11-33, 11-59, 11-34, 11-35, 11-36, 11-37 23 yaşlı dahi



Yüklə 46,5 Kb.
səhifə1/3
tarix26.12.2016
ölçüsü46,5 Kb.
#3454
  1   2   3

11-33, 11-59, 11-34, 11-35, 11-36, 11-37

23 yaşlı dahi


Görkəmli bəstəkar Asəf Zeynallı barədə qardaşı qızı Elmira Zeynallının təəssüratları
Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"

r.qurbanova@muallim.edu.az


Bu dəfə "Ömrün gizli səhifələri"ndə görkəmli bəstəkar Asəf Zeynallının 23 illik həyatının və 7 illik yaradıcılığının səhifələrini vərəqləyəcəyik. Onu da qeyd edim ki, aprelin 5-də mərhum bəstəkarın anadan olmasından 106 il ötür. Bəstəkarın qardaşı qızı ilə görüşməyə gedirəm. Milli Konservatoriyanın nəzdində Musiqi Kollecində görüşürük Elmira Zeynallı ilə. O, üzünü görmədiyi, lakin valideynlərindən, əmisindən, bacılarından eşitdiyi mərhum bəstəkarın həyat yolunun maraqlı məqamlarını bizimlə bölüşməyə çalışır. Kollecdə boş auditoriyaların birində söhbət edirik. Digər otaqlardan birində tarda ifa edirlər. Elə tarın müşayiəti ilə bu kollecin müəllimi olmuş Elmira Zeynallı ilə söhbətə başlayırıq.
- Bildiyim qədər əminizi görməmisiniz...

- Xeyr, o, 1932-ci ildə rəhmətə gedib, mən 1940-cı ildə doğulmuşam. Mənim 3 bacım var idi, onlar əmimi görmüşdülər. İndi hamısı dünyasını dəyişib.



- Asəf Zeynallı Dərbənddə doğulub, sonra Bakıda yaşayıb. Necə olub ki, Bakıya gəlib?

- Atamgil 3 qardaş olub, ən kiçiyi Asəf idi. Asəfin 1 yaşı olanda ataları Zeynalabdin dünyasını dəyişir. Ataları dünyasını dəyişəndən sonra nənəm Əsbənd ailəni çətinliklə dolandırır. Atam 19-20 yaşında gənc ikən bütün ailənin yükünü götürüb üzərinə. 1920-ci ildə atam ailə ilə birlikdə Bakıya köçür. Hələ Dərbənddə olarkən Asəf peşə məktəbində oxuyurdu.



- Bəs onda musiqi istedadı hardan idi?

- Nənəmin gözəl musiqi duyumu var imiş, özü də yaxşı qarmon çalırmış. Nənəm qarmonda xalq mahnılarını ifa edəndə Asəf bütün iş-gücün atıb ona qulaq asırmış. Bakıda yaşayanda da keyfi olmadığı zamanlarda Asəf anasına deyirmiş ki, çal. Ona xoş gəlirdi. Ona görə də musiqiyə uşaqlıqdan alışmışdı. Dərbənddə "Realnıy uçiliş"də (peşə məktəbində) oxuduğu zamanlarda klarnetdə ifa edirdi.



- Nənəniz və babanız nə işlə məşğul idi?

- Babam bağban, nənəm evdar xanım olub.



- Asəf Zeynallının digər qardaşları da musiqi ilə məşğul olurdu?

- Atam və əmimin musiqi anlayışları yox idi. Əmim hərbiçi olub. O mənə danışırdı ki, bir dəfə Asəflə Təzəpir məscidinin yanından keçirdik. Azan veriləndə, dayanıb qulaq asırdı. Əmim soruşub ki, Asəf, nə oldu? Deyib ki, dayan, sən başa düşməzsən. Deyir ki, azan bitəndən sonra soruşdum ki, niyə durmuşdun. Cavab verib ki, mən onu yazırdım, nota alırdım.

Bir dəfə də deyirdi ki, evdə oturmuşduq. Bayırda bərk külək əsirdi. Tez-tez şahidi olduğumuz güclü Bakı küləklərindən idi. Birdən pəncərə açıldı və pəncərənin şüşəsi gurultu ilə sınıb yerə düşdü. Asəf bu səsi də tez nota aldı və dedi ki, simfoniya yazanda mənə lazım olacaq. Doğrudan da həmin səslərdən Asəfin sonralar orkestr üçün yazdığı 7 süitadan ibarət "Fraqmentlər"də istifadə olunub. Həmin "Fraqmentlər"ə qulaq asarkən bunu ayırd etmək olur. Mən özüm də bunun şahidi olmuşam. 1969-cu ildə Asəf Zeynallının 60 illiyi keçiriləndə rəhmətlik maestro Niyazi bu münasibətlə filarmoniyada Asəfin əsərlərindən ibarət çox gözəl bir konsert təşkil etmişdi. Həmin konsertdə simfonik orkestrin ifasında Asəfin "Fraqmentlər"i də səsləndirildi. Onun bir yerində sanki şüşə qırılıb yerə tökülürdü...

- Bəs Dərbənddən Bakıya köçəndən sonra həyatları necə olub?

- Qardaşının musiqiyə olan marağını görən atam deyir ki, gedək Bakıya, Asəfi Üzeyir bəyə (Üzeyir Hacıbəylini nəzərdə tutur) göstərim. Bakıya gəlirlər, əmimi 9 illik məktəbə qoyurlar. Orda oxuyur, həm də eyni zamanda əsər də yazır. Atam gətirir onu Üzeyir bəyin yanına, onun da xoşuna gəlir. Deyir ki, gəlsin musiqi kollecində oxusun. Asəf truba üçün əsər yazır, konsertdə ifa edir və hamı tərəfindən bəyənilir. Kolleci bitirəndən sonra konservatoriyaya daxil olur. İlk peşəkar bəstəkardır ki, konservatoriya bitirib. Orda da müəllimlər onun istedadına heyran idi. Leopold Rostropoviçdən (Mstislav Rostropoviçin atası) dərs alıb. Pianinoda, klarnetdə, trubada, tarda, violençeldə çalırdı. Tələbə ola-ola özü də konservatoriyada dərs deyirdi. Onun tələbələrindən Tofiq Quliyev, Cövdət Hacıyev, Qara Qarayev, Əminə Dilbazinin adını çəkə bilərəm.




Yüklə 46,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin