* * *
Yenə sabahı gün Tərxan hamıdan gec oyandı və gördü ki, nənədən başqa həyətdə heç kim yoxdur. Nənə bu dəfə onu danlaya-danlaya xörəyini yedirdib, çayını içirtdi və onu danlaya-danlaya xörəyini yedirdib, çayını içirtdi və Yuxarı bağa – atanın yanına göndərdi. Tapşırdı ki, tez gəlsinlər. Günorta üstü hamı ilə birlikdə məhlədə olsunlar! Yoxsa gedib saatlarla bağda otururlar... Tərxan da:
- Baş üstə!- deyərək Yuxarı bağa – atanın yanına qaçdı.
O bağa girəndə gördü ki, ata Qara şabalıdın iri gövdəsinin gölgəsinə sərilmiş kilimin üstündə oturub qəzetlərə baxırdı. O, Tərxanın gəldiyini görüb, ayağa durdu və onun qabağına getdi.
- Ata! Bura çoxdan gəlmisən?
- Bir saat olar...
- Heç nə görmədin?
- Nəyi görməliydim?
- Yettini!...
- Onu necə görə bilərəm? Əslində sən olanda da mən onu görə bilmirəm!
- Ata! Mən hələ də elə bilirəm ki, söhbət edəndə biz üçümüz də bir-birimizi görürük.
- Həm də eşidirik?...
- Hə!....
- Yaxşı bəs sənin Yettin harada qaldı?
- Bilmirəm.
Ata Tərxanın əlindən tutub arxı keçməyə kömək elədi və hər ikisi ağacın gövdəsinin yanına gəldilər. Ata kilimin üstünə salınmış döşəkçəni Tərxana göstərib dedi ki, orada otursun. Özü də döşəkçəsini səhmanlayıb, əvvəlki yerində oturdu.
- Tərxan, mən qəzetlərə baxım, sən də Yetti gələndə mənə xəbər verərsən!
- Ata! Yetti artıq buradadır və bizimlə salamlaşır.
- Çox gözəl! Ona da bizdən salam de!
- Ata! Yetti deyir ki, o bizim suallarımıza cavab verməyə hazırdır.
- Tərxan, Yettini yadındadırsa biz onunla “İnsan və Dünya” mövzusunda fikir mübadiləsi edəcəydik.
- Yetti deyir, əgər siz sual vermək istəmirsinizsə, onda mənim suallarıma cavab verin. O soruşur ki, siz yaşadığınız dünyada bir qəribə özünəməxsusluq hiss etmisinizmi? Yəni heç maraqlanmısınızmı ki, görəsən niyə dünyada bu qədər rəngarəng müxtəliflik mövcuddur?
- Yettiyə de ki, bu suallar insanlar üçün yeni deyil. Hətta Aristotel özü də bu suallara cavab axtarıb.
- Yetti deyir ki, Yerdə insanın elmi və texniki inkişafı xeyli yüksəkdir və indi insanlar bizim dünyamız haqqında Aristotel zamanına nisbətən, daha geniş təsəvvürə malikdirlər. Bizimkilər siz insanların dünya haqqında fikirlərini bilmək istəyirlər.
- Tərxan! Yettidən soruş görüm biz cavab üçün nədən başlamalıyıq?
- Ata! Yetti soruşur ki, siz yaşadığınız bu dünyanın fizika qanunlarının həyatın mövcud olmasına “imkan verdiyinə” fikir vermisiniz?
- Məncə bu auala astrofiziklər İdlisin və Zelmanovun dedikləri ilə cavab vermək olar. Onların fikrincə dünyada gedən proseslər elə qurulub ki, orada həyat olsun və insan da ona şahid olsun. Əgər bu proseslər indi getdiyi kimi yox, başqa bir istiqamətdə getsəydi onun şahidi olmazdı. Başqa sözlə təbii və dünyəvi proseslər elə qurulub ki, insan ona şahid olsun...
- Ata, Yetti bu fikirləri çox bəyənir və insanın qabiliyyəti ilə fəxr edir.
- Bizim qabiliyyətimizlə Yetti nə üçün fəxr etməlidir?
- Ata, Yetti ona görə insanın qabiliyyəti ilə fəxr edir ki, insan başa düşürsə ki, onun mövcud olması üçün dünyanın xassələri elə beləcə də olmalı idi – bu çox böyük bir nailiyyətdir.
- Söhbət ki, belə fəlsəfi məzmun aldı, onda mən ingilis astrofiziki Devisin “Məkan və zaman dünyanın müasir şəklində” kitabından danışacağam...
- Ata! Yetti xahiş edir ki, buyurasan!
- Devis yazır ki, həyatın mövcudluğu dünyanın xassələrinin müəyyən məhdudluğu üzərində qurulub. Həyatın mövcudluğu tələb edir ki, təbiətdə gedən proseslər müəyyən qanunauyğunluq çərçivəsində getsin. Yəni başqa xassələrə malik olan digər dünyada biz insanlar mövcud ola bilməzdik.
- Yetti deyir ki, sənin dediyin fikri belə başa düşəkmi ki, əgər hər şey olduğu kimi olmasaydı, siz bu həyatda olmazdınız?
- Bəli!
- Ata, Yetti istəyir ki, biz söhbətimizin mövzusunu dəqiqləşdirək. Fikir mübadiləmizin əsas mövzusu insanın mövcudluğu və dünyanın fundamental – yəni əsaslı xassələri arasında əlaqə ideyasıdır. Başqa sözlə biz insanın mövcudluğunu və dünyanın əsas xassələri kimi iki tərəf arasında əlaqə olmasına dair ideyanı müzakirə edirik.
- Bəli.
Tərxan yenə təkrar etdi:
- Müzakirəmizin əsas mövzusu-ideyadır.
- Bəli!
- Siz, o ideyanın doğruluğunu sübut etməyə çalışın! Ata, Yetti deyir ki, o özü də bizə kömək edəcək.
- Necə sübut edək?
- Birinci cavab verin görək, dünyanın hansı xassələridir ki, insanların mövcudluğunu təmin edir?...
- Bütün xassələr...-deyə ata Tərxanın sözünü kəsdi.
- Ata, Yetti deyir ki, bu elə-belə sadə sual deyil! Hər şeydən əvvəl dünyada həyatın və eləcə də insanın yaranması və inkişaf etməsi- keçmişin təkamül yolunun haradan başlayıb, haraya getməsindən asılıdır.
Ata:
- Maraqlıdır!- dedi və yerini dəyişib Tərxanın yanında oturdu.
- Tərxan, Yettidən xahiş elə o dediyi asılılığı daha sadə yolla bizə başa salsın.
- Ata! Yetti deyir ki, siz insanlara da məlumdur ki, dünyanın genişlənməyə başladığı ilk çağında atomun nüvəsi və yüngül kimyəvi elementlər-hidrogen və helium yaranmağa başlamışdır. Sonra bu genişlənməkdə olan mühitdə özünəməxsus “qatılığa” malik qeyri-bircinslik mövcud olmağa başlanır ki, bunlar da ulduz və qalaktikaların yaranması üçün ilkin şərt idi. Daha sonra bu ulduz çoxluqlarının dərinliyində istilik-nüvə reaksiyaları baş verdi. Həmin reaksiyaların gedişi şəraitində dəmirə qədər daha ağır kimyəvi elementlərin sintezi həyata keçdi. Böyük kütləli ulduzlar partlayıb öz üst təbəqələrini atdılar. Bu genişlənən “qaz təbəqə” qabıqlarında daha ağır elementlərin formalaşması üçün şərait yaratdı...
Ata:
-
Hə...-deyir və başı ilə Tərxanın dediklərini təsdiqləyirdi.
- ...Ən nəhayət bunlardan birində - Yerdə- dörd milyarda yaxın il bundan əvvəl həyatın başlanması üçün əlverişli şərait yarandı...
- Hə də!...Təkamül nəzəriyyəsi də bunu deyir!
- Yox. Sizin dediyiniz kimi deyil! Ana Təkamül elə-belə tamamilə təsadüfi və xaotiklik mərhələləri keçməyib. Bizim haqqında danışdığımız proses dünyamızın əsaslı qanunauyğunluqlarının və əsas fiziki xassələrinin müəyyən etdiyi istiqamət və sürətlə baş verən prosesdir.
- Yaxşı. Bəs bu qalaktikaların bir-birindən uzaqlaşması ilə Yerdə həyatın yaranmasının nə əlaqəsi ola bilər?
- Ata! Yetti deyir ki, ilk baxışda belə çıxır ki, bu iki hadisə arasında heç bir əlaqə ola bilməz. Çünki ən yaxın qalaktika Günəşdən milyonlarla işıq ili uzaqdadır və belə bir məsafədə olan sistemlərin bir-birinə nisbətən uzaqlaşmasının sizə nə dəxli ola bilər?....
Ata yenə :
- Hə də!...-dedi.
Tərxan davam etdi:
- ...Dəxli var! Dünyanın ulduz adları- qalaktikalar güclü elektromaqnit şüalanmaları mənbələridir. Qalaktikaların bir-birindən belə uzaqlaşması kosmik fəzanın hər hansı bir nöqtəsinə onların göndərdiyi elektromaqnit şüalarının cəmini zəiflədir....
Ata yenə dözməyib Tərxanın sözünü kəsdi:
- Qalaktikalar bir-birinə yaxınlaşsaydı həyat olmazdı?
Tərxan davam etdi:
-...Əgər qalaktikalar bir-birindən uzaqlaşmaq əvəzinə yaxınlaşsaydılar, kainatın istənilən nöqtəsində radiasiya sıxlığı və temperatur o qədər yüksək olardı ki, dünyada təkcə bioloji həyat yox, hər hansı bir mürəkkəb quruluşa malik olan kimyəvi birləşmələrin də yarana bilməsi qeyri-mümkün olardı...
Tərxan dayanıb nəfəsini dərdi və dedi:
- Ata! Yetti deyir ki, deməli biz genişlənən dünyada təsadüfən yaşamırıq.
- Hm...-deyə ata başı ilə Tərxanın dediklərini təsdiqlədi. – Bu hələ tam sübut deyil. Çünki, mən deyə bilərəm ki, bəlkə bu qalaktikalar elə genişlənməlidirlər. Onlar bir-birindən uzaqlaşdıqca kainat genişlənir, təkamül isə öz yolu ilə gedir. Vəssalam!
- Ata! Yetti deyir ki, həyatın olması üçün başqa bir şərt də bizim məkanımızın üç ölçülü olmasıdır. Sizə məlumdur ki, fizika və riyaziyyatla məşğul olan insanlar çox ölçülü fəzada əməliyyatlar qura bilirlər. Sizlərdən heç biriniz sübut edə bilməzsiniz ki, çox ölçülü məkan maddi dünyada mövcud ola bilməz! Amma heç fikir vermisinizmi ki, belə çox ölçülü məkanda həyat ola bilərmi?..
Tərxan atanın üzünə baxdı və soruşdu:
- Ata bir, iki, üç, dörd və sair ölçülü məkan nə deməkdir?
- Onu kim soruşur? Sən, yoxsa Yetti?
- Yetti!...
- Bir və iki ölçülü fəza- məkanın nə olduğunu izah etmək asandır. Belə ki, bu bir düz xətt boyunca və müstəvi üzərində olan məkanlardır ki, bu məkanlarda hərəkət düz xətt və ya müstəvi üzərində ola bilər....
- Ata, Yetti sənin bu izahatından istifadə edir və deyir ki, bir və iki ölçülü məkanda hərəkət elə məhduddur ki, burada mürəkkəb quruluş yaranması az ehtimallıdır. Sizin fizika və riyaziyyat sahəsində işləyən insanlarınıza məlumdur ki, dörd və çox ölçülü fəzalarda bütün dairəvi hərəkət dayanıqsız olur və elə fəzalarda planetlər öz ulduzları ətrafında dövrü hərəkət edə bilməz. Yəni ya onun üzərinə düşər, ya da uçub sonsuzluğa gedərlər. Belə çox ölçülü fəza planetlərin ətrafında atmosfer dayana bilməz...
Ata Tərxanın sözünü kəsdi:
- Şəxsən mən Yettini bu dediklərini başa düşmürəm. Qoy o izah etsin ki, nə üçün belə olur?!
Tərxan:
- Ata! Yetti deyir ki, sizin insanlar- əlbəttə, nəzəri fizika ilə məşğul olanlar- bilirlər ki, çox ölçülü fəzada cazibə qüvvəsinin məsafədən asılı olaraq, azalması üç ölçülü məkana nisbətən daha sürətlə gedir- dedi və soruşdu: - Ata! Cavab kifayətdirmi?
- Bəli.
Tərxan davam etdi:
- Dünyada həyatın mümkün olması şərtlərindən biri də materiyanın orta sıxlığı adlandırılan kəmiyyətlə bağlıdır. Belə ki, əgər dünyanı təşkil edən maddənin orta sıxlığı müəyyən böhran qiymətindən aşağı olsaydı, dünya sonsuz və maneəsiz genişlənərdi. Yox, əgər materiyanın orta sıxlığı böhran qiymətindən böyük olsa, onda dünyanın günişlənməsi müəyyən vaxtdan sonra sıxılma ilə əvəz olunardı. Sıxılan dünyanın elektromaqnit şüalanması həyat üçün nə dərəcədə məhvedici olması haqda danışmışıq.
Ata:
- Bəli,- dedi. – Bunlar ümumi nisbilik nəzəriyyəsindən də məlumdur.
- Çox yaxşı!-deyə Tərxan Yettinin razılığını bildirdi.
Ata davam etdi:
- Son astronomik ölçülər göstərir ki, müasir dünyanın maddə-materiya sıxlığı böhran qiymətinə yaxındır.
Yetti onu da bizim yadımıza salır ki,əgər orta sıxlıq adlanan kəmiyyət böhran qiymətindən bir balaca az olsaydı, onda belə “seyrələn” dünyada ətalət qüvvəsi cazibə qüvvəsini üstələyərdi...
Ata:
- Ətalət qüvvəsi üstün gəlsəydi, onun nə ziyanı ola bilərdi ki? Onsuz da dünyamız genişlənir! – deyə yenə Tərxanın sözünü kəsdi.
- Ata! Yetti deyir ki, cazibə qüvvəsi maddi obyektlərin hərəkət xassələrinə çox cüzi təsir edərdi və ona görə qravitasiya dayanaqsızlıqları səbəbindən baş verən ilkin sıxlıq sarpması- elmi dildə desək “flüktyasiyası” mümkün olmazdı. Bu isə o deməkdir ki, ya bir ulduz, ya da bir qalaktika əmələ gələ bilməzdi...
Ata yenə Tərxanın sözünü kəsib:
- Deməli ulduzların peykləri – yəni həyatın inkişafının yalnız orada mümkün olacağı kösmik cisim-planetlər olmazdı, - deyə söylənmiş fikri təsdiqlədi.
- Ata, Yetti bizə çatdırmaq istəyir ki, əgər materiyanın orta sıxlığı böhran qiymətindən böyük olsaydı, həyatın mümkün olması üçün uğursuz situasiya yenə baş verərdi. Belə ki, bu halda orta sıxlığın artması dünyanın “genişlənməyə” başladığı andan onu “sıxılmağa” başlayacağı anadək olan müddəti sürətlə azaldardı...
- Tərxan, Yettidən xahiş et, o hissəni bir az açıqlasın! Başa düşmədim.
- Ata! Yetti soruşur ki, hansı hissəni?
- O “genişlənmə” ilə “sıxılma” arasında olan müddətə orta sıxlığın hansı yolla təsir edəcəyini izah etsin.
- Yetti deyir ki, bu hadisənin baş vermə səbəbi odur ki, dünyada materiyanın sıxlığı böhran qiymətini keçib çoxaldıqca cazibə qüvvəsi “tormozlanma” prosesini sürətləndirir və dağılışan qalaktikaları dayandırır. Sonra isə geriyə-toplanmağa doğru yönəldir. Bu vəziyyətdə baş verən “genişlənmə” və “sıxılma” hadisələrinin pulyasiyası – yəni periodik olaraq təkrarlanma dövrü çox “qısa” olur. Belə zaman intervalı ilə şüurlu varlığın yaranmasına kifayət etmir.
- Yettinin bu dediklərinə bir sübutu varmı?
- Var. Belə ki, materiyanın- yəni dünyanı təşkil edən maddənin orta sıxlığının qalaktikaların “dağılışmasına”- yəni bir-birindən müxtəlif istiqamətlərdə uzaqlaşmasına böyük təsirini elə sizin astronomlar özləri müşahidə ediblər. Onlar öyrəniblər ki, qalaktikaların sizdən olan məsafələri artdıqca, onların uzaqlaşma sürətləri də artır. Özü də bu sürət artımı məsafə artımı ilə mütənasib olur...
- Hə! Yadıma düşdü. Birinci dəfə bu hadisəni Amerika astronomu Habbl kəşf edib və Yettinin dediyi o asılılıqdakı mütənasiblik əmsalı da onun şərəfinə Habbl əmsalı adlandırıb, - deyə ata sevincək halda əli ilə Tərxanın çiyninə toxundu.
- Ata, Yetti bu informasiya üçün sənə təşəkkür edir və soruşur ki, Habbl əmsalının ədədi qiyməti yadındadırmı?
- Yadımdadır! Təqribən 75 km bölünsün meqaparsekdir.
- Ata! Yetti deyir ki, Habbl əmsalı olduğundan bir azacıq az olsaydı onda Metaqalaktika artıq çoxdan sıxılmağa başlamış olardı və orada – yəni Metalaqalaktikada – həyat inkişaf etməyə belə macal tapmazdı. Əksinə əgər qalaktikaların bir-birindən uzaqlaşma sürətləri hal-hazırkı uzaqlaşma sürətindən böyük olsaydı, bu hadisə orta sıxlığın böhran qiymətindən az olduğu halda həyatın yaranmasına əlverişli şəraitin mümkünsüzlüyü kimi hadisə baş verərdi.
Ata oturduğu yerdə ağacın gövdəsinə dirsəkləndi və Tərxandan soruşdu:
-
Sən bu danışıqlardan bir şey başa düşürsən?
-
Yox.
-
Necə yəni yox? Bəs bütün bu söylədiklərindən heç nə anlamırsan?
- Anlamağına anlayıram. Amma Yetti mənə deyir ki, sənə danışdıqlarımın mənasına o qədər də fikir verməyim, o mənə nə desə onu da sənə çatdırım. Vəssalam.
- Bəs sən darıxmırsan?
- Yox, ata. Mən bilirəm ki, bu danışdıqlarım sənə lazımdır.
- Təkcə mənə yox, əslində hamıya lazımdır. Yetti bizə izah edir ki, insan təsadüfi təkamülün nəticəsi olmayıb, Allahın bizim üçün yaratdığı məkanda, planlı təkamül yolu ilə dünyaya gəlmişik. Hər şey hesablanıbmış....
- Ata! Yetti deyir ki, bizim dünyamızın təkamülünün xassə və quruluşu müasir elmə məlum olan dörd fiziki əlaqəni xarakterizə edən əsas fiziki sabitlərin qiymətindən də asılıdır. Siz bilin ki, bu sabitlər əvvəlcədən hesablanıb və kodlaşdırılıb. Sizin elm adamları həmin o dövrü fiziki əlaqəyə fiziki qarşılıqlı təsir də deyirlər. Bunlar elektromaqnit, qravitasiya, zəif və güclü qarşılıqlı təsirlər adlanır. Bu sıraya- yəni fiziki sabitlər sırasına- elektronun yükü və kütləsi və bir neçə digər fiziki kəmiyyətlər də daxildir. Ata, Yetti soruşur ki, bəlkə bu gün üçün bəsdir. Yorulmusunuz.
- Sən yorulmusan?
- Yoox.
- Onda, Yettiyə de, davam edib, fikrimizi yekunlaşdıraq.
- Yetti deyir bizim dünyamızda bu sabitlər elə fiziki şəraiti təyin edir ki, yalnız bu şəraitdə həyatın olması mümkündür. O deyir ki, siz bilirsiniz ki, ulduzların daxili enerjilərinin ayrılmasını təmin edən bir aralıq termonüvə sintezi reaksiyası zamanı iki protondan ibarət olan hissəcik- deyton (ağır hidrogen – deyteriumun nüvəsi) əmələ gəlir. Sizin nəzəriyyəçi fizikşünaslarınız çox gözəl bilir ki, əgər deytonda olan nüklonların əlaqə enerjiləri hal-hazırkı qiymətlərindən bir baıaca az olsaydı dünyamızın quruluşu köklü dəyişikliklərə məruz qalardı. O zaman deyton stabil olmazdı və deməli nüvələrin yaranması – nüvə sintezi də olmazdı. Bütün kainat təkcə hidrogendən təşkil olunmuş olardı. Əgər ulduzlar yaranmış olsaydılarsa da tezcə kollapsa uğrayardılar. Tərxan bir anlığa dayandı və yenə sözünə davam etdi. – Ata, Yetti deyir ki, kollaps hadisəsinin nə olduğunu atandan soruşarsan.
- Yaxşı.
- Yetti deyir ki, əgər deytonun nüklonları arasındakı əlaqə enerjisi hal-hazırda olduğundan bir neçə faiz artıq olsaydı, onda helium nüvəsində iki protonu bir qamma-kvant yaratmaqla birləşdirən nüvə reaksiyası çox böyük sürətlə gedərdi ki, bu da iki protonu deyterium nüvəsində pozitron və neytrino yaratmaqla gedən reaksiyanı söndürmüş olardı. Nəticədə dünyanın genişlənməyə başladığı elə birinci dəqiqədə bütün hidrogen yanar və dünya ancaq heliumdan ibarət olardı....
Ata:
- Sən bir hesablamanın dəqiqliyinə bax!- deyə öz təəccübünü bildirdi.
Tərxan isə davam edirdi:
- ...Əgər protonun kütləsi elektronun kütləsindən əməlli – başlı çox olmasaydı, dünyada nüklon sintezi mümkün olmazdı. Sizin elmlə məşğul olan insanlara da məlumdur ki, elektron indi olduğu kütləsindən üç dəfə artıq kütləyə malik olsaydı, hidrogen atomunun yaşama dövrü üç ay, əgər dörd dəfə çox olsaydı- bir sutka olardı. Dünyanın genişlənməyə başladığı dövrün neytral hidrogen yarandığı zamanında bütün hidrogen neytrona və neytrinoya parçalanardı. Deməli bundan sonra yaranan ulduz və qalaktikalar ancaq neytrondan ibarət olur, atom və molekuldan əsər - əlamət olmazdı.
Ata yenə:
- Paho!-elədi. - Sən bir hikmətə bax! Tərxan sən Yettidən soruş görüm həyat üçün belə unikal şərtlərin toplanmasını onlar necə izah edirlər? Şəxsən mən hesab edirəm ki, bizim dünyamızı və bu dünya daxilində insanı yaradan ali bir varlıq mövcuddur və bütün bu unikal şərtlər toplusunun arxitektoru da Odur.
- Ata! Yetti xahiş edir ki, çox da küyə düşməyəsən. İnsanın şüuru və onun sayəsində də mühakimə yürütmək qabiliyyəti var. Biz özümüz də Böyük Yaradanın böyüklüyünə heyran qalırıq. Amma dünyada gedən prosesləri başa düşməyə can atırıq. Siz də, biz də başa düşməyə çalışırıq ki, görəsən necə olub ki, başlanğıc etaplarda dünyanın genişlənməsi çox nəhəng sürətlə gedib. Belə ki, saniyənin çox kiçik bir hissəsində dünyanın həcmi on üstü əlli dəfə (10 50) artıb? Necə ola bilər ki, biz həqiqətən çox ölçülü dünyada yaşaya-yaşaya bizə üç ölçü saxlanılıb, qalanları isə sanki “bükülüb”?
- Yaxşı, bəs siz o suallara necə cavab verirsiniz?
- Ata! Yetti deyir ki, biz də sizin kimi belə düşünürük ki, antrop prinsipi nöqteyi-nəzərindən iki imkan ola bilər: birincisi ondan ibarətdir ki, bizim dünyamız çoxlu sayda genişlənmə və sıxılma periodları keçirib və hər bir dövrdə müəyyən fiziki sabitlər toplusu formalaşıb. İndi biz elə bir dövrdə yaşayırıq ki, bu genişlənmə dövründə həyatın mümkün olmasına imkan verən unikal sabitlər hökm sürür. İkinci imkan o ola bilər ki, maddi dünyada sonsuz sayda aləmlər- dünyalar var ki, onların da hər biri özü üçün xüsusi fiziki sabitlər və xassələr toplusuna malikdirlər. Biz onlardan eləsində yaşayırıq ki, orada canlı orqanizmin formalaşması üçün imkan var. Siz fikir verin! Bu iki halın hər ikisində fiziki xassə və sabitlərin unikallığı – yəni elə bil kimin tərəfindənsə işlənib, toplanması və tətbiq olunması tələbini - əhəmiyyətini itirir...
Ata yenə Tərxanın sözünü kəsdi:
- Tərxan! Yettiyə çatdır ki, mən başa düşmürəm, niyə onlar da ateist kimi danışıb gözümüzün qarşısında olan, təkzibedilməz unikallığı inkar etmək üçün izahedilməz modellərə müraciət edirlər. Mən dərk edirəm ki, bu modellərin araşdırılması işinə elmi nöqteyi-nəzərindən haqq qazandırmaq olar. Lakin...
- Ata! Yetti xahiş edir ki, sən də öz fikrini bildirəsən.
- Mənim fikrim odur ki, Yetti mənim sualıma cavab vermədi. O ki qaldı unikallığa bu faktdır. Məsələn astrofiziki tədqiqatlar göstərib ki, bizim planetimiz Yer-Günəş sistemində unikal göy cismidir. Ona görə unikaldır ki, Yerdə təbii təkamül prosesində canlı orqanizmin yaranması və inkişaf etməsi üçün dolğun əlverişli şərait yaranıb. Hər şeydən əvvəl Yer Günəşdən elə məsafədə dayanıb ki, ondan həyat üçün optimal olan miqdarda işıq və istilik enerjisi ala bilir. Yerin hidrosferi – maye su örtüyü var ki, su canlı varlıqların hüceyrələrinə daxil olur. Bundan başqa Yer elə bir atmosferə malikdir ki, onun kimyəvi tərkibi ilə ilkin dövrlərdən Yerdə üzvi maddələrin yaranmasına imkan verib. Digər tərəfdən həmin imkanın gerçəkləşməsi üçün Yerdə optimal cazibə qüvvəsi, Günəş radiasiyasının tərkibi, müəyyən kimyəvi maddələrin mövcudluğu və sair vardır. Burada həyat üçün vacib olan elə iki geofiziki amil var ki, onlarsız yaşayış çoxdan məhv olardı.
Bunlardan biri bizi Günəşin məhvedici ultrabənövşəyi şüalarından qoruyan ozon təbəqəsi, o biri isə kosmosdan gələn yüksək enerjili hissəciklərdən mühafizə edən Yerin maqnit sahəsidir. Unikallıq deyilmi?!
-
Ata! Yetti xahiş edir ki, həyəcanlanmayasan. Bir də xahiş edir ki, siz
“antrop prinsipi”ni necə başa düşdüyünüzü izah edəsən.
- Yaxşı. Yəqin çox emosiyaya qapıldım. Xahişə cavab vermək üçün bir neçə kəmiyyəti yada salmalıyam. Məsələn, bizim qalaktika 100 milyarddan artıq müxtəlif tipli ulduz, ulduz toplusu, qaz və toz dumanlıqları, ayrı-ayrı atomlar və hissəciklər və digər aralıq maddələrdən ibarətdir. O formaca qabarıq linzaya oxşayır, diametri 100 min, mərkəzdən qalınlığı isə 12 min işıq ili ölçüsündədir. Buradan (yəni Yerdən) qalaktikanın nüvəsi yaxşı müşahidə olunmur. Ən böyük kütləyə malik olan ulduzlar onun mərkəzindədir. Dünyanın şimal qütbündən baxanda Qalaktika öz oxu ətrafında saat əqrəbi istiqamətində fırlanır. Tam dövrü üçün 180 milyon Yer ilinə bərabər vaxt sərf edir. Buna qalaktika ili deyirik. Bizim günəş sistemi qalaktikanın mərkəzindən 30 min işıq ili məsafəsindədir. Antrop prinsipi deyəndə belə başa düşürük ki, qalaktikada Günəş sistemi də daxil olmaqla müəyən qurşaq var ki, bu qurşaqda həyat üçün əlverişli fiziki şəraitin olması inkar edilməzdir. Başqa sözlə qalaktikanın antrop prinsipi belə formalaşdırılır: “ qalaktikada korotasiya zonası adlı elə bir qurşaq var ki, həyat və sivil yalnız o qurşaqda yarana və mövcud ola bilər”.
- Ata! Yetti deyir ki, dünyanın necə olması barəsindəki mühakimələrimizə görə təşəkkürünü bildirir və biz insanların təfəkkürü ilə fəxr edir!
- Tərxan! Sən Yettidən soruş görüm, bizim nailiyyətləriimizə onların sevinmələrinin səbəbi nədir?
- Ata, Yetti deyir ki, Yerdə insanın inşa edilməsində onların əməyi var. Deyir....
Ata çox təəccüblə:
- Sən nə danışırsan?! – dedi. Bu vaxta kimi mən Yettinin danışıqlarına ciddi bir şey kimi yanaşırdım. Deməli səhv etmişəm. O bizi barmağına sarıyırmış!...
- Ata ! Yetti xahiş edir hövsələli olasan. O deyir ki, əgər inanmasan, sənə sübut üçün dəlil də göstərə bilər.
- O nə dəlildir elə?
- Yetti deyir ki, təxminən 40 min Yer ili bundan əvvəl bura gələn kimi köməkçilər hazırladıq və onlara insan modeli qurdurduq. Sonralar burada insan inşa edilərkən istifadə edilmiş həmin modelin baş hissəsi uçqun altında itdi. Bizim gümanımızca o hissə Amerika qitəsinin Honduras bölgəsində qalıb. “Dağ bülluru” adlandırdığınız maddənin kristal quruluşuna oxşar quruluşa malik maddənin hazırlanmış həmin model hissəsinin taleyi ilə maraqlanın! O hissənin taleyi bizi də maraqlandırır. Əgər o hissəni tapa bilsəniz, bu sizin üçün sübut , bizim üçün isə gərəkli məlumat olardı! Bu işi görəndə hesab edin ki, bizə kömək edirsiniz!
Ata narahatlıqla:
- Niyə ancaq bizim köməyimiz?...
- Çünki insanlarla danışıq ünsiyyətinə girməyimiz yalnız Tərxan vasitəsi ilə mümkündür.
- Tərxan! Yettinin sözündən belə çıxır ki, guya insan Yerdə “inşa” olunub! Bəs bu fikir Darvinin təkamül nəzəriyyəsi ilə ziddiyyət təşkil etmir?
- Ata, Yetti deyir ki, siz insanların Yerdənkənar yüksək şüur sahibləri ilə qohumluq əlaqələriniz var. Siz, bir növ, həyatın Yerdəki ağacına peyvənd edilmiş mədəni budaqsınız!
- Mən insanların “inşa” olunmasına dair fantastik fikirlərə rast gəlmişəm. Amma belə bir işin həqiqət olmasına heç cür inana bilmərəm! – deyə ata çiyinlərini çəkdi.
- Ata, Yetti deyir ki, kosmosdan gələnlər Yerdə məharətli bağban-cərrahlar hazırladılar ki, bunlar “insan” yaradılmasına çox əmək sərf etdilər. O əməyin nəticəsidir ki, indi biz sizinlə dil-danışıq ünsiyyətinə girə bilirik.
- Bəs təkamül nəzəriyyəsi necə olsun?!
- Siz əmin ola bilərsiniz ki, insanlar yoxsul şüur sahibi meymunun çevrilməsi nəticəsində əmələ gəlməmişdir! Fikir versəniz görərsiniz ki, bu “çevrilmə” üçün sərf edilən müddət olduqca cüzidir. Siz öz-özünüzə sual verin ki, sapiens olmaq üçün təkamül yolundakı belə nəhəng sıçrayış nə ilə əlaqədardır?!
Tərxan bir anlığa duruxdu və ataya müraciətlə:
- Ata, Yetti soruşur ki, biz “sapiens” sözünü başa düşürükmü?
- “Sapiens” adı altında “yüksək şüurlu məxluq” söz birləşməsini qəbul edirəm.
- Məxluq nədir?
- Məxluq –insan cəmiyyətinin üzvləridir.
Tərxan razılaşdı. Ata davam etdi:
- Tərxan! Sən Yettidən soruş görüm insanın yaranması haqqında onun verdiyi məlumatı təsdiq edən elə bir əsası varmı?
- Ata! Yetti deyir ki, Yer sakinlərinin bəzilərinin bədənləri sıx tüklə, digərlərinin isə zireh kimi buynuz maddəsinə çevrilmiş möhkəm dəri ilə örtüldüyünü, bir qisminin isə zireh və pul daşıdığını, yalnız insanın dərisinin yalın və zəif olmasını, bütün bunlara baxmayaraq sap-sağlam yaşaması deyilənləri təsdiq etmirmi?! Yetti, əlavə olaraq, insanın meymundan üç əsas fərqini saymağı lazım bilir.
- Xahiş edirəm buyursun! – deyə ata daha maraqla Tərxanın üzünə baxdı.
- Yetti deyir, birincisi odur ki, meymunlarla müqayisədə təkcə insanın ayaqları qollarına nisbətən uzundur. Bu formada hərəkət insana çiyin və bel ağrıları bahasına başa gəlməsinə baxmayaraq, o ayaq üstə gəzir. İkinci fərq odur ki, insan dəri altı piy qatına və seyrək tük örtüyünə malikdir. O suda üzə bilir və bradikardiya xassəsinə - yəni suya cumanda və sualtı hərəkəti zamanı ürəyinin döyünməsinin avtomatik olaraq yavaşıması xassəsinə malikdir. Üçüncü fərq isə insanın beyin qutusunun həcminin 1000 sm3 – dan artıq olmasıdır ki, bu heç də primatda yoxdur. Digər tərəfdən insan öz tənəffüsünü idarə etmək qabiliyyətinə malikdir və bu qabiliyyətlə o səsinin tezliyinin geniş diapazonda dəyişə bilir....
- Bütün bu xassələrin təkamül prosesində meydana gəlməsinə dair çoxlu sayda fərziyyələr var. Sizin saydığınız əlamətlər təkamül prosesini inkar etmir, - deyə ata Yettinin dəlillərinin dediklərini sübut etdiyinə razılaşmadı.
- Yetti xahiş edir ki, o fərziyyələrdən heç olmazsa, birini danışardın! – deyə Tərxan ataya müraciət etdi.
- Təkamül prosesinin sübutuna xidmət edən ən maraqlı fərziyyələrdən biri, 1960-cı ildə E. Xardi, K.Zayer və E. Morqanin verdikləri fərziyyədir. Onlar deyirlər ki, miotsendən sonra pliotsendə bizim əcdadlarımız olan qədim dünyanın meymunları buzlaşmaya (pleyetotsenə) qədər Hind okeanının sahillərində yarı su – yarı quruda yaşamaq məcburiyyətində qalmışdır. Dayaz yerlərdə gəzmək onların qola nisbətən uzun ayağa malik olmalarına və düz yerişlərinə, suda üzmələri tük örtüyünün itirilməsinə və dəri altı piy qatının yaranmasına, suya baş vurmaq isə bradikardiya və tənəffüsün idarə edilə bilməsi bacarığına gətirib çıxarıb. Sinədə qalxıq döşlər o vaxtkı “qadınlara” imkan verib ki, suyun içərisində uşaqlarına süd verə bilsinlər. Genital qurğunun uzanması uşaqlığa su və palçığın dolmasının qarşısını almış, ombalardakı “yastıqlar” isə qaya və daşlı sahillərdə oturmaq işini asanlaşdırıb. Üz-üzə kopulyasiya dəniz məməlilərinə xas olan xüsusiyyətdir. Vəssalam! - deyə ata Tərxana işarə etdi ki, sözümü qurtardım.
- Ata! Məlumatların üçün Yetti öz minnətdarlığını bildirir. O da deyir ki, bəs danışdığın fərziyyənin sahibləri necə izah edə bilərlər ki, əgər onların qeyd etdiyi dövrlərdə insan üçün xarakterik xüsusiyyətlər möhkəmlənibsə, niyə insan öz bədənində suda yaşadığını sübut edən bir əlamət saxlamayıb?! Bəs onlar izah edə bilirlərmi ki. nəyə görə insanın cinsiyyət orqanları öz quruluşu və orijinallığına görə, təkcə dəniz məməlilərindən deyil, bütün başqa Yer planeti sakinlərindən fərqlənir? Niyə insan üçün il boyu müəyyən bir cütləşmə dövrü yoxdur? və s.
- Tərxan! Yettiyə de ki, o “və sair” nə deməkdir? Başqa bir fərq də varsa desin! – deyə ata elə bil Tərxana yalvarırdı.
- Ata, Yetti deyir var! Misal üçün insanın köpək dişi başqa kəsii dişləri ilə eyni uzunluqdadır. Tərxan bir az duruxdu və əlavə etdi: - Yetti soruşur ki, bəs sizin Darvinin təkamül nəzəriyyəsində insanın əmələ gəlməsi necə şərh olunur?
- Darvinin fikrincə, burada cinsi seçmə başlıca rol oynamışdır. Estetik hisslərlə və ya digər mülahizələrlə hərəkət edən dişi və ya erkək meymunlar özlərinə nisbətən az tüklüləri yol yoldaşı seçmiş və nəticədə tüksüz olmuşlar.
- Ata ! Yetti maraqlanır ki, Darvinin belə təbii seçmə yolu ilə insan əmələ gəlməsi nəzəriyyəsinə sənin münasibətin necədir? Sən necə inana bilirsən ki, meymun özü tüklü olduğu halda tüksüzə üstünlük verib?! Bir də axı, o tüksüz özü, nə üçün tük örtüyünü itirib? Digər tərəfdən anlamaq olarmı ki, tüksüz zəif fərd öz haqqını tüklü meymun dəstəsi içərisində necə qoruya bilib? Və ən nəhayət, nə üçün buzlaşma soyuqları tüksüz meymunu məcbur etməyib ki, o öz yununu qaytarsın?- deyə Tərxan cavab gözləyirmiş kimi bir anlığa dayandı və yenidən davam etdi:
- Ata! Yetti deyir ki, yerdə insanın yaradılması yerdənkənar sivilin fəaliyyəti ilə həyata keçib! Sübut üçün deyək ki, balığın yaşı 400 milyon Yer ilindən bir az çox, həşəratların yaşı təqribən 300 milyon, dinozavrların yaşı- 250, quşların yaşı- 150, məməlilərin yaşı – 100 milyon ildən bir az çoxdur. Bəs insanın? İnsan müasirdir. Bəs bu “cavan” Yer sakininə bir belə “sıçrayış” təkamül nəzəriyyəsində özünü necə göstərir?
- Bəlkə bunu dini təfəkkür ilə bağlayaq!...
- Yox! Din-insan vicdanının nəzarətçisidir. O, həyat inkişafına nisbətən yaxın zamanda yaranıb. Dinin yaranmasında bizim iştirakımız olmayıb. Mərkəzdə olan ümumbəşəri qüvvə (siz onu Allah adlandırırsınız) bütün aləmlər üzərində ali dərəcədə hökmə malikdir və onun hakim təsirinin həyata keçirilməsi mexanizmi bizə də məlum deyil.
- Elədirsə, Yer üzərində din ilə bağlı görülmüş bu qədər işlər yerdənkənar sivili maraqlandırmayıb? Bəs neçə-neçə böyük məscid, məbəd, kilsə tikən insanları bu işə kim sövq edib?! Siz dini qurğuların öz orijinallığına fikir vermisiniz?
- Bizim bu məsələyə qarışmağa haqqımız yoxdur. İnsan haradansa və ya hansı yollarlasa öz yaradıcısına sitayiş edirsə, biz bunu təbii qəbul edirik.
- Bəs demədinizmi ki, Yerdə insanı siz yaratmısınız?!- deyə ata mübahisə edirmiş kimi səsini qaldırdı.
- Biz bir-birimizi başa düşmədik! Bağban bir meyvə növü yetişdirirsə və ya seleksiyaçı başqa bir heyvan növü yaradırsa, bu o deməkdirmi ki, calaqaltı materialı da o özü yaradıb? Biz də hələ bir qarışqaya belə can verə bilməmişik. Amma yeni növlər almaq tamamilə başqa işdir!
- Mən Sizi hələ indi başa düşdüm!-deyə ata razılaşdığını bildirdi.
- Yaxşı ki, bir-birimizi başa düşürük! Qaldı sizin dediyiniz məscid, məbəd və kilsə qurğuları, buzə elə gəlir ki, onlar bizim nəqliyyat vasitələrimizin və qurğularımızın modelləridir. Siz uzun illərdən bəri hündür antennalı məbədlər qurursunuz . Bizim antennalara oxşar xaçlar və radarlarımıza oxşar ayparalar yüksəldir, lampa-indikatorlara oxşar şamlar yandırırsınız...
- Yəqin ki, biz insanlar bu vasitələr ilə sizinlə əlaqə yaratmaq istəyirik!
- Əfsus ki, belə əlaqə yaratmaq imkanı sizin üçün əlçatmazdır! Bu ona bənzəyir ki, siz daşdan düzəldilmiş telefon aparatı ilə bir-birinizlə danışmağa çalışırsınız.
- Yetti! Mənə elə gəlir ki, insanlar belə məscid, məbəd və kilsə qurğuları ilə sizinlə yox, bayaq dediyiniz o calaqaltı materialın yaradıcısı olan mərkəzi qüvvə ilə - Allahla əlaqə saxlamaq istəyirlər! Ona yaxınlaşmaq istəyirlər!
Tərxan susurdu. Ata Yettidən heç bir cavab gəlmədiyini görüb:
- Bəs o “təkamüldə sıçrayış”ın nə ilə bağlı olduğunu yekunlaşdırmadıq!- dedi.
- Ata! Yetti deyir ki, onun fikrini sən özün yayındırdın. Xahiş edir ki, bizim söhbətimizin harada başqa səmtə keçdiyini söyləyəsiniz.
- Yetti özü soruşdu ki, cavan Yer sakini olan insanın öz təfəkküründə belə bir sıçrayışı haradan əxz etdiyini təkamül nəzəriyyəsi izah edə bilərmi?
- Yox, bilməz! İzah edə bilmir! Elə dini və fəlsəfi mübahisələr də bu bilməzlik üstündə inkişaf edir. İnsanın əcdadı, daha doğrusu, calaqaltı materialın təkamül əcdadı, daha doğrusu, calaqaltı materialın təkamül tarixi təqribən 5,5 milyon il bundan əvvəl, ilkin Avstralopiteklərdən başlayıb. Onların da kökü 8 milyon il bundan əvvəllər yaşamış Ramapiteklərdən gəlir. Sizin bildiyiniz təkamül prosesinə məruz qalan Avstrolopiteklər artıq həmin dövrlərdən təqribən 1,9 milyon il sonra boyları – 4-4,5 fut olan Letolil Afarlılarına çevrildilər. 3,1 milyon il bundan əvvəlki tarixi dövrlərdə müəyyən qədər formalaşmış Efiopiya Afarlılarının bir hissəsi ayrılaraq təbii təkamül ümidində qaldılar və həmin bu qruplar öz həyat yollarının Qratsil avstralopiteki (2,0-2,2 milyon il bundan əvvələ-dək), kütləli (iri) avstralopitek (1,8 milyon il bundan əvvələdək) və ən nəhayət , sıraları seyrələn və tamamilə kökü kəsilən kütləli avstralopiteklər (1,0 milyon il bundan əvvələdək) kimi yaşadılar.
Bizim nəzərimizi cəlb edən və Efiopiya afarlılarından ayrılan digər qol isə ayrılma dövründən ta...2,2 milyon il bundan əvvələ qədər qədim əmək alətləri hazırlayıb onlardan istifadə etməyi bacardılar. Sizin elmi ədəbiyyatınızda onlar “Bacarıqlı adamlar” dəstəsi adlanır. Sizin “1470-ci Varlıq” adlandırdığınız bu adamlar artıq 5 fut boya malik idilər ki, onlar da 1,8 milyon il bundan əvvəlki tarixə qədər yaşadılar. O tarixdən 1,5 milyon il bundan əvvələ qədərki dövrü əhatə edən müddət ərzində yaşamış varlıqları isə siz “Homo-Qabilislər” adlandırırsınız. Müəyyən çevrilmələrdən sonra (1,8-16,5) milyon il bundan əvvələ qədər) Afrika Qabilisləri Pikantroplara çevrildilər. Bütün bu çevrilişkərin indiki dövrə ən yaxın sərhəddi təqribən 1 milyon il bundan əvvələ təsadüf edir. 800 min il bundan əvvəlki tarixdə yaşamış insan əcdadları Yava pikantropları olmuş və onların yaxın 100 min il bundan əvvəlki nəsli Neandertallar olub. Onların sonrakı inkişafı nəzarət altında olub və təqribən 40 min il bundan əvvəl Kromannonlular qiyafəsində sizin kimi müasir insanlar şəklinə düşdünüz.
- Siz dediniz ki, bütün bunlar sizin nəzarətinizlə həyata keçib. O nəzarət necə olub?
- 3,1 milyon il bundan əvvəl ilk dəfə apardığımız “inşa” işi nisbətən yerli xarakter daşıyırdı və bu hibridlərin say etibarı ilə kiçik populyasiyası özlərinin mədəni fəaliyyəti barəsindən heç bir iz qoymadan pitekantrop kütləsi içərisində əriyib yox oldu. Növbəti “inşa” işi üçün biz Yerdə 250 min il vaxt sərf etdik və Yer planetində ilk şüurlu insan yarandı.
- Xahiş edirəm o vaxtkı hadisələrdən bir neçəsini danışın. Bu bizim elmimiz üçün çox maraqlı olar.
- O vaxtkı “yeni” sakinlərin sizinlə başlıca oxşarlığı bunda idi ki, onlar demək olar, sıx tük örtüyündən bütünlüklə məhrum idilər. İlk vaxtlar sərt qış şəraitindən, məhv olmamaqdan ötrü biz onlara faydalı biliklər verdik, özümüz isə uzaq aləmimizə qayıtdıq. Vaxt ötdükcə bu “inşa” edilmiş adamların mədəniyyəti öləziməyə başlayıbmış. Müəyyənləşdirildi ki, buna əsas səbəb tənəzzül və qarışıq nigahlar imiş. Belə ki, Yer planetində “inşadan” qaçan və bu səbəbdən başdan-ayağa tüklü, saysız-hesabsız homonoidlər qalmışdı. Biz növbəti dəfə gələndə tamamilə heyrətə düşdük. Buada insan əvəzinə qəribə tüklü məxluqlar gəzişirdilər. Bu məxluqlar çox güclü və hiyləgər idilər. Başlıcası isə o idi ki, onlar yerli şəraitə çox gözəl uyğunlaşmışdılar. Biz məcbur olduq ki, hər şeyi yenidən başlayaq...
- Siz bu dəfə nə vaxt gəlmişdiniz?
- Təxminən 40 min il bundan əvvəl.
- Xahiş edirəm sonrasını da danışın.
- Biz “inşa” üçün genetik cəhətdən sağlam homonoidlər seçdik. “Təmiz qan cütləşməsi” tətbiq etməklə sapiyenslərin yenidən kütləvi istehsalına başladıq.
- Maraqlıdır! Çox xahiş edirəm bu eksperimentləri harada və necə apardığımız barədə bizə mümkün qədər ətraflı məlumat verəsiniz.
- Ərəbistan mağaralarında və Cənub- Şərqi Asiya adalarında!
- Bəs başqa yerlərdə olmazdı?
- Bizim seçdiyimiz yerlər materikdən okeanlarla ayrılmışdı. Bunlar “qanın təmizliyi” üçün belə seçilmişdi. İndinin özündə həmin adalarda müəmmalı və düz yeriyən böyük burunlu meymunlar yaşayır. Onlar bizim “tikinti zir-zibilimizdir”. Bu bir növ ilk sapiyens yetişdirilən zaman hidridləşmə prosesindən qalan istehsal tullantılarıdır.
- Bəs qalan homonoidlər hara oldu?
- Onlar qismən planetimizin ən ucqar və çətin keçilən rayonlarına köçürüldülər və zamanın axarı ilə seyrəlib getdilər.
- Deməli “Qar adam” onlardır?
- Bizim fikrimizcə elədir.
- Siz eksperimentin necə aparılmasından danışın. Xahiş edirəm davam edin!
- O vaxt, yəni 40 min il bundan əvvəl, biz bu planetə bir neçə mütəxəssis qruplarla gəlmişdik. Biz Yerdə daha inkişaf etmiş fərdləri seçib onlara genlər səviyyəsində intellekt yerləşdirdik.
- Mənim üçün anlaşılmaz oldu! Xahiş edirəm bir qədər də aydın izahat verəsiniz, - deyə ata yalvarırmış kimi Tərxanın üzünə baxdı.
- Ata, Yetti deyir ki, biz təcrübəyə başlayan zamanlar, yəni 40 min il bundan əvvəl, Yerdə mövcud olan və sizin Darvinin dediyi təkamül yolu ilə təşəkkül tapmış və bizim nəzarətimiz altında olan homonoiddən bir nümunə seçdik. Həmin bu nümunə homonoiddən hüceyrə götürdük. Götürdüyümüz hüceyrəni genlər səviyyəsində dəyişdik. Sonra isə qida mühitində bu hüceyrədən yumurta hüceyrəsi güyərtdik. Alınmış yumurta hüceyrəsini də dişi homonoidin bətninə köçürtdük. Müəyyən müddətdən sonra “ana” dişi uşaq doğdu...
Ata yenə dözə bilməyib, Tərxanın sözünü kəsdi.
- Vəssalam?! Elə onunla insanlıq yarandı?
- Ata! Yetti cavab verir ki, bəli. Süni mutasiya nəticəsində özündə əcdadlarının bütün əlamətlərini saxlamaqla bərabər, onlarda olmayan ali şüura malik uşaq doğuldu. Bu uşaq əcdadlarından fərqli olaraq gələcəkdə danışmaq, məlumat toplamaq və təhlil etmək qabiliyyətinə malik oldu. Dünyaya gələn dövrlərdən başlayaraq bütün bunlar insan övladına başqa həmqəbilələrinə nisbətən yaşamaq üçün çox böyük imkanlar verdi.
Tərxan susdu və sakit-sakit atanın üzünə baxdı. Ata isə tilsimə düşübmüş kimi kipriklərini də çalmadan Tərxanın üzünə baxırdı.
- Ata! Ata!...- deyə Tərxan əli ilə onun çiyninə toxundu. Ata yuxudan ayılıbmış kimi hövləng soruşdu:
- ...Sonra?
- Ata! Yetti nə soruşmaq istədiyini müəyyən etmədi...
- Yetti! Mən elə bilirdim ki, siz insanı cərrahiyyə yolu ilə, yəni biçib-tikməklə yaratdığınızı deyəcəkdiniz. Deməli o vaxtdan implantasiya üsulu tətbiq edilirmiş. Bəs doğulan uşaq oğlan və ya qız olacağını da bilirdiniz?
- Ata! Yetti deyir ki, insan populyasiyasının inkişafı üçün kişi və qadın individlərinin doğulması lazım idi. Yumurtadan hansı cinsin çıxacağını bilib bilməməyimizdən asılı olmayaraq, təcrübəni ən azı iki dəfə təkrar etmək lazım gəlirdi ki, bir kişi və bir qadın fərdi dünyaya gəlsin.
- Hə!...Deməli Adəm və Həvva haqqındakı qədim rəvayətlərin də kökü burada imiş! İnsan övladının dünyaya gəlməsi haqqında sizin şərh etdiyiniz model təkamül nəzəriyyəsi və dini təfəkkür ilə çox gözəl uzlaşır.
- Ata! Yetti deyir ki, dünyaya insan gəlməsi prosesi Darvinin dediyi kimi seçmə və mühitə uyğunlaşma ilə deyil, məqsədyönlü mutasiya nəticəsində həyata keçib!
Ata razılıqla başını tərpətdi və dedi:
- Bu gün mənə aydın olur ki, əgər bizim elmimiz şüurlu varlıqların həyata gəlməsi ilə kosmik əlaqəni ciddi qəbul edib araşdırsaydı, bir çox müəmmalı suallara çoxdan cavab tapmışdıq!
-
Ata! Yetti soruşur müəmmalı sual dedikdə nəyi nəzərdə tutursan?
- Misal üçün dini kitablarda yazılır ki, Allah insanı özünə oxşar yaradıb...
- Ata, Yetti də güman edir ki, insanın konstruksiyası sizin Allah adlandırdığınız, bizim isə “Mərkəzi”, “Hökmedici” adlandırdığınız qüvvəyə məxsusdur. Biz isə icraçılarıq.
- Deməli siz mələklərsiniz?!
- Ata! Yetti deyir ki, xeyr! Biz də sizin kimi mərkəzi qüvvənin yaratdıq-larındanıq.
- Tərxan! Ondan soruş görüm Yer planeti onlar üçün belə maraqlı idisə, nə üçün özləri bura köçməyib, insan yaratdılar?!
- Yetti deyir ki, başqa kosmik sistemdən bura kütlə daşımaq əlverişli deyil. Bundan başqa, sizə məlum olmalıdır ki, qalaktikada həyatı yaymaq üçün kütlə daşıyan kosmik gəmi çox-çox ləng hərəkət edərdi.... lap tutaq ki, çox böyük enerji sərf etməklə sizin Yer planetinə üç və ya beş fərd gətirilib. O fərdlər burada yaşaya bilməzdilər. Onları təbii fəlakətlər, xəstəlik, yırtıcı və ya həşəratlar tez bir zamanda məhv edərdi. Deməli Yerdə intellektin zəif cücərtilərini yaratmaqla bərabər onların mühafizəsi də təşkil olunmalı idi.
- Yetti siz mühafizəni də təşkil etmişdiniz?- deyə ata Tərxana elə müraciət etdi ki, elə bil Tərxan Yettinin özüdür.
- Bəli. İnsanın “inşa” edildiyi ilk dövrlərdən başlayaraq intellektin zəif cücərtilərinin inkişafına tam və ya qismən mane olan hissələrini, o cümlədən gələcəkdə eksperimentə ziya biləcək digər maneələri də ixtisara salmalı olduq. Beləliklə, donozavrların və kələzlərin kökü kəsildi. – Tərxan bir anlığa susdu və davam etdi:- İnşaatçı qruplarımız çox olduğuna görə Yer planetində çoxlu irqlər əmələ gəldi. Bizim “inşaatçılar” nitqin təməlini qoydular. Sonralar isə hər irqin dili sərbəst inkişaf etdi. Amma bütün irqlər üçün ümumi olan təhtəlşüur oldu. Bu isə səs anlaşmasını tələb etmir. Lakin hələ siz ondan istifadə etməyi bacarmırsınız. Burada tək-tük adamların belə bacarığı var. Bu isə istisna kimi qəbul edilir.
- Yəqin Yetti bizim çox böyük görüçülük qabiliyyəti olan Mişel Nostradamus kimi adamları deyir.
- Ata, Yetti xahiş edir deyək ki, Nostradamus kimdir və onun haqqında ətraflı məlumat verək.
- Mişel Nostradamus 1503-cü il dekabrın 14-də San-Remm şəhərində, yəhudi ailəsində dünyaya gəlmiş, 63 il 10 ay 17 gün yaşamışdır. O, 1566-cı ildə iyulun 2-də vəfat edib. Nostradamusun görücülük intervalı 1557-ci ildən başlayaraq 3797-ci ilədək olan , yəni 2240 ili əhatə edir. Onun 1529-cu ildən bu gününədək baş verəcək tarixi hadisələr barədə qabaqcadan söylədikləri doğru çıxmış və bəşəriyyətin gələcəyi barədə bu kişinin fikirlərinin öz əksini tapması onu məşhurlaşdırmışdır.
- Ata, Yetti soruşur ki, biz belə şəxslərin çoxunumu tanıyırıq?
- Biz belə adamları bəsirətçilər, rəmmallar, uzaqgörənlər adlandırırıq.
- Bəs biz bilirikmi ki, bu cür adamalrın çoxu Meksika, Hindistan və Bolqarıstan ərazilərində dünyaya gəlir?
- Bəli. Deyilənlərə görə kosmosdan gələn üç ən fəal enerji axını Meksika, Hindistan və Bolqarıstan ərazisinə düşür. Onun nəticəsində də bəsirətçilərə həmin bölgələrdə daha çox rast gəlinir.
- Ata! Yetti xahiş edir ki, mətləbə qayıdaq!
- Hansı mətləbə?
- O mətləbə ki, Yetti bizdən Honduras ərazisində itirilmiş kəllə modelinin taleyi haqda məlumat istəyir.
-Mən elə bir şey eşitməmişəm. Amma çalışıram ki, bizim tarixçilərdən o barədə məlumat istəyim.
- Hansı tarixçilərdən?
- Əlbəttə arxeoloqlardan! Əgər belə bir tapıntı olubsa, onların məlumatı olmamış olmaz!
- Ata! Yetti öz minnətdarlığını bildirir və mənə də deyir ki, onunla aparacağımız təcrübəyə hazırlaşım.
Ata narahatlıqla:
-
Soruş görüm o nə təcrübədir?
-
Ata, biz Yetti ilə zaman ölçüsündə gəzintiyə çıxacağıq.
-
Hə. də... Qara qızın dərdi varmış! Mən də deyirəm bu işin sonu nə olacaq?! Deməli, onlar bizim gələcəyimizlə maraqlanırlar. Oradan faydalanmaq fikirləri var!
- Ata! Yetti deyir ki, biz yalnız insan şüurunun malik olduğu imkanlardan səmərəli istifadə etməyə çalışırıq. Onlar üçün də əyrənməli çox şey var. Yetti deyir ki, Yer planetində insan inşa edənin insan fəaliyyətindən faydalanması qəbahət deyil. Atanı da təkrar –təkrar əmin edir ki, bizim apardığımız təcrübə mənim səhhətim üçün heç bir təhlükəsi olamayan zehni fəaliyyətdir və bu iş yalnız yuxu zamanı həyata keçiriləcək.
Ata yenə nigarançılıqla:
-
O təcrübələrdə mən iştirak edəcəyəm?
-
Yetti deyir ki, bu iş bizim ikimizin də yuxuda olduğu vaxt mümkün olardı. Lakin Yetti atadan xahiş edəcək ki, təcrübə zamanı heç kimə və heç nəyə imkan verməsin ki, məni narahat etsinlər. Ata! Yetti soruşur ki, onunla razısan?
-
Mən razı olub-olmamağımın Yetti üçün əhəmiyyəti olmadığını başa düşürəm! O təqdirdə necə razı olmaya bilərm ki?!
-
Ata! Yetti sənin fikrini müəyyənləşdirə bilmədi. Xahişlə cavab istəyir.
-
De ki, razıyam!
-
Ata! Yetti səni təkrar əmin edir ki, heç bir nigarançılığa ehtiyac yoxdur. Hər şey adi gündə, adicə yuxugörmə kimi olacaq. Yetti mənim gördüklərimi sənə danışmaq üçün müəyyən müddət yaddaşımda saxlayacaq.
-
Saxlasın!
-
Ata! Yetti xudahafizləşib gedir.
-
Bəs təcrübə nə vaxt olacaq?
-
Deyir bu yaxın günlərdə!
-
Allahdan kömək !- deyə ata da ayağa qalxdı və Tərxanla birlikdə həyətə qayıtdılar.
Dostları ilə paylaş: |