məlumat aldığım hələ heç yarım saat da bitməyib.

- Biz isə bir həftəyə yaxındır, aləmi bir-birinə qarışdırmışıq.

Ata çay içə-içə bu bir həftədə başlarına gələnləri İslam əmiyə danışdı. Yasaqlığa girmiş ovçuları saxlamadıqları üçün babanın onları bağışlaya bilməməsi hadisəsini danışanda, İslam əmi gülməkdən uğunub gedirdi. Nəhayət, söhbət ciddi xarakter aldı. İslam əmi özü də Yetti ilə görüşdə iştirak etmək arzusundaydı. Ata isə məsləhət gördü ki, bu barədə Yettinin rəyini öyrənsinlər.

İslam əmi:


  • Əgər o razı olsa, ondan soruşmaq üçün bir neçə sualım olacaq,-dedi.

- Əvvəlcə o sualları biz özümüz müzakirə edək, sonra Yettidən soruşarsan, - deyə ata ehtiyatla hərəkət etməyi məsləhət bildi.

- Mən razıyam. Amma birini deməyəcəyəm. Onu o qonaqdan oradaca soruşacağam!

- Bizə deyə biləcəyin suallar hansılardır?

- Birincisi odur ki, kainatda bizdən başqa, bizim kimi adamlar varmı, ikincisi onlar da dinə qulluq edirlərmi? Yəni Allahları varmı?

- Bunların hamısı haqda bizim müəyyən söhbətlərimiz olub. Bizim cavablarımız səni qane edərmi?

- Edər! Mənim suallarım elə-belə asan olmayacaq və əsaslı da cavab istəyəcəyəm.

- Ürəyimizi üzmə! O necə sualdır?

- 25 aprel 1977-ci ildə P.K.Şternberq adına Dövlət Astronomiya İnstitutunda keçirilən fəlsəfi-metodoloji seminarda İ.S.Şklovskinin təklifi ilə yerdəmkənar sivil probleminə həsr olunmuş müzakirə başlandı. Orada çox məsələyə toxundular. Məni Şklovskinin “Mən kainatın başqa bölgələrində demirəm, hələ Yerdə həyatın yaranmasına gətirən mexanizmin özü dəqiq məlum deyil” fikri çox maraqlandırıb. İndi sizin yerdənkənar sivil ilə kontaktınız varsa, demək müəyyən fəlsəfi suallara da cavab almaq mümkün olacaq.

- Mənim buna şübhəm yoxdur! Amma unutmayaq ki, Yettinin cavabları Tərxanın ifadə edə biləcəyi çərçivədə olur.

- Hə... Bu məsələni bir az çətinləşdirir!

- Bəli. Mənə də elə gəlir. Yaxşı, sənin fəlsəfi sualın qalsın Yetti ilə görüşə. Onları orada müzakirə edərik. O biri sualın necə olacaq?

- Yetti nə ilə gəlib?

- Kosmik gəmi ilə.

- Yəni “Uçan boşqabla”?!

- Onların maşınları bizim bildiyimiz prinsip ilə işləmir. Özləri də maddi kütləyə malik deyillər.

- Necə yəni “kütləyə” malik deyillər?!

- Elə ki, kütlə əvəzinə enerjiyə malikdirlər.

- Aydındır. Deməli, onların daşıdığı enerjini işıq sürətinin kvadratına bölsək, hansı kütləyə malik olduqları taparıq. Eləmi?

- Məncə elədir. Sükunət kütləsini...

- Yetti Yerə birinci dəfədir gəlib?

- Yox. Məncə qırx-qırx beş min il bundan əvvəl də gəliblər.

- Sən nə danışırsan?! Məncə onlar Yerə 1947-ci ildən gəlməyə başlayıblar!

- Yox əşşi!...Onlar çoxdan gəlirlər!

- Mən etiraz etmirəm. Ola bilər ki, çoxdan gəlirlər. Amma onlar birinci dəfə 1947-ci ildə kəşf olunub. Daha doğrusu, Yerə gəlişləri qeyd olunub. Belə ki, uçan naməlum obyekt- UNO, ilk dəfə 1947-ci ildə Amerika biznesmeni Kennet Arnold tərəfindən kəşf edilib. – İslam əmi nəyisə hamıdan daha dəqiq bildiyini nümayiş etdirirmiş kimi şəhadət barmağını yuxarı qaldırıb əlavə etdi:-Bu obyektlərə “Uçan qoşqablar” adını da Arnold verib.

Ata isə onunla razılaşmayıb izah etdi:

- Ola bilər Arnold UNO-nu “Uçan qoşqablar” adlandırıb. Lakin yerdənkənar sivilin Yer planetinə “təşrif” gətirməsi hadisəsi çox qədimdən məlumdur. Onu təsdiqləyən o qədər deyimlər var ki! Bu deyimləri araşdıran ufoloqlar belə nəticəyə gəliblər ki, başqa planetlərdən gəlmişlər ilə ilk görüş təxminən 10 min il əvvəl, ikincisi isə eramızın əvvəlində olmuşdur.

- Ona qalırsa, yazılıb ki, qədim əfsanə və miflərə görə İisus Xristos da dediyin o ikinci ekipajın tərkibində olub. Bunu təsdiq edən bir elmi fakt varmı?- deyə İslam əmi də atanın fikri ilə razılaşmadığını bildirdi.

Ata:


- Əvvəla onu deyim ki, İisus Xristosun , Çjan Daolinanın, Ketsal- Koatlın ikinci ekipaj ilə Yerə gəlməsi dini kitablarda da yazılıb. lakin tarixçilər və arxeoloqlar bu müddəalarla razılaşmırlar. Belə ki, adları çəkilənlərin hər üçü konkret tarixi şəxsiyyətlər olub və bəşər mədəniyyətinin inkişafına böyük töhfələr vermişlər. İisus Xristos xristianlığın, Çjan Daolin Çində on doqquz əsrdir ki, insanların düşüncəsinə hakim kəsilmiş diasizmin əsasını qoymuşlar. Ketsal-Koatl isə qədim Mayyanın Çiçen-İde şəhərini zəbt etmiş təltək tayfalarına başçılıq etmiş və sonralar da ilahiləşdirilmişdir. Sözümün canı odur ki, bütün tapıntılar elmi baxımdan məqbul hesab edilə bilməz.

- Alimlər elə tapıntıları məqbul hesab edilmirsə, bəs mənim Arnold barəsində dediklərim necə qəbul oluna bilər?

- Məsələ burasındadır ki, Arnoldun da dediklərini “elm” təsdiq etməyib. Elə deyimlərə qalsa sənə elələrini söyləyərəm, ayağının altından yer qaçar!

İslam əmi maraqla:

- Bəs niyə söyməmirsən? Söylə!- dedi.

- Yaxşı! – deyə ata sözə başladı. - Çinlə Tibetin sərhəddində yerləşən dağlıq Bayyan-Qara-Ula rayonunda drop və xam tayfaları yaşayır. Bu insanların boyu 130 sm-ə çatır, alimlər müəyyən edə bilməmişlər ki, onlar hansı etnik qrupa aiddirlər. 25 il əvvəl Bayyan-Qara Ulada aparılmış arxeoloji qazıntılar zamanı üstündə naməlum yazılar olan daş disklər tapılmışdır. Bu yaxınlarda həmin yazıları oxumaq mümkün olmuş və mətnin məzmunu o qədər ağlasığmazdır ki, Çin akademiyası uzun müddət onu çap etdirmək qərarına belə gələ bilməmişdir...

- Görəsən ora nə yazılıbmış?

- Bir parçasını deyə bilərəm! Orada yazılıbmış ki, “Droplar özlərinin hava qlisseri adlı yastıdibli qayıqlarında buludlardan yerə endilər. Kişilər və qadınlar gün çıxana qədər on dəfə mağaralarda gizləndilər. Nəhayət, onlar gəlmələrin işarələrini görüb başa düşdülər ki, droplar bu dəfə xoş məramlarla gəlmişlər...”

İslam əmi heyrətlə:

- Qəribədir! - dedi.

Ata davam etdi:

- Dövrümüzə qədər gəlib çıxmış əfsanələrdən məlum olur ki, buludlardan yerə enmiş adamlar balaca və eybəcər imişlər. Onların arıq, cılız bədənləri və iri qeyri mütənasib başları var imiş. İnanmaq çətin olsa da, bu yaxınlarda arxeoloqlar Bayyan-Qara-Ula mağaralarında iri gəlməsi və zəif inkişaf etmiş skeleti olan “insanların” qəriblərini tapmışlar. Qəbirlərin 12 min yaşı vardır...

- Daha mənim bunlara sözüm yoxdur!

Ata davam etdi:

- Deməli, belə məlum olur ki, insanların “Uçan boşqablar” ilə tanışlığının 120 əsrlik tarixi vardır. Lakin bu məlumatları “uçan boşqablar” barədə ən qədim bilgi hesab etmək olarmı? Yox!

- Doğrudan ha!...-deyə İslam əmi başı ilə atanın dediklərini təsdiq edirdi. Onu “uçan boşqablar” haqqındakı söhbət o qədər maraqlandırmışdı ki, qabağındakı çayı içməyi belə unutmuşdu.

Atanın:

- Çayını dəyişim?-sualına:



- Lazım deyil! Sən mənə de görüm bu məlumatları sənə Yetti verir?

- Yoox!-deyə ata təəccüblə İslam əmiyə baxdı.- Uçan naməlum obyektlər- UNO haqqında ürəyin istəyən qədər qəzet, jurnal məlumatları var. Sənə çap olunmuş bir məlumatı da deyə bilərəm!

- De!

- Bu yaxın vaxtlarda hakim A.Birinin müşahidələri daha çox maraq doğurur. O Missipi çayının sahilində qəribə bir obyekt görmüşdür. Obyekt o vaxtkı mətbuatın yazdığına görə “Hava gəmisi”nə oxşayırdı. Birini deyir ki, “boşqabın” yanında boyları o qədər də uca olmayan, monqoloid sifətli, saqqalı üç canlı dayanmışdı. Hakim onların hansı dildə danışdıqlarını anlamasa da, onlardan birinin “yanına gəlmək” barədə işarəsini başa düşmüşdü. Lakin Birinin qorxmuş, ayrı planetdən gəlmiş adamın xahişini yerinə yetirə bilməmişdir.



- Bəs o gələnlərin bir şəklini, fotosunu çəkən olmayıb?

- Olub. Ufoloqlar uçan obyektlərin təsviri haqqında orta əsrə aid xeyli mənbələr aşkara çıxarmışlar. Rəssam Urban XVI əsrin ortalarında bir neçə işıq saçan diskin uçuşunu heyrətlə müşahidə edən adamların şəklini çəkmişdir. Həmin şəkil hazırda Stokholmun baş kilsəsində saxlanılır.

- Bəli! İndi mənə məlum olur ki, Yetti niyə məhz Tərxanı tapıb. Onlar yaxşı biliblər ki, Tərxanla sən Yettinin gəlməsindən əvvəl ufologiya ilə maraqlan-mısınız və elə sizinlə əlaqə saxlamaq lazımdır!

- Məncə belə deyil. Çünki, Yetti ilə olan danışıqlarımızdan belə məlum olur ki, Tərxan vasitəsi ilə Yerdə müəyyən işlərin aparılması Tərxanın, elə bəlkə də mənim anadan olduğumuz tarixdən də əvvəl planlaşdırılıb.

- Bu çox müəmmalı olmadımı? Adamın heç inanmağı gəlmir! Bəs Tərxanın babası bu məsələyə necə baxır?

- Ona Yetti barəsində heç nə deməmişik. Bir dəfə Tərxan deyib ki, yuxarı bağda Yetti ilə görüşüb. Baba ora tüfənglə getmək istəyib.

- Tüfəng nəyə lazımmış?!-deyə İslam əmi heyrətini bildirdi.

- Bizim yerdə insanlar kənar planetlərdən gələnləri həmişə qonaq-pərvərliklə qəbul etməyiblər. Ümumiyyətlə, insanlar heç də həmişə UNO ilə təşrif buyurmuş qəribə canlılara tamaşa etməklə kifayətlənməmişlər. Orta əsr ingilis yazılarında məlumat var ki, 1123-cü ildə Londonun üzərində gəmiyə-bənzər UNO dayanmış və ondan kəndirlərlə qəribə canlılar enməyə başlamışlar. Bu mənzərəyə tamaşaya yığışan adamlar UNO-nun “pilotlarını” şeytan hesab etmiş və üstlərini cumaraq onları Temza çayında boğmaq istəmişlər. İnsanların bu cür təcavüzünə məruz qalmış “qonaqlar” kəndiri kəsmiş və “uçan boşqab” bir an içərisində yoxa çıxmışdır.

- Deyirsən Tərxanın babası da Yettini gülləbaran edəcəkdi?

-Gülləbaran Yettiyə heç nə etməz. Yetti əxlaqi cəhətdən elə yüksək səviyyə göstərir ki, mən istəmirəm bizim tərəfimizdən ona qarşı kobudluq olsun.

- Gələnin üzünə belə xoş baxmağımız deyilmi ki, bizi iki əsrdir mağmun, ələbaxan edib?! Özümüz özümüzü tanımırıq.

-Məncə bizdən milyonlarla işıq ili uzaqda olan və bizə yalnız kömək etmək istəyən sivili öz mənafeyini güdən, bizi kiçik qardaş adlandırıb böyük torbaya salan, bu planetin sivili ilə qarışdırmaq olmaz.

- Gəray bəy demişkən: “Dayan Gizir, bilmək olmaz bu dünyanın işlərini”!..

- Yox! Yetti görməli olduğu işlərin planını bizə açıqlamasa da, mənə elə gəlir onun böyük imkanları var. Biz o imkanlardan nə qədər istifadə edə bilsək bu bizim- insanlığın xeyrinədir.

İslam əmini bu axırıncı ifadə qane etmədi. Dedi:

- Bilirsən? Mənə elə gəlir ki, kənar sivilin gəlib-getməsinin cəmiyyət üçün xeyri olmayacaq. Yenə onların gəlib-getmələrini bir qrup adam bilsə və cəmiyyət bu qrupu “cəfəngiyyatçı” kimi qəbul etsə - bu insanlığın xeyrinə olar!... Bu mənim fikrimdir.

- Bəlkə də sən düz deyirsən! Nə bilmək olar?!

- Yaxşı! Bəs Yettidən soruşmusunuzmu ki, niyə onlar gəmilərini boşqab formasında hazırlayırlar?

- Onu Yettidən soruşmağa ehtiyac yoxdur. Belə ki, XIX əsrin sonlarında Şimali Amerika səmalarında çoxlu UNO-ya rast gəlinmişdir. Kanzas, Çikaqo və Centon sakinləri işıq saçan siqar formasında “uçan boşqablar” görmüşlər. “Siqarlar” iki güclü projektorlarla yeri işıqlandırmışdır. Lin-Qrova şəhərində yaşayan bir ailə böyük ölçülü UNO-nun yerə enməyə başladığını görmüş və adamlar ona tərəf qaçdıqda, yerə iki yüz metr qalmış, “boşqab” qayıdıb, sürətlə yerdən aralanmışdır. Onu da qeyd etmək lazımdır ki, kənar sivil ən çox Yerə müəyyən böhran vəziyyətləri əmələ gələndə, müəyyən bölgələrə və ilin müəyyən fəsillərində “təşrif buyururlar”. Ufoloqlar müəyyən etmişlər ki, hələ sənin o K.Arnoldunun sensasiyalı xəbərindən iki il əvvəl “uçan boşqablar” amerikalıların atom bombası ilə viran qoyduqları Xirosimaya təşrif buyurubmuş. Ölüm saçan partlayışdan sonra çəkilmiş şəkillərdə şəhərin üzərində dayanmış naməlum obyekt də öz əksini tapmışdır. Həmin UNO-nun şəkilləri Yaponiyanın ufologiya jurnallarının birində çap olunmuşdur. İkinci dünya müharibəsi illərində iri ölçülü “uçan boşqablar”a rast gəlmələri barədə təyyarıçilər də məlumat verirlər. Onlar havada iki yüz metr uzunluğunda, siqara bənzər, naməlum obyektlərə rast gəlmişlər. Müəmmalı obyektlər barədə 1933-1934-cü illərdəki Skandinaviya qəzetlərində də maraqlı məlumatlar vardır. İsveç, Danimarka və Norveç səmalarında qəribə “aeroplanların” tez-tez peyda olması əhali arasında çaxnaşma əmələ gətirmişdi. “Uçan boşqablar” bizim təyyarənin uçuşu üçün əlverişli şəraitin olmadığı qış aylarında görünür və bu “sirli aeroplanlar” o qədər də yüksək olmayan hündürlükdə ağlagəlməz manevrlər edirdilər. UNO-nu tutmaq məqsədilə bir neçə dəfə havaya döyüş təyyarələri qaldırılmışdı. Ancaq təqib vaxtı məlum olmuşdur ki, qırıcı təyyarələr UNO aeroplanlarına nisbətən çox zəif sürətlə uçur və az manevrlidirlər....

İslam əmi özünü saxlaya bilməyib soruşdu:

- Bəs bunları nə üçün dərsliklərə salmırlar?

- Hər hansı elmi konsepsiyanın dərsliklərə düşməsi üçün müəyyən şərtlər ödənilməlidir. Bunların ən əsası həyati zərurətdir ki, Yer planetinin sakinləri bu təşrifləri həyati zərurət hesab etmirlər. Bəlkə elə vaxt gələcək ki, UNO-ların gəlib-getməsi adi hal olacaq. Onda dərsliklərə düşmə məsələsi haqda fikirləşəcəklər, -deyə ata inamla cavab verdi.

- Bugünkü söhbətimiz məndə belə bir inamlı təəssürat yaratdı ki, “boşqablar” qədim zamanlardan uçur və sizin Yetti haqqındakı söhbətiniz də cəfəngiyyat deyil!- Sonra İslam əmi gülüb əlavə etdi: - Deyəsən sizin görüşlərinizdən birində iştirak etmək istəyi mənim üçün də həyat zərurətinə çevriləcək!

Ata ona:

- Arxayın ola bilərsən! Tərxanla mən çalışacağıq ki, Yetti özü onunla bizim – üçlükdə görüşümüzə razılıq versin.

- Görüşü təyin edəndə Yettiyə deyin ki, mən sizin kimi elmi məsələlərə yox, ən çox dini və mistik suallara cavab tapmaq arzusundayam.

Ata:

- Baş üstə! – dedi.



İslam əmi qalxıb ata ilə salamlaşıb getdi.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin