ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə66/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   62   63   64   65   66   67   68   69   ...   94
Zelimxan Yaqub-Seirler-2022

AŞIQ KAMANDARA
Əkdiyin gülləri, gəzdiyin bağı,
Bağban ol, doyunca qoxla, Kamandar!
Vaxtsız ayrılığı, vədəsiz köçü,
Sazın ovsunuyla oxla, Kamandar!
Zaman yağdırsa da saça qarını,
Vermisən ellərə eşqin barını.
Tərlan duruşunu, şah vüqarını,
Yüzdə də beləcə saxla, Kamandar!
Dil ver avazınla lal qayalara,
Dilindən süzülsün bal qayalara.
Taleyin bənzəsin sal qayalara,
Nə əyil, nə də ki laxla, Kamandar!
Ruhunla Qorqudtək qocalardasan,
Ahınla tüstülü bacalardasan.


___________________Milli Kitabxana__________________
178
Bəndə dərgahından ucalardasan,
Tanrı dərgahını haxla, Kamandar!
Əsən küləklərlə yarışmağı var,
Sellərə-sulara qarışmağı var.
Şairdi, küsməyi, barışmağı var,
Hərdən Zəlimxanı yoxla, Kamandar!
MƏMMƏD ASLANA
Harda gül görürsə, ayaq saxlayır,
Çiçək dəlisiymiş şair olanlar.
Açar sinəsini dəli yellərə,
Külək dəlisiymiş şair olanlar.
Çeşmələr laylası, çaylar bəstəsi,
Saz ruhu, ney canı, tar şikəstəsi.
Məhəbbət ölüsü, gözəl xəstəsi,
Mələk dəlisiymiş şair olanlar.
Yerin sinəsində kükrəyər, axar,
Göyün sinəsində gurlayar, çaxar.
Dünyaya qəlbinin gözüylə baxar,
Ürək dəlisiymiş şair olanlar.
Eşqin dumanında azmaq istədi,
Nizamı qaydanı pozmaq istədi.
Şerini göylərə yazmaq istədi,
Lələk dəlisiymiş şair olanlar.
İçində bir od var qaynayar, daşar,
Yolu düz yeriməz, çaşdırar, çaşar.
Arzuyla böyüyər, xəyalla yaşar,
Dilək dəlisiymiş şair olanlar.
Vara göz yumandı, yox dəlisidi,
Allahın gözləri tox dəlisidi,
Şairlər hamısı haqq dəlisidi,
Fələk dəlisiymiş şair olanlar.


___________________Milli Kitabxana__________________
179
HABİL
Yandıra-yandıra yaşadır ömrü,
Ümiddi, şübhədi, gümandı Habil.
Açılsa, dağlarda açılan Günəş,
Tutulsa, dağlarda dumandı Habil.
Əriyir dağların minillik qan,
Olmaq yar həsrəti, göynədir yarı.
Yaxşıdan yaxşıdı, Sarıdan sarı,
Yamandan min dəfə yamandı Habil.
Yaradır xallarda saflıq, dərinlik,
Qoşadır qəlbində odla sərinlik.
Nəğmədən həzinlik, səsdən şirinlik,
Həyatdan ölməzlik umandı Habil.
Kimdi son ümidin əlində qalan,
İçməsin dərmanı, yalandır, yalan.
Xəstəni ölümün əlindən alan
İzindi, möhlətdi, amandı Habil!
ÖLDÜRÜR
Bu şeir Ağdaş rayonunda, böyük şairimiz Maqsud
Şeyxzadənin anadan olmasının 85 illiyi ilə bağlı
məclisdə xanəndə Ağaxan Abdullayevin ilahi dərəcədə
gözəl çıxışından sonra yazılmışdır.
Ellər, məni ürəyimdən axıb gedən qan öldürür,
Muğam adlı bir sehrkar, səs adlı bir can öldürür.
Nə dünənin həsrətində, nə sabahın eşqindəyəm,
Məni bu gün yaşadığım müqəddəs bir an öldürür.
Atəş kimi qarsaladı "Segah"ın fəryadı məni,
Bu atəşdən yayınmağa yoxdu bir imkan, öldürür.


___________________Milli Kitabxana__________________
180
Bu nə səsdi, bəlkə bu gün həzrəti Davud dirilib,
Heyranların heyranıyam, məni bu heyran öldürür.
Allah belə ölümləri duyanlara çox görməsin,
"Şüştər" bu gün verib yenə qətlimə fərman, öldürür.
Məni sevən dostuma bax, çevrilib cəlladım olub,
Vallah, Zəlimxan ölməzdi, onu Ağaxan öldürür.
GƏTİRƏ
Bu şeir qarmonçalan Rəhmanın filarmoniyada
keçirilən yaradıcılıq gecəsində oxunmuşdur
.
Çəkilə zülmət gecələr, vaxt üzümə dan gətirə,
Azadlığın səhər yeli cansıza da can gətirə.
Gözlədiyim o günləri öz vaxtında gətirməsə,
Qorxum budur, həsrət mənim gözlərimə qan gətirə.
Görüş yeri Təbriz ola, sevdamız bir dəniz ola,
Bu görüşlər ömrümüzə ən istəkli an gətirə.
Vurğun ilə Şəhriyarın səsi gələ qulaqlara,
Bir millətin tarixinə şərəf verə, şan gətirə.
Seyid, Cabbar şad xəbərə məzarından baş qaldıra
Qarabağdan məclisimə şikəstəni Xan gətirə.
Durna kimi səf-səf ola Azərbaycan gözəlləri,
Elin bayram günlərinə gül dərə, reyhan gətirə.
Kamil yenə qaboy çala, yandıra Habil kamanı,
Uzaq yollar yaxın ola, qarmonu Rəhman gətirə.
Ulu Tanrı, eşit məni, rəhm elə Rəhmanımıza
Bəlkə, onun barmaqları dərdlərə dərman gətirə.
Haqqın səsi bayraq ola, Bakı, Təbriz qucaqlaşa,
Bu xoş günün müjdəsini xalqa Zəlimxan gətirə.


___________________Milli Kitabxana__________________
181

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin