1988
_____________ Milli Kitabxana________________
53
KİÇİK FOLKLOR NÜMUNƏLƏRİ VƏ UŞAQ
TƏRBİYƏSİ PROBLEMLƏRİ
Ailənizdə xoşbəxt günlər başlayıb. Uşağınız doğulub. Allah
ona hərtərəfli inkişaf etmək qabiliyyəti verib. Əgər siz ona kömək
etsəniz o, həm ağıllı və əxlaqlı, həm də fiziki cəhətcə güclü bir
insan kimi böyüyə bilər. Amma onun tərbiyəsini başlı – başına
buraxsanız başqalarının təsiri altında formalaşar. Onda heç kəs
zəmanət verə bilməz ki, bu gün ailənizin xoşbəxtliyi olan uşaq
sabah sizin həyatınıza nələr gətirəcək. Körpənizin tərbiyəsini
əlinizdə möhkəm saxlayın. Elə edin ki, bu günlərin səadəti
həmişəlik olsun. O, sağlam, ağıllı və hamının bəyəndiyi insana
çevrilsin. Uşaq tərbiyəsi ailə adlanan kiçik bir cəmiyyətin ən
başlıca vəzifəsidir.
Körpə ana bətnindən dünyaya gələn kimi ciyərləri hava ilə
dolur və o qəribə bir səs çıxarır: İnqaaa. Çoxu onu ağlamaq hesab
edir. Bəlkə də bu belədir. Lakin o səs daha çox uşağın sevincinin
ifadəsinə oxşayır. Körpə qaranlıq bir dünyadan işıqlı aləmə gəlib.
O, daha anasının nəfəsi ilə tənəffüs etməyəcək, onun yeməyinə
şərik çıxmayacaq. O, artıq çox şeydən azaddır. O azadlıq və
müstəqillik onu həyacana gətirir. Onun çıxardığı sevinc səslərinin
sait və samitləri qalın və incələri anlaşılmır. O, sadəcə olaraq
çığırır. Bu, təxminən düşmən mühasirəsini yarıb azadlığa çıxan
əsgərlərin şən qışqırtılarına bənzəyir: “Urraa” bu söz kimi “İnqa”
nın da heç bir mənası yoxdur. Sadəcə olaraq sevinc qışqırığıdır.
Ana bətnindən salamat çıxan körpənin qələbə himnidir. Bu quş
cikkiltisinə, quzu mələməsinə də bənzəyir. O, gələcək insanın
ətrafındakılara demək istədiyi ilk sözdür.
Bəlkə də siz mənim sözlərimi bir şair fantaziyası hesab edib
deyəcəksiniz: Uşaq bu dünyaya gəldiyini haradan başa düşür? Axı
o, hələ heç nə anlamır!
Məni qınamağa tələsməyin. Tibb elmi çoxdan kəşf edib ki,
uşaq bətndə 4 – 5 aylıq olanda ananın keçirdiyi hislərlə yaşayır,
_____________ Milli Kitabxana________________
54
duyğularına şərik çıxır, sevincinə sevinir, kədərinə kədərlənir. Əgər
gələcək uşağınızın sağlam doğulmasını istəyirsinizsə, onda balacanı
bətnində gəzdirən anaya qayğı göstərin. Onu kədərlənməyə
qoymayın, uşağınız onun bətnində sıxılar, hələ doğulmamış xəstəlik
tapar. Yadda saxlayın ki, anadangəlmə xəstəliklər müalicə olunmur.
Bunu da mən yox, tibb elmi kəşf edib.
Hamilə qadına ən ləziz yeməklər verin, təmiz havaya, gözəl
məclislərə aparın. Onun nazını nə qədər çəksəniz, əvəzində
uşağınız da sağlam və gözəl doğulacaqdır. Sizin uşağınız “İnqa”
deyə sevinc səsləri çıxararaq bu dünyaya gəldi. İndi elə etməlisiniz
ki, onun sevinci əbədi olsun. Siz onun xoşbəxtliyini təmin etməyə
borclusunuz. Soruşursunuz ki, “Bunu necə edək? Neyləyək ki,
uşağımız xoşbəxt olsun?” Bir halda ki, söhbət gəlib bu suala
dirəndi, onda gəlin məsələni yavaş–yavaş aydınlaşdıraq.
Demək uşağınızı tərbiyə etməyi qərara almısınız. Bu, çox
mühüm addımdır. Qeyri millətlərdən türk xalqlarını fərqləndirən
əsas cəhətlərdən biri budur ki, biz uşaqlarımızın xoşbəxtliyini
özümüzünkü hesab edirik. Özümüzü dünya nemətlərindən məhrum
etsək belə, uşağımıza hər şeyin yaxşısını vermək istəyirik.
Bəs uşağı necə tərbiyə edək? Uşaq tərbiyəsinin üç əsas
cəhəti var: fiziki, intellekt və mənəvi tərbiyə. Siz bu üç tərbiyəni
paralel aparmalısınız. Uşağın fiziki tərbiyəsinə nail olmaq üçün
idmana, intellektə təsir etmək üçün ağıllı oyunlara, idraka təsir edən
məşğələlərə diqqət edə bilərsiniz. Bizim söhbətimiz mənəvi tərbiyə
haqqındadır.
Mənəvi tərbiyə! İnsanın iç dünyasının zənginləşməsi! İnsan
daxilən gözəlləşəndə onun cəmiyyətdəki yeri də diqqətəlayiq olur.
Unutmayaq ki, tərbiyə kompleksi bərabər aparmaq lazımdır.
Körpənizin uşaqlıq yuxusundan tez ayılmasına tələsməyin.
- Odu bax, filankəsin uşağı artıq evə pul gətirir–deyə
qeybətcillərin sözü sizə təsir etməsin. Tez ayılan tez pozulur. Təbiət
qışdan yaya və yaxud yaydan birbaşa qışa keçsə mizan pozular.
Uşağın öz dünyasından ayılmaq vaxtı 16–17 yaşına qədər uzana
bilər. Belə uşaqlar yuxudan ayılan kimi o birilərdən daha ağıllı
olacaq. Buna əmin ola bilərsiniz.
_____________ Milli Kitabxana________________
55
Görürsən bir məclisdə geyimi, bəzək–düzəyi ilə diqqəti cəlb
edən bir cavan əyləşib. Bədən üzvlərinin tənasübü, yaraşığı da
gözəldir. Birdən o, danışmağa başlayır. Ətrafındakılar onun mənəvi
kasıblığını–nitqinin bəsitliyini, ifadələrinin səviyyəsizliyini,
ətrafındakı insanlara qeyri - səmimi münasibətini görəndə bu
adamın geyimi də, xarici gözəlliyi də nəzərdən düşür. Ona qulaq
asmaq istəmirsən, tezliklə ondan uzaqlaşmağa çalışırsan. Nadanlığı,
əttökənliyi bizi ondan uzaqlaşdırır.
Bəzən əksinə də olur. Geyimi və xarici görünüşü çox da
diqqəti cəlb etməyən bir gənc elə gözəl, ağıllı, insanların ruhunu
oxşayan sözlər deyir ki, daxilindəki gözəllik üzə çıxır. Onu saatlarla
dinləmək istəyirsən. Çünki, onun daxili dünyası, içi gözəldir. Hamı
onun nə qədər məlumatlı, zəngin mütailəli bir insan olduğunu
görür. Əvvəlcə heç kəsin diqqətini cəlb etməyən bu adamın xarici
görünüşü də bizə xoş gəlməyə başlayır. Onun üzündə çapıq varsa,
ayağında və sifətində bir əyrilik mövcuddursa bu da bizə bir
gözəllik əlaməti kimi görünür. Bu isə nəticədə onun
cəmiyyətdəki mövqeyini müəyyənləşdirir. O danışanda başqaları
susur. Hamı onun fikrini öyrənmək istəyir.
Necə edək ki, bu gün tərbiyəsinə başladığımız uşaq da sabah
belə bir gənc olsun? Şəxsiyyətə çevrilsin, hamı onunla hesablaşsın?
Uşaqlıqdan gəncliyə və qocalığa doğru gedən mənalı ömür bədii
ədəbiyyata borcludur. Uşaq vaxtı oxuduğu ilk bədii nümunələr
həmin tərbiyənin bünövrə daşlarıdır. Nümunə kimi misal gətirdiyim
o gəncin mütailəsi zəngin olub. İnsan çox şeyi kitablardan xüsusilə
bədii ədəbiyyatdan öyrənir. Bədii sözə ədəbi əsərə marağı uşaq
qəlbində yaradan ilk insan valideyndir. Məlumat üçün deyim ki,
uşaqlarda şeirə maraq anadangəlmə olur. Uşaqlarda həmin
qabiliyyət ana bətnində formalaşır.
Yadda saxlayaq: Uşaq məhəbbət meyvəsidir. Ailənin təməli
qoyulmağa başlanan sevgi duyğularının ilk dəqiqələrindən uşağın
dünyaya gəldiyi günə qədər hər şey təbii bir harmoniyaya əsaslanır,
sevgi, nəvaziş duyğularının uyğunlaşması, təbii instiktlərin bir–
birini tamamlaması bu harmoniyanı yaradan atributlardır. Uşaq
_____________ Milli Kitabxana________________
56
həmin harmoniyanın nəticəsi kimi dünyaya gəlir. Poeziyanın
yaratdığı duyğular həmin harmoniyanın bir hissəsidir. Şeir
misralarının ölçüsü, ritmi, musiqililiyi, ürəkdə yaratdığı xoş əhval
ailə harmoniyasının ən tərkib hissəsinə çevrilir. Buna görə də uşaq
doğularkən şeir anlamağa xüsusi qabiliyyəti olur. Ona qayğı ilə
yanaşanda həmin qabiliyyət inkişaf edir. Uşaq böyüyəndə də
ömrünün sonuna kimi kitabdan ayrılmır.
Amma körpə vaxtı həmin qabiliyyət məhv olsa, sonralar
onu yenidən bərpa etmək çətin olur. Təsəvvür edin ki, təzə ağac
əkmisiniz. Sulamasanız o, quruyacaq. Axı, hələ körpədir. Kökü
dərinə işləməyib. Ağac quruyandan sonra onu sulamağın mənası
yoxdur. Bax, uşağın ədəbiyyatı da təzəcə əkilən o tingə verilən
suyla müqayisə oluna bilər. Bəs uşaq üçün bədii əsərləri necə
seçək? Necə edək ki, yeni əkdiyimiz ağaca verilən təmiz su kimi
uşağa təqdim etdiyimiz əsərlər də yaşına uyğun gəlsin, anlamaq
səviyyəsinə uyğun gəlsin. Həm də bədii cəhətcə kamil olsun.
Bunlar başlıca faktorlardır. Burada səhv etmək olmaz. Sən uşağa
elə bir nağıl danışarsan ki, xəyalını küsdürər, ədəbiyyata marağını
heç edər. Axı tingə təmiz su əvəzinə çamır versən, yaxud ona
zərərli mayelər versən zəhmətin hədər gedər. Uşaq ədəbiyyatla
beşikdə tanış olmağa başlayır. Ana körpənin bütün əzablarına dözə
- dözə ona nəğmələr oxuyur. Xalq bu nəğmələrə layla adını verib.
Layla formaca bayatıya oxşayır. O, iki hissəyə bölünür:
1) əsas hissə
2) nəqanat
Göründüyü kimi layla həm şeirdi., həm də layla mətnidi.
Onun musiqi hissəsini anaların özləri bəstələyir.
Əsas hissə bayatının bütün forma xüsusiyyətlərini saxlayır.
Hər bəndi dörd misra, hər misrası yeddi heca olur. Birinci, ikinci və
dördüncü misralar qafiyələnir. Üçüncü misra sərbəst buraxılır.
A laylay, balam laylay,
Alınmaz qalam laylay.
Sənə gəc baxanları
Yandırsın nalam laylay.
_____________ Milli Kitabxana________________
57
Bu əsas hissədən sonra nəqarat gəlir. Onlar azdır:
1) Laylay beşiyim laylay
Evim eşiyim laylay
2) Laylay qızım a laylay
Körpə quzum a laylay
3) Laylay hər kəsim laylay
Sənə nər kəsim laylay
Bu nəqaratlar bəzən başqa bir laylanın ilk iki misrası da
olur. Uşaq çox körpədirsə laylanın sözləri də qısa olur.
Lay, lay, lay,
Lay, lay, lay.
Bu sözlər hələ ədəbiyyat deyil. Lakin onun ana tərəfindən
oxunması çox vacibdir. Ananın beşik başında müəyyən avazla layla
oxuması ailədə sevgi harmoniyasının tərkib hissələrindəndir. Uşaq
beşikdə ikən bu nəğmələri dinləyir. Ana ürəyinin ən dərin
guşəsində, psixoloqların ifadəsi ilə desək, könül dünyasının qırxıncı
otağında hamıdan gizlətdiyi ən ali sözlərini laylaya çevirib uşağına
danışır. Körpə anlayır ki, balaca olmağına baxmayaraq o, evin
sayılan və çox əziz üzvüdür. Ana nəğmələri körpənin yuxusuna bal
qatır, onu ruhən sakitləşdirir. Ona görə də körpə rahat yatır. Ananın
xoş avazı ilə körpənin ruhuna nəğmə qədər mülayim bir duyğu seli
axır. Uşaq başa düşür ki, onun anası – atası var, arxası var, köməyi
var, müdafiə edəni var. Bu nöqtədə
çox arzu edirəm ki, siz işlətdiyim “Uşaq başa düşür ki” ifadəsinə
tam inanasınız. Əgər siz bu sözü gəldi–gedər, təsadüfi bir ifadə
kimi qəbul etsəniz, yəni uşağın lap körpə vaxtından nə isə başa
düşdüyünə inanmasanız, bizim tərbiyə işimiz boş söz yığımından
ibarət olacaq. Mən qəti əminəm ki, uşaq nəinki körpəliyində, hətta
ana bətnində olanda başa düşür. Bunu tibb elmi çoxdan kəşf edib.
_____________ Milli Kitabxana________________
58
Bir həkim–ginekoloq yazır ki, bətnində 4–5 aylıq uşağı olan bir ana
məndən xahiş etdi ki, körpəni xaric edim. O, çox şeyləri əsas kimi
gətirdi və bunun zəruriliyini isbat etməyə çalışdı. Mən bunun
mümkünsüzlüyünü söylədim. Qadın küsüb getdi. Bir neçə aydan
sonra məlum oldu ki, uşaq doğulub, amma anasını əmməkdən
imtina edir. Belə məlum oldu ki, körpə hələ bətində ikən ananın
onu məhv etmək fikrində olduğunu duymuşdu. Sizi bilmirəm, mən
o həkimə də, onun gəldiyi qənaətə də inanıram və ona görə
deyirəm: Uşaq hər şeyi duyur. Ona insan kimi, gələcəyin şəxsiyyəti
kimi baxın!
Layla deyərkən ana səsini başqa səslərlə, məsələn, radio,
televiziya, maqintafon yazıları ilə əvəz etmək olarmı? Xeyr! Həmin
səslər ana laylalarının effektini verməyəcək. Uşaq üçün ananın
nəğməsi dünyanın ən böyük müğənnilərinin səsindən gözəl və
təravətlidir. Uşaq öz anasının səsini yüzlərlə səsin içindən asanca
seçir.
Laylalarda bəzən ana çəkdiyi əzablardan gileylənir:
Laylay dedim yatınca,
Gözlərəm ay batınca
Canım cəzana gəldi
Sən hasilə çatınca.
Amma bu giley ən yaxın adama, dosta, sirdaşa deyildiyinə
görə uşağa mənfi təsir etmir. Uşaq hiss edir ki, anası onu çox sevir,
bütün əzablara dözür. Hasilə gətirmək üçün çoxlu çətinlik çəkir. Bu
sözlərin yaratdığı duyğular bir az böüyəndə uşağın öz evinə,
ailəsinə, daha sıx bağlayan hisslərə çevrilir.
Layla vasitəsilə ana uşağına insani keyfiyyətlər aşılayır.
Tərbiyə sanki ana südü və nəğmələri ilə qətrə - qətrə onun qəlbinə
dolur.
Laylay dedim yatasan,
Qızıl gülə batasan.
Qızıl gülün içində
Şirin yuxu tapasan.
_____________ Milli Kitabxana________________
59
Ana arzu edir ki, uşaq yatanda qızılgülə batsın. Çünki qızıl
gül ətirlidir, təmizdir, bütün çirkablardan uzaqdır. Bu sözlər sadə
görünsə də böyük gücə malikdir. Uşağı cəmiyyətin təmiz, ləyaqətli
bir üzvü kimi böyütmək arzusundan doğur.
Uşaq ədəbiyyatının başlanğıcı olan layla balacalar üçün
yaranan söz xəzinəsinin mühüm qaynağıdır. Bu qaynaqdan
bəhrələnən Azərbaycan şairləri bir sıra maraqlı nümunələr
yaratmışlar. Məsələn, Mirvarid Dilbazinin laylalarında bədii sözün
imkanları genişlənir. Şair öz nəğməsində oxucusuna əlavə
məlumatlar verir, onun duyğusuna, düşüncəsinə estetik və əqli
tərbiyəsinə təsir göstərən lövhələr yaradır. Məsələn:
Yat ömrümün çiçəyi
Gecə keçdi, ay batdı.
Sən hələ də oyaqsan
Laylam sübhü oyatdı.
Yat canım, gözüm layla
Qurbanın özüm layla.
Şair uşaqla ciddi söhbət edir. Yalnız anaların duya bildiyi
ziddiyətlərdən bəhs edir. İlk baxışda bu şeirdə bəhs olunan
ziddiyyət nəzərə çarpmır. Çünki ziddiyyətli fikirlər adətən antonim
sözlərlə ifadə olunur. Burada isə ziddiyyət omonim sözlərlə təsdiq
olunmuşdur.
Sən hələ də oyaqsan,
Laylam sübhü oyatdı.
Şair demək istəyir ki, sən yatmalı olduğun halda oyaqsan.
Əgər uşaq sübh çağı yuxudan oyansaydı burada heç bir qeyri
normallıq yox idi. Əgər uşaq hələ oyaq ikən ananın laylası sübhü
oyadırsa bu kontrastdır. Bu cür lövhəni yaradan şair isə laylaların
verdiyi poetik imkanlardan səmərəli istifadə etmişdir.
Mədinə Gülgün isə öz “Layla” şeirində xoş həyatımızı,
körpələrin xoşbəxtliyini tərənnüm edir.
Yatağım isti, yumşaq,
_____________ Milli Kitabxana________________
60
Ehtiyac səndən uzaq
Təkcə anandır oyaq
Sənindir yuxusu da
Ən şirin arzusu da.
Arxam, pənahım laylay
Mənim sabahım laylay.
Şair Teymur Elçinin “Analar və laylalar” əsərində uşaq
poeziyasındakı laylay janrı özünün daha yeni bir mərhələsinə gəlib
çatmışdır. Teymur Elçin laylalarla nağılların sintezindən istifadə
edərək həm balaca oxucuların maraq dairəsinə təsir göstərir, həm
də onların biliklərinə daha yeni şeylər əlavə edir. Bir silsilə təşkil
edən bu şeirlərin birincisi uşaqlara laylalar haqqında ümumi
məlumat verir.
Gecələri oyaq qalır
Layla çalır
Analar.
Bundan sonra şair turacın, delfinin, qurbağanın, canavarın,
kirpinin və insanın laylasından bəhs edir. Müəllif hər bir heyvanın
laylasından bəhs etmədən əvvəl həmin heyvanın xarakterik
cəhətləri, xasiyyətləri haqqında oxucuya məlumat verir, bu
məlumat kiçik bir süjetdən doğur və hadisə tamamlandıqdan sonra
heyvan öz laylasını oxuyur. Bu nəğmənin əsasını onun öz balasına
tövsiyyəsi təşkil edir:
Yat mənim küçük balam,
Tez böyü kiçik balam.
Qulaqların, gözlərin
Dişlərin iti olsun
Quzunun əti olsun
Yediyin.
Kimi görsən parçala
Böyü canavar bala
Parçala, parçala, parçala
Uu – uu
_____________ Milli Kitabxana________________
61
Uu – uu...
Göründüyü kimi bu silsilə şeirlərdə layla yalnız formadır,
xalq ədəbiyyatından uşaq şeirinə keçən şəkildir. Bu əsərlərində şair
kiçik oxucusuna ziddiyətlər haqqında ilkin məlumat verir. Bu
xüsusiyyət göstərir ki, layla janrı Azərbaycan uşaq şeirində xeyli
inkişaf etmişdir.
Ümumiyyətlə folklorun şəkli xüsusiyyətləri Azərbaycan
uşaq şeirinin formasının ilkin əsası olmuş və bu əsas üzərində
inkişaf etmişdir.
Kimdən soruşsan ki, uşaq nə vaxtdan danışmağa başlayır?
Yəqin ki, belə cavab verəcək, gərək uşağın ən azı bir yaşı olsun ki,
yavaş–yavaş sözlər desin. Səhviniz var! Uşaq dünyaya gəldiyi ilk
dəqiqədən danışmağa başlayır. Yadınıza salın, uşaq doğulan kimi
qışqırır: İnqaaa. Hələ aydın nitq ilə heç bir əlaqəsi olmayan səslər
çıxarır: Qığğğ, bığğğ, dığğğ... Bu səslər daha çox təbiəti yamsılayır.
Quş ciggiltəsinə, bulaq səsinə, külək zümzüməsinə bənzəyir. Siz
ətrafda söhbət edirsiniz. Elə fikirləşirsiniz ki, beşikdə uyuyan
körpənin heç nədən xəbəri yoxdur. O, heç nə başa düşmür.
Yanılırsınız. Uşaq bir neçə aylıq olanda sait və samit səslərinə
bənzəyən səslər çıxarır. Deməli o, ətrafındakı danışıqları dinləyir,
özü üçün həmin səslərin intonasiyasını müəyyənləşdirir. 8–9
aylığında səslərin təqlidinə başlayır. Deməli körpənin yanında
danışanda, ona laylalar deyəndə sözləri düzgün tələffüz etmək
lazımdır. Uşaq danışmağa başlayanda ən asan sözləri demək istəyir.
O, bəzi səslərin yerini səhv sala bilər. Məsələn, ən çox işlənən qənd
sözünü danq kimi deyə bilər. O, “cücə”yə “cücü” deyə bilər. Uşaq
əsasən birhecalı sözləri xüsusilə ana, baba, ata sözünü daha tez
deyir. Çünki, bu sözləri gündə bir neçə dəfə eşidir. Deməli, artıq
bizim kimi danışmaq istəyir, ona kömək etmək lazımdır.
Əvvəlcə uşağa onu əhatə edən əşyaların adını təkrarlatmaq
olar. Əlbəttə bunu zorakı bir üsulla deyil, müəyyən üsulla etmək
lazımdır. Məsələn, qaşığı əlinə götürüb guya heç uşağı görmürsən,
sadəcə bu mətbəx alətini əzizləyirsən: “Qaşıq! Sən nə gözəl
qaşıqsan, ay qaşıq” deyirsiniz. Uşağı əhatə edən əşyaların adlarını
_____________ Milli Kitabxana________________
62
beləcə əzizləmək yolu ilə körpəyə öyrətmək olar. Uşağın təkcə
yemək – içmək, yataq alətləri deyil, onların özlərini əzizləyən şeir
parçaları da var. Həmin parçalar uşaqların nitqinə xüsusi təsir
göstərir. Belə janrlar nazlama və ya oxşama adlanır. Bu janr uşağın
ailəyə gətirdiyi səadəti tərənnüm edir. Nazlamalarda ananın arzuları
üstünlük təşkil edir. Uşaq bu səslərdən xoş bir aura ilə əhatə olunur.
Bu şeirlərdə uşağın sevinci belə ifadə olunur.
Ağ əllər, ağ biləklər
Bağçada qal, küləklər
Eşitsə ata gəlir,
Gah gedər, gah iməklər.
Oxşamalar eynən uşağın özünə bənzəyir. Uşaq bir qədər
böyümüşdür. Divardan, ev əşyalarından tuta – tuta yeriyir, yıxılır,
bir də ayağa durur. Onun hərəkətlərində hələ ciddilik yoxdur.
Addımlarını qeyri dəqiq atır, hara getdiyini bilmir. Valideynin
uşağa oxşaması üçün dediyi şeir parçaları da belədir.
Balama qurban inəklər,
Balam nə vaxt iməklər?!
Balama qurban ilanlar,
Balam haçan dil anlar?!
Balama qurban sərçələr
Balam nə vaxt dirçələr?!
Balama qurban ağ atlar
Balam nə vaxt çay adlar?!
Balama qurban meyvələr
Balam haçan evlənər?!
Balama qurban daylaqlar
Balam nə vaxt oynaqlar?!
_____________ Milli Kitabxana________________
63
Bu beytlərin misraları arasında məntiqi əlaqə azdır. Onları
bir – birinə bağlayan yalnız qafiyələrdir.
“İnəklər–iməklər”, ilanlar–dil anlar”, “sərçələr-əl çalar”, ağ
atlar – çay adlar”, “meyvələr – evlənər”, “daylaqlar –oynaqlar”
kimi qafiyələnən bu sözlərin bir – biri ilə məntiqi bağlılığı yoxdur.
Məhz həmin məntiqsizlik hər bir beytin yumoristik olmasını
şərtləndirir. Oxşamalar da ana qəlbində başlayan ilkin sevgi
duyğularının çox dərin olduğundan xəbər verir. Bu sevgi getdikcə
güclənir. İndi ərinə olan məhəbbətin bir hissəsi uşağa verilmişdir.
Bu sevgi ananın humanist duyğularını qanadlandırır. Bu xoşbəxtliyi
ana hamıya arzu edir. Arzu edir ki, bu xoşbəxtlik göydə uçan
quşlara, qarıyıb qalmışlara, ərinin qədrini bilməyib tənha qalan
arvadlara nəsib olsun.
Ay allah bundan beş dənə ver,
Göydə uçan quşlara ver.
Qarıyıb qalmışlara ver,
Həsrətin çəkmişlərə ver.
Dağda darılar,
Sünbülü sarılar
Qoca qarılar,
Bu balama qurban.
Dağdakı atlar,
Atlar göy otlar.
Ərsiz arvadlar
Bu balama qurban.
Valideyn hiss edir ki, onun uşağı bir qədər də böyümüşdür.
Daha oxşama dinləmək vaxtı deyil. İndi uşağa ritm öyrətmək, söz
sənətinin başqa sirlərindən onu agah etmək vaxtıdır. İki yaşdan beş
yaşa qədər olan uşaq folkloru zəngin bir xəzinənin qapısını onun
üzünə açmaq lazımdır. Həmin xəzinədə xüsusi bir ritmə malik olan
janr düzgüdür. Bəzən folklorşünaslar onu sanama da adlandırır.
_____________ Milli Kitabxana________________
64
Ruslar ona sçitalka deyirlər. Adından göründüyü kimi burada
sayma, sıralama, düzülmə kimi qaydalar əsas yer tutur.
Bir, iki, bizimki
Üç, dörd qapını ört.
Beş, altı daşaltı,
Yeddi, səkkiz firəngiz
Doqquz, on qırmızı don.
Bu misalda rəqəmlərin ardıcıl düzülməsi var.
Altıda alma
Yeddidə bölmə.
Səkkizdə sərçə
Doqquzda dolça
Onda oraq
On birə qonaq.
Göründüyü kimi hər rəqəmin ilk hərfinə uyğun bir
meyvənin, quşun, əşyanın adı çəkilir. Xalq bu tipli
düzgülərləuşaqlara hərfləri öyrədir. Eyni səslərin təkrarı onu uşağın
yaddaşında möhkəmləndirir.
Birə, birə
İkiyə iynə.
Üçə üzük.
Dördə döşək,
Beşə beşik.
Altıya alma,
Yeddiyə yemiş.
Səkkizə sərçə,
Doqquza dolça,
Ona oraq,
Biz ona qonaq.
Maraqlı budur ki, rəqəmlərə əsaslanan və çox zaman
sanama hesab olunan düzgülərdə rəqəmlər 10-u adlamır. Xalq bir
pedaqoq kimi başa düşür ki, beş yaşına qədər uşağa rəqəmləri on
dairəsində öyrətmək kifayətdir. Həm də bu rəqəmlərdən yuxarı
keçilsə uşaq beynində hər şey qarışar və heç nə öyrənə bilməz.
_____________ Milli Kitabxana________________
65
Düzgülərin xeyli hissəsi oyundan əvvəl uşaqların söylədiyi
şeir parçalarıdır. Həmin
şeirlərlə ortada qalan uşağı
müəyyənləşdirirlər. Amma həmin şeirlərdə də yuxarıda dediyimiz
əlamətlər qorunub saxlanır:
Biri bizdə
İkisi sizdə
Üçü üzdə
Dördü düzdə
Beşi bəstə
Altısı asta
Yeddisi yüzdə
Səkkizi səsdə
Doqquzu dosta
Onu sonu
Başa vur, çəkil,
Dur burdan əkil.
Oyun sözlərində həmin prinsipin gözlənilməsi çox böyük
əhəmiyyət kəsb edir. Təsəvvür edin ki, oyunda iştirak edən uşaqlar
“qalan” ın kim olacağını həyəcanla gözləyirlər. Ona görə də sözlərə
xüsusi diqqət yetirirlər ki, onu söyləyən adam saxtakarlıq etməsin.
Bu diqqətin nəticəsi o olur ki, uşaqların hamısı həmin sözləri
əzbərləyir və nəticədə təkrar olunan səsləri eşidir, onu düzgün
tələffüz edirlər. Misal gətirdiyimiz şeirin sonundakı “Dur burdan
əkil” sözləri kimin payına düşürsə həmin uşaq incimir. Çünki onun
bəxtinə “yatmamaq” , sıradan çıxmaq düşmüşdür. Əslində həmin
misra uşağa sən qalib gəldin sözlərinin təsirini bağışlayır.
Düzgülər yumoristik keyfiyyətinə görə də seçilir. Lakin
burada yaranan yumor nizamsız, bir–biri ilə yalnız səslərin eyniliyi
ilə bağlanan, əslində isə heç bir məntiqi əlaqəsi olmayan sözlərdən
ibarətdir.
Əl, əl, ənərək
Əldən çıxdı kəpənək
Kəpənəyin yarısı,
_____________ Milli Kitabxana________________
66
Yumurtanın sarısı
Yumurtalar hindədi
Əldə durmaz kündədi
Kündə təndir içində
Təndir kəndir içində
Kəndiri ver çərçiyə
Çərçi satsın çəpiyə
Çəpik çalan dardadı
Burda duran qarğadı.
MOTAL MOTAL
Motal – motal
Tərsə motal
Yağ atar
Qaymaq tutar
Ağ quşum
Ağarşınım.
Göy quşum
Göyərçinim
Qarğa qara
Durna qara
Çilmə çəlik
Bircə ərik.
Qənbər çarıq
Biz də varıq.
Siz poetik nümunələri oxuyarkən bunları onların oyunlarına
daxil edərkən ciddi iş görürsünüz. Amma elə güman etməyin ki,
onlarda nəsə təzə bir qabiliyyət yaradırsınız. Şeirin, ritmin,
musiqinin yumorunu duymaq qabiliyyəti uşaqlarda anadangəlmə
olur.
_____________ Milli Kitabxana________________
67
“Uşaq hər şeyi başa düşmür”, “Körpəni anlatmaq çox
çətindir, Nə qədər deyirəmsə bir şey anlamır” deyən müəllimlər və
valideynlər dərin səhv edirlər. Uşağın gözü, burnu, qulaqları və
digər orqanları kimi ruhi qida almaq qabiliyyətləri də ana bətnində
formalaşır. Lakin həmin qabiliyyətin şeh damlası kimi zərif, gül
ləçəyi kimi çox incə olur. Bizim öhdəmizə həmin qabiliyyəti
inkişaf etdirmək vəzifəsi düşür. Əgər biz valideynlər, tərbiyəçilər,
müəlimlər bunu nəzərə almasaq səhər günəşi çiçəklərin üstünə
düşən incə şeh damlalarını buxara çevirdiyi kimi uşaqların həmin
qabiliyyəti də quruyub yoxa çıxacaqdır.
Bir şeyi də nəzərə almaq lazımdır ki, uşaqlar gördüklərini
daha tez qavrayır və sevir. Onların görmədikləri əşyaların adlarını
öyrətməyin. Zəhmətiniz hədər gedəcək, hətta həmin sözləri zorla
əzbərlətsəniz də bu bilik səthi olacaq və həmin sözlər tez
unudulacaqdır
Dostları ilə paylaş: |