1. Azarbaycanın rəqəmsal qovşaq kimi mövqeyinin gücləndirilməsi ■ Rəqəmsal qovşaq olaraq xarici vətəndaşlara və şirkətlərə ölkədə öz işlərini asanlıqla görmək imkanı;
■Azərbaycanı Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionalar üçün rəqəmsal mərkəzə çevirərək müxtəlif rəqəmsal xidmətlərin istehsalçısı və ixracatçısı olmaq;
■ Bakını dünyanın İnternet xəritəsində Frankfurt, Moskva, Sofiya, Amsterdam, London və s. kimi şəhərlərin sırasına daxil etmək.
İKT investisiyaları, digər "kapital qoyuluşları'ndan daha çox gəlir gətirir (Oxford İqtisadiyyat 2012). Huawei (2017) "Qlobal İnterneta Qoşulma İndeksi 2017" hesabatında göstərir ki, İKT infrastrukturuna hər 1 ABŞ dolları həcmində qoyulan əlavə investisiya ÜDM-də 3 ABŞ dolları, 2020-ci ildən sonra isə 3.70 ABŞ dolları əlavə gəlir gətirə bilər və 2025-ci ildə potensial gəlir 5 ABŞ dollarına qədər arta bilər. Azərbaycan rəqəmsal transformasiya vizyonunda bu amili nəzərə almalıdır.
İKT sektoruna investisiya müxtəlif formalarda həyata keçirilə bilər. Birincisi, dövlət qrant və subsidiyaları texnologiya diffuziyasını təşviq etmək və platformalarla KOS-lar arasındakı texnoloji boşluğu aradan qaldırmaq üçün istifadə edilə bilər. Bazarın süni zəka kimi texnologiyalara ədalətli bir giriş əldə etməsini gözləməkdənsə, dövlət kiçik firmalara birbaşa təsir edən proqramları, məsələn, vergi güzəşti və ya digər alətlər yolu ilə maliyyələşdirə bilər. Belə yanaşma qısa müddətdə dövlət borcunu artırsa da, bu xərclər iqtisadi gücün daha balanslı bölgüsü ilə müşayiət olunan artan məhsuldarlıq ilə kompensasiya ediləcəkdir.
İkincisi, daha çevik, çoxtərəfli bir innovasiya modeli üzərində İşləməliyik ki, bazara daxil olma və təmsil olunma ilə bağlı narahatlıqlar texnoloji dəyişiklik sürətini məhdudlaşdırmadan həll olunsun. Bu baxımdan, hədəf platforma iqtisadiyyatının yeni dəyər zəncirlərində qazanan və uduzanlar arasındakı gərginliyi azaltmaq olmalıdır. Mövcud bir sıra təcrübələr göstərmişdir ki, maraqlı tərəflərin düzgün təmsilolunması siyasətçilərə sürət və çevikliyi itirmədən yeni texnologiyaların zərərlərini və istənməyən nəticələrini azaltmağa imkan verir.
Üçüncüsü, "rəqəmsal proteksionizm" üçün uyğun sahani dəqiqləşdirmə vaxtı gəlib. Bəzi ölkələr yeni başlayan istehsalını dəstəkləmək üçün ticarət tariflərindən istifadə etdikləri kimi, rəqəmsal texnologiyalara tariflər də yerli innovasiya ekosistemlərini inkişaf etdirmək üçün istifadə edilə bilər.
2. Rəqəmsal valyutaların aktuallaşan tətbiqi və iqtisadi inkişafa təsir imkanları Kriptovalyuta və ya qısaca kripto mübadilə vasitəsi olaraq istifadə etmək üçün yaradılan rəqəmsal aktiv və ya valyuta hesab olunur. Məlum olduğu kimi bu valyuta növünün əsas özəlliklərindən biri ondan ibarətdir ki, o, fiziki formada mövcud deyil (kağız pul kimi) və hər hansısa bir mərkəzi hakimiyyət orqanı tərəfindən dövriyyəyə buraxılmır.
Kriptovalyutalar tipik olaraq mərkəzləşmiş rəqəmsal aktivlərin və mərkəz bankçılıq sistemlərinin əksinə, qeyri-mərkəzləşmə elementlərindən istifadə edir. Blokçeyn platforması üzərindən həyata keçirilən həllər özünü doğrultduqca isə bu texnologiyanın müxtəlif ölkələrdə tətbiqi də artmaqdadır. Məlum olduğu kimi, blokçeyn texnologiyası biznes proseslərin həyata keçirilməsi zamanı fəaliyyətin şəffaflaşdırılması və sürətləndirilməsi məqsədilə istifadə olunur. Hazırda isə blokçeyn yeni nəsil maliyyə xidmətləri infrastrukturunun əsasını təşkil edəcək mühüm texnologiyalardan biri hesab olunur. Blokçeyn texnologiyaları əsasında kriptovalyutaların yaranması va getdikcə genişlənən tətbiqi son illərin ən mühüm trendlərindən hesab olunur. Virtual valyutaların elektron ödəniş aləti kimi nağd pulu avaz etməsi bir sıra ölkələrdə narahatçılıqla da qarşılanır. Belə ki, beynəlxalq təcrübədə kriptovalyutaların tənzimlənməsinə universal yanaşma müəyyən edilməmişdir. Lakin təhlillər onu göstərir ki, bu istiqamətdə araşdırmalar genişləndikcə tənzimləmə çərçivəsində də yeni yanaşmaların formalaşdırılması imkanları yarana bilər.
Qeyri-mərkəzləşdirilmiş nəzarət prinsipi ilə tətbiq edilən hər bir kriptovalyuta bölüşdürülmüş ledcer vasitəsi ilə işləyir. Ən çox istifadə edilən ledcer vasitələrindən biri isə blokçeyn texnologiyasıdır. Burada fərdi "koin" sahiblərinin əməliyyatları barədə qeydləri əməliyyat prosesini mühafizə etmək, əlavə "koin"lərin yaradılmasına nəzarət etmək və "koin" mülkiyyətinin ötürülməsini təsdiq etmək üçün güclü kriptoqrafiya istifadə edərək hazırlanan, komputerləşdirilmiş verilənlər bazası formasında mövcud olan ledcerdə saxlanılır.
Təsadüfi deyildir ki, hazırda rəqəmsal valyutalar mərkəzi banklar tərəfindən fəal şəkildə araşdırılır və rəqəmsal ödəniş vasitələrinə olan tələb getdikcə artmaqdadır. Beynəlxalq Hesablaşmalar Bankının (BIS) apardığı bir araşdırmaya görə, mərkəzi bankların 85% -dən çoxu hazırda rəqəmsal valyutaları araşdırmaq istiqamətində fəaliyyətlər icra edirlər. Məsələn, Sinqapur hökuməti bu yaxınlarda topdansatış əməliyyatları üçün kriptovalyutanın istifadəsinə dair apardığı uzunmüddətli araşdırma olan "Project Ubin" layihəsini yekunlaşdırmışdır. Həmçinin, Çin hökuməti rəqəmsal yuanın pərakəndə dövriyyədə istifadəsini hədəfləyən pilot layihələr həyata keçirməkdədir. İqtisadi böhran yaşayan Venesuela isə öz dövlət kriptovalyutası olan "petro"-nu tədavülə buraxıb və ABŞ sanksiyalarını bu valyutanın köməyi ilə təsirsiz hala gətirmək planları mövcuddur. Avropa Mərkəzi Bankı və İngiltərə Bankının da kriptovalyutanı araşdırmaq üçün fəaliyyətlər icra etdikləri məlumdur. Əlavə olaraq onu da qeyd edə bilərik ki, Baham adaları və Şərqi Karib Valyuta Birliyi mərkəzi bankları öz kriptovalyutalarını buraxmağa başlamışdır. Hazırda rəqəmsal valyutalardan istifadənin aktuallığı artdığı üçün beynəlxalq təşkilatlar da bu istiqamətdə müxtəlif fəaliyyətlər icra etməyə başlamışdırlar.