MƏN ÜRƏYİ ÜRƏK KİMİ SAXLAMADIM
Mən bilmədim sına bilər, yana bilər,
Mən ürəyi ürək kimi saxlamadım.
Nə biləydim, bir baxışdan dona bilər?
Mən ürəyi ürək kimi saxlamadım.
Qohum gəldi, qonşu yığdı, yad apardı,
Qəmli qələm qismətini şad apardı,
Odu sönən ürəyimdən od apardı,
Mən ürəyi ürək kimi saxlamadım.
Xeyrə-şərə, toya-yasa yüyür dedim,
Taleyinə yaralanmış cüyür dedim,
Qızdır onu harda kim üşüyür dedim,
Mən ürəyi ürək kimi saxlamadım.
Dərd dağının külüng çalan Fərhadıyam,
Tüstüsüyəm, dumanıyam, fəryadıyam,
Öz qəlbimin qan içəni, cəlladıyam,
Mən ürəyi ürək kimi saxlamadım.
Yeri göyə, göyü yerə bağla dedim,
Alış dedim, tutuş dedim, çağla dedim,
Yas görəndə hönkür-hönkür ağla dedim,
Mən ürəyi ürək kimi saxlamadım.
___________________Milli Kitabxana__________________
213
Dövlət yükü, millət yükü, şöhrət yükü,
Bu millətin içindəki zillət yükü,
Bu yüklərin altındakı zəhmət yükü,
Mən ürəyi ürək kimi saxlamadım.
Mən ürəyi çiçək kimi saxlamadım,
Hey əritdim, hey çürütdüm, qanatdım.
Yağ içində böyrək kimi saxlamadım,
Saxlamadım, saxlamadım, saxlamadım.
13 sentyabr 2004
GƏL, ŞƏKLİNİ ÇƏKİM, DÜNYA
Şəkil çəkmək istəyirəm,
Gəl, şəklini çəkim, dünya!
Rəssam olmaq təbim gəlib,
Gəl, şəklini çəkim, dünya!
Ruhum gəzsin ahəng ilə,
Əlim oynasın rəng ilə,
Çirkin ilə, qəşəng ilə,
Gəl, şəklini çəkim, dünya!
Pəncərə sən, baxan mənəm,
Sularında axan mənəm.
Rəngi rəngə yaxan mənəm,
Gəl, şəklini çəkim, dünya!
Gözündəki nəmi çəkim,
Qəlbindəki qəmi çəkim.
Tufan çəkim, gəmi çəkim,
Gəl, şəklini çəkim, dünya!
Can əriyib, taxta qalıb,
Papağa bax, mıxda qalıb.
___________________Milli Kitabxana__________________
214
Gönə bax, dabbağda qalıb,
Gəl, şəklini çəkim, dünya!
Quzğun kimi leş alansan,
Yeki verib, şeş alansan,
Beş verib, on beş alansan,
Gəl, şəklini çəkim, dünya!
Dəhnən ilə, arxın ilə,
Tez-tez dönən çarxın ilə,
Sevgin ilə, qorxun ilə,
Gəl, şəklini çəkim, dünya!
İblis-mələk, hüri-qilman,
Yarı insan, yarı heyvan.
Gah kafərsən, gah müsəlman,
Gəl, şəklini çəkim, dünya!
Bircə bəndə sevirmisən,
Çox saraylar devirmisən.
Məni şəklə çevirmisən,
Gəl, şəklini çəkim, dünya!
Namərd, yoxsa, mərd göstərim,
Yumşaq, yoxsa, sərt göstərim?
Özün boyda dərd göstərim,
Gəl, şəklini çəkim, dünya!
Səninlə əkə bilmirəm,
Bir könül tikə bilmirəm.
Dərdini çəkə bilmirəm,
Gəl, şəklini çəkim, dünya!
___________________Milli Kitabxana__________________
215
Dostları ilə paylaş: |