Deyl Karneqi özünün mənəvi rahatlıq tapmağa dair məsləhətlərində gözlənilən ən pis hadisənin baş verəcəyi təqdirində nələrin baş verə biləcəyini təsəvvür etməyi təklif edir. Sonra dərk olunmalıdır ki, bu halda da dəhşətli bir hadisə baş verməyəcəkdir, öz taleyini yaxşılaşdırmağın yolları tapılmalıdır. Sosial münaqişələrin barəsində belə məsləhət həyəcanı aradan qaldırmağa qadir deyildir, çünki sosial münaqişə qızışdırılarkən baş verə biləcək ən pis hadisə dəhşətlidir: bu, kütlənin özbaşınalığı, yaxud kütləvi iğtişaşlardır. Kütlə nə qədər böyükdürsə, sosial qasırğa bir o qədər güclü olur. «Qaragüruh», «kütlə» anlayışları hələ antik dövrdən məlumdur. Romantiklər kütləyə mənsub olmamaları ilə qürurlanmışlar. Aristokratlar daim sadə xalqın ən aşağı mənafelərinə nifrət nümayiş etdirmişlər. Lakin yalnız XIX əsrin sosioloqları kütlə probleminə prinsipial əhəmiyyət vermişlər. Onların arasında birincilik Q.Lebona məxsusdur.
Q.Lebonun “Kütlə psixologiyası” nəzəriyyəsi
Q.Lebon 1890-cı illərdə bir sıra əsərlər nəşr etdirmişdir ki, bunların arasında «Kütlə psixologiyası» ən mühüm yer tutur.«Kütlənin özbaşmalığı» daha çox insanların mövcudluq həddində olduqları şəraitdə yaranır. Daşqın, yaxud zəlzələlər zamanı çaşqınlıq, aclıq, yaxud vəba qiyamları, çörək, duz, yaxud araq vergisinin ifrat artımı ilə əlaqədar qiyamlar buna misaldır. Hüquqsuz aşağılar hakimiyyətin istibdadınm qiymətini bilirdilər və yalnız mövcud dövrü dünyanın sonu kimi qəbul etdiklərinə görə qiyam edirdilər. Belə qiyam müsbət nəticə vermirdi, əslində, heç belə məqsəd də güdmürdü.
Lebon göstərmişdir ki, kütlə içərisində insanın davranışı köklü şəkildə dəyişir: «Şüurlu şəxsiyyətin yoxa çıxması, şüursux şəxsiyyətin üstünlük qazanması, hiss və fikirlərin təlqinlə müəyyənləşən eyni istiqaməti və təlqin olunmuş ideyaları dərhal əmələ çevirmək istəyi kütlə içərisində fərdi səciyyələndirən başlıca əlamətlərdir. O, artıq özü olmaqdan çıxır və öz iradəsindən məhrum avtomata çevrilir. Beləliklə, kütlənin bir hissəciyinə çevrilən insan sivilizasiya pilləkanı ilə bir neçə pilə aşağı enir. O, bəlkə də təcrid olunmuş vəziyyətdə mədəni bir insan olardı; kütlənin içərisində isə o, barbara, yəni instinktiv məxluqa çevrilir. Onda özbaşınalığa, qəzəbə, qeyzə meyl üzə çıxır, eyni zamanda, ibtidai insana xas olan fədakarlıq və qəhrəmanlıq təzahür edir. İnsanm kütlə içərisində təcrid olunmuş vəziyyətdə ona heç bir təsir göstərməyəcək söz və təsəvvürlərə asanlıqda tabe olması və öz mənafe və vərdişlərinə zidd əməllər törətməsi bu oxşarlığı daha da gücləndirir».
Kütləyə qovuşduqda insan üçün ən ağır itki ağlabatanlıqdan imtinadır.
Təklikdə insan tənqidi surətdə düşünməyə, reallıq və arzunu ayırmağa, bu və ya digər nəticələri eksperimental və məntiqi cəhətdən yoxlamağa, öz əqidələri ilə tutuşdurmağa qadirdir. Kütlə içərisində insan yuxulu, yaxud hipnoz altmdadır; birləşməyən obrazlar və ideyalar onun beynində sərbəst surətdə birləşir, təlqinolunma kəskin surətdə artır, xarici və daxili reallıq fərqləndirilmir, təfəkkür və davranış avtomatizmləri, şablonları fəallaşır, məqsəd və ovqat əvəzlənməsi asanlaşır. Lebon baş verənləri bununla izah edirdi ki, insanlar şüur formalaşarkən aldıqları şəxsi təcrübə baxımından fərqlənirlər. Onların hamısında şüursuzluq eynidir. Buna görə də kütlə mümkündür: onun içərisində bir növ müxtəlif fikirli beyinlər kənara qoyulur, eyni avtomatizmə malik - eyni ehtirasları, qorxuları və ümidləri daşıyan bədənlər qalır. Lebonun belə bir nəticəsi də tamamilə məntiqlidir ki, kütlə mühafizəkardır. O, zorakılıq törətməklə, sosial inkişaf yolunda hansısa maneəni aradan qaldıra bilər. Lakin kütlə sosial qarşılıqlı fəaliyyətin şablon, bəsit intellektual modelə istiqamətlənmiş arxaik üsulunu bərpa edir.