12
I HİSSƏ
HİRKAN BİOSFER REZERVATININ
SOSİAL-İQTİSADİ VƏ TARİXİ ƏSASLARI
I Bölmə. Hirkan və onunla bağlı sözlərin etimologi-
yası haqqında
II Bölmə. Biosfer Rezervat konsepsiyası haqqında
III Bölmə. Hirkan Biosfer Rezervatının tarixi
əsasları haqqında
IV Bölmə. Hirkan Biosfer Rezervatının botaniki
tədqiqatlarının tarixi haqqında
13
I BÖLMƏ
Hirkan və onunla bağlı sözlərin etimologiyası haqqında
Hirkan – qədim qaynaqlarda Hirkaniya kimi qeyd edilən ərazi –
Xəzər dənizinin cənub sərhədlərində, şimaldan Xəzər dənizi,
cənubdan Elburs dağları arasında məskunlaşmış çox qədim yerli
(avtoxton) tayfa olan hirkanlıların adı ilə bağlıdır.
Bu ərazilər haqqında ilk məlumatlara qədim Assuriya
mənbələrində rast gəlinir. Qədim Assuriya lövhələrindən və digər
tarixi salnamələrdən məlum olur ki, eramızdan əvvəl VIII əsrdə
Xəzərin cənub-qərb hissəsində Kaspiana, cənubunda Midiya, cənub-
şərqində isə Hirkaniya dövlətləri yerləşirdi
(Всемирная История, том.
II).
Hirkan ərazisi Zərdüşt dininin müqəddəs kitabı olan «Avesta»da
«Vrkana» (Vehrkana) formasında baş allah olan Hörmüzdün şəxsən
yaratdığı «gözəl torpaqlar və ölkələr» sırasında qeyd edilir.
«Videvdat» kitabında Ahura Mazdanın 16 ölkə yaratdığı bildirilir ki,
Hirkanıya bu sırada 9-cu ölkə sırasında durur
(Avesta, Videvdat, I
farqard). Maraqlı faktlardan biri də budur ki, burada xeyir allahı
Hörmüzdün birinci müqəddəs torpağı Araz çayının sahilində yaratdığı
bildirilir. Mütəxəssislərin fikrincə bu Azərbaycan ərazisidir.
Ksenofont öz əsərində paytaxtı Zadrakarta şəhəri olan
Hirkaniyanın və Midiyanın qonşu dövlətlər olduğunu, onların Qədim
İran dövləti ilə ittifaq bağlayaraq Assuriyaya qarşı uğurlu
müharibələrindən yazır. Əsərin bir yerində İran hökmüdarı Böyük
Quruşun (559 – 530) Hirkan hökmüdarına təşəkkür etdiyi və onunla
fəxr etdiyi bildirilir
(History of the Persian Empire. Cyropedia. The
Life of Kurosh The Great. Wrote by Xenophon. Book 4.- 4.5.23).
Lakin növbəti Əhəməni hökmüdarı Daranın dövründə Hirkaniya işğal
edilərək Qədim İran İmperiyasının bir hissəsinə – satraplığına çevrilir.
Qədim İran hökmüdarı I Daranın həkk etdirdiyi «Bisütun
Kitabələri»nin mixi yazılarında Hirkaniyanın fəthindən bəhs edən
lövhələr mövcuddur. Hirkaniyanın paytaxtı Zadrakarta isə satraplığın
mərkəzi olub Əhəməni hökmüdarlarının yay rezidensiyasına çevrilir.
Hirkaniya haqqında növbəti məlumatları Herodot verərək buranın
zəngin torpaqlara və irriqasiya sistemlərinə malik olduğunu bildirir.
Nəhayət, Hirkaniya haqqında sonuncu məlumatlar Makedoniyalı
İsgəndərin bu əraziləri işğal etməsi ilə bağlıdır. Əfsanəyə görə
14
Makedoniyalı İsgəndər burada sədd inşa etmişdir. İndi də bu yerlər
«Səddi İsgəndər» - «İsgəndərin səddi» adlandırılır.
Hirkan, hirkaniya və hirkanlılar adlarına demək olar ki, bütün antik
yunan müəlliflərinin əsərlərində rast gəlinir. Arrian «III Aleksandrın
yürüşü» (III Kitab) əsərində hirkanlıların atlı süvarilərinin Dara
ordusunun tərkibində Makedoniyalı İsgəndərə qarşı şücaətlə
döyüşdüklərini bildirir. Arrian həmçinin Hirkaniyanın iri şəhər və
kəndlərə malik olduğunu, şah sarayının isə ən böyük şəhər olan
Zadrakartada yerləşdiyini göstərir. Plutarx Makedoniyalı İskəndərin
Hirkanaya və Hirkan körfəzini seyr etməyə gələrkən hökmüdarın
başına qəribə bir əhvalat gəldiyini qeyd edir. O, yazır: «bu yerlərdə
yaşayan barbarlar ata baxanlara hücum edərək şahın Bukefal atını
oğurlayırlar. İsgəndər qəzəblənərək çapar vasitəsi ilə atı
qaytarmayacaqları təqdirdə bütün yerli sakinləri qadın və uşaqları ilə
birlikdə qılıncdan keçirəcəyini bildirdi. Atı qaytardıqdan və şəhərlər
könüllü təslim olduqdan sonra İsgəndərin qəzəbi soyudu, hətta
oğrulara atı qaytardıqlarına görə ənam da verdi…»
(Плутарх, 1990).
Hirkan adı Xəzər ətrafındakı ərazilərin ən qədim və geniş yayılmış
adlarından biridir. Ptolomey, Strabon, Plutarx, Böyük Plini, Arrian və
s. antik müəlliflərin əsərlərində Xəzər dənizinin adı Hirkan dənizi kimi
çəkilir.
Sonrakı dövrlərdə ərəb mənbələrində bu yerlər Təbəristan və
Curcaniyyə, paytaxt şəhəri isə Curcan kimi qeyd edilir. Məşhur
azərbaycan coğrafiyaçısı və səyyahı Əbdürrəşid İbn-Saleh İbn-Nuri
Əl-Bakuvi (1402-1473) özünün məşhur «Təlxisül – əsər fi əcaibil –
əqtar» («Abidələrin xülasəsi və qüdrətli hökmüdarının möcüzələri»)
əsərində Curcanın Təbəristan vilayətinin məşhur və böyük şəhəri
olduğunu, orada gəmilərin üzdüyünü, quru və su quşlarının
məskunlaşdığı ərazi olduğunu qeyd edir
(Абд ар-Рашид аль-Бакуви,
1971). İranda, Xəzər dənizi sahilində uzunluğu təqribən 80 km, eni
isə 40 km olan Gürgan (Qorqan) düzənliyi mövcuddur.
İran-fars mənbələrində adı Qorqan (azərbaycanca Gürgan) kimi
çəkilən, Xəzər dənizinin cənub-şərq sahilində yerləşən tarixi vilayət
olmuşdur. Mənbələrdə Xəzərin qədimdə «Gürgan dənizi», «Cürcan
dənizi», «Hirkan dənizi» adlanması Gürganla əlaqədar olduğu bildiri-
lir. Orta əsrlərdə Gürgan vilayətinin paytaxtı olan Gürgan limanı
mühüm ticarət mərkəzi və şimala gedən ipək karvanlarının əsas
dayanacaq məntəqəsi idi. 1930-cu ilədək Astrabad adlanan bu şəhər
15
İran İslam Respublikasının Gülüstan vilayətinin mərkəzi olub bu gün
də Gürgan (farsca Qorqan) adı ilə yaşayır.
Güman etmək olar ki, qədim dövrlərdə Xəzərin bütün ətrafı
Gürgan əraziləri olmuşdur. Belə ki, Abşeron yarımadasında, Zirə
qəsəbəsindən təqribən 5 km şərqdə Azərbaycanda qədim yaşayış
məskəni olan Gürgan ərazisi yerləşir. Yerli əhali buranı «Şəhri
Gürgan» adlandırır. Deyilənlərə görə Xəzər dənizi səviyyəsinin
qalxması ilə əlaqədar ərazi suyun altında qalmış, əhalisi isə indiki Zirə
kəndinə köçmüşdür. Sonralar dəniz səviyyəsinin enməsi nəticəsində
bu yaşayış məskəni yenidən üzə çıxmışdır. Zirədən şərqə doğru
gedən qədim yol xalq arasında «Gürgan yolu», yaxınlıqdakı
üzümlüklər isə «Gürgan bağları» adlanır. Gürganda aşkar edilmiş daş
qutu qəbirlərdən ibarət qəbristan burada hələ Dəmir dövrünün
əvvəllərindən yaşayış məskəni olduğunu göstərir
(Асланов Г.М.,
Голубкина Т.И., 1973). 1941-ci ildə Abşeron yarımadasını Pir-Allahı
adası ilə birləşdirən dambanın (torpaq bənd) inşası zamanı bir sıra
arxeoloji obyektlər üzə çıxmışdır. Görkəmli alim xanım Aşurbəyli S.A.
göstərir ki, yerli əhali tərəfindən «Gürgan» və ya «Əfşəran»
adlandırılan qədim yaşayış məskəni ilə Abşeron mayakı arasındakı
ərazidə daş yeşiklərdə dəfn edilmiş qəbirlər tapılmışdır
(Ашурбейли
С.А., 1992). Qəbirlərdən tapılmış boz və qırmızı gildən hazırlanmış
qablar, muncuqlar, daş lövhələrdəki vəhşi keçi konturları, obsidian
parçaları, bürünc ox ucluqları və digər məişət vasitələri hələ
eramızdan bir neçə min il əvvəl bu ərazilərin yüksək inkişaf səviyyəli
həyat məskənlərindən olduğunu göstərir. Bakı şəhəri, Əzizbəyov
rayonu ərazisində Şüvəlandan 18 km cənub-şərqdə Bakı-Artyom
dəmir yolunun kənarında, Xəzər dənizi sahilində Gürgan (Gürgən)
qəsəbəsi mövcuddur. Abşeron yarımadasının şərqində, Artyom
adasından cənubda Abşeron yaşlı əhəngdaşılardan təşkil olunmuş
Gürgan burnu yerləşir.
L.N.Qumilyova görə Deyləm sonralar Gilan vilayətinə çevrilmiş,
Hirkan isə öz müstəqilliyini XI əsrə qədər qoruyub saxlamışdır
(Гумилев Л.Н., 1991). Azərbaycan Səfəvilər dövlətinin dövründə
Hirkan və Şirvan əraziləri bir canişinliyin tərkibində olmuşdur. Səfəvi
dövlətinin canişini Abdulla xan Ustaclı tərəfindən İngiltərəyə ipək
ixracı ilə məşğul olan ingilis taciri Antoni Cenkinsona təqdim olunmuş
1562-ci il fərmanında canişin «göyün və yerin yaradıcısı Allahın
qüdrəti ilə təyin olunmuş və indi də səltənət sürən Şirvan və Gürgan
hakimi» kimi təqdim olunur
(Əfəndiyev O.Ə., 1993).
16
Beləliklə tarixi qaynaqların xronoloji analizi bu sözün etimoloji
dinamikasının Vrkan-Varkan-Qorqan-Gürgan şəklində, ərəbcə cürcan-
cürcaniyyə, latınca
hyrcania, qədim yunan transkripsiyasında isə
hrcania formasında olduğunu göstərir. Onu da qeyd etmək lazımdır
ki, Hirkan sözünün çox maraqlı, yerli etimoloji izahı da mövcuddur.
Bir sıra mütəxəssislər bu sözün talış dilində “hırkan” – “dumanlı yer”
mənasını daşıdığını bildirirlər. Həqiqətən də rütubətli subtropik
əraziyə aid olan bu yerlər ilin əksər günləri dumanlı olur.
Talış meşələri, talış ərazisi və talış sözlərinin etimologiyasına
gəldikdə bu haqda çox müxtəlif fikirlər mövcuddur. Bir sıra tarixi
mənbələr və müasir tədqiqatçıların fikirlərinə əsasən
(Гумилев Л.Н.,
1991., Миллер Б.В., 1953) demək olar ki, eramızdan əvvəl I
minillikdə Xəzərin cənub bölgəsində qərbdən şərqə doğru kaspilər,
kadusilər, gellər, deyləmlər və hirkanlılar məskunlaşmış, sonrakı
dövrlərdə burada üç ərazi formalaşmışdır: kadusilər, gellər və
deyləmlərin yaşadığı Deyləm (təxminən indiki İRİ Gilan vilayəti),
Təbəristan (təxminən indiki İRİ Mazandaran vilayəti) və «canavarlar
ölkəsi» olan Gürgan (təxminən indiki İRİ Gülüstan vilayəti). Elmi
mənbələr kadusi, gel və deyləm tayfalarından müasir gilanlıların
yarandığını bildirir. Hal-hazırda İRİ Gilan vilayətinin qərb hissəsində
kompakt yaşayan talışların dili gilan dilinə (gilaki dilinə) çox yaxındır.
Cənubi Azərbaycanda talışların başlıca məskənlərinin Gilan vilayəti,
onun Xəmsəyi Təvaleş adlandırılan əraziləri olduğu, buradakı
Kəngərud, Əsalem, Talış, Dolab, Şəmdərmin və Masal
məntəqələrində talışların əhalinin xeyli hissəsini təşkil etdiyi bildirilir
(Cavadov Q.C., 2004). Bir çox mütəxəssislər talış sözünün qədim
Deyləmin «Tabalis» adlı ərazisindən yarandığını bildirirlər. Seyid Əli
ibn
Kazımbəy
«Cəvahirnameyi-Lənkəran»
əsərində
yazır:
«…«Qamus» kitabında talış sözü «Təyalisə» şəklində qeyd edilir.
Talış Təyalis formasından ixtisara düşərək «Talıs» şəklini almış və
yerə görə uyğunlaşdırılmışdır. Buradan məlum olur ki, Təbalis Gilan
ərazisindədir. Doğrudan da, Gilan Deyləm ölkəsinin şimalında
yerləşir. Talış da onun bir hissəsidir…». Hal-hazırda İRİ Gilan
vilayətində talışların yaşadığı Tavaliş adlı ərazi (rayon) mövcuddur.
Ərəb mənbələrində Talış ərazisi «Tablistan» adlandırılır. Digər
tərəfdən talışların dağda və aranda məskunlaşması və talış ərazisinin
dağ və ovalıq hissələrə şamil edilməsi bu əhalinin qədim dövrlərdə
mövsümdən asılı olaraq yarım-köçəri, sonralar isə oturaq həyat tərzi
keçirdikləri bildirilir.
17
Talış ərazisinin coğrafi, iqtisadi və siyasi tarixi barədə dəyərli
məlumatlar verən əsərlərdən biri yuxarıda qeyd edildiyi kimi XIX əsr
görkəmli azərbaycan tarixçisi Seid Əli ibn Kazımbəyin 1869-cu ildə
fars dilində yazdığı «Cəvahirnameyi-Lənkəran» («Lənkəran
cəvahirinə aid kitab») əsəridir. Əsərdə Talışın mahalları, təbii
sərvətləri, iqlimi, tarixi abidələri, talış xanlarının şəcərəsi haqqında
maraqlı məlumatlar verilir.
Sonralar Gilan əyalətinə qatılan Talış Şah İsmayıl Xətai dövründə
(XVI əsrin əvvəlləri) Səfəvi dövlətinin əsas əyalətlərindən biri
olmuşdur. Talış feodalları şaha ən yaxın və etibarlı arxa olduqlarından
sarayda böyük nüfuza malik idilər.
Mənbələrdə Şah İsmayıl Xətainin ustaclu, rumlu, şamlı, zülqədər,
əfşar, qacar və təkəli tayfalarından olan nüfuzlu türk-qızılbaş əmirləri
ilə yanaşı talış tayfasından olan Dədə bəy Talışın (Əbdüləli bəy Dədə)
da adı çəkilir. Şahın ən sevimli müəllimi də bu yerlərdən idi. Şah
İsmayıl Xətainin ətrafında olan talış əmirləri Bayandur xan, saray
əmiri Həmzə Soltan, Hacı Üveys Soltan, Şuragöl və Alaşkert hakimi
Qara xan və Alpaut İbrahim xəlifə olmuşlar. I İsmayılın Gilanda
olduğu dövrlərdə onun həyatını xilas etmiş, «Səfəviyyə» təriqətinin
yayılmasında böyük xidmətləri olmuş Hüseyn bəy Lələ sonralar şah
tərəfindən «vəkalət-i nəfs-i nəfis-i hümayun» yəni «əlahəzrətin şəxsi
müavini» vəzifəsinə təyin olunmuş, Mövlana Şəmsəddin Gilani isə
Səfəvilər dövlətinin ilk sədri – dini idarə rəhbəri olmuşdur. Bəzi tarixi
məlumatlara əsasən Şah İsmayıl Xətainin ulu babası-sülalənin
yaradıcısı olan, müasirləri tərəfindən «pir-i türk» adlandırılan Şeyx
Səfiəddin də özünün gənclik illərini Talışda keçirmiş, müəllimi Şeyx
İbrahim Zahidə olan ehtiramını daim saxlamışdır. Qaynaqlar onun
oğlu Şeyx Heydərin (1460-1488) ilk müdafiəçilərinin məhz rum, talış
və qaracadağ tayfalarının olduğunu bildirir (Əfəndiyev O.Ə., 1993).
Sonralar Şah hökuməti buraya milliyətcə talış olan Sarı Xanı
göndərir və bu vilayəti ona bağışlayır.
Nadir Şah Əfşarın dövründə Talışı vilayət hakimi idarə edirdi.
Tarixi məlumatlara görə, talış xanları sülaləsinin banisi Səfəvi nəslinə
mənsub olan Ərdəbilli Seyid Abbas olmuşdur. Nadir şah rəsmi
fərmanla Seyid Abbası talışın nəsli hakimi elan etmişdir. 1747-ci ildə
Nadir şah öldürüldükdən sonra Talış digər xanlıqlar kimi müstəqil
xanlıq olmuşdur.
Mirzə Əhməd Mirzə Xudaverdi oğlu «Əxbərnamə (Talış xanlığı
tarixindən)» əsərində bildirir ki, ilk Talış xanının atası ehtiyac
18
üzündən İranın Xalxal ərazisindən Şirvana gedərkən yüklə dolu eşşəyi
bu ərazidə palçığa batdığından gecəni orada qalmalı olur. Yuxuda
ona vəhy gəlir ki «ey alicənab seyid, sənin övladın Talış vilayətinin
hakimi olacaqdır». Onun iki övladı olur. Nadir şahın vilayətə hakim
təyin etdiyi əslən Şirazlı olan İbrahim xanın əyyaşlıqla məşğul olması
yerli dindar əhalini çox narahat etdiyindən onlar bu məsələnin həllini
subay xana seyid qızı almaqda görürlər. Xalqın rəğbətini qazanan
xanın qaynı Seyid Abbas tez bir zamanda faktiki hakimiyyətə sahib
olur, sonradan isə özünün Talış hakimi təyin edilməsi barədə şah
fərmanı alır
(Mirzə Əhməd Mirzə Xudaverdi oğlu. Əxbarnamə, 1975).
Sonrakı dövrlərdə Mir Mustafa xanın səyləri nəticəsində Talış
Xanlığı 1800-ci ildə Çar Rusiyasının himayəsinə qəbul edilmişdir.
Onun oğlu Mir Həsən xan Rusiyanın razılığı ilə İran şahı tərəfindən
zəhərlənərək öldürüldükdən sonra isə 1826-cı ildə Çar hökumətinin
fərmanı ilə Talış Xanlığı ləğv edilmiş, bu ərazi 1840-cı ildə Lənkəran
qəzası formasında mərkəzi Şamaxı olan Kaspi vilayətinə, 1859-cu ildə
isə Bakı Quberniyasının tərkibinə daxil edilmişdir. Çar Rusiyası
tərəfindən istila edilən vaxt Talış Xanlığının 40 000 əhalisi olduğu
bildirilir
(Məhəmməd Həsən Vəliyev (Baharlı), 1993). Xanlıq dövrünün
torpaq sahibliyi əsasən aşağıdakı kimi olub üç kateqoriyaya
bölünürdü:
Birinci tip torpaqlar – otlaqlardan və meşələrdən ibarət idi və
xanın şəxsində hökumətə məxsus olub şəxsi adamlara müvəqqəti və
ya ömürlük istifadəyə verilə bilərdi. Meşələrdən isə istənilən adam
sərbəst və pulsuz istifadə edə bilərdi. İcma torpaqları isə kəndlilərin
tabeliyində idi. Xanlar bu torpaqlarda bəylərə kəndlilərin gəlirlərinin
müəyyən hissəsindən istifadə etmək hüququ verirdilər. Bu cür
idarəetmə hüququ varislik əsasında keçsə də mütləq hər dəfə xanın
xüsusi razılığı (fərmani-təliqə) əsasında müəyyən olunurdu. Bəyin
torpaq satmaq hüququ yox idi.
1841-ci ildən «Əlahəzrətin reskripti»nə görə xanlar, bəylər və
ağalar kəndləri idarə etməkdən kənar edildilər və bunun əvəzində
onlara ömürlük pul təminatı təyin olundu. 1846-cı il tarixli
«Əlahəzrətin reskripti»nə görə isə ilk dəfə olaraq Azərbaycanda
torpağa xüsusi mülkiyyət hüququ verildi. Həmin reskriptə görə xan-
lar, bəylər və ağaların torpaqları onların nəsillərinin ömürlük əmlakı
elan edildi. 1917-ci il Zaqafqaziya Diyar Komitəsinin və 1915-ci il
Torpaq və Dövlət Əmlakı İdarəsinin məlumatına görə Bakı
quberniyasının meşələrinin ümumi sahəsi 382 023 desyatin (1 156
19
550 d), o cümlədən əlverişli meşə sahələri 252 500 (818 000 d)
desyatin, meşəliyi isə 11.0% (14.45) olmuşdur
(1 desyatin = 1.0925
ha-dır. Mötərizədə o dövr Azərbaycan üzrə olan göstəricilər
verilmişdir). 1914-cü ilin məlumatlarına görə, ümumi meşə sahəsinin
848.24 min desyatini və ya 72.2%-i dövlətə, qalan 308.3 min
desyatini yaxud 27.8%-i şəxsi və hüquqi sahibkarlara məxsus idi.
Aşağıdakı cədvəldə bu göstəricilərin quberniyalar üzrə paylanması
verilmişdir.
Dostları ilə paylaş: |