___________________Milli Kitabxana__________________
126
Bu gün Başkeçidim baş ağrısıdı,
Torpaq ağrısıdı, daş ağrısıdı.
Bütün ağrıların baş ağrısıdı,
Mənim Borçalıda qalan illərim.
Göyü soraqlayır, yeri çağırır,
Oğulu səsləyir, əri çağırır.
Gedən oğulları geri çağırır,
Mənim Borçalıda qalan illərim.
Göz yaşı gözümdə şeh kimi qaldı,
Ağrısı canımda ah kimi qaldı.
Ömrümün taxtında şah kimi qaldı,
Mənim Borçalıda qalan illərim.
Adım yaddaşında azarmı, görən,
Bir həsrət məzarı qazarmı, görən?
Məni yaddaşına yazarmı, görən
Mənim Borçalıda qalan illərim?
Ondan ayrılmağım haqsızmı, haqmı,
Günahkar imkanmı, talemi, vaxtmı,
Bilmirəm, mənimlə barışacaqmı
Mənim Borçalıda qalan illərim?
Dostları ilə paylaş: